Dədəm Qorqud: Azərbaycan ədəbiyyatının Homeri

 

"Kitabi-Dədə Qorqud"un adındakı "kitab" sözü şifahi xalq ədəbiyyatına deyil, yazılı ədəbiyyata aid əlamətdir. Azərbaycan şifahi xalq ədəbiyyatında tərkibində "kitab" sözü olan heç bir folklor nümunəsi yoxdur. Qədim və orta əsrlərdə Azərbaycan dilində olan əlyazmaların heç birində "kitab" sözündən istifadə olunmamışdır. Xüsusən, "Kitabi-Dədə Qorqud"da "kitab" sözünün izafət birləşmənin birinci tərəfini təmsil etməsi, yəni təyin bildirən söz kimi çıxış etməsi təqdim olunan "Oğuznamə"nin "kitab" olmasını bir daha təsdiq edir.

VII-XI əsrlərdə, hətta sonralar, yəni üzünün köçürüldüyü XVI əsrdə də Azərbaycanda hər hansı bir üsulla kitab çapının olduğu məlum deyildir. Qədim və orta əsrlərdə "Kitabi-Dədə Qorqud"dan başqa, mövcud ənənəyə uyğun olaraq yaradılmış digər genişhəcmli yazılı ədəbi əsərlər "qissə", elmi əsərlər isə "risalə" adlandırılmışdır.

İlk dəfə Türkiyədə professor Məhərrəm Ergin, daha sonra professor Orxan Şaiq Gökyay "Kitabi-Dədə Qorqud"u "Dədə Qorqud kitabı" adı ilə nəşr etdirmişdir. Akademik Həmid Araslı, professorlar Məhəmməd Hüseyn Təhmasib və Əli Sultanlı "Kitabi-Dədə Qorqud"un həm də yazılı ədəbiyyat abidəsi olduğunu bildirmiş, akademik Tofiq Hacıyevin tədqiqatlarında isə bu ədəbi abidədən "Dədə Qorqud kitabı" kimi söz açılmışdır.

Ədəbi-elmi mühitdə əlyazmaların "kitab" adlandırılması ənənəsinin az olduğu və ya heç olmadığı bir dövrdə Dədə Qorqud boyları toplusunun "Kitab" adlandırılması təqdim olunan əlyazmanın sadəcə üzü köçürülmüş bir mətn, yaxud toplanaraq yazıya alınmış əlyazma deyil, məhz "Kitab" olduğunu, kitab şəklində düşünülərək müstəqil bədii əsər şəklində yaradıldığını təsəvvür etməyə əsas verən arqumentlərdən biridir. Ustad ozan Dədə Qorqud zəngin xalq rəvayətləri əsasında və onlardan yaradıcı surətdə istifadə etməklə, habelə yeni süjetlər və obrazlar əlavə etmək yolu ilə Qalın Oğuz Eli haqqında "Oğuznamə" adlandırdığı "Dədə Qorqud kitabı"nı bağlamışdır.

"Kitabi-Dədə Qorqud" el-oba məclislərində Dədə Qorqudun özünün qoşub-düzdüyü və əzbər söylədiyi, qopuz havaları üstündə ifa etdiyi bədii ədəbiyyat nümunəsidir. Bu, şifahi şəkildə yaradılmış mükəmməl yazılı ədəbiyyat örnəyidir. "Kitabi-Dədə Qorqud" boyları kağız-qələm əməliyyatları ilə, yazı üsulu ilə yox, ustad Dədə Ozanın özünün düşündüyü, quraşdırdığı süjetləri el məclislərində əzbərdən söyləməsi, nağıl etməsi, qiraəti, boylaması və qopuzun müşayiəti ilə soylaması əsasında formalaşdırılmışdır. Dədə Qorqudun qoşub düzdüyü, formalaşdırdığı "Kitabi-Dədə Qorqud" Oğuznaməsi hələ ustad Ozanın sağlığında onun şagirdləri vasitəsilə də məclislərdə ifa edilərək xalq yaddaşında daha da möhkəmləndirilmişdir. "Kitabi-Dədə Qorqud" sonralar onun ardıcılları olan alp ozanlar tərəfindən də xalq şənliklərində, xan-sultan məclislərində söylənilərək ümumxalq ədəbi sərvətinə çevrilmişdir.

