Mətbuatımızın Teymur Əhmədov
fenomeni
Teymur Əhmədov-90
H.B.Zərdabi
məktəbindən dərs almış maarifçi nəslin
ənənəsinə söykənən, sələflərinin
yolunu yeni məfkurə ilə davam etdirməyə
çalışan və bu sahədə zəngin təcrübəyə
malik mətbuat xadimi, maarifçi ziyalı, filologiya elmləri
doktoru, professor Teymur Əhmədovun mətbuat fəaliyyətinə
xronoloji ardıcıllıqla nəzər salanda yetərincə
dolğun və mükəmməl olan mənzərə
göz önünə gəlir. Ömrünün 70 ilini
mütəmadi, davamlı şəkildə mətbuatda olmaq,
zamanı üçün aktual səslənən
mövzulardan cəsarətlə söz açmaq, hər
hansı bir şəraitdə milli əhəmiyyətli məsələlərdə
prinsipiallıq göstərmək, sözün həqiqi mənasında
peşəsinə ruhən bağlılıq və fədakarlıqdır.
Həyata nikbin baxışlar, inamla yaşanılan
ömür o qədər zəngindir ki...
Akademik Cəmil
Quliyev "Zəhmət və istedadın vəhdəti" məqaləsində
yazır: "Soruşularsa Teymur Əhmədov tədqiqatçı
kimi qüvvətlidir, yoxsa jurnalist kimi? Çətin
sualdır, məncə o jurnalistik fəaliyyətində
yaxşı tədqiqatçı, tədqiqatçı fəaliyyətində
yaxşı jurnalistdir. Bu iki tərəf onun
yaradıcılığında vəhdət təşkil
edir! Ən ümdə Teymur zəhmətkeş, sadə
insandır".
Teymur
Əhmədovu mətbuata aparan yol öz
başlanğıcını məktəb illərindən
almışdı. Onun uzaq illərin arxasında qalmış
məktəb həyatına nəzər yetirmək, hafizəsinin
dərin qatlarında, yaddaşında yer almış xatirələrinə
işıq salmaq da öz zərurətini doğurur.
Teymur
müəllimin memuar xarakterli "Mənim həyatım"
xatirə əsəri və yüzlərlə ciddi
mövzularda qələmə aldığı publisistik məqalələri,
sənədli-bədii povesti ilə yaxından
tanışlığımız təsəvvürümüzdə
jurnalistin keçdiyi həyat yoluna aydınlıq gətirdi.
Belə bir aydınlıqda Azərbaycan mətbuatının
sonuncu mogikanı, böyük bir nəslin yolgöstərəni,
mənəvi müəllimi sayılan professor Teymur Əhmədovun
jurnalistlik fəaliyyətindən bəhs etmək, qeyd etdiyimiz
kimi, Milli Mətbuatımızın bir başqa istiqamətdən
öyrənilməsinə yol açır.
Məqamın
doğurduğu bir haşiyə.
Hər
şey 8-ci sinif şagirdi Teymurun məktəbdə divar qəzetinin
redaktoru olmasından başladı. Bir gün Məktəb
Pedaqoji Şurasının iclasına dəvət olunan Teymura
ilk komsomol təşkilatının katibi vəzifəsini təklif
edirlər. Ona bu vəzifəni tapşırmaqda məqsəd
başını uşaqların nizam-intizamına, dərslərə
davamiyyətinə, məktəbdə keçirilən tədbirlərin
təşkilinə cəlb etməklə bir növ
özünün də nizam-intizamlı olmasını təmin
etmək idi. Teymursa 9-cu sinifdə olan dostunun yerinə - bu vəzifəyə
heç vaxt keçməyəcəyini bildirir. O zaman məktəbin
direktoru ona məktəb divar qəzetini
çıxarmağı həvalə edir...
...O,
"Molla Nəsrəddin" məktəb divar qəzetinə
gözəl tərtibat verir, dərs əlaçıları
üçün fəxri guşə açır, tənbəllər
əleyhinə felyetonlar yazır, mətnlərə uyğun rəsmlər
çəkir. Onun hazırladığı dolğun, rəngarəng,
maraqlı yazılar çəkdiyi karikaturalar məktəbin
müəllim və şagird kollektivi tərəfindən rəğbətlə
qarşılandı. Bütün məktəb Teymurun istedad və
qabiliyyətinə heyran qaldı. Sən demə, bu məşğuliyyəti
təbiətində doğallıq şəklində
özünü göstərdi. Elə o zamandan
yaradıcılığa olan həvəsi pərvəriş
tapdı. Yeni bir aləmə qədəm qoyanda, onun
ağlına da gəlməzdi ki, sonradan ömrünü Milli
Mətbuata bağlayacaqdı. Həyatda ən böyük məramı
da Milli Mətbuatın inkişafına öz töhfəsini bəxş
etmək olacaqdı. Bu səbəbdən də mükəmməl
biliyə, səriştəyə malik olan təcrübəli
jurnalist XX-XXI əsrlərin qovşağında milli müstəqilliyimizin
bərpası və möhkəmlənməsi yollarında
milli oyanış dövrü mətbuatının
yaradıcısı, təəssübkeşi kimi cəfalara, əziyyətlərə
qatlaşacaqdı...
Teymur
Əhmədov Azərbaycan Dövlət Universitetini bitirdikdən
sonra 1954-cü ilin avqust ayından doğma yurdu İrəvanda
Ermənistan KP Mərkəzi Komitəsinin orqanı "Sovet
Ermənistanı" qəzeti redaksiyasında əmək fəaliyyətinə
başladı. Elə həmin vaxtlardan mətbuatımızın
keçib gəldiyi yolu, onu yaradanların məramını,
maarifçi-pedaqoqların nəzəri görüşlərini
öyrənməyə çalışdı.
1954-1961-ci
illərdə "Sovet Ermənistanı" qəzetində
ilk məqaləsi qətrə-qətrə yığılan
özünəinamın təməl daşı oldu. Teymur
müəllim bu mətbu orqanda ədəbi işçi, məsul
katibin müavini vəzifələrində
çalışdı. Redaksiyada şöbə əməkdaşlarının
məqalələrini redaktə edib çapa hazırlamaqla
yanaşı, topladığı materiallar əsasında məqalə
və oçerklər də yazırdı. Onun mətbuatda ilk
kövrək addımları belə
başlamışdı...
Həmin
vaxtlar (1959-1961) Moskvada "Pravda" redaksiyasının təşkil
etdiyi ikiillik Ümumittifaq qiyabi Jurnalistika lektoriyasında nəzəri
biliyini artırdı. SSRİ Jurnalistlər Birliyinin
üzvlüyünə daxil oldu.
