Şeyx Nizami
lövhələri, yaxud "...təvəqqe
edirəm:
kamalının
nöqtə qədərini bizə bəxş edəsən"
"Nizami Gəncəvi haqqında kimlər yazmışdır?" sualına cavab vermək, "Nizami Gəncəvi haqqında kimlər yazmamışdır?" sualı üzərində baş sındırmaq qədər çətindir. Müasirlərindən ta bu günə qədər Nizaminin həyatı və irsi barədə ən yüksək fikirlər, mülahizələr söylənilmiş, dahi şairin yaradıcılığının bənzərsizliyi, toxunduğu problemlərin aktuallığı, əhəmiyyəti, əsərlərinin dil, üslub, sənətkarlıq məziyyətləri və söz sənətinin inkişafında mütəfəkkir şairin misilsiz xidmətləri layiqincə qiymətləndirilmişdir. De Erbel, X.Purqştal, E.Braun, F.Erdman, F.Şarmura, A.Krımski, Y.Marr, İ.Höte, V.Bartold, Y.Bertels... kimi qələm və kəlam sahibləri, eləcə də görkəmli Azərbaycan alimləri Həmid Araslı, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Ələşrəf Əlizadə, Mikayıl Rəfili, Əkbər Ağayev, Mübariz Əlizadə, Mirzağa Quluzadə, Qulamhüseyn Beqdeli, Rüstəm Əliyev, Azadə Rüstəmova, Xəlil Hüseynov, Xəlil Yusifov və başqaları Nizami yaradıcılığını yüksək dəyərləndirmişlər. Böyük ustadın Şərq ədəbiyyatına göstərdiyi təsiri təsəvvür etmək üçün onun əsərlərinə yüzlərlə nəzirə və bənzətmələr, saysız-hesabsız şərh və təfsirlər yazıldığını qeyd etmək kifayətdir.
Azərbaycan nizamişünaslığı XX əsrin əvvəllərindən inkişaf etməyə başlasa da, ötən illər ərzində bu sahədə misilsiz uğurlar qazanılmışdır. Nizami Gəncəvi həyatı, yaradıcılığı ilə bağlı fundamental tədqiqatlarla yanaşı, bir sıra bədii və publisistik əsərlərdə, ədəbi irsin tədqiqində elmi əhəmiyyət kəsb edən təzkirə, hədiqə, dəhvə, səfinə, töhfə, cünglərdə, məcmuə, dərgi, qəzet səhifələrində, digər mənbələrdə kiçikhəcmli, epizodik xarakterli maraqlı məlumatlar, xəbərlər də əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülür. İndiyədək diqqətdənkənar qalan bu qəbildən olan bəzi parçaları oxucuların nəzərinə təqdim edirəm.
General, xeyriyyəçi, məktəb qurucusu, yazıçı, publisist İsmayıl bəy Qutqaşınlı (1809-1861) Məkkə ziyarətinə gedərkən yolüstü Gəncədə dayanır və Nizami türbəsinə baş çəkir. O, "Səfərnamə" əsərində bu barədə ətraflı bəhs edir. "Öz əlim ilə saldığım bağda bir gün istirahət edib" təkrar yola çıxdığını qeyd edən Qutqaşınlı bu bölgənin Hacallı kəndindən Ərəş mahalına, sonra "Kürün üstündən Mingəçevir yanında qurulmuş parom ilə keçib, öz vilayətimizdən ayrılıb Gəncə torpağına ayaq basdığı"nı yazır. Qədim Gəncənin təsviri maraqlı və diqqətçəkəndir. Bu şəhər generalın yadına özünün də zabit kimi iştirak etdiyi döyüş səhnələrini xatırladır. Müəllifin izaholunmaz hisslərilə qələmə aldığı "...bizi Yaradanın evinin ziyarətinə haman məkandan keçirəm" - cümləsini həyəcansız oxumaq mümkün deyil. Qutqaşınlı qələminin gücü, qüdrəti hər sətirdə, hər abzasda görünür. Nizaminin məzarını ehtiramla ziyarət edən dahi şairə xitabən tükənməz məhəbbətlə yazır: "Ey Şeyx Nizami, qəbrini görüb, rəhmət oxuyub ruhundan təvəqqe edirəm: kamalının nöqtə qədərini bizə bəxş edəsən. Rütbətə çatmaq mümkün deyil". Məlum olduğu kimi, bir müddət sonra - 1879-cu ildə Məkkə ziyarətinə gedən Seyid Əzim Şirvani də Nizaminin məqbərəsini ziyarət edir və onun acınacaqlı vəziyyətindən təsirlənərək məşhur rübaisini söyləyir:
Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə
izzü-ehtişamı dağılan.
