Bir az sərt, bir az cod, daha çox zərif...
Vidadi
Babanlının portretinə ştrixlər
Ustad
Vidadi Babanlının xarakterinin obrazını müəyyənləşdirmək
üçün bircə xatirə detalı - mənzilində
kitab rəfinin üstündəki fotoşəkil də kifayət
edər: "Mənzilimdəki babat iş otağımın
diqqətçəkən yan divarı boyunca hündür,
şahmatvari kitab düzümünün tən ortasında bir
o qədər də böük olmayan fotoşəkil
qoyulmuşdur. Rəngi saralıb-solmuş,
çox köhnə bir şəkildən dörd-beş
yaşlarında, sarışın, nədənsə
küskün bir oğlan uşağı boylanır. Hər səhər, lap ertə ikən yazı
masasının arxasına keçəndə onunla istər-istəməz
göz-gözə gəlirəm. Məni
maqnit kimi özünə çəkir. Xeyli
qıyılmış, kövrəkcə baxışları
qəlbimi qeyri-adi bir riqqətlə döyündürür.
Sanki məni him-cimlə gizlin söhbətə
çağırır, murgülü yaddaşımı
oyatmağa çağırır".
Yazıçının xarakteri və xasiyyəti bir
çox hallarda ədəbi qəhrəmanlarının
taleyini də müəyyənləşdirir. Akademik N.Cəfərov
haqlı olaraq qeyd edir ki, "Vicdan susanda" romanının
qəhrəmanı Vüqar Şəmsizadə obrazında
"təhtəlşüur inersiya ilə müəllifin
özü əks olunmuşdur". Etiraf edirəm ki, mən
milli nəsrimizin patriarxı Vidadi Babanlının əsrələrini
nədənsə həmişə köntöy, cod, həm də
son dərəcə həlim "xarakterinin
işığı" altında oxumuşam,
qeyri-şüuru olaraq paralellər, eyniliklər
axtarmışam. Bu, onu yaxından tanımağımdan irəli
gələ bilər...
Desəm ki, yazıçının bütün əsrələrində
avtoportreti boy verir, yanılmaram. Hətta inanıram ki,
"Kişilik himni" şeirinin ilk bəndin də
özündən bəhs edir:
Qeyrətli,
cürətli, ağlı yerində,
Şövqlü,
məhəbbəti, qeyzi dərində,
Əməlində
saleh, sözünə bütöv,
Bir az sərt, bir az cod, bir az da köntöy
Kişilər
lazımdır xalqa, kişilər
Rədd
olsun boğaza xalta kişilər!
Vidadi müəllim yaradıcılığa şeirlə
başlayıb - bu, hamıya məlum olan həqiqətdir. Bu gün də
həmin həvəs və ehtirasla şeir yazır.
Ümumiyyətlə, nasirin poeziyaya dönüşü maraqlı
psixoloji hadisədir və nəsr yazıçının
"poeziya damarını" daha tez aşkar edir...
Vidadi Babanlı nəsrinin poeziyası ilk növbədə
təhkiyəsinin siqlətində və bədii detallarda
üzə çıxır. Ona görə də
"Vicdan susanda" romanını poetik əsər kimi oxuyur
və qavrayırıq.
V.Babanlı romanda - bu "mənəviyyat
dastanın"da təbiət-landşaft mənzərələrini
mənsur şeir kimi yazır. Fikrimin sübutu üçün
"Vicdan susanda" romanından bir parçanı örnək
gətirim: "Adətən oktyabr ayının axırına
yaxın kəndlərində soyuqlar özünü
yavaş-yavaş hiss etdirir, gecələr hava ayazıyır,
dan ulduzu doğar-doğmaz çöllərə, həyət-bacalara
qırov düşür, boz torpağın rəngi bir az da
bozarır. Amma indi günlər hələ də
mülayim keiçrdi. Sentyabr
çıxandan bəri üfüqlərdə özünə
daim məskən salıb, tez-tez bütün səmanı
bürüyən, bəzən tam bir həftə
gözünün qarasını sıxan ağır, zəhmli
buludların növrağı təzədəb pozulmuşdur.
Yaxşı didilib pilələnmiş yun kimi çəngə-çəngə
olub göyün hər tərəfinə səpələnmişdi..."
Həmin əsərdən
istər-istəməz sevdiyim bir parçanı da peyzaj
şeiri kimi oxuyuram: "Cır meyvələri gec yetişən,
qışın sərt şaxtalarınacan qalan yemşənlər
ətlənib xırdalanmışdı. Göyəmlər
üstündən göy tozunu silib qaralmış,
şişib girlələnmişdi. Qatar-qatar
qızılçalar, turşənglər orda-burda
qızarırdı. Buğumlanmış itburnular,
salxımlanmış iydələr narıncı rəngə
boyanmışdı..."
Bu, qətiyyən təsadüfi hal deyil. 1949-cu ildə, 22
yaşında yazdığı bir şeirindəki
yağışlı yaylaq gecəsinin təsvirindən onun
mükəmməl "peyzaj gözü" baxır:
Günəş
batır, şər qarışır, naxır dönür
örüşdən,
Duman gəlir binə üstə sallanıb qarşı
döşdən.
