Günümüzün uşaqları...
Və uşaq hekayələri
Uşaqlar üçün yazmağın
nə qədər çətin olduğunu sübut etməyə, görünür, xüsusi
ehtiyac yoxdur. Və bunun ən əyani
göstəricisi uşaq
ədəbiyyatımızın həm dünənki, həm də bugünkü problemləridir
ki, hər söhbət düşəndə
bitib tükənməyən
müzakirələrin predmetinə
çevrilir. Ancaq bəlkə də, əsl müzakirə olunmalı hadisə uşaq ədəbiyyatı
yox, uşaqların özləri, onların az qala hər gün dəyişən həyata,
psixoloji kataklizmlərə,
dəyərlərə münasibəti,
reaksiyalarıdır.
Mən keçmiş tələbəm,
filologiya üzrə fəlsəfə doktoru Fidan Nizaməddin qızının
elmi araşdırmaları
ilə yaxından tanış olsam da, etiraf edim
ki, uşaqlar üçün yazdığı
hekayələri ardıcıl
şəkildə oxumadığıma
görə elə bilirdim ki, bu,
onun yaradıcılığında
yalnız epizodik bir hadisədir. Ancaq bu günlərdə
"Şərq- Qərb"in
nəşr etdiyi
"Uşağın duası"
hekayələr toplusunu
varaqladıqca inandım
ki, ona ön
söz yazmış ağsaqqal ədəbiyyatşünasımız
Qəzənfər Paşayev
tamamilə haqlıdır,
Fidan uşaqların qəlbindən keçənləri
bütün romantik miqyası ilə həm duya, həm də artıq püxtələşmiş yazıçı
qələmi ilə ifadə edə bilir.
"Uşaqların duası"
başlıqlı müəllif
qeydləri topluya daxil edilmiş iyirmi beş hekayənin ümumi ideya- estetik ruhu barədə elə ilk baxışdan aydın təsəvvür
yaradır. Və bu təsəvvür, əslində, uşaqlar üçün deyil, nə qədər uşaq səmimiyyəti ilə yoğrulsa da, nə zamansa
uşaq olmuş böyüklər üçündür:
"İnanıram ki, bu gün bəşəriyyəti
öz varlıqları,
isti nəfəsləri,
xoş arzuları ilə meridian yaradan ecazkar aləmin - uşaqların sevgi dolu duası xilas edəcək..."
Göründüyü kimi, Fidan Nizaməddin qızı günümüzün
uşaq hekayələri
qarşısına uşaqları
əyləndirməkdən, onların dünyagörüşünü,
estetik zövqlərini
inkişaf etdirməkdən
də yüksək tələblər qoyur: uşağı bütün
mənəvi- psixoloji
zənginliyi ilə yalnız
dərk etməklə
kifayətlənməyib, həm
də onu özünə tanıtmağın
yollarını axtarmaq.
Və nəticə etibarilə, uşaqları
cəmiyyətin üzvi
tərkib hissəsi olaraq qəbul etmək... Əks halda, onlar "Uçurum" hekayəsindəki
şəkildə bu dünyada gördükləri
haqsızlıqları laqeyd
"valideyn"lərindən gizlətsələr də,
Suriyalı həmyaşıdları
kimi, o dünyada Allaha mütləq deyəcəklər...
İstər "Uçurum" da,
istərsə də
"Uşaq evində
karantin", "Yardım",
"Dalğa", "Nağıla
dönən qız"
hekayələrində müəllif
dünyanı bürümüş
karonavirus pandemiyasının
uşaqların həyatına,
mənəvi aləminə
təsirinin ən zərif məqamlarına nüfuz edir, onların reaksiyalarını
ümumiləşdirir və
bəzən kifayət
qədər mükəmməl
aforizmlərə gəlib
çıxır: "Bu gün
bu epidemiyanın bitməsi üçün
iki uşaq ürəkdən dua edir: həkimin və xəstənin uşağı..." Yaxud:
"Evdə qal!" çağırışı uşaq evinin balaca sakinlərinin yadına ata- analarını salır...
Yaxud da: atalar, analar kasıbçılıqdan, yaxud
başqa bir səbəb üzündən
ailəni ata bilirlər, uşaqlar isə yox...
Fidan Nizaməddin
qızının hekayələrində
birinci silsilə karonavirus mövzusuna aiddirsə, ikinci silsiləni "Babalı-
nənəli hekayələr",
üçüncüsünü isə "Qarabağ hekayələri" adlandırmaq
olar.
"Sonuncu teleqram", "Babamın medalları",
"Babamın gözləri",
"Sehirli çörəklər","Uşağın
duası" və
s. ikinci,
"Ağdama gedən
qatarlar", "A" hərfi",
"Müdafiə günü",
"Son gediş" və
s. üçüncü silsilədəndir.
Bu silsilələrdən kənarda
qalan, müxtəlif mövzulara həsr olunmuş "Küsmək
haqqım", "Niyyət",
"Sonuncu dərs",
"Məsum dilənçi",
"Nabələd", "Kukla teatrında" və s. hekəyələrdə
də müəllifin
yaradıcılıq axtarışları
aydın görünür.
"Babalı- nənəli hekayələr" də
min illərin "baba-
nəvə" yaxud
"nənə- nəvə"
münasibətlərinin bugünkü
təzahür imkanları
konkret detalları, təfərrüatları ilə
təqdim olunur. Əsasında "kiçiklərə
qayğı, böyüklərə
ehtiram" kimi əbədi prinsiplərin
dayandığı həmin
münasibətlər, əlbəttə,
bu gün dünənki qədər
sıx deyil, yazıçının heç
bir mübahisə doğurmayan müşahidələri
isə göstərir
ki, cəmiyyətimiz nə qədər modern əxlaqi- mənəvi təsisatların təzyiqinə
məruz qalsa da, sözügedən
münasibətlərin ilahi
səmimiyyətindən heç
də bütünlüklə
imtina etmək fikrində (və iqtidarında!) deyil.
Qarabağ mövzusu Fidan Nizaməddin qızının
hekayələrində ona
görə olduqca orijinal səslənir ki, müəllif otuz ilə qədər
davam etmiş ağılsız işğal
siyasətinin uşaqların
tərcümeyi- hallarına,
mənəvi aləminə,
xəyallarına təsirinin
dərin qatlarına enə bilmiş, kifayət qədər səciyyəvi obrazlar yaratmağa nail olmuşdur.
Əbəttə, ərazi bütövlüyümüz
böyük qəhrəmanlıqla
təmin olunduqdan sonra da bu
hekayələr tariximizin
əks- sədası kimi heç zaman bədii- ictimai dəyərini itirməyəcədir.
Və əminəm ki, Fidan Nizaməddin qızının Azərbaycan
uşaq ədəbiyyatındakı
yaradıcılıq uğurları nəinki təsadüfi deyil, əksinə, yeni mərhələ açacaq,
yeni üslub istiqaməti müəyyənləşdirəcək
qədər enerjili, miqyaslı və perspektivlidir.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2021.- 6 fevral.- S.19.