Bu
dövrdə Qərbi Azərbaycan ziyalılarının,
şair, yazıçıların
yaradıcılığına yaşıl işıq
yandırılması, qəhrəmanlıq tariximizin, ədəbi
məxəz, qaynaqlarımızın üzə
çıxarılmasında mükəmməl tədqiqatçı
kimi Teymur Əhmədovun xidmətləri əvəzsiz idi.
Onun ərsəyə gətirdiyi əsərlər təkcə
yazıldığı tarixdə deyil, bu gün də, sabah da
İrəvan mətbuatının öyrənilməsində
ilk mənbə olaraq böyük əhəmiyyətə
malikdir.
Həmin
illər gənc jurnalistin tez-tez kənd rayonlarına ezam
olunması, insanların həyat tərzi, işi, əməlləri
ilə yaxından tanışlığına geniş
üfüqlər açmışdı. Odur ki,
soydaşlarımızın problemləri, çətinlikləri
barədə qəzetdə geniş yazılarla
çıxış edirdi.
Onun qələm
məhsulları ədəbi, tarixi, mədəni, mənəvi
və ictimai əhəmiyyətli məsələlərdən
bəhs etməklə cəmiyyətin maraq və müzakirə
mərkəzində idi.
Teymur
Əhmədov həmin vaxtlarda Ermənistanın Mərkəzi
Dövlət Tarix arxivində 1918-1920-ci illərin milli
münaqişələr zəminində baş vermiş hadisələri
əks etdirən çoxlu sayda sənədlər və digər
materiallar üzə çıxarmışdır. Onların
arasında Abbasqulu bəy Şadlinski və onun
silahdaşlarının qəhrəmanlığından,
"Qırmızı tabor"un fəaliyyətindən hələ
kiçik yaşlarında nənəsindən eşitdiyi hadisələrə
aid olan materiallar, məlumatlar toplamışdır. Hətta məzuniyyətdə
olduğu vaxtlarda da o, Mərkəzi Dövlət Tarix arxivində
1918-1920-ci illərdə Ermənistanda baş vermiş
ictimai-siyasi hadisələri, hərbi əməliyyatları əks
etdirən məxfi sənədləri araşdırır,
Şadlinskinin və onun "Qırmızı tabor"
alayının fəaliyyətini öyrənir, materiallar
toplayır, sənədlərin foto surətini
çıxarırdı. Müəllif bu mövzuda ilk məqaləsi
üçün əldə etdiyi arxiv materialları ilə
kifayətlənməyib, Vedi rayonunu kəndbəkənd gəzir,
yaşlı adamlardan xatirələr toplayırdı. Eləcə
də 1948-52-ci illərdə Ermənistandan deportasiya edilərək
Gəncə, Şəmkir, Goranboy, Ağdam və digər
bölgələrə köçürülən insanlarla
görüşür, canlı şahidlərin xatirələrini
qələmə alırdı. Teymur Əhmədovun bu
mövzuda yazdığı ilk məqaləsi Ermənistan
Partiya Tarixi arxivinə rəyə göndərilir. Arxivin
baş elmi işçisi İ.Tahiryan bildirir ki, "məqalədəki
faktlar tarixi həqiqəti əks etdirir, onu dərc etmək məqsədəuyğundur".
Göründüyü
kimi, erməni qadağalarının, fitnə-fəsadının
içində belə, o, araşdırıb üzə
çıxardığı qəhrəman
oğullarımızın mübarizliyini ciddi yazılarının
mövzusu etmişdir.
..."Sovet
Ermənistanı" qəzetində
çalışdığı vaxtlarda o, həm də
Bakı mətbuatını, ədəbi mühitini izləyirdi.
Orada dərc olunmuş əsərlər, ədəbiyyat
tariximizin görkəmli şəxsiyyətlərini,
maarifçi ziyalılarımızı tədqiq edən
monoqrafik kitablar haqqında yazdığı publisistik məqalələrlə
təkcə çalışdığı qəzetdə
deyil, erməni dilində nəşr olunan qəzet və
jurnallarda da çıxışlar edirdi. O, İrəvanda
Bakı ictimai-ədəbi mühitinin ən ləyaqətli
nümayəndəsi, Ermənistan azərbaycanlılarının
həyatı, yazıçı və şairlərinin
yaradıcılığını təqdir və təbliğ
edən ziyalı idi. Bu mənada İrəvan mətbuatında
çalışdığı illəri T.Əhmədovun tərcümeyi-halının
tər-təzə pöhrələrlə qol-budaq
atdığı "yaşıl dövrü"
adlandırmaq olar. Dediklərimizi isbat edəcək dəlillər
isə onun fəaliyyətində diqqətimizi cəlb edən
çoxlu sayda qələm məhsullarıdır.
***
İkinci
Dünya müharibəsindən sonra Qərbi Azərbaycanda
yaşayan azərbaycanlı şair və
yazıçılara Ermənistan dövləti tərəfindən
heç bir qayğı göstərilmir, əsərləri
çap olunmurdu. Teymur Əhmədov "Sovet Ermənistanı"
qəzetinin müdrik ağsaqqal redaktoru Cəfər Vəlibəyovun
razılığı ilə gənc şairlərin redaksiyaya
göndərdikləri şeirlərdən vaxtaşırı
"Ədəbiyyat səhifəsi"ndə dərc etməklə
ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdi.
Teymur
Əhmədov "Sovet Ermənistanı" qəzetində dərc
etdirdiyi "Gənc müəlliflərin bədii
yaradıcılığına diqqəti artırmalı"
məqaləsində Ermənistan Yazıçılar
İttifaqı rəhbərliyinin gənc azərbaycanlı
yazıçılara laqeyd münasibətini ciddi tənqid
etmişdi. Gənc jurnalistin bu çıxışı Ermənistan
KP Mərkəzi Komitəsində əks-səda
doğurmuşdu. Bir həftə ötməmiş rəhbərliyin
tapşırığına əsasən tanınmış
erməni şairləri - Aşot Qraşi və Arşavir
Darbni redaksiyaya gəlib, Ermənistan Yazıçılar
İttifaqının göstərişinə əsasən
"Sovet Ermənistanı" qəzetinin nəzdində Azərbaycan
Yazıçılar Birliyini təsis etdilər. Bu qərardan
irəli gələn tövsiyələrə əsasən Ermənistan
Yazıçılar İttifaqının rəhbərliyi (sədr
Avetik İsahakyan idi) ildə 20 çap vərəqi həcmində
"Ədəbi Ermənistan" almanaxının
buraxılmasını və gənc
yazıçıların əsərlərinin kitabça
halında ayrıca nəşrini qərara almışdı.
Bu xəbər bütün mərkəzi rəsmi qəzetlərdə
dərc olundu. Ədəbi almanaxın təşkili məsələsi
yazıçı Əkbər İrəvanlıya
tapşırıldı. Pedaqoji İnstitutun Azərbaycan
şöbəsinin tələbələrinin və gənc
yazıçıların iştirakı ilə keçirilən
yığıncaqda Əkbər İrəvanlı Birliyin sədri,
Teymur Əhmədov isə məsul katibi seçildi.
