"Molla
Nəsrəddin" jurnalının və Ədəbiyyat
İnstitutunun ilk ensiklopediyası
Cəlil Məmmədquluzadə irsi və onun
redaktorluğu ilə nəşrə başlayan "Molla Nəsrəddin"
jurnalı Azərbaycan milli mətbuatının və
çoxəsrlik ədəbiyyatımızın mühüm
bir istiqamətini təşkil edir. Əsrlərin sınağından
qalibiyyətlə çıxan, çağdaş
dövrümüzdə də öz əhəmiyyətini və
unikallığını qoruyub saxlayan "Molla Nəsrəddin"
jurnalı Mirzə Cəlil yaradıcılığının
"şah əsəri" (akademik İsa Həbibbəyli)
olmaqla bərabər, həm də Şərq dünyasında
ilk rəngli, karikaturalı satirik jurnal kimi öz adını
Azərbaycan milli mətbuatının salnaməsinə
yazmışdır. Azərbaycan satirik mətbuatının
zirvəsi olan "Molla Nəsrəddin" jurnalı Şərqdən
Qərbə qədər böyük bir arealda yayılaraq
şöhrət qazanmış və mollanəsrəddinçilər
ədəbi nəslinin ölməz irsinin
tanıdılması və təbliğində mühüm
rol oynamışdır. Jurnalın bu
böyük xidmətləri çoxmilyonlu oxucular tərəfindən
maraqla qarşılanmaqla yanaşı, həm də dövlət
qayğısı ilə əhatə olunmuş və öz
layiqli qiymətini almışdır. Akademik İsa Həbibbəyli
Azərbaycan realist nəsrinin görkəmli nümayəndəsi
Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin"
jurnalına dövlət qayğısından bəhs edərək
yazır: "Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamları ilə Cəlil Məmmədquluzadənin
anadan olmasının 150, "Molla Nəsrəddin"
jurnalının 100, 110 illik yubileylərinin qeyd olunması,
xatirələrinin əbədiləşdirilməsi klassik
irsimizə və milli mətbuatımıza verilən yüksək
qiymətin real təzahürü və təntənəsidir".
Məhz Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu, onun rəhbərliyi və
əməkdaşları da respublika prezidentinin ideoloji və
strateji xəttini uğurla davam etdirərək Cəlil Məmmədquluzadənin
zəngin və ölməz ədəbi irsinə və XX əsr
Azərbaycan ədəbiyyatının böyük ədəbi
simalarının yaradıcılığını ehtiva edən
"Molla Nəsrəddin" jurnalına bitib-tükənməyən
xəzinə və möhtəşəm söz abidəsi
kimi yanaşır, onun əbədiyaşarlığını
təmin etmək üçün çoxsaylı layihələr
həyata keçirirlər. Bu baxımdan
institutun direktoru, akademik İsa Həbibbəylinin şəxsi
təşəbbüsü və rəhbərliyi ilə
işıq üzü görən "Molla Nəsrəddin"
ensiklopediyası milli-mənəvi dəyərlərimizə
verilən böyük qiymətin və dəyərin təzahürüdür.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində
hazırlanan ensiklopediya üç illik səmərəli
axtarışların nəticəsi kimi ərsəyə gələn
mükəmməl və monumental bir məcmuədir.
Şöbə əməkdaşlarının tarixi materiallar,
zəngin arxiv sənədləri, tədqiqat əsərləri,
monoqrafiyalar, doktorluq və namizədlik işləri, salnamələr,
memuarlar əsasında hazırladıqları ensiklopediya XX əsrin
ictimai-siyasi, ədəbi-mədəni hadisələrini, mollanəsrəddinçilərin
zəngin və çoxşaxəli yaradıcılığını,
jurnalın çoxsaylı tədqiqatçılarının
elmi fəaliyyətini özündə əks etdirən dəyərli
sənət əsəridir.
"Molla
Nəsrəddin" ensiklopediyasının ideya rəhbəri
və baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəylidir. Tərtib
edən və çapa hazırlayan Mətbuat tarixi və
publisistika şöbəsinin müdiri, filologiya elmləri
doktoru, professor Vüqar Əhməd, məsul redaktoru filologiya
üzrə fəlsəfə doktoru Gülbəniz
Babayevadır.
