Sabir Rüstəmxanlının
romanlarında ictimai-siyasi Söz
İkinci yazı
Sabir
Rüstəmxanlı romanlarında Azərbaycan
varlığının elə dövrlərini predmet
seçir ki, millətin həyatında dönüş
nöqtələrini aktualizə edir, dayanışma
çağlarına işıq salmaqla gələcək inkişaf
yollarına da rəvac verir. Mifoloji, tarixi, ya müasir qatlar
yazıçının romanlarında eyni çəkidə,
kəsərlidir, lakin əsas deyildir. Çünki Sabir
Rüstəmxanlının romanlarında Söz, deyim, diskurs,
bədii həqiqətin mənbəyi və mündəricəsi,
bir qayda olaraq, "ictimai-siyasi"dir. Bəlkə buna görədir,
yazıçı tarixi romanlarını da, - əlbəttə,
"tarix"ə xələl gətirməmək şərtilə,
- müasirlik kimi yazır; hər yerdə və həmişə
milli varlığın, türklüyün, Azərbaycan mənasının
bəlirlərini axtarır və əks etdirir.
Sabir
Rüstəmxanlının "Göy tanrı"dan (2005)
sonra qələmə aldığı "Ölüm zirvəsi"
romanı (2007) artıq sırf tarixi dövr - XVIII əsrin əvvəlləri,
Nadir şahın hakimiyyətindən XIX əsrin əvvəlləri,
Gəncə xanlığının süqutu, Azərbaycanın
Rusiya tərəfindən işğalı, Cavad xan və gəncəlilərin
qəhrəmancasına vuruşub şəhid olmasınacan
hadisələri əks etdirir, gündəmə gətirir.
Yazıçının tarixi roman yaratmaq cəhdi
qabarıqdır və əksərən əsərin
janrını tədqiqatçılar elə sırf
"tarixi roman" kimi də qeydə alırlar. Amma
romanın qarşısında nə XVIII əsr Azərbaycanının
bütövlükdə, bütün rəngarəngliyi, tarixi
koloriti, millət, cəmiyyət, xalq həyatının hərtərəfli
gəlişməsi ilə təsviri məqsədinin
durduğunu görürük, nə də konkret tarixi şəxsiyyətin,
çox zaman vurğulandığı kimi, Cavad xanın həyatı,
bioqrafiyası, şərəfli ölümü -
ölümsüzlüyünü (!) təcəssüm və
tərənnüm etmək cəhdini. İkinci motivin Sabir
Rüstəmxanlı yaradıcılığında - poeziya və
publisistikasında gərəyincə yer aldığı məlumdur.
Bir anlıq Cavad xan mövzusunun Sabir Rüstəmxanlı
yaradıcılığında "janr
trayektoriyası"nı nəzərə gətirsək:
şeirdən poemaya ("Cavad xan", 1985) romana
("Ölüm zirvəsi", 2007) kinossenariyə və filmə
("Cavad xan", 2009 ) doğru təkamül etdiyini görmək
çətin deyil. O cümlədən romanda da Cavad xan
obrazı görünən andan ("Cavad xan Ziyadxanoğlu
Qacar") hadisələrin mərkəzinə gəlir, roman
zamanını əlinə almağa çalışır.
"Ölüm zirvəsi" - sanki romanın adı da ideya
vurğusunu Vətən uğrunda vuruşub şəhid
olmuş Cavad xan obrazının üzərinə salır. Bu
məram özünü daha çox romanın kino-variantında
doğruldur; həm də yalnız Cavad xan yox, onunla birgə
rus işğalına qarşı qəhrəmanlıqla
vuruşub şəhid olan bütün Gəncə əhlini nəzərdə
tutaraq.
