Abdulla
Şaiq: simvolik dünyaya giriş
Tezislər
Şaiq əfəndi özü hələ
sağlığında simvolik - mifik obraza çevrilmişdi. Deyilənlərə
görə, bu bəstə boylu, nur üzlü insan ovsunlu səsi
ilə şagirdlərinin və tələbələrinin
gözündə "başqa dünyadan" gəlmiş
varlığı xatırladırmış. Yəni "müdrik qoca" arxetipinin
daşıyıcısı kimi.
Əminliklə
deyə bilərəm ki, onun həyatı simvolik modelləri
özündə ehtiva edən bir romanın mövzusu ola bilər... Həyatında baş vermiş
faciələr - ilahiyyatçı, tarixi dramlar müəllifi
qardaşı Yusif Ziya Talıbzadənin Türküstan
çöllərində həlak olması, könül
sirdaşı Hüseyn Cavidin və sevimli tələbəsi
M.Müşfiqin repressiya olunması, M.Hadinin müəmmalı
şəkildə qeyb olması son dərəcə həssas
Abdulla Şaiqin təhtəlşüurunda dərin
şırımlar açır. Bəlkə də
uşaq poeziyasının simvolları arxasında qorunma cəhdi
də burdan gəlirdi.
Formasiyalarının dəyişməsi qoca ədibin
simvolik dünyasında "ikiləşmə" yaratması
da qaçılmaz idi. Bu yandan, romantik təxəyyülün
"gecə" simvolikası, digər tərəfdən,
sovet dünyasının "günəşli"
obrazları yaradıcılığında iki fərqli poetik
kosmoqoniyanının gerçəkləşməsini şərtləndirir.
Şübhəsiz, onun üçün insan və
dünya təzadları, ikili strukturların vəhdəti idi.
H.Cavidin "İblis" pyesini də bu aspektdə təhlil
edirdi: "İnsan maddi və mənəvi qüvvədən
ibarətdir. Bəşər həyata qədəm
qoyduğu gündən etibarən bu iki qüvvə daim
bir-birilə çarpışır. İnsanda
mənəvi qüvvələr kamalınca inkişaf etmədiyindən
maddi qüvvələr hər zaman mənəvi qüvvələrə
qalib gəlmiş və gəlməkdədir. Əsərdə İblis maddi qüvvələrin, Mələk
isə mənəvi qüvvələrin simvoludur.
İblis fənalığın simvoludur..."
Güclü
folklor stixiyası ona uşaq poeziyasında dünyanın
mifopoetik modelini yaratmağa imkan verdi. Hətta klassik məsnəvinin təsiri aydın
sezilən mənzum hekayələrində və poemalarında
"mifoloji immunitet" qalib gəlir. Yeri
gəlmişkən, təəssüflə qeyd edək ki, bu
gün uşaq poeziyasında iri janrları görmürük.
Uşaq ədəbiyyatında sənətkarlığın
göstəricisi məhz oyun və epik
başlanğıcların birləşməsidir.
"Tülkü həccə gedir", "Tıq-tıq
xanım" kimi əsərlərin hələ də uşaq
auditoriyasında populyar olması deyəsən, bu forma elə
A.Şaiqlə başlayıb onunla da bitdiyini göstərir...
Uşaq
şeirlərindəki müdrik yumoru və oyun stixiyası
Şaiq əfəndiyə iç azadlığını ifadə
etməyə, mövcud gerçəkliyin hüdudlarından kənara
çıxmağa, fərqli "dünyalarda"
yaşamağa imkan verir. (Təəssüf ki,
"Abdulla Şaiq yumoru", yaxud "Abdulla Şaiq
gülüşü" hələ də xüsusi
araşdırma mövzusu olmamışdır). Ona görə də poetik mətnlərinin əksəriyyəti
ya məzmunca, ya da funksional baxımdan oyun situasiyası
kontekstini nəzərdə tutur. "Bənövşə",
"Dovşan və uşaq", "Qərənfil" və
s. şeirlərini xatırlamağımız kifayətdir.
