Azərbaycan ədəbiyyatının səhnəsi:
Şair və
tale
Azərbaycan
poeziyasının son yüz ildə başına gələnləri
bir yerə toplayıb onu kaleydoskop kimi fırlatsaq,
çox-çox maraqlı hadisələrin şahidi ola bilərik. Əlbəttə, bildiyimiz
şeylərin bu "dar macalda" görünməsi qəribə
hisslər bəxş edəcək, hər gün
gördüyümüz hadisələr bu təsadüfdə
qəlbimizi həyəcanla dolduracaq, bizə elə gələcək
ki, yol kənarında bitən çiçəklərin də
baxışları var və onlar min illərdi üfüqlərin
qaşını aşan ağ yola baxırlar. Yəni
məlum bir mətndə deyildiyi kimi, biz taleyi seçə
bilmirik, tale bizi ümidimiz gəlməyən bir yol kənarında
qəddarcasına gözləyir. Onu
qarşılamaqdan başqa çarən və əlacın
qalmır. Bizim təsəvvürümüzə gətirdiyimiz
damarında qanı daşan o gənc adam bu taleyin əllərini
sıxır, amma təsəvvürünə gətirmir ki,
yolun o biri ucunda bir qoca da var və o, zamanın içindən
keçib bu günə gəlib çıxarkən hər
yer adi bir hənirdən taxıl zəmisi kimi od tutub yanıb,
külək əlindəki hər şeyi alıb aparıb. Həmin gənc bu qocanın taleyindəki
uçqunlardan xəbərsizdir. Hadisələr
necə olursa baş verir, kimsə kimisə atır, kimsə
kiminsə umuduna qalır, bunlar hər gün baş verir, amma
kimsə bu hadisələrin düyününü birdən
dözülməz ağrı kimi yaşayır. Taleyi bu kor düyünə dönür. Ən
çətini budu, etdiyin seçimi dərindən nəfəs
alıb verirmiş kimi yaşamaq...
Şair və
tale... Kim kimi seçir? Kim
kimi atır? Kim kimi unudur və ... günlərin
bir günü sən bütün bunları, bəlkə də
kiminsə yuxuda gördüyü şeylər kimi
yaşayırsan. Yuxudan silkinib durmaq
mümkün olmadığı kimi (onun səni oyadan məqamını
gözləməyə məhkumsan...) bu taledən
çıxıb getmək də olmur.
Nüsrət
Kəsəmənlinin
bir "Allaha şikayət" şeiri var:
Ömrüm gedər-gəlməz yoldu // Acısı da məna
baldı // Ətəyində əlim qaldı // Məni
görmədin, Allahım. // Ömür verdin ölmək
üçün // Kədər verdin bölmək
üçün // Könül verdin sevmək üçün
// Sevgi vermədin, Allahım. // Çox atdılar söz
daşını // Hər kəs qoruyur başını //
Axıtdılar göz yaşını // Sən də silmədin,
Allahım. // Mən tutdum haqqın yolunu // Haqsızlar
qırdı qolumu // Səni sevən bir qulunu // Niyə sevmədin,
Allahım. // Ömrüm həsrət qaldı yaza // Sən
yazanı de kim pozar // İmkan verdin
insafsıza // İnsaf vermədin, Allahım. // İllərimi
sərt göndərdin // Ağrılı həsrət
göndərdin // Çəkilməyən dərd göndərdin
// Dözüm vermədin, Allahım. "Könül verdin
sevmək üçün // Sevgi vermədin, Allahım..."
- qəribə deyilmi, halbuki şairin sevgi şeirləri dillər
əzbəri idi, hamı bu şeirlərlə vurulur, hamı
bu şeirlərlə ayrılırdı.
Həyatda və olsun ki, ədəbiyyatda Nüsrət
bizim bilmədiyimiz bir adamdı. Bu tipli insanların
taleyi daha çox yaratdıqları mətnin içində
xarabazar kimi qalır. Ondan əvvəl,
sanki kimsə gəlib bu məmləkəti
yağmalamışdı. Onu bura susmaq və
dərd çəkmək üçün göndərmişdilər.
Təsəvvür edin, yağmalanmış,
başdan-ayağa daranmış torpaqlara göndərilən
şair o torpaqlara toxum kimi səpilən dərdləri
içinə çəkməli, özündən sonra
doğulacaq insanları dərd-bəladan xilas etməliydi.
Bunu, bu qırıntıları indi uc-uca
calayıb bərpa eləmək və nəsə demək
qeyri-mümkündür.
