Zəmanə
adamı
"Vəziyyət ruscadır"
II yazı
Puşkin
öldü...
Fransız
Jorj Dantes öldürdü...
Dueldə!
Rus
poeziyasının Günəşini söndürən adam kimi tarixə düşdü.
Puşkinin
rəsmi nekroloqunda məhz belə yazılmışdı;
Rus poeziyasının günəşi.
Amma bu
"günəş"in günahı vardı,
Çarın qadağan etdiyi işi tutmuşdu... Bəli, duel
yasaq idi, ona görə Aleksandr Sergeyeviç aldığı
güllə yarasından sonra can verə-verə I Nikolayın
sözünü gözləyirdi... Nə qəribədi,
ölmək üçün Birincinin əmrini gözləmək
lazım imiş... Günəş olmursan, kim
olursan ol. Yaşadığın zamanın və zəmanənin
əsirisən, vəssalam!
Belə baxanda, Çar şairə xəbər göndərmişdi,
Jukovski vasitəsilə çatdırmışdı ki, həyat
yoldaşından və uşaqlarından nigaran qalmasın,
onların bütün xərclərini öz üzərinə
götürmüşdü, hətta Puşkinin
borclarını ödəyib ata mülkünü də
qaytarmışdı. Amma günəşin sönməsi zülməti
qaçılmaz edirsə, burda qaranlığı lənətləməyə
səbəb də var axı... Və bunu ilk edən
o zaman hələ 22 yaşında olan, özü də xəstəlikdən
yatağa düşmüş Mixail Lermontov idi. Müxtəlif
şayiələri, gerçəyə yaxın, ya da uzaq xəbərləri
alan gənc şair elə isti başla bir
neçə misra qaralamışdı da... Əlyazması
müxtəlif dairələrdə yayıldıqca özü
də yetişmişdi, şeiri də. Şeirə əlavələr
edir, bir az da qəlizləşdirmişdi vəziyyəti...
"Siz
ey rəzilliyə əyilənlərin
Dikbaş
xələfləri, məğrur əyanlar,
Tale
qırmancıyla döyülənləri
Kölə
dabanıyla tapdalayanlar!
O ac
gözləriniz niyə doymadı
Ey taxt ətrafına
daraşan yığın
Sizsiniz
qatili, əzəl cəlladı,
Dühanın,
Şöhrətin və Azadlığın!
(Tərcümə: Eyvaz
Borçalı)
Çar
deyir, yalnız psixi xəstə belə şeir yaza, taxt ətrafında
yığışanları "qatil", "cəllad"
adlandıra bilər... Təklif edir ki, şairin
başını.... yox, vurmasınlar, sadəcə yoxlasınlar, lakin dostu Rayevski
ilə birgə çəkildiyi məhşər
ayağında gənc və təcrübəsiz Mişel
(curları onu belə adlandırırdılar) nə qədər
yumşaq danışmağa çalışsa da, xeyri olmur.
Sürgün edilir, özü də "isti Sibirə" -
Qafqaza... Niyə Qafqaza? Ona görə ki,
Şeyx Şamilin mübarizəsi, müharibəsi bitib-tükənmək
bilmirdi və bura sürülənlərin hansısa başqa
səbəbdən ölüb getmə "şansı"
daha çox idi. Məsələn, elə Bestujev-Marlinski
kimi... Dekabristlərlə danışığa
girdiyi üçün sürgün edilən və Qafqaz
mövzusunda əsərlər yazan Aleksandr Bestujev haqda xeyli danışmaq
olar. Amma bu yerdə onun Mirzə Fətəlini
tərcümə etməsi faktı daha çox yerinə
düşür. Çünki istedadı
aşıb-daşan Mixail Yuryeviç "Şairin
ölümü"nü qələmə alanda bizim bu səviyyədə
düşünən Mirzə Fətəlimiz vardı və
heç də onun şeirindən geri qalmayan "Şairin
ölümünə Şərq poeması"
yazmışdı. Mən bir anlıq Mişeldən
yayınıb mütəfəkkirlərin, istedad sahiblərinin,
zamanın çarxını yönləndirən dahilərin
varlığının verdiyi gücdən söz açmaq
istəyirəm. Bəli, XIX əsrdi və indi təkcə
rus yox, dünya ədəbiyyatına təsir göstərmiş
bu isimləri,
mövzuları sadalayanda doğma bir ad, qoy lap elə
sadəcə öz xalqının taleyinə,
düşüncəsinə təsir etmiş, intellektual səviyyəsinə,
fəhminə, istedadına görə heç də daha
inkişaf etmiş millətlərin ziyalılarından geri
qalmayan Mirzə Fətəli necə böyük güc verir hə?
