Muzeyə çevrilən şəhid
otaqları
Nə yaxşı var gül balalar!
Hər şəhid anası üçün indi yeganə təsəlli itirdiyi, torpaq uğrunda qurban verdiyi balasının adının unudulmaması, insanlar tərəfindən tez-tez xatırlanmasıdır. Onlar xatırlandıqca, igidlikləri, adları öyüldükcə ana ürəyi az da olsa təsəlli tapır. "Şəhidlər unudulanda ölürlər" - deyimini bu qədər dərindən başa düşmürdüm. Ancaq xalamın balası şəhid olandan sonra bu fikrin nə qədər dəqiq və yerində deyildiyinin fərqinə vardım.
Övladı cəbhədə olanda hər gün onu itirmək qorxusu ilə yaşayan, dualar edən, dualarının eşidilməsi üçün yalvaran ana indi onun xatirəsinin unudulmaması üçün çalışır ancaq. Ana qorxur ki, birdən oğlu yaddan çıxar, insanlar onu unudarlar. Unudulsa, oğlu ölər. Axı o, ölməyib, şəhid olub. Şəhidlər isə ölmür.
Unudulsalar... bircə unudulsalar ölə bilərlər. Məhz buna
görə də unutmaq olmaz. Unutdurmaq olmaz!
Saatlı rayonunun Qaralar kəndinin şəhidi Oqtay Səfərovun
cəmi 27 yaşı vardı. Pandemiya bitsəydi,
müharibə olmasaydı, toyu olacaqdı. Anası Zülfiyyə xanım ona bəy
otağı ayırmışdı. Həmin
otağı təmir elətdirmişdilər ki, Oqtay evlənib
gəlinini gətirsin. O otaqda oğlunun yasını
quran ana indi həmin otağı muzeyə çevirib. Oqtayın şəkilləri, sənədləri, məktəb
vinetkaları ilə yanaşı, şəxsi əşyaları
o otağa toplanıb.
O muzeyə
daha bir şəkil əlavə etdik. Ancaq bu dəfəki
şəkil fərqlidir, Bakıdan Saatlıya yol alıb gəlib.
Rəssam Vüsal Tərlanoğlunun işlədiyi
portreti özümlə aparmışam.
Əvvəlcə onu maşının yük yerinə
qoymaq istəyirik. Ancaq şəkil ora
sığışmır. Elə bil orda
getmək istəmir, orda nəfəsi darıxır. Arxa oturacaqda oturub portreti qucağıma alıram, bərk-bərk
qucaqlayıram ki, maşın hərəkət elədikcə
ora-bura dəyib ziyan görməsin.
Portreti qucaqlayıram, mənə elə gəlir ki, bu
qucaqladığım körpə Oqtaydır. Axı mən
onun ən çox körpəliyini xatırlayıram. Rayondan çıxdığım 24 ildir. Onda onun cəmi 4-5 yaşı vardı. Daha sonra bütün doğmalar kimi onunla da az-az,
toydan-toya, yasdan-yasa görüşmüşəm. Hər dəfə də tünlük içində,
qaça-qaçda.
İndi neynəsəm də, gözümün
qabağına 4-5 yaşlı o uşağın siması gəlir. Bircə bunu deyə bilirəm:
"Can, körpə!"
Hərdən portretin arxasında gizlənib
ağlayıram. Yol azaldıqca, kəndə
yaxınlaşdıqca xalamla görüşmək
gözümə durur. Dəfn
günündən gedənəm, sonra Korona bəlasına
yoluxduq deyə, kəndə gələ bilmədik.
Xalamla hər telefonda danışanda axırı
ağlamaqla qurtarır. Ürəyimdə qara-qara düşünürəm
ki, telefonda elə ağlayan, görəsən, məni
görcək necə ağlar! Üstəlik,
portretə verəcəyi reaksiyadan da qorxuram. Ancaq bu portret də xalamın öz arzusudur, onu da
Oqtay qardaşımızın otağındakı muzeyə əlavə
eləmək, xatirələrini çoxaltmaq istəyir. Oqtayın xatirələri çoxalanda xalamın
ürəyi sakitləşir, ona indi bu nişanələr təskinlik
verir.
