Giyom
Apolliner
1880-ci
il avqustun 31-də bir naməlum qadın iki nəfər
şahidin müşayiətilə Roma polis idarəsinə gəlib,
küçədən təzəcə doğulmuş
körpə tapdıqları barədə ərizə
yazdılar. Qadın bu oğlan uşağını
övladlığa götürməyə hazır olduğunu
bildirdi. Elə həmin il sentyabr ayının 29-da tapılan
körpəni xaç suyuna salıb ad verdilər - Culyemo
Alberto Dulçini. Noyabrın 2-də oğlanın doğma anası,
Polşanın yoxsullaşmış zadəgan nəslindən
olan Angelika Kostrovitskaya peyda oldu. O, övladının
qaytarılmasını tələb etdi. Bu zamana qədər
qadının harada olduğu, körpənin nə
üçün özgə qapısına
atıldığı naməlum qaldı. Ananın
yazdığı ərizəyə əsasən, uşaq 25
avqust 1880-ci ildə doğulmuşdur. Bu tarix Fransanın
böyük şairi, müasir Avropa poeziyasının banisi,
görkəmli incəsənət nəzəriyyəçisi
Giyom Apolliner təxəllüsü ilə məşhurlaşan
Vilhelm-Albert-Vladimir-Aleksandr-Apolliner-Kostrovskinin doğum
günü kimi qeyd edilir.
Şairin
anası rus ordusunda xidmət etmiş, ehtiyatda olan
polşalı zabitin qızı idi. Qadının
keçmişi barədə demək olar ki, biz bilmirik, lakin
Apollinerin həyatını öyrənən tədqiqatçıların
yazdığına görə, o, azad mənəviyyata malik
olmaqla, eyni zamanda gizli həyat tərzi
sürmüşdür. Şairin ana babası 1863-cü ildə
baş verən Polşa üsyanının
iştirakçısı olmuş, Sibir sürgünündən
canını qurtararaq İtaliyaya qaçmış və Roma
papasının sarayında xidmət etmişdir. Angelika
Kostrovitskaya haqqında yeganə dəqiq məlumat bundan ibarətdir
ki, 1880-ci ildə onun 22 yaşı olub, oğlanlarını
çox istəyib (Apollinerin Alber adlı kiçik
qardaşı olub, anası onu da əvvəlcədən
küçəyə atıb, sonra geri qaytarıb), amma qumar məclisləri
əyyaşlığı aylarla davam edərək evində
görünməyib və uşaqlarını unudub. Tədqiqatçılar
onu da yazırlar ki, Angelika Avropada məşhur qumarbaz kimi
tanınaraq, ruletka oyununda nadir hallarda uduzurmuş.
Şairin
atasının kimliyi gizli qalır. Böyük müəmma həvəskarı
olan Apolliner öz mənşəyinin tarixi barədə tez-tez
yalanlar uydururmuş. Bəzən atasının Roma papası
XIII Lev və ya Roma seçki idarəsinin kardinalı, gah
atasının yəhudi olduğunu deyir, gah da əsl
atasının knyaz Monako Qrimaldi olduğuna işarə
edirmiş. Dəqiq sübut olmasa da, tədqiqatçılar
ehtimal edirlər ki, şairin əsl atası italiyalı zabit
Françesko Fludcid Aspermont idi.
Apollinerin
uşaqlıq illəri Monakoda keçmişdir. O,
anasının udduğu pullar sayəsində Sen-Şarl
liseyində oxumuşdur. Liseyi bitirən kimi Kann şəhərindəki
Stanislav kollecinə daxil olur, lakin qadağan olunmuş ədəbsiz
ədəbiyyat nümunələri saxladığı və
oxuduğu üçün 1896-cı ildə kollecdən
qovulur. Apolliner Nitsaya köçərək Massenin ritorika
sinfində təhsilini davam etdirir. Burada ilk şeirlərini
yazmağa başlayan gənc şair lisey yoldaşı Anj Tussen
Luka ilə birlikdə əlyazmalardan ibarət jurnal
buraxmağa başlayır. Bu jurnalda Vilhelm (ev adamları
Apollineri bu adla çağırırdılar) Qiyom Makabr (Qiyom
Mraçnıy) təxəllüsü ilə şeirlər
yazır.
1899-cu
ilin yayında qardaşı ilə birgə Belçikanın
Stavlo şəhərciyində keçirdiyi tətil günlərində
ilk məhəbbət quşu onun pəncərəsinə
qonur və Apolliner Mariya Dyubaya aşiq olur. İlk ciddi silsilə
şeirlərini Mareyə (Mariya Dyubaya) həsr edirək
"Stavlo" poetik toplusunu qıza təqdim edir. Bu lirik
şeirlər toplusunu Mariya Dyuba yalnız əlli ildən sonra
nəşriyyata təqdim edir.