Dünya ədəbiyyatında yazı üsulu ilə yox, şifahi şəkildə əzbərdən söyləmək əsasında bədii əsərlər yaratmaq işini bundan daha əvvəl qədim yunan şairi Homer həyata keçirmişdir. Homerin şifahi yolla yazılı ədəbiyyatın mükəmməl nümunələrini yaratmaq baxımından Yunanıstanda gördüyü işi Qalın Oğuz Elində - Azərbaycanda Dədə Qorqud yerinə yetirmişdir. Dədə Qorqud Azərbaycan ədəbiyyatının Homeridir.

Məlum olduğu kimi, antik yunan ədəbiyyatının əsasını qoymuş Homerin şəxsiyyəti haqqında mübahisəli fikirlər vardır. O, "əfsanəvi qədim yunan şairi", "gəzərgi kor ozan", həm də yunan ədəbiyyatının, həmçinin Avropa ədəbiyyatının banisi kimi təqdim olunur. Eyni zamanda, Dədə Qorqudun şəxsiyyəti və "Kitabi-Dədə Qorqud"un müəllifi olub-olmaması barədə də fikir müxtəlifliyi mövcuddur. Əksər tədqiqatçılar Dədə Qorqudu bir obraz kimi "Kitabi-Dədə Qorqud"un iştirakçısı, eposun əsas qəhrəmanlarından biri hesab etmiş, tək-tək ədəbiyyatşünaslar onun müəllifliyi məsələsindən söz açmışlar. Beləliklə, Avropa ədəbiyyatşünaslıq elmində "Homer məsələsi" olduğu kimi, Azərbaycan ədəbiyyatşünaslığında da "Dədə Qorqudun müəllifliyi" mövzusu uzun zaman sual olaraq qalmışdır.

Antik yunan ədəbiyyatının yaradıcısı Homer tədqiqatlarda "Kor ozan" adlandırılmış, onun arxaik yunan nəğmələrini qoşub-düzən el sənətkarı olması haqqında mülahizələr irəli sürülmüşdür. Azərbaycan folklorşünaslığında da Dədə Qorqud ozan kimi qəbul olunmuş, onun universal şəkildə qopuz çalıb, söz qoşmasından bəhs edilmişdir. Dədə Qorqud da Homer kimi öz fəaliyyətində şair-bəstəkar funksiyasını həyata keçirmişdir.

Homer nəinki yazıb-oxumaq bacarmamış, hətta onun yaşayıb-yaratdığı bizim eradan əvvəlki VIII-VII əsrlərdə hələ yunan yazısı meydana çıxmamışdı. Beləliklə, məlumatlı, geniş dünyagörüşə malik şəxs olmasına baxmayaraq, qorqudşünaslıqda Dədə Qorqudun da yazıb-oxumaq, savad əldə etmək qabiliyyəti və imkanları haqqında əsaslı bir məlumat yoxdur.

Homer həm də çoxallahlılıq üzərində qurulan qədim Yunanıstan cəmiyyətində əsatiri yarımallah kimi təqdim olunur. Dədə Qorqudun da "qayibdən dürlü xəbər" söyləyən, "Həqq-təala könlünə ilham edən", yəni qəlbinə vəhy gəlmiş, gələcəkdə olacaqlardan qabaqcadan məlumat verən bir övliya olduğu bildirilir. Görkəmli rus alimi Vasili Bartold və böyük Azərbaycan qorqudşünası Məhəmməd Hüseyn Təhmasib Dədə Qorquddan gələcəkdən xəbər verən övliya, ərən kimi bəhs etmişlər.

Homer antik yunan ədəbiyyatında və ümumən Avropada, Dədə Qorqud isə Azərbaycanda və türk dünyasında qəhrəmanlıq eposunun yaradıcısıdır.

