Qafqazın
Şeyxülislamı Axund Fazil İrəvani
XVIII
əsrdə İrəvan xanlığının, XIX əsrdə
İrəvan quberniyasının mərkəzi olmuş İrəvan
şəhəri, dövrünün mədəniyyət mərkəzi
olmuş, Azərbaycana, bütövlükdə Şərqə
böyük şəxsiyyətlər bəxş
etmişdir... Bu məşhur şəxsiyyətlərdən
biri də görkəmli alim, filosof, ictimai və siyasi xadim
Şeyxülislam Fazil İrəvanidir.
Fazil
İrəvani Bütöv adı Ayətullahu'l-uzma Molla Məhəmməd
ibn Məhəmməd Baqir olan, Fazil İrəvani olaraq məşhurlaşan
alim qədim Azərbaycan şəhəri İrəvanda
1782-ci ildə, bəzi mənbələrə görə,
1817-ci ildə anadan olmuşdur. İlk təhsilini İrəvanda,
mədrəsədə almışdı. 20 yaşında ikən
ali dini təhsil almaq üçün Misirə gedərək
buradakı yalnız müsəlman Şərqində deyil,
dünyada məşhir olan "Əl-Əzhər"
Unversitetində təhsil almışdır. Bəzi mənbələrə
görə, "o, əvvəlcə Kərbəla şəhərinə
yola düşərək, təhsilinin birinci mərhələsini
burada keçirmiş, Kərbəlada Ayətullah Seyid
İbrahim Qəzvininin dərslərində iştirak
etmişdir. Çox keçmədən yüksək istedada
malik olduğundan üsul və fəlsəfədə
böyük müvəffəqiyyətlər
qazanmışdır. Başqa tələbələrin uzun
müddətdə oxuduğu dərsləri Fazil İrəvani
qısa müddətdə və layiqincə başa
vurmuşdur. Bu şəhərdə yaşadığı 4
il ərzində fiqh və üsuli-fiqh elmlərinin incəliklərinə
yiyələnən Fazil İrəvani, öz dövründə
cəfəri məhzəbinin elm paytaxtı sayılan Nəcəfi-əşrəfə
köçür," burada böyük müctəhidlərin
dərslərində iştirak edir. Ayətullah Şeyx
Ənsari dünyasını dəyişdikdən sonra Fazil
İrəvani zəmanəsinin müctehidi olan Seyid Hüseyn
Kuhkəməri Təbrizinin dərslərində iştirak
edir və ictihad, şəri hökmləri Quran, hədis və
digər mənbələrdən əldə edib bəyan edən
ali rütbəli ruhani" məqamına çatır.
"Şeyx Həsən Kaşifu'l-Qita "Cəvahiru'l-kəlam"
kitabının müəllifi Şeyx Məhəmməd Həsən
İsfahani Nəcəfi və müctəhidlərin şeyxi
Mürtəza Ənsari kimi elm nəhəngləri Fazil İrəvaninin
səylərini lazımi istiqamətə yönəldərək,
onun bacarıqlı müctəhid kimi yetişməsinə
köməklik göstərməsi haqqında məlumatlar
tarixçi, siyasətçi və şair Yəhya Dövlətabadinin
"Məfaxer-e Azərbaycan" əsərinin. I cildində,
s.243, 357, 408-də, Doktor Əqiqi Bəxşayişinin,
Böyük Hacağanın fikirlərində də öz əksini
tapır: Yəhya Dövlətabadi Ayətullah molla Məhəmməd
İrəvani haqqında yazır: "Hicri-qəməri tarixi
ilə 1281-ci ildə şeyx (Mürtəza) Ənsari
dünyadan köçür və onun ölümündən
sonra görkəmli şəxslərin hamısı ortaya
öz iddiasını qoyaraq, onun yerinə keçmək istəyir.
