Murad
Nağıyev
Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə
Qazax rayonunda dünyaya gəlmişdir. O, hələ bir
yaşı tamam olmamış ailəsi ilə birlikdə
Bakıya, Bakıxanov qəsəbəsinə
köçmüşdür. Təhsilə 271
nömrəli məktəbdə başlayan Murad
Nağıyev, tezliklə həm öz zəkası, həm də
tərbiyəsi ilə digərlərindən seçilmiş
və müəllimlərinin sevimlisinə
çevrilmişdir. 8 il bu məktəbdə
əla qiymətlərlə oxuduqdan sonra, 2011-ci ildə Cəmşid
Naxçıvanski adına Hərbi Liseyə qəbul
imtahanlarında iştirak etmiş və burada yüksək nəticə
göstərdiyinə görə Türkiyənin Kuleli Hərbi
Liseyinə seçilmişdir.
Murad Kulelidə də özünü doğrultmuş,
xüsusilə də riyaziyyatdan yüksək nəticələr
göstərdiyinə görə müəllimləri tərəfindən
ona "matematik dehası" (riyaziyyat dahisi) adı
verilmişdir.
O, burada mülki dərslərlə yanaşı, həm də
hərb elminin bütün sirlərini öyrənmiş,
müxtəlif yerlərdə yay toplanışlarında və
təlimlərdə iştirak etmişdir. Liseyi
müvəffəqiyyətlə bitirərək 2015-ci ildə
Türkiyədə Kara Harp Okuluna daxil olmuşdur. Birinci
kursu burada başa vursa da, 2016-cı ildə Türkiyədəki
dövlət çevrilişi cəhdindən sonra
(bütün hərbi məktəblər
bağlandığı üçün), o, digər azərbaycanlı
kurs yoldaşları ilə birlikdə vətənə geri
qayıtmış və Heydər Əliyev adına
Ali Hərbi Məktəbdə təhsilinə davam etmişdir.
Murad Nağıyev 2020-ci ildə buradan məzun
olmuş və bununla da o, ümumilikdə 9 illik yüksək
səviyyəli hərbi təhsilə yiyələnmişdir.
Murad Nağıyev 2020-ci ildə Bakı
yaxınlığında yerləşən N saylı hərbi
hissəyə təyinat almış və leytenant rütbəsi
ilə tank taborunda tağım komandiri, tank komandiri olaraq xidmətə
davam etmişdir.
O, 27
sentyabrda başlayan Vətən Müharibəsinə elə həmin
gün yollanmış, qızğın döyüşlərin
getdiyi Füzuli istiqamətində hərbi əməliyyatlarda
iştirak etmişdir. Komandirləri və rütbəcə
yüksək yoldaşları gənc zabiti döyüşə
girməməyə razı salmağa çalışsalar da,
o: "Mən zabitəm, öz tankımda özüm gedəcəyəm!"
deyərək, döyüşə ən ön sıralarda
atılmışdır. Murad Nağıyev tank komandiri olaraq Kənd
Horadizin alınmasında şücaət göstərmiş,
Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki
döyüşlərdə düşmənin xeyli sayda
strateji obyektini, zirehli texnikasını və 50-yə yaxın
şəxsi heyətini məhv etmiş, düşmən
texnikasını qənimət götürmüşdür.
O,
oktyabrın 11-də Cəbrayıl istiqamətindəki
döyüşlərdə düşmənin uzaqdan idarə
olunan tank əleyhinə raket zərbəsi nəticəsində
şəhidlik zirvəsinə ucalmışdır.
Silahdaşlarının dediyinə görə, Murad
Nağıyev həmin gün də israr etmişdi ki: "Bu
gün kolonda bizim tank birinci gedəcək".
Onun şəhid olduğu yer 8 gündən sonra tam nəzarətə
götürülə bilmiş və həmin gecə
bayrağa sarılı nəşi Bakıya gətirilmişdir. Murad
Nağıyev oktyabr ayının 20-də İkinci Fəxri
Xiyabanda dəfn olunmuşdur.
Leytenant
Murad Nağıyev Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamları ilə "Vətən
uğrunda" və "Cəbrayılın azad olunmasına
görə" medalları ilə təltif edilmişdir.
Murad eyni zamanda uşaq yaşlarından incəsənətə
maraq göstərmiş, müxtəlif musiqi alətlərində
ifa etməyi öyrənmiş, həmçinin Türkiyə
türkcəsində şeirlər yazmışdır.
Ədəbiyyat
qəzeti.- 2021.- 20 fevral. S. 5.