İki hekayə
Borcun silinməsi
Tahir Qubadlının xatirəsinə
Ev telefonu zəng çaldı. Danışan Sərxan
müəllim idi. Salam-kəlamdan sonra mətləbə
keçdi:
- Nurulla, sabah, birişi gün vacib işin yoxdur ki?
- Yox, nə
işim olacaq ki, altı, bazardır də - dedim.
Dostum
sevincək davam etdi:
- Həə,
lap yaxşı. Onda qulaq as. Bir nəfərə
il yarım bundan qabaq iki min manat borc
vermişəm, hələ də qaytarmır. Evinə
getməkdən başqa çarəm qalmayıb. Balakəndə yaşayır. Dedim sənin elə
vacib işin yoxdursa iki qardaş sabah yola
çıxaq, birisigün qayıdarıq inşallah...
Mən iyirmi illik dostumun, vaxtilə müdirim olmuş bir
insanın sözündən keçə bilərdimmi? Odur ki,
razılaşdım. Amma, Sərxan müəllim
sıxıla-sıxıla onu da dedi ki, öz
maşınım nasazdır, sənin maşınınla gedək.
Buna da razılaşdım. Səhər
saat altıda mən Sərxan müəllimi evlərindən
götürdüm və biz yola çıxdıq. Balakənə çatana qədər yol bizi əməlli-başlı
sıxdı. Arada maşını
saxlayıb yüngülvari çay içsək də, yemək
yesək də yol boyu maşın bizi silkələdikcə
yenə acdıq. Hər nə isə
günortaüstü gəlib çatdıq Balakənə.
Sərxan müəllim "ordan sür, burdan
sür" deyə-deyə bizi borclunun düz qapısına
apardı. Cibindən
çıxardığı açarla yaşıl
darvazanı döyəcləməyə başladı. İçəridən "gəlirəm" deyənin
səsi gəldi. Darvazanın qapısı
açılanda orta boylu, sarışın bir kişi
Sərxan müəllimi görüb özünü onun
üstünə atdı:
- Sən
gələn yollara qardaşın qurban. Ay nə yaxşı
bizi yada salmısınız. Keçin, keçin içəri...
Doğrusu, mən çaşıb qalmışdım,
elə Sərxan müəllim də. Bu öpüşlər, bu isti
sözlər borclu adamın davranış kodeksinə
heç uyğun gəlmirdi axı...
Yayın son günləri olduğundan havada hələ hərarət
qalmışdı. Odur ki, biz gül-çiçəyin çevrələdiyi
həyətdə - dörd tərəfə qol-qanad
açmış tut ağacının altında oturmalı olduq. Çay
süfrəyə gələnə kimi sarışın kişi iki çolpanın başını
birdəfəyə kəsib oğluna verdi ki, apar anana, təmizləyib
təcili bişirsin. Sonra özü də gəlib
bizimlə əyləşdi. Şirin xatirələr
dil açdı. Sarışın kişi
Sərxan müəllimlə Novosibirskdə hərbi xidmətdə
olduqları illəri kövrələ-kövrələ
xatırladı. Sarışın kişi
o zaman sarıqulaqların onlara necə əzab verdiklərindən
də xeyli danışdı. Sərxan müəllim
bu söhbətlərdə sanki şahid qismində iştirak
edərək arada "hə, elədir" deyə əsgər
yoldaşının dediklərini təsdiq edirdi. Özünün isə danışmağa heç
həvəsi yox idi. Bayaqdan bir yerdə
çay içib söhbət etdiyimiz sarışın
kişinin adını hələ bilmirdim, o da mənim
adımı bilmirdi. Elə bil ürəyimi
oxudu. Qəfildən söhbətini kəsib
üzünü mənə çevirdi:
- Əziz
qardaş! Baş qarışıb söhbətə, biz səninlə
heç tanış da olmadıq...
Mən əlimi
ona uzadıb: - Nurulla - dedim.
O da əlimi
bərk-bərk sıxıb: - Malik - dedi. Sonra əlavə
etdi ki, yəqin Sərxanın qohumusan. Mən isə
"dostuyam" dedim.
Bizim dialoq təzə bitirdi ki, Malikin oğlu atasına
işarə vurdu. Kişi cəld evə girdi. Bir azdan
süfrəyə çolpa çığırtması,
göy-göyərti, cürbəcür salatlar, şirələr,
sular... tut və
alma arağı qoyuldu. Doğrusu, bu tezliklə
belə bir süfrənin hazırlanmasına da mat
qalmışdım. Malik bizə xörək çəkə-çəkə
"yol gəlmisiniz, yüngülvari yeyin, dincəlin,
axşama yaxşı yemək-içmək
hazırlatdıracağam" dedi və özü də
iştaha ilə yeməyə başladı. Sonra badələrimizə
tut arağından süzüb bizə "xoş gəlmisiniz"
dedi. Biz tut ağacının altında həmin
o tut arağından içdikcə başımıza
tutarlı fikirlər gəlməyə başladı.