Əlbəttə, bu elmi dairənin tələbələrinin
də rəis seçkisinə müdaxilə etmək
hüququ var idi. Onlar əsasən türklərdən ibarət
idilər. Hər qrup hövzə rəisinin onlardan olmasına
çalışırdı. Göstərilən vəzifəyə
isə iki namizəd vardı - bunlardan biri Ağa Seyid
Hüseyn Kuhkəməri, digəri Molla Məhəmməd
İrəvani idi. Belə olan halda Hacı Seyid Hüseyn
birinci, İrəvani ikinci rəis olur. Ancaq çox keçmədən
Hacı Seyid Hüseyn dünyasını dəyişir. Beləliklə,
Molla Məhəmməd İrəvani birinci rəis və
Şeyx Məhəmməd Həsən ikinci rəis
seçilir." Ayətullah Molla Məhəmməd ibn Məhəmməd
Bağır İrəvani-Nəcəfini böyük fəqih,
əxlaq sahibi, fiqh sahəsində hövzənin ən
nüfuzlu şəxslərindən biri" kimi təqdim edən
doktor Əqiqi Bəxşayişi yazr: ". O, görkəmli
müctəhidlərdən biri olmaqla, elmi, zəkası,
natiqliyi sayəsində fazil şəxslər arasında
birinci yerdə dayanırdı. İrəvani hicri-qəməri
tarixi ilə 1232-ci ildə İrəvanda dünyaya göz
açmış, ibtidai təhsil aldıqdan sonra İraqa
köçmüşdü. Əvvəl Kərbəlada mərhum
Seyid İbrahim Qəzvinidən dərs almış, sonra
dörd il sərasər fiqh və fiqh üsulunu öyrənmişdi.
Sonralar Nəcəfül-əşrəfə mühacirət
edərək uzun müddət həmin şəhərdə
yaşamış, tədris və təlimlə məşğul
olmuş, müasirləri arasında Fazil İrəvani kimi
şöhrətlənmişdi. Ayətullah Seyid Hüseyn Kuhkəməri
vəfat edəndən sonar zamanın mərcəyi-təqlidi
təyin olunmuş, bütün Azərbaycan və Qafqaz
müsəlmanlarının şəri məsələlərlə
bağlı problemlərini həll etmişdir. O, Şeyx Tusi məscidində
camaat namazına durar, bütün alim və təhqiqatçılar
onun hüzuruna gələrdilər. O, idarəetmə fənninin
bilicisi şeyx Murtəza Ənsarinin, ənvarül-fiqh
sayılan şeyx Həsənin və məntiq elminin
ustadı kimi tanınan şeyx Məhəmməd Həsənin
yanında oxumuşdu. Şeyx Ənsari və şeyx Məhəmməd
Həsən ona ictihad icazəsi vermişdi" (S.Sərdarniya).
Mərhum Böyük Hacağa (yenə həmin mənbədə)
yazır: "O, zəvabət (idarəetmə), məntiq və
s. dərslərdə iştirak etsə də, əllamə
şeyx Murtəza Ənsarinin mühazirələrinə daha
çox vurulmuşdu. Seyid Kuhkəmərinin vəfatından
sonra o, mərcəyi-təqlid oldu. Onun öz xətti ilə
yazılan "Kitabül-bey-ül istidlali" əsərini
oğlu Şeyx Mahmudun yanında gördüm." Hətta
"Fazil İrəvani təhsilinin son mərhələsində
yalnız Şeyx Ənsarinin dərslərində iştirak
edirmiş. Yaxın Şərq mənbələrində;
"Reyhanətu'l-ədəb" kitabında onun haqqında
yazılır: "Şeyx Ənsari və Seyyid Hüseyn Kuhkəməridən
sonra Nəcəf elm hövzəsində tədris və dini rəyasət
ona verildi və o, bilik sahiblərinin müraciət mənbəyi
oldu.
Məhəmməd
Əli Müdərris Təbrizinin, "Reyhanətul-ədəb"
kitabında (cild 4,s.279; s.214-285) Fazil İrəvaninin 30 tələbəsinin
adı çəkilir.
Dərin
dini biliyi ilə yanaşı, iman, əxlaq, mənəviyyat və
təqva (ruh və nəfsin hifz edilməsi) baxımından da
çox yüksək səviyyədə olan Fazil İrəvaniyə
"Hindistan, Türkiyə, Qafqaz, İran və Rusiyadan şəriət
vergiləri (xüms, zəkat) göndərilirdi" (Rəhimov).
Dünya malından çox elmə, əxlaqa, mənəviyyata
önəm verən, zahidanə həyat tərzi yaşayan bu
imanlı ziyalı ona göndərilən xüms-zəkat
pullarını da son qəpiyinə kimi dini elmləri öyrənən
tələbələrə və digər lazımlı
işlərə sərf etmişdir. Fazil İrəvanini
öz müasirləri, xüsusilə, müctəhidlər
arasında böyük nüfuza malik olmuşdur.