1957-ci ildə
"Ədəbi Ermənistan" almanaxının birinci
nömrəsinin işıq üzü görməsi də məhz
Əkbər İrəvanlı və Teymur Əhmədovun səyi
nəticəsində baş tutdu. Bu, respublikada azərbaycanlı
yazıçı gənclərin arasında böyük ruh
yüksəkliyi yaratmışdı. Teymur Əhmədov
"Sovet Ermənistanı" qəzetinin redaktoru Cəfər
Vəlibəyovun dəstəyi ilə "Ədəbi
birliyin" üzvlərinin İrəvanda keçirilən gənc
yazıçıların ümumrespublika müşavirəsində
iştirakını təşkil etdi. Həmin gün
"Qraqan tert" ("Ədəbiyyat qəzeti") Teymur
Əhmədovun irihəcmli məqaləsi fonunda onun gənc azərbaycanlı
yazıçılarla foto-şəklini də çap
etmişdi. Bütün bunlar onu deməyə imkan verir ki, gənc
jurnalist T.Əhmədov İrəvanda Azərbaycan maarifinin, mədəniyyətinin,
ədəbiyyatının təəssübkeşi
olmuşdur.
***
Teymur
Əhmədov o zaman erməni mətbuatında Azərbaycan
tarixini, onun qəhrəman oğullarını bilərəkdən
gözdən salan, aşağılayan yazılara da cəsarətlə
cavab verir, onların saxtakarlığını ifşa edirdi.
Həmin illərdə erməni yazıçılarından
biri "Qraqan tert" ("Ədəbiyyat qəzeti") qəzetində
yazırdı ki, "Qaçaq Nəbi o taydan (İran ərazisindən)
öz quldur dəstəsi ilə Arazı keçib erməni kəndlərini
talan edir, dağıdırdı".
Erməni
yazıçısı Abramovun yalanlarını tutarlı və
məntiqi cavabları ilə ifşa etməkdən
ötrü gənc jurnalist arxiv sənədlərinə, eyni
zamanda vaxtilə Nəbini şəxsən görən, onun kəndlilərlə
münasibətinin şahidi olan ermənilərin xatirələrinə
istinadən yazdığı "Tarixi fakt təhrif
edilmişdir" adlı məqaləsini "Sovet Ermənistanı"
qəzetində (10 may, 1958) dərc etdirir. Məqalə rəsmi
dairələrdə qəzəblə qarşılanır, gənc
jurnalisti Ermənistan KP Mərkəzi Komitəsində
sorğu-suala çəkirlər. O, çəkinmədən,
Nəbinin Azərbaycan kəndlilərinin arasından
çıxmış xalq qəhrəmanı olduğunu, azərbaycanlı
və erməni kəndlilərini müdafiə etdiyini,
harın mülkədarları, məlik və hampaları qorxu
altında saxladığını, onların var-dövlətini
yoxsul kəndlilərə payladığını təkzibedilməz
faktlarla sübut edir. Bununla da erməni
yazıçısının iftiralarını ifşa edərək
puça çıxarır. Lakin Ermənistan KP MK
ictimai-siyasi şöbəsinin müdiri Gevork Hayryan Teymur
Əhmədovu "millətçilikdə, xalqlar arasında
nifaq salmaqda" günahlandırmağa
çalışır". Lakin Ermənistan KP MK Birinci katibi
Tovmasyan ictimai-siyasi təbliğat şöbəsinin
müdiri G.Hayryanı "hay-küy" salmaqda tənbeh edir.
"Bu məsələni büroya çıxarmaq olmaz.
Qaçaq Nəbi azərbaycanlıların xalq qəhrəmanıdır",
- deyir.
Çox
keçmir ki, "Qraqan Tert" qəzetində redaksiya heyətinə
və "Mincevan" oçerkinin müəllifinə
töhmət verildiyi bildirilir...
T.Əhmədovun
"Sovet Ermənistanı" qəzetindəki
yazılarında rezonans doğuran cəsarətli fikirləri,
hadisələrə doğru mövqedən
yanaşılması, həqiqətin meydana
çıxarılması məqsədini daşıyırdı.
Bu mənada onun Azərbaycan tarixinin, görkəmli şəxsiyyətlərin
üstünə kölgə salan faktları puça
çıxarması böyük əhəmiyyət kəsb
edirdi.
Teymur
Əhmədovun zəhmət adamlarının həyatından
bəhs edən yazılarında da dədə-baba
yurdlarında əsrlərlə yaşayan soydaşlarımızın
milli-mənəvi dəyərlərə, ənənələrə
malik olduğunu incə notlar, real tarixi dəlillərlə təsvir
etməsi azərbaycançılıq mövqeyinin göstəricisi
idi.
Teymur
Əhmədov "Sovet Ermənistanı" qəzetində
çalışdığı illərdə qədim
Oğuz yurdunda, dədə-baba torpaqlarımızda yaşayan
soydaşlarımızın keçmiş həyatını
öyrəndi, onların ictimai mövqeyinə, qədim tarixinə,
adət-ənənələrinə, köklü mədəniyyətinə,
qurub-yaratmaq əzminə yaxından bələd oldu.
Bütün bunlar onun mətbuat
yaradıcılığında azərbaycançılıq
mövqeyindən ifadəyə geniş imkan yaratdı, gəncliyindən,
ilk qələm təcrübələrindən mübariz bir qələm
sahibi olduğunu göstərdi.
Teymur
Əhmədovun İrəvanda, "Sovet Ermənistanı"
qəzeti redaksiyasında (1954-1961) işləməsi onun vətəndaş
ziyalı kimi yetkinləşməsinə ciddi təsir göstərdi.
Onun işgüzarlığı, jurnalistika aləmində ilk
cəsarətli addımları, arxivlərdə işləməsi,
inadlı axtarış bacarığı, ilk qələm təcrübələri,
sanki həyat eşqi ilə yaşayan gəncin sonrakı ədəbi,
elmi fəaliyyətinə uğurlu zəmin yaratdı.
***
Teymur
Əhmədov 1961-ci ildə ailəlikcə Bakı şəhərinə
köçdü. Elə həmin il Azərbaycan Elmlər
Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun
aspiranturasına daxil oldu. Elmi rəhbəri Xalq
yazıçısı, akademik Mirzə İbrahimovun təklifi
ilə görkəmli ictimai-siyasi xadim, yazıçı Nəriman
Nərimanov ədəbi irsini araşdırmağa
başladı.
