Varislər
Anna İBRAHİMBƏYOVA: Nə qədər
mən sağam, nağılımız bitməyəcək
"Varislər"in
bugünkü qonağı yazıçı, nasir,
kinodramaturq, rejissor, Xalq yazıçısı, Dövlət
Mükafatı laureatı, Azərbaycan Respublikası Sülh
Komitəsinin sədri, üç çağırış
Milli Məclisin üzvü, Respublika Əsilzadələr Məclisinin
sədri, ABŞ-ın Luiziana Ştatının Fəxri
Senatoru, ABŞ-ın Minneapolis şəhərinin Fəxri vətəndaşı,
Azərbaycan Respublikası PEN klubunun prezidenti, "Şöhrət",
"İstiqlal" və "Şərəf" ordenləri
ilə təltif edilmiş unudulmaz Maqsud İbrahimbəyovun
xanımı, sənətşünas Anna İbrahimbəyovadır.
Amerikanın fəxri senatoru
O, səksən altı il əvvəl gözəl bir yaz günü
Bakı şəhərində, Məmmədibrahim və Fatma
İbarahimbəyovların ailəsində gəlib dünyaya.
Paytaxtda orta məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Politexnik İnstitutunda ali təhsil
alıb. Tələbəlik illərində
institutun çoxtirajlı "Politexnik" qəzeti ilə əməkdaşlıq
edir, müxtəlif mövzulu yazıları çap olunurdu.
Bir müddət Moskvada mərkəzi radionun
xüsusi müxbiri kimi fəaliyyət göstərir. Həmin dövrdə ilk hekayələri mətbuatda
işıq üzü görməyə başlayır. Onun əsərləri qırxa yaxın xarici dilə
tərcümə edilib. Ssenariləri əsasında
keçmiş sovetlər birliyinin fərqli kinostudiyalarında
filmlər çəkilib. Bizim uzun illərdən
bəri sevə-sevə baxdığımız filmlərin,
oxuduğumuz romanların, hekayələrin, seyr etdiyimiz
tamaşaların müəllifidir.
Maqsud İbrahimbəyov
ziyalılıq etalonu idi, onun yazıları insan ruhuna
nüfuz edir, filmlərinin qəhrəmanları həmişə
sevilirdi. Bu böyük insan, unudulmaz ziyalı,
gözəl yazıçı və ictimai xadimin
xanımı, sənətşünas Anna İbrahimbəyova
ilə İçərişəhərdə, "Maqsud
İbrahimbəyov yaradıcılıq mərkəzi"ndə
görüşdük.
Qorxudan
xəstələnən şir
-
...İrma Rauş var, İrina Tarkovskaya kimi də
tanınır, məşhur kinorejissor Andrey Tarkovskinin həyat
yoldaşı olub, "Qoy bizimlə qalsın" filmini
çəkəndə şirlə balaca oğlanın
kadrlarını montajsız lentə almaq istəyib, filmin
direktoru, quruluşçu operator, təlimçi, texniki təhlükəsizlik
üzrə mütəxəssis buna razı olmayıblar. İrina da Maqsuda zəng vurub onu Yaltaya dəvət
edir ki, gəl mənə kömək elə, bunları
razı salaq. Maqsud da gedib görür,
direktorla operator yağışlı havada hasarın
yanında dayanıb siqaret çəkirlər. Soruşub niyə burda dayanmısınız, deyiblər,
rejissor bizə öz aramızda danışmağa icazə vermir.
Şir də qoca, əldən
düşmüş heyvan, qəfəsdə özü
üçün əsnəyirmiş. Maqsud
da razılıq verməyənlərə tərəf
çıxıb. İrina guya, Maqsuddan
kömək istəyirmiş. Rejissor bundan hiddətlənib,
girib qəfəsə, yapışıb qoca şirin
başından, başlayıb onu silkələməyə:
"Görün heç bu, adam dişləyə
bilir?!" - çığırıb. Yazıq şir qorxudan xəstələnib, düz
bir həftə çəkiliş təxirə
salınıb.
- Həmin povesti ötən il tərcümə etdim. Orada nənə, milis
rəisi olan ata, oğlan, dostlar obraz olaraq çox
maraqlıdır. Üstəlik, hekayənin özü, adam ayrıla bilmir.
