Sabir
Rüstəmxanlının romanlarında ictimai-siyasi Söz
III yazı
Sabir
Rüstəmxanlı romanlarında Azərbaycan
varlığının elə dövrlərini predmet
seçir ki, millətin həyatında dönüş
nöqtələrini aktualizə edir, dayanışma
çağlarına işıq salmaqla gələcək
inkişaf yollarına da rəvac verir. Mifoloji, tarixi, ya
müasir qatlar yazıçının romanlarında eyni
çəkidə, kəsərlidir, lakin əsas deyildir.
Çünki Sabir Rüstəmxanlının romanlarında
Söz, deyim, diskurs, bədii həqiqətin mənbəyi və
mündəricəsi, bir qayda olaraq, "ictimai-siyasi"dir. Bəlkə
buna görədir, yazıçı tarixi romanlarını
da, - əlbəttə, "tarix"ə xələl gətirməmək
şərtilə, - müasirlik kimi yazır; hər yerdə və
həmişə milli varlığın, türklüyün,
Azərbaycan mənasının bəlirlərini axtarır və
əks etdirir.
Sabir
Rüstəmxanlı "Difai fədailəri" (2010) və
"Şair və şər" (2014) romanlarında millət
tarixinin parlaq səhifələrindən daha birisi, XIX əsrin
sonları XX əsrin əvvəllərinə üz tutur, Azərbaycan
varlığının daha bir inkişaf və dirənişmə
çağlarını qələmə alır.
"Difai
fədailəri" romanı (Bakı, "Qanun", 2010)
bugün məruz qaldığımız Qarabağ müharibəsi,
millətin ölüm-dirim savaşı fonunda bir çox
baxımdan aktual və gərəklidir:
- Belə
ki: roman fikir və milli istiqlal hərəkatımızın
çox ünlü bir siması - Əhməd Ağaoğludan
danışır; gəncliyi, böyük millət xadimi kimi
yetişməsi, fəaliyyətinin Bakı dövrünü
çevrələyir. Ə.Ağaoğlu ilə
yanaşı, digər ictimai-siyasi fikir nəhəngləri
Əlibəy Hüseynzadənin, Əlimərdan bəy
Topçubaşovun da obrazları keçir romandan. Millət
atası, xeyriyyəçi-milyonçu H.Z.Tağıyevin isti
nəfəsini duyuruq bir çox səhifələrdə. Məhəmməd
Əmin Rəsulzadənin gənclik portretinin silueti
görünür müəyyən epizodlarda. Bütün bu -
məhz o adlardır ki, 70 illik qadağadan sonra haqlarında
yalnız 1980-ci illərin sonları, 1990-cı illərdə
geninə-boluna söz açılmış, amma elə bil qəfil
də unudulmuşdu; "Difai fədailəri" geniş
oxucu kütləsinin yaddaşını oyatdı...