Abdulla Şaiqin obrazlarına mifoloji-simvolik məna
(status) verən vacib amillərdən biri də onların vizual
təsviri-portretidir. Məhz bu portretlər uşağı mifoloji
dünyadan ayrılmağa qoymur: həccə gedən
tülkünün obrazı A.Şaiqin mükəmməl qələmilə
artıq etnik düşüncəmizdə arxetipləşmiş-simvollaşmışdır.
Ayaqlarında çarıq,
Başında
tirmə sarıq,
Çiynində
atlaz əba,
Əlində zorba əsa.
Ağlayır,
təsbeh çəkir,
Gözündən qan-yaş tökür.
Tıq-tıq
xanımın portreti onu sevimli mifoloji obraza çevirir:
Soğan
qabığından
Bir çadra geyindi.
Şıq-şıq
Fındıq
qabığından
Çarıq
geyindi,
Tıq-tıq.
Ətir
vurdu başına,
Bəzək
verdi özünə.
Qara
yaxdı qaşına,
Sürmə
çəkdi gözünə...
Abdulla Şaiq təcrübəli
pedaqoq kimi anlayırdı ki, uşaqların dünya
haqqında təsəvvürləri mahiyyətcə
mifolojidir. Uşağın içində
(ruhunda) dünya hər dəfə yenidən doğudur və
onun gözündə dünya həmişə gözəldir
və sevgi ilə, işıqla doludur. Uşaq
hamını - insanları, heyvanları, bitkiləri
özünə doğma bilir. Bu
doğmalıq duyğusu yaşıçıya
uşaqlığından süzülüb gəlir və bir
çox əsərlərinin obraz-motiv strukturunda yer tapır.
Məsələn, "Köç" hekayəsinin əvvəlində
bu harmoniyanın sevincinə şərik oluruq: "Hətta Mərmər
adlı ağ pişiyimi, sarı, iri tüklü toyuğumu
cücələri ilə bərabər bir səbət
içində götürmüşdük. Necə
sevinməyim? Hamımız arabaya
doluşduq".
Ümumiyyətlə,
təbiətlə, insanlarla bir yerdə olmaq, əl-ələ
vermək, can bir olmaq ideyası Abdulla Şaiqin uşaq
poeziyasının "vəhdəti-vucud" fəlsəfəsidir.
Abdulla
Şaiq XX əsrin əvvəllərində milli uşaq
poeziyasında nadir sənətkarlardan biridir ki, həyatın
neqativ tərəflərini deyil, şən və yaxşı
dünyanı təqdim edirdi və aşılayırdı:
çünki uşaqlara xeyirxahlıq mütləq
lazımdir. Abdulla Şaiqin uşaq
poeziyasında işığın bolluğu da bu üzdəndir.
Günəş onun mifoloji-simvolik
dünyagörüşündə əhəmiyyətli yer
tutur. Günəşi salamlama,
uşağın gözlərini açan kimi günəşin
adını çağırması, günəşin epitetlə
verilməsi arxaik mifoloji yaddaşının dərin qatlarından
gəlirdi. Türk inancına görə,
"günəşi görmək" mahiyyətcə həyatı,
görməmək isə ölümü simvolizə edir.
Qədim türk runik abidələrində (İ.Steblevanın
kitabında oxumuşam) bir ifadəni xatırladım: "bir
daha günəşi və ayı görmədi" (yəni
öldü).
A.Şaiq hekayələrinin süjetini də simvolik
özüllər üzərində qururdu. "Göbələk"
hekayəsini götürək. Hekayənin
qəhrəmanı Qulu bəy atasının ölməsini
gözləyir. O, atasının var-dövlətini
satıb, Parisə getməyə, orda kef çəkməyə
hazırlaşır. Vətəndən
uzaqlardan, bir uçurumda xainlərin, satqınların məzarlığından
göbələkləri yığıb evə gətirir.
Zəhərli göbələklər Qulu bəyin
nankor, dönük mahiyyətinin simvolik ifadəsi kimi
yaddaşımızda iz buraxır.
Abdulla Şaiqin yaradıcılığında
qurbanlıq arxetipinin, qurbanlıq motivinin əks olunması
simvolik məfkurəsindən gəlirdi. Ona görə
də adamın içimizdən "Məktub yetişmədi"
hekayəsini qəhrəmanın adından (Qurban) tutmuş
ayrı-ayrı süjet detallarına qədər XX əsr Azərbaycan
simvolik nəsrinin klassik nümunəsi kimi şərh etmək
istəyi keçir.
