Haqq aşığı
Hörmətli Azər müəllim!
Laçının səksəkəli
günlərində, 1991-ci ilin iyulun ilk günlərinin birində
sənədli film çəkmək üçün axşam
toranında böyük sənətkar Sarı
Aşığın uyuduğu Güləbird kəndinə
çatdıq. Böyük Aşığın abidə
kompleksini və sevgilisi Yaxşının məzarını
lentə aldıq. Bu səfərdə bizə
ağsaqqallıq edən qardaşım Hüseyn
Kürdoğlunun narahatlıqla yoğrulmuş
baxışlarını unuda bilmirəm. Öz ustadına mənəvi
borcunu ödəmək üçün axtarışlar
aparırmış. Az keçmədi, Sarı
Aşığın mükəmməl, təshih olunmuş
kitabını "Sabah" nəşriyyatına təqdim
etdi. Kitabı böyük tirajla nəşr etdim. Bu günlər
Sarı Aşığın viranə olunmuş abidəsinin
lentlərinə baxdıqca şair
nigaranlığının, duyumunun hardan gəldiyi mənə
bəlli oldu. Kitaba yazdığı müqəddimə, elə
bil, bu gün yazılıb. Sarı Aşıq
poeziyasının tarixi və müasir missiyasını bizə
təqdim edir. Bu məqaləni dərc etməklə klassik
irsimizin bu gün də vətən keşiyində
dayandığının şahidi olarıq.
Hörmətlə,
Şirindil Alışanov
Haqq aşığı
Yenə məzarının
başındayam, Ustad, yenə ziyarətinə gəlmişəm.
Qəbrinin müqəddəs daşından öpüb, Həkərinin
sol yaxasına - Yaxşının qarşı sahildəki əbədiyyət
evinə - sənin qibləgahına boylanıram. Yox, tək
boylanmıram, səninlə birgə boylanırıq.
Sanıram ki, sinədaşındakı saz dilə gəlib od
saçır, əsrlər boyu sönməmiş və
heç zaman sönməyəcək ülvi bir sevdanın həzin
hekayətini dağlara, qayalara, ağ dalğalı büllur Həkəriyə,
pıçıltılı bulaqlara söyləyir, Aya-günə,
ulduzlara danışır, zaman-zaman bütün dünyaya bəyan
edir. Yamyaşıl bağlara bürünmüş gözəl
Güləbird kəndinin qoynundakı bu məzarıstan sənin
adınla şöhrətləndi, el ziyarətgahına
çevrildi, qəlbində bayatıların şölələnən
minlərlə, yüz minlərlə dili diləkli insanlar Haqq
Aşığı deyə sənə tapındı, sənə
iman gətirməklə haqqa iman gətirdi,
sazın-sözün ülviyyətinə sığındı,
sənətin dirilik bulağına yetişdi.
Məzarının
başındayam, Ustad! Əl boyda, əl
qalınlığında sarı rəngli kitabını
bağrımın başına sıxmışam. Rəssam
da kitabını qəm rənginə boyamış, Sarı
Aşığın söz nigarına sarı don
geyindirmişdir. Təzə heykəlinlə zinətlənmiş
türbənin başına dəstə-dəstə mavi qaya
göyərçinləri dolanıb uçur, Həkəri
sahilindəki xınalı sal qayalardakı yuvalarına tərəf
qorxa-qorxa qanadlanır. Mənə elə gəlir ki,
düşmən qonşuların amansız gülləsindən
perikən bu bəxtiyarlıq, əmin-amanlıq quşları
sənin məzarından salamatlıq diləyir, səksəkəsiz,
qorxusuz, qansız günlər arzulayır, Ustad!
