Qışda yaz duyğuları
Sərhədləri keçmək olmaz. Bütün
dünyada həyat yaranandan bəri bütün sərhədlər
cızılıb və müəyyənləşib.
Necə ki, dünyanın yaranışından dünya
hansı kodlarla idarə olunacaqsa, mən də əzəldən...
Yəni dünyanın təsis olunmasında
müəyyən ilkin varlıqlar var ki, onlar inkarolunmazdır
və əsasən də onlar göy cisimləri ilə əlaqələndirilir.
Görünür, bütün dünyanın təsisi
onlara həvalə olunub. Mən həmişə
belə düşünmüşəm ki, müəyyən
ölkələrlə bütövlükdə götürsək,
bütün dünya da bəzi adamların çiyinlərində
dayanır. Qalanlar zibil qutularına
atılmağa belə layiq deyillər.
Mən bir şeirimdə yazmışdım. Buna iltifatən
deyirəm ki, həyatda haqq aramaq özü də haqsız
işdir. Hər ölkənin, hər millətin sevgisi də,
dost münasibətləri də, iş münasibətləri
də özünə oxşardır. Yəni
bir məhkəmə cəhənnəmdə keçirilirsə,
ordan ədalət umma.
Belə düşünürəm ki, hər bir fərd,
hər bir insan ayrıca bir hadisə, ayrıca bir
dünyadır və onu dərk etmək, onu anlamaq o biri
dünyanın işi deyil. Əslinə qalsa, biz
bir dünyanın adamı olsaq da, əslində, ayrı-ayrı
dünyalarda, ayrı-ayrı zamanlarda, ayrı-ayrı hadisə
labirintlərində yaşayırıq. Belə
götürsək, əslində, ayrı-ayrı zamanlarda da
yaşayırıq, çünki dünyadərk, dünya
durumu zaman məsafələrini tam bir hadisədir. Belə götürəndə hamı eyni illərdə
yaşayır, amma onların dünyaya baxışı, həyat
hadisələrinə münasibəti bambaşqa bir dünya
münasibəti kimi görünür. Belə
deyək, biri əslində, ibtidai icma quruluşunda, biri
sosializm quruluşunda, bir kapitalist dünya quruluşunda, biri
neososializm quruluşunda yaşayır. Yəni
insanın hansı illərdə yaşaması yox, təfəkkürünün,
həyata baxışının müstəvisində
yaşayır. Həzrət Əlinin
çox gözəl bir təsbiti var, "...insanlar
ata-analarının deyil, yaşadığı zamanın
övladlarıdırlar". Deməli,
indiki dünyada belə bir elmi-fəlsəfi tezis var ki, insan
öz yaratdıqlarının əsiri olur. Belə deyək; əgər bir əşyanı
indiki dövrdə bir internet məkanını insan
yaradıbsa, onun əsirinə çevrilir, ona məhkum olunur.
Yəni insan yaratdıqlarının əsirinə
çevrilir.
Həyat ədəbiyyatdır, ədəbiyyat həyatdır.
Onlar bir-birinə bağlıdır, hətta
eynisidir. Əslində, ədəbiyyat bu
dilemmanın qarşısında qalır. Bu
dilemmanın uğrunda mübarizə aparır və onun
üzərində dayanır. Mən belə
düşünürəm. Mən
düşünürəm ki, ədəbiyyat həyatdan
çox-çox irəlidir. Çünki
belə olur. Biz ədəbiyyatı nədən
öyrənirik? O adamlardan, o alimlərdən, o fəlsəfi
fikirlərdən ki, biz çox-çox sonralar ora gəlib
çatırıq, demək, həyat ədəbiyyatın
arxasınca, ədəbi-fəlsəfi fikrin arxasınca gedir.
Həyat ədəbiyyatı yaratmır. Ədəbiyyat
həyatı yaratmağa cəhd edir. Dərk
etdirməyə çalışır ki, həyat belə
olmalıdır. İstər fəlsəfi
fikirlər olsun, istər həyati proseslər olsun,
hamısı bir-birilə bağlıdır. Zamandan irəli gələn fikir elə ədəbiyyatdır.
Əslində isə həyatın özü ilə
ədəbiyyatdakı həyat arasında paralellik işarəsi
ilə bərabər açılmaz bir divar, keçilməz
bir sədd var. Ədəbiyyatdakı həyat yaşanan həyatın
tam ifadəsi deyil, nə qədər çaba sərf etsə
də, həyatı tam şəkildə ehtiva edə bilmir.