Bununla
belə, "Ölüm zirvəsi" romanının ideya
planı daha genişdir; roman "Muğan qurultayı və ya
sonun başlanğıcı"ndan başlayır, Nadir
şahın tarixi qələbələri, İran səltənətinin
sərhədlərini bərpa etməsi, dünya şöhrətli
sərkərdə kimi ad qazanması və imperiyanın ərazilərini
böyütməsi, Muğanda qurultay çağırıb
şahlığını elan etməsi, uzaqgörən dini
islahatlar cəhdi, eyni zamanda bağışlanmaz tarixi səhvləri
- Azərbaycan torpaqlarını, Şəmsəddin və
Borçalını Gürcüstan knyazı Teymurazın
xanımı Tamaraya güzəştə getməsi... Bu tarixə
hələ ki, Nadir şah iddialıdır; burda hələ Gəncə
xanlığı və Cavad xan yoxdur, daha geniş əraziləri
əhatə edən Gəncə bəylərbəyliyi və
Uğurlu xan var, onun oğlu Şahverdi xan var... Səfəvi
xanədanlığının zəifləməsi nəticəsində
meydana çıxmış neçə-neçə Azərbaycan
xanlıqları var; və kök etibarilə əksəri Səfəvi-Qacar
sülaləsinə, yaxud da Əfşarlara bağlı olub,
Muğan qurultayına münasibətdə tərəddüd
və etimad arasında qalan Azərbaycan xanlarının da hər
birisi bu tarixə iddialıdır. Təkcə Nadir şaha
deyil ki; roman ekspozisiyasında əsası qoyulan həmin tərəddüd
məqamı bütünlükdə də mətndə diqqət
hədəfindədir: bir-birinə qarşı birləşmək,
bir araya gəlmək, ya həmlə etmək, biri digərini
(yaxud ikisi üçüncüsünü) sıradan
çıxarmaq, bir-birinə torpaq və tarix iddiası etmək;
eləcə də Qafqaza yeriyən Rus imperiyasına
qarşı münasibətdə mövqeyini və xətt-hərəkətini
dürüstləşdirmək məqamlarında. Hətta
tarixin tərəddüdlər dolu ekzistensial bir dəmində
Azərbaycan xanları da Nadir şah sayağı bir
toplantıya ("Xanların görüşü") nail
olurlar: "Cavad xan üçün gözlənilməz olsa
da, Arazın bu tayında namə göndərdiyi xanların
çoxu görüşməyə razılıq vermiş və
deyilən vaxtda Kür qırağında, Boz dağın ətəyindəki
meşədə olacaqlarını bildirmişdilər. Bura
kiçik Mingəçevir kəndinin ətrafında
keçidə yaxın gözəl bir yerdi. Demək olar ki,
hamısına eyni uzaqlıqda və təhlükəsizdi..."
(Rüstəmxanlı S. Ömür kitabı. Göy Tanrı.
Bakı: Şərq-Qərb, 2008 - Romandan bütün sitatlar
bu nəşrdəndir)
Quba
xanı Fətəli xandan sonra Xanlıqları bir araya gətirməyə
doğru daha bir şansı eyhamlayan roman fantaziyası bu yerdə,
sanki gizli sitatla "Dədəm Qorqud kitabı"na
ismarış göndərir: "Öncə Şəkili Səlim
xan gəldi. Cavad xanın qaynı idi...", "İkinci
Şamaxı hakimi Ağası oğlu Mustafa xan gəldi...",
"Ardınca Bakılı Hüseynqulu xan gəldi,
yetişincə Cavad xanın boynuna sarıldı...",
"Ardınca Talışın "dəyişilməz"
hakimi Mir Mustafa xan gəldi...", "Naxçıvan və
İrəvan hakimləri Kəlbəli xanla Hüseynəli xan
oğlu Məhəmməd xan uzun yol keçib bir yerdə gəlmişdilər...",
"Nədənsə hamıdan yaxında yaşayan
Qarabağlı İbrahimxəlil xan hamıdan gec gəldi...",
"Dəvətlilərdən bircə Quba xanı gəlməmişdi
- yəqin başqa xanlıqlardan keçməyi təhlükəli
saymışdı..." - təhkiyə tərzi, üslubi
xatırlatma ideya planında da "Dədəm Qorqud"
şöləni ilə tamamlanır: "Cavad xanın
bayramıydı. Gələnlər ağıllı
adamlardı. Hər biri Azərbaycanı müstəqil
görmək istəyirdi. Ancaq varislik qaydasıyla seçilmələri
və orta əsrlərin feodal üsullarından başqa idarəçilik
yolu bilməmələri buna imkan vermirdi..." Eyni zamanda roman
tarixi fürsətdən yararlanıb, bacardıqca Azərbaycan
xanlarının xarakterik çizgilərinə, siyasi momentə
uyğun umu-küsülərinə, həm də
qarşıdan gələn Rus nəhənginə münasibətlərinə
ani nəzər salır...
Romanda
kulminasiya nöqtəsi, heç də güman olunduğu
kimi, Cavad xanın Ölüm zirvəsinə yüksəlməsi
məqamı deyil; bu, aqibətdir, taledir, konfliktin həlli məqamıdır.
Kulminasiya - məhz "Xanların görüşü" səhnəsidir:
"... Allah da birliyi sevir. O gecə Kür boyu meşələrdə
bir ilahi gözəllik, dinclik vardı. Dopdolu Ayın
işığı ağ qovaqları gümüş
sütunlarına döndərmişdi. Xəfif mehdən
ağacların yarpaqları tərpənir və onlar da gecəyə
işıq salırdılar. Danışıb,
zarafatlaşıb, bir-birinə atmaq istədikləri
bütün oxları atıb, dincəlirdilər..." Amma
tarixin acısı belədir ki, elə həmin dəm
düşmənlər də yatmır, "Ov zamanı
Şirvan xanının əyanlarından birinə güllə
dəymiş, yerində keçinmişdi"; azmış
kimi, "Gəncə yaxınlığında Bakıdan
Tiflisə gedən karvan" da soyulur; malların yarısı
Hüseynqulu xanın, yarısı da İbrahimxəlil
xanın. "Güllənin hardan atıldığı bəlli
deyildi..."
