PƏNCƏRƏ
Hekayə
COVİD-19
pandemiyasının ilk günlərindən şagirdləri
onlayn dərslərə cəlb edərək onların təhsildən
kənar qalmaması üçün müstəsna xidmətləri
olan müəllimlərə ithaf edirəm.
Kiçik
ağ lövhəni avtobus
dayanacağındakı oturacağa söykədi,
ağzındakı maskanı çənəsinin altına
keçirib ilıq mart havasını ciyərlərinə
çəkdi. Avtobusda nəfəs almağa da qorxurdu, elə
indi də ciyərdolusu nəfəs almağı ürəyinə
xof saldı: "Bəlkə havada da var?".
Maskanı gözünün altına qədər
dartdı, metal hissəni burnunun qıraqlarına tərəf əydi.
Lövhəni götürüb dayanacaqdan yenicə
çıxmışdı ki, 5-ci sinif şagirdi Eldar
qarşısında dayandı. Uşağın qəfil
peyda olması onu səksəndirdi: "İlahi, bu uşaq
yerdən çıxdı, göydən düşdü?".
- Lalə
müəllimə, lövhəni verin mən aparım.
- Eybi yox,
özüm apararam - desə də, ürəyində
Eldarın gəlişinə sevindi.
Dayanacaqdan evə xeyli yol vardı və lövhəni
sürüyə-sürüyə aparmaq bir qədər
rahatsızlıq yaradacaqdı. Yol boyu
ötüb-keçənlərin qəribə nəzərlərlə
baxması, bu baxışların yaradacağı diskomfort da
öz yerində.
Eldar lövhəni müəllimənin əlindən
alıb cəld hərəkətlə başının
üzərinə qaldırdı, sağ əliylə bir tərəfindən
tutub sol əliylə burnunu sildi, sonra da hayxırıb
tüpürdü. Uşağın bu hərəkəti
gözündən yayınmadı. Əvvəllər
belə şeylərdən iyrənən deyildi. İndi isə Eldarın ara-sıra öskürməsi,
dilini altdan yuxarı qatlayıb burnunun suyunu yalaması Lalənin
ətini ürpəşdirdi. "Nə bəlaya
düşdük. Mən ki bu qədər
vasvası deyildim. Belə getsə, hamı
bir-birindən iyrənəcək. Amma yox,
deyirlər, uşaqlar yoluxmur, əşşi adi qripdir, onnan
deyil. Aaa nə danışırsan,
axşam televizorda dedilər ki, uşaqlar ən təhlükəli
daşıyıcılardı. Vallah,
yaxşı ki, məktəblər bağlandı". Eldarın ard-arda düzülmüş sualları
olmasaydı Lalənin öz-özüylə dialoqu bir xeyli
uzanacaqdı.
- Müəllimə,
məktəb gec açılacaq? Deyirlər, dərslər
televizorla bir də kompüterlə olacaq, doğrudur? Nənəm deyirdi ki, sentyabra kimi məktəb
olmayacaq, düzdür?
- Hə dərslər
online olacaq, bu lövhəni də ona görə
almışam. Məktəbin nə vaxt
açılacağını bilmirəm.
- Müəllimə,
axı bizim evdə kompüter yoxdur.
- Eybi yox,
telefonla daxil olarsan.
Qəsəbənin palçıqlı küçələrini
birtəhər arxada qoyub kirayə qaldığı evin
darvazasına çatdı. Eldara təşəkkür
edib həyət qapısını astaca araladı. Heç vaxt bağlı olmayan qapı
cırıldayan kimi həyətdəki kiçik otaqların
pəncərələrində pərdələr aralanır,
kirayənişinlərin baxışları gələn
adamı sonadək izləyirdi. Bu həyətin
qəribə pəncərə ünsiyyəti vardı.
Yığcam bir karvansaranı xatırladan həyətin
baş tərəfində kürsülü ev, sağ və
sol tərəflərdə isə kirayəçilər
üçün tikilmiş kiçik otaqlar pəncərə
gözləri ilə bir-birindən "hal-əhval tutur",
baxışlarıyla "söhbət edirdilər". Qəsəbə məktəbindəki vakant yeri
qazandığı gündən bu evdə qalırdı.
Ev sahibi Şəfi qaradinməzin,
adamayovuşmazın biriydi. Göz
götürüb heç bir kirayəçinin üzünə
baxmazdı. Kirayə pulunu gecikdirən
olanda arvadı Məleykə xalanın xidmətindən
ustalıqla istifadə edirdi. Məleykə
həyətdə bir səs-küy salırdı ki, gəl
görəsən. Şəfi kişinin bu
ağır təbiəti ilk vaxtlar Lalədə xoş təəssürat
yaratsa da, sonra xozeyinini daha dəqiq tanımağa
başladı. Həyətdəki kirayəçilərdən
öyrəndi ki, Şəfi sələmə pul verir, qəsəbədə
"Sələmçi Şəfi" kimi tanınır.
