Əsəd
bəy-Qurban Səid-Çəmənzəminli diskursu:
Həqiqətin
gerçək üzü
Problemin qoyuluşu
Bədii
ədəbiyyatı öyrənən elmlərdən biri kimi ədəbiyyatşünaslığın
üzərinə böyük iş düşür; o, təkcə
bədii düşüncənin özünəməxsusluğunu,
ifadə formalarını və poetikasını öyrənmir,
həm də onu tarixi inkişaf qanunauyğunluğuna görə
sistemləşdirir, yerini, mövqeyini, mərhələ və
problemlərini müəyyənləşdirir. Ədəbiyyatşünaslıq
müxtəlif dövrlərdə
yaşayıb-yaratmış ayrı-ayrı
yazıçı və şairlərin, sənət
adamlarının həyatını, mühitini öyrənir,
qarşılıqlı əlaqələrini üzə
çıxarır. Onun əlində tutduğu ən
böyük silahı, necə deyərlər, faktlar və mənbələrdir.
Ədəbiyyat bir təxəyyül məhsulu olsa da, onu
öyrənən ədəbiyyatşünaslıq bir elmdir və
bütün elmlər kimi müəyyən nəzəri, elmi
prinsiplərə, qanunauyğuluqlara əsaslanır. Bədii mətnlər
və kitabların tərtibi ilə meydana gələn ədəbiyyatşünaslıq
daim inkişafdadır, hər gün nəzəri cəhətdən
yeniləşir, yeni faktlar, istiqamətlər, nəzəri,
konseptual təhlilin yeni formaları ilə daha da zənginləşir.
Hər hansı bir bədii əsəri (və ya
yazıçını, onun həyatını,
qarşılıqlı əlaqələrini, əsərlərini!)
təhlil edərkən ona nəzəri, elmi cəhətdən
yanaşmasan, istər-istəməz yanlış yolla gedəcək
və heç bir nəticə əldə edə bilməyəcəksən.
Və yaxud əvvəlcədən alacağın nəticə
üzərinə köklənib faktlardan deyil, müəyyən
maraqlar kontekstindən yanaşacaqsansa, uzunömürlü nəticə
əldə edə bilməyəcəksən. İndi olmasa da,
nə zamansa, sənin gəldiyin nəticə elmi prinsiplərə
əsaslanmadığından öz qüvvəsini itirəcək,
hökmən yerini başqa bir arqument tutacaq.
İndi
çağdaş ədəbiyyatşünaslığımızda
dərin bir xaos yaşanır; elmi düşüncəni
publisistika, faktları təsdiq olunmayan fikirlər, əsası
olmayan mülahizələr təşkil edir.
Araşdırmaların çoxunda hər hansı bir problemə
elmi və orijinal yanaşma özünü göstərmir, ədəbiyyatşünasın
özünün gəldiyi qənaətlər yoxdur,
yazdıqları yazılmışların şərhindən
başqa bir şey deyil. Ciddi elmi-nəzəri yanaşma getdikcə
öz yerini sözçülüyə, standartlığa,
sistemsizliyə verir, ədəbiyyatşünaslığın
təməl prinsiplərinə əməl edilmir. Nəticədə
ədəbiyyatşünas olmayanlar belə, "ədəbiyyat
könül işidir" (?) prinsipi ilə problematik
mövzularda "kəs, yapışdır" üsulu ilə
məqalələr yazaraq məşğul olmadığı
hər hansı bir problem barədə fikir bildirməyə
cürət edir. Çağdaş ədəbiyyatşünaslığın
əsas xüsusiyyətlərindən biri də qoyulan problemlərə
sosial şəbəkə səviyyəsində səthi, tez-tələsik
cavab vermək istəyidir. Bunun nəticəsidir ki, bir əsr əvvəl
milli ədəbiyyatşünaslığımızda uzun illər
ərzində formalaşan nəzəri, elmi səviyyə zəifləyir,
bir qədər də dəqiq ifadə etsək, getdikcə
yoxa çıxır. F.Köçərli, S.Mümtaz,
Ə.Abid, B.Çobanzadə, H.Zeynallı, Ə.Nazim,
F.Qasımzadə, H.Araslı, M.Arif, M.Cəlal, M.Rəfili, M.Cəfər,
Ə.Sultanlı, A.Zamanov, K.Talıbzadə, Ə.Mirəhmədov,
Y.Qarayev kimi klassik ədəbiyyatşünasların ədəbiyyatın
ən kiçik probleminə belə son dərəcə məsuliyyətlə
yanaşmaları, hər hansı bir elmi nəticəyə gəlmək
üçün ən azı bir neçə fakta və
elmi-nəzəri faktora söykənmələri bu elm sahəsini
yeni bir inkişaf mərhələsinə
çıxarmışdı.
