Nizami Gəncəvi və səri
bəhri
Böyük
Azərbaycan şairi Nizami Gəncəvi təkcə əsərlərinin
ideya-məzmun xüsusiyyətlərinə görə deyil, həm
də sənətkarlıq xüsusiyyətlərinə
görə də dahidir. Belə ki, məsələn, Nizami Gəncəvi "bəsmələ"ni,
yəni Allah (c.c.) kəlamı olan "Bismillahir-Rəhmanir-Rəhim"
ifadəsini Azərbaycan ədəbiyyatında, bəlkə də
bütövlükdə Şərq ədəbiyyatında
poeziyaya gətirən, onu vəznə salan ilk şairdir. Bu isə o qədər də asan məsələ
deyildir. Bu Allah (c.c.) kəlamı, adətən,
istisnasız olaraq, bütün nəsr əsərlərinin və
elmi əsərlərin ilk sətirlərini bəzəsə də,
mənzum əsərlərdə bu fakta bir o qədər də
sıx-sıx təsadüf olunmur... (bəzi
mənzum əsərlərin nəsrlə yazılmış
dibaçələri nəzərə alınmır).
Nizami Gəncəvi poemalarını qələmə
alarkən əruz vəzninin dörd bəhrindən - səri,
həzəc, xəfif, mütəqarib bəhrlərindən və
həzəc bəhrinin iki növündən istifadə
etmişdir.
Belə ki, o, "Sirlər xəzinəsi"ni səri bəhrində,
"Xosrov və Şirin" və "Leyli və Məcnun"u
həzəc bəhrində, "Yeddi gözəli" xəfif
bəhrində, "İsgəndərnamə"ni isə
mütəqarib bəhrində qələmə almışdır...
İlk poeması olan "Sirlər xəzinəsi"nin
Bismillahir-Rəhmanir-Rəhim
Həst kəlide-dəre-gənce-həkim
(Bismillahir-Rəhmanir-Rəhim
Həkimlər
xəzinəsinin qapısının açarıdır)
- misraları ilə
başlayan səri bəhri isə onun
yaradıcılığında xüsusi yer tutur...
"Sirlər
xəzinəsi"nin vəznindən
danışarkən Əkrəm Cəfər yazır:
"Farsdilli poeziyada səri bəhrinin ən böyük və
qədim nümunəsi Nizaminin "Məxzənül-əsrar"
poemasıdır. Bu sözü yalnız Azərbaycan
ədəbiyyatı üçün deyil, bütün
Yaxın və Orta Şərq ədəbiyyatı
üçün də demək olar. Nizami özü
yazır:
Şəbədeyi-taze bər əngixtəm,
Heykəli əz qalebe-no rixtəm.
(Təzə
füsunkar bir əsər yazdım,
Yeni qəlibdə bir heykəl yaratdım).
Bu beytdən bir az
aşağıda Nizami əlavə edir.
Vin dori əz bəhre-no
engixte...
(Bu əsər yeni bir dənizdən - bəhrdən
çıxarılmış bir incidir).
Başqa sözlə desək, bu poema yeni bir vəzndə
yazılmış bir əsərdir. Burada söhbət
Nizaminin "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi")
əsərindən gedir. Gördüyümüz kimi,
dahi şair bu misralarda yalnız poeziyasının şairanə
obrazlarını deyil, əruzun elmi terminlərini də - bəhr terminini
də, qəlib terminini də işlədir...
Nizaminin
burada "yeni bəhr", "yeni qəlib" sözlərindən
anlaşılır ki, ondan əvvəl səri bəhrinin
"Məxzənül-əsrar"da tətbiq edilmiş
növünü böyük əsərlərdə, poemalarda
başqa şairlər işlətməmişdir... Nizami "bu vəzn ilə yeni bir heykəl
tökdüm" deyəndə, şübhəsiz,
böyük poemanı nəzərə alır. Gizli
deyildir ki, fars şeirində, ümumiyyətlə,
səri bəhri seyrək işlənmişdir... Buna baxmayaraq,
Nizaminin "Məxzənül-əsrar" əsəri Şərq
ədəbiyyatında səri bəhrinə geniş imkan verdi".
Böyük əruzşünas Əkrəm Cəfərin
səri bəhrinin farsdilli poeziyada və Nizami Gəncəvi
yaradıcılığındakı yeri haqqında dediyi
fikirlər tamamilə doğrudur. Lakin "Məxzənül-əsrar"da
"Bismillahir-Rəhmanir-Rəhim" ifadəsini bu bəhrə
gətirməklə, bu bəhrdə Nizami Gəncəvi, eyni
zamanda elə böyük bir
poetik qüdrət gostərmişdir ki, Nizamidən
danışarkən onu da mütləq qeyd etməli,
xatırlamalıyıq. Həm də onu da nəzərə
almalıyıq ki, bu faktı hələ XVI əsrdə
boyük özbək sərkərdəsi, dövlət xadimi,
şairi, alimi Zəhirəddin Məhəmməd Babur
(1483-1530), özünün ümumtürk, özbək əruzunun
xüsusiyyətlərindən bəhs edən məşhur
"Müxtəsər" əsərində qeyd etmişdir. Belə ki, Babur
öz əsərində səri bəhrindən
danışarkən Nizaminin "Məxzənül-əsrar"
poemasının ilk beytini nümunə gətirir və
yazır:
"Məqtuyi-mətviyy-mövquf
Bismillahir-Rəhmanir-Rəhim
Həst kəlide-dəre-gənce-həkim.