Nəhayət, maşın taybatay açıq həyətə
girir. Uzaqdan görürəm ki, xalamın yoldaşı həyətin
o başında heyvanların yanındadır. Bu heyvanları, danaları, inəkləri də Oqtay
almışdı. Min bir zəhmətlə,
şəhərdə ağır işlərdə
çalışa-çalışa. İndi
onlar da Oqtayın yadigarlarıdır. Ona
görə heyvanlara xalam da, xalamın əri də
gözü kimi baxır. Uşaqlıqdan
Oqtay özü də heyvanları sevirdi. Həyətlərindəki
iki it, qapılarının pişiyi də adamı kövrəldir
indi. Heyvanlar da ailənin kədərini
duyur, baxırsan ki, onlar da kədərlidir. İtlər heç hürmür, pişik gəlib
ayaqlarıma sırmaşmır, inəklər də səssiz-sədasız
başlarını aşağı salıblar.
İtləri görüb bir xatirəni
xatırlayıram. Nənəm dayımın oğlu ilə
məni götürüb kəndə, xalamgilə
aparmışdı. Xalamgilin
qapılarına yaxınlaşan kimi yarıaçıq
qapıdan it çıxıb üstümüzə cumdu.
Dayımoğluyla üzü geriyə qaça-qaça
qışqırmağa başladıq:
- Oqtay!
Oqtay, kömək elə!
Oqtayın onda 7-8 yaşı vardı. Gülə-gülə
qapılarında göründü, iti geri
çağırdı. Qorxudan ayaq üstə
ölmüşdük yoxsa.
Az
qalıram soruşam ki, bu həmin itdirmi? Ancaq
soruşmuram.
Maşından düşəndə qabağıma
dayımın yoldaşı gəlir, əlbəttə ki,
gülümsəyə-gülümsəyə. Bərk-bərk
qucaqlaşırıq, yenidən
görüşümüzün sevincini dadırıq. Sonra qapıda xalam görünür. Gülüşüm üzümdə donur,
dayımın yoldaşı da özünü
yığışdırır. Xalamın
yanında gülməkdən utanırıq, gülməyə
ürəyimiz gəlmir. Xalam çatan
kimi məni qucaqlayıb hönkürür. Bircə saniyə qabaq gülən adamdım, mən
də ona qoşuluram.
"Balam evinə gəlib" - xalam ağlaya-ağlaya
deyir, portreti maşından çıxarıb evə
aparırıq. Üzünə vurulmuş kartonları
sökməyə başlayır dayımın oğlu. Xalam kirimişcə durub baxır. Xalam qızları Könüllə Günelsə
ağlamağa başlayıblar. Qapqara
hicabda, uzun qara libasda Könül "Dədə Qorqud"
filmindəki qırx incə belli qızları
xatırladır.
Şəklin üzü açılır,
dayımoğlu portreti divara söykəyir. Xalam qəfildən
yerə çökür, iməkləyə-iməkləyə
şəklə sarı gedir və elə bir ağlamaq
ağlayır ki, sözlər acizdir təsvir eləsin. Elə yana-yana ağlayır, bir anlıq mənə
elə gəlir qadın həqiqətən alışıb
yanır, ancaq oduna yaxın düşmək də olmur. Xalam elə ağlayır, elə bil oğlunun tabutu
təzədən gəlib evə.
Rəssam portreti olduqca canlı, gerçək
yaradıb.
Xalam portretə baxıb deyir: odur, özüdür,
Oqtaydır, ancaq bu da mənimlə danışmır!
Elə bil portretin dil açıb
danışacağını gözləyirmiş ana. Bağrımın
başı qana dönür. Elə bilirəm
portretin dil açıb danışmamasının
günahkarı mənəm. Sanki əlimdən
gələn bir işi xalamdan, onun balasından əsirgəmişəm.
Suçluluq duyğusunun altında əzilib
haldan-hala qalıram. Xalamı qucaqlayıb
duzlu göz yaşlarından öpürəm. Ağladıqca əlləri, barmaqları göz
yaşlarına bulaşan xalam şəklin üzünə də
toxunur. Kənardan kimsə deyir ki, şəklin
üzünə toxunmasın. Qorxur ki,
barmaqlarıyla şəklə xətər yetirər, sonra
barmaqlarını havada gəzdirir eləcə, ağlayır,
suallar verir.
Portretdən kədərlə baxan Oqtay isə susur.
Xalam ağlayıb doyandan sonra şəkli
götürüb Oqtayın otağına aparır. Dalınca
gedirik. İçəri girəndə qəribə
hisslər yaşayıram. Sanki Oqtay elə
burdadır. Üstünə bayraq
örtülmüş çarpayısına qoyurlar portreti.
Xalam oğlunu oxşayır, "gəlib
çıxdın evinə, öz otağına?"