...Rus
torpağı, yas tutub, fəqan qızlar ki:
- Ey qatillər
əlilə ölən namidar!
Qurtulmadın
zamanın qanlı şərindən,
Tilsimin də olmadı sənə havadar.
Sən
ki, çıxdın dostların əlindən, burax
Üstünə haqq rəhməti olsun sayədar.
Torpağına
saçmağa iki gül ətri
Qopar Baxçasaraydan bir incə rüzgar.
Tutulub bu
xəbərdən ağ saçlı
Qafqaz
Səbuhinin şeirilə yasını saxlar.
(Tərcümə:
M.Müşfiq)
Qəribə
bir lənətlənmiş dairə yaranır... Puşkin
öldü, Lermontov susa bilmədi...
Əslində, axı Aşıq Qəribin "Desəm
öldürərlər, deməsəm ölləm" ifadəsi
birbaşa Mixail Yuryeviçin həyat devizi idi və elə bu
dastana maraq göstərib, bu mövzuda yazması da təsadüfi
deyildi... Ölüm varsa, qoy deyim - öldürsünlər,
ürəyimdə qalıb içəridən didməsin,
dağıtmasın, ciyəri parçalamasın üfunət
qoxulu köhnə əzablar... Və çox çəkməyəcək,
dili dinc durmayacaq, əlini saxlamayacaq və o da dueldə öləcək...
Hə,
Puşkin öldü, Mirzə Fətəli poema yazdı,
Bestujev-Marlinski çevirdi və dağlı gülləsindən
məhv oldu, cəsədi ələ də gəlmədi,
tapılmadı... Bir əsr keçdi, Mikayıl Müşfiq
farsca yazılmış "Şərq poeması"nı
bizim dilə tərcümə etdi və o da gənc
yaşında repressiya olundu, adada güllələndi və
"son mənzili Xəzər oldu"... Mənim Dərviş
Məstəli şaha müraciət edib burda hər hansı
mistik səbəb axtarmaq fikrim yoxdu... Amma məsələ
burasındadı ki, elə bil yüz-yüz illərdi zaman
adlı gəmi batmaqdadı və bu adamları artıq
yük kimi atır özündən... Dantesin, Martınovun,
repressiya maşınının vasitəsilə atır. Niyə? Çünki onlar həqiqəti
deyirlər. Ən azı gəminin içinə dolan
suya işarə edirlər... Zamana isə bu sərf etmir,
görməzdən gəlib çalıb-oynamaq daha
rahatdı! Bu mənada "Qurtulmadın zamanın qanlı
şərindən" - deyən Mirzə Fətəli də, "Sizsiniz
qatili, əzəl cəlladı - Dühanın, Şöhrətin
və Azadlığın" yazan Lermontov da haqlı idilər.
Amma zamanın qanlı şəri içində azaqlıq
qatilləriylə mübarizədən çəkinmək,
"Maskarad" iştirakçılarına meydan vermək
demək idi... Mixail Yuryeviçin isə belə
bir fikri yoxdu. Həm də Puşkinin başladığı
yolu davam etdirmək, sənətdə yeni istiqaməti möhkəmləndirmək
mühüm idi!
