Azərbaycanaməxsusluğun zəfəri

 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə ithaf

 

Ümummilli lider, böyük Heydər Əliyev deyirdi: "Gərək nəbzin Vətənin nəbzi ilə vursun". Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dedi: "Qarabağ Azərbaycandır!".

Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin ümumbəşəri, sülhsevər, mübariz, yenilməz diplomatiyası, müzəffər Ali Baş Komandanlığı sayəsində terrorçu, vəhşi, əcinnə ermənilərin işğalçılığına son qoyulması, onların mənfur himayədarlarının biryolluq susdurulması və rüsvay edilməsi, xalqımızın haqqa olan qırılmaz inamının möhtəşəm, uçulmaz qalaya, birlik rəmzinə çevrilməsi, həmişə cavan, qeyrətli şah babamız Şah İsmayıl Xətainin, ulu öndər, ümummilli lider Heydər Əliyevin ləyaqətli varisi olmaği şərəflə yaşatması, "Qarabağ Azərbaycandır!" tarixi xilaskarlıq fəlsəfəsini bütün dünyaya bəyan etməsi, xeyirxah insanlara, vətənsevər soydaşlarımıza ardıcıllıqla çatdırması qədim tariximizdə yeni üfüqər açdı, təkrarsız epopeya yazdı.

8 noyabr 2020-ci il tarixinddə möhtərəm İlham Əliyev ən sadıq silahdaşı, birinci vitse-prezident Mehriban xanımla birlikdə H.Əliyevin məzarı önündə Ata ruhuna hesabat verdi, Şəhidlər xiyabanını ziyarət etdi, əbədi məşəl önündə Şuşa şəhərinin işğaldan azad olunmasını ölçüyəgəlməz fəxarət və qürur hissi ilə xalqımıza çatdırdı. Bu şad xəbər ildırım sürəti ilə bütün dünyaya yayıldı. Ölkəmizin hər yerində böyük əks-səda verdi. Xalqımızın qəhrəmanlıq ruhunu coşdurdu. Əllərində Azərbaycanın və Türkiyənin yenilməz bayraqları, uşaqdan tutmuş, ixtiyar qocaya kimi hamı meydanlara və küçələrə axışdı. İnsan izdihamından Bakı şəhərində fırtına qopdu. Yaranışından öz cəngavər dalğalarıyla hayqırtı qoparan Xəzər dənizi bu fırtınadan susdu, öz yerini insan dənizinə verdi.

Axşamdan səhərədək çalxalanan insan dənizi ləngərlənə-ləngərlənə okeana çevrildi. Bakıda olduğu kimi, ölkəmizin bütün guşələrində yürüş iştirakçıları yekdilliklə qərar qəbul etdilər: Müzəffər Ali Baş Komandan qüdrətli, xilaskar, şanlı sərkərdə olan əziz Prezidentimiz İlham Əliyev Azərbaycanın Ümummilli Qəhrəmanıdır. Ordumuz basılmazdır. İlham Əliyevin şəxsində Azərbaycanaməxsusluq zəfər çaldı. Xalqımızın bənzərsiz Qəhrəman oğlunun möhtəşəm abidəsi ürəklərdə yuva qurdu, qan yaddaşlarında əbədi həkk edildi, bədahətən onun şəninə mahnılar bəstələndi, İlham Əliyevin Vətənə, Torpağa sonsuz məhəbbətlə "Şuşa, sən azadsan!" müraciətindən düz 2 gün sonra Qarabağın tacı Şuşanı və digər bölgələrimizi - Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Kəlbəcəri və Laçını viranə qoyan vəhşi erməni militarizminin başı biryolluq əzildi, çətin ki, o, bir daha özünə gələ!..

Vaxtilə Cıdır düzündə sərxoş halda şeytani rəqs edən əcinnə Paşinyan diz çökdü, rəzil və miskin görkəmdə təslim aktını imzaladı.

44 gün davam edən Azərbaycanın Azadlıq və Vətən müharibəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin mübariz rəhbərliyi ilə, basılmaz Ordumuzun igid ərləri sayəsində misli görünməmiş möhtəşəm Qələbə şanlı tariximizə qızıl xətlə yazıldı.

Azadlıq meydanında 10 dekabrda keçirilən "Qələbə paradı" məğlubedilməzliyimizin bütün görünən və görünməyən cəhətlərini dünyaya açıqladı.

Həmişə Azərbaycanın yanında olan qardaş Türkiyənin tükənməz ehtirama layiq prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın Qələbə paradında iştirakı, ümummilli lider, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" əbədiyaşar fəlsəfəsinin ən parlaq təzahürü oldu, bu təzahürün ən gözəl sonluğu oldu.

