"Varislər"
ÜMİD
QAPISININ SON ÜMİDİ ÖLÜRSƏ...
"Varislər"in
bugünkü qonağı nasir, dramaturq, ictimai xadim, AYB Lənkəran
bölməsinin keçmiş məsul katibi, Əməkdar
incəsənət xadimi Məmmədhüseyn Əliyevin
oğlu, iqtisadçı Rüstəm Əliyevdir.
Cənub ağsaqqalı
Axund
Molla Rüstəm 25 il Nəcəfdə ali dini təhsil
aldıqdan sonra bir neçə il olardı doğma Talış dağları ətəklərinə
qayıtmışdı. Molla Rüstəm dini savadı, şəriət
bilicisi kimi o ətrafda böyük hörmət və
nüfuz sahibi idi. 1925-ci ilin yazında axundun ailəsində
bir oğlan dünyaya gəldi, uşağın adını
böyük İslam peyğəmbəri Məhəmməd
(s.ə.s.) və Kərbəla şəhidlərinin piri imam
Hüseynin (ə.s.) şərəfinə Məmmədhüseyn
qoydular.
Bolşevik
hakimiyyəti tezliklə Molla Rüstəmin də düzənini
pozdu. Adam ailəsindən, doğmalarından ayrı
düşüb Cənubi Azərbaycana - Ərdəbilə
mühacirət etdi. Onun Lerikin Gürdəsər kəndindəki
evini zorla alıb məktəb etdilər, ailəsini "məktəbin"
kiçik otaqlarından birinə köçürtdülər.
Axundun qiymətli kitabları, əlyazmaları, qeydləri məhv
edildi. Ailə böyük maddi və mənəvi
sıxıntılar, məhrumiyyətlər içində
yaşamağa məcbur oldu.
Məmmədhüseyn
Əliyev 1940-cı ildə Lənkəran Pedaqoji Texnikumu nəzdində
müəllimlik kursunda təhsil aldı. Bir müddət
müəllim işlədikdən sonra APİ-nin Tarix və ədəbiyyat
fakültəsində təhsilini davam etdirdi, lakin ədəbi
yaradıcılığa, jurnalistikaya olan həvəsi yolunu
BDU-nin Filologiya-jurnalistika fakültəsinə saldı.
O, ədəbi
yaradıcılığa erkən başlamışdı.
Yazdığı romanlar, hekayələr oxucuların diqqətini
çəkmiş, onu sevdirmişdi. "Dağlar
oğlu" romanı dəfələrlə böyük
tirajla çap olunmuş, rus dilinə tərcümə edilərək
keçmiş ittifaqın müxtəlif nəşriyyatlarında
işıq üzü görmüşdü. Onun AYB Lənkəran
bölməsinin məsul katibi kimi fəaliyyəti
dövrü cənub zonasında ədəbi həyatın
qaynadığı, yeni ruhlu yaradıcı gənclərin
üzə çıxdığı zaman kimi yadda qalıb.
Bu gözəl insan, unudulmaz el ağsaqqalı, maraqlı
yazıçının varisi Rüstəm Əliyevlə Məmmədhüseyn
Əliyev ocaqlarının birində - qızı, tarix üzrə
fəlsəfə doktoru Sədaqət xanımın evində
görüşdük.
- Rüstəm müəllim, gəlin
Məmmədhüseyn Əliyevin ailəsindən
danışaq, yəni sizin doğulub
böyüdüyünüz, tərbiyə
aldığınız ailədən.
- Məmmədhüseyn
Əliyevin altı övladı olub: böyüyümüz
Ənvər həkimdir, uzun illərdir Lənkəranda həkim
kimi fəaliyyət göstərir, o zonada kifayət qədər
tanınan, hörmət olunan ziyalılardan biridir. Ailəmizin
ikinci övladı Nəzakət bacımız
Hacıxanımdır, o da ixtisasca həkimdir, indi təqaüdə
çıxıb dincəlir, nəvələrinə
baxır. Sonra Sədaqət xanım olub. İxtisasca
tarixçidir, elmi-pedaqoji fəaliyyətlə məşğul
olur. Ondan sonrakı bacımız dünyasını dəyişib.