Sovet
hakimiyyəti dövründə 50 il adının çəkilməsi
belə qadağan olunmuş Nəriman Nərimanovun irsini
araşdırmaq müşkül məsələ idi. Lakin
1954-1960-cı illərdə sükut buzu
sınmışdı: akademik Cəmil Quliyev,
yazıçılar - Qılman İlkin, Mir Cəlal, ədəbiyyatşünas
alimlər - Hidayət Əfəndiyev, Mikayıl Rəfili Cəfər
Xəndan və onun aspirantı Vəli Məmmədov Nəriman
Nərimanovu siyasi xadim, maarifçi yazıçı-nasir,
dramaturq kimi xalqa tanıtmaq üçün onun əsərlərini
nəşr etməyə, tədqiq və təbliğ etməyə
başladılar.
1961-1964-cü
illərdə aspirant Teymur Əhmədov Nəriman Nərimanovun
ədəbi irsinə, ədəbi-ictimai mühitinə və
mübarizəsinə aid nə varsa, bacarığı və
var qüvvəsi ilə toplamağı,
araşdırmağı, mətbuatda məqalələrlə
çıxış etməyi qarşısına məqsəd
qoydu.
O,
Bakı, Moskva, Sankt-Peterburq, Tiflis, Kazan, Həştərxan
dövlət arxivlərində elmi axtarışlarında
xeyli materiallar topladı. "Bakı" axşam qəzetində,
"Ədəbiyyat qəzeti"ndə, İrəvan və
Naxçıvan mətbuatında Nəriman Nərimanovun həyatı,
ictimai fəaliyyəti və ədəbi
yaradıcılığı haqqında, silsilə məqalələr
dərc etdirdi.
Teymur
Əhmədov "Nəriman Nərimanovun dramaturgiyası"
mövzusunda elmi-tədqiqat əsərini vaxtında yazıb
başa çatdırdı. Aspiranturada təhsil müddəti
başa çatdığından bir neçə il sonra Azərbaycan
Yazıçılar Birliyində - "Azərbaycan"
jurnalının tənqid və ədəbiyyatşünaslıq
şöbəsinə rəhbərlik etdi. 1968-ci ildə isə
müsabiqə yolu ilə Dil və Ədəbiyyat
İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı
şöbəsində baş elmi işçi yerini tutur.
Namizədlik işini böyük müvəffəqiyyətlə
müdafiə edir.
Elmi rəhbəri
müdafiədən bir gün qabaq Moskvadan öz xətti ilə
ilk aspirantına belə bir məzmunda fototeleqram göndərir:
"Əzizim Teymur, təbrik edirəm. İnanıram ki,
müdafiən uğurla keçəcəkdir. Mirzə
İbrahimov". Belə də olur. Teymur müəllim
xatırlayır ki, dissertasiyanı müdafiə etdiyim gün
İsmailiyyə binasında böyük zalın
ağzınacan dolu olması Nəriman Nərimanova ümumxalq
məhəbbətinin təzahürü idi...
Opponentləri
- akademik Məmməd Cəfər Cəfərov, filologiya elmləri
doktoru Kamal Talıbzadə, akademik Firudin Köçərli və
digərləri öz çıxışlarında Teymur
Əhmədovun böyük cəsarətlə, uzun illərin
ağır zəhmət və əziyyətləri sayəsində
tədqiqat işini uğurla başa çatdıraraq
müdafiə etməsini böyük rəğbətlə
qarşılayırlar.
Lakin
İnstitutda onun müvəffəqiyyətini
gözügötürməyənlər hörümçək
toru quraraq Teymur Əhmədovu uzun illər elmi işdən
ayrı salırlar. "Nərimanovun elmi-tənqidi mətnini"
hazırlamağı ona həvalə edirlər. Teymur Əhmədov
buna etiraz edərək bildirir ki, mən mətnşünas
deyiləm. Siz mənə qəsd edirsiniz, mən bu işin
texnikasını, qayda-qanununu bilmirəm. Və əlavə
edir ki, peşəkar yazıçıların - Cəlil Məmmədquluzadənin,
Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy
Haqverdiyevin və başqalarının bədii əsərlərinin
elmi-tənqidi mətni yoxkən, bu fikri ortaya
atmağınız heç bir məntiqə
sığmır. Nərimanovun sağkən Bakıda çap
olunan kitablarını 1925-ci ildən sonra nəm arxivlərdə
çürüdüblər. 1926-cı ildən 1956-cı ilədək
onun bədii əsərləri Bakıda dərc olunmayıb...
Onun elmi
işini mətinşünaslığa yönəltmək gənc
alimin elmi fəaliyyətinin inkişafına pəl vurmaq idi.
Lakin Teymur Əhmədov insanın bilmədiyi sahədə
işləməsinin nə qədər ağır və
çətin olduğunu bilsə də imtina edə bilmir. O,
yazır: "Mənim qarşımda ciddi vəzifə dururdu.
N.Nərimanovun öz sağlığında 1894-cü ildə
Bakıda nəşr olunan "Nadanlıq" pyesindən
1970-ci ilədək ötən 76 il ərzində
çıxan əsərlərini cümlə-cümlə,
sözbəsöz tutuşdurub nəzərəçarpan dəyişiklikləri
(neçənci ildə bu söz necə dəyişdirilib və
nə üçün ixtisar olunub) göstərilməlidir.
Elmi-tənqidi mətn hazır olandan sonra bütün bu dəyişikliyin
xarakteri, səbəbi və mahiyyəti mətnşünaslıq
elmi mövqeyindən təhlil olunmalıdır". Tədqiqatçı
alim, üç il böyük zəhmətlərə
qatlaşır, nəhayət, Nərimanovun elmi-tənqidi mətnini
hazırlayıb başa çatdırır...
***
Xalq
yazıçısı akademik Mirzə İbrahimovun təşəbbüsü
və Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin
göstərişi ilə Elmlər akademiyasının Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan
Ədəbiyyatı şöbəsi yarandı. Mirzə
İbrahimov burada şöbə müdiri kimi, dəvət
etdiyi seçmə elmi işçilərlə Cənubi Azərbaycan
Ədəbiyyatının araşdırma Mərkəzinin təməlini
qoydu. Teymur Əhmədovu şöbəyə müavin vəzifəsinə
dəvət etdi.
Bundan
sonra Mirzə İbrahimovun tapşırığı ilə
Teymur Əhmədov "Nəriman Nərimanovun yaradıcılıq
yolu" mövzusunda doktorluq dissertasiyası üzərində
işləyir və onu uğurla başa çatdıraraq
müdafiə edir...
***
1965-ci ildə
professor Kamal Talıbzadənin tövsiyəsi ilə T.Əhmədov
"Azərbaycan" jurnalı redaksiyasında Tənqid və
ədəbiyyatşünaslıq şöbəsinin müdiri
vəzifəsində çalışır. Onun jurnalist təcrübəsi,
tədqiqatçılıq səriştəsi, materialları
araşdırıb təhlil etməsi, onlara münasibətini
bildirməsi burada da sərbəst düşüncə və
prinsipiallıqla ədəbi zövqlə işləməsinə
yol açır.