Ensiklopediyanın
hazırlanması prosesində akademik İsa Həbibbəylinin
dəyərli məsləhət və tövsiyələri,
professor Vüqar Əhmədin şöbə əməkdaşları
ilə apardığı məqsədyönlü təşkilati
işlər, məqalə müəllifləri ilə səmərəli söhbətlər
işin effektliyini təmin etmiş, çəkilən zəhmətlər
sonda öz müsbət nəticəsini vermişdir. Dərin elmi
araşdırmalar, çoxsaylı mənbələr və
arxiv materialları əsasında yazılan ensiklopediya
milyonlarla oxucunun istinad edə biləcəyi dəyərli və
monumental bir söz abidəsinə çevrilmişdir.
Ensiklopediyanın
önəmli cəhətlərindən biri də onun həm
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun tarixində, həm də "Molla Nəsrəddin"
jurnalı haqqında yazılmış ilk ensiklopediya
olmasıdır. Jurnalın nəşrindən
bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq
indiyədək belə bir ensiklopediya işıq üzü
görməmişdir. Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu, onun rəhbərliyi, Mətbuat
tarixi və publisistika şöbəsi bu məsuliyyətli və
şərəfli işin öhdəsindən layiqincə gəlmişdir.
Mətbuat
tarixi və publisistika şöbəsində hazırlanan
"Sözlük"də əsasən, "Molla Nəsrəddin"
jurnalının cildlərindən, Cəlil Məmmədquluzadə
və "Molla Nəsrəddin" jurnalı ilə
bağlı yazılmış çoxsaylı tədqiqat əsərlərindən,
Qulam Məmmədlinin "Salnamə" və
"İmzalar", Elmira Qasımova və Afaq
Əliyevanın
"İmzalar", "Gizli imza və atribusiyalar" və
digər mötəbər mənbələrdən, eləcə
də tarixi sənədlərdən, mollanəsrəddinçilərin
həyat və fəaliyyətini əks etdirən arxiv
materiallarından istifadə olunmuşdur. Ensiklopediya
məhz fikir süzgəcindən keçirilmiş,
seçilmiş "Sözlük" əsasında
hazırlanmışdır. Bu sanballı və
qiymətli məlumat kitabında 400-ə yaxın məqalə
və oçerk əksini tapmışdır.
Ensiklopediyanın
ilk səhifələrində akademik İsa Həbibbəylinin
"Molla Nəsrəddin" ədəbi məktəbinin
ensiklopediyası" adlı proqram xarakterli "Ön
söz"ü yer almışdır. Akademik giriş səciyyəli
bu müfəssəl yazıda Azərbaycan satirik mətbuatının zirvəsinə ucalan, ədəbi məktəb
yaradan və 25 il milli mətbuatımızın və ədəbiyyatımızın
qızıl səhifələrini yazan "Molla Nəsrəddin"
jurnalının və mollanəsrəddinçilərin xalqa
təmənnasız xidmətindən bəhs edərək
yazır: "Cəlil Məmmədquluzadə və "Molla
Nəsrəddin" jurnalı XX əsrin əvvəllərinin ədəbiyyat və mətbuat cəbhəsinin
liderliyi missiyasını uğurla həyata
keçirmişdir. Cəlil Məmmədquluzadə və
"Molla Nəsrəddin" jurnalı bütün istiqamətlərdə
ictimai-siyasi hadisələrə və ədəbi prosesə
ciddi təsir göstərmiş və istiqamət
vermişdir... "Molla Nəsrəddin" ədəbi
məktəbi universal xarakterə malik olub, özündə tənqidi-realist
ədəbiyyat məktəbini, satirik publisistika məktəbini
və karikatura məktəbini birləşdirmişdir. Bu mənada "Molla Nəsrəddin"
jurnalı məktəb hazırlayıb meydana çıxaran
nadir mətbuat orqanıdır... Mənsub
olduğu xalqın milli azadlıq hərəkatına təkan
vermək, onu müstəmləkə zülmündən xilas
etmək və müstəqil dövlətçilik
yollarında dönmədən mübarizə aparmaq
baxımından da C.Məmmədquluzadə və "Molla Nəsrəddin"
jurnalı ardıcıl və qətiyyətli addımlar
atmışdır. Sözün əsl mənasında
C.Məmmədquluzadə Azərbaycan ədəbi-ictimai fikrində
milli azadlıq düşüncəsinin sərkərdəsidir...
