Xan Qızı
"Azərbaycan
qadını" silsiləsindən
Artur
Şopenhauerə görə, dünya kosmik prinsipcə öz
nizamındadır. Həyat isə xaosdur və o, ağla tabe
olmadan şüursuz, kor-koranə şəkildə öz
mahiyyətində davam edir. Tale anlayışı kimi. Filosofun
fikrincə, təbiəti özündən asılı hala gətirən
insan, özü mahiyyətcə əzab çəkən
varlıqdır. Bu əzaba mübtəla olmağın səbəbi
isə insanın içində boy atan istəkləridir.
Bəzən
taleyimizin öz yolunda getmədiyini hiss etsək də və bu
gedişat Sizif əməyinə bənzəsə də
bacardığımız qədər onu qaldırmağa
çalışırıq. Bu bizə əziyyət versə
də, inadına bu yükü daşımağa qərar
veririk. Əslində, əzabı elə özümüz
yaradırıq. Sonra "taledir" deyib şikayətlənirik
də. Halbuki seçim olduğu halda - it hürən tərəfə
yox, işıq gələn tərəfə getmişik.
Bəzən
proseslər bizim istək və arzularımızdan
asılı olmayaraq cərəyan edə bilir. Şopenhauerin
dediyi kimi, xaotik. Yəni dövr, şərait, zaman, durum,
situasiya bizim həyatımıza təzyiq edir və biz
olanların çərçivəsindən seçim etmək
məcburiyyətində qalırıq. Hərdən mənə
elə gəlir ki, eyni taleyi bir çox insan yaşaya bilər.
Sanki ssenari birdir, sadəcə, obrazlar dəyişir. Bunu ən
çox qadın yazarları, bilim adamları haqqında
araşdırmalar apararkən hiss edirdim. Əvvəl elə
bilirdim ki, bir qələmin məhsulu olduğu
üçün bu oxşarlıq yaranır. Sonra isə bu
oxşarlığın səbəbinin dövrün gərdişi
olmasını aydın etdim. Elə bu baxımdan da Fransada
Banin kimi yazıçı şöhrəti qazanmış
Ümmülbanu (Bakı milyonçusu Musa Nağıyevlə,
Şəmsi Əsədullayevin nəvəsi) taleyi ilə
Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində
dünyaya gəlmiş Xurşudbanu Natəvanın taleyində
oxşarlıq, bənzərlik görməyə
başladım. Hər iki şəxsin taleyində ictimai şəraitin
dəyişməsi böyük rol oynamışdı.
Həm
Ümmülbanu, həm də Xurşudbanu Natəvan bir
formasiyadan digərinə keçidin arasında dayanmış
şəxslər idi. Bu keçid, qəfləti məhrumiyyətlər
və mülk müsadirəsi hər birinin taleyinə bu və
ya digər şəkildə təsir etmışdı. Necə
ki, babasının vəsaiti ilə bir günlük
milyonçu olan Ümmülbanu, sonra bolşeviklərin
hakimiyyətə gəlişi ilə varlıların
mülkünün müsadirə olunmasıyla heçnəsiz
qalmışdı, eləcə də sonuncu Qarabağ
hökmdarının qızı olan Xurşudbanu Natəvan da
eyni müsadirə oyunu ilə üz-üzə
dayanmışdı.
Ümmülbanu
bir xuruş götürmədən Bakını tərk edərək
tamamilə Şərq ab-havasına, əxlaqına yad bir
diyara - Fransaya yol alıb yazıçı kimi populyarlıq
qazanmış, Natəvan isə bir müddət tale
burulğanında çarpışaraq eynilə
Ümmülbanu kimi ədəbiyyat sahilində öz müvəqqəti
rahatlığına çatmışdı.
"Həyatına
nəyi çağırarsansa, o da gələcək"
deyir psixoloqlar. Bu, haradasa doğrudur. Çünki içimizə
doldurduğumuz enerji özünəbənzərləri
özünə cəlb edir. Ümmülbanunun "Qafqaz
günləri" aftobioqrafik əsərində
yazıçının bolluq içində bezarlıq etməsini,
ətrafında olan şəxslərin, doğmalarının
ağızbüzənliklə təsvirini və bu çoxluq
içində qadın azadlığının olmaması
ağırlığını nə qədər hiss ediriksə,
oxuyuruqsa, Natəvan yaradıcılığında da eyni
qadın məhrumiyyəti içində boğulma məngənəsini
hiss edirik. Əslində, professional dayələr, elm sahibləri
tərəfindən elmlənən hər iki xanım
oxuduqlarını praktik olaraq gerçəkləşdirə
bilmədiklərindən boğulurdular. Onlara, bəlkə də,
elə də çox şey lazım deyildi. Amma Şərqin
"olmaz"ları, "sən qadınsan" kimi saxta
deyimləri hər iki xanımı əzirdi. Azad ruh isə
gec, ya da tez, mütləq pərvazlanacaq.