Əlbəttə, hekayənin də süjet xəttində
də ən görümlü - simvolik məkan vahidi quyudur. "Quyu dərinləşib,
ölüm ayağı var". Dünya
xalqlarının mifoloji, kosmoloji təsəvvürlərində
mühüm yer tutan quyu "odlu çay, yeraltı dünya,
cəhənnəm, cəhənnəmin qır qazanı"
kimi geniş məna semantik çevrəsinə malikdir.
Dini rəvayətlərdə cəhənnəm od püskürən yer, ruhların əzab
çəkdiyi yer kimi təsəvvür edilir: "Səfər
və Tanrıverdi tez quyunun ağzına yüyürdülər,
başlarını aşağı dikərək baxırkən
quyu içində partlayan qazın gurultusundan diksinib çəkildilər.
Hər ikisi həyəcanlı bir səslə: - Allah
özü bağışlasın. Qurban da belə
getdi, - deyə fəryad qopardı".
Qurban ölümündən öncə ailəsinə məktub
yazdırır. Bu, mərhumun son məktubudur. Məktubu küçə başında oturmuş
Molla Fərzəliyə yazdırır.
Molla Fərzəli yeraltı, qaranlıq dünyaya, axirət
dünyasına bağlıdır. "Qış-yaz
küçə başında müştəri gözləməkdən
adamın gözlərinə qaranlıq çökür.
Elə gün olur ki, bir nəfər də
müştəri gəlmir". Molla Fərzəli
Xaron (yunan mifologiyasında ölülərin ruhunu keçirən
tanrı) kimidir, axirət dünyasına ölülərin
ruhunu yola salmaq üçün pul-para alır. Bu məktublar da bədbəxtlərin yazıya
alınmış ruhlarıdır. Qaydaya görə,
ruhları ünvanına çatdırmaq üçün
mütləq pul verilməlidir və hekayədə həmin
funksiyanı qurbanlıq ayinin icraçısı Molla Fərzəli
yerinə yetirir: Qurbanın ruhunun "o dünyaya" ona
ötürülməsi tapşırılmışdır.
"Ölülər
dünyasın"dan tapılıb anonim ünvana göndərilən
məktub təyinat yerinə çatmır, yenidən əvvəlki,
ilkin yerə qayıdır: "Molla Fərzəli məktubu
yazıb bitirdikdən sonra büküb zərfə qoydu və
üzünü ona tutub: - Həmşəri, zərifin
üzü kimin adına olacaq? - deyə soruşdu".
Ünvan
anonimdir - "Kimin adına olacaq".
Qışda
qurban gedən Qurban baharda "dirilməyə" ümid bəsləyir:
"Molla, əvvəlcə məndən uşaqların
anasına salam yaz, - dedi. - Yaz ki,
Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən
öpsün, onlardan göz-qulaq olsun. Sonra yaz ki,
mən də şükür allaha, sağ-salamatam.
Qulamrza ilə Sizə on beş manat
göndərdim. Bayram qabağı yenə
göndərəcəyəm, uşaqlar korluq çəkməsinlər,
özüm də yazın axır ayında gələcəyəm".
"Ölmək
və doğulmaq" mifik düşüncənin iki
üzüdür - A.Şaiqin dünyaya simvolik mesajı budur!
Mifin
verdiyi ümid heç vaxt ölmür...
***
Yadımdadır:
Abdulla Şaiqin ev-muzeyində girişində bir güzgü
vardı. Ustadım, akademik Kamal Talıbzadə
hər dəfə mənzilə daxil olanda da, mənzildən
çıxanda, ya atasının divardakı şəklinə
baxandan sonra bir neçə dəqiqəliyə güzgü
qabağında ayaq saxlayırdı. "O dünya ilə"
simvolik əlaqə saxlamaq vasitəsi olan güzgü ilə bəlkə
Kamal müəllim atasının ruhu ilə
görüşürdü...
Rüstəm
KAMAL
Ədəbiyyat
qəzeti.- 2021.- 20 fevral. S. 9.