Şah İsmayılın həyatının
son anları
Azərbaycan
xalqının dövlətçilik tarixində, hərbi,
dini, ədəbi həyatında müstəsna xidmətlərə
malik olan və hər zaman da qürurla xatırlanan Şah
İsmayıl Səfəvi fenomenal keyfiyyətləri ilə
insan zəkasını heyrətdə saxlayan bir sima kimi
yalnız Azərbaycan xalqının deyil, bütünlükdə
bəşər tarixinin yetişdirdiyi çox görkəmli
dahilərdən biridir. Ona görə də
Şah İsmayılın həyat və şahlıq taleyi həm
sağlığında ikən, həm də sonradan
çoxlu sayda qaynaqların, salnamələrin, elmi tədqiqat
araşdırmaların mövzusu olmuşdu. Belə çoxsaylı əsərlərin əksəriyyətində
Şah İsmayılın çox tez başa çatan
ömrünün son anları da qələmə
alınmış və onun dünyasını dəyişməsinin
səbəbləri barədə bəzən bir-birindən fərqli
olan fikirlər ortaya qoyulmuşdur. Bu fikirlər
arasında ehtimallar da mövcuddur və şübhə etmək
olmaz ki, bu ehtimallar Şah İsmayılın həyatının
qısa olmasının və gözlənilmədən
başa çatmasının səbəblərini axtarıb
tapmaq cəhdləri ilə bağlı idi.
Şah İsmayılın həyatının tez başa
çatmasının səbəbləri ilə bağlı
elmi-tarixi ədəbiyyatda daha çox iki fikir
üstünlük təşkil etməkdədir. Onlardan biri Çaldıran
döyüşündə qarşıya çıxan
uğursuzluğun ağır bir yük kimi Şah
İsmayıla dərd gətirməsi və bu dərdə
dözə bilməməsi, digəri isə Çaldıran
döyüşündən sonrakı dövrdə şəraba
ifrat aludəliyi Şah İsmayılın səhhətini korlaması fikridir.
Tarixdən bəllidir ki, Çaldıran
döyüşü Şah İsmayılın həyatında
çox ciddi bir iz buraxmışdı. Bu döyüşün
aparılmasına xüsusi hazırlıq işləri
görülməsə də Şah İsmayıl onu qələbə
ilə başa çatdıracağına şübhə etmirdi. Belə olmasaydı o
heç həmin döyüşə getməzdi də. Amma Səfəvi qoşunları Şah
İsmayılın inamını doğrulda bilmədi və
bu da ağır nəticələrə yol açdı.
Lakin bu heç də o demək deyildi ki, Şah
İsmayıl bu döyüşdən sonra özünü fəal
həyatdan təcrid etdi. Qılıncı
hünər göstəricisi sayan Şah İsmayıl
anladı ki, sərkərdə və hökmdar kimi,
dövrün daha müasir müharibə silahlarına üz
tutması heç də dini normaların, müqəddəslərin
istəklərinin əksinə getmək deyildir. Ona görə də o, Çaldıran
döyüşündən sonra Osmanlı
qoşunlarının artilleriya potensialına müqavimət
yarada biləcək yeni silahların əldə edilməsi
üçün Avropa dövlətləri ilə münasibətlər
yaratmağa çalışdı, bu məsələdə
kifayət qədər təkid də göstərildi. Amma Avropa dövlətlərinin də öz
maraqları və məqsədləri var idi və nəticədə
Şah İsmayılın sağlığında Səfəvi
ordusunu artilleriya ilə təmin etmək mümkün
olmadı. Buna görə də Şah
İsmayıl Osmanlı qoşunlarına qarşı yeni
döyüşlərə girməyi məqsədəuyğun
saymadı. Çaldıran döyüşündən
sonra Şah İsmayıl daha çox səltənət
daxilində dövlətçiliyin möhkəmləndirilməsi,
elmin, mədəniyyətin, ədəbiyyatın
inkişafı ilə məşğul oldu və bu sahələrdə
dəyərli irs miras qoydu.
Şah İsmayılın şəraba münasibətinə
gəlincə isə qeyd edilməlidir ki, onda şərab
içməyə bir meyil var idi. Lakin o bu məsələdə
ifratçılığa yol vermirdi və şərab
içməsinə görə dövlətçilik məsələlərinin
ikinci plana keçirilməsi ilə bağlı Şah
İsmayılı ittihamlandırmaq da mümkün deyil.
Əyləncəyə ayırdığı
vaxtının daha çoxunu isə o, ov mərasimlərinə
həsr etməyi xoşlayardı və onun həyatının
son günləri də elə ov mərasimi ilə
bağlı idi.
Səfəvi tarixinin mötəbər mənbələrindən
sayılan "Xülasüt-təvarix" əsərinin
müəllifi Əhməd Quminin verdiyi məlumata görə,
Şah İsmayıl həyatının son Novruzunu (1524-cü
ildə) Naxçıvanda keçirdi. Havalar istiləşəndə
isə o, Şəki tərəflərə yollanmağı və
orada ceyran ovu ilə məşğul olmağı qərara
aldı. Mənbə müəllifinin məlumatına
görə, Şah İsmayılı Şəkidə bu vilayətin
hakimi Həsən bəy qarşıladı və o, Şah
İsmayıla bir daha öz itaətini bəyan etməklə
ona çoxlu sayda hədiyyələr də verdi.
