Bodlerin mövqeyi
Pol VALERİ
(İxtisarla)
Bodler şöhrətin
zirvəsində qərar
tutub. Bilicilərin, poeziya xiridarlarının
fikirləri də bunu təsdiq edir. Hesablasan 300 səhifəyə sığa bilən "Şər çiçəkləri"
toplusu özünün
poetik genişliyi, məna dərinliyi baxımından Fransa ədəbiyyatı tarixində
misilsiz və qeyri-adi hadisədir. Demək olar ki, kitab
bütün Avropa xalqlarının dilinə
tərcümə olunmuşdur.
Fransa poeziyası,
belə demək mümkünsə, xaricdə
bir o qədər də məşhur deyil. Biz əsasən nəsrimizin möhtəşəmliyi
ilə qəbul olunuruq. Bu,
XVII əsrdə dilimizdə
dominantlıq edən poetik sərtilik, fikrin xəsis və çətin ifadə formaları, özünəməxsus
ləhcə manerası,
vurğulu və vurğusuz, uzun və qısa hecaların tələffüz
üsulu, digər xalqlara yad olan
məntiqi məna yozumları Fransa poeziyasının sərhədləri
aşmaq imkanını
xeyli məhdudlaşdırmışdı.
Xaricilər üçün Lafonten poeziyası yekrəng, sönük və maraqsız görünürdü. Poetik olsa
da Rasinin dolaşıq dili onlar üçün anlaşıqlı deyildi.
Onun poeziyasında harmoniya həddindən çox incədir, şəffafdır.
Bu üzdən fransız dilinin intim intonasiyası barədə biliyi olmayan yad oxucuda
şairin işlətdiyi
gözqamaşdırıcı ifadə formaları onlarda şüarçılıq
əhval-ruhiyyəsi yaradırdı.
Hətta Viktor Hüqo
xaricdə yalnız romanları ilə tanınıb...
Nəhayət, Fransa poeziyası Bodlerlə sərhədləri
aşa bildi. Dünyanı onu oxumağa vadar etdi. Müasir Fransa poeziyasını yeni keyfiyyətdə təqdim etdi, çoxsaylı fikir adamlarının nəzərini
özünə tərəf
çevirə bildi, milyonlarla oxucunun qəlbini fəth etdi, incə tellərinə əl gəzdirdi, sarı simlərini titrətdi.
Suinberin, Qabriel D.Annuntsio, Stefan Qeorqenin
təhlili yazıları
Bodler poeziyasının
xarici oxucular tərəfindən necə
qəbul edildiyinə bariz nümunədir. Bu mənə imkan
verir deyim ki, indi bizim
poeziyamız da Bodler adlı şairin simasında xaricdə çoxdan gözlənilən əhəmiyyətli
yerini tuta bildi.
Bu qeyri-adi fərqlilik
nəyə əsaslanır? Necə oldu
ki, Bodler orta səviyyədən də uzaq olan
poetik mühitdən sıyrılıb çıxdı
və geniş poetik zirvədə qərar tuta bildi?
Nəhayətsiz dünya poeziyası
ənginliyində ulduz
kimi parlamaq və qəbul edilmək təkcə şairin mənəvi dünyasının zənginliyinə,
qeyri-adi poetik rənglərinə söykənmir,
burada əsas amil tənqidi təfəkkürlə poetik
düşüncənin təbii
nikahından doğulan
ruhun harmoniyasıdır.
Bu, Bodlerin poetik
kəşfidir. Fransa poeziyası
məhz tənqidi təfəkkürlə poetik
düşüncənin ruhi
kəbinini kəsən
Bodler dünyasına borcludur. Keyfiyyətcə
onunla müqayisə etmək xatirinə azsaylı nümunələr
arasından Qotyenin intellektual poeziyasını,
Parnasın söz ustalığını, Edqar
Ponun spiralvari şeir yaradıcılığını,
Demonun təsiredici poetik lövhələrini
göstərmək olar...
Bodlerin mənəvi dünyasının zənginliyindən danışmasam, demək olar ki, mən bu yazıda heç nə deməmişəm. Şair müdrik yaşına yaxınlaşanda Fransa romantizmi özünün apogeyində xumarlanırdı. Şöhrətli nəslin nümayəndələri Lomartin, Hüqo, Myusse, Vinyi ədəbiyyat səltənətinin əsl sahibi idilər. İndi özümüzü həmin dövrdə, 1840-cı illərdə əlinə yenicə qələm alan Bodlerin yerinə qoymağa çalışaq. Onun ədəbi dünyası, tənqidi təfəkkürü uzun sürən durğunluğa qarşı çıxaraq, birinin daşlaşmış nüfuz dairəsinin hündür sədlərini dağıtmağa, ikincinin məşhurluq toxunulmazlığının mahiyyətini açmağa, digərlərinin hisslər aləminin dumanını seyrəltməyə çağırırdı. Lakin bu elə bir dövr idi ki, nözənbillah, Allaha qarşı çıxmaq kimi qiymətləndirilə bilərdi, onların fanatları səni "küfr" fikirlərinə görə daşqalaq etməkdən belə çəkinməzdilər. Bodlerin problemləri təkcə dünya şöhrətli yazarlarla deyil, həm də mövcud zamanla bağlı idi. Bunun üçün strategiya müəyyənləşməli, taktiki variantlar işlənməli idi. Odur ki, ilk olaraq nə qədər çətin olsa da, onların sıralarında dayanıb mühitin özü ilə savaşa çıxmalı idi. Necə olursa-olsun, "böyük şair olmalı, lakin nə Lomartin, nə Hüqo, nə də Myusse olmalı".