Mənə
elə gəlir ki, bu göy göyərçinlər
bağrımın başındakı sarı kitabdan
pırıltıyla pərvazlanıb uçan
bayatılardır. İgid elimiz-obamız sən yatan
torpağı - Haqq Aşığının torpağını,
göy göyərçinlərin yuvasını sinəsiylə
qoruyacaq, mənəm-mənəmlik azarına tutulmuş,
fövqəlmillət zəhəriylə ağlını
itirmişlərin sərsəm ümidlərini puça
çıxaracaq. Mən buna inanıram, sən də
inanırsan, ulu mürşidim! Sənin ölməz ruhun da
göy göyərçinlərə qoşulub yollar üstə
qonur, sərhəd məntəqələrinə gedən igidlərə
xeyir-dua verir:
Analar
yanar ağlar,
Günlərin
sanar ağlar.
Dönər
göy göyərçinə,
Yollara
qonar, ağlar.
Sən
yaratmadınmı bu dörd sətirlik sənət incisini, azəri-türk
şeirinin bayatı möcüzəsini!
Analarımızın yollar üstə qonan göyərçin
ruhları övladlarımızın gözünə
işıq, qoluna qüvvət, dizinə təpər
vermiş, vətən torpağının müqəddəslik
duyğusunu onların qızıl qanına
qatmışdır.
Məzarının
başındayam, Ustad! Vətənimizin hansı guşəsində,
hansı diyarında və hansı zəmanəsində, əyyamında
dünyaya göz açdığını
düşünürəm. Bir çox dahilər kimi sənin
də dünyaya gəlişin və dünyadan gedişin
tarixin yaddaşına dəqiqliklə bəlli deyil. Bu
qeyri-müəyyənliyin özü də sənin taleyin
üçün çox əlamətdardır və rəmzi
məna daşımaqdadır. Əbədiyyət
üçün doğulmuş bir ömrün ayına,
gününə, saatına qədər bəsbəlli tarixi
yoxdursa da bunun dərdini çəkməyə dəyməz.
Sən ömrü əsrlərlə ölçülən sənət
cahangirisən, əsrin bəllidir: təxminən XVI, ilk vətənin
bəllidir: Cənubi Azərbaycanımızın şan-şöhrətli
Qaradağ mahalı, obalıqla köçüb gəldiyiniz
yer bəllidir: Zəngəzur mahalının Güləbird qəryəsi,
məzarın, türbən göz qabağındadır:
indiki Laçın rayonundakı Güləbird kəndinin
Aşıq qəbiristanında Haqq Aşığının
ziyarətgahı. Sən doğma yerlərimizin: dağların,
çayların, düzlərin, obaların, oymaqların
adlarını elə sənətkarlıqla bayatılarına
həkk etmisən ki, indi bu torpaqlara göz dikənlər
hansı tarixi mənbəyə saxtakarlıqla əl atsalar da,
bayatı sənədlərini heç cür inkar edə bilməzlər.
Qarabağ, Kirs, Araz, Həkəri, Gəyən, Yazı, Bərgüşad,
Səfyan, Əlyan, Maralyan, Nərdivan, Məndil
Qızılcıq, Qaraman, Ağalı...
Yurdumuzun,
ulu diyarımızın bədii coğrafiyasına görə
də nəsillərimiz səni minnətdarlıqla
xatırlayır.
Bayatıların
bütün azəri türkləri və ümumən
türk elləri içində dildən-dilə
düşdüyü kimi, cünglərə, təzkirələrə
də düşmüş, bəzi təzkirə müəllifləri
sənin ömür yolun haqqında qısa məlumat
vermişlər. XIX əsrdə yaşamış öz həmyerlin
Qaradaği tərtib etdiyi təzkirədə ("Təzkireyi-Qaradaği",
səh. 7-10, RƏF N 7602) yazır: "Sarı Aşıq
Qaradağ mahalındandır. Çox qədim vaxtlarda gəlib
Qaradağın Zəngəzur mahalında Həkəri
çayının kənarında vaqe Güləbürd
adlı qəryədə sükna edıb".