Əslində,
bəllidir: "Səlim xan: -Bu, Şəmsəddin
sultanlarının işidir, - dedi.
Cavad xan:
-Yox, onlar bunu eləməzlər. Bu, ermənilərin
işidir - bu görüşün pozulmasını istəyənlərin!.." Və görüş pozulur; həm də
bircə o dəm üçün yox: "Salınan zərif
körpüləri bir anda sel aparmışdı.
Barışıq üçün əsə-əsə
bir-birinə uzanan əllər doğranmışdı...", hələ qarşıdakı neçə
əsrlər üçün də...
Bu yerdə,
uzun əsrlər boyu İran taxt-tacında əyləşmiş
türk hökmdarlarına boyun əyib sərrast siyasət
yeridən, dəmində isə İranla Rusiya arasında
reverans edən, oğlunun birini Şah sarayına göndərib
özü Çar hakimiyyətindən imdad diləyən
gürcü komponentinə ("Muğan qurultayı və ya
sonun başlanğıcı", "İraklinin ağır
günləri", "Aleksandr Mirzənin varislik
davası", "Tiflisdən məktub", "Tiflis
elçiləri", "Tiflisdə qəbul",
"Aleksandr Mirzənin Sisianovla söhbəti"), daha bir,
daha qurnaz və iyrənc, təzəcə Qafqazda
görünməsilə min bir hiyləgərliyə əl
atan, üzdə yerli xanlara yarınmaqla gizlində hər
cür xəyanətlərə əl qoyan, quyruq bulamaqla rus
işğalından öz xeyrinə hər fürsətdə
barınmağı bacaran, Gəncənin süqutunda da həlledici
rol oynayan erməni faktoru da qatılmış olur və xeyli də
roman ərazisini zəbt edir ("Şeytan və
Əzrayıl", "Məlik Apo", "Rusiya imperatorunun
tapşırığı", "Keşişlərin
qurğuları", "Tiflisdə qəbul",
"Əsli və Kərəm", "Xanların
görüşü", "Xəyanət", "Qəsd").
Bura Qafqazdır, tarix XVIII əsri, XIX əsrin lap əvvəllərini
nişan verir. Yenicə qopduğu İran səltənəti
ilə üstünə gələn Rus imperiyası
arasında, üstəlik bir qədər kənarda Osmanlı,
ara-sıra Qərbə də rüxsar göstərən (Yada
salaq, Gəncəyə gəlib çıxmış
"Fransız səyyahı"nı;
rusların Gəncəyə birinci gəlişində
"Yunan variantı"nı - gəldikləri kimi də
hakimiyyət dəyişməsilə şəhəri tərk
etmələrini) Qafqazın geopolitikasını bunsuz təsəvvür
etmək mümkünsüz. Amma ki, nə Qarabağda, nə
Tiflisdə, nə də Bakıda yox, roman mətninin diktəsinə
görə, məhz "Gəncədə Qafqazın nəbzi
döyünür..."
Belə
ki, ictimai-siyasi diskurs "Ölüm zirvəsi"
romanında ümdədir; roman konsepsiyası:
çağdaş Azərbaycan ictimai-siyasi
varlığının Meydana çıxması, tarixi əngəlləri,
daxili çəkişmə və mübarizələri, ən
nəhayət Azərbaycan mənasını ortaya qoyması
ideyası üzərində qurulmuş, gerçəkləşmişdir.
Roman xronotopunu (zaman-məkan
başlanğıcını) yenə də Meydan təqdim
edir; tarixi, ictimai-siyasi Meydan. (Qeyd etmək gərəkdir
ki, "meydan təhkiyəsi", hadisələrin meydan-meydan
irəliləməsi romanın kompozision planından - fəsillərin
düzülüşündən belə bəlli olur:
"Muğan qurultayı...", "Müttəfiqlərin Gəncəni
mühasirəsi", "Qacarın torunda", "Gəncədə",
"Cümə məscidində", "Tiflisdə qəbul",
"Dəyirmanda", "Tiflis Gəncə yolunda",
"Toy", "Sisianovun qərargahında",
"Çöl döyüşləri", "Qala
döyüşləri", "Həmin gün"... və
hətta bir neçə dəfə: "Şeyx
Ocağında", "Şairlər məslisi",
"Gülcamal", "Tiflisdə...", "Gəncədə...").
Hər bir obraz, personaj məhz bu Meydana
çıxması, ictimai-siyasi baxımdan dəyərlənməsi
ilə maraq kəsb edir. Bu, tarixdə çəkisi olub
romanda epizodik görünən personajlara aid olduğu qədər
də (məsələn, Azərbaycan xanları), geniş yer
verilmiş tarixi, yaxud da təxəyyül məhsulu olan surətlərə
də (Şeyx Yusif, Kərbalayı Sadıq, Cavad xan oğlu
Uğurlu ağa, Cavad xan oğlu Hüseynqulu ağa, Şeyx
Yusifin qızı Afaq, xalçaçı Gülcamal, Cavad
xanın hərəmləri Şükufə və Mələknisə
və b.) şamildir.