-
"Difai fədailəri" millət tarixinin bir zamanlar
unutdurulmuş, arxivlərdə toz basmış səhifələrini
qaldırmaq, xatırlatmaq və kütləviləşdirmək
niyyətlərini güdür. Müəllif əsərin
janrını "sənədli-bəlgəsəl roman"
olaraq qeyd edir. Nəzərə alsaq ki, ümumən bizdə sənədli
bədii əsərlər az yazılır, bu zəhmət tələb
edən yüksək məramlı işə hər qələm
sahibi qatlaşmır, romanın önəmi birə-ikiqat
artır. Üstəlik, romanda bir sıra tarixi adlar, personajlar
da vardır ki, əksəri ümumən ilk dəfədir ədəbiyyata
gəlir: Axund Məhəmməd Pişnamazzadə, Ələkbər
bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədli,
Ədil xan Ziyadxanlı, Nəsib bəy Usubbəyli, Hacı Məmmədhüseyn
Əlioğlu, Hacı Mirqasım Həmzəyev, Mirzə Məhəmməd
Axundlu, Muxtar və Cavad Qazıbəylilər, Məşhədi
Əlihacı Məmmədhüseyn oğlu Rəfibəyli,
Ələkbər Xasməmmədli, Həmid bəy Usubbəyli,
Bilal Qarabağlı, Əsəd bəy, Hüseynəli bəy,
Xosrov bəy, Abbas Vəzirov, Kərim bəy Mehmandarov, İsa
bəy Aşurbəyli, Behbud Cavanşirli, Qarabəy Qarabəyli,
Niftalı bəy Behbudlu, Məhəmməd Hacınski, Səttar
Axundlu, Mirzə Ələkbər Axundlu, Gövhər xanım
Qacar, Minə xanım Talışinskaya, Həmidə xanım
Cavanşir, Mirəli Sırxavəndli, Xuduş Qulubəyli,
Qazi Məhəmməd, Əmniyyətdən tərcüməçi
Sədrəddin, Hacı Əhməd Hacıbayramoğlu,
Baxış bəy Kazımbəyli, Məşədi Şamil
Hacı oğlu, Hacı Hüseyn Münşizadə,
Əfrasiyab Əzimli, Hacı Məcid Seyid Bağır
oğlu, Zülfüqar bəy Haqverdili, Vahid bəy Kazımbəyli,
Mirzə Davud ağa Əfəndizadə, Əsgər
Eyvazlı, Allahverdi Hacı Pənah oğlu, Həsənqulu
oğlu Cavad, Məşədi Əli Sadıq oğlu, Məşədi
Arif İsmayıllı, Məşədi Dadaş
Muradxanlı, Məşədi Muxtar Kərbəlayi İbad
oğlu, Musa Qulubəyli, Məşədi Mehdiqulu Hacı
Şərif oğlu, Molla Həbib Kərbəlayi Mehdi
oğlu, Məşədi Zeynalabdin Əhməd oğlu, Axund
Mirzəli Axundzadə, Hacı Muxtar Sadıqlı, Məşədi
Qara Şəfili, Məşədi Cəmil Vəzirli,
Sadıq bəy Məşədi Aslanlı, Məşədi
Mustafabəy Zöhrabbəyli, Məşədi Hüseynbəy
Mirzəcamallı, Hüseynəli bəy Əsgərxanlı,
Hacı Qənbər Zeynallı, Səfər Əmiraslan
oğlu, Mahmud Qaryağdılı, Adışirin Əlibəyli,
Məşədi İbiş İsmayıllı, Təhməz
Həsənli, Ağabəy Qiyasbəyli, polkovnik Vəkilov,
Hacı Kərim Sanılı, Əlibəy Xəlilbəyli,
Abbasqulu bəy Axundlu, Böyükağa Dilbazi və b.
Bütün bu əsərdən adı-izi keçən
personajlar tarixi simalardır; yazıçı, fərdi
çizgilər saxlanılmaqla həm də difai fədailərinin
kollektiv obrazını yaratmaq yolunu tutur...
-
Daha bir aktuallıq, "Difai fədailəri"nin Qarabağ
mövzusunda olmasındadır. Roman ötən əsrin əvvəllərinin
qanlı olaylarını, erməni-müsəlman
münaqişəsinin geniş mənzərələrini
qaldırmaqla içində olduğumuz Qarabağ müharibəsinin
tarixi kontekstini, problemin əhatə və miqyasını
görükdürür, anlatır. Difainin başqa bir adı
da elə "Qarabağı Müdafiə Komitəsi"dir.
Ermənilərin son iki yüz ildə Azərbaycan xalqına
qarşı aqressiyası o qədər
düşünülmüş, ardıcıl və intensivdir
ki, çox vaxt nə zaman başlayıb-bitmədiyini belə
müəyyənləşdirmək olmur; sonra törədilənlər
elə bil əvvəlkiləri unutdurmaq
üçünmüş. Necə ki, 20 faiz torpaqların
işğalı, Qarabağın tarixi qəsbini,
"Qarabağ" deyilən qondarma problem Qərbi Azərbaycan
torpaqlarının alınmasını, sovet Ermənistanının
yaradılması 1918-1920-ci illər və daha əvvəlki
soyqırımları yaddaşlardan silmək
üçün, yaddaşımızı
azdırmaq-korşaltmaq üçün olmuşdur - roman bu məqamı
aktuallaşdırır.