"Molla Nəsrəddin" jurnalı Şərqdə
satirik mətbuatın
lokomotivi və əsas hərəkətverici
qüvvəsidir".
Ensiklopediyada
"Ön söz"dən sonra akademik İsa Həbibbəyli
və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz
Babayevanın birgə yazdıqları "Görkəmli
dövlət xadimi Heydər Əliyev "Molla Nəsrəddin"
jurnalı və mollanəsrəddinçilər
haqqında" adlı məqalə yer almışdır. Məqalədə ümummilli lider Heydər
Əliyevin Cəlil Məmmədquluzadə irsinə, "Molla
Nəsrəddin" jurnalına və mollanəsrəddinçilərin
yaradıcılığına verdiyi yüksək dəyər
ön plana çəkilir. Azərbaycan Dövlətinin
Memarı, ulu öndərimiz Heydər Əliyev Cəlil Məmmədquluzadənin
çoxşaxəli yaradıcılığına və onun
redaktorluğu ilə nəşr edilən, ilk satirik mətbuat
orqanı olan "Molla Nəsrəddin" jurnalının
tarixi əhəmiyyətinə xüsusi diqqət yetirir. Ümummilli lider Heydər Əliyev
Cəlil Məmmədquluzadəni təkcə öz əsərləri
ilə deyil, həm də onu dünya arealında məşhurlaşdıran,
şöhrət qazandıran və adını əbədiləşdirən
"Molla Nəsrəddin" jurnalı vasitəsilə Azərbaycan
xalqının milli şüurunun formalaşmasındakı, mətbuatımızın
inkişafındakı unudulmaz xidmətlərini yüksək
dəyərləndirərək yazır: "Cəlil Məmmədquluzadə
dühası "Molla Nəsrəddin" jurnalında öz əksini
tapdı. "Molla Nəsrəddin", onun vasitəsilə
C.Məmmədquluzadə və jurnalın işinə cəlb
olunmuş Azərbaycanın başqa mütəfəkkir
adamları xalqımızın milli şüurunun
formalaşmasında, milli ruhun yüksəldilməsində,
milli oyanışında böyük rol oynadılar".
Ensiklopediyada
diqqətçəkən önəmli cəhətlərdən
biri də Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin"
jurnalı ilə bağlı dövlət əhəmiyyətli
mühüm sənədlərə, əmr, fərman və sərəncamlara
mətnlərin daxilində istinad edilməsi və jurnalın
ideoloji xəttinin, məqsəd və məramının
aydınlaşdırılması prosesinə müstəqillik
illərinin, yeni dövrün baxışları
bucağından yanaşılmasıdır. Bu
prinsip həm ayrı-ayrı şəxsiyyətlər
haqqında verilmiş oçerklərdə, həm də nəzəri
problemlərdə, müxtəlif mövzulu məsələlərə
münasibətdə gözlənilmişdir. Bununla
yanaşı, ensiklopediyada XX əsrin mürəkkəb
ictimai-siyasi hadisələri fonunda yaranan, formalaşan Azərbaycan
realist ədəbiyyatının, satirik mətbuatın və
xüsusilə də "Molla Nəsrəddin"
jurnalının mövzu və problematikasında əksini
tapan bütün məsələlər diqqət mərkəzində
saxlanılmışdır.
"Molla Nəsrəddin" jurnalı hələ nəşr
olunduğu illərdən ədəbi ictimaiyyətin, ədəbiyyatşünasların
və ədəbi tənqidin yaradıcılıq orbitinə
daxil olmuş, çağdaş dövrdə də bu ənənə
uğurla davam etdirilməkdədir. Ensiklopediyanın
redaktoru, akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadə
yaradıcılığı və "Molla Nəsrəddin"
jurnalı ilə bağlı çoxsaylı fundamental
araşdırmaları bu istiqamətdə aparılmış ən
uğurlu və sanballı tədqiqatlar hesab olunur. "Molla Nəsrəddin"
ensiklopediyası"nın nəşri də az qala yarım əsrə
qədər davam edən səmərəli
axtarışların məntiqi yekunu kimi olduqca dəyərlidir.