Amma ceyran ovu böyük enerji və gərginlik
tələb etdiyi üçün Şəki hakimi təklif
etdi ki, bəlkə Şah İsmayıl özünü belə
bir əziyyətə salmasın. Lakin
Şah İsmayıl bu təklifi qəbul etmədi və ovun
gedişində bir neçə ceyran ovlamaq da ona nəsib oldu.
Adıçəkilən mənbədə o da
bildirilir ki, ov mərasimi başa çatandan sonra Şah
İsmayıl və onun ətrafındakılar Göytəpə
adlanan bir məkana yollandılar. Burada
olduqları zaman Şirvan hakimi Şeyxşah Şah
İsmayılın görüşünə gəldi. Həmin məkanda isə Şah İsmayıl tezliklə
Ərdəbilə qayıtmaq və Şeyx Səfiəddinin məzarını
ziyarət etmək istəyini bildirdi. Şah
İsmayıl Ərdəbil ziyarətini başa
çatdırıb Sain tərəfə yola düşdü
və orada da dünyasını dəyişdi.
Bu məlumat bu və ya digər məzmunda dövrün
mənbələrin əksəriyyətində təkrar
olunmuşdur.
Bu məlumatlarda qabardılan bir fikrə görə,
Şah İsmayıl həyatının sona çatmaqda
olduğunu duyubmuş kimi, yaşadığı
dünyanı əcdadlarının məzarını ziyarət
edəndən sonra tərk etməyi qərarlaşdırmışdı.
Həsən
bəy Rumlu özünün "Əhsənüt-təvarix"
adlı əsərində Şah İsmayılın həyatının
son günləri haqqında belə yazırdı:
"Şikar havası və bahara tamaşa etməyin həvəsi
savaş cıdırı şahsüvarının
(Şah İsmayılın) başında peyda oldu. O, Təbrizdən
köç edib Şəki tərəfə hərəkət
etdi. Ali göstəriş verildi ki, qazilər və
əyanlar dayandıqları yerdən ceyranları
(cüyürləri) qovub o bölgənin mövqelərindən
birində toplasınlar. Onlar şahın əmrini
icra etdilər. Elə ki cərgə tərtib
olundu, cüyürləri tutdular. O əsnada Şəki
valisi Həsən bəy bol peşkəşlə asiman
nişanlı dərgaha gəldi və [şahın] kimya kimi
təsirli nəzəri qarşısına çıxdı.
O həzrət (Şah İsmayıl) ovdan qayıdıb
ata-babasını ziyarət etdikdən sonra Səraba yönəldi
və Sayın-gədiyində dayandı. Həmin
məqamda o həzrətin səhhəti pozuldu".
Digər mənbələrdə olan məlumata görə
isə hələ Şəki ətrafında olarkən
Şah İsmayılda ağır xəstəliyin əlamətləri
özünü göstərməyə
başlamışdı. "Rövzətüs Səfəviyyə"
əsərinin müəllifinə görə, Şah
İsmayılın xəstəliyi onun qara ciyər ilə
bağlı idi. Adıçəkilən
mənbənin məlumatına görə, bu xəstəlik
qısa müddət ərzində xeyli şiddətləndi.
Şah İsmayıl elə bir hala
düşdü ki, yemək də yeyə bilmədi. Hətta
bişirilən yeməklərin qoxusu Şah
İsmayılın burnuna çatanda özünü narahat
hiss edirdi. Şah İsmayılın həyatının
son günlərində yaxınları onun yanında yemək
yeməz və yemək vaxtının çatmasına da
işarə etməzdilər. Yemək mərasimləri
də ondan xəbərsiz keçirilərdi. Onun təbibləri
xəstəliyin müalicəsinə çalışsalar da buna nail ola bilmədilər. Şah
İsmayıl səfərini yarımçıq saxlayıb
Ərdəbil yolu ilə Təbrizə üz tutdu. Ərdəbildə olarkən onun səhhəti bir qədər
yaxşılaşdı. Bu da onun
sağalacağına bir ümid yaratdı. Lakin Sərab
yaxınlığındakı Sain Gədiyi ("Tarix-e
elçi nizam şah" əsərindən bu məntəqənin
adı Savalan kuh - Savalan dağı göstərilmişdir)
adlanan yerdə Şah İsmayılın hərarəti birdən-birə
xeyli yüksəldi və 1524-cü il may
ayının 23-də həmin məntəqədə
dünyasını dəyişdi. Dünyasını
dəyişəndə Şah İsmayılın 37
yaşı var idi. Bu ömrünün 24
ilini o, Səfəvi dövlətinin şahı olmuşdu.
"Rövzətüs Səfəviyyə" əsərinin
məlumatına görə, Şah İsmayılın
dünyasını dəyişməsi insanları və
bütün səltənət əyanlarını
üzüntülü bir dərdə bürüdü,
ümumi bir çarəsizlik və hərəkətsizlik
hamıya sirayət etdi. Lakin səltənətin
tanınmış əyanlarından olan Div sultan Rumlu, Köpək
sultan Ustaclı və digərləri baş vermiş bu itki ilə
barışmağı və Şah İsmayılın dəfn
edilməsinin qaçılmaz olduğunu insanlara anlatmağa
çalışdılar. Bundan sonra
Şah İsmayılın dəfn mərasiminə
başlandı.