Roman
çağdaş oxucuya sanki deyir: ayıq ol, oxucum!
Bütün bunlar bir zamanlar da olmuşdur, çox olmuşdur,
dəfələrlə olmuşdur... Romanda elə vəhşətli
səhnələr vardır ki, sanki heç yüz ilin
uzaqlığında yox, eynən bugünün Xocalı qətlamıdır,
təkrar-təkrar şəhid qəbristanlıqlarına, Quba
məzarlığına gömülmüş "mart
qırğınları"dır... Romandan bir epizodu yada
salaq: daşnaksütyun təqibindən
qaçıb-qurtarmağa çalışan bütöv bir
kənd (Umudlu) qonşu erməni kəndinə (Heyvalı) pənah
aparırkən, hiyləyə aldanıb, bir qalaq külə
döndərilir. Halbuki az öncə həmin bu erməni kəndini
(Heyvalı) məhz azərbaycanlı-türk kəndliləri
- Umudlular təqibdən qurtarmışdır... Müqayisə
üçün deyək, söhbət heç də
1987-1988-cu illərdən getmir və hadisələr də
Mövlud Süleymanlının "Erməni adındakı hərflər"
romanında baş verənlər deyil; bu - 1905-1906-cı illərdir,
qarşımızda isə S.Rüstəmxanlının
"Difai fədailəri"dir... Erməni xisləti, erməni
qurnazlığı mahiyyətini dəyişmir!
Romandan
təkrar-təkrar bu səhifələr keçir - "Difaiyə
gətirən yollar" hansılardır... Necə
Qarabağda ermənilər çar hökumətinə
söykənib, Bilalın ata-baba yurdunu kilsə tikmək
adı ilə mənimsəyir, müqavimət göstərən
Bilal sürgünə göndərilir... Necə Bakıda
bağ torpaqlarının mənimsənilməsinə dözməyən
üç qardaş, erməni neft milyonçu-qəsbkarları
ilə qeyri-bərabər savaşda intiqama qalxıb, şəhid
olur... Necə İrəvanda neçə-neçə
soydaşının ermənilərdən haqqını qoruyub
təqib olunan vəkil Məmmədqulubəy Kəngərli
Parisə tələsərkən Batumda qətlə yetirilir,
onunla birgə mühacirət edən Heydər Kəngərliyə
Gəncəyə gedib Difaiyə qoşulmağı vəsiyyət
edir... Romanda geniş faktlar və
canlı lövhələrin diliylə
xatırlandığı kimi: Difai beləcə tarixi zərurətdən,
stixiyalı Müdafiə hərəkatı kimi ortaya
çıxır, ötən əsrin əvvəllərində
Qafqazda müsəlman-türk əhalisinə qarşı erməni-rus
fitnəkarlığına cavab olaraq az bir zamanda alınmaz
qalaya çevrilir: "Qısa bir müddətdə üzvlərinin
sayı iyirmi mini keçmişdi və nəticədə
Bakıdan Batuma bütün münaqişə ocaqlarında
ermənilər qarşılarındakı gücü
görüb silahı, müvəqqəti də olsa yerə
qoymağa məcbur olmuşdu. Tam məxfi fəaliyyəti sayəsində
Difai düşməni çaş-baş salan sehrli bir
qüvvə şöhrəti qazanmış, Azərbaycan
xalqının ümid yerinə çevrilmişdi..."