Rəməl
bəhrində xatırladıb dedim ki, əcəmlər ərəbləri
təqlid edib (ənənələrini) dirildərkən
misralarının vəznini müxtəlif göstəriblər.
Nizaminin bu beyti də deyilən növdəndir.
Əvvəlki misranın iki rüknü məqtudur, əruzu mətviyy-mövquf:
məf"Ulün məf"Ulün fA"ilAn. Sonrakı
misranın iki rüknü mətviyy, zərbi mətviyy-mövquf:
müftə"ilün müftə"ilün
fA"ilAn".
Baburun bu
sətirlərini şərh etdikdə elə mətləblər
ortaya çıxır ki, Nizaminin təkcə dahi şair
deyil, həm də böyük ədəbiyyatşünas, əruzun
nəzəri əsaslarını mükəmməl bilən
bir şəxs olduğunu və bəlkə də "Sirlər
xəzinəsi" poemasını bilərəkdən səri
bəhrində qələmə aldığını
görürsən. Lakin Baburun fikirlərini şərh etməzdən
əvvəl oxucuda poemanın vəzni haqqında aydın təsəvvür
yaratmaq və Baburun fikirlərini daha rahat anlamaq
üçün bir neçə məsələyə
aydınlıq gətirmək lazımdır... Beləliklə,
bura qədər dediklərimizdən aydın olur ki, Nizami Gəncəvinin
bu poeması səri bəhrində qələmə
alınmışdır. Səri bəhrinin isə fars
poeziyasında işlənən əsas qəlibi bütün
orta əsr alimləri və Əkrəm Cəfərin də
doğru olaraq yazdıqlarına görə müftə"ilün
müftə"ilün fA"ilün-dür. Və Nizami Gəncəvinin
"Sirlər xəzinəsi" əsərinin birinci misradan
başqa, yəni "Bismillahir-Rəhmanir-Rəhim"dən
başqa, bütün misraları bu vəzndə yazılsa da,
bu misra, yəni birinci misra, hələ
XVI əsrdə Baburun da dediyi kimi, başqa qəlibdə-məf"Ulün
məf"Ulün fA"ilün vəznindədir. Bu nədir? Yəni Nizami Gəncəvi
vəznləri qarışdırıb? Axı
biz ötən məqalələrimizin birində Nizaminin
öz əsərlərində belə bir hala yol vermədiyini
və bu faktı hələ Nizami dövrünün tənqidçilərinin
qeyd etdiklərini demişdik. Digər tərəfdən,
deyək ki, Babura inanmayıb, bu misranı da poemanın digər
misraları kimi müftə"ilün müftə"ilün
fA"ilün ölçüsünə salıb, onu bu vəznə
görə "Besme-İlahe-Rəhimanir-Rəhim" kimi də
oxumaq olar və bəzən belə oxumaq istəyənlər
də var. Amma bu, doğrudurmu? Allah (c.c.) kəlamını
dəyişib bu şəkildə oxuya bilərikmi,
ixtiyarımız varmı? Təbii ki, yox... Bəs bu məsələnin sirri nədədir?
Belə ki, bu məsələni araşdırarkən istər-istəməz
Baburun dediklərinə gəlib çıxırsan... və
görürsən ki, birinci misra, həqiqətən də, məf"Ulün
məf"Ulün fA"ilün ölçüsündədir
və bu, heç vəchlə vəznin
sınıqlığına, ölçüsünün
qüsurlu olmasına gətirib çıxarmır. Bəs görəsən,
niyə? Axı əruzda ilk baxışda
guya misralarda, müasir terminologiya ilə desək, uzun və
qısa hecaların eyni sıra ilə düzülüşləri
vacibdir. Burada isə birinci misra-məf"Ulün məf"Ulün
fA"ilün-lə, ikinci misra- müftə"ilün
müftə"ilün fA"ilün başqa-başqa qəliblərdir...
Bəs görəsən, vəzn niyə
pozulmur? Buna görə, bunun səbəbini
başa düşmək üçün, ilk növbədə
əruz vəzninin ümumi mahiyyətini və bir də Babur
demişkən, ərəb əruzunun bəzi xüsusiyyətlərini
bilmək lazımdır ki, Babur da ilk sətirlərdə məhz
buna işarə edir.