Sonra mən gəlirəm. Uzun illər dövlət
qulluğunda çalışmışam, hal-hazırda
işləmirəm. Kiçik qardaşımız
Əbdülhüseyn hüquqşünasdır, Rusiyada
hüquq-mühafizə orqanlarında fəaliyyət göstərir.
Çiyələk
mövsümü
- Biz
ona əmi deyirdik... Mənim Məmmədhüseyn müəllimlə
ilk görüşümün çox maraqlı xatirəsi
var. Tələbə idim, toya getmişdim Lənkərana, dedim
"Dağlar oğlu"nun müəllifi ilə
görüşüb tanış olum, həm də bir
neçə hekayəmi oxuyum ona. Çiyələk
mövsümü idi. Qapını döyüb keçdim
otağa. Bir boşqab çiyələyi qarşısına
qoyub iştahla yeyirdi. Hələ nübar etməmişdim. Təklif
etmədi çiyələyin dadına baxım. Söhbət
elədik. İki hekayə oxudum, o da çiyələyi kənara
qoyub diqqətlə dinlədi. Bəyəndi
yazılarımı. Yolun düşəndə mütləq
yenə gəl dedi. Ayrılmaq üçün
görüşdük. Otağından çıxanda bir
kağız torbada (təxminən 3 kq. olardı) çiyələk
verdi mənə. "Nübardı, aparıb evdə yeyərsən",
- dedi. Nə qədər diqqətli olduğunu başa
düşdüm. O kişilər nəyi harada, necə etmək
lazım olduğunu dəqiq bilirdilər. O mənim
yaddaşımda belə qaldı. Sonra AYB-nin qurultayında
görüşdük. Çox maraqlı adam idi, köhnə
kişilərdən idi.
- Hə,
konkret adam idi. O, cənub zonasında yaxşı ədəbi
birlik yaratmışdı, yazarlar hər həftə
toplaşıb, orada yeni yazılarını oxuyur, müzakirə
edirdilər. Yaxşı nəsil yetişmişdi, indi
onların əksəriyyəti məşhur yazarlardır. Bir
həkim vardı, o da birlik üzvü idi, hekayələr
yazırdı. Əhməd adlı sürücü dostumuz
vardı, bir gün həkimi axtara-axtara gedib çıxır
birliyə. Qapını döyür, az sonra Məmmədhüseyn
müəllim özü açır qapını.
Aralarında belə bir dialoq olur: "Şairsən?".
"Xeyr". "Müəllimsən?". "Xeyr".
"Onda çıx bayıra!" - deyib qapını
örtür. Konkret adam idi.
-
Söhbətimiz səmimi keçir, buna görə çox
sağ olun. Məmmədhüseyn əmi ruhani ailəsində
anadan olmuşdu. Mənə çox uzun göründü 25
il Nəcəfdə ali dini təhsil almaq. Bu qədər oxumaq
nəyə lazım idi?
Şair deyilsənsə,
çıx bayıra
-
Çox qəribə taleyi olub bu adamın. Onu sovet hökuməti
ailəsindən ayırıb. Atamın 2-3 yaşı olanda
babamız Ərdəbilə mühacirət etmək məcburiyyətində
qalıb və bir daha ailəsi ilə görüşə
bilməyib. Stalin repressiyası illərində din xadimlərinə
müharibə elan olunmuşdu. Babamız Axund Rüstəm də
bu "müharibənin" qurbanlarından biri idi. Din alimi, həm
də şəriət bilicisi - hüquqşünas olub. Gedərkən
bir gün qayıdacağını, yenidən ailəsinə,
doğmalarına qovuşacağını
düşünüb, amma ayrılıqlar bitməyib. Təsəvvür
edirsinizmi, onun yaxşı ev-eşiyi olub Gürdəsər kəndində,
əlindən alıb məktəb ediblər, ailəsinə
isə həmin evdən balaca bir otaq ayırıblar ki, orada
yaşasınlar. Uzun illərdən sonra babamın vəsiyyətnaməsini
qohumlarımızdan birinə təqdim etmişdilər, o da gətirib
bizə verdi. Axund Rüstəmi Ərdəbildə 17 kəndə
dini rəhbər təyin ediblər, ailəsindən uzaqda, Cəmahiran
kəndində təklik içində dünyasını dəyişib.
