Ay səni,
Puşkin...
"Vəziyyət
ruscadır"
I yazı
Zamanın
atlı insanın piyada olduğu bir anda yazıçı beyni suallar əlində
aciz qalır - bütün bunlar nə üçündü,
kimə lazımdı, mənası varmı? İnsan sadəcə,
özünə aid ağrıları, düşüncələri,
qorxuları, sevgiləri daşımaqda acizdi... Elə
isə öz ömrünə yüzlərlə qəhrəmanın,
ya da gələcəkdə yaza biləcəyin, var olan-olmayan
kimsələrin hisslərini, fikirlərini yükləməyə,
laboratoriyandan keçirib yazıya çevirməyə dəyərmi?
Axı yazmaq heç vaxt asan və əzabsız ola bilməz... Əgər sadədisə,
sıradandısa, zərrə qədər əziyyəti yoxdusa,
sənət deyil, deməli. Sənət də deyilsə,
ağaclar heyifdi...
Hə,
hardansa yuxarıdan, atmosfer dediyimiz göyün neçəncisə
qatından təmiz hava göndərənin var, bu, dəqiqdi...
Olmasa ciyərlərin
çırpındırmaz ürəyi, için yanmaz,
gözün göynəməz. Deməyim odur, kimisinin
"fitri istedad", başqasının "ilham pərisi",
nə bilim ey - "vəhy", "ilahi vergi" dedikləri
nədirsə, o var! Olmasa ocaqlarını çatmağa, təpəndən
tüstü çıxartmağa bir çınqı od tapammazsan... Amma bütün bu
istedad-ilham zəhmətin hesabına işə
düşür. Bir əkinçinin torpağı dincə
qoyması, sonra bəsləməsi, sonra əkib-becərməsi
və elə bununla da yorması, yenə Sizifsayağı hər
şeyi, hər şeyi yenidən - sıfırdan
başlaması o qədər xarakterikdir ki, yazıçı
üçün... Mən daha çox
yazıçı əzablarından danışıram,
çünki şeir təbiət hadisəsidir, o,
ildırım təkin vurur, sevgi kimi, xəbərin olmadan gəlir,
bir göz qırpımında baş verir. Nəsr əsəri
yazmaq isə təmiz hava, saf su göndərənlə
sazişə girməkdi, yaratmaq iddiasıdı, milyardların
yerləşdiyi dünya içərisində balaca-balaca aləmlər
qurub - belə də ola bilərmiş, bu
da var - demək cəhdidi...
Bir
çox yazıçının xatirələrində,
gündəliklərində prozanın əzablı, çətin
iş olması haqda etiraflar var. Yazmamaq üçün
yüz səbəb axtarır, min bəhanə tapır
yazıçı, amma keçərli olmur. Xoşbəxtlikdən yazılmaz -
deyirlər, öz-özünə dərd də
düzüb-qoşur arada, hər gün özünü
dabanından asmaq, ya da ruhun Xirosimasına bombalar
yağdırmaq elə-belə işdi, təki yazmaq olsun... Hə,
deməyim odur ki, gerçək istedada sahib olan, yazmağı
yüngül əyləncə, ya da şöhrət,
maddiyyat, nüfuz qazanmaq üçün vasitə bilməyənlərdən
ötrü heç nə maneə deyil... Çərçivələr
üsyanı artırır, xəstəlik və ölüm
qorxusu yaşamaq uğrunda mübarizə əzmi yaradır... Yazmaq üçün elə bunlar yetərli deyilmi?
Bu suala gəlib çatmaqdan ötrü belə uzun
danışmağım çərənçilik deyil. Məsələ
burasındadır ki, son bir ildə - dünyanın
nizamının pozulduğu müddət ərzində ən
böyük ümidsizlik sənətə aiddir... Virus, xəstəlik,
qəfil ölümlər yaradıcı beyinlərin əyləcini
sıxıb saxlayıb və hər halda sosial şəbəkədən
də, mətbuatın göstərdiyi ümumi mənzərədən
də bəlli olur ki, ciddi ziyanlardan biri məhz sənətə
dəyir.
