Dil və
yabançılaşma
"Dil - millət deməkdir"
İohann Gottlieb Fiçte
Bir neçə il əvvəl, Mir
Mövsüm Ağanın İçərişəhərdəki
evinin qarşısındakı skamyada istirahət edirdim. Yan tərəfdə
iki xanım əyləşib söhbət edirdilər. Bir anda
evin qarşısında oynayan iki uşaq bir-birilə rus dilində
mübahisəyə başladılar. Müzakirə
alovlandıqda həmin xanımlar onlara müdaxilə etdilər.
Bundan əvvəl aralarında Azərbaycan türkcəsində
danışırdılar. Uşaqlarla rus dilində
danışmağa başladılar. Onları diqqətlə
izləyirdim. Uşaqlardan biri yanıma gəldi. Mən
gülümsəyərək "salam" dedim, o da
güldü və "salam" dedi. Bir az söhbət etdikdən
sonra ana dilinin çox zəif olduğunu başa
düşdüm. Ona verdiyim sualların çoxunu başa
düşmədi. Nəhayət, anası "oğlan rus məktəbinə
gedir və Azərbaycan dilini yaxşı bilmir", - dedi.
- Siz azərbaycanlısınız?
- deyə soruşdum.
- Bəli,
biz azərbaycanlıyıq, - dedi.
Baxışlarımdan
və istehzalı təbəssümümdən oğlu ilə
rusca danışmasından razı qalmadığımı
anlayan qadın əsəbiləşdi. Mənə bir müəllim
kimi mədəniyyət, ədəb-ərkan, rus dilinin əhəmiyyəti,
Tolstoy, Dostoyevski, Moskva haqqında dərs deməyə
başladı. Dediklərinə o qədər inanırdı
ki, nə dəsəm, faydasız olacaqdı. O anda arxa divara
qonmuş quşları göstərdim.
"İndi
bu quşlar qəfildən pişiklər kimi miyovlamağa
başlasalar, nə edərdiniz?".
Qadın
təəccübləndi. "Niyə təəccübləndiniz?",
- deyə soruşdum və davam etdim:
-
"İstər Tanrı deyin, istərsə də təbiət
yaradan hər varlığa fərqli bir danışıq,
çağrı, işarə üslubu vermiş. Daha
uşaqlıqdan insanların dili, damağı, burun dəlikləri
və dişləri danışacaqları dilə görə
şəkilləndirilir. Ancaq təsəvvür edin ki, itlər
"bu pişiklər çox təmizdir, biz onlara
oxşamalıyıq və miyoldayacağıq", quşlar,
"insanları qorxutmaq üçün hürməliyik,"
desələr, necə olardı?
Ruslar, əlbəttə
ki, Tolstoy, Dostoyevski ilə qürur duyacaqlar. Ancaq o dildə
danışsanız da, Tolstoy heç vaxt sizin olmayacaq".
Bizim
taleyimizdə, nədənsə, həmişə
yabancılaşma və yadlara qarşı heyranlıq var. 1300
il əvvəl ucaldılmış Orxon abidələrində
belə, türklərin necə qısa müddətdə
yadlaşması barədə yazılar
yazılmışdı. Bu əsrin əvvəllərində
yaşayan və Azərbaycan ədəbiyyatında,
sivilizasiyasında böyük izlər qoyan Zeynalabdin
Tağıyev, Cəlil Məmmədquluzadə,
Topçubaşov, Ceyhun Hacıbəyli kimi dəyərli
şəxsiyyətlərin nəvələri, nəticələri
tamamilə yadlaşdı, dilini, mədəniyyətini unudaraq
yad adlar aldılar. Ümmülbanu Banin "Qafqaz günləri"
kitabında o dövrdə yaşayanların öz dillərinə
və dinlərinə necə nifrət etdiklərini çox
açıq bir şəkildə izah edirdi. Ancaq Banin Parisdə
yaşadığı zaman məşhur rus
yazıçısı İvan Bunin Fransada yaşayan öz
xalqının əlindən tutmağa
çalışır, rus dili və mədəniyyəti
uğrunda mübarizə aparırdı. Hətta Parisdə
taksi sürən ruslar, rus dilində bir qəzet də
buraxırdılar.
İspaniyada
anadan olub orada böyümüş və indi 39 yaşında
olan Romanovlar nəslindən Böyük Dyuk Georgi Romanov,
doğma Rusiyada doğulmasa da, ana dili rus dilini
unutmamışdı.
Ana dilinin
insan şəxsiyyəti üzərindəki əhəmiyyətini
araşdıran alman alimi Fiçte, Almaniyada bir toxucunun səkkiz
övladından biri idi. Əvvəlcə ilahiyyatı öyrənməyə
başladı. Bir müddət sonra Leypsiqə getdi. Leypsiq o
dövrdə Almaniyanın ən önəmli mədəniyyət
mərkəzlərindən biri idi. Orada filosof İmmanuel Kantla
tanış oldu. Bu tanışlıq onun həyatında
dönüş nöqtəsi oldu. Üzərində uzun
müddət işlədiyi "mən" fenomenini Kantdan
öyrənmişdi. O, fəlsəfə üzərində
işləyərkən, "Dil"in insan beynini və
dünyagörüşünü necə
formalaşdırdığını gördü və
"Alman Millətinə Müraciət" adlı əsərində
"fəlsəfənin dili almanca və dolayısıyla fəlsəfənin
vətəni Almaniya" olduğunu iddia etdi. Ona görə
dil və dili əhatə edən bütün ifadələr
bir millətin təsvirindən başqa bir şey deyildi.