Ümumən,
Azərbaycan tarixi romançılığında Y.V.Çəmənzəminlinin
"İki od arasında" və M.S.Ordubadinin
"Qılınc və qələm"indən İsa
Hüseynovun, İsmayıl Şıxlının, Fərman Kərimzadənin,
Əzizə Cəfərzadənin, Əlisa Nicatın,
Anarın, Elçinin, Aqil Abbasın və s. əsərlərində
tarixin bağlarını əlində saxlamış
hökmdar və şəxsiyyətlərin parlaq obrazları gərəyincə
əks olunmuşdur. Bu sırada(n) Cavad xan
obrazı çox da seçilmir. Bəlkə
bir əfsanəvi areola bürünmüş siyasi boyası
ilə, üzərinə yeriyən Rus nəhəngindən
qorxmayıb qarşı çıxması ilə diqqətə
gəlir ki, yazıçı da vurğunu məhz bu məqama
salır. Bu ki, "Ölüm zirvəsi"
romanının janr təyinatına bir epitet artırıb, əsəri
"ictimai-siyasi tarixi roman" kimi oxumağımız
çox vacibdir; əks halda, "təzəlik"
axtarışlarımız maraqsız, hətta
cansıxıcı da ola bilər.
Bir daha
romanın ideya əsasına qayıtsaq: tarixdə XVIII əsr
Azərbaycanının yükünü üzərinə
götürmək istəyən, ən azı bunun zənnində
və həvəsində bulunan xanlar və xanlıqlar
çoxdur (romanda bu sıra dəfələrlə əbəs
yerə xatırlanmır ki!). Bəlkə də şəxsi mənafe,
ailə-övladını, hakimiyyətini qorumaq
baxımından Cavad xan öz dövründə ən
ağıllı yol tutmayıb, nəslini də
qırğına verir: "İyirmi ildir xanam. Nə
olsun? Gün görmədi oğullarım.
Ömrü yaylaqla aran arasında keçən,
nə padşahını, nə düşmənini tanıyan
bir çoban həyatını yaşaya bilmədilər.
Elə savaş, vuruş... Yada salan, dəyərini verən, rəhmətlə
anan olacaqmı, görəsən?.."
Axı "Rusiyaya meyilli olub", ilhaq şərtlərinə
imza atmaq, "on-on beş il öncədən
Rusiya təbəəliyini qəbul etmək istəyən Azərbaycan
xanları" da nə qədərdir. Onsuz da
rus işğalını dayandırmaq, "otuz minə
yaxın təlim görmüş, Avropa müharibələrindən
keçmiş əsgəri" olan "bu gücün
qarşısında dayanmaq" mümkünsüz
görünür. Bu məqamda xalqı, Gəncə əhli
də Cavad xanı dürüst qiymətləndirir: "Bu
yazıq özü üçün vuruşmur ki! Xanlıq məsələsi olsa, elə ruslar gələndən
sonra da Gəncənin xanı olaraq qalacaq. Amma Qazaxın,
Şənsəddinin rusun, gürcünün əlinə
keçməsini qeyrət götürmür. Özü, ailəsi
gecə-gündüz ayaq üstədirlər! - Cavad xanı
dirəşdiyinə görə qınayan yoxdu Gəncədə..."
Romanda özgə yolu tutanların da aqibətinə
işarətlər var; İrakli sarayının taleyində
("Tiflisdə qəbul", "Aleksandr Mirzənin Sisianovla
söhbəti"), Tiflisdə at oynadan Sisianovun hədələrində
Cavad xan da bunu görür. Başqa bir misal
"ağıllı yol" tutmuş İbrahəmxəlil
xanın heç də Cavad xandan fərqlənməyən
acı aqibətində görünür; həm də taleyin
istehzasıdır ki, eyni bir qatilin əli ilə:
"Lisaneviç çox döyüşlər, çox
müşketyorlar və qılıncçalanlar
görmüşdü. Amma üzünü ilk dəfə
gördüyü, yaşı əllini keçmiş bu
ucaboylu kişinin qılıncişlətmə və
döyüş məharətini hələ heç kimdə
görməmişdi. İrəli göndərdiyi əsgərləri
vurulandan və ara boşalandan sonra o, Cavad
xanla üz-üzə qalmışdı. Birdən
vahimə doldu ürəyinə. Sisianovu
da, Peterburqu da unudub tüfəngi üzünə
qaldırdı. Ancaq Cavad xan
yıxılmadı. Qoluyla topun lüləsini
qucaqlayıb, ayaq üstə çılpaq Gəncə
çinarlarına, onların o üzündə çinar
budaqları kimi ağaran boş yollara və qəmli Azərbaycan
çöllərinə baxırdı. Onun
dayandığı yerdən qalxan gözəgörünməz
bir burulğan nəhəng bir çinar kimi qalxıb Gəncənin
üstündə çətirləndi. Bu Cavad xanın
ruhudu...