Homerin "İliada" və "Odisseya"sı olmadan antik yunan ədəbiyyatını və cəmiyyətini təsəvvür etmək mümkün deyildir. "Kitabi-Dədə Qorqud"suz da Azərbaycan ədəbiyyatı və ictimai fikrinin mənzərəsində yeri heç nə ilə doldurulmayan böyük boşluq yaranar. "İliada" və "Odisseya" kimi, "Kitabi-Dədə Qorqud"da yarandığı dövrün sadəcə ədəbiyyatı deyil, həm də dili, tarixi və fəlsəfəsidir.

Sözün böyük mənasında "İliada" və "Odisseya" qədim Yunanıstanın, "Kitabi-Dədə Qorqud" isə Azərbaycan ictimai-mənəvi həyatının ensiklopediyasıdır.

"Odisseya" poemasındakı Polifem Azərbaycanın Təpəgözü, "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz isə Avropanın və Yunanıstanın Polifemidir.

"Kitabi-Dədə Qorqud" həm də ümumtürk ədəbi abidəsi olduğu kimi, "İliada" və "Odisseya" da ümum Avropa əhəmiyyətinə və miqyasına malik olan möhtəşəm bədii əsərlərdir.

Homer Avropada və Yunanıstanda, Dədə Qorqud isə türk dünyasında və Azərbaycanda qəhrəmanlıq eposunun yaradıcılarıdır.

Həm Homerin, həm də Dədə Qorqudun çoxcəhətli fəaliyyətində musiqi aləti faktorunun: muza və qopuzun iştirak etməsi onların yaratdıqları əsərlərin kütləviləşdirilməsində, el-obaya çatdırılmasında və xalq yaddaşında yaşadılmasında mühüm rol oynamışdır.

Homer özünün məşhur "İliada" və "Odisseya" poemalarını şifahi şəkildə yaratmış, xalq arasında əzbər şəkildə özü ifa etmişdir. Dədə Qorqud da şifahi şəkildə formalaşdırdığı Azərbaycan oğuznaməsini, boyları və soylamaları el-oba məclislərində qopuzun müşaiyiəti ilə əzbər söyləyərək xalqa çatdırmışdır. Homer bütün Yunanıstanın və Avropanın, Dədə Qorqud da geniş mənada - Azərbaycanın və türk dünyasının tarixi-mifoloji yaddaşını özündə əks etdirir. Buna görə də Homerdən olduğu kimi, Dədə Qorquddan da "epoxanın təcəssümü kimi" (Kamal Abdulla) bəhs etmək olar.

Bütün bunlara görə, Dədə Qorqud Azərbaycan ədəbiyyatının Homeri olduğu kimi, Homer də yunan ədəbiyyatının Dədə Qorqududur.

Qorqudşünaslıqda dönə-dönə izah olunduğu kimi, bütövlükdə "Kitabi-Dədə Qorqud" dastanlarının, o cümlədən də "Basatın Təpəgözü öldürdüyü boy"un dərin mifoloji kökləri vardır. Məlumata görə, antik yunan şairi Homer Şərq səyahəti zamanı oğuz tayfaları və Təkgözlü siklop haqqında əsatirləri əldə etmiş və özünün məşhur "Odisseya" əsərini yazarkən bu motivdən yaradıcı şəkildə istifadə edərək Polifem obrazını yaratmışdır. İlk dəfə olaraq 1815-ci ildə "Kitabi-Dədə Qorqud"dakı "Basatın Təpəgözü öldürdüyü boy"da təsvir olunan Təpəgözlə Homerin "Odisseya"sındakı Polifemin müqayisəsini aparan Fridrix fon Dits Azərbaycan oğuznaməsindəki təkgözlü siklop motivinin daha qədim olduğunu xüsusi olaraq aşağıdakı şəkildə qeyd etmişdir: "Oğuz siklopu yunanlardan deyil, əksinə, daha çox yunanlarınkı ondan əxz edilmişdir. Əgər yunanlardakı qədim dövrə aid edilirsə, onda Oğuzlarınkı da, burada deyildiyi kimi, bir o qədər də yeni deyil ki, Dədə Qorqudun müasiri hesab edilsin".

