Ədəbiyyatımızın səhnəsi

Abdulla Şaiq - "Həpimiz bir günəşin zərrəsiyik..."

 

Abdulla Şaiq yüksək və fundamental təhsil almışdı: Tiflisdə və Xorasanda. Poetika, məntiq, dini və dünyəvi elmlər, ərəb şeiri və ədəbiyyatı tarixi. Xorasanda olarkən Yusif Ziya hər iki qardaşda elmə və ədəbiyyata marağın yanğıya çevrilməsində əsaslı rol oynadı. O dərəcədə ki, böyük qardaş bu hadisəyə hörmətlə müəllimin adını özünə təxəllüs götürdü: Axund Yusif Ziya. Abdulla Şaiq Bakıya gəlib müəllimlik hüququ verən şəhadətnaməni alır, şəhərin qaynar həyatına qovuşur, uşaqlıqdan qəlbinə yığışan ülvi duyğularla daha sonralar - Xorasan və Bakıda gördüyü mənzərələr - millətin ac-yalavac vəziyyətdə, ələmlər içində çırpınması hansı məqamdasa birləşib onu gedəcək yolun başına gətirir. Abdulla Şaiq "Vətən" şeirini yazır. Bu tipli mətnləri ancaq maarifçi məfkurəli insan yaza bilərdi, həm də ana dilini Vətən bilən bir şəxs. Abdulla Şaiqin hansı üslubda yazdığını, bir sözlə, şeirlərinin poetikasını müxtəlif elmi üsullarla şərh etmək mümkündür və bu, müəyyən dərəcədə yazılıb da. Ancaq bir cəhət zənnimizcə, çox önəmlidir: yaradıcı insan qoşulduğu ədəbi hərəkatda qələmdaşları ilə birləşməzdən qabaq onlardan fərqlənir, yəni əslində, hər şeyi əlahəzrət fərq yaradır; o dövr Azərbaycan poeziyasında romantik pafoslu şairlərin sayı az deyildi, Abdulla Şaiqin poetik mətnlərində bir cəhət üzdə olmasa da, həmişə fərq yaradırdı: intonasiyanın sakit tonu, ritmin ləngərliyi, sanki bu mətn son məqamda və sanki unudulmamaq üçün yazılıb, həm də elə bir arxayınlıqla ki, varsa, yazılacaq, son məqam olsa belə! Yəni Abdulla Şaiq misralardakı enerjinin becid, əlbəəl insan qəlbinə sirayət edən axınındansa, mənanın sadə, lakonik, hər bir yaşda və səviyyədə olan insanın dilinə çox yaxın şəkildə ifadəsinə üstünlük verirdi. Bu üslubda yazan ismlər mənanı hifz edən, onun pardaqlanıb çoxalmasına ömrünü verən və məhz bu məqsədə yönəlik çalışan sənətkarlardır. Misralar arası gəzib-dolaşan, qəlbə yol arayan duyğu sakit, iddiasız şəkildə veriləndə mənanın ifadəsi üçün ərazi genişləndikcə genişlənir, bu cəhəti biz A.Şaiqin tərcümələrində də, xüsusən N.Gəncəvidən etdiyi poetik çevirmədə aydın görürük. Bu mənada o kontekstdə Abdulla Şaiq tək idi. Tək olduğuna görə də üslub hadisəsidir, folklordakı hikmətlə yazılı mətnlərdəki üslub reveransları onun istənilən mətnində qovuşuq halındaydı.

 

 Gördükcə dərdini əriyir cismi-natəvan,

Neytək sızıldayır dili-pürqəm, vətən, vətən!

Qarşımda dərd, matəmə batmış gözəl mələk

Səslər həzin səda ilə hərdəm: vətən, vətən!

 