- Hə,
oradakı milis ata obrazı bir qədər fərqli milis rəisidir.
Özünə qapalı, amma işini sevən,
məsuliyyətini dərk edən biridir. Oğlu
ilə münasibətləri də ənənəvi
ata-oğul rəftarı deyil.
- Azərbaycan nəsrində belə
fərqli xarakteri olan kişi obrazları az
deyil. İsa Muğannanın Qılınc Qurbanı,
İsmayıl Şıxlının Cahandar ağası,
İlyas Əfəndiyevin "Geriyə baxma,
qoca"sındakı qoca, "Dağlar arxasında
üç dost" romanındakı kolxoz sədri də ənənəvilikdən
fərqlidir.
- Təəssüf,
sizin saydığınız müəlliflərin heç
birinin yaradıcılığı ilə tanış
deyiləm. Vaqif (rejissor Vaqif Əsədov),
xahiş edirəm, kömək elə mənə, tap
onların əsərlərini mütləq oxumaq istəyirəm.
Xatırlayıram, Səməd Vurğunu rəfiqəmin
atası Vladimir Luqavskoy tərcümə edib, çox əla
tərcümələrdir.
İbrahimbəyovlar və Məşədibəyovlar
- Əlbəttə, bizim
yazıçıların rus dilinə gözəl tərcümələri
var. Adlarını çəkdiyim müəlliflərin
hamısı vaxtında tərcümə olunub və
keçmiş sovet məkanında yayılıb. Amma bu gün unudulmaz Maqsud müəllimdən
danışmalıyıq... Mənim üçün də,
oxucularımız üçün də maraqlıdır, kim idi Məmmədibrahim və Fatma xanım
İbrahimbəyovlar?
- Fatma
xanım əsilzadə ailəsində anadan olmuşdu. Atası Ələkbər Məşədibəyov
Bakıda tanınmış sahibkarlardan idi. Bu binanın sahibi olub. Bina onun ailəsi
üçün tikilib və Fatma xanım burada dünyaya gəlib.
Maqsud anasını çox savadlı qadın
kimi xatırlayırdı. Bu insan kitablarla
nəfəs alırmış və Maqsudgilin kitaba
marağı məhz onun sayəsində formalaşıb.
Övladları hələ balaca olanda onlara Mark
Tveni ucadan oxuyub. Bu qadın öz doğma
dilini də, rus dilini də çox gözəl bilirdi. Məmmədibrahim
kişi ixtisasca coğrafiyaçı idi,
Sankt-Peterburqda təhsil almışdı, sonra universitetdə
coğrafiyadan dərs deyib. Məncə, artıq
onun dərs dediyi, onu xatırlayacaq adamlar qalmayıb həyatda.
Çox mədəni adam olub, evdə rusca
danışıblar. Təəssüf, biz
1982-ci ildə Maqsudla ailə quranda artıq onun valideynləri
həyatda yox idilər.
- Maqsud müəllim ixtisasca
inşaatçı idi, bəs onun ədəbiyyata həvəsi,
marağı haradan qaynaqlanırdı?
- Bu suala
özü də cavab verməyə çətinlik çəkirdi.
Nadejda İsmayılova onun haqqında "Əbədi
Maqsud" filmi çəkib, çox maraqlı işdir.
Özünün dediyinə görə, ilk hekayəsini
beşinci sinifdə oxuyanda yazıb. Səkkiz il sonra onu çap etməyə
başlayıblar. Çox yaxşı ədəbiyyat
müəllimi olub, Maqsuda yol göstərib, ruh verib. Peşəkar yazıçı olandan sonra inşaat
onun hobbisinə çevrilib.
- Kitabları
altmışıncı illərin əvvəllərindən
çap olunmağa başlayıb və elə ilk əsərləri
ilə diqqət çəkib, tərcümə edilib.
Bakı koloriti və maraqlı
tipajlar
- Hə,
elə ilk çap olunan yazıları ona şöhrət gətirib.