Qadın
ruhunun ən gözəl sərbəstlik məkanı sənət
ola bilər. Ümumiyyətlə, fərq etməz,
kişi-qadın, əslində, bütün yaradıcı
adamların azadlıq sahili sənətdir. Sənət isə
ədəbiyyat, rəssamlıq, heykəltəraşlıq, ədəbiyyat
adına olsa belə, ruhun özgür məkanıdır. Elə
bu səbəbdən də hər iki xanım bu utopik
yaradıcılıq dünyasında ruh rahatlığı
tapır. Ümmülbanu Banin təxəllüsü ilə,
Xan qızı isə Natəvan, yəni "köməksiz",
"zəif" təxəllüsünü götürərək
növbəti tale dolanbaclarını öz həyatlarına dəvət
edirdilər.
Nə
mən olaydım, İlahi, nə də bu aləm olaydı!
Nə
də bu aləm əra dil müqəyyədi - qəm
olaydı.
Natəvan bu pessimist ovqatlı qəzəli
yazarkən eynilə Hüseyn Cavidin "Şeyx Sənan"
dram əsərinin kor personajı kimi "Nə eşq
olaydı, nə aşiq, nə nazlı afət olaydı! Nə
xəlq olaydı, nə xaliq, nə eşqi - həsrət
olaydı!" acısını inildəyirdi. Qadın səadətini
yaşamayan bu xanım sevmədiyi kobud, laqeyd bir kişi ilə
eyni damın altında yaşamın dözülməzliyini qəzəl
diliylə çatdırmağa çalışırdı.
Dərdinin, içini inlədən acısının quş
olub pərvazlanması üçün sözləri sətirlərə
düzürdü. "Dürrü yektanın" belə bir
taleyə layiq olmadığı gerçəkliyini də dərk
edirdi. "Baxın, bu Natəvan zarə, günü bəxtim
kimi qarə. Gəzər Məcnuntək avarə, mənim
naşad olan könlüm" deyərək taleyindən
şikayətlənirdi.
Sovetlər
dönəmində Xurşudbanu Natəvan azad qadın
obrazı olaraq ədəbiyyata gətirilir və tədqiq
edilirdi. Daha çox tanınmış fransız
yazıçısı Aleksandr Düma ilə üz-üzə
əyləşib şahmat oynamaq cəsarətində olan Azərbaycan
qadını kimi qələmə verilirdi. Bəli, sovetlər
dönəmində belə qadın obrazlarına ehtiyac var idi.
Bu anlamda Xurşudbanu Natəvan əsl tapıntı idi. Burada
söhbət təkcə üz-üzə oturmaqdan yox, xarici
dildə rahat danışıb, şahmat oyunundan xəbərdar
olan kübar bir qadın gerçəkliyindən gedir. Elə
Fransa kimi uzaq bir diyarda Ümmülbanunun da özünü
itirməməsinə səbəb təhsilli olması idi. Demək
ki, valideynin övladına verəcəyi ən gözəl
varidat elmdir.
Hacı
Zeynalabdin Tağıyev və digər milyonçular Bakı
üçün nə qədər önəmli idisə,
Xurşudbanu Natəvan da Qarabağ bölgəsi
üçün olduqca vacib şəxs idi. "Kaspi" qəzetinin
1911-ci il 146 nömrəli buraxılışında oxuyuruq:
"Qarabağla birlikdə Zaqafqaziyanın sənət sahibləri
onun (Xurşudbanu Natəvan) himayəsinə
sığınırdı".
Natəvan
mesenat idi. O, varını, malını döşəyinin altında
gizlədənlərdən deyildi. Qadına "zəifsən"
deyənlərin, mətbəxə kilidləyənlərin,
şəxsi fikirdən məhrum edənlərin, onu kişinin
əmlakı sayanların qarşısında cəsarətli
qadın möhtəşəmliyində
görünürdü, onlara meydan oxuyurdu. Yol çəkirdi,
körpülər salırdı, bulaq tikdirirdi, park
saldırırdı, su anbarı, hamam, buzxana tikdirirdi,
Şuşaya içməli su çəkdirirdi, məktəb
binasının tikilməsi üçün yardım
ayırırdı. Uzaq şəhərlərdə oxuyan azərbaycanlı
tələbələr üçün, yoxsul alim, şair və
sənətkarlar üçün əlindən gələni əsirgəmirdi.