Bu ədəbiyyatşünasların hər birinin
özünəməxsus araşdırma istiqaməti,
konsepsiyası var idi. Məhz onların
araşdırmalarında ədəbiyyatımızın
müxtəlif dövr və mərhələlərinin
(klassik, yeni dövr, XX əsr, müasir və s.)
ayrı-ayrı problemləri özünün elmi, nəzəri
həllini tapmışdır. Zaman-zaman onların
araşdırmalarının nəticələri sonrakı ədəbiyyatşünaslıq
tərəfindən təsdiq olunmuş, bir qədər də
inkişaf etdirilmişdir. Klassik dövrün ədəbi
şəxsiyyətlərinin həyatının məlum
olmayan məqamları, əsərlərinin
yazılma tarixi, kimə məxsus olması və bir çox
problemlər də araşdırmalar nəticəsində
üzə çıxmışdır. O
araşdırmaların ömrü uzun olur və elmi
düşüncəyə xeyir verir ki, onlar nəzəri
konsepsiya ilə yazılır, elmi struktura, müəyyən
bir sistemə söykənir və faktların müqayisəsi
ilə qalıcı nəticəyə gəlinir. Hər bir
yazıçının, əsərin ədəbiyyat tarixindəki
yerini, mövqeyini müəyyənləşdirmək də ədəbiyyatşünaslarımızın
üzərində durduğu əsas problemlərdən biridir.
Gərək bu proses elə getsin ki, heç kəsin haqqı
tapdanmasın, ədəbiyyat tarixindəki yeri, mövqeyi
düzgün müəyyənləşsin.
Azərbaycan
ədəbiyyatşünaslığı qədim
dövrün bədii düşüncəsini kompleks şəkildə
araşdırıb, təhlillər aparıb. Dövr
uzaqlaşdıqca onun araşdırılması da çətinləşir,
faktlar bəzən mahiyyətini dəyişir, belədə obyektiv
həqiqəti tapmaq çətin olur. Lakin elmi nəzəri təfəkkür
hər şeyi öz yoluna qoyur; yetər ki, hər hansı bir
problemə elmi cəhətdən yanaşasan. Ədəbiyyatşünaslığımız
nəzəriyyə ilə faktların sintezi nəticəsində
N.Gəncəvinin milli kimliyini üzə çıxara bildi.
Nəsiminin həyatı, ölümü, anadilli ədəbiyyatın
başlanğıc tarixi ilə bağlı aparılan
araşdırmalarda da nəzəri səviyyə ilə
faktoloji tədqiqat paralel inkişaf etdi. Fasiləsiz aparılan
yeni və orijinal araşdırmalar nəticəsində
anadilli ədəbiyyatın tarixi XIII əsrə gedib
çıxdı. İ.Həsənoğlunun
"Divan"ı haqqında vaxtilə müəyyən
ehtimallar irəli sürülürdüsə, bu gün
artıq divan əldə edilib və üzərində tədqiqat
aparılır. XX əsrin əvvəllərində müxtəlif
imzalarla dərc edilən satirik şeirlərin kimə aid
olması barədə Qulam Məmmədli, Məmməd Məmmədov,
Abbas Zamanov, Əziz Mirəhmədov, İ.Ağayev və b. ədəbiyyatşünasların
son dərəcə səliqə və məsuliyyət hissi
ilə apardığı araşdırmalar bir çox
aydınlaşdırılmalı məsələlərin həllini
gerçəkləşdirdi. Mühacirət ədəbiyyatı
bağlı tədqiqatlarda da müəyyən irəliləyiş
var; əgər iyirmi il əvvəl mühacirətin tarixi
postcümhuriyyət dövründən başlayırdısa,
bu gün bu tarix orta əsrlərə qədər gedib
çıxır, hər zaman onun araşdırma dövriyyəsinə
yeni faktlar daxil olur, nəzəri cəhətdən də
inkişaf edir, yeniləşir. İndi ədəbiyyatşünaslığın
istiqamətləri, problemləri çoxalıb, başqa fənlərlə
əlaqələri intensivləşib, faktoloji hadisə ilə
nəzəri məsələlər iç-içə həll
olunur. Hər hansı bir fikri nəzəri cəhətdən