Başqa tipli mətnlər də qələmə alır. Ancaq ədəbiyyatşünaslıq araşdırmalarında Abdulla Şaiqin bu tipli mətnlərindən bəhs edərkən "... oxucunu tərbiyələndirirdi..." kimi ifadələr yanlışdır, ədəbi aləmin başlanğıcında, kandarında olan bir gənc bu mətnləri ilə belə mümkünsüz işin qulpundanm yapışmazdı (elə sonralar da-!), daha doğrusu, bunu heç ağlına gətirməzdi. Bu isə bədii mətnlərə münasibətdə oriyentirin olmamasından irəli gəlir. Əslində, Abdulla Şaiq bu kimi çox gərəkli işləri praktik fəaliyyəti ilə əyaniləşdirirdi, 1906-1907-ci illərdə keçirilən müəllimlərin qurultayında fəal iştirakı, qurultaydan dərhal sonra üç dərslik ("Uşaq çeşməyi", "Uşaq gözlüyü" və "Gülzar") hazırlayır. Daha sonralar "Milli qiraət", "Ədəbiyyat dərsləri", "Türk çələngi" kimi dərslik və müntəxəbatlar yazır, beləliklə, demək olar ki, A.Şaiqin praktik fəaliyyəti sayəsində bir neçə nəslin normal və milli əsaslarda təhsili üçün möhkəm əsas hazırlanır. Bu mənada onun fəaliyyətini kapsamca yalnız Firudin bəy Köçərli ilə müqayisə etmək olar, cəfakeşlik, usanmadan millət yolunda çalışmaq və uzaqgörənlik bu hər iki böyük şəxsiyyətin tinyətində idi. Bir tərəfdən dərsliklər yazır, digər tərəfdən bədii mətnləri həm tərcümə edir, həm də özü uşaq şeirlərini qələmə alırdı. Hər şey maarif çırağının yandırılması ilə, ilk qığılcımın ötürülıməsi ilə başlayır. "Durna çırağı" artefaktını ilk dəfə ucqar bir kənddə bir tarix-ölkəşünaslıq muzeyində görmüşəm, daha sonralar Abdulla Şaiqin məşhur uşaq şeirlərini oxuduqda həmin detal yadıma düşürdü, bu çıraq gecənin zülmətində durnalara yol göstərir ki, azmasınlar, Abdulla Şaiq də məhz bu işlə məşğul idi (Abdulla Şaiqin qohumu Səməd Vurğun daha sonralar yazacaqdı: Niyə şeirimizin baş qəhrəmanı // gah İrandan gəlir, gah da Turandan // Bəs mənim ölkəmin varlığı hanı...), ölkənin varlığının formalaşmasında, dünyaya tanıdılmasında o maarifçi nəslin əvəzsiz əməyi olub.

Abdulla Şaiqin uşaqlar üçün yazdığı şeirlər bir neçə baxımdan əhəmiyyətlidir; bu mətnlər elə bir zəmin hazırlayıb ki, yazıda ilkin duyğu olaraq ondan uzaqlaşmaq qeyri-mümkündür. Bənövşəyəm, bənövşə // düşmüşəm dilə-dişə... Qərənfiləm mən // Gözəl güləm mən // Yaşıl saplaqlı // Bir sünbüləm mən...

...Sonra, təmsillər: Və nəhayət, Tülkü həccə gedir... Adı idomalaşmış bu təmsilin cövhərində məhz uşaq müdrikliyinin ifadəsi var. Tülkü həccə gedir... həm də böyüklər üçün bir dərs. Folklor mətnlərində, xüsusən şeir şəklində olan mətnlərdə belə bir xüsusiyyət var: ləng, hər şeyin ətraflı, bitdə-bitdə təsvirindən sonra elə bir "ümumiləşdirici" misra gəlir ki, o təsviri "gözdən itirir", mahiyyətin bütün incəlikləri gözlərin önündə canlanır. Həmin misra(lar) "təsvirin təsviri" olmaqla ifadə metodu kimi çox dərin və ilk baxışdan anlaşılmazdır, bu məqam ona qədər keçirdiyimiz hissləri elə bir səviyyədə qovuşdurur (unutdurur həm də-!) və nəhayətə çatdırır ki, bütün deyilənlər bir misrada, onun nüvəsində birləşir (başqalaşır həm də-!): qələm oynar qaşında... (Şiş papağı başındasa // Qələm oynar qaşında // Yüz əlli beş yaşında // Lap cavan öldü kosa // Gəlməz kimsələr yasa / /Kosam iki cannıdı // Keçim onnan qannıdı // Yaz gəldi düşmannıdı // Kosam bir oyun eylər // Öz özün toyun eylər // Mənim kosam canlıdı // Qolları mərcanlıdı // Kosama əl vurmayın // Kosam yazıq canlıdır).

"Tülkü həccə gedir" mətnində də məhz bu poetik özəllik var, yəni Abdulla Şaiq folklordan istifadə eləmirdi, özü folklor yaradırdı: uşaq folkloru. Bu özəllik sonrakı dövrlərdə uşaq şairi kimi tanınan Məmməd Aslan, Məstan Günər, Əli Kərim, Tofiq Mahmud, İlyas Tapdıq və digər şairlərin yaradıcılığında əsas xüsusiyyətə çevrildi. Baxın: Nənənin evində gəbə var // Gəbənin üstündə dəvə var // Dəvənin belində təpə var // Təpənin üstündə nəvə var // Dəvənin yunundan toxunur gəbələr // Dəvənin üstündə dayanır təpələr // Təpələr üstündə oynayır nəvələr. Abdulla Şaiqin açdığı yol, istiqamət təkcə yuxarıda göstərdiyimiz nüansla məhdudlaşmır, bunun başqa bir özəlliyi də var: zaman-zaman uşaqlar üşün şeir və mənzum nağıllar yazan şairlərimiz (məsələn, Məstan Günər) bədii yaradıcılığın digər sahələrində yeni nəfəs qazanmaq üçün unikal şans əldə etmiş olurlar, bu keyfiyyət hər şeydən öncə elə Abdulla Şaiqin özünə aiddir, o, ən müxtəlif janrlarda eyni uğurla gözəl mətnlər yaradırdı, çünki yol göstərən idi, durna çırağı kimi...

