İlqar
Fəhmi və postmodernizm
Müstəqillik
dövründə yaranan postmodern nəsr sahəsində
İlqar Fəhminin yaradıcılığını
xüsusi vurğulamaq lazımdır. Yazarın xüsusilə
"İlk sui-qəsd" (Çənlibel tülküsü
- 1-ci kitab -2005), "Qarğa yuvası" (Çənlibel
tülküsü - 2-ci kitab - 2006), "Kölgədə əqrəb"
(Çənlibel tülküsü - 3-cü kitab - 2007) romanları bu kontekstdən son dərəcə
əhəmiyyətlidir.
"İlk
sui-qəsd" (Çənlibel tülküsü - 1-ci
kitab) romanı Keçəl Həmzənin
Çənlibel, Koroğlu, dəlilər və gedişatla
bağlı düşüncələrini şərh etməklə
başlayır. Romana başlayan oxucu bu düşüncələrin
ilk öncə Koroğluya, ya da hər hansı dəliyə
aid olduğunu düşünsə də, yazar tərs
gediş edərək Keçəl Həmzəni səhnəyə
çıxarır. Və yeni modeldə, bütün mənfi
xüsusiyyətlərdən arındıraraq oxucuya təqdim
edir. Burada yazar Keçəl Həmzənin Çənlibelə əslində
necə gəldiyini xəbər verərək dastandan fərqli
istiqamətdə şərh olunacaq mövzunun siqnallarını verir. Göstərilir
ki, Koroğlu Keçəl Həmzəni Xotkar və
paşaların hiylələrindən xəbər tutmaq və
ona daimi sığınacaq verib yanında saxlamaq məqsədilə
yanına dəvət edib. Koroğlu kimi igidin yanında
kiçilməyi ləyaqətsiz paşalarla birgə
çalışmaqdan üstün görən Keçəl
Həmzə Dona xanımla evləndikdən sonra Koroğluya
sığınır. Romanın gedişatından aydın
olur ki, Koroğlu ilə Keçəl Həmzənin
arasından su sızmır və Çənlibel sərkarı
ona məşvərət etmədən addım atmır. Son
zamanlar sakit həyatdan sıxılan Həmzə xislətinin
tələbi ilə, Çənlibeldə casus olduğuna dair
alınan namənin gəlişi ilə sevinir və daha sonra
hadisələr mürəkkəbləşir. Həmzə
Koroğluya dəlilər
arasında casus olduğunu və onun Koroğlunu öldürməyə
hazırlaşdığını deyir. Koroğlu bu xəbərdən
sarsılır. Sonrakı proseslər isə sabiq dəlilərin
sadiqliyini sübut edir, aydın olur ki, Koroğlunu dəlilər
yox, Dəmirçioğlunun həyat yoldaşı Telli
xanımın əkizi İnanc xanım və dəvaçısı
zəhərləyib öldürmək istəyirmiş.
Koroğlunun İnanc xanımı cəzalandırmaması isə
onun ədalətini göstərir.
Keçəl
Həmzədən sonra əsərdə dekonstruktiv dəyişikliklərlə
təqdim olunan obraz Aşıq Cünunundur, hətta Çənlibeldə
dəlilərin onun haqqındakı fikirlərdir. Aşıq
dilbaz, gopçu, mübaliğəçi kimi təqdim olunur:
"Amma aşıq danışanda birinin üstünə
beş qoyub Koroğlunu o qədər şişirdirdi ki,
Çənlibelə bələd olan adamlar mat-məəttəl
qalırdılar ki, bu Koroğludan danışır, yoxsa Məlikməmməddən"...
Romanda
yazar geniş şəkildə pastişdən istifadə edib.
Roman
"Koroğlu" dastanı ilə intertekstual əlaqadə
inkişaf edir.
...Romanda
dekonstruksiya ilə yanaşı, kollajdan geniş şəkildə
istifadə olunub.
Silsilənin
davamı olan ikinci kitab isə "Qarğa yuvası" (Çənlibel
tülküsü - 2-ci kitab) adlanır. "Qarğa
yuvası" romanı
İlqar Fəhmi
yaradıcılığında xüsusi yer tutur. Dünya
intellektual postmodernizmindən fərqlənsə də,
İlqar Fəhmi yaradıcılığında
intellektualizmin izləri görünür. Ancaq müəllif
dastan və dastançılıq
xüsusiyyətlərini əvvəldən sonadək
qorumağa çalışır. Əsərin üslub və
dil xüsusiyyətlərinə gəldikdə
vurğulamalıyıq ki, bu aspektdən də yazar dastanda
olduğu kimi, sadəliyi, axıcılığı,
lakonikliyi üstün tutub. Əsər xüsusi mütaliəli
oxucu tələb etmir. "Kitabi-Dədə Qorqud"
dastanını oxuyan, yaxud oxumayan hər kəs əsəri
dastanın davamı kimi qəbul edib oxuya bilər.