Onun yaradıcılığı Bakı koloritləri
ilə zəngindir, maraqlı tipajlar seçirdi özü
üçün və bu tipajlar həm oxucu, həm də
filmlərdən sonra tamaşaçı tərəfindən
rəğbətlə qarşılanırdı. Burada əsas məsələ istedad və peşəkarlıqdır.
Maqsud nə yazdığını bilən
yazıçılardandır. Nadejda
İsmayılova Maqsudun arxivini toplayıb, maraqlı bir kitab
hazırlayırıq. Onun gəncliyində
yazdığı elmi-fantastik əsəri var, sonra həmin əsərləri
heç bir kitabına daxil etməyib. Biz
onları yenidən çap etmək fikrindəyik. Çox maraqlı hekayələrdir. Layihəmiz var, məktəblilər bir hekayəni
oxuyur, sonra onun əsasında esse yazırlar. On altı məktəb iştirak edir bu layihədə.
Məktəblilər mərkəzimizə gəlir,
birlikdə Maqsuddan oxuduqları əsərləri müzakirə
edirik, fikir mübadiləsi aparırıq. Uşaqlar çox maraqla qarşılayırlar bu
görüşləri. 12-14 yaşlı
yeniyetmələrin fərqli fikirləri olur, aralarında
çox kreativ uşaqlara rast gəlirik. Maraqlı təhlillər
aparırlar... Onları dinləmək xoş
olur. Özləri də ciddi
yanaşırlar bu görüşlərə.
- Milli kino tariximizdə elə filmlər
var ki, onlar olmadan Azərbaycan kinematoqrafının işini
qiymətləndirmək mümkün deyil. Onlardan biri və mənim
düşüncəmə görə ön sırada
olanı "Bizim Cəbiş müəllim", digəri isə
"Uşaqlığın son gecəsi"dir. Bu filmlərin
ssenari müəllifi Maqsud İbrahimbəyovdur. Maraqlıdır,
Maqsud müəllim bu mövzuları haradan
götürmüşdü? Nəsə
avtobioqrafik məqamlar varmı haqqında
danışdığımız işlərdə?
- Bu suala
cavab verməyə çətinlik çəkirəm, amma onu
deyə bilərəm: Maqsudun çox diqqətli
müşahidə etmək qabiliyyəti vardı.
- Məsələn, Cəbiş
müəllim: bu obraz dünya kinosunun ən maraqlı xarakterlərindəndir.
- Maqsud
müharibə illərində yeniyetmə olmuşdu, o,
görmüşdü Bakısını, o dövrdə
yaşamış insanları, uşaqları, çünki o
özü də onlardan biri olmuşdu. Müharibə
bitəndə Maqsudun 10 yaşı olub, hər şeyi
yaxşı xatırlayırdı o. "Püstə
ağacı" hekayəsində öz uşaqlıq xatirələrini
qələmə alıb. Elə uşaqlar
üçün yazdığı digər hekayələrdə
də uşaqlıq xatirələri üstünlük təşkil
edir. Bəzən onu oxuyanda mənə elə gəlir,
bu adam uşaqlar üçün yazan
müəllifdir, amma fikirlərinin, mesajlarının dərinliyinə
getdikcə başa düşürəm ki, bu adam uşaq səmimiyyəti
ilə bütün insanlığa üzünü tutub fikirlərini
deyir.
"Ondan yaxşı qardaş
yoxdur"
- Bakı mövzusunda maraqlı əsərlər
var (sevimli rejissor dostumuz Vaqif Əsədov söhbətə
müdaxilə edir), maraqlı filmlər çəkilib, amma
açığını deyəcəyəm, bu mənim
subyektiv fikrimdir, Maqsud İbrahimbəyovun "Ondan
yaxşı qardaş yoxdur" romanı bunların
hamısından üstündür. Mən Azərbaycan
ədəbiyyatında o səviyyədə əsər
görməmişəm. Və bu əsərin
süjeti real həyatdan götürülüb.