"Tarix-e elçi nizam şah" əsərinin
müəllifi Şah İsmayılın dünyasını dəyişməsi
ərəfəsində başqa mənbələrdə təkrarlanmayan
bir məqama da toxunmuşdur. Belə ki, Şah
İsmayıl Şəki vilayətində ovda olarkən səltənətin
divan əmiri olan Çayan sultan Ustaclı dünyasını
dəyişmişdi. Şah İsmayıl
ona böyük hörmət və ehtiramla yanaşırdı
və Çayan sultan nüfuzlu qızılbaş əmirlərindən
biri idi. Şəkidən ovdan qayıdandan
sonra Şah İsmayıl özünə yaxın
saydığı sədaqətli əmirinin
dünyasını dəyişməsi xəbərini
eşidib çox qüssələndi. Adıçəkilən
mənbənin məlumatına görə, Çayan
sultanın vəfatının yaratdığı
üzüntünü yaddan çıxarmaq üçün
Şah İsmayıl şəraba üz tutmalı oldu ki, o da
onun səhhətinə pis təsir göstərdi. Sərab yaxınlığındakı Savalan
dağı ətrafında olarkən Şah
İsmayılın səhhəti xeyli korlandı və
aparılan müalicələr də bir səmərə vermədi.
Yəni Şah İsmayıl özü də hiss etdi ki,
tutulduğu mərəzdən xilas yolu artıq yoxdur və
onun haqq dünyasına qovuşmasına artıq saylı
günlər qalmışdır. "Tarix-e
elçi nizam şah" müəllifi sonra yazır ki, həyatının
sonuna yaxınlaşdığını hiss edəndə
Şah İsmayıl əyan və əmirləri
başına topladı, onlara son vəsiyyətlərini etdi.
Bu mənsəb sahibləri qarşısında
Şah İsmayıl böyük oğlu Təhmasib Mirzəni
səltənət varisi elan etdi və bütün mənsəb
sahiblərinə də tapşırdı ki, onun vəliəhdliyini
qəbul etməklə, iradəsinə tabe olsunlar. Div sultan Rumlu da Təhmasib Mirzənin atabəyi elan
edildi və mənsəb sahiblərinə həm də Div
sultanın iradəsinə itaət etmək
tapşırıldı. Adıçəkilən
mənbədə olan məlumata görə, Şah
İsmayılın vəsiyyətlərini dinləyən mənsəb
sahibləri onun iradəsini həyata keçirəcəklərini
vəd etməklə, həm də onun xəstəliyinə
yardım edə bilmədiklərinin dərin
üzüntüsünü yaşadılar. Bundan sonra hafizlər "Quran" tilavətinə
başladılar. Bildirilir ki, Şah
İsmayıl rəcəb ayının 19-da, düşənbə
(bazar ertəsi) gününün səhəri bu
dünyanı tərk etdi. "Tarix-e
elçi nizam şah" müəllifi sonra yazırdı ki,
elə səhəri günü, yəni rəcəb
ayının 20-də səltənət sədri (dini işlər
üzrə rəhbər) Əmir Camaləddin Astrabadinin rəhbərliyi
altında Şah İsmayılın cənazəsi dəfn
üçün Ərdəbilə yola salındı.
Həsən bəy Rumlu isə öz əsərində
Şah İsmayılın düşənbə gecəsi
gözünü yumduğuna işarə etmişdir. Çox güman ki, o da əslində,
düşənbəyə açılan günün gecəsini
nəzərdə tutmuşdur:
"Şah İsmayıl ibn Sultan Heydər ibn Sultan
Cüneyd ibn Şeyx İbrahim ibn Sultan Xoca Əli ibn Sultan Sədrəddin
ibn Sultan Şeyx Səfiəddin. Bu il onun
zatının cövhərini xəstəlik bürüdü.
Məsih nəfəsli həkimlər və məharətli
təbiblər hərçənd müalicə etsələr
də, fayda vermədi və saatbasaat onun qüvvəsi zəiflədi,
təbiəti (vücudu) buna müqavimət göstərməkdən
aciz oldu. Xülasə,
düşənbə gecəsi, rəcəb ayının 19-da
(23.05.1524) iqbal səmasının günəşi cah-calal
bürcündən yoxluq məğribinə qürub etdi və
səltənət asimanının nuru izzət və kamal zirvəsindən
zaval sərhədinə köçdü. ...Əmir Cəmaləddin
Məhəmməd Sədr Astrabadi seşənbə gecəsi,
rəcəbin 20-də (24.05.1524) o həzrətin misilsiz bədəninə
qüsl verdi və daha sonra onun cəsədini
Ərdəbilə aparıb öz uca məqamlı
ata-babasının yanında dəfn etdilər".
"Xüld-bərin" əsərinin müəllifi
isə Şah İsmayılın dünyasını dəyişməsi
haqqında məlumat verərkən bildirirdi ki, 1524-cü ilin
yazı başlayanda Şah İsmayıl ova yollanmaq qərarına
gəldi. Şah İsmayılın ova getməsi məsələsindən
söz açan mənbələrin heç birində onun
yola düşməzdən əvvəl səhhətində
hansısa bir problemin olmasına toxunmamışlar. Bu o deməkdir ki, ova yollanmaq ərəfəsindən
onun səhhəti kifayət qədər yaxşı idi.