Malik nəyisə gətirməyə gedəndə fürsət
tapıb Sərxan müəllimə dedim ki, çox
qanacaqlı adamdır, beş
yüzünü çıx, qalsın min beş yüz. O da
dedi ki, mən də o fikirdəyəm...
Günorta məclisi çay süfrəsi ilə
yekunlaşanda mizin üstünə beş-on növ mürəbbə
qoyuldu. Elə mürəbbə var idi ki, doğrusu mən
onu birinci dəfə görürdüm. Bizə
Malik özü qulluq edirdi, bir də yeniyetmə, özünə
oxşayan sarışın oğlu. Amma, bu ləzzətli
təamlar pərdə arxasında - üzünü görmədiyimiz
səriştəli, evdar bir xanımın qabiliyyətindən
xəbər verirdi... Sərxan müəllim saata
baxdı. Malik də ona baxıb dilləndi:
- Nədir,
saata niyə baxırsan? Yoxsa Bakıya
qayıtmaq istəyirsən? Dostum, gəlin əl-üzünüzü
yuyun, keçin evə, bir az dincəlin. Bu gün mənim qonağımsınız. Sabah yola düşərsiniz.
Sərxan müəllim dönüb mənə baxdı. Sir-sifətimdəki yol
yorğunluğu, üstəlik az da olsa qəbul
etdiyim tut arağının təsiri onun nəzərindən
qaçmadı deyə Malikin sözündən
çıxmadı. Biz ikimərtəbəli
evin ikinci mərtəbəsində, qonaq üçün
ayrılmış xüsusi otaqda dincəlməli olduq. İkimizi də yuxu aparmışdı. Yorğunluq, təmiz hava, rahat çarpayı. Kim yatmaz ki? Saata baxdım ki, iki
saatdan artıq yatmışıq. Sərxan müəllim isə hələ
xoruldayırdı. Pəncərədən həyətə
baxdım. Tanımadığım bir neçə kişi gördüm. Bir
ağacdan asılan lüt qoyunun yarı şaqqası
qalmışdı. Bu kişilər nəsə iş
görürdülər. Tüstü dumana
qarışmışdı. Məsələ
aydın idi. Bu, axşam ziyafətinə
hazırlıq idi. Mən Sərxan müəllimi
güc-bəla oyadıb həyətdəki mənzərəni
göstərdim. O da məyus-məyus bir o mənzərəyə,
bir də mənə baxdı. Dərindən bir
ah çəkib paltarını geyindi. Biz
aşağı düşəndə artıq süfrə
hazır idi. Yekə qazanda ortaya qoyulan quzu
buğlamasının, sarımsaqlı qatığın,
xiyar-pomidorun, göy-göyərtinin ətri həyəti
başına götürmüşdü. Malik tez bizi
yerimizdə əyləşdirib qulluq edən kişilərə
fəxrlə təqdim etdi və amiranə səslə: -
kababları gətirin - dedi. Süfrəyə
lülə, tikəkabab gəldi. Yenə də
\cürbəcür meyvə araqları, o cümlədən
zavod arağı yaddan çıxmadı. Çox sağlıqlara çox badələr
qaldırıldı. Mən bütün məclisi bir badə
zavod arağı ilə yola verdim - sabah
maşın sürməli idim.
Məclis səngimək bilmirdi. Qulluq edən kişilər
də bizə qoşulub arağı su kimi içirdilər.
Maliklə Sərxan müəllim
öpüşə-öpüşə qalmışdılar.
Nəhayət, gecə on ikidə
yatağımıza uzandıq. Mən yatmazdan öncə
yarıayıq, yarı sərxoş Sərxan müəllimə
dedim:
- Dostum, o
borcunun beş yüzünü də
keç. Bu kişi ayrı
kişiymiş...
Sərxan
müəllim dili dolaşa-dolaşa: - elə mən də o
fikirdəyəm - dedi.
Gecəni daş kimi yatdıq. Səhər səkkiz
radələrində mən oyandım. Sərxan
müəllimin paravoz səsini xatırladan xorultusu isə adəti
üzrə davam edirdi. Bir anlıq
düşündüm ki, bu xorultuda nə əcəb yata
bilmişəm. Sonra ağlıma gəldi
ki, o sayaq ki, mən yorulmuşdum yanımdan həqiqi paravoz da
keçsə yatardım. Xülasə,
yola çıxacağımızı düşünüb Sərxan
müəllimi oyatdım. Biz Malikin həyətinə
çəkdirdiyi buz kimi bulaq suyunda əl-üzümüzü
yuyub getmək istədiyimizi bildirəndə o, güldü:
-
Acqarına hara gedirsiniz? Çay süfrəmiz
hazırdır. Keçin süfrə başına...