Son aylarda yaşadığımız hadisələr yüzillərə sığan nəticəsi ilə bir əsas səbəbdən baş verdi. Vətənimizin, torpağımızın, xalqımızın, dilimizin və dinimizin müqəddəsliyi özünü dünyaya Azərbaycanaməxsusluqla bəyan etdi. Bu isə ulularımızın qan yaddaşına həkk etdiyi, ruhlarında şərəflə yaşatdığı, göz bəbəyi kimi qoruduqları, gələcək nəsillərə əmanət qoyduqları sonsuz xəzinədir. Xalqımızın yaddaşında əbədiyyətə qovuşub əsatirləşən, qeyrət, qürur, şərəf, ləyaqət, paklıq, ülvilik və əyilməzlik rəmzinə çevrilən Azərbaycanın ən dahi tarixi şəxsiyyətlərinə müdrik xalqımızın bu xəzinəsinə çevrilir, onların əbədi meyarı da yenə Azərbaycanaməxsusluq olur.

Bəs geniş izahla minilliklərin, əsrlərin, qərinələrin, ayların, günlərin sınağından şərəflə çıxmış Azərbaycanaməxsusluq nədir?

- Dünyada tək Allahlığın ilk təbliğatçısı, yer övladının ilk müəllimi, ədalətin möhtəşəm məhək daşı - simvolu olmaq şərəfini insanlığa bəxş edən Zərdüşt idrakındakı Azərbaycanaməxsusluqdur;

- Türk dünyasını xeyirxahlıq səltənəti, müdriklik qayəsi ilə zinətləndirən filosof, çoxmilyonlu türklərin ortaq atası, Oğuz elinin ədalətli yolgöstərəni Dədəm Qorqud ovqatında var olanlar Azərbaycanaməxsusluqdur;

- Xalqımızın mlli qəhrəmanı Babəkin cəsurluq, sərkərdəlik məharətindən doğan vətənə, torpağa sonsuz məhəbbət atəşiylə ürəkləri alovlandırıb azadlığı car etməsi Azərbaycanaməxsusluqdur;

- Mövcudatın varlığını ülvi İlahi hisslərin harmoniyasında: hərəkət, zaman və məkanın vəhdətində, insan idrakının hökm və istiqlalında, müsəlman şərqinin hikmətləriylə bəyan edərək dünyanı heyrətdə qoyan Bəhmənyar fəlsəfəsinin əlçatmazlığı Azərbaycanaməxsusluqdur;

- Zəngin fəzilət sahibi, vətənini İlahi məhəbbətlə sevən Şəms Təbrizinin fədakarlığı sayəsində ürfani elmlərə vaqif olan müridi Cəlaləddin Rumi Mövlananın "Olduğun kimi görün, göründüyün kimi ol!" dəyərlərinin ümumbəşəriliyi Azərbaycanaməxsusluqdur;

- Xaqaninin ensiklopedik zəkasının əyilməz poetik ruhundakı xaqanlıqla xalqı xaqan etməsi və etirafı Azərbaycanaməxsusluqdur;

- Nizami Gəncəvi "poeziya kəhkəşanı"na bəxş etdiyi "ən parlaq poeziya günəşi"nin zülmün gözlərini kor edən, insanlara mərhəmət, yaşatmaq, yaratmaq, xoşbəxtliyini nəsib edən məlhəm ziyası Azərbaycanaməxsusluqdur;

- Göy aləminin sirlərini, hikmətlərini Yer aləminə açıqlayan Nəsirəddin Tusinin fovqəlbəşər iqtidarı Azərbaycanaməxsusluqdur;

- Nəsiminin söz mülkündə əlçatmaz zirvə fəth etməsilə saf, müqəddəs əqidəsi və məsləki uğrunda mübarizəsindən yaranan inamı Azərbaycanaməxsusluqdur;

- Şah İsmayıl Xətainin qüdrətli hökmdarlığının, sərraf söz fatehliyinin fövqündə ucalan "Vətən,Torpaq, Xalq, Dil və Din məbədi"mizi sərliklə zərifliyin vəhdətində səcdəgaha, sirlər xəzinəsinə, şərəf və qeyrət məkanına çevirmək naminə ölüm kabusunun üzərinə qartal kimi şığıması Azərbaycanaməxsusluqdur;

- Füzulinin ucaltdığı anadilli poeziyamızın ilk möhtəşəm abidəsinin "Şəbi-hicran" sədasıyla xalqımızın harayına hay verən fəryadı Azərbaycana-məxsusluqdur;

- Mirzə Fətəli Axundzadənin zəngin düha səltənətində xalqımızı ətalətdən çıxarmaq naminə əsasını qovduğu dramaturgiyasında real həyatı əks edən fatehliyi Azərbaycanaməxsusluqdur;

- Öz cəfakeş "Əkinçi"si ilə məfkurəmizə mənəvi dəyərlərimizin toxumunu səpmək, cücərtmək, qan yaddaşımıza əbədi həkk etmək və onları əxlaqımızın paklıq zirvəsinə yüksəltmək yolunun memarı, yorulmaz fədaisi Həsən Bəy Zərdabinin milli ruhumuza məhəbbəti Azərbaycanaməxsusluqdur;

