Nəriman Həsənzadənin
poetik "mən"i
Nəriman Həsənzadə-90
Azərbaycan poeziyasının döyünən ürəyi
olan Nəriman Həsənzadənin olduqca zəngin, mükəmməl
və səmimi bir poetik "mən"i var ki,
yaradıcılıq tərcümeyi- halının əsasında
dayanmaqla böyük şairin obrazını bütün rəngarəngliyi
(və üzvi bütövlüyü!) ilə əks etdirir. Demək olar ki, əlinə
qələm alandan bu günə qədər həyatının,
düşüncələrinin heç bir hadisəsini,
bioqrafiyasının heç bir anını nə poeziyadan, nə
də xalqdan gizlətmədiyinə görədir ki, "Nəriman
Həsənzadə səmimiyyəti" Azərbaycan ədəbiyyatşünaslığında
az qala bir termin olaraq işlənməkdədir.
Şairin
tükənməz ilham mənbələrindən biri
dünyaya gəldiyi diyar, qayğılı-
qayğısız uşaqlıq illəri, analı günləridir:
Gündüzlər
olsam da harda, harda mən,
Poyluya
dönürəm yuxularda mən,
Təzədən
analı uşaq oluram,
fikirdən, qayğıdan uzaq oluram.
...Bir qoca
var idi, o cavanlaşır,
Ağstafa çayı təzədən daşır.
Kür axır, məcrası dolmur ki dolmur.
Yuxuda gün çıxır, heç axşam olmur.
Əlbəttə,
həmin illər Nəriman Həsənzadə
üçün yalnız fərdi "mən"in təşəkkülü
dövrü yox, həm də ictimai şüurun (və
idrakın), milli "mən"in ilk təzahür illəri
idi:
O vaxt dəyişdilər
türk adımızı,
biz
seçənə kimi xeyiri şərdən.
Oxuya bilmədik
bayatımızı,
düşəri- düşməzi olardı birdən.
Poylu
vağzalını xatırlayıram,
qaraydı onda da bir az qanımız.
Döşəyin
yununu tökmüşdü anam,
O il dolmamışdı yun planımız.
Ümumiyyətlə, şairin həyatının (və
yaradıcılığının) elə bir mərhələsini
təsəvvür etmək mümkün deyil ki, şəxsi
istəkləri, arzuları və maraqları ilə ictimai istəkləri,
arzuları və maraqları arasında sıx
qarşılıqlı əlaqə olmasın. Və o belə
bir həqiqətə həmişə inanmışdır ki,
dünyada ictimai dəyər daşımayan heç bir ciddi
şəxsi münasibət, yaxud həyat hadisəsi yoxdur.
Uzun gecələri
qalmışdım oyaq,
məni
budaq kimi bərk əyirdilər.
"Kimin sualı var?" - yazmışdım
o vaxt,
cavabı
özümdən istəyirdilər.
Fərəh
istəyirdim, sındı vüqarım,
tək
qaldım səhrada, yol qırağında.
Qurdu məhkəməni
"qələm dostlarım"
O vaxt
Yazıçılar İttifaqında.
Nəriman
Həsənzadə öz zəngin tərcümeyi-
halını bir neçə misraya
sığışdırmaq istərkən aparıcı həyat
prinsipi olaraq dözümü, haqlı mübarizəni,
haqsızlıq qarşısından qaçmamağı
seçir:
Döyüldüm
dəmir kimi,
döyüşdə gərək oldum.
Yoğruldum
xəmir kimi,
gördülər çörək oldum.
Əkildim
torpaq kimi,
göyərdim, çiçək oldum.
O qədər
dandılar ki,
Axırda gerçək oldum.
Ancaq bir məsələ də var ki, insan öz taleyinə
heç də həmişə hökm edə bilmir. Və həyatda elə hadisələr
baş verir ki, iradəmizdən asılı
olmadığı halda tərcümeyi- halımızın
gedişinə əhəmiyyətli təsir göstərir, həlli
çətin olan ziddiyyətlər, kolliziyalar yaradır:
Tale məni
əzizləyir,
sığalı qapaz qarışıq.
Külək
əsir, yağış döyür,
gələn qışdı yaz qarışıq.
Mən bal yedim, dadı zəhər,
gülüş gördüm yarı qəhər.
Mən
yas gördüm gülürdülər,
mən
toy gördüm yas qarışıq.
Nəriman
Həsənzadənin poetik "mən"i, artıq qeyd
etdiyimiz kimi, milli təəssübkeşliyin təbii diqtəsi
ilə (və çox rahat bir şəkildə) poetik (əslində,
siyasi- ideoloji) "biz"ə çevrilə bilir:
Bizə
"vəhşi" deyib qoca Plutarx,
Pompeyə
sərkərdə...
de,
haqqı varmı, -
doğma
torpağında vuruşan bir xalq
beşiyi
başında vəhşi olarmı?
Dağıldı
babamın ulu vətəni,
divanlar quruldu
burda xalq üçün.
Qafqaz vəhşi
oldu, Roma mədəni,
O
öldü, bu qaldı, yaşamaq üçün.