Elə bu günlərin ovqatında Puşkinin
"Boldino payızı" silsiləsinə daxil olan əsərlərini
oxuyuram. Ədəbiyyatşünaslar bu dövrü və
silsiləni ədəbi möcüzə adlandırırlar.
Az qala iki yüz il keçib və təkrarlanan
tarix insanı heyrətləndirir...
Deməli,
1830-cu ildə Rusiyada vəba epidemiyası yayılır,
Moskvada həyat iflic vəziyyətinə düşür,
şəhər - mədəni tədbirlər, universitetlər,
iş yerləri qapanır. Bu ərəfədə də
Nataliya Qonçarova ilə evlənməyə
hazırlaşan Aleksandr Sergeyeviç Boldinoya - malikanəsinə
gedir və qəfil karantin elan olunduğu üçün
Moskvaya qayıda, şəxsi həyatına aid
planlarını gerçəkləşdirə bilmir... Nə qədər müasir səslənir bu məlumatlar?!
Amma əlbəttə, istedadlı adam
zamanın bütün xoş, ya bəd sürprizlərini
öz səviyyəsində qəbul edir, yaşayır. Ona görə Puşkinin vəbalı
payızını və onun möcüzəvi nəticələrini
heç bir şəkildə bu günlə müqayisə etmək
olmaz. Çünki təxminən həftə səkkiz,
mən doqquz, dünyada yeni xəstəliklər, epidemiyalar,
pandemiyalar yaranır, Puşkin yaranmır...
Vəba
bir il sonra Almaniyaya ayaq açıb, Hegelin həyatına son
qoyacaqdı, dünya acizdi yeni xəstəliyin əlində,
qurtuluşa ümid də çox azdı... Yəni
o zaman indikindən də çətin, qorxulu və
çıxılmaz idi durum. Amma Puşkin
çıxış yolunu tapdı... Yazmaq!
Bəli, qələmə sarılmaq virusdan qorumur, nəsə
qaralamaq immuniteti qaldırmır, amma yaradıcı insan
üçün bütün xəstəliklərdən və
təhlükələrdən daha amansız olan ruh
düşkünlüyündən xilas edir.
"Sənə deyim ki, (amma sirr olaraq) Boldinoda
çoxdandı olmayan bir həvəslə yazdım. Ordan nələr gətirmişəm;
"Onegin"in çapa tam hazır olan iki son
bölümünü - 8 və 9-cunu, Povest - oktavalarla 400
şeirdən ibarət olan, anonim verərik getsin, bir neçə
dramatik və ya faciəvi parçalar - "Xəsis cəngavər", "Mosart və
Salyeri", "Taun zamanı eyş-işrət" və
"Don Juan". Bundan başqa, 30-a yaxın
balaca şeir yazmışam. Yaxşıdı?
Hə, bir də (tam məxfi) nəsrlə beş povest
yazmışam, Baratınski gülməkdən ölür -
bunları da anonim çap edərik...".
Bu
sözləri malikanəsindən qayıdan Puşkin şair, ədəbi
tənqidçi Pyotr Pletnyova yazırdı... Boldino
payızı sona yetirdi, yüzlərlə qadını qəlbindən
və qolları arasından keçirmiş, Don Juan
siyahısının ucu-bucağı bilinməyən (bunu
sonralar Pyotr Quber aşkar edib şairin şifrələrlə
qeyd etdiyi adların kimliyini də izah edəcək), hər
günü son kimi yaşamağı bacaran və hər an
ölməyə hazır olan şair ömrünü bir
xanımla bağlamaq qərarına gələr-gəlməz
xəstəlik almışdı ölkənin
başının üstünü. Azadlıq
aşiqinin buxovlar içərisindəki ovqatını təxmin
etmək çətin deyil.