Təbii olaraq, ensiklopediyanın əsasını təşkil
edən "Molla Nəsrəddin" jurnalının Tiflis, Təbriz
və Bakı mərhələləri, "Molla Nəsrəddin"
ədəbi məktəbi", "Molla Nəsrəddin"in
Təbriz şəhəri üzrə abunə dəftəri",
"Cəlil Məmmədquluzadə", "Mollanəsrəddinçilik
təlimi", "Tənqidi realizm", "Səyahətnamələr",
"Poçt qutusu", "Eynəli bəy Sultanov",
"Lüğət", "Şürbi Mirzəyev",
"Poçt qutusu", "Usta Zeynal", "Oskar
Şmerlinq", "Firidun bəy Köçərli",
"Çay dəstgahı", "Kamança",
"Mirzə İbrahimov", "Rüstəm Behrudi" və
başqa məqalələr, portret oçerklər, rubrika və
əsərlər akademik İsa Həbibbəyli tərəfindən
işlənmişdir.
Mətbuat
tarixi və publisistika şöbəsinin müdiri, professor
Vüqar Əhməd ensiklopediyanın nəşrə
hazırlanması prosesinin birbaşa
iştirakçısı olmaqla yanaşı, həm də
kitabda əksini tapan bir sıra portret oçerklərin -
"Məşədi Ələsgər Bağırov",
"İsa Həbibbəyli", "Muxtar Qasımov",
"Aqil Abbas", "Fərman Bayramov", "Əbülfəz
Əzimli", "Qəzənfər Kazımov",
"Aygün Orucova", "Gülbəniz Babayeva",
"Aytəkin Qəhrəmanova", "Ramiz Qasımov",
"Səadət Vahabova" və başqa yazıların
müəllifidir. Görkəmli tədqiqatçı
Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin"
jurnalının araşdırıcıları haqqında
müfəssəl məlumatları, tarixi faktları,
onların bu istiqamətdə əldə etdikləri yenilikləri
portret oçerklərdə geniş və hərtərəfli
şəkildə qələmə almışdır.
Alimin ensiklopediyada yer alan çoxsaylı məqalələri
sırasında "Molla Nəsrəddin" jurnalının
ilk nömrəsində dərc edilmiş "Sizi deyib gəlmişəm"
adlı proqram səciyyəli məqaləsinə də yer
verilmişdir. Eyni zamanda, Vüqar Əhmədin
"Nəsimi-şimal", "Xudafərin" jurnalı
kimi mətbuat orqanları ilə bağlı yazılarında
dərin elmi mülahizələr və məntiqi fikirlər
diqqəti cəlb edir.
Filologiya
üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva
jurnalda önəmli yer tutan "Atalar sözləri",
"Bayatılar", "Nağıllar", "El ədəbiyyatı",
"Tapmacalar", "Hikmətli sözlər",
"Teleqraf xəbərləri", "Ticarət və
ekonomi xəbərləri", "Daxili xəbərlər",
"Xarici xəbərlər", "Qafqaz xəbərləri",
"Mətbuat xəbərləri", "Elanlar" və
s. çoxsaylı rubrikalarla yanaşı, həm də
"Molla Nəsrəddin" ədəbi məktəbinin əsas
yaradıcıları, mollanəsrəddinçi şair və
yazıçıları, rəssamları və bu irsin tədqiqatçıları
haqqında yazdığı "Əbdürrəhim bəy
Haqverdiyev", "İsmayıl Həqqi Həsənzadə",
"Ömər Faiq Nemanzadə", "Əli Nəzmi",
"Əli Razi Şamçızadə", "Hüseyn
Minasazov", "Məhəmməd Tağı Sidqi",
"Mirzə Əli Möcüz", "Mehdi Hüseyn",
"Təhsin Mütəllimov", "Elmira Qasımova",
"Hüseyn Əsgərov", "Allahverdi Məmmədli",
"Mehriban Sultanova", "İman Cəfərli"; mollanəsrəddinçi
rəssamlardan "Bəhruz Kəngərli", "Hüseyn
Əliyev", "İsmayıl Axundov", "Konstantin
Dorş", "Qəzənfər Xalıqov", "Seyidəli
Behzad" və başqa portret oçerklərdə bir
çox tarixi mənbələrə, arxiv sənədlərinə
istinad edərək dərin elmi ümumiləşdirmələr
əsasında maraqlı araşdırmalar
aparmışdır.
