Formanın müqəddəs
sirri
Məna - sual deməkdir
Musa Yaqubun Xaqaniyə həsr etdiyi poema və şeirlər
onun şair naturası haqqında bəzi mülahizələri
söyləmək mənasında, zənnimizcə, çox
önəmlidir. Şairin digər mətnləri, təbiət
və sevgi şeirləri ilə müqayisədə bu silsilə
onun başqa məziyyətlərini ortaya qoyur və bu barədə
danışmaq, əslində, onun ədəbiyyata gəlişinin
mənası haqqında düşüncələrə də
yol açır. Şairin məşhur
"Bu dünyanın qara daşı göyərməz"
şeiri və "Xaqaniyə salamlar" mətni bu
yaradıcılıq aləmində bir xətti tam şəkildə
aydınlaşdırır.
Şeir
necə başlayır, diqqət edin:
Babadağdan
gələn çaylar,
Əl-ayağın soyuqdumu?
Belə
aşıb-daşmaqların
Tanrıdan bir buyruqdumu?
Bu
misralardan da göründüyü kimi, şeirdə qəribə,
ilk baxışdan asan oxunan, ancaq tutulması diqqət tələb
edən, silsilənin digər mətnlərinə
"addımlayan" mənalar "burulğanı"
mövcuddur. Babadağdan gələn çayların əl-ayağının
soyuqluğu zamanla, yəni mətn oxunduqca bir neçə məna
cərgəsində açılır, bu mənalar əyaniləşib
arda-arda düzüldükcə çay/dəyirman/dəyirman
daşı/ayağa bağlanmış kündə və sair
detallar sanki hər bir bəndə astaca toxunaraq gedir, bir mənanı
çeşidləndirir, ayırır, birləşdirir və
ümumiyyətlə bütün deyilənləri
"görünməz etmək" üçün
(formanın dediklərinə dala bilmək niyyəti ilə-!)
onları min-min sualın içindən keçirir; beləcə
sualların içindən çay kimi axıb keçən
mənalar bizim öz içimizlə gerçək
dünyanın durumunu tutuşdurur və beləcə Xaqanidən
"yayınan" nəsnələr Xaqanini ən bitkin şəkildə
təqdim edir.
Yuxarıda deyildiyi kimi, bu silsilə ard-arda suallar
yaradır və onlara cavab vermək bizim dünya və
gerçəklik haqqında təsəvvürlərimizin
sınırlarını genişləndirir, hər halda bu
sualların doğması ilk öncə bu zərurətlə
sıx şəkildə bağlıdır. Həm də bu şəkildə:
şeirdə şair nəyi, yaxud nələrisə sənin
üçün adi tonda "təsdiqləyir" və
bundan dərhal sonra, həm də bitib-tükənməzlik
effekti doğuran sualların axını başlayır. O
gülyanaq bənddir bir xoş baxışa// Körpə
budaq əl açıbdı yağışa // Min baharın
hərarəti yığışa // Bu dünyanın qara
daşı göyərməz. Təsdiqdə
deyilən/yazılan misranın sual doğurması məhz
poeziyaya xasdır və bu onun ana dilindən fərqli olan
öz dilidir. "Xaqaniyə salamlar"
silsiləsində də suallar bu şəkildə davam edir.
Babadağdan gələn çaylar // Peşnu sənin qolundumu// Gah
bir olur, gah ayrılır // Bu
yol sənin yolundumu// Sağlandılar-sollandılar //
Başaşağı yollandılar // Daşlar selə sinə
gərir// Elə bil ki, nər oynadır // Novda sular cuşa gəlir
// Dəyirmanda pər oynadır // Dəyirmanlar
qoşa-qoşa // Suyu gəlir daşa-daşa.