Deyə bilmərəm ki, o düşünüb-daşınmadan bu qərara gəlib, lakin Bodler üçün belə bir qərar qaçılmazdı, bu "bodlervari qərar" idi. "Şər çiçəkləri" kitabına yazdığı ön sözdə Bodler belə yazır: "Məşhur şairlər öz aralarında poetik səltənətdə olan çiçəklənən əyalətləri çoxdan bölüşüblər. Buna görə mən başqa yol tapmalıyam...".
Nəticədə o özünün ruhi vəziyyətini və yaradıcı potensialını mövcud olan sistemə, daha doğrusu, sistemsizliyə - romantizmə qarşı qoymağa məcbur idi.
Ümumi məfkurədə naturalizm romantizmi inkar edirdi və bu səbəbdən də Parnas bu fikrə qarşı çıxaraq yeni cəbhə açmaq qərarına gəldi. Bu səbəbdən Bodler öz istiqamətini tam müəyyənləşdirməli və onu əsaslandırmalı idi. Bu onunla şərtlənirdi ki, fikir azadlığının özü təkmilləşməlidir. Şəxsin daxili azadlığı heç də ictimai fikrə qarşı çıxmalı deyildi. İctimai təkmilləşmə mistik nəzəriyyədən keçməlidir, çünki "sənət -sənət üçündür". O, bəzən insanı özünə qarşı çıxmağa səfərbər etməli, onu substantivləşdirməli, yəni isimləşdirməli, müşahidəyə ruhlandırmalı, predmetin rəngini deyil, onun özünü, mahiyyətini açmalıdır. Romantiklərin ədəbiyyata gətirdikləri ənənə insanlara deyil, Yerlə əlaqəsi olmayan mistik qüvvələrə xidmət edir. Bəlkə də, onlar xidmət etdikləri cərəyanın mahiyyətindən xəbərsizdir. Bütövlükdə, onların proqramları və yaradıcı ənənələrinin ardıcılları üçün nə vaxtsa gələcəkdə təhlil və tənqid obyektinə çevriləcəkdir. Şübhə yoxdur ki, onlar da tərəddüd erasına qədəm qoyub, romantizmin qüsurlarını anlayacaq, Qotyenin nümunəsində "Bodler gəncliyi"ni yaşayacaqlar. Artıq Flober, Sent-Byova, Lekont de Lilya romantiklərin formaya, dilin təmizliyinə məhəl qoymadıqlarının fərqindədirlər. "Parnastçılar" və realistlər intellektual düşüncə, texniki keyfiyyət baxımından yeni hərəkat haqqında düşüncələr formalaşdırmaqdadır.
Romantizmin müxtəlif "məktəblər" tərəfindən qeyri-iradi əvəzlənməsi, şüurlu yaradıcılıqla mistik düşüncənin qarşıdurması və müqavimət erası hələ ki davam etməkdədir. Bodlerdə həyata vurğunluq, araşdırmaq həvəsi sonsuz idi. O, romantizmin zəif və zərərli cəhətlərini üzə çıxarmağı, onun görkəmli nümayəndələrinin əsərlərinin nöqsanlı cəhətlərini dəlillərlə göstərməyi bacarırdı. Bodler Viktor Hüqonun əsərlərini təhlil edərkən deyirdi ki, özünü islah etmək onun üçün çox da çətin olmayacaq, çünki Hüqo Lamartini geridə qoya bildi. Onun söz dairəsi genişdir, ritmi çoxçalarlıdır, lakin əsərlərindəki qəhrəmanların mənəvi aləmi romantizmin çərçivəsini sındırarsa, Allahla mübahisə etməkdən çəkinərsə, sadəlövh fəlsəfəçilikdən və yorucu boşboğazlıqdan xilas olarsa, poetik obraza asanlıqla çevrilə bilər. Böyük yazıçı bunun öhdəsindən asanlıqla gələ bilər, çünki o, tükənməz həyati gücə malikdir.
Burada qeyd etmək lazımdır ki, Bodler "Şər çiçəkləri"ni yazandan iki il sonra Hüqonun "Əsrin əfsanəsi" əsəri çap edildi. O zaman Bodlerin bundan xəbəri yox idi.
Baxmayaraq ki,
Bodler mənşə etibarilə, zövq baxımdan
romantik
olsa da zamanəsinin
canlı klassikinə çevrildi. Klassik nə deməkdir? Klassiki
müəyyən etməyin müxtəlif üsulları var. Hazırda biz belə qəbul
edirik: klassik - tənqidi
və intim hisslərini ümumiləşdirib
öz işinə tətbiq edən
yazıçı. Bualo və Rasine kimi. Ona
görə ki, hər cür
klassisizm XVI əsrin
yazıçılarından, eləcə də XIV Lüdovik epoxasının sənətkarlardan öz mənşəyini götürür.
Klassisizmin mahiyyəti bundan
ibarətdir - zaman və məktəb. Primitiv xaosu qaydaya salan yol.
Klassisizm - ifadə vasitələrinin
düşüncəli formada təmizlənib
təqdim edilməsidir. Klassisizm şərtilikdən
uzaq olan sözün təmizliyi və yeni
estetik formasıdır... Nəhayət, klassik - yeni ədəbi
janrın davamçılarını yetişdirən
yazıçıdır.
Mən bir daha özümə sual verirəm. Bodler poeziyası kimə minnətdardır? Əlbəttə ki, Edqar Poya. Bəs, müasir Fransa
poeziyası - Bodlerə.
Onun intellektual nəzəri konsepsiyasına, hansı ki bu gün
də dünya ədəbi tənqidin və ədəbiyyatşünaslığın
istiqamətləndirilməsində öz rolunu saxlamaqdadır.
Tərcümə etdi: Zakir Abbas
Ədəbiyyat qəzeti.- 2021.- 6 fevral.- S.26.