Amma
bu da unudulmamalıdır ki: Difainin firqələşməsinin,
müntəzəm Müdafiə və hücum (Müdafiədə
hücum) təşkilatına çevrilməsinin konkret
ideya-müəllifi vardır. Hər zaman yuxarıdan
düşünən millət başları olmalıdır
ki: yüzlər-minlər- on minlərlə əzilən millət
aşağılarını ətrafına yığa, təşkilatlandıra
bilən mexanizmi icad etsin... Konkret halda bu - Əhməd
Ağaoğludur və qeyd olunduğu kimi: romanın əsas qəhrəmanı
da elə o özüdür. Əslində, roman başlıca
olaraq məhz Əhməd Ağaoğlunu bir türk, bir insan,
vətəndaş kimi, çar əsarətində
çapalayan xalqının, millətinin düşünən
başı olaraq Difaiyə gətirən səbəblər-yollar-düşüncə
və əməllər üzərində qurulmuşdur. Necə
hələ uşaqkən Şuşa realnı məktəbində
erməni müəllim və şagirdlərin min bir hiylə
və təzyiqinə qarşı iradə göstərir; necə
Peterburq Universitetinə qəbul zamanı ən yaxşı
bildiyi fəndən qəsdən kəsildikdən sonra Parisə
gedib məşhur Sorbonna Universitetinə daxil olaraq Avropanı
fəth edir; necə həmincə Avropanın
işıqlı ideyalarına yiyələnib vətənində
Firəng Əhməd kimi tanınır (analoji olaraq, "Dəli
Kür"dəki Rus Əhmədi yada salaq); və Qərb və
Şərqi qovuşduran dəyərlərin mücəssəminə-tərcümanına
çevrilir. Necə baş qaldıran millət hərəkatı
fonunda həmfikirləri ilə birgə topluma yol göstərən
"İrşad" qəzetini təsis edir, gecəli-gündüzlü,
usanmadan, qələmə güc verib qəzetəçilik
edir; cəmiyyət içərisindən üzv seçilərək
Dövlət Dumasında Qafqaz müsəlmanlarının
haqlarını qoruyur; çoxbaşlı erməni-rus fitnəsinin
məğzinə varıb, dostları ilə birgə
Petereburqa rəsmi səfərdə müsəlmanların
Bakıdan köçürülməsi planını ifşa
edir... Ən nəhayət, bu xamırın hələ
çox su aparacağını görüb, zamanı
üçün ən uyğun formada bir təşkilat -
Difaini yaradır, qurumun gizli havadarı və ruporu olur; ta ki, qəfil
mühacir həyatına təhrik olunanacan fəaliyyət
proqramına nəzarət edir...
Paralel
olaraq: roman qəhrəmanının həyat dolanbacları, hər
bir fəaliyyət aktı bu zaman Qafqazı taun kimi
bürümüş erməni millətçiliyi və ona
qahmar duran rus şovinizminin iç üzünün
açılması ilə müşaiyət olunur.
Şuşa realnı məktəbində Əhmədə
göz verib işıq verməyən, sonradan erməni
döyüş dəstələrinə
başçılıq edən Nikol Terovanesyan; erməni
terrorçularına meydan verib sonra da qəsdən gedib
müsəlman məhləsində gecələməklə
guya onlara sığınan Şuşa qarnizonunun rəisi
general Kalaşapov; Hacı Zeynalabdin Tağıyevin
barışıq təklifinə "Böyüyümüzsən"
deyib guya baş əyən, arxada erməni
silahlılarının başçısı Vardan Amazaspa
"Siz işinizdə olun!" deyə fitva verən
milyonçu Lalayan; olayları öz xeyirlərinə yozub
Peterburq, Bakı, Tiflis mətbuatında utanmadan yalan
püskürən "qəzet kəndirbazları"
Alibekov, Doluxanov, Taqianosov kimilər, Bakı-Tiflis qatarında
müsəlman heyətinin qətlini planlaşdırıb,
Tiflisə guya sülh danışıqlarına tələsən
Bakıdan "Mşak" qəzetinin redaktoru Kalantar Xatisov,
Tiflisdən İspandaryan; Gəncədə, Tiflisdə,
Qazaxda, Gədəbəydə, Zəngəzurda daim ermənilərin
yanında olan rus kazakları... - bir sözlə: "Hakimiyyətin
tərəf tutması və müsəlman düşmənçiliyi
o qədər aydın və göz qabağındaydı ki, əlavə
dəlil-sübuta ehtiyac qalmırdı. Rus məmurları bunu
yazmaqdan, söyləməkdən də çəkinmirdilər..."