"Mən heç vaxt xoşbəxtlikdən
ötrü əldən-ayaqdan getməmişəm, onsuz da
keçinmişəm. İndi isə mənə iki nəfər
üçün lazımdı o, amma hardan alım... ".
Bu gen və
zəngin dünyada cəmisi ikinəfərlik səadətin
tapılmadığı bir vaxtda (haçan tapılıb
ki...) əslində, hər şey mənasını itirir. Və
itirirsə yaradıcı adam
üçün yazmaq həm də yaşamaq uğrunda
mübarizənin əsasına çevrilir. Bu mənada Puşkinin Boldino
payızının bərəkətli olması heç də
təəccüblü deyil. Eyni zamanda
üç ay ərzində yazılmış ədəbi
möcüzələr təkcə şairin öz
yaşantıları baxımından deyil, həm də
ümumiyyətlə, rus ədəbiyyatı, mühiti, hətta
tarixi üçün önəmli idi. Elə bircə
"Belkinin povestləri"ni təhlil etsək,
nələr-nələr anlamış olarıq...
Məsələ burasındadır ki, XIX əsrdə
özünün qızıl dövrünü yaşayan rus nəsri
Puşkinə qədər hələ də Karamzinin "Bədbəxt
Liza"sı səviyyəsində sentimental əsərlərin
ümidinə qalmışdı. Ona görə
Puşkin üçün özü dediyi kimi, "sadə,
qısa, anlaşıqlı" şəkildə
yazılmış nəsr ənənəsi yaratmaq çox
vacib idi. Hələ illər öncə, lap erkən gəncliyindən
gündəliklərində qeydlər edib üsyan
qaldırırdı cümlə bəzəyənlərə,
uzunçulara... Axı sadəcə, səhər
açıldı - yazmaq olarsa, uzun-uzadı dan yerinin necə
söküldüyünü təsvir etməyə nə hacət...
Beləliklə, realist nəsr ənənəsi
olmadığı üçün povestləri öz
adından çap etməməsi, guya hansısa gənc
mülkədar Belkinin əlyazmalarını tapıb jurnala
verməsi həm də bir növ sığorta idi. Puşkin oxucunun da, senzorun
da, tənqidçinin də ondan nə gözlədiyini
yaxşı bilirdi və eksperiment kimi qələmə
aldığı silsilənin birmənalı
qarşılanmayacağını fəhm edirdi... Təsadüfi
deyil ki, sonralar bu əsərlərin Puşkinə məxsus
olduğu təsdiqini tapanda şair haqda şəksiz
"dahi" sözünü
işlədən, poeziyasını böyük heyranlıqla
təhlil edən Belinski yazırdı:
"Qarşımda
Puşkinin çapa verdiyi povestlərdir... Həqiqətənmi
bunları Puşkin özü yazıb?! Puşkin e,
"Qafqaz əsiri", "Baxçasaray fontanı", "Qaraçı",
"Onegin", "Boris
Qodunov" kimi əsərləri yaradan adam... Düzdü,
bu povestlər diqqət çəkir, onları zövqlə
oxuyursan; bunun səbəbi şirin təhkiyədir, gözəl
nəqletmə məharətidir. Amma bunlar bədii mətnlər
deyil, sadəcə, nağıldı, təmsildi - bunu uzun və
cansıxıcı qış gecələrində sobanın ətrafında
toplaşmış ailə məmnuniyyətlə oxuya bilər...
Ancaq bunlardan dəliqanlı gəncin qanı qaynamaz, gözləri
heyranlıqla parlamaz, yuxusu qaçmaz...".
Təkcə Belinski yox, elə sadə oxucular da
Puşkinin nəsrinə çatanda xəyal
qırıqlığı yaşayırdılar. "Daha
Puşkini oxumaq olmur", "Puşkin tükənib" kimi
söz-söhbətlər intellektual dairələrdə
çox fırlanırdı. Lakin zaman
keçdi və məlum oldu ki, rus nəsri Dostoyevskinin dediyi
kimi, Qoqolun şinelindən yox, Puşkinin nəsrindən, hətta
poeziyasından çıxıb. Çünki
məhz sadə, sıradan insanların dünyası,
kiçik adamın timsalında nəhəng dünyanın
problemini ifadə etmək, yaxud "böyüklər"in
daxili aləmindəki cılızlığı göstərmək,
realist nəsr ənənəsi məhz Puşkinin xidmətidir.