Şair ehtirassız salnamələrdən fərqli
olaraq tarixə, xüsusilə bu tarixin mənsub olduğu
xalqdan bəhs edən səhifələrinə olduqca həssas
yanaşır.
Və o məqamda ki xalqın
aldadılıdığını, haldan hala sürükləndiyini,
düşünüb öz gələcəyini müəyyənləşdirmək
imkanından məhrum edildiyini görür, onda ürəyi
yana- yana"biz" əvəzinə "o" deyir:
Almaz
İldırımın adına
küçə! -
keçirəm, ildırım içimdən keçir.
Bu necə millətdi, ilahi, necə?
ocağı söndürüb külə and içir.
Natiq əl-
qolunu yellədir yenə,
hər
sözü "mərmidir", "güllədir" yenə,
Lenin
sarayında əl gedir yenə,
hakim fərman
verib, kölə and içir.
Özgəni
doyurub ac qaldı vətən,
meydana
axışır ölkə yenidən,
Əsrin əvvəlində
inqilab edən,
əsrin
axırıdır... hələ and içir.
Şair, qələminin məhsulu olan hər bir mətndə
"mən"i ("biz"), "sən"i
("siz") və "o" ("onlar") əvəzliklərini
elə işlədir ki, mətnin ideya- estetik
ağırlığı məhz əvəzliklərin üzərinə
düşməklə teksti kontekstə çevirir. Və nəticə
etibarilə, həmin kontekstdə sanki başqa nitq hissələri
yox, məhz əvəzliklər danışır.
Keçən
əsrin 80- ci illərinin sonu, 90- cı illərinin əvvəllərində
ölkəmizdə baş verən mürəkkəb ictimai-
siyasi hadisələr Nəriman Həsənzadəni dərindən
sarsıtmış, ona bir silsilə təəssüf
şeirləri yazdırmışdı ki, bu şeirlərdə
əvəzliklərin ? əslində,
birbaşa leksik mənası olmayan sözlərin məhz
kontekstin mükəmməlliyi sayəsində nə qədər
güclü poetik məna qazandığını hiss etməmək
mümkün deyil:
Ocağı
yandırdıq, közü nə oldu,
nə
oldu, hər kəsin özünə oldu.
Bakını
verdilər, kazino oldu,
bəs
sənin nə oldu dəyərin, şair?
...Şair
doğulmağın başa bəlaymış,
gərək başdıların başa salaymış.
Niyyət
nə Məkkəymiş, nə Kərbəlaymış,
tapdılar yolunu gəlirin, şair.
...Xarici
maşınlar dalbadal keçir,
lallar
dil açıbdı, natiq lal keçir.
Könlümdən
yeni bir İstiqlal keçir,
hardadı əzəlki hünərin, şair?!
Şairin
"mən"i üçün səciyyəvi olan bir
mühüm əlamət özünü bu cür təəssüf
şeirlərində daha kəskin şəkildə göstəriri
ki, bu da "mən"lə "sən"in ümumi (və
vətənin istiqbalını təmin etməli olan inqilabi!)
bir "biz"də birləşməsidir:
Gəl mənim
"qul" balam, "qul" pəhləvanım,
qullar
bazarında necəsən, oğlum?
O yandan
qovdular, bu yana qaçdın,
bu yandan
hayana qaçasan, oğlum.
...O
kürək səndədi, əzələ səndə,
bir
hünər görməyir göz hələ səndə.
Hardandı
bu qədər hövsələ səndə,
sanma ki,
tənhasan, təkcəsən, oğlum.
...Spartak
qul idi, dilində cahat,
o
qalxdı, diz çökdü Romada senat.
Qulları
döyüşə çağırır həyat,
qısılma daldaya, küncə sən, oğlum.
Bir vaxtlar Bakının küçələrində
"qul bazarları" yaradan qaçqın-
köçkün övladlarına müraciətlə
yazılmış bu şeir bu gün artıq tarixdir. Lakin nə qədər
ağır olsa da, tarixi heç zaman unutmaq, üzərindən
laqeydcəsinə keçmək olmaz... Heç də təsadüfi
deyil ki, Nəriman Həsənzadənin lirik qəhrəmanı
"qul bazarları"nda iş axtaran gəncləri
döyüşə çağırdığı kimi,
keçən ilin sentyabrından başlayan Vətən
müharibəsinin döyüşçülərini də vətənpərvər
şeirləri ilə elə ilk günlərdən qələbəyə
ruhlandırmaqla öz missiyasını yeni tarixi şəraitdə
davam etdirməsidir.
Əlbəttə,
şairlik yalnız yaradıcılıq yox, həmçinin, əgər
belə demək mümkünsə, özünəməxsus
bir ruh halıdır, "peyğəmbərlərdən sonra
gələnlər"ə məxsus yaşantılardır:
Şeir
yazdığım gün məğrur oluram,
ilham ki
xəfifcə sinəmə dolur;
bir
şeh damlası tək büllur oluram,
dünya
dünyada yox, məndə əks olur.
Sonra...
bir ağsaçlı sərkərdə kimi
bəzi
namərdləri bağışlayıram.