irəli sürərkən gərək o fikri təsdiq edən
faktların olsun, yoxsa nəzəri fikir havadan asılı
qalacaq. Özü də hər hansı bir fikri sübut etmək
üçün bəzən bir fakt kifayət etmir, gərək
bir neçə faktı müqayisə edib müəyyən
nəticəyə gələsən. Ədəbiyyatşünasın
təhlil kanonlarında elmilik başlıca yer tutmalı, mətnlərin
analizində bütün faktorlar nəzərə
alınmalı, gəldiyin nəticələr arqumentlərlə
sübut olunmalıdır. Elmilik meyarı ədəbiyyatşünaslığın
ən başlıca şərtlərindən biridir, ədəbiyyatşünaslıq
ədəbi tənqid deyil, ədəbi tənqiddən fərqli
olaraq elm sahəsidir. Bəlkə də bu çağdaş ədəbiyyatşünaslığımızın
ən yaralı yeridir. Ədəbiyyatımızın
fundamental məsələlərini bu cür səthi,
faktların konstatasiyasından başqa bir şey olmayan
araşdırmalarla həll etmək çətindir, ortaya yeni
nəticələr çıxarmayan məqalələrin
sayı artsa da, ədəbiyyatşünaslığın
nüfuzu artmır. Bəzən isə ortaya
çıxarılmış hər hansı bir elmi nəticə
siyasi alver predmetinə çevrilir, gəlinən nəticələrlə
razılaşılmır, mənasız inadkarlıq göstərilərək
başqaları tərəfindən irəli
sürülmüş, heç bir elmi əsası olmayan
bir-iki faktdan çıxış edərək "sən nə
yazırsan yaz, mən yenə dediyimi deyəcəyəm"
prinsipi ilə hərəkət edilir. Söhbət Azərbaycan
mühacirət ədəbiyyatının görkəmli
nümayəndəsi Məhəmməd Əsəd bəyin
kimliyindən və onun şəxsiyyətinə,
yaradıcılığına izahı mümkün olmayan
münasibətdən gedir. Belə çıxır ki, Azərbaycan
ədəbiyyatşünaslığının (məhz Azərbaycan
ədəbiyyatşünaslığının,
çünki dünya ədəbiyyatşünaslığının
bu yazıçı və onun əsərlərinə
münasibəti fərqlidir!) "Əsəd bəy-Yusif Vəzir
Çəmənzəminli sindromunu" həll etməyə
elmi potensialı və gücü yoxdur. Keçmişə
baxanda buna bənzər məsələlərin həllində
ədəbiyyatşünaslığımızın müəyyən
təcrübəsi var; məsələn, "Mirzə Şəfi-Fridrix
Bodenştedt" diskursunda hər şey birincinin xeyrinə əlyazmaların
üzə çıxması ilə həll olunmuşdu.
Maraqlıdır ki, bu iki hadisə arasında xeyli
oxşarlıqlar mövcuddur; hər iki hadisənin məkanı
Almaniya olub, məhz buradan Azərbaycan ədəbiyyatının
hər hansı bir faktı dünya arenasına
çıxaraq böyük şöhrət qazanıb. Əgər
"Mirzə Şəfi nəğmələri" təkcə
Avropanı heyran etmişdisə, Qurban Səidin "Əli və
Nino" romanı bütün dünyanı gəzmişdir.
XIX əsrin ikinci yarısından başlayan Mirzə Şəfi-Fridrix
Bodenştedt mübahisəsi XX əsrin
30-cu illərinə qədər davam etmiş, Mirzə Şəfinin
şair şəxsiyyətini danmaq təşəbbüsləri
heç bir nəticə verməmişdir. Bunun
üçün Almaniyadan xüsusi olaraq göndərilən
missionerin Qafqazda belə bir adamın (şairin, şəxsiyyətin!)
mövcud olmaması fikri də hər şeyi həll etmədi.
Ədəbiyyatşünas S.Mümtazın Tiflisdən
tapdığı əlyazma Mirzə Şəfinin şair
şəxsiyyətini təsdiq etdi. Əgər vaxtilə Mirzə
Şəfidən dumanlı şəkildə söhbət
edilirdisə, son otuz ildə Əsəd bəyin şəxsiyyəti
ətrafında da eyni proses baş verir.