...Yalaqlar
dolub-daşır, çuxurlarda göl durur,
Əsən
külək damcıları yamac boyu sovurur...
Vidadi
Babanlının estetik xarakterindən gələn bir məqam
var: Onun kişi qəhrəmanları həmişə
genişlik üçün darıxırlar. Darısqal,
qapalı məkandan genişliyə, açıqlığa,
azadlığa, sərbəstliyə-küçəyə,
meydana çıxmağa tələsirlər. Vidadi
müəllim bədii təxəyyülündə qəhrəmanlarının
məskunlaşdığı və ya işlədiyi məkanları
(ev, kabinet, laboratoriya...) gözəlləşdirir
və sahmana salır. Həmin bədii məkanlarda
əşyaları-predmetrləri sevgi ilə, "eydirə-eydirə",
əzizləyib təqdim edir. "Vicdan susanda"
romanında laboratoriyada əşyaların, predmetlərin
sadalanması məkanın özünü də
görümlü edir: "Tək ortada uzun, ensiz dolablarda
irili-xırdalı kolbalar, müxtəlif formalı menzurkalar,
böyük şüşə balonlar, cihazlar, aparatlar səliqəsiz
halda, yığın-yığın olub qalmışdı. Lap küncdə qoyulmuş yeganə tumbanın
üstündəki böyük analitik tərəzinin qəhvəyi
qutusu uzun həftələrin, bəlkə də ayların
tozu altında bomboz bozarmışdı. İçərinin
havası da çox ağır idi. Lax yumurtanın
qoxusunu andıran kəşif bir iy adamı tezcə
vururdu..."
Vidadi
Babanlının xasiyyətindən - xarakterində gələn
və əsərlərinə dərindən yansıyan bir məziyyəti
də qeyd etmək istərdim: O, təhkiyə - süjetboyu həmişə
qəhrəmanlarını qorumağa çalışır,
onları bütün sınaqlardan, məhrumiyyət və
çətinliklərdən keçirib işığa
çıxarmağa çalışır. Ona
görə də Vidadi Babanlı nəsrində Kişi məkanı
həmişə işıqla doludur. Onların adları
və soyadları kosmoqonik kodda gerçəkləşir
(Söhrab Günəşli, Şölə, Vüqar Şəmsizadə,
Ziya Lələyev) bu məkanın sərhədlərini
"işıq" səviyyəsində genişləndirir.
Bu işıq məkanı gözəl qadınlarla təmasın
enerjisi ilə böyüyür və gözümüzdə
genişlənir (Lələyev-Şölə, Zöhrab-Zinyət,
Vüqar-Arzu...). Gözəl xanımlarla
ünsiyyət yalnız süjet situasiyalarını, deyil, həm
də kişilərin davranışını müəyyənləşdirir.
İnsanın
mənəvi dəyəri konkret zaman kontekstində, həyat
sınaqlarında, kritik, xaotik situasiyalarda necə dəyişir
- Vidadi müəllim bu haqda ("Gəlin", "Vicdan
susanda", "Ana intiqamı", "Qəribə
eşq", "Bulanıq zəmanə" və s.)
yazmağı sevir. Onun qəhrəmanları mənsub
olduqları xalqın və cəmiyyətin əxlaq -
davranış dəyərləri ilə sıx
bağlıdır. Məhz buna görə
də "vicdan" anlayışı bir sıra əxlaqi-mənəvi
anlayışları (həşiqət, kişilik, ədalət,
dürüstlük...) ümumiləşdirir və ya əvəz
edir. Bəlkə klassik romanın adı
("Vicdan susanda") həmin mənəvi yaddaşdan gəlir?
90-cı illərdə SSRİ-nin dağılması, cəmiyyətin
kəsin qütbləşməsi yeni qəhrəmanın
varlığını şərtləndirirdi. Yadımdadır: bir
neçə bundan öncə ömrünün ixtiyar
çağında, gözlərinin nurunun sozaldığı
vaxtda özü də qəribə bir israrla "Zəmanə
adamı" romanını yazdı (Doğrudur, sonralar
yazıçı romanın adını dəyişdi,
"Bulanlıq zəmanə" qoydu). Romanı oxumaq
üçün bizə (akademik Nizami Cəfərova və mənə)
verdi. Tənqidi fikirləri səbrlə
dinləyən ustad yazıçı əsərin üzərində
düz bir il işlədi.
Roman 90-cı illərin əvvəllərində, ölkədə
qarmaqarışıqlığın, hökm
sürdüyü vaxtların bədii salnaməsi kimi maraq
doğrur. Guman edirəm ki, qəzetlər arxivlərdə
saralacaq, cırılıb atılacaq, ancaq bu romanı o
dövrün satirası kimi oxuyacaqlar. Əsərin
qəhrəmanı Əfsun Zamanlı (soyadı da buna işarədir)
canavar kimi zamanın iyisini havadan tutur. O, yaxşı
anlayır ki, dəyərlərin aşağı
düşdüyü, idealların puç olduğu bir
dövrdə "zəmanə adamı" olmaq
üçün gərək mənəviyyatsız olasan.