Şəkiyə yollanmaqla isə Şah
İsmayıl daha çətin bir ovun seçimini etmişdi.
Çünki çöl atlarını ovlamaq
ovçudan kifayət qədər cəldlik və
yorulmazlıq tələb edirdi. Yuxarıdakı məlumatdan
göründüyü kimi, Şəki hakimi Həsən bəy,
hətta bu ovun təhlükəli ola biləcəyini
də Şah İsmayıla çatdırmışdı. Yəni Şah İsmayıl böyük fiziki gərginlik
tələb edən bir ova yollanmışdı və onun səhhətində
bir problemi olsaydı belə, bir gərginliyi də öz
üzərinə götürməzdi. "Xüld-bərin"
əsərində də istər bu ov zamanı, istərsə
də onun Ərdəbildə ziyarətdə olması
zamanı səhhətində bir problemin olmasından söz
açılmır. Bu əsərdəki məlumata
görə, Şah İsmayıl bir də Ərdəbildən
ziyarətdən dönərkən Sain gədiyində
özünü pis hiss etdi. Səltənətin
təcrübəli həkimləri və təbibləri onun
müalicəsi üçün nə qədər
çalışsalar da bir nəticə əldə etmək
mümkün olmadı. "Xüld-bərin"
müəllifi yazırdı ki, bir neçə gün ərzində
ağrılar onun bütün əzasını sarıdı,
xəstəlik bütün bədəninə yayıldı.
Bu ağrıların da nəyə gətirib
çıxardığı artıq məlumdur.
"Aləmara-yi Şah İsmayıl" əsərinin
anonim müəllifi isə yazırdı ki, Şah
İsmayıl Şirvana yollananda onu bu vilayətin hakimi
Şeyxşah qarşıladı və onun xidmətində
dayandı. Şahın gəlişində məqsəd ova
çıxmaq olduğu üçün Şirvanşahın
əmri ilə ov heyvanları qovularaq bir məntəqəyə
toplandı ki, səhəri gün həmin məntəqədə
ov edilsin. Həmin gecə Şah
İsmayıl yuxusunda atası Sultan Heydəri gördü.
Yuxuda Sultan Heydər ona dedi ki, ey övlad, yanımıza gəl,
sizin şərəfli qədəmlərinizin
intizarındayıq. Şah İsmayıl yuxudan
ayıldıqdan sonra ağ libas geyindi və
bütün gecəni dua və minacat deməklə məşğul
oldu. Səhər açılanda isə Şah
İsmayıl həmin libasda xidmətçilərinin və əyanlarının
qarşısına çıxdı. Əmirlər
yaxınlaşıb ondan ağ libasda
olmasının səbəbini soruşdular. O da cavabında
yuxuda eşitditlərini onlara çatdırdı və sonra
da əlavə etdi ki, onun son səfərinin yaxında
olduğu hiss olunur. Ona görə ov səfəri də təxirə
salındı və Şah İsmayıl Ərdəbilə
yollanmaq barəsində göstəriş verdi.
Mənbə məlumatına görə, Şah İsmayıl
Şirvandan hərəkətə başlayanda Olumə Sultan
adlı əmirinə tapşırıq verdi
ki, Herata gedib oğlu Təhmasib Mirzəni tez Təbrizə gətirsin.
Təhmasib Mirzə o zamanlar Herat hakimi idi. Bildirilir ki, Şah İsmayıl hələ Ərdəbilə
daxil olmamışdan əvvəl Təhmasib Mirzəni onun
hüzuruna yetirmək mümkün oldu (215).
Göründüyü kimi, "Aləmara-yi Şah
İsmayıl" əsərində yuxarıdakı mənbə
məlumatlarından fərqli olaraq Şah İsmayılın
Şirvanda ov etmək istəyindən söhbət
açılır. Onun ov üçün Şəkiyə
getməsi barəsində burada məlumat verilməmişdir.
Digər tərəfdən, bu əsərdə
də Şah İsmayılın səhhətində hər
hansı bir narahatlığın olması haqqında bir qeyd
yoxdur.
Müəllifi bəlli olmayan "Aləmara-yi Səfəvi"
əsərində bu məsələ bir qədər fərqli
şəkildə təsvir olunmuşdur. Bu əsərdə
bildirilir ki, Şeyxşah yüksək səviyyədə
qarşılanma mərasimi təşkil etdi və Şah
İsmayılı Şamaxıya gətirdi. Elə həmin gecə Şah İsmayıl yuxusunda
atası Sultan Heydəri gördü. Gecə yuxusunda
gördüyü atası Şah İsmayıla belə dedi:
"Ey fərzənd, gəl ki, sənin qədəmlərinin
intizarındayam". Şah İsmayıl yuxudan ayılandan
sonra padşahlıq və cahangirlik yaraqlarını kənara
qoydu və ağ libas geyindi. Əmirlər
maraqlananda, Şah İsmayıl dedi: "Məni bu fani
dünyadan əbədi dünyaya çağırdılar. Daha bizim ova getməyimiz aradan qalxır. Gedin o ovları da azad edin". Şirvanı tərk edəndə
isə Şah İsmayıl saray əmirlərindən olan Olumə
Sultana belə bir məktub yazdı: "Durmuş xan, Təhmasib
şahı götürüb tez və təcili
Darül-irşad Ərdəbilə yola düşsün".