Belə götürəndə, ədəbiyyatın
öz həyatı, təbirə caizsə, həyatın da
öz həyatı vardır. Hər biri
öz axarı ilə davam edir. Belə bir
sonluğa varmaq mümkündür ki, bütün sənət
əsərləri insan və həyat mürəkkəbliyini
tam şəkildə əks etmədə aciz qalır. Biri o birini təyin etmir, yaradılmış olanla əbədi
bir mücadilədən keçir.
Allah böyük yaradıcıdır. Eyni zamanda
Allahın bu qüdrəti yaradıcı insanlara da bu və ya
digər şəkildə keçmişdir. Bəlkə
bu səbəbdəndir ki, böyük yaradıcı olan ilahi
güc öz imkan və bacarıqlarını insanla
paylaşmaq istəmir...
...Bütün
yaranışdan ucasan belə,
Səni arzu-arzu yapıb-yoğurdum.
Torpaq hara, arzu hara? -
Bu şeirin müəllifi açıq-aydın İlahi
qüvvə ilə özünü müqayisə edir. Və
pıçıldayır ki, arzu adlı
yapıb-yoğurduğu insanla Allahın torpaqdan insanın
müqayisəsində insan öz yaratdığını daha
önəmli sayır. Elə
yaradıcılığın özü yaranışı
yenidən yaratmaq, belə demək mümkünsə, "Həyat"
əsərini redaktə etmək kimi bir şey idi. Hər halda, həyat bütün elmi-fəlsəfi,
bədii düşüncələrdən böyükdür.
Əgər belə olmasaydı, həyatı dərk
etmək üçün bu əqli araşdırmalar gün
üzünə çıxmazdı. Əgər
belə olmasaydı, min illərdir insanlıq həyatı dərk
etməklə məşğul olmazdı. Amma
həyat heç nəyi vecinə almadan öz axarı ilə
davam edir. Bu, həyatın əbədi və
əzəli qanunudur. Biz həyatı dərk
etməklə məşğuluq, amma bu, o demək deyil ki, biz
nəyisə tapırıq. Heç nəyi
tapmırıq. Sadəcə, həyatda
olan bəzi şeyləri belə deyək, gözümüz
açılır, görürük.
Marqaret Tetçerin sözüdü, səhv etmirəmsə. Demək,
üzgüçülüyün rekordsmeni olan bir adam əgər suyun üzərində
qaçırsa, ona deyəcəklər ki, suda
boğulacaqdı, üzməyi bilmir. Ona görə
də dünyada heç kəsə fikir verməyib suyun
üzündə yüyürmək lazımdır. Bizdə
bir hadisə var. Həmişə belə
düşünürük ki, bizim düşüncələrimiz
dünyanın ən mötəbər, ən
ağıllı və yaxud hətta xarakter etibarilə, şəxsiyyət
etibarilə, düşüncə etibarilə alt
düşüncə etibarilə, hətta psixoloji ruhi xəstələr
belə, düşünürlər ki, bunlar dünyanın ən
ağıllı və ən düşüncəli
adamlarıdır. Dostoyevskinin "Cinayət və
cəza"sındakı qəhrəman belə, kimisə
öldürməyində özünü haqlı sayır.
Adam Dostoyevskinin o əsərlərini oxuyanda
doğrudan da düşünür ki, insanı öldürmək
olar, baxır hansısa mənafedən ötrü. Və həmin situasiyada o haqlıdır. Burda haqq və haqsızlıq aramaq əslində,
özü absurd bir məsələdir. Nəyin
haqqın arayırsan, nəyin haqsızlığın
arayırsan. Sən bir insan öldürmüsən.
Burda haqq aramaq anormallıqdır. Dostoyevski sadəcə, situasiyanı göstərir.
Nisbilik nəzəriyyəsini kəşf edən
Eynşteyn deyir ki, Dostoyevskinin əsərində həmin
nisbilik nəzəriyyəsi də öz funksiyasını,
öz işləkliyini itiribdir.
***
Qarışıq duyğulardan, hal usandıran fikirlərdən
qətiyyən qorxmaq lazım deyil. Bəzən insanın elə ruh
halı olur ki, o, durna qatarı kimi eyni səfə,
bir inci kimi eyni sapa düzülə bilmir. Olur
belə şeylər. İnsan çox
ağıllı görünəndə, müdrik
görünəndə elə bilir ki, hamı buna dəyər
verir. Əslində, insan orda rol oynayır;
müdrik rolu, ən müqəddəs insan rolu, ən
yaxşı insan rolu. Niyə bu rolları
oynayırsan? Sadəcə olaraq
özün ol. Özün kimi yaşa.