Hər səhər yaxınlıqdakı
çayxanaya gedir, orada müştərilərini gözləyirdi.
Bəzi müştərilər evə də gəlirdilər.
Həyətdə uzun-uzadı söhbətlər, and içənlərin,
"sənöl" vuranların, "mənölüm"
deyənlərın miskin görkəmi, Şəfinin qoltuq
cibindən bir qom pulu ehtiyatla çıxarıb
barmaqlarını yalayaraq sayması hər dəfə pəncərədən
baxan kirayəçilər üçün maraqlı bir
tamaşanın ən sevimli epizoduna çevrilirdi. Şəfi
pul sayanda barmaqlarının beşini də elə iştahla
yalayırdı ki, elə bil əlindəki pul deyil, içi bal ilə siləli, üzü qaysaqlı
arı şanıdır. Qonşuların
bir-birilə münasibəti də soyuq idi. Hamı səhər durub işə gedir, axşam
yorğun evə dönüb televizora baxırdı. Pəncərələrin ünsiyyəti
qonşulardan daha istiydi. Lalənin
otağının sağında ortayaşlı tənha bir
qadın yaşayırdı. Dövlət
idarələrindən birində işləyirdi. Şənbə-bazar
isə həyətdə paltar yuyur, səs salan uşaqlara təpinir,
valideynləri qınayırdı: "Mən dövlət
işində işləyirəm, axşam yorğun gəlirəm,
bütün günü sizin kimi yüz adamla çənə-boğaz
edirəm. Barı bu xarabada
uşaqlarınızı dizinizin dibinə çəkin, mənim
də qulağım dinc olsun. Bəxtəvər
başınıza, bütün günü həyətdə
oturub qeybət qırırsınız". Dövlət
idarəsində işlədiyini tez-tez xüsusi vurğuyla
dediyinə görə Lalə onu öz ürəyində
"İdarə xanım" adlandırırdı və
qadın qonşuların qarasına söylənəndə
"yenə İdarə xanım rəiyyəti cəzalandırır"
deyirdi. Darvaza tərəfdəki otaqda yaşayan
gənc ailənin başçısı hansısa restoranda
xidmətçi işləyirdi, qadın isə çox
fağır bir kənd qızıydı. "İdarə
xanım" həyətə çıxıb küfr və
qarğışlarını yağdıranda uşaqların
yumşaq yerinə döyə-döyə onları otağa
salır, qapını arxadan bağlayırdı ki, səsi
eşitməsin. Lalənin ancaq həyətdəki
tələbə qızlarla sözü tuturdu.
***
Lövhəni kətilin üstünə qoyub divara
söykəmişdi, yazı masasını düz lövhənin
qarşısına çəkmişdi ki, yazılar noutbukun
kamerasına aydın düşə bilsin. İşi yalnız öz dərslərini
keçmək olsa nə vardı ki... Şagirdlərin
və müəllimlərin də "Virtual məktəb"lə
bağlı çətinliklərini o həll edirdi. Telefonu susmurdu. Uşaqların, müəllimlərin
sualları, valideynlərin yerli-yersiz müdaxilələri və
daha nələr, nələr... Bir də görürdü ki,
dərsin ortasında şagirdlərdən birinin atası əyilib
monitordan ona baxır, yaxud nənə uşağın əlindən
telefonu alıb dişinin dibindən çıxanı,
ağzına gələni, gözünə görünəni
mikrofona qışqırır: "Niyə dərsi birinci
Aynurdan soruşursan? O mənim nəvəmdən
artıqdır?". Yaxud da gənc bir
evdar xanım geyinib-kecinib, üz-gözünü də bəzəyib
dayanır monitorun o üzündə və gül
ağzını açır: "Eldara asan sual verirsən,
cavab verəndə də tərifləyirsən, bəs mənim
uşağıma niyə çətin sual verirsən? Ona verdiyin sualın cavabını bu da bilirdi".
Di gəl bunlarla öyc elə, yola get. Hələ dərsdən
sonra votsapa yazılanlar, qruplarda valideynlərin bir-birini
qırması...
Bir də təriqətçilərin təsirinə
düşmüş gənc müəllimin mesajları. Dərsi yenicə
bitirmişdi ki, mesaj gəldi. O idi. Söhbətə
giriş vermək üçün hansısa ayətullahdan
sitat gətirmişdi. Əslində, pis
oğlan deyildi. Gözlərində də
məhrəm hisslər sezilirdi. Bəlkə
də sevirdi, ancaq sevgisini etiraf etmək üçün
uzun-uzadı, "hikmətli" müqəddiməni başa
çatdıra bilmirdi. Lalə də ona
biganə deyildi. Onun haqqında
düşünürdü də. Bəzən
düşüncələrində onu Şərqin,
özünü isə Qərbin tipikləşmiş
obrazları kimi görürdü və bu uçurumun
arasında körpü salmağın müşkülə
çevrilməsi ümidsizlik yaradırdı.