...Qatil
Lisaneviç bir neçə il sonra Qarabağda İbrahimxəlil
xana da beləcə namərdcəsinə əl qaldıracaq,
arvad-uşaq demədən vəhşiliklə böyük bir
nəsli məhv edəcəkdi..."
Cavad xan məhz "dirəşdiyinə görə"
yazıçı xanlar arasından onu seçir, ictimai-siyasi
diskursu (Azərbaycan mənası, Azərbaycan yolunu!) ona etibar
edir. Cavad xan
haqq-ədalət tərəfdarıdır; təkcə öz
xalqına qarşı yox: "Məsələn, təxminən
bir ildi ki, ayağı camaatın xeyirindən-şərindən
üzülmürdü. Vaxt tapan kimi, namazını Cümə
məscidində, camaatla birgə qılar və istər-istəməz
camaatla ünsiyyətə girər, baş verən hadisələr,
Gəncə üçün hazırlanan tələlər
barədə danışardı, düşmən tərəfdən
gələn namələrin hər biri məsciddə
müzakirə mövzusuna çevrilərdi: "Qoy
camaatımız kimlə üz-üzə gəldiyimizi
görsün, bilsin!". Bu məktublar hər bir gəncəlinin
ürəyində Sisianovun türk-islam düşməni,
qaniçən, kəmfürsət obrazını
yaratmışdısa, Cavad xanın da mərd ürəyiaçıq,
mədəniyyətli, qorxmaz, hər sözünün yerini
bilən qəhrəman surətini
canlandırmışdı..."
İran
taxt-tacına münasibətdə də Cavad xan sədaqətini
qoruyur, Ziyadxanoğluların Səfəvi nəslindən
olduğunu bir an belə unutmur; bu məqamda
da xalqın gözü tərəzidir: "Utanmır Fətəli
şah! Cavad xan neçə ildi Qacarın zülmünü
çəkir, ona kömək elədiyinə görə,
qonşularla da arası dəydi... Amma Gəncənin
bu ağır günündə yatıb fil qulağında.
Heç olmasa Ağabəyim ağa, sarayın
baş xanımı ona bildirmir ki, dayım dar ayaqdadır,
köməyinə yetiş?! - Gəncənin əsas
söhbəti buydu..."
Ayrı-ayrı
xanlarla diplomatik rəftarında, hökm, əməl və
umacaqlarında da Cavad xan siyasi tarazlığı gözləyir,
ümum-Azərbaycan maraqlarına xələl gətirməməyə
çalışır; İraklinin oğlanları ilə,
Şəkili Səlim xanla birləşib üzərinə gələn
İbrahimxəlil xana qarşı da, Şəmsəddin və
Qazax bəyləri ilə də, Balakəndə Sultan Əhmədə
əl tutanda da... Həm də təkcə bütün roman
boyu cərəyan edən hadisələrdə yox, son ümidlərində
də: "O, hələ ümidini itirməmişdi. Kömək gələcəkdi. Hökmən
gələcəkdi. Ya Sultan Əhməddən
- Balakəndən, ya Şəkidən, ya Şamaxıdan, ya
da Qarabağdan. Təkcə birindən əlavə
qoşun gəlməsi Gəncəni dirçəldərdi.
Hərdən köhnə türk sərkərdələrinin
üsulları da yadına düşürdü. Gecəylə
döyüşçülərini gizlicə Qarabağ tərəfinə
göndərib, gündüz hay-küylə onları
Qarabağ ordusu kimi qarşılamaq..."
Cavad xan Gəncəyə
sığınan erməni məliklərinə də,
satqınlıq və xəyanətlərə qarşı da
tələsmədən, dözümlü, müdrik
davranır: "Gör hansı yollara əl atır
alçaqlar. Qonşunu qonşuya, qardaşı
qardaşa qarşı qoyur. Elə bilir ki,
dünyanın sonudur. Rusu unudub, düşəcəyik Gəncədə
qalmış başsız erməni ailələrinin
üstünə, yaxud şəmsəddinlilərdən intiqam
alacağıq... Bunlar xam xəyaldır. Hər kəs vaxtında cəzasını alacaq.
İndi əsas Gəncəni qorumaqdır..."
Romanda Rus
imperiya siyasətini generallar Zubov, Knorrinq, Lisaneviç və
başlıca olaraq gürcü əsilli Pavel Sisianov təqdim
edir; yazıçı onu Peterburqla yanaşı, həm də
gürcü maraqlarına bağlı qələmə verirsə
də: "Sisianov dildə: -Mən imperiyaya və çara
xidmət edirəm, - desə də, Tiflisə gələndən
az sonra aydın oldu ki, o, qatı gürcüpərəstdir,
Qafqazda iş görəcəksə, bunu Rusiya ilə
yanaşı, Gürcüstan üçün edəcək. Əsas məqsəd Gürcüstanı
böyütməkdir..." - romanda bu, daha çox ötəri
motivdir, Cavad xanla İrakli sarayı arasında Şəmsəddin,
Borçalı torpaqları üstündə olan mübahisələri
tamamlamaq üçündür. Gəncəni
Gürcüstana bağlamaq cəhdi Rus generalının əlində
sadəcə işğal üçün bir bəhanədir,
bunu Cavad xan da, İraklinin varislərindən biri Aleksandr Mirzə
də yaxşı bilir.