Şahın bu göstərişi vaxtında
yerinə yetirildi və o, Ərdəbilə daxil
olmamış Təhmasib Mirzə Ərdəbilə çatdırıldı
(216).
Oğlu Təhmasib Mirzə hüzura yetişib təzim
edəndə Şah İsmayılın gözlərindən
yaş axmağa başladı və onu ağuşuna alıb
qucaqladı. Əmirlər bu dəfə də göz
yaşlarını saxlaya bilməməsinin səbəblərini
Şah İsmayıldan soruşdular. Şah
İsmayıl isə bildirdi ki, o, 14 yaşında olarkən
müqəddəslərin köməyinə çatmaq
üçün Gilandan hərəkata başlamış, Xəta
hüdudlarından Hələb hüdudlarına və Durna
çayının sahilinə kimi olan əraziləri ələ
keçirmiş, Əlaüddövlə Zülqədəri,
Türküstanın padşahı Şeybək xanı qətlə
yetirmişdi. Şah İsmayılın dediyinə
görə, indi o, ehtiyat edirdi ki, bu zəhmət və əziyyətlə
əldə etdiklərinin hamısı zay olsun və Təhmasib
Mirzə səltənət şahlığının öhdəsindən
gələ bilməsin. O istisna etmirdi ki,
qılıncının zərbindən qorxub dağlarda gizlənmiş
hakimiyyət həvəskarları onun dünyasını dəyişməsindən
sonra hərəkətə gələcək və
qızılbaş qoşunlarına qarşı ədəbsizlik
nümayiş etdirəcəklər. Şah İsmayıl sonra
əlavə etdi ki, qızılbaşlar arasında elə bir adam görmür ki, onu Şah Təhmasibin vəkili
etsin və bununla din və dövlət də əldən getməsin.
Şah İsmayıla görə,
qızılbaş əyanları arasında səltənət
vəkili vəzifəsinə Div Sultandan yaxşı namizəd
yox idi və bu fikrini o, saray əyanlarına və əmirlərinə
də açıqladı. Sonra da Div
Sultana buyurdu ki, onu oğlu Təhmasib Mirzənin vəkili təyin
edir. Şah İsmayılın buyuruğuna əsasən,
Div Sultan 7 il vəkili-mütləq
olmalı, bütün saray əmirləri, qızılbaş
qoşunları, sufiləri birmənalı şəkildə
ona itaət etməli idilər. Amma bu şərtlə
ki, gərək Div Sultan qızılbaş
qoşunlarını incitməyəydi və qoşun əhlini
narazı salmayaydı. Təhmasib şah 18
yaşına çatandan sonra isə dövlət idarəçiliyini
bütünlüklə ona təhvil verilməli idi.
"Aləmara-yi
Səfəvi" əsərində isə Şah
İsmayılın son vəsiyyətini etməsi belə təsvir
olunmuşdur: "Baxıram ki, Div sultandan başqa, kimsə
oğlumun vəkilliyini edə bilməyəcəkdir. Div
sultana üz tutub dedi ki, səni kamil və halal bir insan kimi
tanıyıram. Amma gərək mənim xatirimə
öz tündlüyünü kənara qoyasan,
qızılbaşlarla məhəbbətlə və
mehribanlıqla dolanasan. Əgər Bəlxdəki
Xanan sultan burda olsaydı yaxşı olardı. İndi
ki, sən burdasan, səni yeddi il müddətinə
əziz övladımın səlahiyyətli vəkili təyin
edirəm. Övladım on səkkiz
yaşına çatanda onu artıq öz başına
burax".
Bu əsərdəki məlumata görə, Div Sultan bu
sözləri eşidəndən sonra Şah
İsmayılın qarşısında təzim etdi və bir
daha itaətini bəyan etdi. Şah İsmayıl
sonra qızılbaş əmirlərinə də öz vəsiyyətini
çatdırdı və onlara tövsiyə etdi ki, heç
bir zaman öz aralarında nifaq etməsinlər. Qarşılıqlı anlaşma və ittifaqda
olmağı o, sufiliyin tələblərindən biri kimi dəyərləndirdi.
Şah İsmayılın fikrincə,
qızılbaşlar öz aralarında ittifaqda və
qarşılıqlı anlaşmada olduqları təqdirdə
dörd tərəfi bürüyən düşmənlər
də onlara heç nə edə bilməzdilər. Sonra Şah İsmayıl qızılbaş əyanlarına
çoxlu nəsihətlər etdi və onlara bildirdi ki, nə
qədər aranızda ittifaq var, heç bir padşah sizin
üstünüzə hücum etmək iradəsinə malik
deyil. Çünki onların hamısı
qızılbaşlardan qorxurdular: "O həzrət zəfər
aqibətli böyük əmirləri və qoşun
başçılarına buyurdu ki, sufiliyin tələblərindən
biri nifaq etməkdən əl çəkib ittifaqda
olmaqdır. Belə olsa dörd tərəfinizdə olan
düşmən heç bir iş görə bilməz. Aranızda birlik yaransa, heç bir padşah
qızılbaşlarla müharibəyə girməyə cəsarət
etməz. Çünki onların
hamısı qızılbaşlardan qorxurlar".
