Zəfər
yolunun yolçuları
Sənədli
hekayə
Atəş səsləri getdikcə güclənirdi. Artilleriyamız
düşmənin uzun illərdən bəri işğal
etdiyi Füzulinin Aşağı Əbdürrəhmanlı, kənd
Horadiz və Qaraxanbəyli kəndlərini mərmi
yağışına tutmuşdu. Bu yurd
yerlərimizin azad edilməsi uğrunda ağır
döyüşlər səngimir, igidlərimizin sərrast həmlələri
düşmənə göz açmağa aman vermirdi.
Bəhram yaxınlıqdakı silah
yoldaşlarının namərd gülləsinə tuş gəldiyini
görüb, onlara tərəf şığıdı. Ölümsaçan
mərmilər onu əsla qorxutmurdu. Gah yerə
yatır, gah da kol-kosun içi ilə dizin-dizin
sürünürdü. Qumbaraatanın qəlpələri
başı üzərində amansızcasına "dövrə
vurub" yerə sancılır, ətrafdakı seyrək,
adda-budda kolları, daş-qayanı belə
yandırıb-yaxırdı. Cəbhə
yoldaşlarına köməyə tələsən gənc
döyüşçü uca Tanrının hökmüylə
sağ qalmışdı. Yağı gülləsindən
qurtulduğuna görə bir an
şaşırmışdı. Çaşqınlıq
içində ətrafa boylananda yanında qardaşı
İmanı gördü. Onunla eyni gündə
orduya yollanan doğma qardaşını,
çiyindaşını. İman Bəhramı
odun-alovun içində tək qoymayıb ardınca gəlmişdi.
Əsgər dostları Qiyasa yaxınlaşanda
ürəkağrıdan mənzərə ilə
qarşılaşdılar. Yaxınlıqda
qumbara partladığından onun bədənində iri yaralar
açılmışdı. Onlar şəhid olmuş
igidlərin cəsədlərini, neçə yaralını ön xətdən çəkib
çıxardılar. İlk yardım göstərilən
yaralılar təxliyə olundu.
Dörd saat davam edən döyüş səngimiş, əsgərlərimizin
qələbəsi ilə başa çatmışdı. Düşmən
susdurulmuş, silah-sursatını, hərbi texnikasını
döyüş meydanında atıb geri çəkilmişdi.
Uğurlu əks-hücum əməliyyatından
sonra əsgərlərimiz azad etdikləri yerlərdə
döyüş mövqelərini möhkəmləndirir,
intizarında olduğumuz Zəfər gününə aparan
sabahları gözləyirdilər. İman
və Bəhramın da daxil olduğu tağımın əsgərləri
Füzulidəki kanal ətrafında və erməni
quldurların möhkəmləndiyi beton sədlərin
yaxınlığında gedən döyüş əməliyyatlarında,
habelə Cəbrayılın kəndlərinin
alınmasında nər kimi vuruşur, şücaət
göstərirdilər. Bu tağım Cəbrayılın
düşməndən təmizlənmiş Daşkəsən
kəndində komplektləşdiriləndən sonra yenidən
döyüşlərə atılacaq, neçə-neçə
yurd yerimizi əsarətdən azad edəcəkdi...
"Əliniz millətimin qanına
batıb"
Bu sənədli hekayənin
qəhrəmanları - İman və Bəhram Məmmədzadə
qardaşları yurdumuzun cənub bölgəsində - Lerikdə
dünyaya göz açmış, Bakıdakı
fizika-riyaziyyat təmayüllü liseyi bitirmişlər.
Rusiyanın Həştərxan vilayətindəki
Dəniz Gəmiçiliyi Akademiyasına qəbul olunmuş,
Samaradakı bu qəbildən olan akademiyada təhsillərini
başa vurmuşlar. Təhsillərini
Samarada davam etdirmələrinin səbəbi düşünməyə
sövq edən bir hadisə ilə bağlıydı.