Həmin
vaxtlar "Ədəbiyyat və incəsənət" və
digər qəzetlərdə N.Nərimanovun ictimai-siyasi fəaliyyəti,
bədii yaradıcılığından bəhs edən məqalələrlə
çıxışını davam etdirir. "Azərbaycan"da
işlədiyi üç il (1965-1968) onun mətbuat
yaradıcılığında özünün bir sıra
keyfiyyətləri, başqa bir istiqamətdən püxtələşməsi
və yeni təcrübəyə malik olması ilə də
xarakterik olmuşdur. T.Əhmədovun mətbuat fəaliyyətində
diqqətçəkən cəhətlərdən biri də
budur ki, o, müxtəlif yollarla redaksiyaya daxil olan zəif məqalələri,
heç bir maraq, ideya kəsb etməyən, yenilikləri
olmayan məqalələri yaxına qoymamışdır. Digər
tərəfdən, ədəbiyyatımız
üçün əhəmiyyət kəsb edən, lakin zəif
yazılmış əsərləri isə ciddi işlədikdən
sonra onların işıq üzünə
çıxmasını özünün vəzifə borcu
sanmışdır. Elə bu fikrin davamı kimi, onu da deməyi
vacib sanıram ki, mətbuatda çalışdığı
bütün vaxtlarda müxtəlif xarakterli, ciddi, əhəmiyyətli
əsərlərin qarşısını almağa
çalışan redaktorlarla işlədiyi zamanlarda da o,
özünün prinsipiallığı, cəsarəti, əqidəli
olması ilə fərqlənmiş, eləcə də müəyyən
məsələlərdə qarşılaşdığı
maneçilikləri, haqsız münasibətləri
müdrikcəsinə qarşılamış, vicdanla işləmişdir.
Tədqiqatçı-alim
1968-ci ildə müsabiqə yolu ilə akademiyanın Ədəbiyyat
İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı tarixi
şöbəsində baş elmi işçi vəzifəsinə
seçilir...
T.Əhmədov
mətbuatda milli və bəşəri mahiyyət kəsb edən
əsərlərlə çıxış etməklə
yanaşı, eyni zamanda mətbuat tariximizi
araşdırır. XIX əsrin sonu, XX əsrin əvvəlləri,
eləcə də Cümhuriyyət dövrü mətbuatını
tədqiq edir. Milli oyanışın ilk qaranquşları olan
bu qəzet və dərgilərdə dərc olunmuş
materialların ideya və məzmununa nəzər salır,
onları təhlilə cəlb edərək məramını
açıqlayır. Bu sırada müəllif "Həyat",
"İrşad", "Açıq söz",
"İnqilab", "Dirilik", "Füyuzat",
İstiqlal", "Azərbaycan", "Övraqi nəfisə",
"Müsəlmanlıq", "Qurtuluş", "Mədəniyyət",
"Gənclər yurdu", "Şeypur" "Zənbur"
kimi qəzet və dərgiləri "milli istiqlal ideyalı mətbuatı
demokratik respublikanın gərgin, mübarizə dolu, təlatümlü
və şərəfli günlərinin aynası" kimi təqdim
edir...
...T.Əhmədov
istər elmi fəaliyyətində, istərsə də mətbuat
yaradıcılığında eyni həvəs və məsuliyyətlə,
həm də inadla çalışmışdır. Xüsusən
də mətbuat sahəsində gördüyü işlər
bu cəfakeş alimin milli və bəşəri
düşüncəyə, gücə, qüdrətə
malik olduğunun göstəricisidir. Fikrimizi bir qədər
geniş aspektdə ifadə etməkdən ötrü mütləqdir
ki, professorun XX yüzillikdə 80-ci illərin sonundan
özünü bütünlükdə mətbuata həsr
etdiyi dövrə nəzər salaq. Bu dövr tarixi təbəddülatlar
içərisində baş verən hadisələrlə zəngindir.
Xalqın milli mənsubiyyətini, varlığını
qabardan, önə çəkən, bu hadisələrə
son dərəcə həssaslıqla yanaşan Teymur Əhmədov
həmin dövrdə mətbuat mühitində yeni bir imicdə,
qiyafədə göründü. Yəni təkcə müxəlif
mövzularda, elmi-ədəbi sahələrdən, xalqın
ictimai-sosial, mədəni həyatından yazan jurnalist kimi yox,
həm də yeni dövr mətbuatının
yaradıcısı, redaktoru kimi, azərbaycançılıq
məfkurəsi işığında yeni mətbu ənənələr
yaratmaq yolunda çalışdı. Bu necə baş verdi?
Bu suala
aydınlıq gətirməkdən ötrü onun
özünün müstəqilliyin bərpası ərəfəsində
və sonra yaratdığı milli mətbuat tariximizdə
xüsusi əhəmiyyətə malik olan qəzet və
jurnalların yaranma şəraitinə nəzər salmaq bir zərurət
kimi qarşıya çıxır.
Artıq
1980-ci illərin sonunda üzdəniraq
qonşularımızın Qərbi Azərbycandakı
soydaşlarımızı dədə-baba yurdlarından
qovması, qaçqınlığa, didərginliyə məruz
qoyması bu vətənpərvər ziyalını
düşündürür, onlara kömək etmək
üçün yollar arayırdı. Çox keçmir ki,
bir mətbuat orqanı açmaq qərarına gəlir. O, ilk
olaraq faciənin başvermə səbəblərinə
aydınlıq gətirməyi, dərdli insanlara dərdini
bölüşməkdən ötrü tribuna verməyi məqsədəuyğun
hesab edir. Bu tribuna 1989-cu ildə təsis etdiyi və cəmi 1
nömrəsi çapdan çıxmış "Ata
yurdu" qəzeti idi.
1990-cı
ildə Azərbaycan Qaçqınlar Cəmiyyətinin təsis
qurultayında nəşri nəzərdə tutulan qəzetin
yaradılması və baş redaktorluğu yekdilliklə cəmiyyətin
idarə heyətinin üzvü Teymur Əhmədova həvalə
olunmuşdu. Onun "Vətən səsi" (1990-1991) adı
ilə nəşr etdiyi qəzetin 10 aprel 1990-cı il tarixli
ilk nömrəsinin birinci səhifəsində "Əziz
oxucular" sərlövhəli baş məqalə və
"Meydan. Üçrəngli bayraq qaldıran xalq" şəkli
verilmişdi...
..."Vətən
səsi"nin mövqeyi bütün qeyrətli Azərbaycan vətəndaşlarının
rəğbəti, etimadı ilə qarşılanırdı.