Əlbəttə
ki, almanlar Fiçtedən əvvəl dilin milləti
formalaşdırdığını və müstəmləkəçiliyin
dilin tənəzzülü və məhvi olmadan heç vaxt
həyata keçməyəcəyini bilirdilər. Bu səbəbdən
özünü Müqəddəs Roma İmperatoru kimi görən
Habsburq kralı I Ferdinand 1620-ci ildə Belaqoradda çexləri
məğlub etdikdə, ilk işi onların dilini qadağan
etmək və bu dildəki bütün kitabları
yandırmaq oldu. Çexlər kiçik bir xalqdı.
Dobrovski, Kollar və Yunqmann kimi aydınları
yazdıqları alman dilini tərk edərək müstəmləkəçiyə
ən böyük silləni vurdular. Bütün
kitablarını Çex dilində yazmağa başladılar
və millətlərini diriltdilər.
Günümüzün
ən varlı və firavan ölkələrindən biri olaraq
göstərilən Finlandiya 1800-cü illərdə Rusiya ilə
İsveç arasında daima əl dəyişirdi. Təhsil,
dil və mədəniyyət demək olar ki,
sıfırlandı. İnsanlar rus, İsveç dillərində
danışırdılar və müstəmləkə
ölkəsinin insanları kimi olmağa
çalışırdılar. Fin milləti nəsli kəsilməklə
üzləşmişdi. Ta Urallardan gətirdikləri və
türkcəyə bənzəyən fin dili gün
keçdikcə daha da zəifləyirdi. Almanlar adı su
ölkəsi olan Suamiyi bataqlıq yeri olan "Finlandiya"
olaraq adlandırdılar. Ancaq finlərin bəxti gətirdi.
Yox olmaq ərəfəsində Snellman adlı bir qəhrəmanı
çıxartdılar.
Snellman
İsveçdə anadan olmuşdu. Stokholmda fəlsəfə
öyrənmişdi. İsveç və Almaniya universitetlərində
dərs demişdi.
O, ani bir
qərarla 1855-ci ildə Helsinkiyə qayıtdı. Məhv
olan fin dili və mədəniyyəti az qala onu köməyə
dəvət etmişdi. Bir işçi kimi, insanları maarifləndirməyə
və kilsədə, baraklarda və sahələrdə fin mədəniyyətini
və dilini izah edərək Finlandiyanı canlandırmağa
çalışdı. Bu təhsil səfərbərliyi ilə
fin xalqını diriltdi.
Rus
yazıçısı Qriqori Petrov, Finlandiyanı istismar edən
Rusiyaya məxsus bir yazıçı olsa da, bu qəhrəmanı
epos kimi tanıdan bir kitab yazdı. Kitab "Ağ Zanbaqlar
Ölkəsində" adlanırdı. Kitab anında
bütün dünyada tanındı və sevildi. Kitab, mədəniyyəti
və dili təhlükə altında olan, bədbin
bütün millətlərə günəş
işığı kimi görünürdü. Kitabı
oxuyanlar yenidən ayağa qalxmaq üçün cəsarət
tapdılar və hər biri Snellman olmağa
çalışdılar.
"Ağ
Zanbaqlar Ölkəsi" kitabını bolqar əsilli pedaqoq
Əli Heydər Taner 1928-ci ildə türk dilinə tərcümə
etdi. Atatürkün əmri ilə kitab 1930-cu ildə latın
əlifbası ilə yenidən çap olundu. Kitab o qədər
diqqəti cəlb etdi ki, 1936-cı ildə Təhsil Nazirliyi
kitabın nəşrini öz üzərinə
götürdü və bütün məktəblərə
pulsuz payladı. Hətta hərbi məktəblərdə də
tədris olundu.
İohan
Vilhelm Snellman bu kitabda fin gəncliyinə müraciət edərək
deyirdi:
"Ey
fin gənci! Sənin vəzifən topu yüksəkdən
vurmaq deyil, Finlandiya millətinin ləyaqətini yüksəltməkdir".
Finlandiya
gəncləri bu qəhrəman təlimçinin tövsiyələrini
dinlədilər və fin dilini dünya dillərindən birinə
çevirərək Finlandiyanın ləyaqətini yüksəltdilər.
Fin dili Arto Tapio Paasilinna, Frans Emil Sillanpyaya (1939-cu ildə
Ədəbiyyat üzrə Nobel Mükafatı almış),
Mika Valtari kimi böyük yazıçılar yetişdirdi.
Azərbaycan
170 illik müstəmləkə dövrü ərzində
kifayət qədər qurbanlar verdi. Ən önəmli
ziyalılarını öldürdülər. Ana dilində
danışanları təhqir etdilər və cahil kimi qələmə
verdilər. Əslində, 1940-cı illərdən sonra tədricən
ədəbi dillərini də dəyişdirdilər.
Bütün bu ağrı və təzyiqlərə tab gətirən
Azərbaycan Cavid və Üzeyir Hacıbəyli kimi şəxsiyyətlər
yetişdirdi. Gün gələcək Azərbaycan finlərin
Snellmanı kimi bir şəxsiyyət də yetişdirəcək
və xalqının uşaqlarına ana dilində
danışmağın şəxsiyyət, kimlik, qürur,
millət olmaq olduğunu öyrədəcəkdir.
Orxan ARAS
Ədəbiyyat qəzeti.- 2021.- 6
fevral.- S.25.