- Mənə
elə gəlir, uşaqlıq illəri onun həyatının
çox vacib mərhələsi olub. Məsələn,
uşaqlığım mənim üçün bir o qədər
də vacib deyil. Mən əksər
uşaqlar kimi keçirmişəm o illəri, amma
görünür, Maqsud öz uşaqlığından
heç vaxt qopa bilmədi. Bəlkə də
müharibə, müharibədən sonrakı dövr təsir
etmişdi ona, lakin onun bütün
yaradıcılığı üçün bu mərhələyə
toxunmaq, onu xatırlamaq keçərlidir. Məncə,
onun elə bir əsəri yoxdur ki, orada uşaqlıq illəri
ilə bağlı nəsə bir məqam xatırlanmasın.
Bilirsiniz bir də nə var? Maqsud
müharibə faciəsindən yazarkən həm də
insanların faciəsi fonunda onların birliyini qələmə
alır. Onun təsvir etdiyi müharibə
insanları xeyirxah edir, hamı bir-birinə dəstək olur,
arxa olur. Məncə, Maqsudun ən
böyük insanlıq mesajı elə budur və biz 44
günlük müharibə dövründə
özümüz yaşadıq bu birliyi, bu
xeyirxahlığı. Hər şeyi
öz gözlərimizlə gördük. Maqsudun
əsərində müharibə vaxtı Bakının bombalanmadığını
oxuyuruq. Sovet dövründə heç kəs
yazmırdı, demirdi müharibədə Bakı neftinin
hansı rolu olduğunu. Amma müharibə
Bakı nefti sayəsində sovetlərin qələbəsi ilə
başa çatmışdı və Maqsud bunu yazmaqdan çəkinmirdi.
Onun "Neft qan qoxuyur" adlı kinoromanı
var. Bu əsərdə çox aydın şəkildə
Bakı neftinin müharibə üçün necə vacib
olduğunu qeyd edib. 1985-ci ildə həmin əsəri
çəkmək istəyirdilər, amma hardansa bir partiya
katibi peyda olub rəhbərliyə yazmışdı ki, Maqsud
Mircəfər Bağırovdan qəhrəman düzəltmək
istəyir. Filmi bağladılar. Axı müharibə Bakısını, o dördə
Bakı neftini Mircəfər Bağırovsuz necə təsəvvür
etmək olar?
- Cəbiş müəllim obrazı
səmimiyyət, saflıq, düzlük, təmizlik simvoludur və
məncə, Azərbaycanda bu obrazı sevməyən
tamaşaçı ola bilməz. Kimdir Cəbiş müəllim? Mən də
yazıçıyam, çox vaxt qəhrəmanlarım kiminsə
prototipi olur. Tam olmasa da haradasa obrazın
kökündə real insanlar dayanır. Məncə, Cəbiş
müəllim uydurma deyil...
Cəbiş müəllim onun
atasıdır
- Dəqiq
deyə bilmərəm bu obrazı haradan götürüb
Maqsud, bəlkə də, indi eşitsəydi, heyrətlənərdi,
amma bütün hallarda mənə elə gəlir ki, Cəbiş
müəllim obrazı onun atasıdır. Onun atası Məhəmmədibrahim
kişi coğrafiya müəllimi olub və
çox şərəfli insan kimi xatırlanıb həmişə.
- Maqsud İbrahimbəyovla necə tanış olmusunuz, necə
görüşmüsünüz? Bu barədə
xatirələrinizi danışın, zəhmət olmasa.
- O vaxt, yəni
1982-ci ilin yayında Bakıya SSRİ Xalq rəssamı Tahir
Salahov və xanımının dəvəti ilə gəlmişdim.
Onlar Bilgəhdəki kardioloji sanatoriyaya mənim
üçün on günlük "putyovka" düzəltmişdilər.
Elə bir yer seçmişdik ki,
tanışlardan heç kəslə görüşməyim
və işləməyim üçün münbit şərait
olsun. Elə ilk gecə Tahir məni öz
bağına dəvət etdi və təsadüfən Maqsud
da gəlib çıxdı. Və hər
şey bitdi (gülür). Həmin gün
Tahirin emalatxanasında gecələdim, səhər Maqsud
gül dəstəsi ilə gəldi. Onu görən
Tahir qaşlarını çatıb dedi: "Anna, ilk dəfədir
Maqsudu əlində gül dəstəsi ilə görürəm.
Deyəsən, bu çox ciddi məsələdir".
