Nəvai - Sultanın süd qardaşı

 

Əlişir Nəvai-580

 

Nəvainin türkçülüyü

 

XIX yüzilin yetmişinci illərində - ümmətçilikdən millətçiliyə keçid dövrümüzdə Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadə "cağatay şivəsində ən böyük şair" adlandırdığı Əlişir Nəvainin müxtəsər bioqrafiyasını hazırlayıb. Sonra 1904-1908-ci illərdə Şeyxülislamın nəvəsi Əli bəy Hüseynzadə diqqəti Nəvainin türklüyünə yönəldib, 1904-cü ildə Misirdə çap olunmuş "Məktubu məxsus" yazısında Osmanlı və Azərbaycan da daxil olmaqla bütün türk ədəbi camiəsini qınayıb: "İranın Qaanilərinə (Mirzə Həbib Şiraziyə) varıncaya qədər məktəb şagirdanına şeirlərini əzbərlətmək; fəqət Mirzə Əli Şir Nəvaidən iki sətir olsun düz oxuya bilməmək... iştə utanılacaq hallardır". 1906-cı ildə Hüseynzadə bu dəfə artıq sırf Azərbaycan mühitinə səslənirdi: "Farabini, Əbu Əli Sinanı ərəb; Rumini, Mir Əlişir Nəvaini fars zənn ediriz. Türk oğlu türk olduqlarından xəbərimiz yoxdur... Lakin belə dahilər yetişdirmək şərəfi yenə türklərə aiddir". 1908-ci ildə isə Əli bəy Hüseynzadənin qələmində epizodik olsa belə, Nəvainin bədii obrazı yaradılıb: "İştə, şu altın yəhərli atın süvarisi Ömər Şeyxin övladlarından Sultan Hüseyn Bayqaradır. Onunla yanaşı addımlayanlar isə islam şairlərinin ən böyükləri Molla Cami ilə Əlişir Nəvaidir. "Həft Övrəng" sahibi ilə "Mühakimət ül lüğəteyn" müəllifi şiddətlə mübahisə edirdilər. Uzaqdan baxan zənn edirdi ki, bunlar qövğa edirlər. Mübahisə türk dilininmi, yoxsa farscanınmı üstün bir dil olduğuna dair idi. Cami fars dilini, Nəvai isə türkcəni üstün hesab edirdi... "Məcalisi-üşşaq" müəllifi olan Hüseyn Bayqara isə onları barışdırmaq üçün hər iki tərəfə də iltifat edərək gah fars, gah türkcə söylədiyi şeirlərlə söhbətə müdaxilə edirdi. Bunlar belə mübahisə və münaqişə edə-edə keçdilər".

Türk milliyyətçiliyinin qabaran dalğası Mahmud Kaşqarlıdan sonra Əlişir Nəvainin yazılarında, dünyagörüşündə izhar olunur. Bəkir Çobanzadənin təbirincə, Nəvainin "Türk dili dövlət dilidir", - iddiası orta əsrlərin son siyasi və kulturoloji hökmü kimi səslənməkdəydi... Kaşqarlının XI yüzildə "Divani luğat it türk"lə başlatdığı, Nəvainin isə XV əsrin sonlarında "Mühakimət ül Lüğateyn"lə yekunlaşdırdığı məfkurə mücadiləsi XX yüzilin əvvəllərinə qədər Çar Rusiyasının türk dilinə münasibətinin sərt təzyiqlərinə rəğmən, Türküstanın mənəvi təməllərini qoruyub saxladı. 1911-ci ildə Rusiya Dövlət Duması "öz ədəbi dili yoxdur", - deyə Türküstanın məktəblərində dərslərin rusca keçilməsini qərara alanda Dumanın Türküstan siyasətini tənqid edən İsmayıl bəy Qaspıralı yazırdı ki: "Əlişir Nəvaini yetişdirmiş Türküstan nasıl "dilsiz, ədəbiyyatsız" qəbul edilir?.. Rus millətinin ədəbi dili olmadığı zamandan və Lomonosov, Puşkin kimi rus ədiblərindən üç və dörd yüz il əvvəl "Mühakimət ül Luğateyn" əsərində Cağatay, yəni Türküstan dilinin farscaya üstün bulunduğu dava edilir də bu günün Türküstanı lisansızdır deyə nasıl hökm olunur..? Dövlət Dumasında, Cağatay şivəsinə etibar edilməməsi bir tərəfdən Dumanın qəfləti isə, digər tərəfdən, Türküstan xalqının səssizliyi, adamsızlığı, ehmalıdır".