Vəsiyyətnaməni kənd məscidinin mollasına verib.
Orada əslən haradan olduğunu qeyd edib. Olan-qalan əmlakını
üç yerə bölüb. Bir hissəsini həmin kənd
mollasına, bir hissəsini şagirdlərinə, bir hissəsini
də öz ehsanı üçün ayırıb. Uzun illərdən
sonra atamla bir yerdə gedib onun məzarını tapdıq,
ziyarət etdik.
Nənəmiz
Şahbəyim xanım sadə, evdar qadın idi. Lerik qəsəbəsində
doğulmuşdu. Atamgil ailədə üç uşaq
olublar, kiçik qardaşları körpə vaxtı
dünyasını dəyişib, bibimlə atam nənəmizin
himayəsində böyüyüb. Atamın gözəl xətti
vardı. Orta məktəbin yuxarı siniflərini Lerik
rayonunda oxumuşdu, elə o vaxt dərsdən sonra rayon məhkəməsində
katib kimi işləməyə başlayıb. Hal-hazırda
Gürdəsər kənd məktəbi atamın adını
daşıyır.
- Məmmədhüseyn
əmi APİ-nin Tarix fakültəsini yarıda saxlayıb,
BDU-nun Filologiya-jurnalistika fakültəsinə daxil olub. Ötən
əsrin 40-cı illərində artıq ilk yazıları mətbuatda
görünməyə başlayıb. Qail təxəllüsü
ilə şeirlər yazıb...
- Qəzəlləri,
rübailəri var. Onun həyatının böyük hissəsi
- 44 il - pedaqoji fəaliyyətdə keçib. Orta məktəbdə,
texnikumda dil-ədəbiyyat müəllimi işləyib. Məktəb
direktoru olub.
Qonağa bağışlanan pencək
- Məktəb
direktoru deyiləndə indi ilk olaraq yadımıza
süpürgəpulu, fondpulu toplayanlar düşür...
Görəsən, o da süpürgəpulu
yığırmış?
-
Sizin sualınıza cavab verəcəyəm, amma əvvəlcə
atamın dediyi bir fikri diqqətinizə çatdırmaq istəyirəm.
O, həmişə bizə deyirdi ki, adam mərd
olmalıdır, gözütox olmalıdır. Lənkəran
tibb və pedaqoji kolleclərində direktor müavini işləyəndə,
təbii ki, ona müəyyən təkliflər olub. Atam
deyirdi ki, doğrudur, mən kasıbam, amma 100 manatın
kasıbı deyiləm. O 100 manat mənim maddi vəziyyətimdə
elə bir dəyişiklik etməyəcək, ancaq məni bir
ömür gözükölgəli saxlayacaq. Bunu hər
biriniz yadda saxlayın. İnsanın şərəfindən,
şəxsiyyətindən üstün heç nə ola bilməz.
O bizə sözün ilahi qüdrətini başa saldı və
hamımız sözə bağlandıq. Hər birimiz
sözümüzün ağası olmağa
çalışdıq.