Tarix müəlliminin Bakıda baş verən 20 Yanvar faciəsi
və az sonra soydaşlarımıza qarşı törədilmiş
Xocalı soyqırımı barədə suallarını
cavablandıran İman bu qətliamlara erməni-rus
şovinizminin fitvası kimi rəvac verildiyini,
xalqımızın azadlıq hərəkatına və Azərbaycanın
əzəli torpaqlarının bölünməzliyi
uğrunda mübarizəsinə qarşı yönəldiyini
söyləmişdi. Bu məğrur gəncin cəsarətli
cavabından qeyzlənən ermənipərəst müəllim
onunla kəskin mübahisəyə girişmişdi. O, tələbəsinin
hazırcavablığı və gerçəyi söyləməsi
ilə heç vəchlə barışa bilmirdi. Burada çalışan erməni müəllimlər
həmin hadisədən sonra İman və Bəhrama
qarşı əks-təbliğat apararaq, qara piara
başlamış, doğma Azərbaycanını sevən bu
qürurlu gənclərin digər təhsil müəssisəsinə
köçürülməsinə nail olmuşdular. Bu işin sürətlənməsinin bir səbəbi
də bu qardaşları daim əsəbiləşdirən,
qarşıdurma yaradan erməni müəllimin İmanla
sözləşməsi, birincinin onunla guya hal-əhval tutan həmin
müəllimin əlini geri qaytarması, "siz erməni
vandalların əli mənim millətimin qanına
bulaşıb" deməsi olmuşdu. Cüdo
ilə məşğul olan Bəhramın Həştərxanda
keçirilən yarışlarda erməni
idmançını məğlub etməsi də bu məsələdə
hiddətə səbəb olmuşdu.
"Birgə döyüşəcəyik!"
Tələbəlik illəri arxada
qalmış, ali məktəb diplomunu
alıb Bakıya qayıdan qardaşlar N saylı hərbi hissədə
həqiqi hərbi xidmətə başlamışdılar. Vətən müharibəmiz alovlananda isə
Qarabağ uğrunda ölüm-dirim savaşına
atıldılar. Elman
müəllimin və Hicran xanımın böyüdüb boya-başa
çatdırdığı bu gənclərin (ailədə
cəmi iki övladın) komandiri bir evdən iki oğulun cəbhəyə
yollanmasına etiraz edərək, "Biriniz gedin, biriniz
qalın" desə də, qardaşlar razılaşmayıb.
Qəti qərarları isə bu olub: "Birgə
döyüşəcəyik!".
...Döyüşdən
uğurla çıxan əsgərlərimiz yenicə
mövqe tutduqları ərazidə baş-başa verib dincəlirdi.
Sevdiyi mahnını zümzümə edən kim,
baməzə söhbətləri ilə dostlarını
güldürən, xoş ovqat yaradan kim. Kəşfiyyatdan
qayıdan silah yoldaşlarının qabaqlarına qatıb gətirdiyi
erməni əsirini görən Bəhram üzünü
qardaşına tutub: "Bu yırtıcının sir-sifətinə
bir bax! Gör necə o şərəfsiz erməni
müəlliminə oxşayır!" - demişdi.
Sonra isə əlavə etmişdi: "Eyni murdar qandan törəyənlərdir!".
Qarabağın işğal altında olan şəhər,
kənd və qəsəbələri erməni faşistlərindən
addım-addım, qarış-qarış azad edilir, ordumuzun nəzarəti
altına keçirdi. Sözün əsl mənasında, can
davası, qan davası gedirdi. Öz
müdrik Sərkərdəsinin xeyir-duası ilə haqq
işimiz uğrunda silaha sarılmış, otuz ildən bəri
davam edən bu tarixi ədalətsizliyə artıq dözməyən
oğullarımız son damla qanınadək
döyüşür, düşmənin başını əzirdi.
Son
döyüş
Oktyabrın 27-də
İmangilin tağımına Qırmızı bazar istiqamətində
yerləşən strateji yüksəkliyin alınması ilə
bağlı döyüş tapşırığı
verilmişdi. Məhz bu yüksəkliyi götürməklə
Xocavəndin Sos, Cütçü kəndlərini
və Qırmızı bazar qəsəbəsini
işğaldan azad etmək mümkün olacaqdı. Əməliyyata tabor komandirinin müavini Cəlil
Cavadov rəhbərlik edirdi. İman və
Bəhramın da daxil olduğu bölük iki qrupa
bölünmüşdü. Onlar
döyüş yoldaşları ilə birlikdə birinci qrupda
birləşmişdi. Həmin qrupu gizir
Əsgər Hüseynov öz arxasınca aparırdı. Bir qədər aralıda
olan ikinci qrupun döyüşçüləri düşmən
mövqelərini atəşə tutur, İmangilin on dörd nəfərdən
ibarət qrupuna dəstək verməklə irəliləməsinə
imkan yaradırdı. Ə.Hüseynovun
qrupu işğalçı ermənilərlə çox
yaxın bir məsafədə düşmənin qəfil atəşi
ilə qarşılaşdı. Döyüşçülərin
əksəriyyəti bu məsafəni iti sürətlə
keçdi. İman
döyüşçü dostlarından bir an içində
ayrılaraq arxada qalan əsgərlərə kömək etmək
üçün həmin məsafəni gedib-qayıtdı.