Eyni zamanda ədəbiyyatın çiçəklənməsi
üçün də töhfələr verirdi. "Məclisi-üns"
adlı ədəbi məclisin düzənlənməsində
əmək sərf edirdi. Bu məclis təkcə şeirləşmə,
ixtilaf məclisi deyildi. Burada söz adamları tərcümələrlə,
klassiklərin əsərlərinin təhlili ilə məşğul
olurdular. Təsadüfi deyil ki, F.Köçərli Natəvan
yaradıcılığının coşqun
çağlarını, Qarabağda ədəbi məclislərin
fəaliyyət dövrünü "XIX əsr ədəbiyyatının
xoşbəxt zamanı" adlandırmışdı.
İctimai
həyatda uğura imza atanların şəxsi həyat axsamalarını
oxuduqda pərişan olmamaq mümkün deyil. Təsəvvür
edin, bir tərəfdən Natəvan xoşməramlı əməlləri
ilə enerji toplayıb ruhlanırdı, digər tərəfdən
isə iki izdivacdan dünyaya gələn
övladlarının əmlak bölgüsü uğrunda
davalarının şahidi olub tükənirdi. Və yaxud
ikinci dəfə ailə qurduqda nəslinin nümayəndələrinin
Xan qızının öz mərtəbəsindən yox, rəiyyətdən
birisi ilə ailə qurması qınağının
altında əzilirdi. Bu qınaq və dedi-qodu o qədər
davam edir ki, böyük oğlu ailəni tərk edib gedir.
Ardından isə o, azyaşlı oğlunu itirərək əbədi
olaraq qəm dəryasına mübtəla olur. Dərin
depressiyanın nəticəsində yaranmış can
ağrıları ilə əlləşməyə
başlayır. Tərəfindən yazılmış
saysız qəzəllər bu ağrını, övlad
itkisinin acısını ovundura bilmir. Xan qızı Natəvan
şam kimi günü-gündən əriyib yox olmağa
başlayır.
Bilmirəm,
Natəvanın taleyində baş verənlərin səbəbkarı
özüydümü, ya yox. Bunu psixoloqların "həyatına
nəyi çağırarsansa, o da gələr" məntiqinə
əsaslanaraq söyləyirəm. Hər halda, insanın bu
dünyada ən böyük işi səadətə yetmək,
xoşbəxtliyə nail olmaqdır. İnsan əzab çəkmək
üçün doğulmayıb, bu qətidir. Uydurulmuş əzab
ssenariləri isə utopiyadır. Sadəcə,
Şopenhauersayağı bir məntiq mövcuddur ki, bəzən
çox şey biz istəmədən cərəyan edir. Həyatın
özü kimi, kor-koranə və şüursuz. Qəribəsi
odur ki, bundan öncə Natəvanın məzarı yadelli
işğal nəticəsində nə qədər tənha
idisə, indi də Qarabağa nail olmağımıza
baxmayaraq onun sümükləri yadellilərin əlində
sızıldamaqdadır. Qəribə taledir. Bu yaxınlarda Azərbaycan
əsilli məşhur fransız fotoqrafı Rza Diqqəti
Ağdamda olarkən Natəvan məqbərəsində
törədilən erməni vandalizmi haqqında sosial şəbəkə
üzərindən paylaşım etməsi ilə goreşən
ermənilərin Ağdamda İmarət məzarlığını
xarabaya çevirməsi dəhşətini bizə
çatdırdı. Hələ bu azmış kimi, növbəti
xəbər ümumiyyətlə məntiqimizi,
ağlımızı alt-üst etdi. Xəbərdə deyildi
ki, goreşən ermənilər Xurşudbanu Natəvanın qəbrini
açıb sümüklərini götürüblər.
Bunu hansı düşüncə ilə, ya düşüncəsizliklə
etməsini qətiyyən anlamıram. Bu məsələ
heç bir əxlaqa, heç bir məntiqə
sığmır. Niyə belə olsun ki?.. İndi kimi
günahlandıraq, dövranımı, taleyimi? Bilmirəm.
Bildiyim odur ki, Xurşudbanu Natəvan indi də yeni bir tale gərdişinin
ölümdən sonrakı aqibətini yaşamaqdadır...
Yenə də "Yazılsa nöqtəbənöqtə,
deyilsə hərfbəhərf, Qurtarmaz həşrə qədər
hali-macərası gülün...".
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.- 2021.- 6
fevral.- S.23.