-
Uşaq idim (Sədaqət xanım söhbətə
qoşulur), nə üçünsə qaşqabaqlı gəzirdim,
atam bunu gördü. Rəsul Həmzətovun nəvəsinə
həsr etdiyi şeiri var. Atam o şeiri əzbər dedi. Məzmunu
belə idi. "Niyə ağlayırsan, sənin atan-anan var,
qoy mən ağlayım, çünki yetiməm". Atam
şeiri söylədi və dedi ki, sənin hər şeyin
var, heç vaxt qaşqabaqlı gəzib
naşükürlük eləmə. Onun bu sözləri mənə
dərs oldu. O, gözəl ata idi, bizim təhsilimiz,
yaşamağımız üçün bütün şəraiti
yaratmışdı. Çap olunurdu, yaxşı qonorar
alırdı, deputat idi. İctimai fəaliyyəti göz
qabağında idi, sözü keçirdi. Həmişə
çalışırdı gözütox böyüyək.
-
Altıncı sinifdə oxuyurdum (Rüstəm müəllim
davam edir), atam Lənkəran Pedaqoji Texnikumunda müdir
müavini işləyirdi. 4 saylı məktəbdə, rus
bölməsində təhsil alırdım. Hər gün dərsə
gedəndə anamın tədarük etdiyi nahar
torbasını aparıb atama verir, sonra məktəbə
yollanırdım. Onun həyat tərzi belə idi.
Süpürgəpulu yığanlar naharı restoranda, kafedə,
yeməkxanada edənlərdir.
Yayın
sonlarında Lənkərandakı İstisu sanatoriyasında
vanna qəbul edirdi. Deyirdi, gəndəlaşın başı
qaraldısa, arı şanısının kəsmək
vaxtı çatdısa, İstusiya getmək olar. AYB Lənkəran
bölməsinin "QAZ 69", özünün isə şəxsi
"QAZ 21" markalı maşını vardı. Sürücü
aparıb-gətirirdi. Bir gün mən də onlarla İstisuya
getdim. Tutqun, yağışlı hava idi. Sürücü ilə
mən maşında oturub gözlədik, o da pencəyi
çiyninə atıb getdi. Vanna qəbulundan sonra gərək
əynini isti saxlayasan. Qayıdanda pencək yox idi. Elə
bildim unudub. Tez maşından düşdüm ki, gedib pencəyini
gətirim. Dedi, qayıt otur maşına. Sürücüyə
dedi, sür gedək. Heyrət içində idim. Dedim, ay ata,
pencəyin qaldı axı. Dedi, onu bir ağdamlı kişiyə
bağışladım. Adam ehtiyatsız gəlib, qonaqdır.
Soyuqlaya bilər. Halal xoşu olsun.
-
"Dağlar oğlu" romanı bir neçə dilə tərcümə
edildi və Azərbaycanda bir neçə dəfə təkrar
çap olundu. Bu, yaxşı qonorar demək idi. Necə
dolanırdınız? Haraları gəzirdiniz? Nə
alırdı sizə?
Moskvanın "Rossiya"
mehmanxanası
- Dediyim kimi, hər yay mütləq
İstisuda vanna qəbul etməyə gedirdi. 10 gün. Amma
heç vaxt məxsusi olaraq hansısa sanatoriyaya getmək,
müalicə proseduru keçməklə arası yox idi.
Sağlam adam idi, özünə fikir verirdi. 69 yaşında
bütün dişləri sapsağlam ağzında idi.
Yaxşı geyinirdi. Ömrünün son illərində qəfildən
düşdü. Moskvada onu müayinə edən həkim də
dedi ki, çox sağlam orqanizmi var. Xərçəng xəstəliyi
tapdı və bununla da biz onu itirdik. Amma ildə bir dəfə
məzuniyyətə çıxıb Moskvaya gedirdi. Bu, daha
çox yaradıcılıq ezamiyyəti kimi bir şey idi.
"Rossiya" mehmanxanasında qalırdı və mütləq
qayıdanda təzə əsəri ilə gəlirdi. Orada tərcüməçiləri
İbrahim Kəbirli, Vil Qəniyev və başqaları ilə
görüşürdü.