Sözsüz
ki, romanı ilk növbədə sənədli faktlar idarə
edir. Yazıçı qəhrəmanın fərdi bioqrafisini
izləməklə, onun çulğaşdığı
çox mürəkkəb tarixi mühitin obrazını
üzə çıxarmağa müvəffəq olur. Bu isə
cərəyan edən ictimai-tarixi proseslərin, milli mübarizənin
elə bir mərhələsidir ki, hadisələrə
yaxın olmadan, onu içdən bilmədən yazmaq çətindir.
Böyük kataklizmlərdən xəbərsiz, sakit-dinc,
dünyəvi həyatını yaşayan toplum qəfil
aldığı nahaq zərbədən həm özünə
gəlməli, durumunu anlayıb müdafiəsinə
qalxışmalı, həm də əks-həmlə,
hücum barəsində düşünməliydi. Bu ki:
mübarizənin mexanizmi bir yandan aşağılardan
xalqın, millətin oyanışını, onun təşkilini
zəruri edirdisə, digər tərəfdən bir əlini də
hələ hakimiyyətin ətəyindən üzməməyi,
millətin nəfinə imperiya ilə diplomatik
davranmağı tələb edirdi.
Belə
bir tarixi analogiyanı 1980-ci illərdə, SSRİ-nin
çökməsi zamanı, Meydan hadisələri fonunda da
görüb-yaşayıb, yazıçı qələmə
almışdır. Sovet dumanının başlardan hələ
getmədiyi, ermənilərinsə artıq hücuma
başladığı həmin zamanlarda məhz Sabir Rüstəmxanlının
qələmə aldığı "Ömür
kitabı" (1988) birdən-birə cəmiyyətdə bomba
effekti yaratmış, bütöv bir nəsil gənclərinin
milli düşüncəsinin silkinib oyanmasında əvəzsiz
rol oynamışdı. Az keçməmiş Qarabağ hadisələri,
ermənilərin həyasızcasına torpaq iddiaları və
yüz il əvvəl kağız üzərində
cızdıqları planın sürətli icrasının
şahidi olduq; yenə eyni durumdaydıq: müdafiə və
hücum. "Meydan epopeyası"ndan bildiyimiz kimi, bu zaman
Sabir Rüstəmxanlı milli istiqlal hərəkatının
önlərində, tribunadan on minlərlə kütlələrə
rəhbərlik etmiş, rəsmən yuxarıdan
Qarabağı Müdafiə Komitəsi yaradılarkən,
qurumun orqanı olan "Azərbaycan" qəzetinin
başında durmuş, az bir zamanda əsl İrşad kimi
toplumun sovet düşüncəsindən qopub bilmərrə
milli düşüncəyə köklənməsi yolunda
çox böyük işlər görmüşdür. Belə
ki, "Difai fədailəri" mövzusunu məhz Sabir
Rüstəmxanlının yazması, millət fədaisi
Əhməd Ağaoğlunun yüz il öncəki çətin,
mürəkkəb, böyük sınaqlardan çıxan
tarixi mübarizəsini bələdliklə əks etdirməsi
təsadüfi sayılmamalıdır.