İxtisasca şərqşünas olan Fridrix fon Dits Şərq Oğuz siklopunun Homerin Polifemindən qədim olduğunu bir çox dəlillərlə sübut etmişdir: "Əvvəldən, şərqlilər heç vaxt yunan mifologiyası ilə tanış olmayıblar. Ona görə də mifoloji baxımdan bu, onlar üçün tam anlaşılmaz idi. Əgər Homer asiyalılara tərcümə yolu ilə məlum olmayıbsa, onda onun Polifem haqqında hekayələri də onlara tanış olmamalı idi.

Digər tərəfdən, Oğuz siklopunun həyatının təsviri əvvəlindən ölümünə qədər tam təfsilatı ilə verilmişdir. Homerin Polifem hekayəsi isə bunun müqabilində bir parça və ya bir hadisənin surəti ikimi görünür... Oğuz müəllifinin hadisə haqqında Homerdən çox məlumata malik olması açıq-aşkar görünür.

Belə inandırıcı müqayisələrdən sonra Fridrix fon Dits qəti surətdə qərara gəlmişdir ki, "Homer Təpəgöz nağılını Asiya səyahətində eşitmişdir". ...Beləliklə, Təpəgöz nağılı Kiçik Asiyaya gətirilmiş, Homerin vaxtında yeni bir xatirə kimi yadda qalmış və Homer bundan istədiyi kimi istifadə etmişdir.

Azərbaycan folklorşünaslıq elmində vaxtilə Fridrix fon Ditsin irəli sürdüyü tezisin ətrafında geniş tədqiqatlar aparılmış, "Dədə Qorqud kitabı"ndakı Təpəgözlə "Odisseya"dakı Polifem elmi cəhətdən müqayisə edilərək belə bir qərara gəlinmişdir ki, bu iki süjet arasında həm bənzərlik və həm də fərqlər mövcuddur. Ədəbiyyatşünaslıq elmi "Təpəgözlə Polifem arasında azmanlıq, güc, bədxahlıq, təkgözlü olmaq kimi oxşar cəhətləri" (M.H.Təhmasib) müəyyən etmişdir. Bundan başqa, Basatla Odisseyin, Təpəgözlə Polifemin icra etdikləri hadisələr baxımından da Azərbaycan Oğuznaməsi ilə antik yunan "Odisseya"sı bir-birinə yaxındır. Çünki "Təpəgöz mağarada olan qoyunları çıxarmaq yolu ilə Basatı tutmaq istədiyi kimi, Polifem də sürünü bir-bir yoxlamaq qərarına gəlir" (M.H.Təhmasib).

Bununla belə, "Kitabi-Dədə Qorqud" boyundakı Təpəgözlə Homerin əsərindəki Polifemin arasında fərqlər daha çoxdur. Qorqudşünaslıqda xüsusi yeri olan Təpəgöz - Polifem müqayisəli təhlili əsasən, Məhəmməd Hüseyn Təhmasib və Əli Sultanlı tərəfindən zərgər dəqiqliyi ilə aparılmışdır.

Professor Məhəmməd Hüseyn Təhmasibə görə:

" Odisseylə Polifem arasında heç bir qohumluq əlaqəsi yoxdur, hətta tanışlıq belə yoxdur. Basatla Təpəgöz isə bir yerdə böyümüş, ...bir atanın çörəyini, hətta bəlkə də bir ananın südünü əmmişlər. Onlar demək olar ki, qardaşdırlar.

"...Oğuzun südü ilə, çörəyi ilə böyümüş bu nankor axırda ona bəla kəsilmiş, Qalın Oğuz ellərini yeddi dəfə yerindən oynatmış, ən görkəmli qəhrəmanlarını "zəbun etmiş", axırda yemək üçün beş yüz qoyun, iki adam tələb edərək kəsim kəsmişdir.

"Təpəgöz Oğuz Eli üçün dəhşətli bir fəlakət, ümumi bir bəladır. Odissey təsadüfən Polifemlə üzləşmiş, öz canını qurtarmaq üçün mübarizəyə məcbur olmuşdur. ...Basat isə öz elinin, xalqının intiqamını almaq, Qalın Oğuz Elini fəlakətdən qurtarmaq üçün düşüncəli olaraq Təpəgözlə vuruşa gedən bir qəhrəmandır.