Ümumən, romanda Sisianov obrazı tam tarixi müəyyənliyi
ilə görünmür, analitik səciyyədə işlənməmişdir. Bu baxımdan,
bir qədər sonra, Elçinin "Baş" romanında
(2013) yaratdığı Pavel Sisianovun siyasi-psixoloji portreti daha
səciyyəvidir. "Ölüm zirvəsi"
romanında Sisianov obrazı dolayısı funksiyada,
geopolitikanın ifadəçisi kimi yer alır, Qafqazda gücə
çevrilən Azərbaycan mənasının daha qabarıq
görünməsinə xidmət edir. Şərqə
münasibətdə daha ehtiyatlı, zərif davranan general
Zubovdan fərqli olaraq sərt və kobud rəftarın tərəfdarı
olan general Sisianov qarşısında Cavad xanı
görür: "Sisianov Peterburqda nə qədər ötkəm
və lovğalıqla Azərbaycanı beş günə fəth
edəcəyini demişdisə indi də bir o qədər
düşkündü. İraklinin
"tör-töküntüləri" onu yormuşdu... Knyazların iştahası Gürcüstanı viran
qoymuşdu. Başını-ayağını
bir yerə yığmaq mümkün deyildi. Bir yandan da
bu Gəncə əməliyyatı... Cavad xanın ipə-sapa
yatmamağı onu havalandırırdı: "Özümdən
tərsini bilmirdim. Məndən də tərsmiş
bu itoğlu". Balakən döyüşləri onu
ayıltmış və xırda xanlıqları bir-birinin
ardınca asanlıqla alacağı haqqında ümidləri
puça çıxmışdı..."
Diplomatik
"Söz müharibəsi", yazışmalar, məktubla
hədə-qorxular ("Tiflisdən məktub", "Tiflis
elçiləri", "Söz müharibəsi",
"Tiflis - Gəncə yolunda", "Qanlı sular")
Cavad xanı dərrakəli, ağıllı, vaxt uzadıb nəyisə
gözləyən mahir siyasətçi kimi tanıdırsa:
"Sisianov bir şeyi anladı ki, bu məktublaşmalar Cavad
xanın taktikasıdır, Vaxtı uzadır. Gözləməsi
var yəqin. Digər xanların və
şah ordusunun köməyə gəlməsini gözləyir.
Buna yol vermək olmazdı...", eyni zamanda "Çöl
döyüşləri", qəfil hücumlardan rus
qoşununun verdiyi itkilər, "Qala döyüşləri",
sona qədər vuruşub özünü təsdiq etmək əzmi
kiminlə, necə bir qüvvə ilə üz-üzə gəldiyini
generala anlatmış olur: "Bir ilə yaxın davam edən
yazışmalar, Qazax və Şəmsəddindəki
toqquşmalar, Cavad xanı ona tanıtdırmışdı. Başa düşürdü ki, belə adamları
öldürmək olar, ancaq sözündən döndərmək
mümkün deyil. Peterburq tərbiyəsi və Tiflis
söhbətləri içini bu "tatar-müsəlman"
xanına qarşı kinlə doldursa da, Cavad xanın
cavabları ürəyində qeyri-adi bir rəğbət də
doğururdu..."
Cavad
xanın intixab etdiyi - Azərbaycan yoludur; bütün faciələri
ilə birgə: "-Çoxları məni bu savaşdan
çəkindirmək istəyir. Ancaq mən
düşmənə cavab vermişəm. Demişəm
ki, onlar Gəncəyə ancaq meyitimin üstündən
keçib girə bilərlər! Mən bu ölümü
xoşbəxtlik kimi qəbul edərəm! Biz
canımızı qoruya-qoruya çox şeylər
itirmişik. Daha itirəcəyimiz bir şey qalmayıb! Düşmən qalib gəlsə də, tarixin lənətini
qazanacaq. Biz uduzaraq, şəhid olsaq belə o
dünyamızı qazanacaq və millətimizin əbədi
qürur yeri və baş ucalığı olacağıq! Gələcək nəsillər adımızı
yaşadacaq və vətən yolunda candan keçməyi
şərəf biləcəklər!"
Cavad xan şəhadətə yüksəlir,
Ölüm zirvəsi ilə Azərbaycan mənasını
tarixə yaza bilir. Bu, tarixdən alıb Sabir Rüstəmxanlının
çağdaşımıza tanıtmaq istədiyi Azərbaycandır.