Onlar "Vətən səsi"ndən tribuna kimi istifadə
edir, xalqı birliyə, istiqlaliyyət uğrunda mübarizəyə
çağırırdılar. Dünya şöhrətli
ictimai-siyasi və dövlət xadimi Heydər Əliyev də
"Vətən səsi"ndə çıxış
edirdi. 20 iyun 1990-cı il tarixli nömrəsində Amerika
müxbiri ilə müsahibəsində dünyanın super
dövlətini Sovetlər Birliyini
"yenidənqurma" siyasəti ilə səriştəsiz
və xəyanətkar Qorbaçovun
dağıtdığını, müttəfiq ölkələr
arasında çaxnaşma salmasını, erməni-müsəlman
çaxnaşmasına rəvac verməsini kəskin tənqid
edirdi...
...Azərbaycan
Respublikasının Ali Sovetinin
ilk sessiyasında xalq deputatı Heydər Əliyev ciddi
narahatçılıq doğuran bu hadisələr barədə:
"Vətən səsi"nin 1991-ci il aprel tarixli nömrəsində
çıxış etmişdi. Orada deyilirdi.
"...Bu
vaxta qədər Sovet İttifaqı hakimiyyəti tərəfindən
xüsusilə şəxsən Qorbaçov və Azərbaycan
Respublikasının rəhbərliyi tərəfindən uzun
zamandan bəri davam edən erməni işğalının
qarşısını almaq üçün heç bir qəti
tədbir görülməmişdir. Artıq 3 ildir ki,
Dağlıq Qarabağ Muxtar Vilayəti dərd və iztirab
kimi asılıb Azərbaycanın boğazından".
Heydər
Əliyev 30 il bundan əvvəl Qarabağ problemi ilə
bağlı çıxışında müdrik siyasətçi
kimi hadisəyə siyasi qiymət vermiş, onun həlli
yollarını da göstərmişdi.
Baş
redaktor baş məqaləsində "Vətən səsi"nin
Cənubi Qafqazın təlatümlü,
ağrılı-acılı məqamında - Qərbi azərbaycandan
yüz minlərlə ailənin qədim ata-baba yurdundan didərgin
salındığı, şovinist rus sovet havadarlarının
köməyi ilə erməni quldur dəstələrinin
Dağlıq Qarabağa müdaxilə etdiyi bir vaxtda binəsiblərin
iradəsi nəticəsində yarandığını
bildirir, ədalətsizliyə, xəyanətə,
haqsızlığa son qoymaq üçün öz fəaliyyət
məramnaməsində xalqı birliyə, əsarətdən
birdəfəlik xilas olmağa, azadlıq idealları və
istiqlaliyyət uğrunda mübarizəyə
çağırırdı.
"Vətən
səsi"nin prinsipiallığı, xalqın arzu-istəyinin,
mövqeyinin ifadəçisi kimi tanınması ona inam və
şöhrət qazandırmışdı. Qəzet ölkənin
taleyini düşünən, ağır böhranlı vəziyyətdən
çıxış yolu axtaran vətənpərvər
ziyalıların, ictimai-xadimlərin də diqqətini cəlb
etmişdi. Bu mənada "Vətən səsi"nin 20 iyun
1990-cı il tarixli nömrəsində Heydər Əliyevin
Amerika jurnalisti "Vaşinqton Post" qəzetinin müxbiri
David Remniklə müsahibəsinin dərc edilməsi təsadüfi
deyildi.
Məlum
olduğu kimi, Sovet imperiyasının başçısı
M.Qorbaçov sosializmi yeniləşdirmək, böhrandan
çıxmaq niyyəti ilə "yenidənqurma" siyasətini
həyata keçirməyə çalışırdı.
Heydər Əliyev müsahibəsində elmi və iqtisadi təməldən
məhrum olan yenidənqurma siyasətini ciddi tənqid edir,
uzaqgörənliklə deyirdi: yenidənqurma buxardı, ölkəni
fəlakətə sürükləyəcəkdir.
***
1991-ci
ilin yayında Bakıda komendant saatı tətbiq olunmasına,
ictimai həyatdakı gərginliyə baxmayaraq, Bakı şəhərində
məskunlaşan Qərbi azərbaycan qaçqın ailələri
zorla, inzibati təzyiq tətbiq edilməklə Şamaxı və
Gəncə ətrafında boş qalmış erməni kəndlərinə
köçürülürdü. "Vətən səsi"
qəzetinin əməkdaşları bu aksiyanın
dayandırılmasına çalışırdı. Baş
redaktor bu "köçürülmə" əməliyyatından
xəbər tutan kimi hadisə yerinə jurnalist və fotoqraf
göndərir, qəzetdə bu dözülməz zorakılığı
ifşa edən məqalələr dərc edirdi.
Ölkə
başçısının göstərişi ilə mətbuat
katibi Osman Mirzəyev "Vətən səsi" qəzetinin
əlehinə "Sovet kəndi" və "Bakı" qəzetlərində
tənqidi məqalələr təşkil etdi. Teymur Əhmədov
"Vətən səsi" qəzetinin 19 iyun 1991-ci il tarixli
nömrəsində "İnsaf da yaxşı şeydir"
məqaləsi ilə onlara kəskin cavab verdi. Lakin Teymur
Əhmədov Müdafiə Nazirliyinin, hərbi komendant
polkovnik Valeri Bünyadovun "siz niyə dövlətin siyasətinə
qarşı çıxırsınız" ittihamı ilə
üzləşdi. İki saatlıq söhbətdən sonra
Teymur Əhmədov komendantı bu aksiyanın dövlət rəsmiləri
tərəfindən vəhşilik, qeyri-qanuni olduğuna
inandıra bilmişdi.
"Vətən
səsi", "Azərbaycan", "Aydınlıq" qəzetləri
milli oyanış dövrünün qəzetləri olmaqla
günün hadisələrini reallıqla əks etdirir,
oxucular tərəfindən çoşqu ilə
qarşılanırdı. Bu üç qəzet elə bir
dövrdə nəşrə başlamışdı ki, erməni
quldur dəstələri azərbaycanlılara qarşı
cinayətlər törədirdilər. Silah gücünə
öz isti yuvalarından qovulmuş, ağrı-acıların
içində qovrulan soydaşlarımız bu qəzetləri
dumana, borana düşmüş talelərinə nur təki
saçılan ümid, həyat yollarında bir mayaq
timsalında görürdülər...
***
...Teymur
Əhmədovun "Vətən səsi"ndən sonra
yaratdığı "Vətən həsrəti"
(1992-1993) qəzeti müstəqilliyimizin bərpası
dövrünün ilk mətbuat orqanı olaraq meydanda
göründü. Bəllidir ki, hər hansı bir mətbuat
orqanının yaranma səbəbi, ideyası Baş redaktorun
oxuculara müraciətində özünü məramnamə
statusunda göstərir. Bu yanaşma eyni zamanda yeni mətbu nəşrin
simasını açıqlayır, gedəcəyi yolu
nişan verir. Oxucunun həmin mətbuat orqanına münasibəti,
marağı da elə burdan yaranır. Bu da aydındır ki,
insanlar yaşadığı ictimai mühitdə onları
düşündürən, narahat edən suallara cavab
alacaqlarını hiss etdikdə, hüquqlarının
müdafiəsində etibarlı tribuna tapdıqlarına, nəşrin
ictimai maraqları ifadə edəcəyinə əmin olduqda
onunla ünsiyyət qurmağa can atırlar. "Vətən
həsrəti" müstəqilliyimizin təzəcə bərpası
dövründə, xalqın gələcəyə
baxışlarının dumanlı, düşüncələrinin
təzadlı olduğu bir vaxtda ictimai mühitdə
göründü. Görünməyi ilə də vətənin
gələcəyinə aydınlıq çilədi,
xalqın düşüncəsində sabahına böyük
inam yaratdı...