Beləliklə,
təhsil və tədqiqatlardan, həmçinin Şeyx
Mürtəza Ənsari, Şeyx Məhəmmədhəsən
İsfahani Nəcəfidən ictihad icazəsi adıqdan sonra
Fazil İrəvani Nəcəf elm mərkəzində
çalışmış, dərs deməyə
başlamışdı.
Alim
Fazil İrəvani mərcəi-təqlid kimi daha da məşhurlaşmışdı.
"Mərceyi təqlid-təqlid yeri, təqlid mənbəyi
deməkdir. Başqa müsəlmanlar tərəfindən təqlid
edilən müctəhidlərə deyilir." Əsasən,
"Ali dərslər fiqh və üsul elmlərinə aid
olub, müctəhid və mərceyi-təqlidlər tərəfindən
tədris edilir. Müctəhid bu dərslərdə qabaqcadan
apardığı tədqiqatlardan istifadə edərək hər
hansı bir fiqhi məsələ və yaxud üsul elminə
aid qanunla bağlı müxtəlif nəzərləri tənqidi
baxımdan araşdırır, aldığı nəticəni
və şəxsi rəyini bəyan edir. Bu dərslər tələbələrə
uyğun elmlərin tədqiqat metodunu öyrətməklə
yanaşı, həm də onları tədqiqata sövq edərək
bir növ müctəhidliyə hazırlayır.
Sözügedən mərhələni Fransa təhsil sisteminin
doktorantura mərhələsilə eyniləşdirmək
olar."
Misirin
Əl-Əhzər universitetinin məzunu, uzun müddət
İraqda (Nəcəf), İranda (İsfahan və Təbriz)
axundluq etmiş, Qafqazın II Şeyxülislamı Fazil İrəvani
şərəfli ömrünü İslam maarifini, islam fəlsəfəsini
öyrənməyə və öyrətməyə həsr
etmiş, Şərq tarixi və dini elmlərə aid bir
neçə risalənin müəllifi kimi Şərqdə
böyük şöhrət qazanmışdır. Mənbələrdə,
Fazil İrəvaniyə aid edilən 15-ə yaxın kitab məlumdur.
Əsərləri bir çox dillərə tərcümə
olunmuş, Təbriz, Peterburq, Berlin, Parisdə çap
olunmuş Fazil İrəvaninin "Paklıq kitabı" adlı
əsəri Cənubi Azərbaycanın məşhur din xadimi
Molla Əhməd Güzəkünaninin
tapşırığı ilə 1883-cü ildə Təbrizdə
fars dilində Xəttat Məhəmməd Təbrizi tərəfindən
çap olunmuşdur.
XIX əsrə
aid olan türk, gürcü və erməni mənbələrindən
məlum olur ki, Fazil İrəvaninin "Tarixi-İrəvan"
adlı əsəri də (əlyazması) olmuşdur. İrəvan
və Qərbi Azərbaycan əyalətlərinin tarixinə,
Azərbaycan xanlıqlarının fəaliyyətinin tarixi tədqiqatına
həsr edilmiş əlyazmanın təəssüf ki, bu
günə qədər hansı arxivdə
saxlandığı məlum deyil. "Bəlkə də əlyazma
indiki İrəvan arxivlərində ya məhv edilib, ya da
hansısa erməni müəllifinin adına dəyişdirilərək
nəşr edilmişdir. Qeyd edək ki, tarixi-elmi əsərlərin
müəlliflərinin dəyişdirilməsi faktları
günümüzdə də ermənilər tərəfindən
davam etdirilməkdədir." Bədii yaradıcılıqla
məşğul olmuş Fazil İrəvaninin gənc
yaşlarında İrəvanda, Azərbaycan dilində
yazdığı "Qızılgül və
bülbül" povesti çox məşhurdur.
Şeyxülislamlıq
fəaliyyəti Fazil İrəvanı 20 yaşında
ayrıldığı vətəninə, doğma şəhəri
İrəvana bir də 45 yaşında qayıtmış,
buradakı Göy Cami məscidində baş axund kimi fəaliyyətə
başlamış, "dini mədrəsə açan Fazil
İrəvani İslam fəlsəfəsini öyrətməklə
çoxlu sayda din xadimləri yetişdirmişdi."
1843-cü ildə dini və dünyəvi elmlərə bələd
olan, müctəhid Fazil İrəvani Qafqaz Müsəlmanları
Şeyxülislamının müavini vəzifəsinə
(Qafqaz müsəlmanları Şiə Ruhani idarəsi sədrinin
müavini) dəvət olunur və dəvəti qəbul edir.