Postmodernizmin tələb etdiyi skeptizm kontekstindən isə
yazar "Kitabi-Dədə Qorqud"da, yəni klassik mətndə
baş verən proseslərin başqa variantını ortaya
qoymaq təşəbbüsü ilə çıxış
edir.
Keçəl
Həmzənin gözüylə müəllif həm də Koroğluya
böyük zat kimi baxır. Əsərdə Koroğluya ikili
mövqe mövcuddur. Keçəl Həmzənin
gözüylə Koroğlu etdiyi saleh əməllərə
görə İmam Hüseynə, Qara Mahmud Yezidə bənzədilir.
Burada da müqəddəs mətnlərə, hədislərə
işarə olunur. İlk kitabda olduğu kimi, "Qarğa
yuvası"nda da Keçəl Həmzə obrazı hadisələrin
mərkəz xəttini təşkil edir. Hər iki əsərdə
ana xarakter Keçəl Həmzədir. O, ağıllı,
bacarıqlı və ən çətin məsələlərin
həllində yüksək ağıl, siyasət
nümayiş etdirir. Ancaq əsərdəki konfliktlər və
onların həll yolları sadədir. Bu aspektdən də
yazar dastan mövqeyini qorumağı seçir.
Əsərdə
oxucu mərkəzçilik, qurğu içində qurğu,
oxucunu mətnə ortaq etmək, oxucunu düşünməyə
məcbur etmək, mətnlərarasılıq istehza, parodiya,
pastiş, oyun prinsipi, magik realizm kimi faktorlar ön
plandadır.
Yazar
əsərdə magik realizmdən istifadə edib.
"Qarğa yuvası" romanı magik realizm ünsürləri
ilə zəngindir.
Əsərdəki
sehrli dərədə baş verənlər, damğa, tacirin həyətində
ağdan qırmızıya dönən qızılgüllər,
ölü qarğalar, cadu-əfsun kitabları, dərvişlərin
zindandan qarovulçunu ovsunlayaraq
qaçmaları kimi məsələlər, rituallar
magik realizm ünsürü kimi son dərəcə
maraqlıdır.
Detektiv
ünsürlərlə zəngin süjetin postmodernizm
kontekstindən təqdim olunması əsəri daha da qüvvətləndirir.
Yazar postmodern texnikaları detektiv hekayələrlə sintez
edir.
"Qarğa
yuvası" romanında yazar
postmodernizmin bir çox ünsüründən şüurlu
şəkildə istifadə edir: "Onunçün Çənlibel
sərkarı qəzəblənəndə qurd kimi dağa-daşa düşüb
ulamırdı, yumruqlarını sıxıb şir kimi nərildəyirdi"...
"Vallah, lap hövsələm daraldı. Görünür
ki, mətləbi çox uzatdım. Keçək yenə də
təsvirində bulunduğumuz vaqeələrə". Burada
İlqar Fəhmi əsərin qurma, uydurma, fantastika olduğunu
oxucuya bildirir. Gerçəkliklə uydurma arasındakı fərqi
və romanın uydurma olduğunu meta-fantastik üsul ilə
oxucuya çatdırmağı hədəfləyən
postmodern yazar mətnin strukturunda oyunlar qurur və reallığı sual altında
qoyub sorğulayır. Bu texnika ilə oxucuya bir oyunda
olduğunu daima xatırladır.