Mən
öz üzərimdə öz qələbəmi
düşmənimlə birgə alqışlayıram.
Nəriman Həsənzadə də dahi sələfləri
- Nizami, Nəsimi, Füzuli, Sabir kimi öz şairlik
qürurunu (və heysiyyətini!) uca tutur. Və
özünün sələflərinə layiq bir xələf
olduğunu göstərir.
O şair
ki ürəyinin dərinliklərində sözünün (və
özünün) Tanrı mənşəli olduğuna
inanmır, onun imanı (və ilhamı) kamil ola
bilməz... Əsl şairin müqəddəs borcudur ki,
ruhunun ilahi saflığına ləkə salınmasına,
daxili dünyasına hansısa tərəddüdlərin yol
tapmasına imkan verməsin, ən başlıcası isə,
özünün özünə etibarını itirməsin:
İndi məni
paklıq üstə asıb- kəsən var,
indi
yerin altdan çıxıb üstə gəzən var.
Çətindi
bir baş saxlamaq, yüz başkəsən var,
əyrini
düz çıxarmağa yalanmı yoxdu?
...Niyə
məndən inciyibsən, a mehribanım,
məndən başqa inciməyə adammı yoxdu?
Məni mənsiz
yaşadanım, məni dünyanın,
mən
ki Tanrı şairiyəm, Tanrımı yoxdu?!
Nəriman
Həsənzadə hər yaşın öz poetik "mən"ini
təqdim etməyin, heç şübhəsiz, ən
böyük ustalarındandır:
İllər
pillələrmiş bizdən ötəri,
Yollara gah bürkü, gah şaxta düşür.
Şöhrətin
sevinci, yaşın kədəri
tərs
kimi, ikisi bir vaxta düşür.
Keçir
icazəsiz ömrün səddini,
keçirir bizi də alovdan, oddan.
Sağlamlıq,
gözəllik ləyaqətini
alır
əlimizdən yaş soruşmadan.
Şair
bir vaxtlar yazmışdı:
Ürəkdir
bu eşqlə qaynayıb daşan,
sinəmdə çırpınır alışmaq üçün.
Bir insan
ömrünü girov qoymuşam
bir
şair ömrünü yaşatmaq üçün.
Onu az- çox tanıyanlar yaxşı bilirlər
ki, Nəriman Həsənzadə üçün şairlik təkcə
şeir yazmaqla bitmir, həm də elə bir həyat tərzidir
ki, şairi sözün böyük mənasında insan kimi
yaşadır...
Nəriman
Həsənzadənin poetik "mən"inin ideya- estetik
davamı olan poetik "sən" şairin məhəbbət
lirikasında xüsusi (və orijinal) çalarları ilə
ortaya çıxır:
Mənə
üfüq boyda geniş səmanı,
göydə buludları, yerdə dumanı,
dənizdə dalğanı sən bağışladın,
bu
hüsnü- mənanı sən bağışladın.
"Sən"
bəzən o qədər dərin lirik- fəlsəfi məzmun
kəsb edir ki, neosufizmə qədər gedir:
Yenə də
gözlərim gözündə qalıb,
gördüyüm mənaya qurban olaram.
Əgər
həqiqətsən, mən həqiqətə,
röyasan, röyaya qurban olaram.
Ümumiyyətlə
isə, bu "sən" o dərəcdə gerçək
bir doğmalığın ifadəsidir ki, onu bu sərbəstlikdə,
bu rahatlıqda və bu təbiilikdə yalnız Nəriman Həsənzadə
təqdim edə bilər:
Xətrimə
dəyiblər yenə, qadası,
xətrim,
bilirsənmi,
sığal istəyir.
Mənim
ürəyimdə ilham ağrısı
ilhamsız kəslərdən macal istəyir.
...Gəl,
görüm...
gəl,
görüm...
Gəl, görüm səni.
Necə
darıxmışam bir qılıq üçün,
Sonra
evinizə ötürrəm səni...
Səni görməliyəm yaşamaq üçün.
Şairin
dünyadan vaxtsız getmiş həyat yoldaşına - Sara
xanıma yazdığı şeirlərdə nə ayrıca
"mən", nə də ayrıca "sən" var, bu,
hər cəhətdən munis (və məhrəm!) bir "mən-
sən" mükaliməsidir ki, intim olduğu qədər də
ictimaidir:
Mən səni
sevdim ki, yoldaş olasan
həyatın ən ağır, dar yollarında.
Demədim,
axırda bir daş olasan
qədim
qəbristanda yol kənarında.
Poetik "mən" əsl şairin bütün
ömrü boyu qələmə aldıqlarının
fövqündə dayanan ən möhtəşəm əsəridir. Və Nəriman Həsənzadənin
təkcə lirikasında deyil, poemalarında,
dramaturgiyasında, nəsrində, hətta elmi- publisistik məqalələrində
də həmin "mən" məhz olduqca zəngin, mükəmməl
və səmimi olduğuna görə həm milli ədəbiyyatın,
həm də millətin "mən"i səviyyəsinə
yüksəlir.
09.11.2020
İrəvan
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2021.- 13 fevral.- S.6-7.