Yaralı əsgər haqqında ballada
Ayaqlarını sərhəd dirəkləri
kimi
basdırmışdı ana torpağa.
Bir addım
da geri çəkilmirdi
yaralı əsgər.
Torpaq yerindən durub
bağrına basmaq istəyirdi onu.
...Qara torpaq qara
tənzif kimiydi, -
yaralı əsgər
torpaqla sarımışdı
yarasını.
Üst-başında toz çiçəkləmişdi,
tez-tez tozu qoxlayırdı,
ciyərinə çəkirdi
ana torpağın qoxusunu...
İşğaldan azad olunmuş torpaq
əsgər çəkməsinin
altında
elə xumarlanırdı
ki...
...Torpağı öpüb pıçıldadı yaralı
əsgər:
yaddaşımı itirsəm
belə
yadımdan çıxan
deyilsən, vətən...
Qazdığı səngərin üstündə
vətən tikirdi
pozulmuş vətən
xəritəsini
təzədən cızırdı
yaralı əsgər...
...Yanından yel əsirdi hərdən, -
qalib bayraq kimi dalğalanırdı
o...
Vətən elə şirindi
ki,
Dözürdü canından acıya.
...Deyirdi: təkcə ürəyimə güllə
dəyməsin, -
qorxurdu ki,
ürəyində gəzdirdiyi
vətənə xətər
toxunar...
Yumruğunu elə çıxmışdı
ki,
sanki yumruğu da döyüşəcəkdi...
...Ölümdən qorxmurdu yaralı əsgər,
deyirdi:
ölsəm,
Sevgi məktubu kimi tapşırın məni
torpağa, -
bəlkə göyərdi
sevgim!
...Yatmadığı yuxuda anasını görürdü:
bir əlində avtomat tutmuşdu,
bir əliylə anasının saçlarını
tumarlayırdı...
... Bir əsgər yoldaşı şəhid
olmuşdu,
Şəhid əsgər elə
yaraşıqlıydı ki,
ölüm də utanırdı onun üzünə baxmağa...
...Daha da qəzəblənmişdi
yaralı əsgər.
Şəhid yoldaşının gözündən
öpüb döyüşə
girdi.
Yarasını bədənində elə
gizlətmişdi ki,
axtarsa da tapmazdı...
Ürəyi od tutub yanırdı, -
düşmənin qanına
elə susamışdı
ki...
...Bir ah qopdu canından:
- Heç kimsə yolundan saxlaya bilməz,
Sürət qatarıyam Şuşaya
doğru...
...Daha bir kənd
alındı.
Çiçəklər qarşılayırdı yaralı
əsgəri.
Əl atıb bir çiçək
dərdi,
Vətənin ətrini çəkdi
canına...
İşğaldan azad olmuş çiçəklər də
sevinirdi...
çiçək olduqlarını
unutmuşdular,
az qala onlar da döyüşə
atılacaqdı...
...Birdən komandiri
Yanında gördü yaralı əsgər.
Raport verirmiş kimi ucadan:
"Komandir, bir ricam
var,
rəhbərə söyləyin
ki,
bu torpağın əlindən
açacağıq qandalı,
Ali Baş Komandanım!"
...Yeni döyüşə girmişdi,
Vətən sevgisini bayraq kimi
başı üstə
qaldırmışdı.
...Göy üzü də salamlayırdı qalib əsgəri,
yağış alnından
öpürdü...
...Göydə göy qurşağı gördü;
Vətən bayrağı rəngindəydi
göy qurşağı
da
Göy üzü də sevinirdi elə bil, -
yaralı əsgərin
bayrağını
yanına çəkmişdi,
sanki...
Əlizadə NURİ
Ədəbiyyat qəzeti.- 2021.- 13
fevral.- S.5.