Qəzetlər və oxucu
Elə
ilk sözü yazmağa
başladığımda içimdən
bir günəşin doğulduğunu və o günəşin ürəyimi
isitdiyini hiss edirəm.
O anda yanaqlarımın
qızardığını, gözlərimin parıldadığını,
əllərimin eynilə
bir dəli kimi yazacaqlarımın üzərinə atılmağa
hazır gözlədiyini
anlayıram. Bəzən yazacağım mövzunun
təsiri altına elə düşürəm
ki, daha kağıza tökmədən
otaqdan otağa dolaşır, stəkanıma
çay doldurur, mətbəxdə masanın
üzərində gördüyüm
meyvə və ya çərəzləri
alıb bir ac qurd kimi yeməyə
çalışıram. Əslində, dərdimin aclıq
olmadığının fərqindəyəm.
Kəlmələrin məni əsir
alaraq o əsarətdən
bir an öncə qurtulmaq istədiyimi bilər və yazmağa tələsərəm.
Tanıdığım bəzi yazıçı
və şairlərin
də eyni şəkildə yazarkən
həyəcanlandıqlarını, mütəmadi siqaret çəkdiklərini, kofe
içdiklərini bilirəm. Mərhum yazıçımız
İsa Hüseynovun gecə evdə hər kəs yatdıqdan sonra özünə çay dəmlədiyini, masasının
üstünə pendir-çörək
qoyduğunu, yazı əsnasında tüstülətmək
üçün müştüyünü
təmizləyib hazır
qoyduğunu mənə
söyləmişdilər.
Sanıram oxucular da oxuyarkən
fərqli duyğulara qapılmaqdadırlar. Müharibədən
sonrakı Almaniyanın
ən önəmli yazılarından Ziqfrid
Lens özünü bir
oxucunun yerinə qoyaraq duyğularını
belə yazmışdı:
"Oxumaq kəsinliklə
risqli bir fəaliyyətdir. Oxuyarkən
özümüzə aid nədənsə
vaz keçər və yazıda özümüzü yenidən
kəşf edərik".
Yazıçı Virginia Voolf isə yazıçının oxucunu
cənnətə götürdüyünü
deyərək, "cənnətin
kəsintisiz, yorucu olmayan oxumalar olduğunu" iddia edir.
Yazıya
və ya düşüncələrini başqalarına
çatdırma çabasına İnsan oğlunun həyata anlamlı gözlərlə
baxdığı andan
etibarən ehtiyac duyulmuşdur. Əsəd Bəy 1928-ci ildə
Berlində "Ədəbiyyat
dünyası" qəzetində
çox kefli bir yazı qələmə
almışdı. O, yazıda
dünyada qəzetlərin
necə çıxarıldığı
və oxucuya çatdırıldığından bəhs edirdi:
"Kiçik bir
ərəb ölkəsində
xəbərlər bir
müddət yumurta qabığına yazılır
və redaktor (eyni zamanda yumurta
satıcısı olan)
tərəfindən abunəçinin
evinə daşınırdı. Fransada kətan
şəridlərə bir
qəzet basıldı.
Qəzetin adı "Necade"
idi və sahil şəhərlərində
satılırdı. Üzərindəki mürəkkəb asanlıqla
yuyula bilir və qəzet daha sonra dəsmal
niyyətinə də
istifadə oluna bilərdi. Baltimordan bir şirniyyat
ustasının qəzeti
daha uğurlu idi. Şəkər piltələrin üzərinə
şokolad ilə yazılmışdı; qəzeti
alan qonaqların
da onu yeməsinə
izn verilirdi".
Əsəd Bəy maraqlı
qəzetlərlə bağlı
yazısını daha
da şişirdərək
hətta it dilində belə qəzet çıxarıldığını iddia etməkdə idi:
"Nyu-Yorkda yarı dəli bir adam it dilində bir qəzet çıxarırdı. Bu qəzet
latın hərfləriylə basılmışdır,
ancaq məqalələr
redaktorun fikrinə görə sadəcə itlərin anlaya biləcəyi bir dildə yazılmışdır.
Gözəl it sahibləri qəzeti
hər gün sevdiklərinə oxuyar və yazıların böyük bir diqqətlə təqib ediləcəyinə inanardılar.
Yeri gəlmişkən, nadir qəzet
sevənlər Nyu-York
qəzet kataloqunda çox maraqlı məlumatlar əldə edə bilərlər.