Məhz
"Zəmanəmizin qəhrəmanı" əsəri
böyük və çoxtərəfli mübarizənin
simvolu hesab edilə bilər... Çoxtərəfli deyirəm,
ona görə ki, müəllif elə yazdığı
ön sözdə niyyətini gizlətmir, oxucunu yeni bir
"level"ə, mərhələyə, keyfiyyətə
keçirmək arzusunu açıq ifadə edir:
"Camaatımız o qədər gənc və sadədir
ki, bir əsərin sonunda əxlaqi nəticə görmədikdə
onun mənasını anlamır. Millət zarafatı
sezmir, kinayəni duymur, bir sözlə, o, yaxşı tərbiyə
edilməmişdir.
...Bəziləri
Zəmanəmizin Qəhrəmanı kimi əxlaqsız bir
adamın onlar üçün örnək şəklində
göstərilməsindən daha çox incidilər, bəziləri
isə çox incə şəkildə qeyd etdilər ki,
yazıçı özünün və
tanışlarının portretini çəkib... Nə qədər
köhnə və miskin bir zarafat! Nə edəsən,
görünür, Rusiya elə yaradılmışdır ki,
belə mənasız şeylərdən başqa, orda hər
şey yenilənir...".
"Vətəni qəribə bir sevgi ilə sevirəm"
- deyən yazıçının yanaşması (öz millətinə
ayıq və tənqidi baxması) çox dəqiqdir. Millətin yaxşı tərbiyə
olunmadığını vurğulayır, amma əsərin
sonunda əxlaqi nəticəni də qəbul etmir. Məhz bu ideya ilə sənətin didaktik material
yox, düşüncəyə, ruha təsir edə biləcək
vasitə olduğunu qəbul etdirmək son dərəcə
vacib idi. Amma bununla belə, oxucunun elə
bu gün də Zəmanə qəhrəmanının -
Peçorinin xarakterində, davranışında Mişelin
özünü axtarması boşdan yaranmayıb.
Puşkin
öləndən sonra bir gecədə məşhurlaşan
Lermontov haqda - ona Puşkinin ruhu köçüb - deyirdilər...
Amma indi elə təkcə şeirlərini
müqayisə etdikdə Puşkinin necə işıqlı,
pozitiv, şux olduğunu, Lermontovun isə əksinə, bədbin,
ümidsiz, tənha bir ovqatda əsərlər
yazdığını görürük. Ədəbiyyatşünaslar bu gənclik pessimizminin səbəbini
şəxsi həyatla bağlayırlar. Məncə də
şair rahat və dəbdəbəli həyatı
"seçdiyi" üçün ömrü boyu kompleks
keçirirdi... Ana nənəsi Yelizaveta Arsenyeva
onu öz varisi elan etməklə tüfeyli həyat yaşayan
atasından ayrı salmışdı. Qızının
bu avara ilə izdivacının elə əvvəldən əleyhinə
olan əsilzadə
nənə ona vəfat etmiş balasının əmanəti
kimi qalmış Mixaili taleyin ümidinə buraxa bilməzdi.
Yeniyetmə yaşında Mişel üsyan edib atasının
yanına getmək istəsə də, təcrübəli və
müdrik qadın tezliklə hər şeyi başa salır
ona... Amma burda da bədbinliyin başqa səbəbi
gizlənir. Uşaq vaxtından Dekabristlərin
çoxunu nənəsinin və onun qardaşı
Stolıpinin evində görən Lermontov beş
nəfərin asılmağından sonra özünə
qapanır. Üstəgəl, gənclik eyforiyası,
böyük istedadının kiçik nəticələr və
reaksiyalar almasından doğan təklik... "Heç kimə
lazım deyil" - düşüncəsi... Axı
sadəcə Bayronu orijinaldan oxumaq eşqi ilə ingilis dili
öyrənən gənc daha böyük ümidlər,
arzularla yaşayır. Məşhur "Dilənçi"
şeirində dediyi kimi... Ovcunu açıb
çörək gözləyən zavallının əlinə
daş qoyurlarsa, necə yaşasın.