XX əsrin
30-cu illərində Almaniyada Azərbaycan ədəbiyyatına
məxsus ikinci bir hadisə baş verdi; Qurban Səidin
"Əli və Nino" romanı çap olundu. Bu əsər
müəllifinin kimliyindən asılı olmayaraq Azərbaycan
mühacirət ədəbiyyatının faktıdır və
ona görə də mənim "XX əsr Azərbaycan ədəbiyyatı
tarixi" (3 cilddə, II c., Bakı, 2010), "XX yüzil Azərbaycan
ədəbiyyatı; mərhələlər, istiqamətlər,
problemlər" (Bakı, 2015), "Azərbaycan mühacirət
ədəbiyyatı. Təşəkkülü, problemləri,
şəxsiyyətləri" (Bakı, 2017) dərslik və
monoqrafiyalarımda mühacirət ədəbiyyatının
faktı olaraq təhlil edilmişdir. Bu düşüncədəyəm
(və gəldiyim elmi qənaət də budur!) ki,
bütövlükdə Əsəd bəyin
yaradıcılığı və onun "Qurban Səid"
təxəllüsü ilə yazdığı "Əli və
Nino" və "Xalicdən gələn qız"
romanları XX əsr Azərbaycan mühacirət ədəbiyyatının
(eləcə də Azərbaycan ədəbiyyatının!) ən
mühüm hadisəsidir. Xüsusən də "Əli və
Nino" romanı populyarlığına görə Nizami Gəncəvi,
Mirzə Şəfidən sonra dünya arenasına
çıxan və milli düşüncəni təmsil edən
üçüncü mədəni-mənəvi pasportumuzdur.
Lakin indi belə bir vəziyyət yaranıb; "Əli və
Nino" romanı və onun müəllifliyinə heç bir
şübhə olmayan Əsəd bəyin "Qurban Səid"
imzası ilə çap olunan əsərləri yanlış
olaraq Y.V.Çəmənzəminliyə aid edilir. Məsələ
təkcə "Qurban Səid" imzası ilə çap
olunan əsərlərdə deyil, ümumiyyətlə, Əsəd
bəyin milli kimliyi, yazıçı imici və şəxsiyyəti
bilərəkdən qatı duman pərdəsinə
bürünür, həqiqətlər gizlədilir, faktlar
göz görə-görə təhrif edilir.
Vaxtilə
təkzibedilməz faktlarla sübut etdiyimiz bu müzakirəyə
nə üçün qayıdırıq?! Ümumiyyətlə,
qayıtmağa ehtiyac varmı? Düşünürəm ki,
var; çünki Azərbaycan ədəbiyyatşünaslığı
fundamental şəkildə hələ də bu problemə
münasibət bildirməyib. Akademik İsa Həbibbəyli də
belə bir mübahisəyə son qoymağın zəruruliyini
qeyd edərək yazır: "Məhəmməd Əsəd
bəyin kimliyi haqqında xeyli araşdırmalar meydana
çıxsa da, hələ də Qurban Səid-Yusif Vəzir
Çəmənzəminli ehtimalı mənasız mübahisəli
məsələ olaraq qalır. Və əksinə, zaman
keçdikcə Qurban Səid-Məhəmməd Əsəd bəy
versiyası daha çox qüvvətlənməkdə davam
edir. Artıq Azərbaycan elmi Qurban Səid-Məhəmməd
Əsəd bəy dilemmasına son qoymalı, qəti
sözünü deməlidir" ("Məhəmməd
Əsəd bəy dünyası və Orxan Aras" / Orxan
Aras. Əsəd bəy-Qurban Səid: gizlinlər, gerçəkliklər.
Bakı, 2020, s. 12). Ədəbiyyatşünaslığımızda
olan bu boşluq mətbuatda və sosial şəbəkələrdə
zaman-zaman ona həvəskar münasibəti sərgiləməyə
gətirib çıxarır. Hətta bu sahədə
heç bir araşdırması olmayan, mövcud fikirləri təkrar
edən "araşdırmalara" da rast gəlirik. Əlbəttə,
belələrinə cavab verməyi
düşünmürük, çünki müzakirə
predmetini bilməyən debutant "əsədbəyşünas" və ya "yusifvəzirşünas"a
cavab verməyin heç bir əhəmiyyəti yoxdur. Ancaq Azərbaycan
ədəbi mühitində ötən əsrin 70-ci illərində
çox zəif şəkildə haqqında söhbət gedən,
90-cı illərdə siyasi, milli müstəviyə keçən,
bəzi məsələlərdə açıq qalan bu
problemə yenidən münasibət bildirmək
çağdaş ədəbiyyatşünaslığımızın
qarşısında duran və həll etməli olduğu vəzifəsidir.