"Belkinin povestləri"ndə isə
bütün bu sadaladıqlarımın əsası qoyuldu.
Müəllif unikal priyomlarla, inandırıcı bir
qurğu ilə Belkinin varlığına şübhə
qoymur. Guya dünyasını dəyişmiş Belkin haqda
yaxın dostunun məktubunu əsərin giriş hissəsində
verir və elə bununla da "müəllifin" xarakterini
yaradır. İlk baxışdan çox sadə bir
detalla; atasının ölümündən sonra malikanənin
təsərrüfatını qaydaya salmalı olan Belkini məişət
söhbətlərindən yuxu basır... Oxuduqca
düşünürəm, əslində, Puşkin gerçək
qəhrəman yaratmağa elə povestlərin qondarma müəllifinin
timsalında başlayıb. Söylədiyimiz
"kiçik adam problemi" elə
Belkinin (əslində, statusca kiçik olmasa da)
özünün ovqatının, xasiyyətinin təsviriylə,
əsərin ilk cümlələrində əksini tapır.
Koloritli
bir dillə, xüsusi üslubda yazılmış kiçikhəcmli
dadlı-duzlu hekayələri oxuyanda əslində, məhz
30-cu ilin, Boldino payızının, Belkin povestlərinin
Puşkin yaradıcılığının ən vacib məqamı
olduğunu anlayırıq, elə isə Belinskini və
ümumiyyətlə, oxucunu narazı salan nə imiş? Məncə,
dövr başqa idi, oxucu hansısa ayrı bir dünyanı,
üst təbəqənin həyatını öyrənmək
istəyirdi, aşağıların yaşantıları kimisə
düşündürmürdü... Qəribədir ki, bir
neçə il əvvəl elə Aleksandr
Sergeyeviç özü də "Kübar adam"
başlığı ilə yazmaq istədiyi nəsr əsərində
zadəgan dünyasını təsvir etmək niyyətində
idi. "Qonaqlar bağa
yığışırdılar..." - əsər belə
başlamalı idi. Sonralar həmin
tamamlanmamış əlyazmalar elə bu adla çap olunanda
Lev Nikolayeviç Tolstoy - proza məhz belə
başlamalıdı - demişdi. Mənə görə,
bu fakt, üst təbəqənin həyatını (sonralar
Balzakın, Prustun etdiyi kimi) yazmaq niyyəti ilə qeydlər
edən Puşkinin ən adi, sıradan adamları qəhrəmanlarına
çevirməsi elə o günlərin - xəstəliyin,
ölümün, ümidsizliyin nəticəsiydi... Dünyanın faniliyini sadə bir stansiya gözətçisi,
tabutçu, ya da kəndli qızının həyat hekayəsi
ilə ifadə etmək böyük ustalıq tələb
edirdi. Həm də dövlətçiliyi dəstəkləyən,
"Rus inqilabı mənasız və
acımasızdır" - deyən şair sənətdə
inqilabın labüd olduğunu başa düşürdü; ədəbiyyatda
çevriliş etmək - yeni bir cığır salmaq, cərəyan
- yol başlatmaq... Belə ki,
Puşkin çox effektiv bir üsul seçmişdi: hər
bir hekayəni o dövrdə rus ədəbiyyatında
mövcud olan bu və ya digər üsluba, cərəyana
uyğun yazırdı, daha doğrusu, parodiya edirdi: "Atəş"
- romantizm; "Boran", "Stansiya nəzarətçisi"
və "Kəndli qız" - sentimentalizm;
"Tabutçu" - qotik hekayə (romantizm) elementlərini
ehtiva edir. Lakin hekayələri diqqətlə
oxuduqda, hamısının realizmə aid olduğu aydın
olur. Puşkin bu və ya digər istiqamətin
tipik xüsusiyyətlərini qabardır, onların üzərində
qəribə bir şəkildə "oynayır" və
bununla da onları reallığa yaxınlaşdırırdı.