Düşünürdü ki, Şərq batini öyrənir,
mənəvi aləmin sehrinə düşür, bütün
varlığı ilə içdən qopur və birbaşa
göylərə uçur, dəryalara dalır, bəzən
yüksək səmalarda qanad çalır, bəzən də
dərin qatlarda üzür və bu düşüncənin gərdiş
etdiyi məqamdan yer, məkan görünmür. Beləliklə, Şərq düşüncəsi
elə Şərqin özünün də yerləşdiyi
dünyadan uzaqlaşır. Qərb isə
reallığı dərk edir, bütün elmləri materiyada
axtarır, əşyanın üzərində tapır, beləliklə,
dərk etdiyini sübut edə bilir, öyrəndiyini öyrədə
bilir, tətbiq edə bilir, inandıra bilir. Elə virusu da Şərq ideologiyada, Qərb isə
laboratoriyada hazırlayır. Hərdən
ona elə gəlirdi ki, bu oğlan nə vaxtsa dərviş
olub guşənişinliyə çəkiləcək,
reallıqdan tamamilə uzaqlaşacaq. Bəzən
də düşünürdü ki, onu bu yoldan döndərmək,
uçurumun qırağından geri qaytarmaq üçün
sevgi yetərlidir. Bu gün isə tamamilə
başqa qərar verməyə məcbur oldu. Onun mesajları, zəngləri Lalənin fikrini dərslərə,
şagirdlərə cəmləməsinə mane olurdu.
Gözlərini telefona zilləyib bir qədər
düşündü, gicgahlarını ovuşdurdu, sonra isə...
Artıq gənc müəllimin nömrəsi
qara siyahıda idi, bloka atılmışdı.
Bir də qəriblik, kəndin, bacı-qardaşın,
ata-ananın həsrəti. Hər gün telefon əlaqəsi,
görüntülü zənglər bu həsrətin
yanğısına su çiləyə bilmirdi.
***
Pandemiya kiçik həyətin insanlarını
yaxınlaşdırmağa başlamışdı. Bu vaxta qədər olan
soyuqluq əriyir, kirayəçilər, ev
sahibləri bir-birini daha yaxından tanıyırdı. Hər gün televizor sosial məsafə deyib
qışqırsa da burada mənəvi məsafələr
daralırdı. Heç kim darvazadan
bayıra çıxmır, SMS icazə alıb şəhərə
gedənlər yeni və xoş olmayan xəbərlərlə
qayıdır, ölkəni gəzən bütün şayiələr,
söz-söhbətlər bu həyətə də öz incə
qədəmlərini qoyurdu. Şəhərlərə,
rayonlara giriş-çıxış
bağlanıldığından tələbə qızlar evə
gedə bilməmişdilər, üzlərində
narahatlıq, həyəcan vardı. Gənc
ailənin halı uşaqların üzündəki kədərdən
məlum idi. Atanın işlədiyi
restoran bağlanmışdı. Tez-tez həyətə
çıxıb siqaret çəkir, siqaretin
kötüyünü dişiylə sıxır, çeynəyirdi.
Elə bil hər şeyin intiqamını
tütünlə dolu kağız bükümündən
almaq istəyirdi. Sonra da siqareti divara
basıb yarımçıq söndürür, qalan hissəsini
yenidən qutuya qoyurdu. "İdarə
xanım" hamıyla küsülü olduğundan həyətə
yığışıb söhbət edən qonşulara
yaxınlaşa bilmir, kənardan həsədlə baxır, bəlkə
də içində özünü qınayırdı.
Gərgin rejimdə çalışan isə bir Lalə idi,
bir də ev yiyəsi Şəfi, Sələmçi
Şəfi... Ayrı vaxt ağır oturub batman
gələn Şəfinin hərəkətlərində bir tələskənlik,
səbirsizlik görünürdü. Hər gün
getdiyi çayxana işləmədiyindən bütün
müştəriləri həyətdə qəbul edir,
saatlarla səsini başına atıb telefonla
danışır, "pulun üstünü gətir",
"pulun altını qaytar" kimi qəribə sözlər
deyir, gah da "devalvasiya olacaq" deyə öz-özünə
gileylənirdi. Şəfi həm də
pandemiyaya inanmayanlar qrupuna aid idi. İnananlara
gülür ələ salırdı. Deyirdi
ki, o yaşmağı mən ağzıma yaxın gətirmərəm,
südəmər buzov deyiləm ki, maa buruntax verələr.