Qəribədir, 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultay günlərində Əli bəy Hüseynzadə Çobanzadənin fikirlərindən belə bir çıxarış da etmişdi: "Nəvaidən sonra ən çox oxunan İsmayıl Qaspıralı xalqa nüfuz etdiyi, xalq kəlmələrini ortaq ədəbi dilə qaynaşdırdığı üçün populyarlığını təmin etmişdir".

Siyasi türkçülüyün gəlişməsi yeni çağda həm də Nəvainin iştirakı ilə belə baş verirdi. Nəvainin türkçülük görüşləri barədə elmi fikri isə ilk dəfə Zəki Vəlidi Toğan sistemləşdirdi:

1. Əlişirin ən böyük xüsusiyyəti, çox bariz olan milliyyətçiliyidir.

2. "Lisan al tayr"da cahanda türk ədəbiyyatı bayrağını qaldırmaq ilə türkləri tək bir millət halına gətirdiyini iftixarla bəyan edir.

3. "Fərhad və Şirin"də heç bir ordusu olmadığı halda və hər tərəfə yalnız divanının nüsxələrini göndərməklə Çin hüdudundan Təbrizə qədər, bütün türk, hətta türkmən ellərini fəth edə bildiyini yazmışdır.

4. "Səddi-İskəndər"də ona hatifdən gələn ilahi bir səs: "sən qılıncsız, yalnız qələmin ilə türk ölkələrini, türk millətinin qəlbini fəth edəcəksən, onları vahid millət yapacaqsan, sən bu millətin sahibqıranısan".

5. O, Fərhadı bir sənətkar, memar və rəssam, qəhrəman bir əsgər, eyni zamanda, mükəmməl bir insan olan... Çin hökmdarı bulunan bir moğol xaqanının oğlu sifəti ilə təqdim edir.

6. Bəhram Gur hekayətini tam milli bir türk hekayəsi şəklində anlatmış, Bəhram Guru Sultan Hüseynə bənzədərək bir türk hökmdarı kimi təsvir etmiş, hətta Bəhram Gura, ona aid hekayəni türkcə mənzum olaraq yazdığı üçün röyasında heyranlıq və səna sözləri söylətmişdir.

7. Nəvaiyə görə, Dara ordusunun sağ cinahı şərqdə 100000 özbək və moğul ilə 150000 kalmık bulunan Ön və Orta Asiya hökmdarıdır.

Zəki Vəlidi Toğanın Nəvainin türkçülüyünə dəlalət edən müşahidələri çoxdur və mən bu yazıda onların yalnız bir neçəsini xatırlatmaqla kifayətlənirəm.

"Mühakimət ül lüğateyn", əslində, Firdovsidən miras qalmış fars millətçiliyinə qarşı siyasi müstəvidə bir türk milliyyətçisinin yazdığı risaləydi. 1074-cü ildə Kaşqarlı "Divan"ından, 1212-ci ildə Qul Əlinin "Qisseyi-Yusif"indən, 1277-ci ildə Qaramanoğlu Məhməd bəyin türk dili ilə bağlı verdiyi fərmandan sonra "Mühakimət ül lüğateyn" türk fikir tarixinin qabaran dördüncü dalğası kimi səciyyələndirilməlidir. Nəvainin açdığı o böyük yol öz ardıyca Füzulini gətirəcəkdi. Doğrudur, Nəvaiyə görə, eşq və dərd əhlinin yolgöstərəni Əmir Xosrov Dəhləvidir, nəfəsində ruhül-qüdsün əlamətlərini yaşadan Hafiz Şirazidir, təriqət əhlinin sahibi-irşadı Əbdürrəhman Camidir. Nəvai nəinki Camini türkcəyə çevirirdi, Fəridəddin Əttarın "Məntiq əl-Teyr"inə "Lisan əl-Teyr" adlı nəzirə qələmə alırdı, hətta Fəridəddin Əttarın Nişaburdakı türbəsinin memarlığını da özü edirdi. Fars mədəniyyətinə bu qədər sayqılı münasibətinin, aşinalığının qarşılığında Nəvai bəs nə üçün türkcənin farscadan üstünlüyünə dair kitab yazırdı? Şüurlu bir türkçünün mövqeyi, məramı deyildisə bu, bəs nə idi?