Yalnız sistemli və fasiləsiz araşdırmalar Əsəd
bəyin zəngin yaradıcılığını, həyatının
bizə məlum olmayan (qaranlıq demirəm, çünki bu
qaranlıqdan bəziləri başqa nəticələr
çıxarır!) məqamlarını,
yaradıcılığı, həyatı ətrafında
yaradılan ziddiyyətləri üzə çıxara bilər...
Əlbəttə,
problemin üzdə olan detallarına girməyəcəyik, məlum məsələlərə
yenidən qayıtmağa dəyməz, məsələnin
tarixinə qısa ekskurs edəcək (buna qədər
yazılanları burada təkrar etmək araşdırmanın
həcmi kənarındadır), yalnız problemin qoyuluşu və
bəzi məsələlərin həllinə
çalışacağıq. Əvvəlcə Əsəd bəyin
kimliyinə "Əli və Nino" və "Xalicdən gələn
qız" əsərləri kontekstindən kənarda baxaq; yəni
bu iki əsər olmadan Əsəd bəyin kimliyi, Azərbaycan
ədəbi-bədii düşüncəsində yeri və
mövqeyinə nəzər salaq. Bu, bizə onun kimliyini dərk
etməyə və Azərbaycan ədəbiyyatı tarixinin
faktı kimi qəbul etməyə tamamilə imkan verəcək.
İllər boyu yazıçının həyatı, şəxsiyyəti,
milli kimliyi, dini inancı, müəllifliyi ətrafında gedən
söz-söhbətlərin mahiyyəti də burada aydın
olacaq.
Əsəd
bəy Azərbaycandan çox çətinliklə Avropaya gedən
bir mühacir ailəsinin on beş yaşlı övladı
idi. Uşaqlığını Bakıda keçirmiş,
atası neft maqnatlarından biri olduğundan bolşeviklərin
gəlişi ilə Azərbaycanı tərk edərək
buradan Gürcüstana, oradan İstanbula, daha sonra isə
Avropaya mühacirət etmişdir. Əsəd bəy
Almaniyanın Berlin şəhərində qalır (1921-1933),
çarəsizlikdən müxtəlif təşkilatlara
kömək üçün müraciət edir. Daha sonra
Berlin Vilhelm Universitetində türkologiya fakültəsində
təhsil alır, gənc yaşlarından "Ədəbiyyat
dünyası" (Die literarische Welt) qəzetinə məqalələr
yazır. Bu məqalələrin üslubu, Şərq
mövzularından (neft, Bakı, Qafqaz və s.) olması,
axıcılığı, bənzərsizliyi onu məşhurlaşdırır.
1928-ci ildə Azərbaycan Cümhuriyyəti qurulmasının
10 illiyi münasibətilə "Azərbaycan Demokratik
Cümhuriyyəti" adlı məqaləsi Almaniyanın həm
"Ədəbiyyat dünyası", həm də "Der
Deutsher Şpigel" qəzetlərində dərc olunur. Bu
M.Ə.Rəsulzadə və onun kimi bir neçə vaxtilə
dövlət strukturunda yer tutan liderlərdən başqa ilk
yazı idi. Almaniyanın belə bir nüfuzlu qəzetlərində
bu cür məqalənin dərc edilməsi yalnız
Cümhuriyyətə sevgidən irəli gələ bilərdi.
İkinci ən böyük əsəri "Şərqdə
neft və qan" (1929) əsərində də doğulub boya
başa çatdığı Azərbaycan, Qafqaz və
Bakıya böyük sevgilər var. Daha sonra gənc
yazıçının "Qafqazın on iki sirri" (1930),
"Stalin, Fanatikin karyerası" (1931), "Məhəmməd
peyğəmbər" (1932), "Ağ Rusiya: vətənsiz
xalq" (1932), "OĞPU: Dünyaya qarşı təxribat"
(1932), "Maye qızıl" (1933), "Rusiya yol
ayrıcında" (1933), "II Nikolay" (1935),
"Lenin" (1935), "Rza şah" (1936), "Allahu əkbər:
İslam dünyasının yüksəlişi və tənəzzülü"
(1936), "Bolşevizmin sonu" (1936) əsərlərini
yazır. Onun haqqında mətbuatda "qafqazlı şahzadə",
"bənzərsiz sevgi hekayətinin müəllifi",
"dahi romançı", "Azərbaycanın Avropada ilk
böyük elçisi" kimi epitetlər də işlənir.