Əruzun bir vəzn kimi mahiyyətindən danışarkən
onu demək lazımdır ki, əruz, ilk növbədə,
ölçülü vəzndir. Yəni əruzda
birinci misra hansı zaman müddətinə tələffüz
olunursa, o biri misralar da mütləq həmin zaman müddətinə
söylənilməlidir. Əks təqdirdə,
vəzn pozulmuş olar. Və hətta
misraları təşkil edən hecalar da bu prinsipi
qorumalıdır. Belə ki, sözlər
də yerlərini dəyişə bilməz. Bu da bəzən vəznin pozulmasına gətirib
çıxarar. Amma bu vəzndə, əruzda, daha
doğrusu, daha çox ərəb əruzunda elə bir istisna
halı vardır ki, bu istisna, ərəb əruzunu digər kvantitativ
vəznlərə yaxınlaşdırmaqla, eyni zamanda onun tərkibində
olan iki qısa hecanın birləşib bir heca kimi
çıxış etməsinə də icazə verir. Bildiyimiz kimi isə ölçülü vəznlərdə
zaman etibarilə, yəni tələffüzlərinə sərf
olunan zamana görə iki qısa heca, bir uzun hecaya bərabərdir.
Bu mənada, bu qəliblərdə də vəziyyət
bu şəkildədir. Yəni əruz
terminləri, Baburun dili ilə desək, məqtu olan məf"Ulün-lə,
mətviyy olan müftə"ilün təfilələri
arasında fərq məf"Ulün-ün üç uzun
hecadan, müftə"ilün-ün isə bir uzun, iki
qısa və yenə də bir uzun hecadan ibarət
olmasıdır. müftə"ilün-ün ortasında gələn
iki qısa hecaların zaman etibarilə bir uzun hecaya bərabər
olduğunu nəzərə alsaq, deməli, əslində, bu
iki təfilə zaman etibarilə bir-birinə bərabərdir.
Bu mənada, əslində, Nizaminin birinci vəzni ilə ikinci
vəzni arasında, yəni
məf"Ulün
məf"Ulün fA"ilün-lə,
müftə"ilün müftə"ilün fA"ilün
- arasında zaman
baxımından heç bir fərq yoxdur. Nizami burada, sadəcə
olaraq Baburun dediyi kimi, ərəb əruzunun xüsusiyyətlərini
fars poeziyasına gətirmiş, Babur
demişkən, ərəbləri təqlid edərək,
onların ənənələrini diriltmişdir. Ərəb şeirində misralar arasında isə
bu yaxın vəzn müxtəlifliyi çox adi haldır.
Və burada insafən onu da qeyd edək ki, məf"Ulün
məf"Ulün fA"ilün qəlibinin səri bəhrinin
növlərindən biri kimi tarixən fars poeziyasında
işləndiyini Əkrəm Cəfər də qeyd
etmişdir. Maraqlıdır ki, Nizami də məhz bunu
bilmiş və vəznin verdiyi bu imkandan, farsdilli və
türkdilli poeziyalarda da işlənən, amma bu xalqların əruzlarına bir o qədər də xas olmayan,
lakin Nizami dövründə
fars poeziyasında geniş yayılmış bu fənddən
məharətlə istifadə etmişdir.
Beləliklə,
bura qədər yuxarıda deyilənlərə yekun vursaq, onu
demək olar ki, burada birinci misra
ilə ikinci misra ilk baxışda başqa-başqa vəznlərdə
olsalar da, əslində, "Bismillahir-Rəhmanir-Rəhim"
misrası ilə "Həst kəlide-dəre-gənce-həkim"
və poemanın digər misraları mahiyyət, yəni tələffüzlərinə
sərf olunan zaman müddətinə görə eynidirlər
və bunlar arasında vəzn baxımından heç bir qüsur
yoxdur. Bölgülərə gəldikdə,
yəni bu nümunədə konkret olaraq "Bismillahir-Rəhmanir-Rəhim"
misrasını məf"Ulün məf"Ulün
fA"ilün qəlibinə görə təqti edib oxumaq da vəznə
qüsur gətirmir. Çünki vəznlər arasında fərq
o qədər cüzidir ki, bu fərq hiss belə olunmur.
Və bir də əruzvəznli şeir tarixində belə
faktlar olduqca çoxdur... Məsələn, hətta
Füzulinin "Leyli və Məcnun"u başdan-başa məf"Ulü
məfA"ilun fə"Ulün ölçüsündə
olsa da, bəzi misraları məf"Ulün fA"ilün fə"Ulün-dədir.
Bu, bütövlükdə əruzun ölçülü vəzn
olmaq xüsusiyyətindən irəli gəlir və ayrıca
söhbətin mövzusudur. Bu mənada, əruzu
bilməyən adama ilk baxışda bir qədər fərqli
görünə bilən bu məsələni sənətkar kimi həll edən Nizami, böyük
bir cəsarətlə ilk əsərinin ilk misrasını
Allah (c.c.) kəlamı ilə bəzəmişdir. Və eyni zamanda onu da qeyd etmək lazımdır ki, əsərini
Allah (c.c.) kəlamı ilə başlamaq istəyən Nizami,
bəlkə də Allah (c.c.) kəlamının səri bəhrinə
düşdüyünü gördüyü üçün
poemasını başdan-başa səri bəhrində qələmə
almışdır.
Tərlan Quliyev
Ədəbiyyat qəzeti.-
2021.- 20 fevral. S. 3.