Olmayıbdır cahanda bir səninlə məntək,
Beyti, evi, məktəbi, kəlamı
dağılan.
Türkçülük ideologiyası və hərəkatının
aparıcı simalarından,
Türkiyə Böyük
Millət Məclisinin
üzvü, Türk Tarix Qurumunun başqanı, "Türk
Dərnəyi" və
"Türk Ocağı"
təşkilatlarının qurucularından biri və məşhur "Türk Yurdu" jurnalının baş redaktoru Yusif Akçura (1876-1935) 1924-cü ildə
İstanbul Universitetində
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
ildönümünə həsr
olunmuş konfransda Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı
haqqında geniş və dərin məzmunlu nitq söyləyir. Azərbaycana
böyük məhəbbət
bəsləyən dünya
şöhrətli ideoloq
Yusif Akçura çıxışının ədəbiyyata həsr etdiyi hissəsində klassiklərimizdən, o cümlədən
Nizami Gəncəvidən
də ilhamla bəhs edir: "Azərbaycan üləma və üdəbasından
bir qismi bütün İslam Şərqində tanınılmışdır.
Bəzilərini Avropa
da tanıyır və təqdir edir" söyləyən
natiq Şeyx Nizami Gəncəvinin adını birinci çəkir (ətraflı
bax: "Yeni Qafqasya", №17,1925).
"Yeni Qafqasya" kimi Azərbaycan mühacirlərinin digər
mətbu orqanları da Nizami irsinə
tez-tez müraciət etmiş, dahi şairin yaradıcılığı
haqqında çox sayda sanballı tədqiqat əsərləri
qələmə almış,
eyni zamanda qardaş Türkiyədə
və digər Avropa ölkələrindəki
Nizamişünaslıqla bağlı
yenilikləri öz səhifələrində dərc
etmişlər. Ankarada nəşr
olunan "Mücahid"
dərgisinin iyul - avqust nömrəsində
"Nizaminin bir əsərinin türkcə
tərcüməsi tapıldı"
adlı xəbər bu baxımdan maraq doğurur. Xəbərdə deyilir:
"Polşa səfirliyinin
polyak şərqşünaslarının
fəaliyyəti ilə
bağlı mətbuata
verdiyi açıqlamalarda
professor Zajackovskinin çalışmalarına
dair bu fikirlər
də mövcuddur:
"Professor Zajackovski bu
arada XII yüzillikdə
böyük şair Nizami tərəfindən orijinalını iranca tanzim etmiş olduğu və türkcə mənzuməsini
tapmış 1342-ci ilə
aid olduğu anlaşılan
və ən əski əl yazısıyla yazılmış
bu mənzumənin tərcüməsini etməyə
müvəffəq olmuşdur.
Professor Zajackovski bu əlyazma üzərində illərlə
işləmişdir. Məşhur İran kralının gözəl prinses Şirinə olan eşqini 6 min beytlə anladan bu çox
gözəl kitab əsasən bir romandır. Bununla birlikdə bu
olay fəna nəticələnir, çünki
gözəl prinses sevgilisinin məzarı üzərində intihar edir. Çox maraq doğuran
bu əsəri
professor ta Napoleon zamanında
olan Paris Milli Kitabxanasından tapmışdır.
Ehtimal olunur ki, bu
əsərin üzü
Misirdə yenidən köçürülmüş və Napoleonun əsgərləri tərəfindən
Parisə aparılmışdır".
Yuxarıdakılarda bu qənaətə gəlmək
olar ki, "söz dünyasının
günəşi" Nizami
haqqında müxtəlif
məxəzlərdə, mənbələrdə
maraqlı, Nizamişünaslığa
və ümumiyyətlə,
ədəbiyyatşünaslığımıza
faydalı ola
biləcək yeni materiallar sahə mütəxəssislərinin yolunu
gözləyir.
Abid TAHİRLİ
Ədəbiyyat qəzeti.- 2021.- 13 fevral.- S.19.