Son dərəcə məhsuldar yazıçıya Azərbaycan
mühacirləri hücuma keçirlər, onu tarixi
saxtalaşdırmaqda, faktları düzgün verməməkdə
günahlandırırlar (elə
indi də hər hansı bir tarixi əsərdə müəllifə
qarşı bu cür iradlar, hücumlar olur!). Bura qədər
biz Əsəd bəyi bir mühacir Azərbaycan
yazıçısı kimi görürük. Yəni Əsəd
bəy "Qurban Səid" imzası olmadan da Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsidir. Elə Y.V.Çəmənzəminli
də bu əsərlərsiz Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi
kimi artıq ədəbiyyat tariximizdə özünəməxsus
yer tutur. Onun "Qızlar bulağı" və "Qan
içində" romanları, hekayələri XX əsr bədii
nəsrimizin ən əlamətdar hadisəsidir.
Yaradıcılığı Azərbaycan ədəbiyyatşünasları
tərəfindən çox araşdırılıb; arxiv sənədlərinə,
gündəliklərinə istinadla tərcümeyi-halı
bütünlüklə üzə çıxarılıb,
sonrakı ədəbiyyatşünaslar tərəfindən
iddia edilən əsərlərin izlərinə
rastlanmayıb.
Əsəd
bəy bir Azərbaycan yazıçısı (baxmayaraq ki, onu
Azərbaycan yazıçısı hesab etməyənlər
var) kimi bizə son otuz ildə məlum olub; yazılarında vətəninə,
xalqına sevgilərini dönə-dönə bildirir.
Cümhuriyyətin lideri M.Ə.Rəsulzadədən başqa,
heç bir azərbaycanlı mühacir bu qədər
yazıb-yaratmamışdır. Əgər M.Ə.Rəsulzadə
ictimai fikri təmsil edirdisə, Əsəd bəy bir
yazıçı, bədii düşüncə adamı kimi
çıxış edir. Onun əsərləri nəşrinə,
tirajına, yayılma arealına görə Azərbaycan ədəbiyyatının
fenomenal hadisəsidir. Lakin biz başqa yolla gedirik; onun əsərlərini
təhlil etmək, araşdırmaq, elmi dövriyyəyə
daxil etmək əvəzinə, onu "maşennik",
"oğru", "plagiatçı", milliyyətini,
dinini dəyişən, nə bilim "yüz hoqqadan"
çıxan biri kimi qələmə veririk.
Düşünürük ki, "Qurban Səid" adı ilə
dərc edilən "Əli və Nino" və "Xalicdən
gələn qız" romanlarını onun əlindən
yalnız bu yolla almaq olar. Bəlkə də bu cür epitetlər
90-cı illər üçün keçərli idi; o zaman ədəbiyyatşünaslarımızın
əli onun əsərlərinə çatmırdı,
adını ancaq "Əli və Nino" romanı ilə əlaqələndirir,
adı heç kimə məlum olmayan bir
yazıçının Azərbaycan həyatı ilə
bağlı belə bir məşhur roman yazmasını
intuitiv olaraq qəbul edə bilmirdik. Ancaq Əsəd bəyin əsərləri
Çərkəz Qurbanlının tərcüməsində
və araşdırmalarında oxucuya çatdıqca,
yazıçı ətrafında dumana bürünmüş
halə yavaş-yavaş qalxdı və Əsəd bəyin
heç də deyildiyi kimi "yalançı və
şöhrət arxasınca gedən" biri
olmadığı, son dərəcə məhsuldar, vətənini
sevən bir yazıçı olduğu üzə
çıxdı. Alman və ingilis ədəbiyyatşünasları
G.Höpp, Fuhrman, Hans Yurgen Maurer, Tom Riss, Uli Rotfus, Hans-Yurgen
Maurer, Orxan Aras, Azərbaycan ədəbiyyatşünasları
İsa Həbibbəyli, Çərkəz Qurbanlı, Həsən
Quliyev, Zeydulla Ağayev, Aslan Məmmədli, Nuridə Atəşi,
Çingiz Abdullayev, Rəşad Məcid və bu sətirlərin
müəllifinin araşdırmaları yazıçının
ədəbi fikrimizdə tutduğu yer və mövqe
haqqında bir qədər də aydınlıq gətirdi.