Malikin
dediyi bu "çay süfrəsində" nə yox idi:
Camış qaymağı, şan bal,
süzmə bal, keçi pendiri, nehrə yağı, yumurta
soyutması... daha nələr, nələr... amma bu dəfə
bütün araqların yerini bir şüşə konyak
tutmuşdu. Malik təcrübəli adam
idi. Bilirdi ki, səhərlər araq yox, konyak içərlər...
Yenə başlandı ley-pey. Mən üzürlü səbəbdən toxunulmaz
olaraq qaldım - axı sürücü idim. Amma, Sərxan müəllimin əlindən yenə də
badə düşmədi. Mənim təkidimlə
məclisi yekunlaşdırıb yola çıxmağa
hazırlaşdıq. Maşina
yaxınlaşıb mühərriki işə saldım.
Sərxan müəllim də maşina
yaxınlaşdı. Dönüb ona baxdım və dedim:
- Dostum, o
borcunun beş yüzünü də
keç, qalsın beş yüzü. Bu adam
bizimçün nələr yaratdı. Sağ olsun.
Sərxan
müəllim batıq səslə "elə mən də o
fikirdəyəm" dedi.
Biz Maliklə
öpüşüb sağollaşanda o, cibindən bir zərf
çıxarıb Sərxan müəllimin cibinə basdı
və "yolda çörək yeyərsiniz" dedi. Sərxan müəllim nə qədər təkid
etsə də Malik zərfi geri almadı. Beləcə
üz tutduq Bakıya. Şəkiyə çatanda Sərxan
müəllim: - bir yerdə saxla, çay içək - dedi.
Çay içəndə cibindəki zərfi açıb mənə
baxdı və gülümsədi:
- Beş
yüz manatdır...
Məni də
gülmək tutdu:
-
Yazığın elə beş yüz
manat borcu qalmışdı də...
Əlifba islahatı
Çoxdan görüşmədiyim tanışımla
həmişəki yerdə, həmişəki vaxtda
görüşdüm. Zeytun ağaclarının çevrələdiyi
kafenin həyətindəki çay süfrəsinə ləzzət
qatan tanışımın duzlu-məzəli söhbətləri
oldu. O, yəni Ərşad müəllim Bakı
rayonlarının birində Dövlət Yol Polisi şöbəsinin
rəisi işləyərkən başına gələn əhvalatlardan
birini danışdı.
- Əmoğlu, (Ərşad müəllim həmişə
məxsusi istiqanlılıqla mənə belə müraciət
edərdi) ya ikimininci ilin axırları idi, ya da iki min
birincinin əvvəli. Oturmuşdum kabinetimdə.
İşçilərimdən biri - çavuş Musayev
qapını döymədən özünü içəri
atdı və həyəcanla dedi:
- Rəis,
bugünkü "Nərdivan" qəzetində deyirlər
sizi tənqid eləyiblər.
Dedim ki, a
bala, qaç get o qəzetdən bir-ikisini al gətir görək
nə yazıblar. Çox keçmədən
çavuş əlində qəzet yanıma gəldi.
Dedim əyə, bir oxu görək nəyimi tənqid ediblər.
Çavuş bir
qəzetə baxdı, bir üzümə. Soruşdum
ki, a bala, niyə oxumursan? Yazıq-yazıq
dilləndi ki, rəis, bu təzə əlifbanı oxuya bilmirəm.
Qəzeti əlindən alıb həmin
yazını axtardım. Yol Polisi
avtomobilinin şəkli qoyulan səhifədəki
yazının məndən bəhs etdiyini ehtimal etdim. Ancaq, nə qədər əlləşdimsə oxuya
bilmədim. Şəxsi heyəti
yığdım kabinetimə. Əmoğlu,
inanırsan, heç biri bu qəzeti oxuya bilmədi. Bu
savadsızlara nə deyəsən! Hərəsi
bir adamın hesabına dürtülüb polisə. Qanım bərk qaraldı. Uşaqlara da
ağzıma gələni dedim. Dedim o ağacı
qaldırıb endirməkdən başqa heç nə
bilmirsiniz. Gedin qəzet oxuyun, kitab oxuyun. Ayıbdır. Birdən biri
üzümə qayıtdı ki, rəis, bəs siz
özünüz niyə oxuya bilmirsiniz? Düzü, bir az tutuldum. Axı gözləmirdim.