- On
ildən artıq müddətdə AYB Lənkəran bölməsinə
rəhbərlik etdi. Yazı-pozu adamları həm ərköyün,
həm də bəzən cığal olurlar, diqqət istəyirlər,
qayğı istəyirlər. Bir şeir, bir hekayə çap
olundusa, özlərini dahi hesab edirlər. Necə yola gedirdi
onlarla? Bildiyim qədərilə o qədər də səbirli
adam deyildi Məmmədhüseyn əmi. Sözü üzə
çırpan idi.
-
Yox, onlar atamın yanında özlərini yaxşı
aparırdılar. Əvvəla, atam bölməyə rəhbərlik
edəndə artıq ağsaqqal idi. Üstəlik, zabitəli
adam idi, onun yanında ərköyünlük etmək
olmazdı. Həm də atam bölməyə gələn
istedadlı adamlara hər cür kömək etməyə
çalışırdı. Almanaxlarda, mətbuatda çap
olunmaqlarına şərait yaradırdı. İnanmıram
kimsə cürət edib, onun sözünün qabağına
söz qoya bilsin. Atam onsuz da kiminsə haqqının
tapdanmasına imkan vermirdi. Zabitəli adam idi. Evdə də, cəmiyyət
içində də. Biz ondan çəkinirdik. Ailə ilə
bağlı bütün qərarları o verirdi.
- Bir
dəfə (Sədaqət xanım müdaxilə edir) Lənkəran
Dram Teatrında "Vaqif" tamaşasına baxıb, şəhərin
gecə küçələri ilə evə
qayıdırdıq. Sözarası dedim ki, S.Vurğun
"Vaqif"i gözəl yazıb, mən onun
dramaturgiyasına, sevgiyə verdiyi qiymətə heyranam. Atam
ayaq saxladı, dedi, məgər mənim "Şəfəq"
pyesim pisdir. Yoxsa "Dağlar oğlu"nda sevgini pis
vermişəm? Dedim, S.Vurğun sevgini qul xisləti ilə qələmə
alıb. İnsan öz sevgisinin quludur onun yaradcılığında.
- Məncə,
bu yanaşma klassik Şərq şeirindən gəlir,
Füzulidən gəlir. Avropa şairləri də, bizim
S.Vurğun da bundan təsirləniblər. Şekspir də
bundan təsirlənib.
-
Sizin yanaşmanıza görə, (Rüstəm müəllim
davam edir) bizim dramaturqların Şekspir səviyyəsində
olması üçün gərək biz də ingilis olaq.
- Qətiyyən
elə deyil. Məgər H.Cavid ingilis idi? Amma onun "Şeyx
Sənan"ı dünya dramaturgiyasının ən qiymətli
eşq dastanlarından biridir. Onun "Afət"i dahiyanədir.
Mən Səməd Vurğunu böyük şair kimi qəbul
edirəm, amma onun dramaturgiyası, xüsusilə də
"Vaqif"i pafos üzərində, tarixi təhrif üzərində
qurulmuş dramdır. Və məncə, bunun öz səbəbləri
var. Gəlin mövzudan yayınmayaq.
-
Bacım Nəzakət xanım həm də həvəskar rəssamdır,
Sədaqət xanım isə şeirlər yazır, elmi
işlə məşğul olur, onlar emosional adamlardır. Mən
isə odun üstünə su tökənlərdənəm.
Atamın "Prokuror" pyesini xatırladım. Lənkəran
Dram Teatrının səhnəsində oynayırdılar.
Tamaşa başa çatdı, izləyicilər zalı tərk
etdilər. Foyedə müzakirə edirdilər.