Şeirdə mənanı hansısa məzmun yox, ritm
yaradır. Bu
şeirin ritmi artıq şairin ruhunda (ürəyində)
olub-bitmiş və ən əsası unudulmuş (-!) hadisə
və qəziyyələri yada salan, onları dilin ucuna gətirib
qaytaran bir işarədir, yaxud işarələr sistemidir - səni
o gözəl və qənirsiz mənzərəyə qədər,
onun lap ilk "hərfinəcən" aparır, amma sən
orda nələrin olub-bitdiyini bilmirsən. Sən
həmin işarələrin vasitəsi ilə sözün və
nitqin keçmişini bərpa etməyə
çalışırsan, şeir, poetik mətn məhz bu
inadın sayəsində yaranır. Alapaça qaça-qaça
// Gəlib səndən keçən vaxtı// Su
payını içən vaxtı//Səs-səmirdən
duyuqdumu//Ayağını daşlar əzən// Ağzı
qara bala cüyür// Suda qoyub başmağını //
Süzgəc edib yaşmağını // Burnuna su dolan
vaxtı //Yenə ayıq-sayıqdımı? Bu
misralar təsvirdə əgər belə demək
mümkündürsə, sözdən vaz keçmənin
nümunəsidir, yəni sözün varlığı onun nəyəsə,
daha fəqli bir nəsnəyə dönüşməsi ilə
təyin edilir. Ağzı qara bala cüyürün suyu
keçərkən başmağını suda qoyması... Biz məhz bunu təsvir etmək istədiyimiz an o
işarələr sözə dönür, yəni şeirdə
söz olmayan işarə biz onu danışmaq, söyləmək
istədikdə libasını dəyişir. Poetik mətnə bu şəkildə baxmaq bəlkə
fantastikadır, ancaq zənnimizcə, filoloji fantaziyadan ayrı
deyildir. Diqqət edin:
Çaydaçapan
çapıb gedər,
Öz
ovunu tapıb gedər,
Hörgüləri
hörgüləyən
Dırnaqları qıyıqdımı?
Şair dünyanı, gerçəkliyi kosmosdan baxıb
təsvir edir, onun haqqında bizim deyəcəklərimizdən
fərqli nələrsə deyir. Biz bu deyilənləri
özümüz görən və deyən kimi qəbul
edirik, halbuki onunla rastlaşmasaydıq bunu heç vaxt belə
görə və deyə bilmzədik. Yəni, şeir hər
bir oxucunun yaddaşına işləyir (... Zaman işləyir...
İliyimizə-! S.Babullaoğlu...), sözdən
"aldığı" yaddaş kartını oxucunun ruhuna
yükləyir. Bu mövqedən tamaşa
edəndə o, hər şeydən öncə ana dilinin
sözlərini təhdid edən təhlükəni
görür, yox, görməzdən qabaq hiss edir və
sözlə dilin ilkin / arxaik mənbələrinə doğru
canatımı sözün dərinliyini və niqtin həyat
enerjisi olmasını təsdiqləyir.
Qocaman bir
şair və tənqidçinin fikrincə, poeziyada əvvəl
və son yoxdur, əgər belədirsə, demək onun
üfüqləri haqqında düşünmək də
absurddur. Poetik mətni elə oxumalısan ki,
sanki açıq məkana tamaşa edirsən. Ancaq bu imkanı sənə elə poetik mətnin
özü verməlidir.
XX əsrin
başqa bir böyük filoloqunun fikrincə isə məna
sual yaradıcı nəsnədir və "hərəkətsiz,
cansız heç nə yoxdur, hər bir mənanın
özünün dirilib canlanma bayramı olacaq...".
Başqa
bir araşdırmada oxuyuruq: "Bizə məna məsələsi
ilə bağlı problemə yanaşmaq imkanı yaradan poetik
gerçəkliyin iki qütbünü fərqləndiririk: 1.
Yazı qütbü (yazılmaqda, nəfəsə gəlməkdə
olan şeir): yəni, poeziya hər hansı ilkin mənadan
yön ala bilir, biz bunu qəti şəkildə dəf edə
bilmirik. Ancaq bu ilkin məna aydın şəkildə
ifadəsini tapmasa da, "hərfi" səciyyə
daşıyır. Və poetik fəaliyyət
birdən-birə özünü "tanıyan" nitqin
vasitəsi ilə forma dağıldıqdan sonra yer
üzündən silinən bu mənanın
transformasiyasını əyaniləşdirir. Poeziya birinci (hərfi) məna ilə bu mənanın
məruz qaldığı davranış arasında
"qazılır", dünyaya gəlir. Ən
azından bunu bilmək vacibdir: şeir hiss və ideyalarla
yazılmır, düzülüşü və təmas
yaratma tərzi yalnız poeziya üçün xarakterik olan
sözlərlə yazılır."
Poeziyada məna problemi. Poeziyanın nə
olduğunu müəyyənləşdirmək və onun dilinə
yönəlik istənilən tənqidi yanaşma bizim tez-tez əhəmiyyət
vermədiyimiz belə bir fundamental postulata əsaslanır ki,
şeirin dəyəri orada nədən, hansı mövzudan bəhs
edilməyindən çox bunun təkrarsız şəkildə
ifadə üsulundadır. Bununla
bağlı bir qanadlı fikir də var ki, şeirin məzmunundan
bəhs etmək onu olmadığı yerdə axtarmaqdır.