Qaradağiyə
inanmamağa haqqımız yoxdur. Hərçənd, bu
sözlərə şübhə ilə baxanlar da var. Onlar sənin:
"Aşıq Qaramanlıdır, // Xalın qara
manlıdır. // Yaxşının tənəsindən // Yenə
qar amanlıdır" - məşhur bayatını misal gətirirlər
və Qaramanlı tayfasından olduğunu iddia edirlər. Belə
də olsa bizə xoş idi, qaramanlılar da igid və
şöhrətli oğuz-türk tayfalarındandır,
onların da sazı, sözü və qılıncı
türk dünyasının iftixarıdır. Lakin
araşdırmalar Qaradağinin doğru söylədiyini təsdiq
edir. Güləbird yaxınlığındakı və
buradan çox da uzaq olmayan Bülövlük kəndi
yaxınlığındakı "Qaradağlı"
adlı qədim yaşayış yerlərindən də bəllidir
ki, nə zamansa Qaradağdan bir obamı və ya tayfamı
köçüb Zəngəzura gəlmiş və bu camaat
sonralar yerli əhaliyə qarışıb həmişəlik
məskunlaşmışdır. Seyid Həmzə Nigari kimi
görkəmli şairin, təriqət
başçısının əslən Qaradağlı
camaatından olduğu da (Laçında onlara Məzməzək
seyidləri deyirlər) fikrimizə aydınlıq gətirən
bir dəlildir. Yeri gəlmişkən, söylədiyin bir
bayatını da burada xatırlamağa dəyər: "Mən
Aşıq ağ zindəyəm, // Aləmin ağzındayam.
// Yurdum Qaradağlıdır, // Məzməzək
ağzındayam". Sənin haqqındakı dastan və rəvayətlərdən
də məlumdur ki, gözəl Yaxşının yolunda hər
şeydən keçmisən, Məzməzək
ağzında - Yaxşının kəndi (Maqsudlu)
görünən qənşərdə dəyə tikib,
balaca bir bağ salmısan, bostan əkmisən, gecə-gündüz
yar obasına boylana-boylana niskilli-yanğılı
bayatılarını yaratmısan, həsrətinlə
dünyadan köçən sevgilinin dərdinə dözməyib
elə burada da vəfat etmisən, torpağa
gömülmüsən.
Ulu
mürşidimiz Seyid Həmzə Nigarinin sufiliyi, təriqətçiliyi
səndən gəlmirmi?! Sən deyəndə ki, "Mən
Aşıq zində deyil, // Əqli özündə deyil. //
Kim deyir haqq camalı, // Yaxşı üzündə
deyil!" - bu sətirlərdə Nəsiminin, Füzulinin
sufiyanə duyğuları şölələnmirmi?! Seyid Həmzənin
"yar-nigar", "gül-bülbül" aşiqanə
platonik təlimi də məhz Haqq Aşığının
nakam eşqindən pərvazlanmalıydı. O ki qaldı
Qaramanlı məsələsi, o da büsbütün
aydındır. Sən gözəl cinaslı
bayatılarının bir çoxunu yer adları ilə
bağlı yaratmısan: "Aşıq Qaramanlıdır,
Aşıq Minaya gələ, Aşıq
Qarabağlıdır, Mən aşığam Salyana" və
s. Həm də ki, sənin kimi insan gözəlliyinin
aşiqi, vurğunu, divanəsi dərəcəsinə
yüksələn bir sənətkar tayfa, mahal məhdudiyyətinə
sığa bilməzdi. Rəvayətlərdə deyildiyi kimi,
Yaman bəyin fitvası ilə Yaxsıdan zülm əliylə
ayrılıb İrana və Rum elinə sürgün edildiyin
zamanlarda da böyük üləmalardan dərs almısan,
haqqa qovuşmağın, mənəvi ucalığın,
ilahi paklığın elmini öyrənmisən. Elə buna
görə də bayatıların bir Yaxşının deyil,
bütün yaxşıların könül
çırpıntılarını, bütün gözəllərin,
bütün insan gözəlliklərinin oyatdığı
müqəddəs duyğuları dahiyanə sadəliklə və
incəliklə, sufiyanə məcaziliklə, aşiqanə
yanğıyla əks etdirmişdir:
Zülfün
suda mar kimi,
Oynar su
damar kimi.
Sızıldatdın
Aşığı
Yağa
su damar kimi.