Amma yazıçı hələ başqa bir - aktual Azərbaycanın
da varlığını unutmur; faciələrimizin mənbəyi
olan bu aktuallığı, acı sarkazmla "Həmin
gün" adlı roman epiloqunda xatırlatmağı
lazım bilir:
"Qubada
Şıxəli xan Şamaxılı Mustafa xanı
yıxıb, yerinə Qasım xanı qoymaq üçün
tədarük görürdü ki, onun əli ilə Salyana yiyələnsin
və ildə yüz əlli min rubldan artıq gəliri olan
balıq satışını ələ keçirsin.
Bakıda
Hüseynqulu xan kasıblıqdan can qurtarmaq üçün
Şamaxılı Mustafa xandan daha çox pul qoparmaq
yollarını düşünür və Quba xanı
hücum etsə, ona yardım edəcəyini vəd edirdi.
Lənkəranda
Mir Mustafa xan qardaşını yenidən Həştərxana
göndərməyə hazırlaşırdı ki, ordan da
Peterburqa gedib, rus imperatoruna Mir Mustafa xanın onun intizarında
olması xəbərini çatdırsın.
Şəkidə Səlim xan kor qardaşı Məhəmmədhəsəni
bir də kor eləmək istəyirdi.
Şuşada
İbrahimxəlil xan xanəndələrə qulaq asa-asa: Ah,
ötən günlər! - deyib
cavanlığının həsrətini çəkirdi.
İrəvanda
Məhəmməd xan naxçıvanlı dostu Kəlbəli
xanla qəlyan çəkə-çəkə fikirləşirdilər
ki, ermənilərin pasxası yaxınlaşır, Eçmiədzinə
elə bir hədiyyə alaq ki, keşişlərin
könlü xoş olsun!
Təbrizdə,
Ərdəbildə, Zəncanda, Qəzvində, Marağada,
Xoyda, Urmiyada, Həmədanda əli qılınc görməmiş
sütül türk cavanlarını səfərbər edirdilər
ki, Fətəli şah, Pirqulu xan, Abbas Mirzə və nə
bilim, daha hansı əmmaməlinin ixtiyarına verib,
müharibə sallaqxanalarına göndərsinlər..."
Bütövlükdə real mənzərə belədir. "Ancaq..." - Sabir
Rüstəmxanlı romana "Burada nöqtə qoymaq..."
istəmir; daha bir passajda Cavad xanın başlatdığı
Azərbaycan davasının, bir zaman Şuşada Ağa Məhəmməd
şah Qacarın zindanında birgə həbsdə
olduqları Bakı xanı Hüseynqulu xan tərəfindən
davam etdirildiyini və bugünəcən də bitmədiyini
romana əlavə etməyi lazım bilir: "Ancaq... Bir neçə gün sonra Bakıda rus konsulunu
şəhərdən qovub, yeddi əsgərini
öldürdülər. On gündən
sonra Car və Tala kəndləri arasında dar dərədə
general Qulyakovu mühasirəyə alıb, özünü və
üç yüz əsgərini doğradılar.Və nəhayət,
Bakıda Hüseynqulu xan dostunun ölümündən sonra
ovunu gözləyən aslana döndü...
Hüseynqulu
xan generalın başını kəsib, xonçaya qoydu və
pıçıldadı: -Köməyinə gələ bilməmişdim,
Cavad xan, məni bağışla! Amma intiqamını
aldım!..
Sisianovla başlanan rus işğalından qurtarmağa
ilk uğurlu cəhd 114 ildən sonra baş tutdu. Cavad xanın Gəncəsində
ayaq tutan müstəqillik cəmi iki il
ömür sürdü.
Bu işğaldan 187 il sonra isə bu sətirləin
müəllifi öz məsləkdaşlarıyla birlikdə
Azərbaycanın müstəqillik aktına imza atıb, bu
işğala həmişəlik son qoydular".
"Ölüm zirvəsi" romanında ictimai-siyasi
diskursla yanaşı, təbii ki, tarixi fonu yaradan, təmin edən
arxa plan da var; bu, özünü daha çox ideoloji konstrukt
kimi -Sarayla Şeyx Ocağının vəhdətində
göstərir. Şeyx Ocağını təmsil edən, Gəncənin
mənəvi-ruhi birliyini qoruyub-saxlayan, yeni nəsillərə
ötürməyə çalışan Şeyx Yusifdir:
"Şeyx Yusifin kənardan həyat əlaməti duyulmayan
solğun, Gəncənin köhnə evlərindən
seçilməyən ocağı əslində ayrı bir
dünyanın hansı möcüzəyləsə qopub
qalmış parçasıydı. Hasar həm
də zamana sədd çəkmiş, bu günün
ab-havasının həyətə girməsinə yol verməmiş,
burda uzaq bir dünyanı toxunulmamış, olduğu kimi
qoruyub saxlamışdı. Qapıdan
içəri ayaq qoyan kimi qədim bir ruh üzünə
vururdu. Bu bir möcüzəydi. Birdən-birə
ayrı çağa, ayrı mühitə
düşürdün elə bil... Bəlkə də heç
bir möcüzə yoxdu, eləcə "Şeyx
Ocağı" sözü adamı
götürürdü..."