Vidadi Babanlı səmimiliyinin göstəricisi - emosional
yaşam təcrübəsini, fərdi təhtəlşüur
yaşantılarını öz ədəbi qəhrəmanlarına
"ötürməsidir". "Qəribə eşq"
romanında yaşlı adamın (Şərəf kişi) gənc qadını (Şəfəq
müəllimə) sevməsini Vidadi müəllim o qədər
içdən, poetik təsvir edir ki, bunu təxəyyülündə
yaşadığı şəxsi sevgi tarixi kimi qəbul edirsən.
Təhkiyəboyu səpələnmiş detallar, replikalar,
deyimlər (məsələn, Şərəf kişinin məktubundan
bu fakir, inanırsan ki, həm də Vidadi müəllimin
öz qənaətidir: "Məhəbbət nə yaşa
baxır, nə də başa, bu ilahi verginin cücərtisi
ürəyə necə düşür, insan
varlığına yavaş-yavaş nə cür hakim kəsilir,
heç kim doğru-dürüst
bilmir..." Yaxud əsərdə xalq
mahnısının leitmotiv kimi səslənməsi
yaşlı kişinin sevgi etirafı yazıçının
özünü tez "ələ verir".
Vidadi müəllim portretyaratma ustalığı
ondadır ki, qəhrəmanlarını yalnız
danışdırmır, həm də jestləri və
mimikalar ilə, söhbətləri ilə bizə göstərir
və doğmalaşdırır. Hətta
personajların səslərini də görümlü edir.
Məsələn: "Səsi bu arada xırıldadı. Boğazı qıcıqlandı. Olsun ki, yalanının qıcığı idi.
Xeyli öskürüb toxtadı..." ("Qəribə
eşq").
"Gizlinlər" xatirə-romanında Vidadi müəllim
yaradıcılıq taleyini "sənədləşdirdi",
"tərcümeyi-halını tarixləşdirdi" (N.Cəfərov). Bu roman onun
ruhlar səltənəti ilə əlaqə yaratmaq,
keçmişin ilğımına aldanmaq cəhdidir. Uşaqlıq xatirələri bu əsərin ən
şairanə səhifələridir. Bu ixtiyar
yaşında uşaqlıq yaddaşında babası Omar Koxa
ilə son görüş səhnəsini xatırlaması,
Omar Koxanın ölümü detalların dəqiqliyi ilə
heyrət doğurur: "Koxa babanın hərəkətsiz sifətini
sanki birdən xəfif meh üfürdü. Üzündə
güclə seziləcək çimilti yarandı. Üstü qapqara qaralmış iri göz
qapaqlarının küncləri bekaraca səyridi. Həmin səyirti bir azdan kirpiklərinin ortasında
da bəllənərək, handan-hana, çox çətinliklə
aralandı. Öləzik bəbəklərinin
soyuq işartısı göründü. Eyni
anda batıq köksü də bir balaca körükləndi.
Huşu başına cəmləndiyi duyuldu.
Başını qanırmadan, süst
baxışlarla ətrafdakıları süzdü. Uzun
tüklü bığları altında itib-batmış dodaqları
qımıldadı, yorğun-ağrın
pıçıldadı:
-
Hıı-ı... Xo-o-oş..-
sözünün gerisi eşidilmədi..."
Tanıyanlar
yaxşı bilir ki, Vidadi müəllimin nə qədər
cod, tünd xasiyyəti olsa da, çox zərif, mərhəmətli,
şəfqətli ürəyi var. Mətnlərdə sözlərin
"ca" şəkilçisi ilə əzizləmə mənasında
verilməsi (ustufca, yağlıca, kövrəkcə,
bekarca...) görünür, bunun ifadəsidir. Yalnız zərif
ürəyin sahibi qışda "yarımcan otların"
taleyini duya bilər:
Çaxnaşır
haçandı göydə buludlar
Duyulur havadan sərt qış nəfəsi.
Buzuşub
talada yarımcan otlar,
Ötkəm quşların da batqındı səsi.
Vidadi müəllimin gözlərinin nuru itsə də,
canında-qanında güclü yazmaq eşqi ona dinclik vermir. Bu yaşda adətən
qələmi yerə qoyur, xatirələrin ilğımı
ilə yaşayırlar. Amma Vidadi müəllim
bu gün ömrünün "tənhalıq nöqtəsində"
durub, özünün təbiri ilə desək, "vaxtı
ötüşmüş"ün duyğularını nəzmə
çəkir.
...Durub pəncərənin
önündə hər gün,
Bir qoca boylanır ötüb-keçənə.
Gözlər
yol vurğunu, baxışlar küskün,
Çökəlib ovurdlar, titrəyir sinə...
...Seyrəlib
simsarlar, qeyb olub dostlar,
Qohum-əqrəba da yan gedir daha.
Vaxtı
ötüşmüşə kim yaxın
durar?
Qalıb
binəvanın işi Allaha...
Bu
misraları oxuyanda kövrəldim və kişini ziyarət
etmədiyimə görə özümü xeyli danladım...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2021.- 13 fevral.- S.13.