Hələ
üstəlik, sevgi sarıdan da qırıqlıq... Varvara Lapuxina adlı xanıma aşiq olan Mişel
ömrünün sonuna kimi qovuşmamaq, istəyinə
çatmamaq kompleksi ilə yaşayırdı. Gözəl rəssamlıq istedadı vardı və
çəkdiyi rəsmlərin içərisində
Varvaranın portretləri ayrıca yer tuturdu. Beləliklə,
bütün bu kəmliklərdən doğan komplekslərinin,
hətta mənfi cəhətlərinin Peçorinin xarakterində
görünməsi müasirlərini də, bu günün
oxucusunu da düşündürməyə bilməz...
Ümumiyyətlə, rus ədəbiyyatında ilk dəfə
Jukovski şəxsi həyatla yaradıcılığın sərhədini
dağıda bilmişdi, yaşananla yazılanı eyniləşdirməyi
bacarmışdı. Bunu Belinski də təsdiq edirdi... Amma məhz Lermontov
yaradıcılığında bu üsul bir qədər də
"leqallaşdı"... Peçorin elə
Mişelsayağı əsəbi, cığal, cırtqoz,
biganə, xudpəsənd bir adamdı. O, həmişə
narazıdı, hər şeydə səhv axtarır. Povestə
daxil olan ilk "Bela" hekayəsində Maksim
Maksimıçla söhbəti onun xarakterini anlamağa
yardımçıdır:
"Məni dinləyin, Maksim Maksimıç! Mənim
uğursuz xasiyyətim var.
Tərbiyəmmi məni belə yaratmış, Allahmı
məni belə yaratmış...
Gəncliyimin ilk günlərindən mən
pulla əldə edilə biləcək bütün zövqlərdən
qudurmuşcasına istifadə etməyə başladım.
Mən o zövqlərdən iyrəndim. Sonra yuxarı cəmiyyət içərisinə
atıldım. Bu cəmiyyətdən də
nifrət etməyə başladım. Gözəllərə
aşiq olurdum. Onlar da məni sevirdilər. Lakin
onların sevgisi ancaq mənim xəyallarımı və izzəti-nəfsimi
qıdıqlayırdı, qəlbim də boş
qalırdı. Mən mütaliəyə,
bilik, təhsil almağa başladım. Elmdən
də zəhləm getdi. Şöhrət
və bəxtiyarlığın ondan asılı olmadığını
gördüm. Çünki ən bəxtiyar
insanlar cahil və nadandır. Şöhrət
isə təsadüfidir. Bunu əldə
etmək üçün bir qədər çevik olmaq
lazımdır. Belanı öz evimdə
gördüyüm ilk dəfə onu dizlərimin üstünə
oturdub tellərini öpdüyüm zaman mən axmaq elə zənn
etdim ki, bu, mərhəmətli tale tərəfindən mənə
göndərilmiş bir mələkdir. Mən
yenə səhv etdim. Vəhşi qızın məhəbbəti
adlı-sanlı bir xanımın məhəbbətindən o
qədər də yaxşı deyil. Ötəkinin
naz-qəmzəsi insanı təngə gətirdiyi kimi, bunun da
nadanlığı və sadəliyi adamı bezikdirir.
Mənim ruhumu yuxarı cəmiyyət xarab etmiş,
düşüncələrim dinclik bilmir. Hər şey mənə az gəlir. Həyatımda boşluq gündən-günə
artmaqdadır...".
Ekzistensializm fəlsəfəsinin yaranmasına bir əsr
vardı hələ, məhz iki dünya müharibəsindən
sonra bu istiqamət meydana gələcəkdi. Əslində, müharibədən
sonra insanın dünyayla yadlaşması, özünə
qapanması və həyatın faniliyinə əminliyi,
heç nədən zövq almaması o qədər təbii
idi ki... Elə isə Lermontovun da özündən nələrsə
qatıb Peçorini yaratması və bununla ekzistensial nəzəriyyəni
yüz il qabaqlaması təsadüf idimi?