Əlişir Nəvai və Sultan Hüseyn Bayqara əl-ələ verib Türküstana "fəzilət zamanı" (Babur) yaşatdılar. Və türk tarixinin intibah misilli Herat dövründə "...farscanın yanında türkcə də dəyər qazandı və şairlərin böyük bir qismi türkcə şeirlər yazmağa başladılar" (Əhməd Cəfəroğlu). Əslində, bu, türkcənin dəyər qazanması deyil, türkcənin savaşaraq öz haqqını alması dövrüdür. "Əlişir Həsən Ərdəşirə yazdığı bir mənzum məktubda belə anladır: "Mən bir şairəm, özümü Nizami və Firdovsidən də qüvvətli görürəm". (Zəki Vəlidi Toğan) Haqlıydı. Hətta səlcuqlular dövründə türk düşüncəsinin farsca yaratdığı "Xəmsə" ənənəsini də ilk dəfə teymurilər dönəmində o türkləşdirdi.

 

 Nəvai vəzir olmasa da, Bayqaranın verdiyi fərmanla

 "Rüknü s-səltənə"dir... yəni səltənətin dirəyi...

 

Şeyxülislam Hüseynzadənin də, sonralar Şəmsəddin Saminin də (və görünür, onların istinad etdiyi qaynaqların da) Nəvai ilə bağlı mülahizələrində təshih olunmalı bir məqam da var idi. Bu, Nəvainin Sultan Hüseyn Bayqaranın möhürdarı və vəziri olması məsələsidir. Nəvainin vəzirliyi ilə bağlı qənaətlərə tarixşünaslıqda ilk dəfə 1939-40-cı illərdə Zəki Vəlidi Toğan düzəliş etdi. Toğana görə, Nəvaini "Sultan Hüseyn Bayqaranın vəziri saymaq böyük xətadır, çünki vəzir təbiri, o zaman ancaq türk bəylərinə tabe olan əcəm katiblər üçün kullanılırdı".

Zəki Vəlidi bu qənaətdəydi ki, Əlişir Nəvai Sultan Hüseyn Bayqaranın vəziri olmayıb. Bunun da "bir neçə səbəbi vardı: əvvəla çox zəngin olduğundan, rəsmi vəzifələrdən maddi baxımdan istifadə etmək ehtiyacında deyildi, digər tərəfdən, türk və moğol törəsinə görə, Əlişir Nəvainin mənsub olduğu uyğur qəbiləsi bəyləri mərasimdə və məclislərdə Barlas, Arlat, Tarxan, Kıyat və Kongrat bəylərindən sonra yer almaq məcburiyyətində idilər. Əlişir də dövlətdə hökmdardan sonra ikinci bir şəxsiyyət olduğu halda, divan iclaslarında, mərasimlərdə zikri keçən qəbilə bəylərindən sonra oturmaq, fərmanlarda öz möhürünü digərlərinin möhürünün altına basmaq məcburiyyətində idi. Məğrur bir insan olduğundan, buna heç dözməzdi".

"Surət və şəklə bürünmüş bir ruh olan" (Mirhont) Nəvai sənətdə hər nə qədər mütəvaze, necə alçaqkönüllüdürsə, siyasətdə bir o qədər qürurludur. Vəzir olmasa da Bayqaranın verdiyi fərmanla "Rüknü s-səltənə"dir,.. yəni səltənətin dirəyidir.

Dövlətini şair Nəvainin zövqünə uyğun idarə edən, söhbət üçün şairi saraya çağırmayıb, özü onun hüzuruna gedən Sultan Hüseyn Bayqara Nəvaini səltənətin, az qala, bütün səlahiyyətlərinə hakim qıldığı təqdirdə, bəs nə üçün məclislərdə Barlas, Arlat, Tarxan, Kıyat və Kongrat bəylərindən oluşan sıralama qaydasını pozmur? Əlişir Nəvainin yerini birinci sırada təyin etmir? Hökmdar üçün bundan asan nə ola bilərdi?

Toğan bunun da izahını verib: "Bəzi qəbilə bəylərini digər qəbilə bəylərindən üstün oturtmaq hökmdarın əlində olan bir iş deyildi. Çünki bu cağatay ulusu türk-moğul qəbilələri arasında uyğur qəbiləsinin ənənəvi mövqeyini dəyşidirmək olardı".

Səltənət isə hökmdarın istəyi və zövqüylə deyil, törənin qanunları ilə idarə olunurdu...