- Bildiyim qədərilə onun
dostları çox idi. Həm Azərbaycanda, həm
keçmiş SSRİ-də, həm də xaricdə. Bəs
onun ən yaxın dostları kim olub? Kimə
sirr verirdi, kimin evinə gedirdi, onun süfrəsinin
qonaqları kim olurdu?
- Əlbəttə, çox idi onlar. Maqsud ünsiyyətcil adam idi, onu sevməmək mümkün deyildi.
O, ümumiyyətlə, insanları çox sevirdi, məclisləri
sevirdi, evində qonaq qarşılamağı, hay-küyü
sevirdi. Hər həftəsonu, hətta deyərdim ki,
evliliyimizin ilk dövründə az qala hər
gün evimiz qonaqlarla dolardı. Bakıda ilk
videomaqnitofonlardan biri bizdə olub. Birlikdə
ekran qarşısına toplaşıb filmlərə
baxırdıq. Yeyib-içirdik, kabab
çəkirdik. Qonşu bağlardan
uşaqlar ağbalıq gətirirdilər, şişə
çəkirdik. Maraqlı keçirdi,
amma belə şeylərə öyrəşməmişdim
axı. Mən sakitlik sevirdim, hüzur
sevirdim. Bir tərəfə çəkilib
kitab oxumaq istəyirdim, mümkün deyildi. Deyirdim, ay Maqsud, sən necə işləyirsən,
necə vaxt tapırsan yazmağa? O vaxt telefonlar normal
işləmirdi, mobil telefon ümumiyyətlə yox idi. İstənilən anda qapı döyülə, kimsə
qonaq gələ bilərdi. Yaxınlıqdan
keçəndə, deyiblər, gedək bir Maqsuda baş
çəkək. Və bu, mütləq
qonaqlıqla bitirdi.
Qonaq-qaralı Maqsud
- Mümkünsə, bizə də
deyin, o yaxınlıqdan keçənlər kimlər idi
axı? Bəs bu qonaqlıqlar sizi bezdirmirdi?
- Bizim Fərhad
Bədəlbəyli, rəssam Fərhad Xəlilov, doktor
Tamerlan İsmalıyov, Anar, Mixail və Yuli Qusmanlar. Ailə ilə, uşaqlarla gəlirdilər. O
ki qaldı bezdirməyə, o, qətiyyən bezmirdi belə
şeylərdən, əksinə həyat eşqi
artırdı onun, mənsə başa düşürdüm
ki, havalanıram. Özümə vaxt ayıra
bilmirdim. Çünki çox təsadüfi hallarda hər
şey çayla bitirdi... Mənsə toparlanmaq,
oxumaq, dənizə getmək, üzmək, məşğul
olmaq istəyirəm. Təklif etdim ki, gəl
biz də - slavyanlarda olduğu kimi, həftənin müəyyən
günlərini qəbul günü elan edək və
qonaqlarımızı ancaq həmin günlərdə
qarşılayaq. Maqsud dedi ki, bizdə belə nömrələr
keçməz. Mən də yavaş-yavaş
başa düşdüm azərbaycanlı gəlini
olmağın özəlliklərini, bu xalqın əsas
atributlarından biri olan qonaqpərvərliyi, süfrə mədəniyyətini.
Nə edə bilərdim, taleyimlə
barışmalıydım, çünki sevirdim Maqsudu və əgər
belə görüşlər onun könlünü xoş
edirdisə, mən də sevdiyim adamın könlünün
xoş olması üçün əlimdən gələni
etməliydim.
- Maqsud İbrahimbəyovun iş
prosesi necə idi? Bir qədər əvvəl qeyd etdiniz ki,
qonaqlıqlardan işləməyə vaxt olmurdu, amma o
yazırdı axı və gözəl əsərlər
yazırdı həm də. Hər gün yaza
bilirdimi? Yazdıqlarını sizə
oxuyurdumu?