Bakıdan
gələn mötəbər
Bir nəfər
də Bakıdan qonaq gəlmişdi, Xalq Nəzarəti Komitəsinin
məsul işçisi idi. Söhbət əsnasında dedi
ki, mənim pyesdən heç xoşum gəlmədi. Atam onun
bu sözlərini eşitdi. Çox sərt cavab verdi: "Sən
nə qanırsan pyes nədir, ədəbiyyat nədir? Sən
ümumiyyətlə kimsən, bu əsəri müzakirə
edirsən?!". Rayonun birinci katibi pərt oldu, amma atam
üçün fərq etmirdi vəzifə adamı, filan.
Doğru bildiyi sözü söyləməyi heç kəs
ona qadağan edə bilməzdi.
-
Sualım hamınızadır. Çox yazıçılar
tanıyıram, heç övladları onların yazdıqlarını
oxumurlar. Sizi məcbur edirdimi kitablarını oxumağa, yoxsa
özünüz maraq göstərib oxuyurdunuz? Yoxsa ümumiyyətlə,
oxumaqla aranız olmayıb? Və... onun hansı əsərini
daha çox sevmisiniz?
- Mən
atamın (Sədaqət xanım cavab verir) bütün
romanlarını sevərək, maraqla oxumuşam.
"Dağlar oğlu" və "Döyüşən illər"
romanlarını yaşayaraq, hadisələrin içinə
girərək oxumuşam. "Döyüşən illər"
romanı cənub zonasının tarixini əks etdirir. Lənkəranın
daş-daş, kərpic-kərpic qurulmasının tarixi var
orada. Elmi işim etnoqrafiyadır. Adını çəkdiyim
roman etnoqraflar üçün həm də dərs vəsaitidir,
sanki. O, həm doğulduğu torpağın - talış
torpağının dilini, mədəniyyətini, tarixini
gözəl bilirdi, həm də Azərbaycan dilinin özəlliklərini,
mədəniyyət tariximizi, adət-ənənələrimizin
tarixini gözəl bilir və bunu öz əsərlərinə
peşəkarlıqla transfer edirdi. Tolstoyu, Ç.Aytmatovu
çox sevirdi, danışarkən onlardan sitatlar gətirirdi.
Həmişə düşünürdüm, axı Tolstoyla
atamı birləşdirən cəhət nədir?
Tolstoy
və Məmmədhüseyn Əliyev
Tolstoy
da əyalətdə yaşayıb, atam da əyalət
adamı idi. Görünür, bu fakt
doğmalaşdırıb onları. Tolstoy da sözlə hadisələrin,
obrazların təsvirini verir, atam da sözə həssasdır.
Tolstoy rus kəndinin, rus kəndlisinin təsvirini yüksək
səviyyədə yaradıb, atam da bizim zonanın
insanlarını, o yerlərin təbiətini,
yaşayış tərzini gözəl təqdim edib.
-
Atamın (Rüstəm müəllim davam edir) romanları
öz yerində, amma mən onun "Lənkəran hekayələri"ni
həvəslə oxumuşam. Orada "Gəlin" hekayəsi
var. Kiçik bir hekayədə böyük tarix, dəqiq təsvir
yarada bilib. Heyrətə gəlmişəm həmişə,
Lerik rayonunun ucqar bir kəndində, məhrumiyyətlər
içində böyüyən bir adamda bu istedad
haradandır? Əlbəttə, bu, Allah vergisidir və əgər
Allah birini seçib bu istedadı ona veribsə, heç kəs
ona mane ola bilməz. Hekayədə talış xanı
Mirmustafa xanın qızını siyasi məqsədlə rus
polkovnikinə ərə verirlər. O qızın həyat
hekayəsi son dərəcə ustalıqla təsvir edilib.
Kövrəlmədən oxumaq mümkün deyil.
- Yəqin,
Bakıdan Lənkərana yeyib-içməyə gələn
yazıçı dostları çox olub. Kim idi onlar? Lənkəranda,
Bakıda kimlərlə oturub-dururdu?
- Bəkir
Nəbiyevlə çox isti münasibəti vardı.