Həmin anlarda Şah İsmayılın hərarəti
xeyli dərəcədə yüksəldi və sonrakı 2-3
gün ərzində də bu hərarət enmədi. Vəziyyəti
o qədər ağırlaşdı ki, Şah İsmayıl,
hətta namazı da oturduğu yerdə qılmağa məcbur
oldu. Ətrafına əmirlərin və əyanların
toplaşdığı günlərin birində Şah
İsmayıl bəyan etdi ki, üç gündən sonra
dünyanı tərk edəcəkdir. Şah
İsmayıl onu da əlavə etdi ki, Əmirəl-möminin
də yuxuda ona Təhmasib Mirzəni şahlıq taxtına
çıxarmağı buyurmuşdur. Çünki
Şah İsmayılın övladları içərisində
yalnız Təhmasib Mirzə bu qabiliyyətə malik idi.
Dünyasını
dəyişməsi ərəfəsində Şah
İsmayıl bütün böyük əmirləri,
ağsaqqalları, qızılbaş qoşunları əmirlərini
yanına topladı, onların yanında şahlıq
tacını Təhmasib Mirzənin başına qoydu, belindəki
kəmərini onun belinə bağladı, boynunu qucaqladı, əcdadlarından
eşitdiyi öyüdləri onun qulağına söylədi,
sonra da onun adına xütbə oxudu.
"Aləmara-yi Şah İsmayıl" əsərindəki
məlumata görə, bu mərasimdən sonra bütün əmirlər
Şah İsmayılın olduğu otağı tərk etdilər. Təhmasib
Mirzə onun yanında qalmaq istəyəndə, Şah
İsmayıl onun da otaqdan çıxmasını istədi.
Təhmasib Mirzə də göz yaşları
ilə bildirdi ki, belə bir vəziyyətdə onu tərk edə
bilməz. Şah İsmayıl etiraz etməsə
də, elə bu vaxt onun halı daha da pisləşdi. Təhmasib Mirzə atasının
çarpayısına yaxınlaşanda artıq onun
dünyasının dəyişdiyinin və həyatını
pərvərdigara bağışladığının
şahidi oldu. Onun ah-fəğan etməsini
eşidəndə Div sultan və digər böyük əmirlər
otağa daxil oldular. Adıçəkilən
əsərin verdiyi məlumata görə, bütün əmirlər
ah-zar etməyə başladılar,
qarşılaşdıqları bu müsibətə görə
yaxalarını didib-parçaladılar, qoşun əhli
arasında qiyamət qopdu.
"Aləmara-yi Səfəvi" əsərində
Şah İsmayılın dünyasını dəyişməsi
anı ilə bağlı bəzi xırda təfərrüatlar
da vardır. Bu əsərdəki məlumata görə, həyatının
son anlarında Şah İsmayıl böyük əmirlərin
hər biri ilə vidalaşdı və sonra da onlardan xahiş
etdi ki, çadırı tərk etsinlər və onu tənha
buraxsınlar. Bütün əmirlər
Şah İsmayılın olduğu çadırı tərk
etdilər. Sonra Şah İsmayıl oğlu Təhmasib
Mirzənin də onu tək qoymasını istədi və ona
dedi: "Ey gözümün işığı oğlum, sən
də çıx bayıra". Təhmasib Mirzə isə
ona belə cavab verdi: "Ey möhtərəm
ata, sənə qurban olum! İcazə ver, mən
qalım". Təhmasib Mirzə hiss etdi ki, Şah
İsmayıl nə isə demək istəyir. Qalxmaq
istəsə də özündə güc tapa bilmədi.
Sonra o əlini dodaqlarına aparmaq istədi.
Yenə gücü çatmadı, əli
yanına düşdü və Şah İsmayıl
özündən getdi. Təhmasib Mirzə
(mənbələrdə o artıq Şah Təhmasib kimi təqdim
olunub) ona yaxınlaşıb gördü ki, Şah
İsmayıl daha dünyasını dəyişib. Şah Təhmasib başındakı tacını
yerə qoydu və haray çəkərək göz
yaşı axıtdı. Onun səsinə
digər böyük əmirlər də gəlib Şah
İsmayılın keçinməsindən xəbər
tutdular. Mənbə məlumatlarına
görə, əmirlər və qızılbaş qoşunları
arasında bir qiyamət yaşandı, haray və inilti ətrafı
bürüdü. Yas əlaməti olaraq
heyvanların yalları və quyruqları qırxıldı.
Şah İsmayılın dünyasını dəyişməsi
səltənət daxilində dərin bir hüzn ilə
qarşılandı, şəhərlər və
yaşayış məntəqələri qaraya boyandı. Bəzi məlumatlara görə,
Şah İsmayılın ölüm xəbərini alan Səfəvi müridləri əyinlərinə
kəfəni xatırladan ağ libas geyinib başlarını
xəncərlə yaralayır və sonra da al qana
boyanırdılar. Belələrindən, hətta
dünyasını dəyişənlər də olmuşdu.