"Şeyx
Ocağı" romanda paralel təsvir olunan, ictimai-siyasi dəyərlərdən
daha üstün, yeri gəldikcə onu bəhrələndirən,
möhkəmləndirən, ayaqda saxlayan yeganə müstəqim
xətt olub: sufilərdən, əxilərdən, Şeyx
Nizamidən, qədim mədəni ənənələrdən
qidalanan Şeyx Yusif təlimində; Hüseynqulu ağa ilə
mürid-mürşid münasibətlərində, Şeyx
ocağında fəaliyyət göstərən "Şairlər
məclisi" və şair Nicat Gəncəli obrazında
davam edir, XVIII əsrin müasirliklə qədimlik üzərində
qərar tutmuş Gəncəsini, "imam Hüseyn şəhəri"nin
mənəvi gücünü təcəssüm etdirir. Belə
olmasaydı, şəhid şəhərin obrazını
axıracan dərk etmək çətin olardı: "Gəncənin
bu qala divarlarından daha möhkəm olan başqa bir mənəvi
mühafizə sistemi də vardı. Bu da
qürurdu. Gəncə qüruru... Şəhərin
torpağından, suyundan, daşından, divarından... -
hardan gəlirdi bu qürur? Bəlkə
dünyanın cəhalət içində uyuduğu bir
zamanda Məhsəti, Əbülüla, Nizami kimi nəhəng
gəncəlilər yetirməsindən? Hər halda, bu
işdə Gəncə sözünün də rolu az deyildi. Bu sözün
altında qədim bir tayfanın tarixiylə yanaşı,
tükənməz ağıl və sərvət xəzinəsi
də yatırdı. İndi namərd zəmanənin Gəncəni
kiçiltmək ehtirası, dörd yandan gavur qoşununun
qarğa-quzğun kimi üstünə tökülməsi hər
bir gəncəlinin ürəyində
"olum-ölüm" sərhədlərini itirən və
şəhidliyi xoşbəxtlik kimi qəbul etdirən bir
duyğu yaratmışdı..."
Bununla belə,
yer üzünün ədalətsizliyi az
qala Şeyxin də qəlbində inkar notları oyadır:
"Şeyx Yusifin öz içini didən sorğular da
çoxdu. Hətta bu boyda xəzinədə də
o, sorğuların cavabını tapa bilmirdi. Əgər hər şey Tanrının iradəsinə
bağlıdırsa, onda gərək ədalətnən
güc uyğun gəlsin. Güclü olan
həm də ədalətli olsun. Nə
yazıq ki, belə deyil. Ədalət həmişə
zorun hədəfidir, onun ayağı altındadır. Zoru olandan haqq-ədalət soruşan yoxdur. Bəlkə
də soruşacaqlar, ancaq onda xeyri olmayacaq... Min-min insanın
sümükləri üstündə qurulan ədalət məhkəmələrinin
nə mənası?.."
Romanda erməni
xəyanətkarlarının göz dikdiyi, Eçmiədzinə
daşımağa can atdıqları Şeyx Ocağı
düşmən basqınında "Gəncə
alovları"na qərq olub, Şeyx Yusiflə
birgə şəhid məzarıstanlığına
dönür: "İlahi, bu xəzinəsiz Gəncənin
axırı necə olacaq? Kökümüzü,
dünyanın sirlərini bilmədən yaşaya bilərəmmi?.. - ...Divarlar boyu kitabları, əlyazmaları
bürüyən və getdikcə ona yaxınlaşan alova
baxdıqca hönkürə-hönkürə bir adam sığışan dar pillələrlə
gizli zirzəmiyə endi. Bu anlarda ancaq bir şey
düşünürdü. - Tanrım mənə səbir
ver! Qoy canımı xilas etmək üçün
çölə qaçmayım! Qoy yansın, külə
dönsün hər şey! Təki o murdarların əlinə
keçməsin!.."
Azərbaycan
tarixi romançılığında M.S.Ordubadidən bu yana ənənəsi
olan Qılınc və Qələm modeli Sabir Rüstəmxanlının
romanlarında özünəxas şəkildə: Oğuz xan
və Uslu Xoca, Qara xan və Qam Ata, Gün xan və Qorqud; Cavad
xan və Şeyx Yusif... - tandemlərində gəlişdirilir;
həm də bu zaman mifoloji-tarixi diskursa hardasa İsa
Hüseynovun "İdeal"ından gələn bir
"itmiş əlyazma", "milli tarixin itirilmiş kökləri"
konsepti (Kamal Abdullada bu - "yarımçıq əlyazma"dır)
hakimdir. Həmin mifologemi romandan romana keçirərək
(Ərkon, Şeyx Ocağı) Sabir Rüstəmxanlı
öz Azərbaycannaməsində "itirilmiş xəzinənin
yaşayan sirləri"ni axtarmaqdadır.
Tehran ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 6 fevral.- S.12-13.