Otaq şəkillərlə doludur, burda Oqtayın hər
yaşda çəkilən şəkilləri var. Masanın
üstündə uşaqlıq şəkilləri, orta məktəb
dövründə çəkilən fotoları qoyulub. Balaca
ölçüdə bir fotonu götürürəm, Oqtay
burda həmişə xatırladığım
yaşdadır.
Kitab oxuduğunu, kitablara marağının olduğunu
bilmirdim, axırıncı dəfə Oğuz Atayın
"Tutunamayanlar" kitabını oxuyurmuş.
Bir neçə qol saatı yan-yana düzülüb. Sonuncu saat
sınıqdır. Xalamqızı bu
saatın şəhid olarkən qolunda olduğunu deyir. Üstündən götürülən yeganə əşyadır.
Beynimdə müxtəlif ssenarilər qururam
saata dair. Hamısını da dərhal
unutmağa çalışıram.
Divarın dibində bir neçə ayaqqabısı,
idman alətləri qoyulub. Divarlardan birindən hərbi
xidmətdən qayıdanda əynində gətirdiyi hərbi
forması asılıb.
Böyük
xalam qulağımın dibində kiçik xalamın
qarasına deyinir: "neynirsən saxlamısan bu formanı? Elə bil ki, bu gün üçün
saxlayıbmış!"
Sanki hər şey elə bu formanın
günahıdır?!
Divara vurulan şəkillərin arasından bir şəkli
xüsusilə göstərirlər. "Sevdiyi
qızdır!" - deyirlər. Bərabər şəkil çəkdirməyə
imkan da tapmayıblarmış. Sonradan
qoşalaşdıqları bu fotoya baxıb susuram, artıq
heç bir sözün mənası yoxdur.
Süfrəyə dəvət edirlər. Ancaq otaqdan
çıxmaq istəmirəm. Elə bilirəm
biz bu otaqdan çıxanda Oqtay burda tək qalıb
darıxacaq. Elə bilirəm bizim
arxamızca baxır.
"Nə yaxşı var gül balalar!"
Xalamın qız nəvələri ortalıqda
qaçışır. Günelin oğlunu
çağırıb çantamda gətirdiyim uşaq
jurnalını verirəm, ancaq tapşırıram ki, hələ
hərfləri təzə öyrənən bacısına da
oxusun. Könülün oğlu balaca
Nüsrətin dili elə bil baldır. Şirin,
istiqanlı uşaqdır, iki dəqiqədən sonra Elsevərin
qucağına çıxır, hətta əlindən plov
yeməyə başlayır. Müharibə
dövründə doğulan balaca qızı isə gah mən
alıb oynadıram, gah dayımın oğlu. Kəndlərinin üstündə düşmən
uçağı vurulan gün tələsib dünyaya gəlib
balamız. Silah səsinə diksinib anasının bətnindəcə!
Arzumuz budur, bir də ömrü boyunca silah səslərinə
diksinməsin, silah səsləriylə oyanmasın,
qorxmasın!
Elə dayısı da bu yolda fəda olub. Fəda olub ki, gül balalar
aydın sabahlarda oyansın, gecələri rahat yatsın!
Ancaq nəvələri ilə danışanda xalamın
hərdənbir dodağı qaçır. Onda elə sevinirəm ki!
Şirindilli Nüsrət nənəsini
danışdırır, eynini açır, heç kimsənin
bacarmadığını bacarır.
Böyük bacı, gündən-günə şam kimi
əriyən, rəngi kağız kimi ağarıb qalan
Günel həyatda daha onun üçün heç nəyin,
heç kimin mənasının qalmadığını
deyir. Təsəlli verməyə belə qorxuram, sözlər
aciz qalır. Ancaq bir azdan balaca Nuray
anasına yaxınlaşır, hardasa qollarını suya
batırıb. Anası toxunan kimi hiss edir, qəfil
sıçrayır, "sənə soyuq olar!" - deyir, Nurayın paltarını dəyişmək
üçün içəri otağa aparır. Baxıram ki, ancaq uşaqlar xalamı, xalamın
qızlarını adi, gündəlik həyata qaytara bilir,
onları yenidən həyata bağlaya bilir, gələcək
barədə ümidlər oyadır.
Nə
yaxşı var gül balalar! Onlar olmasaydı, həyat
necə çətin, necə dözülməz olardı deyə
düşünürəm. Allah bütün
balalarımızı qorusun və onları da müharibəylə,
çörəklə, xəstəliklərlə
sınağa çəkməsin!
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2021.- 13
fevral.- S.11.