Şah İsmayılın dəfn mərasiminə
Astrabaddan olan dini işlər sədri Əmir Camaləddin Məhəmməd
rəhbərlik edirdi. Ölkənin ən nüfuzlu, ən hörmətli din
xadimləri, dövlətin əmirləri, əyanları, sufi xəlifələri və müridləri
bu mərasimdə iştirak edirdilər. Əmir
Camaləddinin rəhbərliyi altında Şah
İsmayılın nəşi yuyulub kəfənə
büründü və dəfn namazı qılındı.
Sonra da Şah İsmayılın nəşi
Əmir Camaləddinin rəhbərliyi, pak sufilər dəstəsinin
və qorçuların müşayiəti ilə Ərdəbilə
yola salındı. O, Şeyx Səfi türbəsində
ulu əcdadı Şeyx Səfiəddinin qəbri yanında dəfn
edildi.
Şah İsmayıl mənsub olduğu sülalənin
hökmdarları arasında yeganə hökmdardır ki,
Ərdəbildə, Şeyx Səfi türbəsində dəfn
edilmişdir.
Şübhə etmək olmaz ki, əcdadlarının
türbəsində dəfn edilməsi onun öz istəyi və
vəsiyyəti əsasında baş vermişdi. Onu da ehtimal etmək olar ki, dünyasını dəyişməsi
ərəfəsində Şeyx Səfi türbəsini ziyarət
edərkən Şah İsmayıl elə bu vəsiyyətini
etmişdi. Şah İsmayıl ulu əcdadı
Şeyx Səfiəddinin məzarının kənarında,
ayrıca dəfn edilmiş və Şeyx Səfiəddinin günbəzindən
Şah İsmayılın məzarı üzərində
tikilmiş günbəzə keçid qoyulmuşdur.
Şah İsmayılın bu məkanda dəfn edilməsi həm
də Çaldıran döyüşü şəhidlərinin
böyük bir hissəsinin Şeyx Səfi türbəsi ətrafında
dəfn edilməsi ilə bağlı ola
bilərdi. Şah İsmayıl burada dəfn
olunmaqla həm əcdadlarının, həm də onun
üçün xatirəsi əziz olan əmirlərinin və
döyüşçülərinin ruhlarına
qovuşmuşdu.
Sonradan Şah İsmayılın məzarı üzərində
sənduğə qoyulmuş və günbəz
ucaldılmışdır. Bu günbəz və
sənduğə bütünlükdə Şeyx Səfi
türbə kompleksinin tərkib hissəsi kimi yüksək sənətkarlıq
nümunəsidir və burada dövrün bir sıra sənət
sahələrinin ən yaxşı ənənələri
öz əksini tapmışdır. Şah
İsmayılın günbəzi və məzarüstü sənduğəsində
arxitekruranın, tikinti işinin, kaşı işlərinin, rəngkarlığın
və rəssamlığın, xəttatlığın, oyma
sənətinin dəyərli izləri və nümunələri
ilə üzləşmək mümkündür. Başqa sözlə, bu sənət abidələri
Səfəvi dövründə memarlığın, rəngkarlığın,
tətbiqi incəsənət sahələrinin yüksək
inkişafının əyani təsdiqidir. Bu sənət nümunələrinin icra üsulu və
keyfiyyəti elə indinin özündə də mütəxəssislərin
müzakirə və heyrət obyekti olaraq qalmaqdadır. Şeyx Səfinin günbəzi və qəbri ilə
Şah İsmayılın günbəzi və qəbrinin
yaradılması fərqli dövrlərdə baş
vermişdir - birincisi teymurilər hakimiyyəti dövründə,
ikincisi isə səfəvilər hakimiyyəti dövründə.
Lakin bu əsərlər həm sənətkarlıq
baxımından, həm də üslub və məzmun
baxımından bir-birini üzvi şəkildə
tamamlayır. Bu sənət əsərləri
arasında, eyni zamanda bir dini-ideoloji vəhdət də
özünü göstərməkdədir.
Şah İsmayılın məqbərəsini öyrənmiş
Qərb və Şərq mütəxəssisləri birmənalı
şəkildə bildirirdilər ki, bu Səfəvi
şahının qəbirüstü sənduğəsi elə
bir sənət əsəridir ki, onun oxşarının
yaradılması mümkün deyildir. Xüsusilə, belə
bir cəhətə diqqət yetirilir ki, qəbirüstü sənduğənin
əsasını ağac materiallar təşkil edir və bu
material üzərində zərif oyma işlərinin, şəbəkə
işlərinin aparılması üçün ən mahir
ustaların və sənətkarların cəlb edildiyi
şübhəsizdir. Nəbati təsvirlərin
çox kiçik ölçülərdə oyulması və
həkk edilməsi son dərəcə incəlik və zəriflik
tələb edən şəbəkə işlərində həndəsi
ölçülərin son dərəcə dəqiqliklə
gözlənilməsi və bu zaman təsvir gözəlliyinin
qorunması Şah İsmayılın qəbirüstü sənduğəsini
əsl sənətkarlıq nümunəsinə
çevirmişdir.