Qafqaz Müsəlmanları Şeyxülislamının
müavini vəzifəsində
çalışdığı dövrdə Fazil İrəvani
idarənin fəaliyyətini xeyli genişləndirir, işini
təkmilləşdirir. Diyarın müsəlman əhalisi
ruhani dairələrinə bölünməklə diyarda şəriət
məhkəmələri yaradılır. Bütün müsəlmanlara
ruhani zümrəsinə daxil olmaq hüququ verilir. İrəvanin
təşəbbüsü ilə ruhanilərə vəzifə
maaşları kəsilməklə onlara dövlət məmurları
ilə eyni səlahiyyətlər verilir. Beləliklə, əvvələr
müctəhidin səlahiyyətində olan qayda-qanunların həyata
keçirilməsi şeyxülislama həvalə edilir.
1846-cı ildə Fazil İrəvani Qafqazın
Şeyxülislamı seçilir (1847-1862). Fazil İrəvaninin
Qafqazın Şeyxülslamı seçilməsi qurumun
mövqeyinin möhkəmlənməsinə və fəaliyyətinin
gücləndirilməsinə şərait yaradır. Əldə
etdiyi uğurlara görə I, II, III dərəcəli
"Müqəddəs Georgi" ordenləri ilə təltif
edilən Şeyxülislam Fazil İrəvani, həmçinin
İran hökuməti tərəfindən də yüksək
mükafatlara layiq görülmüşdü." İrəvaninin
hökümət yanındakı nüfuz və söz sahibi
olması, əməyinin qiymətləndirilməsi,
şeyxülislamlıq fəaliyyəti dövründə dini
idarəyə çoxlu sayda əlavə səlahiyyətlərin
alıması canişin Paskeviçi narahat edirdi.
Çünki idarənin yaradılması ilə bağlı
çar fərmanı olmadığından onu nəinki
genişləndirmək, heç yaratmaq belə, olmazdı.
Paskeviç hətta şeyxülislamın səlahiyyətlərini
azaltmaq, müctəhidliyi bərpa etmək və İrandan
yeni müctəhidlər gətirmək təklifləri ilə
də çıxış edirdi. Qafqazda İslam dininin
imperiyaya xidmət yollarını arayıb-axtaran xüsusi
komissiyanın sədri Bulatovun Paskeviçə
yazdığı məktubda Şeyxülislamın
nüfuzundan əndişəsi açıq-aşkar ifadə
edilir: "Zaqafqaziya şiə müsəlman ruhanilərinə
rəhbərlik edən, həmçinin şeyxülislam
adı daşıyan Məhəmmədəli Hüseynzadə
və Fazil İrəvani kimi şəxslər böyük
nüfuz sahibidirlər. Onların rəyləri həmdindaşları
tərəfindən birmənalı şəkildə qəbul
edilir və sözsüz icra olunur. İrandan müctəhidlərin
gətirilməsini olduqca uğursuz cəhdlər kimi qiymətləndirirəm."
Fazil
İrəvani uzunmüddətli fəaliyyətdən sonra,
1862-ci ildə şeyxülislamlıq vəzifəsindən
istefa verərək doğma şəhəri İrəvana
köçmüşdür.
Qafqazda
böyük "nüfuz və söz sahibi" olan Fazil
İrəvani Şeyxülislamlıqdan istefa etdikdən sonra
da bir çox müşkül sahiblərinin işlərinin həll
olunmasına vəsilə olmuşdur: "1871-ci ildə Lənkəranda
müəllim işləyən şair Mirzə İsmayıl
Qasir, məhkəmə katibi və Sadıq bəy Mehmandarov
ağır ehtiyac içində yaşayan əhaliyə şəhərin
Forştat hissəsində məskunlaşmış
rusların və almanların əkdikləri kartofdan yemələrini
məsləhət gördüklərinə görə ruhanilər
onların hər ikisinin Lənkərandan qovulması barədə
qərar çıxarırlar. Başqa əcnəbi millətlərin
becərdiyi kartofu murdar adlandıran savadsız ruhanilər
şair Qasiri və hüquqşunas Sadıq bəyi kafir
adlandırır və kartofdan istifadəni camaata qadağan
edirlər. Mirzə İsmayıl Qasir və Sadıq bəy bu
barədə məktubla Qafqaz şeyxülislamı Fazil İrəvaniyə
müraciət edirlər. O, qərarı ləğv etməklə,
hər iki ziyalını müdafiə edir." Dərin elmi
biliyə malik olan imanlı ziyalıya müraciət edənlərdən
biri də, Azərbaycan tarixinə alim, pedaqoq, şair və
musiqişünas kimi daxil olan Mir Möhsün Nəvvab idi.
