İşığınız
bol olsun, Nəriman müəllim!
Esse
1982-ci ildə dayımgili Neft-Qaz Çıxarma İdarəsindən
"Azərbaycan" jurnalına abunə
yazdırmışdılar. Çox olmadı.
Cəmisi bir il.
O boz
üzlü 12 jurnal uzun illər boyu isti yay günlərimdə
mənim ürək dostum oldu. Özümlə
evə gətirməyə qoymurdular. Çünki
məndən başqa da oxuyanlar vardı. Mənsə
yalnız yayda, Zirədə nənəmgildə qalanda o
jurnallara sahib çıxırdım. O üzdən bu
üzə, bu üzdən o üzə təkrar-təkrar vərəqləyirdim,
eyni mətnləri təkrar-təkrar oxuyurdum. Ədəbiyyatla
ilk tanışlığım məhz həmin 12 jurnaldan
başladı. Onda hələ
özümün bircə kitabım da yox idi. Yeddi yaşlı uşaq bu böyük ədəbiyyat
bağçasından nələri götürə bilərdi,
nələri dərk edə bilərdi?
Hərçənd
ki, jurnallardakı materiallar ədəbiyyatla ilk kontaktım
idi, ilkin zövqümün formalaşmasında böyük
rolu vardı, ancaq etiraf edim ki, bir çox yazılar artıq
yaddaşımdan silinib gedib... Lakin jurnallarda elə sətirlər,
misralar, fikirlər olub ki, indiyəcən yadımdadı...
Ölümündən əvvəl
Sezar əhd edib,
Brutu
özünə vəliəhd edib...
7 yaşlı uşaq təfəkkürünü silkələyən
bu misralar Nəriman Həsənzadənin şeirindəndi. 1982-ci ilin on
iki nüsxə "Azərbaycan" jurnalının
içində məhz bu şeir elə bil ki, dünya
qavrayışıma, düşüncəmə çox qəribə
təsir eləmişdi. Sezar obrazını kinolardan
tanıyırdım, Brut adında bir gənc
siyasətçi tərəfindən öldürülməyindən
də xəbərdar idim. Hətta Sezarın son anda arxaya
çönüb, "Brut, sən də..." deməsini də
eşitmişdim... Ancaq sən demə, Sezarın təəccübünün
səbəbi məhz bu olub - Brutun da ona sui-qəsddə
iştirak etməsi... Axı mən səni
öz vəliəhdim kimi görürdüm. Axı sən
mənim yolumu davam etməliydin...
Şeirin
əvvəl bəndlərində insan
etibarsızlığı, xəyanətkarlığı və
hakimiyyət ehtirası, sanki bir poetik araşdırma
mövzusu kimi təqdim edilirdi, şair özü
düşünərək oxucunu da
düşündürürdü və sonda bu tarixi faktı
ön plana çəkməklə, sanki oxucu beyninə son mismarı vururdu...
Bəlkə günlərlə o şeiri dilimdə təkrar-təkrar
əzbər deyərək, nənəmgilin həyətindəki
üzüm salxımlarına baxmışam və
dünyanın etibarsızlığı barədə
düşünmüşəm. Yeddi-səkkiz
yaşlı uşağı heyrətləndirən və
düşündürən bir sual - axı dünya niyə
belədi? Axı niyə insanlar
etibarsızdı? Niyə xəyanət
yolu tuturlar? Bunun kökü hardan gəlir?
Elə bu
suallar içində böyüyə-böyüyə Nəriman
Həsənzadənin başqa əsərləriylə də tanış oldum, tamaşalarına baxdım və
başa düşdüm ki, əslində, Sezar haqqında həmin
şeirdə ortaya qoyulan suallar tək bir şeirlə bitmir.
Bir növ sona qədər şairin içində
dolaşır, müxtəlif formalarda üzə
çıxır... Misalçün, yeniyetmə
vaxtımızda məktəbdən verilən biletlərlə
Dram Teatrında "Atabəylər" pyesinə baxanda da
oxşar halı gördüm. Yenə xəyanət, yenə
rəzalət, etibarsızlıq, riya və şairin
sualları... Cavabsız sualları... və yanğı...
Bir var
şair sadəcə ortaya suallar qoyur və buna cavablar
axtarır...
Nəriman
Həsənzadənin əsərlərində isə suallar
sadəcə ortaya qoyulmur, orda həmin daxili
yanğını, daxili gərginliyi hiss edirsən... bu, sadəcə
sual deyil, içində boğulan əsəb gərginliyinin,
bir-birinə sıxılan dişlərin arasından sızan
suallardı...
İnsan özü də dünyanı
bürümüş riyanın, xəyanətin,
etibarsızlığın bir hissəsi olursa, bu xüsusda
düşünəndə də, sualları soyuq,
düşüncələri ölü olur. Çünki
bu hal onun özünü o qədər də yandırmır.
Ancaq insanın özü o rəzalətin,
riyakarlığın bir hissəsi olmayanda, o, daha çox təsirlənir,
sualları daha çox yanıqlı və ağrılı
olur...
Başqa
sözlə desək, Brut xislətli insan
heç vaxt o sualı elə bir gərginliklə ortaya qoya
bilməzdi... Hətta Bruta haqq qazandıracaqdı ki, neynəsin,
başqa cür mümkün deyildi, çarəsizlikdən
belə elədi, çünki dünya belə qurulub...
Bəli,
dünya belə qurulub... Dünyanın belə
qurulmasını rahat halda qəbul eləsəydi, Nəriman Həsənzadə
şair olmazdı...