 

Behzad miniatür məktəbi deyil, Əlişir Akademiyası

 

"Əski və yeni bütün şairlərin Nəvaiyə cavab verməkdən aciz qaldıqlarını" (M.F.Köprülü) iftixarla bəyan edən Bayqaranın sarayında qurulmuş "Bayqara məclisləri"nin, başqa adıyla "Cəm məclisləri"nin (N.S.Banarlı) yaraşığı rəssam Kəmaləddin Behzad, tarixçi Dövlətşah kimi insanlarla yanaşı, həm də və ən başlıcası şair Nəvai hesab olunurdu və heç də qəribə deyil ki, Bayqaranın siyasi süqutu da süd qardaşı Nəvainin ölümündən sonra baş vermişdi... Nəvai yaradıcılığının tədqiqində metodoloji yanaşmanın yeni istiqamətini nişan verən Zəki Vəlidi Toğan miniatür sənətinin XV yüzilin son rübündəki təkamül dövrünü yaşadan sənətkarları, miniatür tarixçilərinin dediyinə rəğmən, Behzad miniatür məktəbi deyil, Əlişir Akademiyası adlandırmağı təklif edir.

Şeyxülislam Hüseynzadə Nəvainin "çox böyük və mükəmməl kitabxanası"ndan da bəhs edir və əlavə edirdi ki, Nəvai həmin kitabxananı elm-mərifət sahiblərinin üzünə açıq tutardı. Əlişir Nəvainin həm də Rəssamlıq Akademiyası hesab olunan həmin kitabxanasında Behzad, Təbrizli Sultan Məhəmməd kimi misilsiz rəssamlar yetişmişdi.

 

Mesenat Nəvai

 

Yenə də Herata qayıdıram.

Herat dövrü bütövlükdə Sultan Hüseyn Bayqara və Nəvai dövrüdür. Türk ədəbiyyat tarixi baxımından isə birmənalı şəkildə Əlişir Nəvai dövrüdür. Fuad Köprülünün bildirdiyinə görə, hakimiyyətdə olduğu qırx il müddətində Sultan Hüseyn Bayqara və dostu şair Əlişir Nəvai Heratı dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirmişdilər. Bayqaranın qurduğu Sultaniyyə, Nəvainin yaratdığı İxlasiyyə, Qiyasiyyə universitetləri Heratı Şərqin elm mərkəzinə çevirmişdi. Tələbələrə verilən təqaüdlərin yüksək məbləği baxımından XV əsrin Herat mədrəsələri, hətta XXI yüzilin modern dünya universitetlərini də kölgədə qoyur. Xeyirxahlıqda Sultan Şairlə, Şair də Sultanla yarışırdı. Nəvai Bayqaranı vəsf edir. Bayqara da Nəvaiyə təzim edirdi.

Nəvai inanılmaz dərəcədə böyük sərvət sahibi və xeyriyyəçiydi. Qafqaz şeyxülislamının təbiriycə desək, həm də savab əməllər sahibiydi. Xorasanda tikdirdiyi sarayların, mədrəsələrin (universitetlərin), məscidlərin, karvansaraların, xanəgahların, xəstəxanaların, körpülərin, türbələrin sayı yüzlərlədir.

O, həm də hədsiz sərmayəsi olan bir türk mütəssəvvüfü kimi də bənzərsizdir...

 

Həm də tarixçi

 

Türkcənin dahi şairi Nəvai həm də ilk böyük türk tarixçilərindəndir. "Tarixi-Ənbiya və Hükəma", "Tarixi-müluki-əcəm" müəllifidir. Sultan Hüseyn Bayqaranın - Teymurilərin - türklərin Yafəslə başlayan tarixini də yazacaqdı. Çünki Nəvai təkcə türk dili uğrunda mücadilə aparmır, eyni zamanda, türk tarixi uğrunda mücadilə verirdi. Nəvai ədəbiyyatı həm də türk tarixinin xidmətindəydi. "Səddi-İskəndər"də Kəyan hökmdarı Löhrəsbi Turan hökmdarı Əfrasiyabın (Alp Ər Tonqanın) oğlu Ərcasp öldürürdü. "Tarixi-Müluki-Əcəm"də Ərcasp türk padşahı olaraq tanıtdırılırdı: "Arjaps binni Əfrasiyab kim türk padişahı erdi". Nəvaidən yola çıxaraq Zəki Vəlidi Toğan Ərcaspı elmi dəlillərlə mifdən tarixə köçürdü. Onu Hun hökmdarı olaraq tədqiq etdi.

Nəvai özü yazmasa da, Teymurilərin, başqa sözlə, türklərin tarixini himayə etdiyi iki tarixçiyə - Mirhonda və Xandəmirə yazdırdı...