Sənədli
olsa da, "Difai fədailəri" quru sənədlər
romanı deyil. Romanın oxunaqlığında xeyli qədər
də belletristikanın payı vardır (Cəmillə
Ayçiçək, Bilalın sevgisi, o sıradan Əhməd
bəy və Sitarə süjetlərini yada salaq). Əsərdə
sırf informasiya daşıyan maarifçi səhifələr
də əbəs deyildir (Əhməd Ağaoğlunun Nəcəf
bəy Vəzirovla söhbətlərini anaq)... Sanki
yazıçı milli hərəkat tarixinin Əhməd
Ağaoğlu dönəmi barəsində məlum və naməlum
nə varsa, bir araya gətirməyi, bu qəbildən bir qiraət
kitabı yaratmağı düşünmüşdür: bilənlər
üçün təkrar biliyin anasıdırsa, bilməyənlərin
bilməsi daha vacibdir əzmilə.
"Difai
fədiləri" romanı Əhməd Ağaoğlunun məcburən
Türkiyəyə mühacirəti ilə başa
çatır; amma əlavə olaraq yığcam bir bölmədə
Əhməd Ağaoğlu və Əlibəy Hüseynzadənin
Cümhuriyyət dövründə Nuru Paşanın
qoşunları ilə birgə Vətənə son
dönüşü də anılır. Qeyd olunduğu kimi,
roman epiloqu Sabir Rüstəmxanlının üslubuna xas cəhətdir.
"-Ən böyük intiqam millətin azadlığıdır.
Biz o günə hazırlaşmalıyıq! - demişdi
Əhməd bəy..." - "Sonuc"da o günün gəldiyi
ifadə edilir: "1918-ci ilin sentyabr ayının 15-də
ağır döyüşlərdən sonra Türk-İslam
ordusu Bakıya girdi. Əhməd Ağaoğlu, Əli bəy
Hüseynzadə, albay Bilal Qarabağlı da Nuru Paşayla
yanaşı ordunun önündəydilər"
***
"Şair
və şər" (Bakı, Elm və təhsil, 2015) - Sabir
Rüstəmxanlının bir-birinin ardınca qələmə
aldığı "Göy tanrı", "Ölüm
zirvəsi", "Difai fədailəri" romanlarından
sonra, millət tarixinin əşirətdən bugünəcən
ən taleyönümlü, dönüş nöqtələrinə
işıq salmaqla, gördüyü böyük
maarifçilik işinin davamıdır.
Bioqrafik
roman strukturunda qurulmaqla, əsər ilk növbədə
böyük Azərbaycan şairi Məhəmməd Hadinin həyatını
canlı dinamikada, uşaqlığından vəfatınacan
hadisələr, dəyişmələr, insanlar, tarixi
personajlar, Şamaxı-Kürdəmir-Hacıtərxan-Bakı-İstanbul-Karpat,
yenə Bakı və Gəncə trayektoriyası fonunda təqdim
edir. Təbiətin möcüzəsi Şamaxı zəlzələsindən
qoparaq sanki Şairin taleyində daim bir zəlzələ
yaşanır, onu diyarbədiyar qovur, amalına-istəyinə
doğru çəkib-aparır. Tale həm amansızdır,
şairi hər yerdə faciələrlə, məhrumiyyətlərlə
üzləşdirir, həm də doğmadır, istiqbal vəd
edir, onu yaşadır. Şairin həyatı millətinin
taleyinə bənzəyir, ictimai-siyasi zamanın təlatümlərini
varlığında təcəssüm etdirir.
Romanda
maarifçilik hərəkatının canlı lövhələrini
görürük: Hadinin Şamaxıda təhsil
aldığı mollaxana mühitində, Kürdəmirdə
Ağa Əfəndi ilə birgə açdığı məktəbdə,
Həştərxanda Mustafa Lütfinin açdığı məktəb
və qəzetdə, Bakıda qəzetçilər və
şairlər mühitində cəhalətlə açıq
mübarizə səhnələrində. Romantizm hərəkatının
parlaq səhifələri - "Füyuzat"
redaksiyasında, Ə.Hüseynzadə, Ə.Ağaoğlu,
Ə.Kamal və b. ilə münasibət və dialoqlarda əksini
tapır. Milli müstəqilliyin qazanılması, Cümhuriyyət
epizodları şairin həyatının son yarpaqlarında əks-səda
verir və s.