Musiqi
sahəsində, xüsusən muğamlarımızın tədqiqində
xüsusi rolu olan Nəvvab, həmçinin Azərbaycan dilində
(əski əlifba ilə) yazılmış və nəşr
olunmuş yeganə risalənin müəllifidir. Mir
Möhsün Nəvvab "Orta əsr muğam nəzəriyyəsinin
ənənələrini özündə əks etdirən
risaləsində "Orta əsr traktatlarında geniş
işıqlandırılmış bud (interval), cins (tetraxord),
iqa (ritm) və digər məsələlərə
toxunmamışdır. Onun əsərinin əsas istiqaməti
praktiki, təcrübi, əməli məqsəd
daşımışdır. Bu da əsasən Orta əsrlərdən
sonra yazılmış risalələr üçün xas
idi. Bu risalələr muğamların öyrənilməsi
üçün dərslik kimi də nəzərdə
tutulmuşdur." Maraqlıdır ki, Mir Möhsün Nəvvabın
risaləsi fars dilində yazılmış və Fazil İrəvaniyə
verilən qeyri-adi sualla - epiqrafla başlayır: "... Musiqi
elmində məharəti olub, özü xanəndəlik etməyən,
müğənniliyi və təğənnini haram sayan bir
şəxs elmi məqsədlə musiqidən istifadə etsə,
onu yadda saxlasa, tədris etsə, çap etsə, yazsa, satsa,
yazıb öz kitabxanasında saxlasa - caizdir, ya yox?" Fazil
İrəvaninin Nəvvaba cavabı belə idi: "Musiqi
elmini öyrətmək və öyrənməyin eybi yoxdur, hətta
vacibdir. Amma onu təcrübədə işlətmək caiz
deyil." Risalədə Fazil İrəvaninin cavabının
altında onun möhrünün surəti də verilmişdir.
Mir Möhsün Nəvvab belə bir hörmətli şəxsin
imzasını aldıqdan sonra yenə də musiqi sənətinə
və yazdığı əsərə bəraət
qazandırmaq məqsədilə risaləni "Ruhani
qar-daşlarına!" müraciəti ilə başlayır:
"Ruhani qardaşların hüzuruna ehtiramla ərz-əhval
edir bəndeyi-aciz Nəvvab Mir Möhsün Ağamirzə
Qarabaği, o əşxaslar ki iltifat nəzə-rilə bu fəqərata
mülahizə buyuracaqlar, güman ki, bəndeyi-acizin məqsudi
bu bəya-nətin iqdamından odur ki, onun istemalını caiz
və həramiyyətini halal bilirik."
Böyük
şəxsiyyət, məşhur din alimi, nurlu insan, imanlı
ziyalı, Qafqazın şeyxülislamı Fazil İrəvani
uzun ömür sürmüş, 103 yaşında həyatdan
köçmüşdür.
Adətən
görkəmli şəxsiyyətlərin adı öldükdən
sonra münasib yerlərə; küçə, məktəb,
rayon və s. verilir. Sağlığında böyük
nüfuz və şöhrətə malik olan Şeyxülislam
Fazil İrəvaninin doğulduğu İrəvan şəhərində
onun adını daşıyan məhəllə;
"Şeyxülislam məhəlləsi" və Karvansaray
olmuşdur. "Şeyxülislam məhəlləsi" və
Karvansaray uzun illər, münaqişə başlayana qədər
bu mübarək din və elm adamının adını
daşımışdı.
Bədii
yaradıcılığı Görkəmli alim, mütəfəkkir,
bir çox dini, tarixi və ədəbi əsərlərin və
dini fəlsəfəyə, müsəlman
dünyasının milli adət-ənənələrinə
aid yazdığı qiymətli məqalələrin müəllifi
olan Fazil İrəvaninin zəngin elmi və bədii irsi var.
Elmi əsərləri əsasən, ərəb dilində olan
əsərləri, xüsusən "Gül və
Bülbül"ü bir çox dillərə tərcümə
olunmuş, Təbriz, Peterburq, Berlin, Paris və İrəvanda
çap olunmuşdur. Fazil İrəvaninin Azərbaycan dilində
yazılan "Qızılgül və bülbül"
adlı povestinin yayılma arealı genişdir. Əsər
müxtəlif illərdə bir neçə dəfə Avropa
dillərinə tərcümə edilib. Təəssüf ki,
müxtəlif müəlliflərin əsəri kimi. Eyni ildə
(1812), eyni vaxtda və eyni şəhərdə - Sank-Peterburqda
2 kitab çap olunub; "Qızılgül və
bülbül haqqlnda əxlaqi roman" (erməni dilində).