Həyatını təhlükəyə
atdığına görə onu qınayanlara
"Ölüm haqdır", - deyirdi. -
"Şəhidlik zirvəsinə ucalsam, xoşbəxt
olaram".
İman, Bəhram və silahdaşları təpəyə
qalxdıqca azğın ermənilər onları güllə
yağışına tuturdu. Döyüşçülərimiz
mövqelərini yenicə müəyyənləşdirmişdi
ki, qarşı tərəfdən mərmilər dolu kimi
yağmağa başladı. Pusquya düşmüşdülər.
Erməni yaraqlıları gizir
Ə.Hüseynovun əsgərlərinə onların mövqe
tutduğu təpənin qarşısındakı yüksəklikdən
atırdı. İgidlərimiz - İman və Bəhram
Məmmədzadələr, Əfqan Məlikov, əsgərlər
Elnur Bayramov, "Şəkili" ləqəbli Hüseyn nər
kimi döyüşür, yağı yuvasına zərbələr
endirirdi. Qüvvələr nisbətinin bərabər
olmadığı amansız döyüşün davam etdiyi
ilk saatda İman ayağından yaralandı. Ara verməyən yağı gülləsindən
qorunmaq üçün ətrafda xırda kol-kosdan savayı
heç nə yox idi. Düşmən əsgərləri
isə illərdən bəri möhkəmləndirdikləri səngərlərdən
atırdı.
Bölüyün təlim-tərbiyə işləri
üzrə komandir müavini Ə.Məlikov Bəhramla köməkləşib
İmanı yaxınlıqdakı kolun dibinə çəkərək
yarasını sarıdı. Silahdaşları onu
özünü müdafiə etmək üçün hərəkətsiz
qalmağa, ayağa qalxmamağa çağırsa da,
İman: "Bu şərəfsizlər kimdir ki,
qarşılarında diz çökək?!" - deyirdi. Sonra snayper onun o biri ayağını da
nişan aldı. Hər iki ayağından
qan süzülən, buna baxmayaraq, toparlanıb əlindəki
avtomatla düşmən mövqelərinə atəş
açan İmana tuşlanmış güllələrin
sayı-hesabı yox idi... Taqəti
çatdıqca əlini silahın tətiyindən çəkmirdi.
Amma getdikcə işığı azalan gözləri
qaralır, heydən düşürdü. Qulaqları
uğuldayır, sanki haradasa uzaq bir dünyadan, lap elə
uşaqlıq çağlarından çox həzin, kövrək
bir nəğmə eşidilirdi. Bu, onu ağuşuna alıb
sonsuzluğa aparan, ölməzliyə, şəhadətə
yüksəldən əbədiyyət nəğməsi idi...
Bəhram və Əfqan da yaralanmışdı. Yaralı vəziyyətdə
düşmənə müqavimət göstərmək
çətin idi. Şəhid olmuş
İmana doğru çətinliklə sürünən
Əfqan bir qədər aralıda düşüb
qalmış Bəhramın "Qardaşımın vəziyyəti
necədir" sualına nə cavab verəcəyini bilmirdi.
İmanın ölüm xəbərini gizlədərək:
"O, huşunu itirib, hər şey yaxşı olacaq, Bəhram,
sən hərəkətsiz qal, tərpənmə" deyə
bildi. Bununla da o, ölümlə
çarpışan silah yoldaşının
ağrı-acısını qismən yüngülləşdirmək
istəyirdi.
Qan içində çabalayan Bəhramın sövq-təbii
çiynini qaldırıb qardaşına sarı boylanması
ilə snayperin onu hədəfə alması bir oldu. Yer-göy,
sanki başına fırlanırdı. Azca sonra
özünü ona yetirən Əfqana güclə eşidiləcək
xırıltılı səslə bunları deyə bildi:
"İnsanı yaşadan, sabaha aparan ümiddir. Ən çətin anlarımı da inamla
yaşadım, ümid məni heç vaxt tərk eləmədi.
İndi qanlı savaşın içində
yalnız qələbə haqqında düşünürəm.
İman yaraları sağalan kimi yenə
düşmənlə vuruşacaq. Yağıya qan
udduranda məni və bütün şəhidləri əvəz
edərsiniz! Məğlubiyyət düşmənin, Zəfər
bizim olacaq! Çox az qaldı..." deyib
gözlərini əbədi yumdu.
Ölümlərin
alisidir şəhidlik! Bu döyüş əməliyyatında
İmangilin qrupunun on dörd üzvündən on biri şəhid
olmuş, şəhadətə yürümüş,
canını sevgili Vətənə fəda etmişdi.