...Hamı Nüsrətin sevgi şeirlərinə bənddir. Onun digər
mövzularda hər bir kəsin taleyində səslənən
və bilinən çox sərrast, çox mükəmməl
mətnləri də var. Onun ürək ritmi bu mətnlərdə
qüsursuz çarpırdı və hiss edilirdi. Siz onun
istənilən şeirini götürün, oxuyan kimi onu nəfəsində
hiss edəcəksən, bu şeir, onun misraları aramsız
bir hadisə təsiri bağışlayır, nəfəs dərmirsən
və qəribədir, nəfəsin də
tıncıxmır, əksinə, daha da açılır, təkcə
ona görə yox ki, bu şeirlərin poetikası millidir, daha
çox ona görə ki, bunları taleyinə
küsmüş, taleyin hansı kritik məqamındasa dərindən
təlaş keçirmiş və taleyinin külünü
ovcunun içində gəzdirən bir adam yazıb. Onun hər şeydən xəbəri var,
keçmişdən gəlir, gələcəyi bilir, ancaq bu
günə, onun ağrılarına dözə bilmir. Ona görə yaşamaq çox əzablı və
məşəqqətlidir. Şeirlərinin
intonasiyasında bu ağrılar hiss edilmir, ağrı sonra gəlir,
kadr arxasında, ritm və intonasiya şairin ifadə etmək
istədiyi kədərin, qüssənin havasına köklənib.
Nüsrətin qəribə, insanı ovudan səsi
vardı. Yalnız çox güclü
adamlar belə astadan, ürək rahatlığı ilə
danışa bilərdi. Həm də o
vardı ki, sanki bir azdan sənə nəsə bir sirr
açacaq. Ancaq o bu sirri dilinə gətirmirdi.
Deyə bilmirdi, sadəcə səni səsi ilə
ovutmağa çalışırdı. Nüsrət bir
gün taleyinin içində gizlənən qəzanın
üstünə getdi, indiyə qədər içinə
yığılan tam sürətlə və...
O, əşyaları
onların içinə gömülən sirlərin
aynasından görürdü. Belə olduğu
üçündür ki, məsələn,
yağışın lalələri söndürməsi
insanı heyrətə salmaqdan yana, həm
də onun ürəyini qəribə təlaşla doldururdu.
Daha bu yağışa otlar göyərməz // Daha bu
yağışda lalələr sönməz // Bu
yağış buludun yükü deyil ki // Bu yağış
bir simurq tükü deyil ki // Yandırsan ömür-gün
qayıda geri // İndi ürəyimiz - köhnə yurd yeri //
Torpağı nəmlidir // Daşı nəmlidir // Sevgimi
uçurub bir ümid kimi //
Torpağı
qəmlidir // Daşı qəmlidir... // Sırsıra
asılıb gül budağından // Baharı itirdin //
Yayı ötürdün // Qış gəldi, yatmısan fil
qulağında // Beləcə gün keçdi, zaman gecikdi //
Gecikmiş istəyi nədi göylərin // İndicə
buludlar töküləcəkdir // Ürəyi doludur xatirələrin
// Dindirsən, təəssüf hönkürəcəkdir.
İndi belə gözəl şeirlər
yazılmır, onlar Nüsrətlə getdi.
Nüsrət, hərdən mənə elə gəlir
ki, heç nəyə fikir vermədən ürəyinə gələnləri
yazan və ürəyindəki hər şeyi
qarşısındakı adama etiraf edən şair
obrazında yaşayıb ölürdü. Onun həyatının
əsas məqamı ölüm idi. Bu
ölüm onun bütün sevgi şeirlərinin içində
bir uşaq kimi mışıl-mışıl yatırdı.
Nüsrətin şeirlərində, xüsusən
sevgi şeirlərində xüsusi bir hal var. Nədir o?
Bizim poeziyada əksər sevgi şeirlərində yalnız
keçmiş zaman var. Sən getdin, elə bil dünya
boşaldı, yaz da köçüb keçdi, yeri boş
qaldı... Nüsrətin şeirlərində həm
də indiki zaman var. Daha doğrusu, hər ikisi bir yerdə.
Həsrətim
qəlbimdə dinir tar kimi,
Nəğmələr dənizdir, vüsalın
qayıq.
Sən də,
ay sevgilim, getdin qar kimi
Qayıtsan,
qar kimi ləkəsiz qayıt!..
Yaxud:
Sənə
ümid dolu dikilən gözlər
Yenə xatirədə donub qalandır.
Əlim əsə-əsə
yazdığım sözlər
O zaman
düz idi, indi yalandır...
Nüsrət şeiri yazıb, çox rahat şəkildə
çıxıb gedirdi, başqaları kimi şeirin yanında
donub qalmırdı. Mən şeir yazmıram ki, ürəkdən yük
atıram, // Tanış olaq, oxucum, tanış
olaq, bu mənəm. Onun "Avtoportret"
şeirindəndir. Məclislərdə,
görüşlərdə estrada effekti
doğuran, insanları həyəcanlandıra bilən
şeirlərini oxuyardı. Amma, əslində,
Nüsrət bu şeirlərin içində deyildi. Nüsrət, heç axıra qədər də
açılmadı. Bir yandan ip-isti sevgi yazıları,
digər yandan dramatizmlə dolu olan mətnləri, mürəkkəb
kompozisiyaları çox asan formada təqdim etmək
bacarığı... Triptixləri başqa bir
poetika bəlirtisi idi. Poemanı fərqli
yöndən yazırdı, onda epik təfəkkür
axar-baxarlı idi. Nüsrət bu iki bir-birinə zidd
şeylər arasında mürgüləyirdi, yaxud can verirdi. Başına gələcək qəzanı gözləyirdi.