Bundan
başqa, əsərdə Səfəvilər dövrü
hadisələri Ərdəbilə səfər edən
Keçəl Həmzə, Toxmaqvuranın şeyxin zirzəmisində
15 il dustaq qalan Əli bəy Şamlu tərəfindən
danışılır. Burada yazarın Səfəvilər dövründə
baş verən hadisələrə dekonstruktiv yanaşması
mövcuddur. "Hipertekstual əlaqələrin
özünü əks etdirdiyi digər mətn isə Ərdəbildə
şeyxin gizli kitabxanasına daxil olmaq istəyərkən tələyə-quyuya
düşən Həmzə və dostlarına quyudakı digər
başqa bir əsir Əli bəy Şamlu tərəfindən
danışılan əhvalatdan ibarətdir. Əli bəy
Şamlu Səfəvi şahı Təhmasibin oğlu Heydər
Mirzənin hərəminin eşikağası olub. Şah
öləndən sonra Ustaclu tayfası Heydər Mirzəni, digər
Qızılbaş tayfaları isə şahın Qəhqəhə
qalasına saldığı oğlu İsmayıl Mirzənin
varisliyini müdafiə etməyə başlayırlar. Digər
tayfalar Heydər Mirzəni öldürmək üçün
saraya hücum edəndə şahzadə Əli bəy
Şamlu tərəfindən ələ verilir və
başı kəsilir. Şahzadəni ələ verməyinin
səbəbi isə onun qaçış üsulu idi.
"...Qabağımdakı kəniz... şahzadə Heydər
Mirzəydi, əyninə arvad paltarı geyib ləçək
bağlamışdı...".
"Qarğa
yuvası"nda Əli bəy Şamlunun oğlunu
öldürməsi epizodu "Quran"dakı İbrahimin
oğlu İsmayılı Allaha qurban etmək ayininə
oxşayır. Hər iki hadisə yuxu yolu ilə insandan istənilən
əmr kimi təlqin olunur: "Ortaya ağır sükut
çökdü. Həmzə fikirləşdi ki, hərgah bu
adam Allah qabağında öz günahını
yumaqçün oğlunun da canını əsirgəməyibsə,
demək, həqiqətən çox böyük adamdı.
Bu, İbrahim qurbanı kimi bir şeydi".
Romanda
həm dastançı (müəllif), həm də mətn
ön plandadır. Mətndə bir çox dastançı səsi,
hekayə içərisində hekayələri bir-birinə
bağlamaq və ya başqa bir hekayə / və ya mətn
içərisində hekayələri izləmək kimi
elementlər də mövcuddur...
Silsilədə
üçüncü kitab "Kölgədə əqrəb"
(Çənlibel tülküsü - 3-cü kitab) adlanır. İlqar Fəhmi
"Kölgədə əqrəb" romanına təbiət
təsviri ilə başlayır. Qızılbaş
atlısının düşüncələri fonunda şərh
olunan məsələlər kontekstində postmodernizmin elementi
olan kollajdan istifadə olunur: "Sən bir dağın-daşın
gözəlliyinə bax. Öylə bil ki, əleyhürəhmət
İsmayıl padşah Xətai həştad il əqdəm
haman bu yolun sağ əlindəki qayalığın
üstünə dırmaşıb doyunca buraları seyr eləmiş,
sonra da vəzirlərdən
birinin belinə qoyduğu ağappaq Səmərqənd
kağızında haman məşhur "Bahariyyə"sini
inşa eləmişdi...".
Əsərin
sonrakı hissələrindən bir daha aydın olur ki, bu hissədə
də, yenə əsas süjet "Koroğlu"
dastanı ilə intertekstual əlaqə
içindədir. Ancaq "Qarğa yuvası" əsərindən
fərqli olaraq bu dəfə müəllif əsərdə din və təriqətlər
məsələsinə ironik nöqteyi-nəzərdən
yanaşır...
Əsərdə
yenə də, əsas obraz Keçəl Həmzədir. O hadisələrin
inkişafı və açılmasında xüsusi rol
oynayır. Koroğlu və dəliləri, xanımlar arxa
planda qalır. Hətta əsərdə hər yerə səpələnən
dəlilərdən qeyri-adi qəhrəmanlıq
görmürük...
Əsərin
sonrakı inkişafından Bəlli Əhmədlə Həmzənin
dialoqunda dastanda var olan Həmzə obrazı və Bəlli
Əhməd dekonstruksiya edilir...
Nəticə
olaraq qeyd edək ki, İlqar Fəhminin romanları, çoxşaxəli Azərbaycan ədəbiyyatında
yaranan postmodern nəsr sahəsində xüsusi yerə
malikdir.
Sonluqda
yazar postmodern romanın əsas tələblərindən biri
olan skeptizim nöqteyi-nəzərindən
çıxış edərək oxucunu
çaşdırır, elə göstərir ki, Mustafa bəy
və Həmzə uçqunun altında qalıb kəndlilərlə
birgə ölüb. Ancaq bundan Koroğlu daxil heç kim xəbər
tutmur. Hər ikisi kəndlilər tərəfindən dəfn
olunur.
NARGİS
Ədəbiyyat qəzeti.-
2021.- 20 fevral. S. 12.