Şah İsmayılın qəbirüstü günbəzinin
və sənduğəsinin tikilməsi onun oğlu Şah Təhmasibin
hakimiyyəti illərinə təsadüf edir. Şah Təhmasib
bütünlükdə, Şeyx Səfi türbəsinin
abadlaşdırılması və onun əzəmətinin
qaldırılması istiqamətində xeyli işlər
görmüşdü. O, türbə kompleksinə aid
olan məscidin və qəndilxananın tikilməsinə,
kompleksin elementləri arasında əlaqə
yaradılmasına, Şeyx Səfi xalçası kimi nadir sənətkarlıq
nümunəsinin hazırlanmasına müvəffəq
olmuşdu. Elə onun hakimiyyəti illərində
də Şah İsmayılın yüksək sənətkarlıq
nümunəsi olan günbəzinin və qəbirüstü sənduğəsinin
hazırlanmasına başlanmışdı.
Xarici görünüş baxımından Şeyx Səfiəddinin
qəbirüstü sənduğəsi ilə Şah
İsmayılın qəbirüstü sənduğəsi
arasında bir oxşarlıq vardır. Baxmayaraq ki,
türbədə çoxlu sayda digər qəbirlər və
qəbirüstü sənduğələr vardır,
oxşarlıq yalnız bu iki sənət əsəri
arasındadır. Şah
İsmayılın qəbirüstü sənduğəsi
ölçülərinə görə çox azacıq fərqlə
Şeyx Səfiəddinin sənduğəsindən
kiçikdir.
Şah İsmayılın qəbirüstü sənduğəsinin
üzərindəki yazıdan görmək
mümkündür ki, bu sənət əsərinin
yaradıcısı Maqsud Əli adlı bir sənətkardır. Mütəxəssislərin
fikrincə, bu sənətkar elə bir üslub, texnika, məharət
nümayiş etdirmişdir ki, hətta Şeyx Səfiəddinin
qəbirüstü sənduğəsinin də sənətkarlıq
səviyyəsini üstələyə bilmişdi. Yəni Şah İsmayılın qəbirüstü
abidəsi bu Səfəvi hökmdarının, böyük sərkərdənin
və söz ustasının əzəmətini tamamlayan bir sənət
əsərinə çevrilmişdir.
Şah İsmayıl ilə Şeyx Səfiəddinin qəbirüstü
sənduğələrində dini-ideoloji məzmun
baxımından da müəyyən fərqləri görmək
mümkündür. Bu da onunla bağlıdır ki, Şah
İsmayıl artıq fərqli bir məzhəbə mənsub
idi və bu məzhəbi öz dövlətinin də rəsmi
məzhəbi elan etmişdi. Şah
İsmayıl bu məzhəbə dərin etiqad bəsləyirdi
və bunun əlamətlərini həm qəbirüstü sənduğənin
kitabələrində, həm də qəbirüstü
günbəzin kitabələrində görmək
mümkündür. Şeyx Səfiəddinin
Ərdəbilinin qəbirüstü sənduğəsi üzərində
yalnız "Quran" ayələri
yazılmışdır. Şah
İsmayılın qəbirüstü sənduğəsi
üzərində isə "Quran" ayələrindən
başqa, Allah, Məhəmməd və Əli sözlərinin
bəzək elementləri formasında təsvirlərinə də
rast gəlmək mümkündür. Şah
İsmayılın qəbirüstü günbəzinin
çöl tərəfdən yuxarısında isə
imamların adları və onlara salavat ayrıca kitabə
halına salınmışdır.
Bu mənada,
Şah İsmayılın qəbirüstü sənduğəsi
və günbəzi yalnız bir sənətkarlıq nümunəsi
deyil, həm də islam və məzhəb
dəyərlərinin əks olunduğu abidələridir.
Mütəxəssislərin apardığı
araşdırmaya görə, Şah İsmayılın qəbirüstü
sənduğəsinin müxtəlif hissələrində
"Quran"ın üç surəsindən, Qaf,
Əl-Müzəmmil və Əl-İnsan surələrindən
23 ayə həkk olunmuşdur. Bu ayələrdən
12-si tam şəkildə, 11-i isə natamam olaraq kitabə
şəklinə gətirilmişdir. Tam
şəkildə həkk olunmuş ayələr - Qaf surəsinin
1-ci ayəsi, Əl-Müzəmmil surəsinin 6-cı, 7-ci,
8-ci, 9-cu, 12-ci və 20-ci ayələri, Əl-İnsan surəsinin
isə 3-cü, 4-cü, 16-cı, 25-ci, 26-cı ayələridir.
Natamam şəkildə həkk olunmuş ayələr
isə Qaf surəsinin 2-ci ayəsi, Əl-Müzəmmil surəsinin
2-ci, 10-cu 11-ci, 13-cü və 14-cü ayələri,
Əl-İnsan surəsinin isə 2-ci, 17-ci, 27-ci, 30-cu, 31-ci ayələridir.
Bu ayələr məzmun baxımından Şah
İsmayılın dini-ideoloji inanclarının ifadəsi olub
yazılış baxımından da qəbirüstü
sanduğənin sənətkarlıq mənzərəsini
tamamlamışdır.
Mehman SÜLEYMANOV
Ədəbiyyat qəzeti.- 2021.- 13
fevral.- S.8-10.