Onun mətnlərini təzad
daşqınlarına bənzətmək olar. Köhnə
qəbirlərdən təzə ot bitir...
Yaxud: Paslı mismarlar vurdular ovcuma // Təbrizdə farslar // Dərbənddə
ruslar // Sinəmə xəncər sapladılar Qarabağda //
Çarmıxa çəkdilər Azərbaycanı // Alov
kimi göyərtdilər // Yaramdan axan qanı // Çəkdilər
qollarımı üzülənə qədər //
Uzatdılar yollarımı // Məzarım qazılana qədər...//
Daha sonra:
Analar su səpdi
siz gedən yola,
Bəlkə
izləriniz göyərdi deyə...
Adi məntiqlə
yanaşsaq, adi şeydi: kiminsə dalınca su atmağın bəlli
mənası. Ancaq Nüsrət başqa bir
şey deyirdi və bu, dəhşət idi. Müharibədə
həlak olmuş bir adamın izlərinin göyərməsi...
Bunu həsrətlə gözləmək nə
deməkdir? Belədə, təsəvvür edin, həmin
namərd güllələr oğulların getdikləri,
vuruşduqları cəbhəyə dikilən gözlərə
də dəyir, onların içində qəlpə kimi
qalır, qövr edir və ağrıdır... Və
bu güllənin yolu bitmir, bütün ömürlərdən
keçir. Nüsrət, ümumiyyətlə,
gəlişiylə poeziyaya çox maraqlı və orijinal deyimlər
gətirdi. Təzə-tər. Bəlkə heç kəsin ağlına gəlməyən
şeylər. Bunlar bəzən bir
şeirdə sıx-sıx işlənirdi, onların ətrafa
yaydıqları hənir isti və məhrəm idi. Həm də hadisənin ən ağrıyan yerindən
göstərmək qüdrəti ilə
aşılanmışdı. Məsələn, əllərin
elə bil qar çiçəyidir...
Nüsrət
bu dünyaya elə bur fərqi göstərmək
üçün gəlmişdi. İmkanı
olan kimi bunu etdi və çıxıb getdi. Amma burda qəribə
və dəhşətli bir şey də var. Nazim Hikmət
demişkən, səsimiz bu göy qübbəsinin altında
qalmayacaq deyə, təsəllimiz yox... Onun taleyi
şeirlərinə elə çəkilmişdi ki, bircə
qatını qaldırmaq kifayət idi ki, ordakı faciələrin
yanıq iyini hiss edəsən. Nüsrət
niyə dalbadal sevgi şeirləri yazırdı. Və bu mövzu onda heç zaman təkrara
çevrilmirdi, yazıdan-yazıya bu şövqün daha da
gücləndiyinin şahidi olurdun? Bunun əsaslı
və həm də bizim anlaya bilməyəcəyimiz səbəbləri
olmamış deyildi. Zənnimcə, o, taleyində hər
an qəza baş verə biləcək bir
insan idi və buna görə şair idi. Yəni
bizim hər gün tələffüz etdiyimiz sözün,
"şair" sözünün mənası elə onun
şəxsində daha dərindən açılırdı.
Taleyində hər an qəza gözlənilə bildiyi
üçün o, sevgi, məhəbbət
daşqınları ilə dolu yazılar yazırdı, bu
hissi bəlkə uzaqlaşdırmaq, yaxud kim
bilir, daha da yaxınlaşdırmaq üçün. Bu hardasa ruhların çağırılmasına
da bənzəyirdi. Yaxud qədim insanın
yağış duasına.
Ayrılıb
gedərəm,
tabutum
altda
Dörd
çiyin görüşər,
Dörd
ürək vurar...
Mənim
çarpayımda sükut uyuyar,
Artar bir sakini qəbiristanın da.
Bir
çiçək kökünü sinəmə qoyar,
Rəngi ləçəklərə keçər
qanın da.
Gəlib
bu çiçəyi dərənim olmaz,
Bahar
göyərdəcək,
Qış solduracaq.
Kiçik
bir təpədə çiçəklər hər yaz
Yorulmuş çiynində qəm qaldıracaq.
Köçüb
gedəcəyəm dünyadan bir gün,
Bəlkə
yüz il sonra, bəlkə də sabah.
Bəlkə
bir qu kimi çırpınıb bu gün
Nəğmə
oxuyuram ölümdən qabaq...
Nüsrət bədii portret ustası idi. Bu janr ona
aiddir. "Dəli Zəhra",
"Çoxuşaqlı Aşır kişi" və s. Bu
nümunələr bizim ədəbiyyatın mükəmməl
nümunələridir. Orada şeirin dili ilə dramatik və
həm də gündəlik faciələrin alt qatlarını
açmaq cəhdləri var. Bu nümunələr mətndə
mətləbi açmaq ustalığının bənzərsiz
yollarını nişan verirdi.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 13 fevral.- S.31.