 

Bayqaranın süd qardaşı

 

Ağqoyunluların Təbrizdəki sarayından qovulan Kişvəri Teymuroğullarının Heratdakı sarayına - Bayqaraya və Əlişir Nəvaiyə pənah aparırdı. Bəxtindən, taleyindən incik Kişvəri elə bilirdi ki:

 

Kişvəri şeri Nəvai şerindən əskük iməs,

Gər düşəydi bəxtinə Sultan Hüseyn Bayqara.

 

Bayqara da şair idi:

 

İşk sirrin oşik ulğon mubtalolardin bilinq,

Vasl komin topmay ulqan benovalardin bilinq.

 

Fuad Köprülünün təbiriycə "Bayqaranın yüksək bir ədəbi kültürə, incə bir zövqə, həssas bir təbiətə malik olduğu, duyğu və düşüncələrini gözəl bir üslub ilə şəkilləndirə bildiyi inkar edilə bilməz".

Əlişir Nəvai otuz iki il Sultan Hüseyn Bayqaranın yanında xidmət göstərdi. Sarayını rövnəqləndirdi. Bayqaranın hakimiyyətinə mənəvi güc aşıladı. Heratı şərəfləndirdi.

...Bu gün 600 illik əbədiyyət yuxusu - Heratdakı məzarı talibanlar tərəfindən dağıdılan Sultan Hüseyn Bayqara Əmir Teymurun nəslindən idi. Tarixin və ədəbi yaddaşın harasında, hansı guşəsində bir Əlişir Nəvai varsa, orada mütləq bir Hüseyn Bayqara da vardır. Heç ayrılmırlar.

 

Gözlərini Bayqara qapadı...

 

1500-cü ilin sonlarında, Astarabad şəhərindən dönməkdə olan sultanı qarşılamağa gedərkən, yolda xəstələndi və süd qardaşının, dostunun, hökmdarının müşayiəti ilə və onun təxt-rəvanında Herata gətirildi. 1501-ci il yanvarın 3-də 59 yaşında öz evində - Ünsiyyə sarayında hər gün gəlib səhhəti ilə maraqlanan Sultan Hüseyn Bayqaranın hüzurunda dünyasını dəyişdi. Gözlərini Bayqara qapadı.

Bayqara dövründə Herat tarixinin bundan da kədərli günü olmayıb.

Nəvainin dəfnindən sonra, yenə də Nəvainin iqamətgahında matəm mərasimi yeddi gün çəkib və ilk gündən sonuncu günə kimi Sultan Hüseyn Bayqara Nəvainin yas yerindən ayrılmayıb. Şairin yeddisində Heratın şimalında Havzi-Nahiyan deyilən yerdə Sultan Hüseyn Bayqaranın adından Əlişirin ruhuna ehsan verilib və bu mərasim Herat tarixində o günəcən görünməmiş bir hadisə kimi anıldıqca-anılıb, təzkirələrdən təzkirələrə, kitablardan kitablara köçürülüb...

 

Şahi-qəriban, yaxud Əlişir Nəvainin məzarını

Zəki Vəlidi Toğan 1923-cü ildə tapdı...

 

1923-cü il. Aprel. Zəki Vəlidi Toğan Nəvainin sorağı ilə Herata səfər edib. Heratda isə "XV əsr kültür həyatının başında gələn və bu şəhərin qurulmasında çox böyük rol oynamış olan böyük türk şairi Əlişir Nəvainin məzarının yerini bilən kimsə yoxdu". Bunu Zəki Vəlidi Toğan yazır. "Yalnız bu Əlişir kəndisinin "Vəqfiyə" ismindəki əsərində bu gün də yerləri bəlli olan mədrəsə və cameləri ilə imarətxanəsinin bir-birlərindən neçə arşın məsafədə bulunduqları açıqca qeyd olunmuş və digər qaynaqlarda Əlişirin bu binalar arasında yapılan türbədə gömüldüyü də bildirilmiş olduğundan bunun yerini təsbit etmək mənim üçün asan oldu. Metrə ilə hər tərəfi ölçüb bulduğum nöqtədə bir məzar daşı vardı. Buradakı bağlara nəzarət edən zatın anlatdığına görə, bu daş heratlılar tərəfindən "Şahi-Qəriban" adlandırılmaqda imiş. Əskidən burada şam yandırmaq adəti də var imiş... Bu şəkildə Əlişir Nəvainin heratlılar nəzərində "Qəriblərin Padşahı" olaraq tanındığını öyrənmiş və məzarı təsbit etmiş oldum".

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 fevral.- S.14-15.