Poeziyada məna onu doğuran forma ilə sıx əlaqədədir.
Şair dilin təhlükədə olduğunu
duyan, hiss etdirən bir fiqurdur, adi insan deyildir. Onun hissiyatınca sözlərin yaşaması
üçün təminat yoxdur, poeziya nəticə etibarı
ilə bu təminatı sözlərin mənasında və
axıb gedən nitqin qorunub-saxlanılmasında görür.
Poeziyada söz daim özünün ilkinə qayıtmağa
can atır. Müasir poeziya isə getdikcə daha inadla dilin
sklerozlaşmış çərçivəsini
qırıb nitqin başlanğıc mənbəyinə can atır.
Məcaziliklə birbaşalıq bir müstəvi üzərinə
gəldikdə qəribə olaylar yaşanır, məhz bu dəmdə,
Baxtinin sözləri ilə desək, şair içinin
xarabalığı ilə gerçək aləmin
şadyanalığını müqayisə etmək
imkanı qazanır və deyək ki, Xaqani mövzusu ilə
keçmiş və gələcəyin sözlərinin
yaddaşını canlandırır, şeirə şübhəsiz
ki, adi bir şey kimi baxsaq, oxuyub keçərik, ancaq Musa Yaqub
kimi şairin sözləri mistika çaylarının dağ
başından gətirdiyi nəsnələrdir və onlara
dalmağı istəyir: Babadağdan gələn çaylar//
Hər dərmanın suyundadır// Dərinlərin at belində//Dayazın
quş boyundadır// Bulaqların bir parası //
Qımıldanır ot arısı// Bir bulağın nur
aynası// İlahinin qoynundadır//Köhnə marxal donub
durub// Daşını sel yonub durub// Şehotları donub durub
//İncisi gül boynundadır.
Dərinlərin at beli, dayazların quş boyu... bu ifadələr
sözün, nitqin arxaik yaddaşı ilə modern
düşüncə ladının anidən bir araya gəlməsi
və hər ikisinin zaman boyunca uğradıqları hədələri
başqa, çox fərqli təfəkkür müstəvisində
gətirmək anlamını kəsb edir və elə Xaqaninin
"Mədain xərabələri"ndəki ifadə tərzinə
toxunub keçir. Yəni, onu təkrar etmir, ondan güc
alıb keşmiş və gələcəyin mənəvi-ruhani
sarsıntılarını bir "dodaq uçuğunda"
(Xaqani) vermək inadını gerçəkləşdirir.
Bu gün bizim poeziyada Xaqanini oxumaq, ondan təsirlənmək
iki yöndə reallaşır: 1) şeiri başdan-başa
aforsitik deyimlərə yükləmək, yəni
keçmişlə gələcəyin tən ortasında
tutulan intonmasiya modeli bu ifadələri
qarşısıalınmaz şəkildə oxucuya söyləyir
və 2) Musa Yaqub kimi sözün, ifadə tərzini elə
seçmək ki, vizuallıqla (dərinliyin at belində,
dayazlığın quş boyunda... - bunu qənirsiz şəkildə
təsəvvür edirsən, amma sözə çevriə
bilmirsən...-!) fəlsəfi yük, fikri ən
aşağı tonda fəlsəfi deyimə sürükləmək
mümkün olsun. Birinci yolu seçənlər
üçün bu üsul qısa bir yol vəd edir, yol bitir və
sən məcbur olub əvvəlcə dediklərini dəfə-dəfə
təkrarlamaq məcburiyyətində qalırsan və xəbərin
də olmur ki, artıq sözlərin ifadəliliyi oxucunu
"aldatmaq" gücündə deyildir. İkinci
yol isə ümumiyyətlə bitmir, Xaqaninin özündə
olduğu kimi. Yəni, Musa Yaqub demişkən,
Bəs sənin
söz dəyirmanın -
O
hansı ümmana gedir?
Demək, poeziyada əsas olan heyrət yuxusundan
ayılıb məhz çox ciddi sualları seçmək və
onlar haqqında düşünməkdir. Ancaq bir şey də var: biz
düşünsək də, düşünməsək də,
bu suallar bir gün qapımızın ağzında, yolumuzun
üstündə bitir və suallardan yaranmış qalın
meşəni keçmək məcburiyyətində
qalırıq.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 6 fevral.- S.28.