Neftçalada İmamverdi Əbilov vardı, alim adam idi.
Yaxın idilər. Bizə gəlib-gedirdi İmamverdi müəllim,
atam onlara gedirdi. İlyas Tapdıq, Nəriman Həsənzadə...
Bir dəfə Nəriman Həsənzadə ilə
görüşdüm, dedi xoşbəxt adamsan, elə bir
kişinin övladısan! Sənin atan kişi adam idi. Evimizdə
tarixi bir şəkil var, onun çəkildiyi gün indiki kimi
yadımdadır: atam ovdan gəlir, əlində iki dovşan
tutub. Nəriman Həsənzadə yanında dayanıb.
Nəriman
Həsənzadənin vurmadığı dovşanlar
Nəriman
müəllim dedi ki, bu dovşanları mən
vurmamışam, mənim əlim gəlməz... Ata
yaxşı ovçu idi. Xəlil Rza, Teymur Əhmədovla tələbə
yoldaşı olmuşdu. Böyük müəllimlərdən
dərs almışdı atam, onları həmişə sevgi
ilə xatırlayırdı: Mir Cəlal Paşayev, Feyzulla
Qasımzadə. Onlar böyük məktəb idilər. Atam
onlardan mədəniyyət, böyüklük
görmüşdü. Zövqü olan adam idi. Bizə də
səfərlərdən qayıdanda qəşəng paltarlar,
ayaqqabılar alıb gətirirdi. Hər birimiz
üçün hədiyyə gətirirdi, ürəyimizi
sevindirirdi. Bizə çox diqqət göstərirdi.
Ağıllı, savadlı adama ürəyini verməyə
hazır idi.
- Bəzən
valideynlər ailədə övadlar arasında az da olsa, fərq
qoyurlar. Birini digərindən bir az çox istəyirlər. Sizin
ailənin əziz-xələfi kim olub? Bir də, yeyib-içməklə
arası necə idi? Siz ondan nə öyrəndiniz, nəyi
öyrənə bilmədiniz?
-
Əlbəttə, Ənvər qardaşımız onun
gözünün nuru idi. Atamız dünyasını dəyişəndən
sonra Ənvər bizə ata əvəzidir. Süfrə
açmaq, qonaq qəbul eləmək bizim evdə adi hal idi,
amma atam heç vaxt dilinə spirtli içki vurmayıb.
Əlbəttə, dostları gəlirdi, bəlkə
onların qabağına içki qoyurdu və s., amma biz belə
şeylər görməmişik. O, hələ sovet
vaxtında Kərbəla ziyarətində olmuşdu. İraqda
rəsmi səfərdə olanda xahiş etmişdi ki, onun Kərbəlanı
ziyarət etməsinə şərait yaratsınlar. İraq Mədəniyyət
naziri öz maşını ilə onları Kərbəlaya
göndərmişdi. Ümumiyyətlə, bizim ailədə
içki içən yoxdur.
Həyatda
nəyə nail olmuşuqsa, ilk növbədə ona, onun
verdiyi tərbiyəyə, göstərdiyi nümunəyə
borcluyuq. O, heç nə demirdi, sadəcə, öz həyat
tərzi ilə bizə necə yaşamaq lazımdır, onu
göstərirdi. Yalan və yalançı gözünün
birinci düşməni idi. Kiminsə arxasınca
danışmaq onun təbiətinə yad idi. Özü mənəvi
cəhətdən zəngin adam idi, biz də ona
oxşamağa çalışmışıq. Köməyə
ehtiyacı olanlar birinci onun qapısını
açırdılar. Neçə nəfərin təhsil
almasına, müalicə olunmasına yardım edib.
Ümid qapısı
Bəzən üstündəki son
manatı da kiməsə verirdi. Kiminə məhkəmədə
kömək edirdi, kimini işə düzəldirdi. Məsələn,
birinin icra hakimiyyətində (o vaxt raykom idi) problemi var.