Almaniyada yaşayan Orxan Arasın son illərdəki
araşdırmaları yazıçının həyatı,
mühiti və şəxsiyyəti ilə bağlı xeyli
gerçəklikləri üzə çıxardı. Əsəd
bəy-Qurban Səidin gerçək üzü belədir...
Bəziləri
isə Əsəd bəyin kimliyinə,
yaradıcılığına başqa bir rakursdan baxır;
bitib tükənmək bilməyən bu araşdırmalarda
Əsəd bəyin milliyyəti, dini inancı, Qurban Səid təxəllüsünün
və bu təxəllüs altında dərc edilən əsərlərin
ona aid olmaması müzakirə edilir. Hətta bu
araşdırmalardan belə nəticə çıxarmaq olar
ki, Əsəd bəy adlı şəxsiyyət
olmamış, yaxud bu ad altında yaşayan şəxs öz
sağlığında haqqında olan bütün məlumatları
qəsdən saxtalaşdırmış, onun
ölümündən sonra da dostları və onu tanıyanlar
bu saxtakarlığı davam etdirmişlər. Zaman
baxımından bizə çox yaxın olan və demək
olar, bütün əlyazmalarının, məktublarının,
qəzet materiallarının qaldığı (bəzi
istisnalarla) Əsəd bəyin şəxsiyyətini, kimliyini
bu dərəcədə şübhə altına almaqla nə
demək istəyirik?! Dünyada bu qədər məşhur
olan bir yazıçını zorla özümüzdən kənara
atmaqla nəyi sübuta yetirmək istəyirik?! Amerikadan onu yəhudi
kimi görməyə gələn Nobel
mükafatçısı Con Steynbekin Positanoya gəlib onun qəbir
daşını müsəlman kimi görərək məyus
olması bizə heç nə demirmi? Mən hələ
Əsəd bəyi zorla yəhudi etmək uğrunda gündən-günə
güclənən mübarizənin işartılarını
demirəm. Tom Reiss kimi bu yöndə çalışan tədqiqatçılar
hər vəchlə onu yəhudi kimi qələmə verməyə
və bununla da Azərbaycan ədəbiyyatı faktından
ayırmağa çalışırlar.
Bir
çox tədqiqatçılar Əsəd bəyin
yaradıcılığına milli kimlik kontekstindən
baxır və bütün dəyərləndirmələrini
buna görə verirlər. Pənah Xəlilov, Tofiq
Hüseynoğlu, Şamil Cəmşidov, Betti Bleyer və b. tədqiqatçıların
bütün araşdırmaları yazıçının
milli kimliyi və "Əli və Nino" əsərlərinin
ona məxsus olmaması üzərində köklənmişdir.
Bu proses 90-cı illərdə bir milli məsələ
müstəvisinə çıxarılmış, əsərin
kimə məxsus olması barədə Yazıçılar
Birliyi hökm vermişdir. Halbuki hər hansı bir əsərin
kimə məxsus olması yalnız əlahəzrət əlyazma
və ya təkzibedilməz arqumentlərlə ortaya
çıxmalı, bir neçə nəfərin
yığışaraq "bu əsəri ancaq filankəs yaza
bilərdi" hökmü ilə yox! O zaman ədəbi aləmdə
bir xaos yaranardı; hər hansı bir əsəri birindən
alıb başqasına vermək asanlıqla mümkün
olardı.
Yusif
Vəzir-Əsəd bəy diskursunda vəziyyət o yerə gəlib
çatmışdır ki, Betti Bleyer "Əli və
Nino" əsərində Əsəd bəyin plagiat izini
aşkara çıxarmaq üçün onun müəllifliyində
dörd yazıçının əməyi olduğunu isbat
etməyə çalışır. Heç bir fakt göstərmədən
yalnız bəzi ehtimallarla "Əli və Nino"
romanında Yusif Vəzir, Əsəd bəy, Q.Robakidze və
E.Ehrenfels izlərini axtarır. Hətta bu müəllifləri
problemə həsr etdiyi "Azərbaycan. İnternetional"
jurnalının üz qabığına da
çıxarır. Vəzirovşünaslığa bundan
böyük "töhfə" ola bilməz; həm əsərin
Yusif Vəzirin olduğunu iddia edəsən, həm də
böyük-böyük parçaların başqa əsərlərdən
götürüldüyünü "sübut" edəsən.