Ertəsi gün əsgər və zabitlərimiz
hücum edib erməni quldurların kök saldığı həmin
strateji yüksəkliyi alaraq, Azərbaycan ordusunun hünərini
göstərmişdi. Üçrəngli bayrağımız
artıq bu yüksəklikdə də əzəmətlə
dalğalanırdı. Ən əsası
isə şəhidlərimizin qanı yerdə
qalmamışdı.
Kəşfiyyatçının
dostu dumandır
Döyüşçüsü olduqları
tağımın komandir müavini, gizir Əsgər
Hüseynov İmanın və ondan iki yaş kiçik olan Bəhramın
cəsarəti, hünəri barədə ağızdolusu
danışır. Deyir ki, onların gözündə qorxu
yox idi, dəliqanlı, dəli-dolu idilər. Zahirən daha ciddi və bir qədər ötkəm
görünən İman da, daha həlim və ünsiyyətcil
Bəhram da çox sadə, xeyirxah ürəyin sahibi idi.
Həqiqi hərbi xidmətləri dövründə
də komandirləri olduğumdan onların bacarığı,
döyüş qabiliyyəti, insani keyfiyyətləri
haqqında müşahidələrim yetərincədir. İman və Bəhram kəşfiyyat
bölüyünün əsgərləriydi. Düşmənin döyüş mövqeləri,
canlı qüvvəsi, texnikası, silah-sursatı barədə
dəyərli məlumatla geri dönürdülər. Hər ikisi zəkalıydı, idmançı, bədəncə
möhkəm, gümrah idi. Rabitədən
baş çıxarır, dalğanı dəqiq tutur, istiqamətləri
doğru-düzgün müəyyənləşdirirdi. Müharibənin ilk günlərindən mürəkkəb
döyüş tapşırıqlarının öhdəsindən
gəlir, ən çətin anlarda vəziyyətdən
çıxış yolu tapa bilir, dara düşən cəbhədaşlarına
köməyə tələsirdilər.
Deyirlər, kəşfiyyatçının dostu
dumandır. O
kəs yaxşı kəşfiyyatçıdır ki,
silahsız və səssiz işləyə bilir. Mühasirədə qaldığımız günlərdə
su, ərzaq qıtlığı yarananda cəsur qardaşlar
bu müşkülü də çözmüşdülər.
Dumanlı bir gündə gizlin, dar
cığırlarla təpəni enib su mənbəyi
tapmış, əsgər yoldaşlarını susuzluqdan
qurtarmışdılar. Xeyli məsafə
qət edib, aralıda olan ərzaq maşınından
döyüşçülərin yemək paylarını gətirib
çatdırmağı da bacarmış, bu cəhdləri də
uğurlu olmuşdu.
Şəhid qardaşların atası Elman Məmmədov
deyir ki, İman və Bəhram haqsızlıq, biganəliklə
barışmır, xəbisliyə, ikiüzlülüyə
dözmürdülər. Onların tarixi düşmənlərimiz
olan erməni
faşistlərinə dərin
nifrəti, vulkantək püskürən kin-küdurəti də elə
bundan qaynaqlanırdı. Sankt-Peterburqda magistr təhsili
almaq şansları vardı. Amma hər iki oğlum ordu
sıralarında olmağa üstünlük verdi.
Aprel döyüşlərindən üzübəri
düşmənə qarşı savaşa atılmaq, otuz ildən
bəri təşnə olduğumuz, işğal altında
qalan torpaqlarımızı azad etmək istəyirdilər.
Anası Hicran xanım da, mən də hər dəfə
harada olduqlarını soruşanda: "Narahat olmayın, istədiyimiz,
arzuladığımız yerdəyik!" cavabını
eşidirdik.
Hər iki şəhid qardaş "Vətən
uğrunda" və "Xocavəndin azad olunmasına görə"
medallarına layiq görülmüşdür
(ölümündən sonra).
Xalqımızın şərəfini, heysiyyətini uca
tutan yurd sevdalıları Vətənin müdafiəsində
idi, torpaqlarımızın bölünməzliyi uğrunda
çarpışır, azğın düşmənə zərbələr
endirir, öldürür, ölür, şirin canından
keçib şəhid olurdu. Ölümü öz
ölümsüzlüyü ilə məğlub edən
İmanla Bəhram kimi. Təki Vətən sağ olsun!
Zemfira
MƏHƏRRƏMLİ
Ədəbiyyat qəzeti.- 2021.- 20 fevral. S. 24-25.