Sankt-Peterburqda nəşr edilən "Qızılgül və
bülbül" povestinin müəllifi saray müşaviri
Xocens Marker Geğamyan göstərilsə də, əsərin
müəllifi Fazil İrəvanidir. F.İrəvaninin gənc
yaşlarında yazdığı "Qızılgül və
bülbül" adlı povestinin taleyi "Tarixi-İrəvan"
əsərinə nisbətən uğurlu sayıla bilər,
çünki ən azından məhv edilməyib, lakin bir o qədər
də başıbəlalıdır. Oğurluğa adətkərdə
olmuş ermənilər Fazil İrəvaninin əsərinə
də göz dikmiş, əsərin üzünü erməni
əlifbası ilə köçürən Xocens Markar
Geqamyan özünü əsərin müəllifi kimi təqdim
etmişdir. Çox keçmədən
"Qızılgül və bülbül"ü Le Vayya de
Floribal fransız dilinə çevirib Parisdə (1826), sonra isə
Jözef Fon Hammer alman dilinə çevirərək
1832-1833-cü ildə iki dəfə yüksək trajla
çap etdirir. Dırnaqarası "erməni ədibi" X.
M. Geğamyan əsəri öz adına çıxsa da Avropa
və Qafqazda aparılan tədqiqatlar əsərin Fazil İrəvaniyə
məxsus olduğunu təsdiqləyir. "Sonradan ermənilər
özləri də təsdiq etmək məcburiyyətində
qalırlar ki, adıçəkilən əsər Fazil İrəvani
tərəfindən yazılmış, Geğamyan isə onu
oğurlayıb öz adına çap etdirmişdir. Digər
tərəfdən fransız tədqiqatçısı Le
Vayya de Floribal "Qızılgül və
bülbül"ün türk müəllifi Fazil İrəvaninin
əsəri olduğunu bildirərək məsələyə
aydınlıq gətirmişdir. Sadəcə, Xocens Markar,
Fazil İrəvaninin "Qızılgül və
bülbül" əsərini erməni və rus dillərinə
tərcümə edərək öz əsəri kimi çap
etdirmişdir. "Qızılgül və bülbül" əsərinin
orijinalı Matenadaranda - Mesrop Maştos adına Qədim
Əlyazmalar İnstitutunda saxlanılır."
"Qızılgül və bülbül"ün əsl
müəllifinin Fazil İrəvani olduğu bəlli olduqdan sonra da, ermənilər
utanmadan, 1950-ci ildə yenə də əsəri erməni
müəllifin əsəri kimi Freznada (ABŞ) çap
etdirmişlər. Ancaq həqiqəti gizlədə bilmirlər.
"Qızılgül və bülbül" povestinin müəllifinin
X.M.Geqamyan yox, Fazil İrəvani olduğunu sonradan ermənilərin
özləri etiraf ediblər." Əsəri xaricdə
yaşayan ermənilərin ləhcəsinə çevirib hissə-hissə
"Anahit" jurnalında çap etdirən erməni
Arşad Çobanyan "Qızılgül və
bülbül" "povestinin Fazil İrəvaninin
olduğunu təsdiqləyib ("Qızılgül və
bülbül" əsəri ayrıca bir məqalənin
mövzusudur).
Təəssüf
ki, əsərinin üzü köçürülüb dəfələrlə
Avropada nəşr edilən, erməni-Azərbaycan
münaqişəsi başlayanadək adına İrəvanda
məşhur "Şeyxulislam məhəlləsi",
Karvansaray olan görkəmli ədib, alim, siyasi və ictimai
xadim Fazil İrəvaninin adına indiyədək Azərbaycan
tarixindən və ədəbiyyatından bəhs edən
kitablarda yalnız məlumat verilməklə kifayətlənilmişdir.
Düşünürük ki, görkəmli alim, ictimai və
siyasi xadim Şeyxülislam Fazil İrəvaninin zəngin elmi
irsinin və yaradıcılığının
araşdırılması vacibdir və bu sahədəki
araşdırmalarımız davam edir.
Lütviyyə
ƏSGƏRZADƏ
Ədəbiyyat qəzeti.-
2021.- 20 fevral. S. 25-26.