Onun
şair olmasının səbəbi, belə qurulan
dünyanın gedişatını heç olmasa bir az, bir kitab səhifəsi, bir şeir misrası
qədər düzəltməkdi.
Həm də
göstərilən bu cəhdlərdə zərif bir ümid,
inam da var, ümidsizlik yoxdu... Heyif ki, əksər
hallarda son onilliklərin ədəbiyyatında əks əhvalı
görürük. Dünya belədi, Sezarlar vəliəhd
elan elədiyi Brutların qurbanı olur və bu düzən əfsus
ki, heç vaxt düzəlməyəcək, qiyamətəcən
eblə gedəcək...
Nəriman müəllimin şeirlərində isə o
gizli inam indiyəcən qalmaqdadır. Bəli, əlini-qolunu sallayıb
oturmaq olmaz, çalışmaq, vuruşmaq lazımdı,
insanların ruhunu tərbiyə eləməklə, zərif
incə hisslər aşılamaqla, sevməyi öyrətməklə
müəyyən dəyişikliyə nail omlaq
mümkündü.
Bəli,
ola bilər ki, bu dəyişiklik çox da qlobal olmasın,
lakin gələcəkdə hansısa məqamda, arxadan öz
Sezarına zərbə vurmaqçün xəncərini
qaldıran Brutun əli heç olmasa bir anlıq da titrəsə,
deməli, bütün bu şeirlər, bütün bu cəhdlər,
bütün bu çarpışmalar əbəs deyil.. Çox yox, hətta bircə anlıq da olsa, Brutun
içindəki qətiyyət çat versə, içinə
tərəddüd yayılsa, əli bir saniyəlik də
dayansa, deməli, hələ hər şey bitməyib, deməli,
hələ mübarizə aparmağına,
yazıb-yaratmağına dəyər. Deməli,
çalışmaq lazımdı ki, o bir saniyəlik tərəddüd
sabah üç saniyə olsun, beş saniyə
olsun, Brutun əli daha çox titrəsin, daha çox
düşünsün. Yəqin ki, nə vaxtsa, hər şey
o qədər gözəl olar ki, Brut son
anda öz xəncərini Sezara yox, onu bu xəyanətə
sövq edənlərə qarşı döndərər. Bəli, məhz bu məqam təkcə ədəbiyyatın
yox, ümumən insanlığın təntənəsi olar.
Axı ədəbiyyat da insaniyyətin təntənəsi
üçün çalışmalıdı. Eynən
Nəriman Həsənzadənin şeirləri kimi...
Nəriman Həsənzadənin
yaradıcılığı çox zəngindi,
şükür ki, alimlərimiz tərəfindən də
kifayət qədər araşdırılıb, öyrənilib.
Mənimçünsə ən əhəmiyyətli
olan, onun əsərlərindəki məhz bu ümid və
inamdı. Hər
şeyin düzələcəyinə, bəşəriyyətin
işığa doğru gedəcəyinə olan tükənməz
bir inam... Onun bütün əsərlərini axtarsaz, neqativ,
ümidsizlik, bədbinlik yüklənmiş bircə misra, bircə
sətir də tapa bilməzsiniz...
Ən ağır situasiya, ən çətin durum da,
insan üçün son deyil, əksinə, mübarizə
üçün meydandı.
Yenə son onilliklərin ədəbiyyatına
qayıdaraq qeyd etmək istəyirəm ki, neqativin, pessimizmin
baş alıb getdiyi bir dönəmdə, onun əsərlərindəki
inam okeanda ada kimi görünür. Lakin bir adada olsa belə,
Nəriman müəllim bu işığı qoruyub saxlaya
bilib.
Çünki
bu işıq onun ruhunun ən dərin qatlarından gəlir...
O işıq həm ona ən çətin ağır
günlərdə yaşamağa, mübarizə aparmağa
güc verib, həm də o işıqdan başqalarına pay
verməyə çalışıb. Həm
yaradıcılığında, həm də həyatında...
İşıqlı insan deyərkən, ilk olaraq yada
düşən simalardan biri məhz Nəriman Həsənzadənin
simasıdır.
Bu ay onun yubileyidi. Bütün bu onilliklər boyu o
işığı sönməyə qoymamaq, gələcək
nəsillərə ötürmək həqiqətən də
böyük qəhrəmanlıqdı. Məhz buna
görə də Nəriman Həsənzadəni bizim ədəbiyyatımızın
ən böyük qəhrəmanlarından, fədakarlarından
biri kimi hamı sevir, qiymətləndirir...
Mən də ustadın bu gözəl yubileyini təbrik
edirəm. Əminəm ki, inşallah, yüz illik yubileyində
də iştirak etmək bizə nəsib olacaq.
P.S. Nə
vaxtsa onun şeirlərini oxuyanda, pyeslərinə baxanda
ağlıma da gəlməzdi ki, illər sonra hətta
oğlumun da müəllimi olacaq... Hərçənd ki, hələ
üzbəüz görüşməyiblər, dərslər
onlayn gedir... Ancaq əminəm ki, hər şey
qaydasına düşəndən sonra, Nəriman müəllimin
ən çox sevdiyi tələbələrindən biri olacaq
və onun onilliklər boyu içində gətirdiyi
işıqdan mənim oğlum da bəhrələnəcək.
İşığınız bol olsun, Nəriman müəllim. Yüz yaşayın...
İlqar FƏHMİ
Ədəbiyyat
qəzeti.- 2021.- 20 fevral. S. 2.