"Odisseygil Polifemi öldürə bilmirlər, ancaq kor edir və bundan istifadə ilə qaçıb canlarını qurtarırlar".

Professor Əli Sultanlının fikrincə:

"..."Təpəgözün doğum və uşaqlığı haqqında ən çox təfsilatlı məlumat verilmişdir. ...Halbuki "Odisseya"da Polifemin doğumu və uşaqlığı haqqında heç bir məlumat yoxdur.

"Təpəgöz təkdir. Polifem isə bir çox təpəgözlərin içərisində yaşayır. Daha doğrusu, onun yaşadığı adada çoxlu təpəgöz var, həmin ada təpəgözlər adası adlanır.

"Polifem insan cəmiyyətini tanımır, cəmiyyətsiz yaşayır. ...Halbuki Təpəgöz insan cəmiyyəti olmadan yaşaya bilmir.

"Təpəgözün bədənindən qılınc keçmir. Halbuki Polifemin bədənindən qılınc keçir.

"Təpəgöz qəhrəmanlarla vuruşur, bütün silahları işlətməyi bilir. ...Polifem silah tanımır.

"Azərbaycan ədəbiyyatında Təpəgözün sələfləri olmuşdur.

"...Qoyun vasitəsilə hər iki qəhrəmanın mağaradan çıxıb xilas olmaları fərqlidir. ...Odissey böyük bir qoçun altında mağaradan çıxır. Polifem bilmir ki, qoçun yavaş getməsinə, dala qalmasına səbəb Odisseydir... "Kitabi-Dədə Qorqud"dakı qoyun soyub, dərisinə bürünmək və sair kimi təfsilat tamamilə yerli xarakter daşıyır".

Akademik Kamal Abdulla isə Təpəgözlə Polifem arasındakı fərqlərin "daha dərində gizləndiyini" qeyd etməklə bu obrazlar arasındakı oxşar və fərqli cəhətləri müəyyən etmişdir:

""Hər iki bədheybəti, həm Polifemi, həm də Təpəgözü birləşdirən çox cəhət var: xarici qiyafə, amansızlıq, fövqəlbəşər, vəhşi ehtiraslar...

Fərqli xüsusiyyətlər də vardır:

"Təpəgözlə mübarizə ölüm-dirim mübarizəsidir. Ya Təpəgöz, ya Oğuz! Mübarizənin mayası, ideyası budur.

"Polifemlə mübarizə isə yalnız qaçıb can qurtarmaq məqsədi güdür. Onun ölümü Odisseyi maraqlandırmır. Çünki Odissey bu sikloplar adasında gəldi-gedər qonaqdır. Amma Polifemdən fərqli olaraq Təpəgöz üzünə olduğu cəmiyyətin içindən çıxıb, elə bil bu cəmiyyətin yarası, irinidir.

"Təpəgözlə Polifem variantları həm də ecazkar doğum xəttində  birləşir. Biri dəniz allahının oğlu, o biri pəri oğludur.

"Bütün şər qüvvələrə qalibgəlmə ümidinin simvolu kimi sonunda Təpəgöz cəza alır - öldürülür. Polifem də cəzasız qalmır. O da eynən Təpəgöz kimi kor edilir. Kor edilmələrinin səbəbi hər ikisinin nankorluğudur.

"Təpəgözün ölümü ilə bütün məşəqqətlərə son qoyulur, bütün işgəncə və iztirablar bitir. Polifemin aldadılıb məğlub edilməsi isə Odisseyin işgəncə, əzab və əziyyətlərinin ancaq başlanğıcı olur". 