Bu parçalar əsərin hardasa dörddə
üçünü təşkil edir, bəs onda geridə
Y.Vəzirə nə qalır? B.Bleyer hər vəchlə
yazıçının əsərlərində qüsurlar
axtarır (bu cür qüsurlardan heç bir
yazıçı sığortalanmayıb!), sanki bu
qüsurlar onun "Qurban Səid" imzası ilə
yazdığı əsərlərin ona məxsus
olmasını təkzib etməlidir. B.Bleyerin özünün
Azərbaycan və alman dillərini bilmədiyi halda, Azərbaycan
ədəbiyyatı ilə bağlı araşdırma
aparması bir yana, Əsəd bəyin Azərbaycan dilini biməməsini
əsaslandırmağa çalışır, evdə
hansı dildə danışması barədə sual edir.
Halbuki Əsəd bəyin Azərbaycan və ya türk dilində
bilməsi barədə təkzibolunmaz faktlar vardır. O, həm
də bu romanın Yusif Vəzirə aid olması haqqında
101 ehtimal irəli sürür. Lakin heç bir ehtimal əlyazmanı
və hər hansı bir faktı əvəz etmir. Əlyazma
yoxdursa, onu məktublar, yazıçının müasirləri,
əsərin çapı ilə bağlanan müqavilələr,
aldığı qonorarlar və s. əvəz edir, bunlar da
aydınlaşdırmadıqda bədii mətnin təhlili ilə
belə bir nəticəyə gəlmək mümkün
olur. Gəldiyin nəticə isə
korporativ maraqlara deyil, sənədlərə, arqumentlərə
söykənməlidir.
İndi
belə bir vəziyyət yaranıb; "Əli və
Nino", "Xalicdən gələn qız" bütün
dünyada "Qurban Səid" adı ilə nəşr
olunur və bu ad altında Məhəmməd Əsəd bəy
nəzərdə tutulur, Azərbaycanda isə həm
"Qurban Səid", həm də Yusif Vəzir Çəmənzəminli
adı altında çap olunur (2004) və "Qurban Səid"
imzasının da Çəmənzəminliyə aid
olduğu iddia edilir. Dünya ədəbiyyatında analoji hadisəyə
rast gəlmirik. Baxmayaraq ki, Əsəd bəyin arxivindən
"Sevgidən bixəbər kişi" romanının da
"Qurban Səid" imzası ilə əlyazması
tapılmışdır; bu da əks tərəfi qane etmir,
ancaq özləri də ortaya əsaslı bir fakt qoymur. Əsəd
bəy və onun "Əli və Nino", "Xalicdən gələn
qız" romanları ilə bağlı hər hansı bir
fikir dərhal təpki ilə qarşılanır. Azərbaycan
ədəbiyyatşünaslığında analoqu olmayan bu
dilemmanı həll etmək, əsl həqiqəti ortaya
çıxarmaq çağdaş ədəbiyyatşünaslığın
ən mühüm vəzifələrindən biridir. Hər
iki yazıçı Azərbaycan ədəbiyyatı tarixində
mühüm yer tutur, ancaq heç zaman biri-birinin yerini tutmur.
Əsəd bəy-Çəmənzəminli diskursunun hər
iki yazıçının həyati faktları, tərcümeyi-hal
materialları, mövcud elmi-nəzəri prinsiplərlə,
heç bir fakta göz yummadan gələcək məqalələrimizdə
ortaya çıxarmağa çalışacağıq.
Problemi "bu əsəri ancaq filankəs yaza bilərdi",
"Əsəd bəy on beş yaşında burdan
çıxmışdı, ona görə də Cümhuriyyəti
dərk edə bilməzdi" və s. bunun kimi meyarlarla yox,
elmi-nəzəri prinsiplərlə yanaşaraq, təkzibolunmaz
faktlara söykənərək həll etmək olar. Biz də
bu yolla gedəcəyik!
Bədirxan
ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.-
2021.- 20 fevral. S. 14-15.