Dedim Daşdəmirov, mən rəisəm, mən oxumaya da bilərəm.
Amma siz oxuyub mənə məruzə etməyə borclusunuz...
Hə, əmoğlu,
gördüm ta bu uşaqlardan da bir şey
çıxmadı, yenə çavuş Musayevi
sağırıb dedim ki, əyə, get hərlən, bir qəzet
oxuyan tap gətir. Çox keçmədi ki, Musayev gəldi,
yanında arıq, ağ saçlı,
qoltuğunda qəzetlər olan eynəkli bir kişi. Tez ayağa durub kişini salamladım, əyləşmək
üçün yer göstərdim. Ziyalı
adama oxşayırdı. Hiss olunurdu ki, həyəcanlıdır.
Birdən eynəyinin sağanağını
burnunun üstünə bərkidib diqqətlə
gözümün içinə baxdı və soruşdu ki, rəis,
məni bura niyə çağırmısınız? Mən
üzrxahlıq edəndən sonra "qəzet oxuya bilirsənmi"
sualını verəndə kişi bir az
da təəccübləndi və "əlbəttə"
deyib məqsədə keçməyimi gözlədi. Dedim
müəllim, bu qəzetdə məndən yazıblar,
sözün düzü latın əlifbasını
bilmirik. Dedim bizə yardım edib o məqaləni
oxuyasınız. Yol Polisinə niyə
çağrıldığını indi anlayan kişinin rəngi
üstünə gəldi. Dedi qəzeti ver bura. Başladı yazını oxumağa. Gördüm çavuş Musayev diqqətlə qulaq
asıb yığışdırır. Ona
gözümü ağardıb kabinetdən
çıxmağına işarə vurdum. Dedim bunun dili
qəzet yazısından populyardır. Yayacaq külli-aləmə...
Kişi oxuduqca məni tər aparırdı.
Nə bilim, daha haqqımda nələr
yazmamışdı o vicdansız. Guya
şəhərdə dörd villam, iki restoranım, rayonlarda
yüz hektar torpaq sahəm, hətta, donuz fermam var. Axırda da
yazır ki, Ərşad Əhmədov bu mal-mülkü
hansı məvaciblə əldə edib? Bir sözlə,
"Nərdivan" qəzeti məni ta haralara
dırmaşdırmamışdı... Əlqərəz,
yazı bitəndə kişiyə dedim ki, müəllim,
çox sağ ol, zəhmət verdik sizə... Əl
atdım cibimə, əlimə gələn əlli dolları
onun cibinə basdım. Təəccüblənən kişi sıxılıb, utanıb
götürmək istəməsə də təkid etdim və
bunu da xüsusi tapşırdım ki, indi oxuduğunu heç
yerdə danışma. O da "arxayın olun" deyib
başını bulaya-bulaya getdi. Əmoğlu, amma, iş
bununla bitmədi. Ağlıma gəldi ki,
uşaqları yığım, göstəriş verim ki, bu qəzetdən
nə qədər var şəhərin köşklərindən
alıb gətirsinlər yandıraq. Belə
də etdik. Bir taya "Nərdivan" qəzetinə
şöbənin həyətində şəxsi heyətin və
mənim şəxsən iştirakımla od
vurduq. Bir az sakitləşdim. Səhərisi işə gələndə şəhər
telefonumdan zəng gəldi. Danışan həmin
yazının müəllifi Fikrət Fərəməzoğlu
idi. Dedi rəis, qəzeti köşklərdən
yığışdırmağa verdiyin pulun onca faizini mənə
versəydin heç bu yazı da çıxmazdı. Əksinə, səni tərifləyərdim. Sizdən xahiş etdim ki, iki yüz qəzet
götürün haqqınızda yaxşı bir yazı yazaram.
Dəli oldun ki, bura bazar deyil. İndi iki
min qəzetin pulunu ödəməli oldun... Salamat qal...
Əmoğlu,
gördüm bu nanəcib düz deyir də. O vaxtdan sonra
jurnalist gələn kimi yazdı, yazmadı hörmətlə
yola salmağa başladım...
Artıq
hava qaralırdı. Zeytun ağaclarının arasından
vızhavızla üstümüzə gələn
ağcaqanadlar bizi çimdiklədikcə çay məclisini
yekunlaşdırmaq qərarına gəldik. Təqaüddə
olan Ərşad müəllim xahiş etdi ki, əmoğlu,
arada görüşək, söhbətləşək,
danışmağa o qədər sözüm var ki...
Adil CƏMİL
Ədəbiyyat qəzeti.- 2021.- 6
fevral.- S.14.