"Molla Nəsrəddin" jurnalının Şərqdən
Qərbə qədər yayılıb şöhrət
qazanmasında onun yığcam, lakonik publisistik
yazıları, satirik parodiyalar şəklində qələmə
alınmış poeziya nümunələri ilə
yanaşı dura biləcək karikaturaları da mühüm
rol oynamışdır. Cəmiyyətin bütün təbəqələri tərəfindən
anlaşılan, başa düşülən bu monumental əsərlərin
yaradıcıları - O.Şmerlinq, İ.Rotter, Beno,
Ə.Əzimzadə, X.Musayev, H.Əliyev, K.Dorş,
İ.Axundov, Q.Xalıqov, S.Behzad və başqaları
haqqında yazılmış oçerklərdə Azərbaycanda
rəssamlıq sənətinin, karikaturanın yaranması, təşəkkülü
və formalaşmasında unudulmaz xidmətləri olan bu istedadlı
rəssamların yaradıcılıq yolu ardıcıl və
sistemli şəkildə izlənilmişdir.
"Molla Nəsrəddin" jurnalı XX əsrin birinci
rübündən başlayaraq Azərbaycan ədəbiyyatşünaslığının,
nəzəriyyəçi alimlərin və ədəbi tənqidin
sferasına daxil olub və müxtəlif istiqamətlərdə,
fərqli yönümlərdə təhlilə cəlb
olunmuş, çoxlu sayda tədqiqatların predmetinə
çevrilmişdir. "Molla Nəsrəddin" ədəbi hərəkatının
yaranması, ədəbi məktəb səviyyəsinə
yüksəlməsi, beynəlxalq nəzəriyyələr
sisteminin orbitinə daxil olması və dünyəvi xarakter
almasında müstəsna xidmətləri olan istedadlı
alimlər - Əli Nazim, Mirzə İbrahimov, Həbibulla Səmədzadə,
Əziz Mirəhmədov, Qulam Məmmədli, Nazim Axundov, Məmməd
Cəfər Cəfərov, Fərman Bayramov, Mir Cəlal,
Firudin Hüseynov, İslam Ağayev, Xeyrulla Məmmədov,
Xalid Əlimirzəyev, Yaşar Qarayev, İsa Həbibbəyli,
Təhsin Mütəllimov, Qorxmaz Quliyev, Elmira Qasımova və
başqaları haqqında oçerklər də ensiklopediyada əksini
tapmışdır.
"Molla
Nəsrəddin" ensiklopediyasının
hazırlanmasında Mətbuat tarixi və publisistika şöbəsinin
əməkdaşları ilə birlikdə Yeni dövr Azərbaycan
ədəbiyyatı şöbəsinin alimləri İslam Qəribli,
Alxan Məmmədov, Lütfiyyə Əsgərzadə, Elmira
Qasımova və Səadət Vahabovanın da xüsusi əməyi
vardır. Professor Vüqar Əhmədin şöbələr
arasında yaratdığı iş birliyi, həmrəylik və
məsuliyyət hissi ensiklopediyanın dəyərini, əhəmiyyətini
artırmış və nəticədə daha mükəmməl
bir işin ərsəyə gəlməsinə təminat
yaratmışdır.
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru,
akademik İsa Həbibbəylinin redaktorluğu, Mətbuat
tarixi və publisistika şöbəsinin müdiri, professor
Vüqar Əhmədin təşkilatçılığı
və peşəkarlığı, şöbə əməkdaşlarının
uzunmüddətli səmərəli axtarışları,
kollektiv zəhməti nəticəsində hazırlanıb
çoxsaylı oxucuların, ziyalıların,
bütövlükdə Azərbaycan vətəndaşlarının
ixtiyarına verilən ensiklopediya XX əsrin ən
böyük və qiymətli salnaməsidir.
Himalay QASIMOV
Ədəbiyyat qəzeti.-
2021.- 20 fevral. S. 22-23.