Deyirdi, gəl parkda gəzək. Qoy o binadakılar
görsünlər ki, mənim yanımdasan. Sənə
kömək edəcəklər. Belə adam idi o!
Uzun
illər rayon və şəhər sovetlərinin deputatı
oldu. Sözü keçirdi. Bir nəfər vəzifəli
şəxsin işdən çıxarılması məsələsi
plenumun müzakirəsinə verilib. Həmin adam gəlib atamın
yanında oturub deyib ki, məni işdən çıxartmaq
istəyirlər, mənə kömək edin. Atam deyib: -
Axı sən yaxşı adamsan, işini bilirsən, niyə
səni çıxartmaq istəyirlər? Deyib, kimsə məndən katibə
şikayət edib. Plenum başlayıb, atam yerdən əlini
qaldırıb deyib ki, mənə söz verin. Katib atama
söz verib. Qalxıb, deyib başa düşürəm, bu
adam yaxşı işləməyib, onu işdən
çıxartmaq istəyirsiniz, olsun, amma mən deputatam və
bilmək istəyirəm, yaxşı işləyənlər
kimdir, xahiş edirəm onların adlarını deyin, biz də
tanıyaq. Katib gülümsəyib və növbəti məsələyə
keçiblər. Adam öz işində qalıb. Atam
dramaturgiyanı gözəl bilirdi, elə yerindəcə
qurmuşdu bu "süjeti".
"Böyük
qardaş"lardan biri
Raykomda bir nəfər rus gözəl
xətti olduğu üçün partiya biletlərini
yazırmış. Həm də görünür, müəyyən
idarələrlə əməkdaşlıq edib. Katib atamı
kommunist partiyasına qəbul etmək istəyib. Rus söz
alıb deyib ki, bu adamın atası mühacirdir, onu partiyaya qəbul
etmək olmaz. Katib çətinə düşüb. Deyib, bu
bizim rus "qardaşımızdır", sözündən
çıxmaq olmaz, bilmirəm necə edim. Atam deyib, nə
olsun rusdur. Çar Nikolay da rus olub, amma bizim düşmənimizdir.
Katib ürəklənib, atamı partiyaya qəbul edib.
-
Ümumiyyətlə, insanların üz tutmağa,
qapısını döyməyə bir ünvanı varsa, o
adamlar rahat yaşaya bilirlər. O insanlar xoşbəxtdirlər.
Məmmədhüseyn
Əliyev xərçəng oldu. Onun son günlərini, xəstəliklə
mücadiləsini necə xatırlayırsınız?
- Hər
şey sürətlə baş verdi. Mənə zəng vurdu,
dedi, nədənsə, iştaham küsüb. Gətirdik
Bakıya, müayinə etdilər. Müəyyən olundu ki, əməliyyat
edilməlidir. Özü xərçəng olduğunu
bilmirdi. Dedi, məni Moskvada əməliyyat etdirin. Əməliyyat
olundu. Bir qədər yaxşılaşdı, amma xərçəngdir
də, metastaz verdi. Hamımız yanında idik. Son ana qədər
ümidli idi. Bakıda ikinci dəfə əməliyyat olundu,
amma toxunmadılar, çünki yayılmışdı.
Növbə ilə yanında qalırdıq. Bir gecə
yanında idim. İşıqları da
söndürmüşdüm. Dincəlirdi. Su istədi, verdim.
Dedi tikişlərim birləşib, məni Moskvaya aparın.
Pis oldum, kövrəldim. Bilirdim ki, mənasızdır.
Sayılı günləri qalmışdı. Çox həssas
adam idi. Üzümü çevirəndə göz-gözə
gəldik, gözlərimin içinə baxırdı.
Heç nə demədi. Görünür, özü hər
şeyi başa düşmüşdü. Son ümidi də mənim
göz yaşlarımda boğulmuşdu...
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.-
2021.- 20 fevral. S. 16-17.