Həyatiliyin,
sadəliyin, təbiiliyin, xəlqiliyin bundan da gözəl bədii
ifadəsini düşünmək mümkün deyil. Bu
sızıltı bədbinlikdən, düşkünlükdən,
küskünlükdən uzaq, həyatın bağrından
qopan bir sızıltıdır, məhz aşiqanə nalədir,
gözəllik eşqinin həyata çağıran fərəhli
fəryadıdır.
Məzarının
başındayam, Ustad! Elinə-yurduna yadigar qoyub getdiyin
bayatı cəvahiratının qədrini bilənlər,
onları min bir zəhmətlə ağızlardan, arxivlərdən,
pünhan qalmış cünglərdən, cürbəcür
kitab haşiyələrindən, xatirat dəftərlərindən,
məktublardan toplayıb nəşr etdirən elm-sənət
fədailəri haqqında düşünürəm. Salman
Mümtaz, Bəhlul Behcət, Əmin Abid kimi söz sərrafları
bir vaxt sənin ömrünü göy əsgiyə
düydürüb, qəlbini nakam qoyan Yaman bəylərin XX əsr
törəmələri tərəfindən qətlə
yetirildilər. Lakin onların əziz adları, yüksək əməlləri
ölümsüzdür. Bu ölümsüzlük bir də
ona görə bərqərar olmuş ki, onlar şeirimizin əzəmətli
qalasını əsrlər boyu ucaldanlar sırasında sənin
əbədiyyət yaşarılığı qazanmış
bayatılarını da öz qanları, canları bahasına
kitablara toplayıb tədqiq və təhlil etmiş, gövhəri
çaydaşından arıdıb xalqımıza
çatdırmış, hansı inci xəzinələrinin
varisi olduğumuzu iftixar hissi ilə ilkin olaraq bəyan
etmişlər. Qəbirüstü heykəlinə baxa-baxa
düşüncələrə qərq olduğum, Həkərinin
əbədiyyət nəğməsini sükut içində
dinlədiyim bu yay axşamında sənin
bayatılarını nəsil-nəsil bizə sevdirən
unudulmaz müəllimim professor M.H.Təhmasibi, sənin öz
həmyerlini, fədakar folklorçu, bayatışünas
Əhliman Axundovu, son dərəcə ağır zəhmətə
qatlaşıb, arxivlərdə qan-tərə bata-bata
bayatıları toplayıb tədqiq və nəşr edən
Asiya xanım Məmmədovanı minnətdarlıq
duyğuları ilə xatırlayıram. Üç
kitabın S.Mümtazın mübarək əlləri ilə tərtib
edildi (1925, 1927, 1935), çap olunub yayıldı.
Dördüncü kitabın (1966) Ə.Axundovun müqəddiməsi
ilə el içinə çıxdı. Beşinci və hələlik
axırıncı kitabını isə sənin
şirin-şəkər bayatılarını ana laylası,
ana südü kimi öz qanında, qəlbində, ruhunda
yaşadan bir şair nəşrə hazırladı və bu
böyük şərəf ona nəsib olduğundan
özünü bütün arzularına yetmiş kimi bəxtiyar
səndı.
Mənəm
o xoşbəxt şair, Sarı Aşığım, Sarı
babam, Haqq Aşığım! Səni Qurbanəli, Abduləli,
Nəbi, Lələ, yetim adlandıranlar olub. Aşıq
Ələsgər "Fərhad Şirin sevdi, Yetim
Yaxşı yar" deyib. Lakin bütün adlardan ucada haqq
aşığı dayanıb. Mən özüm də dil
açıb, ağlım kəsən gündən baba və
nənəmdən, ata və anamdan, neçə-neçə
saz və söz əhlindən bu müqəddəs adı
eşidib sevmişəm, onun işığına can
atmışam, ülviyyətinə tapınmışam.
Yeniyetməlik
illərimdə quzu çobanı idim. Tütək və saz
çalan, gədiklərdən səsi qayalara düşən
çobanların dilindən də ilk dəfə bu adı
esitdim: Haqq Aşığı! Toya-mağara yolum
düşdü, doğma Molla Əhmədli kəndində
aşıq əmim Məşədi Dadaşın şirin
dilindən böyük bir sevgi ilə deyilən bu adı
dönə-dönə eşitdim: Haqq Aşığı!