..."Vətən
səsi"nin ideyasını ölkədə baş verən
hadisələrin fonunda davam etdirən bu qəzetin - "Vətən
həsrəti"nin müstəqilliyi qoruması, doğru
olanlara dəyər verməsi, haqsızlığa, yalana ayaq
yeri qoymaması, onun oxucular arasında rəğbətlə
qarşılanmasına zəmin yaratmışdır. Müəllif
"Nurlu sabahın əzablı yolu"na ekskursunda oxuculara vəd
edir ki, vaxtaşırı onları Ermənistanın qədim
Oğuz yurdu olduğunu sübut edən sənədli-sübutlu
materiallarla tanış edəcəyik. Bu yerlərin
toponimikası, tarixi abidəsi, şifahi ədəbiyyatı
barədə ardıcıl məlumat veriləcəkdir.
Oxucularda belə bir inam yaradır ki, vaxt gələcək biz
Dağlıq Qarabağı erməni faşistlərindən təmizləyəcəyik,
mübarizəmiz üçrəngli bayrağımızı
orada yüksəldəcəyimizlə başa
çatacaqdır...
...Teymur
Əhmədov 1992-ci ildə "Elturan" (Milli məsələlər)
dərgisinin nəşrini reallaşdırdı. Jurnal
xalqımıza qarşı erməni qəsbkarlarının
torpaq iddialarını konkret mövzu çərçivəsində
araşdırmağı qarşısına məqsəd
qoydu. Burda baş redaktor milli münaqişələrin kök
atdığı XIX əsrin sonlarından başlayaraq hadisələrin
yaranma şəraitinə tarixin şahidliyi ilə nəzər
salır.
Dövlət
müstəqilliyimizin həyatımıza yeni dövr kimi daxil
olması yeni fikrin, düşüncənin yaranmasını zəruri
etdi. Ölkəmizdə bütün sahələrin fəaliyyətinə
yeni baxış, ictimai şüurumuzda oyanış meyli, təzələnmək
istəyi insanların mübarizlik ruhunu coşdururdu. Belə
bir zamanda "Yeni fikir" qəzeti də (1994-1995) ölkədə
yaranmış yeni ab-havanın təsirini izləməsi,
keçid dövrü problemlərin həlli yollarında
ideoloji mübarizəsi ilə öndə idi. Baş redaktor
Teymur Əhmədov əvvəlki nəşr orqanlarından fərqli
olaraq burda fərqli bir imicdə göründü, həm də
məhz özünün yeni mövzuları ilə qəzetin
fəaliyyətinə rəvac verdi...
Professor
Teymur Əhmədovun redaktorluq fəaliyyətində 2007-ci ildə
nəşrinə rəvac verdiyi "Füyuzat"
jurnalının da özünəməxsusluğu diqqəti cəlb
edir. Böyük inam və məsuliyyətlə qeyd edirik ki,
bu jurnal onun yaradıcılığında tam yeni bir
düşüncə mərkəzi oldu. Əgər, 100 il əvvəl
(1906-1907-ci illərdə) böyük maarifçi, mütəfəkkir
Əlibəy Hüseynzadə "Füyuzat"ı
üçrəngli bayrağımızın ifadə etdiyi
böyük ideyanın işığında xalqı
türkçülük amalı yolunda birliyə, islami dəyərlərin
gücünə tapınmağa, sivil düşüncəylə
müasirləşməyə çağırırdısa,
Teymur Əhmədov adıçəkilən jurnalın nəşrinə
yeni ictimai-mənəvi baxış prizmasından yanaşmaqla
bu ideyaların inkişafı prosesini maarifçilik ziyası
ilə süsləyirdi. O, Əlibəy Hüseynzadənin,
ümumən XIX əsrin sonu, XX əsrin əvvəllərində
yenicə təşəkkül tapmış Azərbaycan mətbuatı
və onu yaradıb inkişaf etdirən böyük bir
ziyalı nəslinin ideyalarının ləyaqətli
davamçısı olduğunu bu jurnalda ərsəyə gətirdiyi
xeyli sayda publisistik əsərlərində göstərə
bilmişdir.
...Teymur
Əhmədovun mətbuat fəaliyyətini nəzərdən
keçirəndə görürük ki, İsmayıl bəy
Qaspiralı "Tərcüman"ı, Cəlil Məmmədquluzadə
"Molla Nəsrəddin"i, Əli bəy Hüseynzadə
"Füyuzat"ı, Əhməd bəy ağayev "Həyat"ı
necə böyük yanğı, məhəbbətlə
yaratmışdısa, Teymur Əhmədov da nəşrinə
rəvac verdiyi qəzet və jurnalları ("ata yurdu"
(1989), "Vətən səsi" (1990-1991), "Elturan"
(Milli məsələlər - 1992-1994), "Vətən həsrəti",
"Hikmət" (1992-1993), "Yeni fikir" (1994-1995),
"Füyuzat" (2007-ci ildən indiyədək) həmin yanğı,
sevgi ilə işıq üzünə
çıxarmışdır...
Teymur
Əhmədovun Milli Mətbuat tariximizdə müstəsna əhəmiyyət
kəsb edən fəaliyyəti məhz özünün
yaratdığı qəzet və jurnallarda zamanı
üçün aktual olan mövzularda yazdığı əsərləridir.
Bu əsərlər küll halında böyük bir
dövrün ictimai-siyasi mənzərəsini,
xalqımızın soyqırımı faciəsini,
soydaşlarımızın, yurd-torpaq itkisi,
qaçqınlıq, didərginlik acısı, həmçinin,
azadlıq, müstəqillik uğrunda mübarizəsini
gerçəklik prizmasında ifadə etmişdir.