Hər gün SMS icazə götürür,
arvadı Məleykəni də yanına alıb harasa gedirdi.
Lalə bir dəfə istəmədən ərlə
arvadın söhbətinə qulaq müsafiri olmuşdu və
anlamışdı ki, onlar hər gün banka
gedib manatı dollara dəyişirlər. Bir dəfə də
pəncərədən gördü ki, restoranda xidmətçi
işləyən qonşu Şəfiyə yalvarır ki, ona
da faizlə pul versin. Şəfi də "bir qəpiyim
də yoxdur deyib" and-aman edir. Lalə
bütün bunları yaşadığı, işlədiyi
kiçik otağın pəncərəsindən
görürdü. Bir gün yenə elə
həmin pəncərədən gördü ki, Şəfi
telefonla danışır, ancaq sürəkli öskürək
danışmasına imkan vermir, nəfəsi kəsilir,
sözləri boğazına tıxanır.
***
Gecənin bir aləmi həyətdən gələn səsə
oyandı, otağının divarlarında mavi,
qırmızı, sarı işıqların fırlandığını
görüb qorxdu, gözlərini ovuşdurub pəncərəyə
baxdı, yatağından qalxıb pərdəni araladı. Otaqda rəqs
edən işıqlar həyətdəki Təcili yardım
maşınından düşürdü. Ağ sellofandan kombinezon geyinmiş, qoruyucu eynək
taxmış, tibb işçilərinin görkəmi gecənin
tənhalığında, maşının oynaq
işıqlarında dəhşətli bir vahimə
saçırdı. Elə bil başqa
planetdən gəlmişdilər, Şəfini
aparırdılar. Ona elə gəldi ki, həyətdəki
maşın deyil, yadplanetlilərin hava gəmisidir. Şəfinin uzandığı xərəyi hava gəmisinin
arxa qapısından içəri qoydular, Məleykə isə
yan qapıdan uçan boşqaba mindi. Maşın
həyətdən çıxıb küçədə
dayandı, sürücü düşüb darvazanı
bağladı və işıqlar da, səslər də bir
anda yox oldu. Həyətin sükuta
bürünmüş qaranlığı Laləni elə bil
yuxudan ikinci dəfə oyatdı, sanki yenidən anladı ki, gələnlər
yadplanetlilər deyil, tibb işçiləridir və Şəfi
ilə Məleykəni aparan uçan boşqab deyil,
ambulansdır. Elə o məqamdaca
ağlına ilk gələn fikir bu oldu ki, Şəfi virusa
puldan yoluxdu.
Ertəsi gün pəncərələr də bir-birinə
şübhəylə baxırdı. Günahkar adamlar kimi
göz-gözə gəlmək istəmirdilər,
baxışlarını yayındırırdılar. Pərdələr göz qapağı kimi
enib-qalxır, şüşə bəbəklər utancaq
baxışlarını yerə dikirdi.
Tələbə qızlar ağır zənbillərini
sürüyə-sürüyə heç kimlə xudahafizləşmədən
həyəti tərk etdilər. Gənc ailə də
gözə dəymirdi, yəqin, rayona getmişdilər.
İki gün sonra ambulans yenə gəldi, "İdarə
xanım"ın qoluna girib maşına əyləşdirdilər. Tibb
bacısı Lalədən də yaxma götürdü, cavab
gələnə qədər evdən
çıxmamağı tapşırdı.
***
Həyətdə sükut mələyirdi. Lalənin pəncərəsindən nigaranlıq asılmışdı, elə ürəyindən də... Tibb bacısının tapşırığına əməl edirdi, evdən çıxmırdı. Başqa ərzaqları olsa da çörək yox idi. Əvvəl istədi qonşuluqda yaşayan Eldarı çağırıb çörəyə göndərsin, sonra düşündü ki, birdən özü xəstə olar uşağı da yoluxdurar. Səhərlər peçenye ilə çay içir, nahar və şam yeməkllərini makaronla, vermişellə yola verirdi.
Dərslər isə davam edirdi. Tarıma çəkilmiş əsəblərini uşaqlardan gizlətməyə çalışsa da alınmırdı. Gözü telefonda qalmışdı, analizin cavabını gözləyirdi.
Dərsin şirin yerində pəncərədən süzülən günəş şüaları masanın üzərindəki telefonun ekranında oynadı. Mesaj: "Hörmətli LALƏ BƏXTİYAROVA. Sizin 17.03.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz analizin nəticəsi NEQATİVDİR, virus aşkar edilmədi".
22.12.2020
Elşən ƏZİM
Ədəbiyyat qəzeti.- 2021.- 6 fevral.- S.24-25.