-
Maraqlı idi onun yazı prosesi. Fikirləşirdi, gəzişirdi,
musiqi dinləyirdi, sakit dayanıb dənizə baxırdı,
var-gəl edirdi, uzanırdı, otururdu... Başa
düşürdüm ki, artıq öz
dünyasındadır. Beləcə,
yazı masası arxasına keçib başlayırdı
işləməyə. Hər gün
yazmırdı, yəni masa arxasında oturub yazmaqdan gedir
söhbət, amma yəqin, beynində hər gün, bəlkə
də hər an işləyirdi. İşləməyə
başladısa bu, saatlarla uzana bilərdi. Bəli,
yazdıqlarının ilk oxucusu, ya da dinləyicisi mən
olurdum. Mənim fikirlərim onun
üçün vacib idi. Birgə
müzakirə edirdik.
- İctimai işləri, vəzifələri
az deyildi. Deputatlıq, sülh komitəsi, əsilzadələr
məclisi, fəxri vətəndaşlıq, fəxri
senatorluq... Bütün bunlardan başqa, həm də qeyd
etdiyiniz kimi, qonaqlıqlar, qəbullar, tədbirlər...
Həyat bumeranqdır
- Sizə
maraqlı bir əhvalat danışım: sovet hökuməti
gələndə bu binanı Məşədibəyovlardan
alıb müsadirə etmişdilər. Dediyim
kimi, bu bina Maqsudun ana babasına məxsus olub. Səksəninci illərin əvvəlində ona zəng
vurub deyiblər ki, istəyirik sülh komitəsinə rəhbərlik
edəsən. Əvvəlcə Maqsud imtina
edib. Təklif ediblər ki, Maqsud müəllim,
gedək bir baxın, sizə necə gözəl, rahat bina
ayırmışıq. Onu buraya,
anasının dünyaya gəldiyi evə gətiriblər və
Maqsud razılaşıb.
- Dəhşətə gəldim. Həyat
doğrudan da, bumeranqdır. Bu bina öz varisinə
qismət olub əvvəl-axır.
- Bu
binanı təklif edənlər özləri gerçəyi
bilməyiblər. Təsəvvürləri də
olmayıb ki, bina onun babasına məxsus olub. Maqsudun babasını 1924-cü ildə güllələmişdilər.
Bakıda neft sənayesi ilə məşğul
olurmuş. Sonra da hər şeylərini əllərindən
almışdılar. Bu binanı kommunal mənzillərə
bölüb, paylayıblar. Yetmişinci illərdə
kommunal mənzillər ləğv edilib, sonra bir qədər təmir
edib, binanı sülh komitəsinə ofis kimi ayırıblar
və həmin komitəyə sədr kimi də Maqsudu təyin
ediblər. Maqsud dünyasını dəyişəndən
sonra 2016-cı ildə qərar qəbul edildi ki, bu bunada
"Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzi"
açılsın. Mən də o vaxtdan
bura rəhbərlik edirəm. Maqsudun əsərlərinin
təbliği ilə məşğul oluram, onları müxtəlif
dillərə tərcümə etdirirəm və sevinirəm,
gənclər Maqsud İbrahimbəyovu maraqla oxuyurlar. Elə
sən özün onun son romanını və uşaqlar
üçün yazdığı hekayələri Azərbaycan
dilinə tərcümə etdin ötən il.
Maraqlanmışam, tərcümə etdiyin
"Qara paltarlı qadın" romanı kitab dükanında
qalmayıb. Yenidən dükanlara o kitabdan
satış üçün qoydular. Bəli,
o, rusca yazıb, amma biz onu müxtəlif dillərə tərcümə
edirik, buyurun, oxuyun və qiymət verin.
- Mən adıçəkilən
romanı sevərək tərcümə etdim, çünki
yenə fərqli obrazlar, fərqli süjet xətti ilə
baş-başa qalmışdım. Yalnız Maqsud müəllim
bir balıqçının qayığını tabut kimi təsvir
edə, onun öz qayığı ilə bir yerdə dəfn
olunmasını yaza və bunu əsaslandıra, oxucunu buna
inandıra bilər. Bu işə sərf etdiyim
ayyarım mənə zövq vermişdi.
O,
ABŞ-ın Luiziana ştatının fəxri senatoru və
yenə ABŞ-ın Minneapolis şəhərinin fəxri vətəndaşı
idi. Nə üstünlükləri var idi bu fəxriliklərin?