Burda bir
nüansı qeyd etməliyik ki, T.Əhmədov cəsarətli
və təcrübəli jurnalist kimi ölkənin
qarışıq və təlatümlü, gərgin
vaxtlarında, müstəqillik uğrunda mübarizədə
dövrün hadisələrinə, ictimai ziddiyyətlərə
özünün ayıq təfəkkürü,
düşüncəsi ilə yanaşdığından ədəbi-mətbu
cəmiyyətdə, xalq arasında böyük nüfuz
qazandı. Bu əqidəli ziyalı, vətəndaş
özünün yaratdığı mətbuat orqanları ilə
hər zaman xalqın azadlığı uğrunda səsi-sözü
ilə mübarizədə olmuş, müstəqilliyimizin bərpası
və möhkəmlənməsi yolunda sözün həqiqi mənasında
alovlu publisist kimi fəaliyyət göstərmişdir. Elə
məhz bu mübarizliyinə, insani keyfiyyətlərinə
görə ictimaiyyət tərəfindən böyük rəğbətlə
qarşılanan Teymur Əhmədovu ulu öndər Heydər
Əliyev Prezident administrasiyasının təsisçiliyi ilə
gələcəkdə dövlətçiliyimizin möhkəmlənməsi
və inkişafında müstəsna xidmətləri olan
"Respublika" qəzetinə Baş redaktor təyin etdi.
Teymur Əhmədov artıq 25 ildir ki, müstəqilliyimizin
qorunması, dövlət siyasətinin təbliğində,
iqtisadi-sosial, ədəbi-mədəni mövzularda mənalı,
milli və bəşəri əhəmiyyət kəsb edən
oxunaqlı məqalələrlə qəzeti rövnəqləndirir.
Qeyd etmək
lazımdır ki, bu qəzet təcrübəli, peşəkar
jurnalistin mətbuat yaradıcılığında ayrıca
bir səhifə təşkil edir. Məhz bu səbəbdən
də həmin səhifəyə sözün projektor
işığında baxmaq da bir zərurət kimi
qarşıya çıxır. İlk olaraq bir daha
xatırladaq ki, 1996-cı ildə "Respublika" qəzetinin
nəşri qərarlaşdırılarkən Prezident Heydər
Əliyev redaktor vəzifəsinə mətbuat sahəsində
böyük səriştə və təcrübəyə,
peşəkarlığa malik olan professor Teymur Əhmədovu
məsləhət bilir. Çünki Ulu Öndər XX əsrin
90-cı illərində milli oyanış dövrünün
ilk mətbuatının yaradıcısı olan bu şəxsin
fəaliyyətinə bələd idi. Təsadüfi deyildi ki,
Teymur Əhmədov ölkənin ictimai-siyasi həyatında
keçid dövrünün gərginliyilə müşayiət
olunan bir vaxtda ulu öndər Heydər Əliyevin
xeyir-duası ilə "Respublika" qəzetinin Baş
redaktoru kimi fəaliyyətə başladı. Müstəqilliyin
ilk addımlarından onun möhkəmlənməsi yolunda
ölkə rəhbərinin ətrafında sıx birləşən
xalqın gələcəyə inamını duyan,
respublikanın bütün sahələrində çətinlikləri,
eyni zamanda inkişafımızı izləyən baş
redaktor qəzetin səhifələrində ideoloji mübarizəmizə
dəstək olan materialları
işıqlandırırdı. Heydər Əliyevin siyasi
kursunu dərindən dərk edən redaktor böyük siyasətçinin
"müstəqilliyi əldə etmək necə çətindirsə,
onu saxlamaq ondan da çətindir", fikrinin məntiqi mahiyyətinə
söykənərək ölkə həyatının
bütün sahələrindən bəhs edən materiallara qəzetin
səhifələrində geniş yer verirdi. Bu gün Heydər
Əliyev siyasi kursunun ləyaqətli davamçısı
Prezident İlham Əliyev ölkənin inkişafında yeni və
irimiqyaslı layihələri uğurla həyata keçirir.
Bütün bunlar xalqın maariflənməsi ideyası ilə
"Respublika"da öz əksini tapır.
Burdan belə
bir nəticə hasil olur ki, Teymur Əhmədovun mətbuat yaradıcılığında
"Respublika" qəzetinin müstəqil dövlətimizin
möhkəmlənməsi, azərbaycançılıq
ideyalarının, milli-mənəvi dəyərlərin yeni ənənələr
zəminində inkişaf etdirilməsi, zaman-zaman tarixi həqiqətlərin
işıqlandırılmasında onun redaktorluq fəaliyyəti
xüsusi bir səhifə təşkil edir. Bu da bir həqiqətdir
ki, Vətənin və xalqın taleyinə peşəkarlıqla,
bir ziyalı, vətəndaş yanğısı ilə
yanaşan Teymur Əhmədovun mətbuat
yaradıcılığı bütün zamanlarda ictimai mənafelərin
ifadəsinə söykənmişdir...
...Teymur
Əhmədov milli mətbuatın tədqiqinə də öz
töhfəsini vermişdir: Azərbaycan Xalq Cümhuriyyəti
dövrü mətbuatı, Həsən bəy Məlikov və
Heydər Əliyev irsi ilə məşğul olmuşdur.
2003-cü
ildə Teymur Əhmədovun tərtib və nəşr
etdirdiyi "Heydər Əliyev və Azərbaycan mətbuatı"
adlı (dörd cild) kitablarda Ulu Öndərin - dövlət
başçısı kimi müsahibə, bəyanat,
müraciət və çıxışları fonunda
müstəqilliyin birinci onilliyi ərzində milli mətbuatın
yeni mərhələsinin azərbaycançılıq məfkurəsi
işığında yaranması və inkişafı ənənəsinin
təşəkkül tapması əsaslandırılır.
Azərbaycan mətbuatının 140 illliyi yubileyi münasibəti ilə Teymur Əhmədov "Həsən bəy Zərdabi" (1915) adlı "Respublika" qəzetinin xüsusi buraxılışı kitabını nəşr etdirmişdir.
O, həmin kitaba "Ömrünü məşələ çevirən insan - Həsən bəy Zərdabi" sərlövhəli elmi-tərcüməyi-hal xarakterli məqalə yazmışdır.
***
Teymur Əhmədovun yetmiş illik jurnalistik fəaliyyəti taleyini mətbuatla bağlayan gənc nəslə örnəkdir. Onun Milli mətbuatda etibar edilən vəzifəyə ciddi, məsuliyyətlə yanaşması, mənəvi saflığı ona etimad qazandırmışdır.
Bütün bunlar onu da deməyə imkan verir ki, Teymur Əhmədovun mətbuatımızın inkişafına həsr etdiyi ömrünün 70 ilə yaxın dövrü iki mühüm cəhəti ilə yadda qalır. Onun qələmə aldığı mövzular ədəbiyyatımızın, mətbuatımızın yaranması, təşəkkülü, milli-mənəvi dəyərlərin, əxlaqımızın təbliği, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətlərinin tədqiqi, xalqımızın soyqırımı faciəsini, milli, ictimai, tarixi taleyini kökündən, həm də həssaslıqla araşdırılması səciyyəvi xarakterə malikdir.
Şəfəq
NASİR
Ədəbiyyat qəzeti.- 2021.- 13
fevral.- S.20-22