Bütün
bu tarixi mündəricata görə milli oxucu, millət
oxucusu, şəksiz ki, yazıçıya minnətdar olur. Və
hətta, onu da qeyd etmək gərəkdir ki, XX əsrin əvvələrinin
tarixinin öyrənilməsi, kütləviləşdirilməsi
və tədrisində "Difai fədailəri" ilə
yanaşı, "Şair və şər" romanı da
qiymətli məxəz, əyani vəsait ola bilər. Bununla
belə, şəksizdir ki, "Şair və şər"
romanının xidməti yalnız müasir oxucunu klassik
şairlərimizdən bəlkə də ən qəlizi
bildiyi Məhəmməd Hadinin həyat və
yaradıcılığına yaxınlaşdırmaqla bitmir.
Romanın
əsas önəmi sadəcə tarixi deyil, üstəlik
Tarix üzərinə düşüncə romanı
olmasındadır. Həm də "düşüncə
romanı" dedikdə birbaşa müəllif
düşüncələrindən söhbət getmir;
publisist Sabir Rüstəmxanlının birbaşa
düşüncələri ilə oxucu "Ömür
kitabı"ndan (1988), "Bu sənin xalqındır"
(1995) kitablarından yaxşı tanışdır.
"Şair və şər"də yazıçı
roman xronotopunu uğurla tapmışdır;
bütünlükdə hadisələr, zaman, tarixi-mədəni
durum, ictimai-siyasi proseslər, mənəviyyat-əxlaq, eyni
zamanda həm varlıq (olum-itim), həm məişət
problemləri və s. qəhrəmanın - Məhəmməd
Hadinin iç dünyasında(n) nəzərdən
keçirilir. Bu dəfə Meydan - şairin qəlbində qərar
tutub, duyumlar-ideyalar-əməllər burda cücərir,
böyüyür, düşüncəyə çevrilir,
sığmayıb misralara köçür, şeirə
dönür, ətrafını nurlandırır, fəth edir,
cahana səs salır. Yazıçı çox böyük
uğurla Hadi şeirinin içinə girir, altşüur seli
şəklində onu həm çözür, həm də ətrafda
nə baş verirsə həmin şeir vasitəsilə
çözülür; ta ki, xronotopun mərkəzində
şair aləminin özü durur...
Sabir
Rüstəmxanlı eyni uğurla romantik şairin
dünyasında dolaşır, xəyallarını-ideallarını
bölüşür, dönməz, əyilməz vücuduna,
şəxsiyyətinə nüfuz edir, qəhrəmanı ilə
eyniləşməyə çalışır. Millət
sevdası, Vətən eşqi, vətəndaş hünəri,
azadlıq ehtirası, istiqlal savaşı... - bu yerdə
zaman-məkan düşüncələrinə (xronotopa) XX
yüzilin 70-ci illərinin şairi, Sabir Rüstəmxanlının
öz dünyası da qovuşur, əsrin əvvəllərinin
millət istəyi-sevgisi-fədailiyi əsrin sonunun əks-sədası
ilə tamamlanır. Müstəqillik epoxasını
yaşayan, milli ruhda, milli ideyalarla tərbiyələnən
oxucu ilə "düşüncə romanı" məhz bu
əsasda kontakt yaradır, oxucu qəlbinə girə bilir;
Şairin iç dünyası oxucunun da düşüncə
meydanına çevrilir...
Bu
nöqtə - milli insan İdealı, başqa sözlə:
idealda Milli insan modelidir: türk qanlı, müsəlman əqidəli,
müasir təfəkkürlü. Bir daha yada salsaq: bu -
Oğuz xandır, bu - Cavad xandır, bu - Əhməd
Ağaoğludur, bu - Məhəmməd Hadidir... Bu həm də
Sabir Rüstəmxanlıdır. Yazıçının
romanlarında oxucusu ilə tarixi diskursda kontaktları mütləq
bugünlə, müasirliklə tamamlanır.
Tehran
ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.-
2021.- 20 fevral. S. 28-29.