Qətiyyən! Axı Peçorinsayağı daha sərt desək
"qudurğan adam" artıq vardı
rus ədəbiyyatında, Puşkinin Onegini Peçorinin
başlanğıcı, təməli deyildimi... İntəhası Onegin yalnız Tatyananın
sevgisini dəyərləndirmir, ona biganəlik göstərir.
Peçorin isə ətrafında hər kəsə bədbəxtlik
gətirir... Bela, knyajna Meri, Qruşnitski, Maksim
Maksimıç bu insanların hər biri Peçorinin əndərbadi
xasiyyətinin şablon desək, qurbanlarıdır.
Vladimir
Nabokov Lermontovun əsərində qurama məqamlara etiraz
edirdi, onun qadın xarakterlərinin rəngsiz olduğunu
deyirdi... Amma bununla belə, müəllifin yaşını və
təcrübəsizliyini nəzərə alsaq "Zəmanəmizin
qəhrəmanı" elə qaydaları alt-üst etməsilə,
roman içində roman, çarpaz zamanlar təhkiyəsi ilə
mükəmməldir, heyrətamizdir. Hətta
Çexov Lermontov nəsrində bircə sözün belə
artıq işlənmədiyini və ondan öyrəndiyini
gizlətmirdi. Tolstoy gündəliklərində psixoloji
nəsrin incəliklərini Lermontovdan əxz etdiyini
yazırdı...
Elə
Peçorinin gündəliyinə ön sözdə qeyd
olunmuş əsas ideya - İnsan ruhunun, hətta ən
xırda insanın belə ruhunun tarixi bütöv bir
xalqın tarixindən daha maraqlıdır - fikri günü bu
gün də hər kəsi düşünməyə vadar
edir...
Çünki Lermontov zəmanə adamı ruhunun tarixini
heç də yaxşı görmürdü. Xüsusən zadəgan cəmiyyətində
müşahidə etdiyi riyakarlıqlar onu "Maskarad",
"Demon" kimi mövzularda yazdırmışdı... Amma məhz Peçorinin simasında bu problemləri
ümumiləşdirə bilmişdi. Hətta Çar I
Nikolay da əsərə etiraz etmişdi, axı niyə
qüsurlu bir adam - Peçorin qəhrəman
olmalıdı, ondansa daha dürüst biri - Maksim
Maksimıç daha uyğun deyilmi Zəmanə qəhrəmanı
adına?! Xeyr, uyğun deyil, çünki bu,
Lermontov idi, həqiqəti yazmalıydı, deməsəydi də,
desəydi də öləcəkdi. Üstəgəl,
çəkdiyi karikaturalar da bu mübarizəsinin tərkibi
idi. Bütün bunlar yaxşı yerə
aparmırdı; dəfələrlə karikaturalarında
rişğənd etdiyi, məclislərdə atmaca
atdığı Martınov da demişdi bunu.
Lermontov qəribə
bir fəhmlə öz ölümünü yazıb sanki
povestdə... Amma həyata, zamana və zəmanəyə biganə
Peçorin üçün də, Lermontov üçün də
ölümün bir qəpiklik mənası yoxdu! Hələ
üstəlik, elə hər ikisinin varlığı da,
yoxluğu da yeni həyatın, yeni sənətin davamı idisə...
Bəli,
bu, XIX əsrdi... Rus nəsri hər gün yenilənir, dəyişir,
inkişaf edir... Bir janr, istiqamət möhkəmlənməmiş
yenisi meydana gəlir... Realizm hələ tam
yerini almamış sürrealist əsərlər
yazılır. Bu haqda isə gələn dəfə...
Qoqoldan danışacam!
Şinelindən
yox!
Burnundan!
PƏRVİN
Ədəbiyyat qəzeti.- 2021.- 13
fevral.- S.24-25.