- Cəlil Məmmədquluzadənin görkəmli ictimai-siyasi xadim, bənzərsiz dramaturq, alovlu vətənpərvər, böyük demokrat olmasından və cəsarətli publisistliyindən mayalanan, mənəviyyatımızı öz doğma cənnət diyarımızda deyil, özgə qapılarının künc-bucaqlarında, doğmalara qənim, yadlara payəndaz ola-ola düşmənlərimizin ilan mələyən səhralarında od-alov püskürən ilğımlı qum dənizləri üzərindəki külək pozacaq izlərində, xarlanmış qar üstündəki günəş ziyasına bənd ləpirlərində axtaran xalqa yabançı ünsürlərimizi "elin gözü, xalqın gözü" ilə ürəkləri riqqətə gətirən qəhqəhələrlə faş etməsi Azərbaycanaməxsusluqdur;

- Mirzə Ələkbər Sabirin nəhəng, möcüzəli, bənzərsiz söz aləminin "düzü-düz, əyrini-əyri" deyimli dühası Azərbaycanaməxsusluqdur;

- Vətənimizin bütövlüyü - müstəmləkə buxovundan azad olması, məzlumlara rəzalət və cəhalətdən xilası naminə pərvanə kimi alışıb yanan, bu mübarizədə şəhidlik zirvəsinə yüksəlib əbədiyyətə qovuşan Nəriman Nərimanovun nurlu ziyası Azərbaycanaməxsusluqdur;

- "Bir kərə yüksələn bayraq bir daha enməz!", "Ya şəhid ol, ya qazi", "Hürriyyət simfoniyaları" ilə "Əsrimizin Səyavuşu" olmağı azadlıq mücahidlərinə örnək edən Məhəmməd Əmin Rəsulzadənin bənzərsiz milli ləyaqəti Azərbaycana məxsusluqdur;

- Klassik musiqimizin banisi, müsəlman Şərqinə ilk opera bəxş etmiş dünya şöhrətli ölməz əsərlərin müəllifi, dahi filosof-bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürasında xalqımızın qəhrəmanlıq ruhunu coşduraraq vəcdə gətirməsi Azərbaycanaməxsusluqdur;

- Seyid Məhəmmədhüseyn Şəhriyarın müxtəlif dillərdə yazdığı bitkin klassik əsərlərində ana südünün möcüzəli ətri, qan yaddaşının əzəməti, doğma yerlərin əvəzedilməzliyi möhürünü vuran "Heydər babaya salam" da şirin xalq ləhcəsiylə pərvazı Azərbaycanaməxsusluqdur;

- İlahinin bəxş etdiyi fitri istedadı ilə poeziyamıza yeni ruh, yeni nəfəs gətirən, saysız-hesabsız fəlsəfi ilə ədəbiyyatımızı zənginləşdirən, "İnsan" dramında insanlığa əsl "İnsan" bəxş edən Səməd Vurğunun "Azərbaycan" şeirində Vətənimizin qədimliyini, gözəlliyini, zənginliyini, sözün ecazkar sehri ilə, qüdrətli rəssam kimi vəsf edib canlandırması Azərbaycanaməxsusluqdur;

- Müstəqilliyimizin, milli qurtuluşumuzun əbədiliyini, dönməzliyini bərqərar etmək, Azərbaycan həqiqətlərinin görünən-görünməyən cəhətlərini: Azərbaycançılığın meyarını "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" deyimi ilə soydaşlarımıza və dünyanın xeyirxah insanlarına çatdırılmasındakı misli görünməmiş qətiyyət, polad kimi möhkəm iradə, tükənməz səbr, ən çətin ekstremal şəraitdə səhvsiz nəticə çıxarmaq, mükəmməl qərarlılıq nümayiş etdirmək əzmi, "Xalq - Heydər, Heydər - Xalq", "Ulu öndər", "Ümummilli lider"... kəlamları ilə qiymətləndirilməyə layiq görülən, bütün dünyanı parlaq zəkası ilə heyrətdə qoyan Heydər Əliyevin müdrik cahanşümul siyasəti Azərbaycanaməxsusluqdur;

- Ulularımızın varisliyinə sədaqətini "Qarabağ Azərbaycandır!" düsturlu xilaskar diplomatiyası sayəsində möhtəşəm qalaya - yumruğa, mübarizlik rəmzinə çevirən və qədirbilən xalqımızın yekdilliklə: "İlham Əliyev Ümummilli Qəhrəmandır!" deyimi, dəyərləndirilməsi Azərbaycanaməxsusluq, günümüzün ən böyük Azərbaycanaməxsusluğudur.

 

BABULLA

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 fevral.- S.29.