Göründüyü kimi, əvvəla, Azərbaycan Təpəgözü ilə yunan Təkgözlü Siklopu arasında bənzərlikdən çox fərqlər vardır. Həm də oxşar cəhətlər daha çox zahiri qatdadır. Deməli, "Basatın Təpəgözü öldürdüyü boy" orijinal əsərdir. İkincisi, "Dədə Qorqud kitabı"nda "Odisseya"dan fərqli olaraq, Təpəgözün anadan olduğu vaxtdan öldürülməsinə qədərki bütün həyatı təsvir edilmişdir. Üçüncüsü, Homerin "Odisseya" əsərindəki Polifemlə müqayisədə Təpəgöz bədii obraz kimi hərtərəfli şəkildə və mükəmməl surətdə canlandırılmışdır. Dördüncü, Azərbaycan mifologiyasında süjetləri, nağıllarda sələfləri olan Təpəgöz motivinin daha qədim olduğu və geniş yayıldığı üçün antik yunan ədəbiyyatına, Homerin "Odisseya" əsərindəki Polifem obrazının yaradılmasına təsir göstərməsi inandırıcıdır. "Odisseya"nın müəllifi Homerin Qafqaz regionundan keçməklə Şərq ölkələrinə səfərinin reallığı Təpəgöz süjetinin yunan ədəbiyyatına Azərbaycan Təpəgözü vasitəsilə keçdiyini ehtimal etmək üçün əsas verə bilir.

Azərbaycanda bu gün də "Basatın Təpəgözü öldürdüyü boy"dakı hadisələrlə səsləşən toponimlərin, Salaxana mağarasının, Uzun bulaq yer adının, Günortac daşının olması Təpəgöz motivinin təkcə mifoloji əsasının deyil, həm də həyati reallıqlarının olduğunu nümayiş etdirir.

Azərbaycan-türk qorqudşünaslıq elmi "Kitabi-Dədə Qorqud" eposunun dünya ədəbiyyatındakı yerini və mövqeyini müəyyən etmək üçün iki yüz ildən çoxdur ki, bu ədəbi abidədəki Təpəgöz motivini Homerin "Odiseya" əsərindəki Polifem sujeti ilə müqayisə etmək və üstünlüyü Azərbaycan oğuznaməsinin qəhrəmanına vermək üsulundan istifadə etməkdə davam edir. Bu məqamda Qorqudşünaslıq elmi "Kitabi-Dədə Qorqud" 1815-ci ildə ilk dəfə elm aləminə bəlli etmiş Fridrix fon Ditsin apardığı müqayisənin orbitində manevr etməkdən çox da uzaq gedə bilməmişdir. Akademik Kamal Abdullanın 1991-2009-cu illərdə meydana çıxmış "Gizli Dədə Qordud" araşdırmalar silsiləsi ilə "oxşarlıqlar və fərqlərin" dairəsi genişləndirilərək "Kitabi-Dədə Qorqud"dakı digər obrazlarla Homerin fərqli qəhrəmanlarının müqayisəsi aparılmışdır. "Gizli Dədə Qorqud"dakı "Odissey, Basat və Beyrək", "Edip və Buğac", "Sarı donlu Selcan xatun və gözəl Yelena", "Salur Qazan və Aqamemnon", "Banıçiçək və Penelopa" və  sair kimi paralelliklər və müqayisələr "Kitabi-Dədə Qorqud və dünya ədəbiyyatı" mövzusuna yeni nəfəs gətirmişdir. Hazırki mərhələdə isə müqayisənin dairəsi daha da genişləndirilərək bənzərliklərin və fərqlərin miqyası Dədə Qorqud və Homer səviyyəsinə qaldırmışdır. Həmin nöqtədə "Kitabi-Dədə Qorqud"un, "İliada" və Odisseya"nın bədii əsər kimi özünəməxsusluqları bu möhtəşəm  ədəbi abidələrin qüdrətli yaradıcılarını: Dədə Qorqudu və Homeri dünya ədəbiyyatının ön mövqeləri sırasına çıxarır.

"Kitabi-Dədə Qorqud" da Homerin "İliada" və "Odisseya" əsərləri kimi dünya ədəbiyyatının şedevridir. "Kitabi-Dədə Qorqud" dünya epos sənətinin əfsanəsidir.

 

İsa HƏBİBBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 fevral.- S.18-19.