"Ağcaqanad dostları
jurnalı", "Bəşəriyyəti
xoruldayan bir qəzet", "İnsan
sevməyənlərin qəzeti",
"Çətirlərdən nifrət edənlər üçün qəzet",
ayaqqabı istehsalçılarının
nəşr etdirdiyi
"Topal jurnalı"
belə vardı".
Əsəd bəyin adlarını çəkdiyi qəzetləri
görmədim, amma Almaniyada ayaqyollarında tualet kağızına yazılmış xəbərləri
və reklamları oxudum.
Mən ilk yazılarımı
Almaniyadakı bəzi
qəzet və jurnallarda yayınlasam da, Azərbaycanda ilk yazılarım 1994-cü ildən
etibarən bəzi jurnal və qəzetlərdə yer almışdı. Amma mütəmadi olaraq
yazılar yazmamın tarixi 2004-cü ildən başladı. Rəhmətlik
jurnalist dostum Tofiq Abdin məni
Rəşad Məcidlə
tanış etmişdi. Onun da cəsarət
verməsi üzərə
hər gün
"525-ci qəzet"ə məqalələr yazdım.
"Ədəbiyyat qəzeti" ilə tanışlığım isə
daha əski tarixə dayanır. İğdırda tələbəykən
ilk dəfə "Ədəbiyyat
qəzeti"ni ədəbiyyat müəllimi
Zeynalabdin Makasın evində görmüşdüm.
Sanıram 1986-cı il idi. Yeni
öyrəndiyim kiril əlifbasındakı qəzetin
içində yer alan şeir
və hekayələrlə
birlikdə uydurma sovet ideologiyasının təbliğatını belə
oxumuşdum.
"525-ci qəzet"də yazarkən dünyanın hər yerindən məktublar alırdım. Qəzetin
Kipr, Amerika, Rusiya, hətta Kanadada belə oxunduğunu görüb sevinirdim. Ərzurum Dövlət Xəstəxanasından
bir həkim qəzeti hər gün oxuduğunu, bu yolla, sanki
Azərbaycanı ziyarət
etdiyini yazmışdı.
Moskvadakı bir həmyerlim
isə Azərbaycan qatarları ilə rus qatarlarını müqayisə edərək,
məndən qatarların
təmiz olması üçün kömək
istəmişdi. Mənə yazılan
yüzlərlə məktubu
hələ də saxlayıb qoruyuram, vaxtım olduğunda yenidən göz atıram. O məktublarda
eyni duyğulara sahib olduğum insanların yumor dolu dünyalarını,
kədərlərini, hüzünlərini
görür, dilimizə,
mədəniyyətimizə bağlılıqlarına görə
sevinirəm.
"Ədəbiyyat qəzeti"
ilk gördüyüm gündən
bu günə qədər uzun yol qət etdi. Azər Turan
qəzetə həqiqətən
rəng qatdı.
Bu səbəbdən qəzet çox fərqli oxucular tərəfindən oxunan bir qəzet halına gəldi. "Ədəbiyyat qəzeti"ndə nəşr
olunan yazılarımdan
sonra aldığım
məktublarda bu rəngarəngliyi və marağı yaxından görməkdəyəm. On doqquz yaşlı yevlaxlı oxucum "Ədəbiyyat qəzeti"ndə
çıxan "Qarğa
analar" adlı yazımdan sonra anasına daha fərqli və diqqətlə baxmağa başladığını yazmışdı.
Yenə bir başqa oxucum "Tənha həyatlar" yazımı
oxuduqdan sonra iki səhifə ruhsal yalnızlığından
bəhs edən bir məktub göndərmişdi. Oxucu
profili və yaşı dəyişdikcə
yazılarıma olan güvənin daha da artmaqda və
yazarkən daha çox həyəcan hiss
etməkdəyəm. "Dil
və yabançılaşma"
başlıqlı yazıma
reaksiya verən bir xanım oxucum, mərhum İsa Hüseynovun riyaziyyatçı bacısı
Svetlana xanımın (82 yaşında)
hər həftə yazılarımı oxuduğunu,
qəzetləri yanıbaşında
dağ kimi yığdığını, onlara heç kimin toxunmadığını
bildirincə çox sevinmişdim. Belə vəfalı və
yazıya önəm verən, bu yaşlı vaxtında oxumağı əsla buraxmayan belə gözəl ananın əli öpülməzmi?!
Yazmaq yazıçı
üçün uzun bir xidmətdir. Oxucu üçün
isə öz dünyasından ayrılıb
başqa bir dünyaya ayaq basmaqdır.
Orxan ARAS
Ədəbiyyat qəzeti.- 2021.-
13 fevral.- S.27.