Laçında və Qubadlının Xanlıq kəndində
orta məktəbdə oxuyarkən ilk sevdanın
ilğımına qərq olduğum dəli-dolu günlərimi
yaşayarkən neçə-neçə müdrik
ağsaqqalın, sinədəftər ağbirçəyin,
ilk oxu daşa dəyən niskilli gəlinin, qarasevdalı
cavanın dilindən qopan bu adın şöləsi yenə qəlbimdə-gözümdə
yandı: Haqq Aşığı! Qaçaq Nəbinin,
Qaçaq Həcərin beşiyi Aşağı Mollu kəndində
sinəsində el sözünün xəzinəsini gəzdirən
Gilə xaladan və "Laçın" qəzetinin qocaman əməkdaşı
şair Tapdıq Nəcibdən 1953-cü ildə bir qalın
dəftər bayatı topladım. Dəftərin meşin
cildinin üstündə qırmızı mürəkkəblə,
iri hərflərlə həmin adı həyəcanla
yazdım: Haqq Aşığı! Zamanın məcrasında
yaşım əllini gəlib keçdi. Şərqin, Qərbin
böyük söz ustalarına az-çox bələd oldum, sənətin
girdabına baş vurdum, milli poeziyamızın zaman
sınağından çıxmış bütün örnəklərini
öyrəndim, Füzulinin, Vaqifin, Vurğunun kitablarından
ayrı düşdüyüm bir gün olmadı. Öz
şeir kitablarım nəşr olundu. Gecə də,
gündüz də ən ilhamlı saatlarımda, anlarımda
ilahidən gəlirmiş kimi qəlbimdən munis bir səs
eşitdim. "Sən də bayatı yaz, dördlük yaz, səni
öz xələfim kimi görmək istəyirəm!". Kim
idi bu ilahi, səmavi səsin sahibi: Haqq Aşığı!
Məzarının
başındayam, Ustad! Yeni kitabını nəşrə
hazırlayıb ziyarətinə gəlmişəm. Yalnız
öz bayatı və dördlüklərimlə gəlsəydim,
qəlbim məni rahat qoymazdı. Sənin dörd
kitabını, indiyədək çıxan bütün
bayatı kitablarını, türk manilərini, Kərkük
xoyratlarını yazı masamın üstünə
düzdüm. Ucalığın, böyüklüyün
bütün əzəmətiylə bir daha doğruldu gözlərimdə.
Sənin bayatı çağırışın
Gündoğandan Günbatana türk dilli ellər içində
necə də geniş yayılmış, ümumtürk nəğməsinə
çevrilmiş, yaxşı gündə də, yaman gündə
də ürəklərə sirdaş olmuş, zümrüd
quşu kimi insanı zaman-zaman işıqlı dünyaya
yüksəltmişdir. Üstündə adını
qırmızı mürəkkəblə yazdığım dəftər
yaxşıca karıma gəldi. Kitablarına düşməyən
nə qədər bayatın varmış. Naqis nəşr
olunmuş, mənası, məzmunu təhrif edilmiş onlarca
bayatını bərpa etməyə cəhd göstərdim, sənin
yaradıcılıq "fəndinin" bütün sirləri
ilə özümü silahlandırıb kərpici
düşən, suvağı qopan, naxışı pozulan sətirlərini,
beytlərini və bütöv bayatılarını dilindən
çıxdığı ilk şəklinə qaytarmaq istədim
və bu çətin işin öhdəsindən qismən gələ
bildim. Əgər mən də bir sıra
bayatılarını yanlış başa düşdümsə,
düz yoza bilmədimsə günahımdan keç, Ustad! Sənin
tilsimli poeziyan duruluğundan dibindəki əlvan daşları
sayrışan, lakin dərinliyinə varılmayan sirli dağ
göllərini xatırladır. Bu duruluq, bu saflıq gözlərimi
qamaşdırdı, heyranlığımdan bəlkə də
bəzi sözlərin mənasını düzgün anlaya
bilmədim, kiminsə səhvini mən də təkrar etdim. Bu
olan işdir. Gələcək nəsillərimiz səni daha dərindən
duyacaq, daha dərindən tədqiq və təhlil edəcək,
daha coşqun ehtirasla sevəcəkdir.