Və elə bunu yaza-yaza düşünürəm,
bu priyomla, əslində, postmodernizmin əsası qoyulurdu
axı. Məhz dediyim priyomdan postmodernistlər istifadə
edəcəklər, illər sonra... Bütün bu
"texniki" tərəflərdən yüz il
danışmaq olar, necə ki, iki əsrdi təhlil edilir, amma
yenə nələrsə qalır. Mənə
görə, Puşkinin dahiliyi bax o nəzərəçarpmayan,
gözəgörünməyən adamların vasitəsilə
gerçək insani dəyərləri göstərməsindədir.
Məsələn,
o yerdə ki, Stansiya nəzarətçisi vicdanının,
namusunun, şəxsiyyətinin simvolunu - qızını
itirdiyini anlayır və könlünü almaq
üçün, onu susdurmaq üçün verilən
pulları küçəyə səpələyir... Hə,
maddiləşən dünyada hər bir ləyaqətli
adamın keçirə biləcəyi duyğudur bu. Sənin
mənliyin, özünə sayğın şübhə
altındadısa, uçurum kənarındadısa, hansı bəxşiş
ovuda bilər ki...
Yaxud
şən və məzəli məclisdə hər kəs
çörək verən müştərisinin
sağlığına içəndə tabutçunun
düşdüyü vəziyyət adamın iliyinə kimi
işləyir... Buzlayırsan bu priyomdan... Axı çörəyi
ölülərdən, qazancı faciələrdən
çıxan adam bu yerdə nə
düşünsün, necə aparsın özünü?!
Ya da
Puşkin - biz əməllərimizə bəraət tapa bilməyəndə
atalar sözləri möcüzəvi şəkildə
köməyə gəlir - deyəndə hər kəs
özünü, atasını, qonşusunu, əzizini
görmürmü?!
Bəli,
oxucu özünü anlamaq, içində gizlətdiklərini
tapmaq istəyir bədii ədəbiyyatdan... Mənə
görə, məhz rus nəsrində bunun
başlanğıcı "Belkinin povestləri" ilə
qoyulur! Böyük rus şairəsi Anna Axmatova isə bu əsərləri
həyat resepti, çıxış yolunu tapmaq
üçün yol xəritəsi kimi yozur:
"Acıdan-acı düşüncələr
içində və təzadlı günlərdə
yazılan bu əsərlər heyrətamiz psixoloji abidələrdir. Müəllif,
sanki taleyə ipucu verir - onu necə xilas etmək yolunu göstərir.
İzah edir ki, çıxılmaz vəziyyət
yoxdur və səadətin ən əlçatmaz durumda da var
olduğunu göstərməyə çalışır.
Özü də bunu onu sevməyən və bəlkə
heç vaxt sevməyəcək 17 yaşlı gözəl ilə
evlənmək ərəfəsində edir".
Məncə, bütün povestlərin xoşbəxt
sonluqla - heppi endlə bitməsinin səbəbi budur. Puşkin epidemiya,
ümidsizlik, qorxular içində mübarizə aparır bu
yolla... Hər şeyin yaxşı
olacağına inandırır - özünü və yüz
illər onu oxuyacaq hər kəsi. Amma bunu elə edir, elə
yazır ki, yeni bir eranın - Sənət epoxasının
başlanğıcını qoyur... Çox çəkməyəcək
ki, Lermontov "Zəmanəmizin qəhrəmanı"
yazacaq və eranı uğurla davam etdirəcək... Bu
haqda isə gələn dəfə...
PƏRVİN
Ədəbiyyat qəzeti.- 2021.- 6
fevral.- S.8-9.