Abdulla Şaiq bu qədər müxtəlif və fərqli sahələrdə qələm çalmasına baxmayaraq hər bir işə sistemli yanaşmağı sevirdi. Və yazdığı hər bir işin itib getməyəcəyinə möhkəm inam bəsləyirdi. Eynən Firudin bəy Köçərlidə olduğu kimi. Ölümündən sonra "Azərbaycan ədəbiyyatı tarixi materiallarını" məhz həyat yoldaşı nəşriyyata təqdim eləmişdi (1925-ci il). Abdulla Şaiq hansı dövr olur-olsun, siyasi rejim ölkədə hansı zülm ağacını əkir-əksin, var olan nəsnələrin itməyəcəyini bilirdi, itsə belə bu şeylər nadir incilər kimi hansı bir vətən övladınınsa qələmindən pöhrələnəcəkdi. Yəni Abdulla Şaiqin ədəbiyyat anlayışında bir arasıkəsilməz ədəbi proses məqamı onu yaradıcılığa sövq edən işin mahiyyətindən irəli gəlirdi. Bir də fundamental təhsil görməsindən. Yuxarıda vurğuladıq ki, iki qardaşın - Yusif və Abdulla Şaiqin dünyagörüşünün formalaşmasında Xorasanda onlara dərs keçən müəllimin - Yusif Ziyanın böyük rolu olur. A.Şaiq bədii tərcüməyə məhz gənc ikən Xorasanda başlayır. İlk olaraq Krılovun "Sazəndələr" təmsilini rus dilindən fars dilinə çevirir və müəlliminə göstərir. Müəllimin "de görüm, sən farssan, ya azərbaycanlı?" sualı onun həyatında dönüş nöqtəsi olur. A.Şaiq rus dilini Tiflis Ruhani İdarəsinin nəzdindəki altıillik məktəbdə öyrənmişdi, daha sonralar dil bilgisini inkişaf etdirmək üçün ancaq rus dilində kitabların olduğu şəxsi kitabxananı satın alır və hər şey bundan başlayır... Krılovun uşaqlar üçün yazdığı təmsillərin böyük əksəriyyətini məhz o, ana dilinə çevirir, Avropa klassiklərinin əsərlərindən parçalar tərcümə edir.

"Məktub yetişmədi", "Həpimiz bir günəşin zərrəsiyik" kimi bu da yazıçı düşüncəsinin gələcəyə ünvanladığı mesaj-metaforadır. Nədənsə, bu hekayəni oxuduqda yada Ə.Məmmədxanlının "Buz heykəl" əsəri düşür. Bu iki hekayə keçmişdən gələcəyə ünvanlanmış bir metaforik mesajın bəlirtisi, mükəmməl işarələridir. Yəni Abdulla Şaiq ilk çınqını elə bir mənbədən almışdı ki, onun yandırdığı şam gələcəkdə nəsildən-nəslə ötürülmək üçün idi. Ona görə də bədii mətnlərdən çıxıb gələn "Şaiqanə" ifadəsi təsadüfi və ötəri bir söz deyildir. Abdulla Şaiq davam edən hadisələrdəndir, davam etdikcə bu missiyanın ifadəsi zamanla daha da mükəmməlləşir, diqqət edin, Abdulla Şaiq kimi Ənvər Məmmədxanlı da dünya ədəbiyyatını çox gözəl bilirdi, mütaliə bu iki böyük ziyalıya qəribə enerji vermişdi: bədii mətni sövq-təbii hissiyyatla yaradıb onun içindəki "həyatı" incəliyinə qədər işləmək, ora varmaq və missiyanı qənirsiz şəkildə ötürə bilmək eşqi, şövqü və həsrəti. "Məktub yetişmədi" bu anlamda gələcəkdə "təkmilləşmək", mükəmməl diskursiv ifadəyə çevrilmək üçün yazılmışdı - "Buz heykəl" hekayəsi vasitəsilə, bu sonuncusu isə modern Azərbaycan nasirlərinin yaradıcılığında bir daha diriləcəkdi. Abdulla Şaiqin hekayəsində alt və üst qatda iki həyat tərzi qarşılaşdırılır, bir təhkiyə müstəvisində birləşir və ayrılır, hər iki halda faciə ilə sonuclanır. Qurban neft quyusunun sahibinə baxdıqda və məktub qoynunda şəhər basırığında yıxılarkən saymazyana keçən şən adamları gördükdə bircə şeyi düşünür: nə xoşbəxtdi bu insanlar, bir azdan evlərinə gedəcək, ipisti ocaqlarının başında olacaqlar. Qurbanınsa bircə əlacı vardı: ailəsinə məktub yazdırmaq və ağasının tamahının quyusunda  boğulmaq...

Abdulla Şaiq bitməyən hadisədir...

 

Cavanşir YUSİFLİ

Ədəbiyyat qəzeti.- 2021.- 20 fevral. S. 8.