İndiyədək
kitablarına düşməyən və mənim tərəfimdən
toplanan bayatıların və bərpa etdiyim bayatıların
üstündə ulduz (*) işarəsi qoydum. Qoy sənin
milyon-milyon oxucuların bu kitabını da hərarətlə
qarşılasınlar, həm iradlarını, həm də
arzularını mənə yazsınlar. Sənin bayatı məktəbin
indi də şairlərə dərs verməkdədir. Bu məktəbin
şagirdlərindən biri də elə mən özüməm.
Bayatılarını həvəs və həyəcanla
topladığımı görən Ağdabanlı Qurban
oğlu Aşıq Şəmşir - xalqımızın
sevimli ustad şairi və aşığı Dədə
Şəmşir sənin Kürd Aşıq adlı məşhur
bir sənətkarla dostanə, məzəli, şirin,
zarafatyana, səmimi deyişməni söylədi və bu
deyişməni 1975-ci ildə Kəlbəcərdə dərhal
dəftərimə köçürdüm. Həmin deyişməni
kitabına daxil edərkən övlad sevgisiylə tez-tez
ocağına ziyarətə getdiyim Dədə Şəmşiri
həsrətlə yad etdim. Allah onun qəbrini nurla doldursun!
Məzarın
başından ayrılıram, ozanlar ozanı, dədələr
dədəsi Haqq Aşığı! Qəbirüstü abidənin
yenidən yaradılmasında min bir zəhmətə
qatlaşan Güləbird ocağının yetirməsi,
istedadlı şair və jurnalist Səbahəddin Rüstəmin
övlad qədirbilənliyini məmnun duyğularla dönə-dönə
xatırlayıram. Ziyarətə gələnlərin
ardı-arası kəsilmir.
Güləbird
gözəlləri başdaşından öpüb dilək
diləyir, qürub şüalarını əks etdirən mərmərin
üstünə ətirli yaylaq gülləri düzürlər.
Riqqətdən gözlərim yaşarır. Yamacda qoyun otaran
yeniyetmə bir oğlan məlahətli, zil səslə sənin
bayatılarından oxuyur:
Mən
Aşığam bu daşa,
Könül
qəmlə budaşa.
Elə
vur ki, Yamanı,
Kəlləsindən
bud aşa!
Səsin
şaqraqlığı, gümrahlığı məni sehrləyir,
diqqət kəsilirəm. Birdən, sanki yuxudan ayılıram.
Bayatının son beyti bütün kitablarda "Elə vur ki,
maralı, Kəlləsindən bud aşa!" şəklində
verilib. Tanımadığım, səsini dinlədiyim
oğlanın oxuduğu variant isə daha müasir və daha həyatidir,
bu günün əhval-ruhiyyəsinə daha çox
bağlıdır: "Elə vur ki, Yamanı, Kəlləsindən
bud aşa!". Bəlkə bayatının ilk deyimi, ilk
çağırışı da elə bu şəkildə
imiş. Ya bəlkə də yaraqlanıb sərhəd məntəqəsinə
gedən igid əsgərləri dağ döşündən
seyr edən çoban özü qəsdən bayatını dəyişdirib,
erməni qaniçənlərinə - yeni yamanlara aman verməməyi
arzulayır. Səməd Vurğun nə gözəl deyib:
"Daha mənzillidir sözün gülləsi!".
Gün
batır, qaş qaralır. Mən də Günəşlə
birgə məzarın başından ayrılıram, Ustad!
Bağrımın başında təzə kitabın bir də
görüşənədək, mənim Haqq
Aşığım, elimin-günümün ulu dədəsi!
Güləbird, 1991
Hüseyn KÜRDOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 6
fevral.- S.18-19.