Belə yaşamaq daha rahatdır, daha gözəl
deyilmi? Xoşbəxtliyin özü elə
budur. Yəni həmişə həyatın boyu
qonum-qonşuya görə, ətrafına görə, kütləyə
görə, kim nə deyəcəyə
görə rol oynamaq, artıq fərd olmaq deyil, bu, kütlə
olmaqdır. Bu, kütlə
psixologiyasıdır. Yəni mən qonşuma görə
ev tikirəm, nə bilim kiməsə
görə özüm belə davranmalıyam... O zaman sən
nə şəxsiyyətsən, nə "mən"sən,
nə özünsən... Demək, özün
yoxsan bu həyatda. Hamı necə
düşünürsə, ona uyğun şəkildə hərəkər
edirsənsə, artıq sən yoxsan. Yəni
özün deyilsən, başqalarının diqtəsi ilə,
başqalarının kuklası olaraq yaşayırsan. Elə də özünü göstərirsən.
Bu, ikiüzlülükdü, bu,
özünü aldatmaqdı. Bu,
yalançı bir həyatdır. İnsan,
fərd, şəxsiyyət, özünəməxsus,
özü olmalıdır. Ona görə
də insanlar sağ olsun. O adamlar ki, özlərinin
koloriti var, özlərinin dünyagörüşü var,
öz davranışı var, öz hərəkətləri
var.
Mən
bir dəfə belə bir yazı yazmışdım: "Yaz
duyğularının xaotik simfoniyası"... Amma
mən indiki zamanda belə düşünürəm ki, həyat
indiki zamanda xaotik bir simfoniyaya çevrildi. İqlim dəyişikliyinə,
cəmiyyətin dəyişikliyinə... Hər
şey bir dəyişim dövrü yaşayır. Bu dəyişim dövrü kimləri irəli
aparacaq, kimləri geridə qoyacaq, kimləri həyatdan məhrum
edəcək, kimlərə həyat verəcək, əslində,
bu da bir müharibə dövrüdür. Bu
bir pandemiya müharibəsi deyim, biotik müharibə deyim, bir
dövrdür. Bu müharibə qurtarandan sonra daşlar
yerinə oturacaq, hər kəs öz yerində olacaq, ölkələrin
nüfuzları, hara qədər nüfuz edir o bilinəcək...
Dünyanın tək rəngini görmək
üçün düşünülmüş rənglər,
məsələn, göy qurşağı kimi. Göy
qurşağı yağışdan sonra 7 rəng
çıxır. 7 rəng əslində, dünyada yoxdur.
Dünyada iki rəng var - ağ və qara və bütün
dünyada rənglər o iki rəngdən sonra gəlir. Bizim
gördüyümüz rəngləri quşlar başqa,
ilanlar başqa, heyvanlar başqa rəngdə görürlər.
Yəni bütün yaranışlar eyni rəngi görmür.
Yəni biz nəyi görürüksə, elə bilirik ki, o rəngdədir.
Onlar heç biri öz rəngində deyil. Onlar bizim
baxışımızla olan, əks-səda verən rəngdir.
Necə ki güzgüyə baxırıq bizim əksimiz
görünür, eləcə də rənglər bizim
baxışımızla, göz bəbəyimizlə
bağlı olan fiziki və bioloji bir hadisədir. Eləcə
də insanlara baxışımız da elədir. Belə
düşünürük ki, filankəs, məsələn,
bu çərçivədə olan adamdır. O adam o çərçivədə
deyil, o, ayrı bir adamdır. Biz sadəcə olaraq belə
düşünürük. Biz öz düşüncəmizi
improvizə edib düşünürük ki, hamı budur və
mənim düşüncəm mütləqdir. Anormallıq
burda başlayır. İnsanın impatiyası, simpatiyası və
s. burda başlayır. Çünki o axı sən deyilsən,
sənin kimi heç kəs baxmır həyata. Dünyaya gəlib-gedən
müxtəlif adamlar dünyaya müxtəlif şəkildə
baxırlar. Və bunu düşünəndə rahatlana bilərsən.
Sənin də düşüncən ola bilər, bu da sənsən.
Amma sən mütləq deyilsən. Mütləq olan heç
Allah da deyil. Yəni hər kəsi ittiham edə bilməzsən.
Yəni bu qarmaqarışıq mövzular,
qarmaqarışıq söhbətim heç kəsə
açıq, qıcıq, mübahisə doğurmaq
üçün deyil. Sadəcə olaraq elə-belə
söhbətdir elədim. Elə bilirəm ki, mən hamı
ilə söhbətə açıq adamam.
KƏRAMƏT
Ədəbiyyat qəzeti.-
2021.- 20 fevral. S. 23.