Riyakarların səmimiyyəti
Ketrin Randelə və
Tanrını "layihələşdirənlərə"
ithaf olunur...
Nədənsə, aşağıdakı suallar ətrafında zaman-zaman düşünməli
olmuşam:
- Nəcə olur ki, təpədən-dırnağa
çirkaba bulaşmış
bəzi insanlar pak, müqəddəs şəxsiyyətləri sevirlər?
- Nəyə görə əli istedadının qanına bulaşanlar öz bəşəri düşüncələrini, xarakterlərinin
qurbanına çevrilmiş
dahilərin vurğunudurlar?
- Səbəb nə ola ki, bəzi haramzadələr dünya malında zərrəcə gözü
olmayan, nəfsi və gözü tox müdrikləri daim ehtiramla yad edirlər?
- Hansı səbəbdən
bəzi suyu üfürə-üfürə içən danosbazlar əqidəsi uğrunda qurban gedən böyük cəsarət
sahiblərini guya özlərinə örnək
seçib, gecə-gündüz
onlar haqqında yazır, yaxud da danışırlar?
Axı həmin
naqis, haramzadə, rəzil insanlar, bəlkə də, həyatlarında bircə
gün də pak, müdrik, müqəddəs insanlar kimi yaşamayıblar. Hamı
şahiddir ki, onlar üçün pul, vəzifə, kiminsə yanında bir pillə ucalmaq müqəddəs kitablardan, görkəmli şəxsiyyətdən, ali dəyərlərdən
qat-qat üstündür.
Əgər belədirsə, onlar
üçün klassikləri
tədqiq etmək, yeri gəldi-gəlmədi
onlardan söz salmaq, özlərini onların varisləri saymaq sadəcə gözə-kül üfürmək
üçündürmü?
Yəqin, dahilərin və pak ideyaların arxalarında həmin bədəməllər, mənəvi
göreşənlər həqiqi
kimliklərini gizlədir
və beləcə öz saxta simalarını
faş olmaqdan öz aləmlərində
hifz edirlər. Amma zaman
keçdikcə gördüm
ki, axı ətrafda onların bu simalarını üzə çıxarmağa
heç böyük əksəriyyət cəhd
etmir, bəzi hallarda cəmiyyət onları təqdim olunduqları kimi qəbul edir, hətta bəzən dəm vurduqları ideyaların daşıyıcıları
kimi tanıyırlar.
Bu məntiqlə pərdələnməyə, gözə
kül üfürməyə,
əslində, dərin
qatda ehtiyac yoxdur. Digər tərəfdən, başqa
bir sual da meydana çıxır;
cəmiyyətlə onların
qarşılıqlı münasibətini
bir qırağa qoyaq, ola
bilməzmi ki, həmin insanların özləri psixoloji, mənəvi, əqli cəhətdən, yaxud sırf şəxsi planda pak ideyaları
dəstəkləsin, müdrik
kəlamlardan həzz alsınlar?
Çoxsaylı suallarıma isə
bu əsəri oxuyarkən cavab tapdım: Ketrin Randelin "Canavar xilaskarı" romanında
belə bir fikir var: "Əksəriyyət özünü
heyvansevər kimi göstərir, amma onlar heyvanların özünü yox, heyvan ideyasını sevirlər. Əsl heyvan elə
kir-pas deməkdir".
Yəni heyvanlara qayğı göstərməyin yaxşı
bir şey olduğu cəmiyyət tərəfindən təqdirlə
qarşılanan bir ideyadır. Şüurlu olan hər kəs həmin qəbul edilmiş ideyanı dəstəkləyir.
Amma bu maraq hələ
tam mənada heyvanlara qarşı həqiqi sevgi demək deyil. Bu, sadəcə,
cəmiyyətdə insani
düşüncədə heyvanlara aid düşüncəyə
- mövcud ideyaya hörmətdən doğan
meyildir. Heyvana əsl sevgi onu saxlamaq, onun
qayğısına qalmaq,
onun tökdüklərini
təmizləmək, xəstələnəndə
əlac tapmağa çalışmaq və
s.-dir. Yəni paklığı
sevən pak olur, pak olmayan
isə cəmiyyət
tərəfindən rəğbət
görən
paklıq ideyasını
"sevənlərdir".
Rəzil, haramzadə, naqis insanların saf ideyalara, müdriklərə,
dahilərə, Allaha,
dinə münasibəti
də məhz həmin ideyaya vurğunluq səviyyəsindədir. Məsələn,
biri var Məhəmməd Əmin
Rəsulzadəni sevmək,
onun kimi dürüst yaşamaq, xalqının xoşbəxtliyini
öz səadətindən
uca tutmaq, öz ömrün daxilində onun prinsiplərinə əməl
etmək, bir də var ətrafındakı
hər kəsin taleyinə biganə qalmaq, ortada yeyib qıraqda gəzmək, haqqı tapdananın gözünə
görünməmək, amma
söz düşəndə
Rəsulzadə haqqında
ürəklə danışmaq,
onun əsərlərini
təhlil etmək, ideyaları barədə fikir yürütmək, şəxsiyyətinə maraq
göstərmək - bunlar
cəmiyyətin nəzərindəki
Rəsulzadə ideyasını
"sevməkdir". Bu, bir həvəsdir, meyildir, elə bir həvəs, elə bir meyil
ki, ideya vurğunları məqam düşəndə ondan
çox asanlıqla vaz keçə, onu tapdalaya da
bilirlər.
Riyakarların sevgilərinin səmimi
tərəfi bundadır;
Onlar üçün
müqəddəs dəyərlər,
ali şəxsiyyətlər
nə keçmişdədir,
nə gələcəkdə,
onları üçün
bütün dəyər
daşıyıcıları bu günlərinə aiddir. Sanki hər
kəs və hər şey onlarla başlayır, onların özləri ilə də bitir. Çünki "ideyanı sevənlər",
adətən zamanın
övladı olurlar.
Və mən əvvəllər bir cür danışıb,
başqa cür hərəkət edənləri,
yaxud ali
dəyərlərdən dəm
vurub hər cür xırdalanmağı
özünə rəva
görənləri, Allaha,
müqəddəs dəyərlərə,
seçkin şəxsiyyətlərə
layihə gözü ilə yanaşanları sadəcə riyakar sayırdımsa, indi onların səmimiyyətinə
qətiyyən şübhə
etmirəm. Çünki onlar haqqında
danışdıqları şəxsiyyətlərin,
əməllərin özünə
yox, onun cəmiyyətin nəzərindəki
ideyalarının vurğunlarıdırlar.
Axı uşaq da bilir ki,
"heyvanlara qayğı
göstərmək" yaxşı
işdir...
Fərid HÜSEYN
Ədəbiyyat qəzeti.- 2021.-
6 fevral.- S.9.