Qeyd-şərtsiz ABŞ vətəndaşı
- Əslində, bütün bunlar sadəcə, simvolik
xarakter daşıyan şeylərdir. Buna görə nəsə əməkhaqqı,
ödəniş olmur, amma bir şey deyim, bu o demək idi ki,
Maqsud istənilən vaxt ABŞ-a problemsiz viza ala və istədiyi
vaxt ABŞ vətəndaşlığını qəbul edə
bilərdi, amma onun üçün Bakıdan başqa
doğma yer yox idi. Hara getsək, uzağı on
gündən sonra Bakı üçün
darıxırdı. Bakısız yaşaya bilmirdi bu adam. Əslində, onun limiti bir həftə
sonra bitirdi, yerdə qalan üç günü isə hiss
edirdim, əzab çəkir. Bakıya qayıdandan sonra əsəbiləşirdi,
deyinirdi, amma nə olsun, Bakı ki Bakı...
- Xaraktercə necə adam idi?
- Çətindir
bu suala cavab vermək mənə. Nə qədər obyektiv ola bilərəm cavab verəndə. O,
dünyasını dəyişəndən sonra bir gerçəyi
dərk etdim: insan gedir, amma ona olan sevgi heç zaman bitmir. O
sevgi əbədi olaraq səninlə qalır. Xarici
görkəminə baxsan deyərdin, çox qəddar
adamdır, amma daxilən çox rəhmli idi. Bilirsiniz
necədir, axı hər adam uşaqlar
üçün yaza bilmir, buna görə ilk növbədə,
uşaqları sevməlisən, onların daxili
dünyasına bələd olmalısan. Yoxsa
uşaqlar sənin yazdıqlarına inanmazlar. Axı uşaqlar səmimi olurlar, nədə də
olmasa, sən onlara səmimiyyətdə məğlub olacaqsan.
- Bizim sevimli
yazıçımızın sevimli yazıçısı kim olub? Kimi təkrar-təkrar
oxuyurdu, kimdən misallar çəkirdi, kimin
yaradıcılığını sevirdi?
-
Lermontovu çox sevirdi, həm şair, həm də
yazıçı kimi. Lev Tolstoyu, Emil Zolyanı, Qolsuorsini
çox sevirdi. Mark Tven onun ən sevimli müəllifi
idi. Görünür, Mark Tvenə olan
sevgisi də uşaqlıq xatirələrindən
qaynaqlanırdı, axı Fatma xanım məhz Mark Tvenin əsərlərini
oxumuşdu onlar balaca olanda.
Nobel mükafatına namizəd
İbrahimbəyov
- Məndə olan məlumata görə,
Maqsud müəllim iki dəfə dalbadal Nobel komitəsinə
ərizə ilə müraciət edib.
- Yox, əksinə,
Nobel komitəsi on il dalbadal ona müraciət
edib ki, sizin şəxsi razılığınız olmadan
namizədliyinizi qeydə ala bilmirik. Buna görə
bizə razılıq məktubu göndərməlisiniz.
Maqsud Nobel komitəsinin bu müraciətlərinə
ümumiyyətlə cavab vermirdi. Sonra Mixail Qusman dedi ki,
niyə cavab vermirsən, mütləq cavab ver. Onu məcbur elədi
və Maqsud razılıq məktubu yazdı və beləliklə
2012-ci ildə onun adı ədəbiyyat üzrə Nobel
mükafatçıları siyahısına düşdü,
amma mükafat vermədilər və o bilirdi ki, mükafat verməyəcəklər.
- Artıq Maqsud müəllimi
itirdiyimiz vaxtdan altı il keçir. Onun
yoxluğunu öz şəxsinizdə necə hiss edirsiniz? Siz kimi itirdiniz? Özünüzlə,
xatirələrinizlə baş-başa qalanda hansı anlar
yadınıza düşür?
- Mən
onu itirməmişəm ki... O məni tərk etməyib. Maqsud həmişə mənimlədir. İlk vaxtlar çox ağır keçirdi hər
şey, sonra başa düşdüm ki, özüm
üçün nağıl uydurmalıyam və mən o
nağılı uydura bildim. İndi həmin
nağılın iki qəhrəmanı var - mən və o. Nə
qədər mən sağam, bizim nağılımız bitməyəcək.
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 13
fevral.- S.16-17.