Marey
ilə məhəbbət macərası qəflətən
sona çatır. Anası pansionata kirayə haqqını
ödəyə bilmədiyi üçün oğlanlarına
tapşırır ki, gecə heç kimin xəbəri olmadan
pansionatdan qaçsınlar. Qardaşlar elə də edirlər
və bununla da Mareylə əlaqə kəsilir.
1898-ci
ildə Apolliner anasının evini tərk edib daimi olaraq Parisə
köçür. İki ildən sonra "Maten"
jurnalında onun "Nə etməli?" publisistik romanı
çap olunur. Bununla da onun ədəbi karyerasının
yüksəlişi başlayır. 1901-ci ilin əvvəllərində
o, on altı yaşlı Linda Molina Silva ilə məhəbbət
romanının ilk səhifələrini vərəqləyir.
Artıq peşəkar şair kimi tanınan Apolliner ara vermədən
Fransanın cənubunda istirahət edən Lindaya həsr etdiyi
sevgi dolu akrostixlər (sətirlərinin baş hərfləri
bir söz və ya cümlə əmələ gətirən
şeir), trioletlər (səkkiz misralı şeirdə
4-cü və 7-ci misralar birinci misranı, səkkizinci isə
ikincini təkrar edir), tertsinlər (üçmisralı bəndlərdən
ibarət şeir forması), madriqallar (gözəlləmə;
qadına həsr olunan kiçik lirik şeirlər) və
elegiyalar (mərsiyə tərzində həzin lirik şeir
forması) yazıb göndərir. Linda da Mariya kimi şairin
göndərdiyi bütün məktubları yığıb
saxlayır və Apollinerin ölümündən sonra "Nə
var" romanını nəşr etdirir.
Qazanc
axtarışı onu Almaniyaya gətirib çıxarır.
Qrafinya Eleonora Milqay Qabrielin kiçik qızına fransız
dilindən dərs deməyə başlayır. Qızın
mürəbbisi olan ingilis xanım Anni Pleyden ilk gündən
şairin diqqətini cəlb edir. Lakin qarşı tərəfin
etinasızlığı onu dəlilik dərəcəsinə
çatdırır. Apolliner Anninin ardınca bütün
Avropanı gəzir... Nəhayət, usanıb Amerikaya gedir və
bir müddətdən sonra onun "Reyn şeirləri"
toplusu və "Əyyaşlar" romanı Amerikada çap
olunur.
1902-ci
ildə şair Parisə qayıdır və onun həyatında
"belle epoque" - "gözəl dövr"
başlayır. Yeni "triumvirat" uzun müddət
üç dahinin - Qiyom Apolliner, şair Maks Jakob və rəssam
Pablo Pikassonun dostluğu Avropada ənənəvi estetik qanunlar
çərçivəsi dağılaraq yeniləri ilə əvəzlənir.
1907-ci
ildə Pikasso Apollineri rəssam qadın Mari Loransenlə
tanış edir. O vaxt rəssamın 22, şairin isə 27
yaşı vardı. Onlar birlikdə beş il yaşadılar.
Həmin dövr Qiyom yaradıcılığında çox
məhsuldar illər oldu, çox yazır və tez-tez
çap olunurdu. Buna baxmayaraq, hələ də onunla ciddi
olaraq hesablaşmaq istəməyənlər var idi. Buna əsas
səbəb Apollinerin özü idi. Onun yarıpornoqrafik hekayələri
və 1907-ci ildə nəşr olunan "On bir min gül ləçəyi"
sado-mazohist romanı cavan şairə qız Luiza Lalanninin
şeirləri ilə müqayisədə uduzdu. Oxucular gənc
şairəni ona nümunə göstərməyə
başladılar. Əslində, bunu Apolliner özü təşkil
edirdi. Gözəl qadın aurası onun üçün ibadət
məkanı idi. Sonralar şairin erotik şeirləri
"Eresiarx və K" kitabında toplanmışdı. Bu
kitabı yazıçı Elemir Burj Qonkurov mükafatına təqdim
etmişdi.
1911-ci
ildə Apolliner şeirlərinin 1-ci cildi - "Kələkbazlar
və ya Kortej Orfeya" kitabı nəşr olundu. Elə bu ərəfədə
Apollinerlə Mari Loransen arasında konflikt yarandı və rəssam
xanım şair məşuqunu tərk etdi. Apolliner bu
ayrılığı dəhşətli ağrılarla
keçirdi...
Biz
burada şairin gizli həyatı barədə yazmağa məcburuq,
çünki onsuz Apollinerin həyat və
yaradıcılığı ilə bağlı tədqiqat
işi natamam olacaqdır. Məlumdur ki, Parisə gələn
kimi Apolliner şəhərin ən yavaxana yerlərini gəzməyə
başladı ki, qeyri-ənənəvi münasibətdə
olmaq üçün cavan, yaraşıqlı oğlanlarla
tanış olsun. Əvvəllər belə münasibətlər
kiçikmüddətli və təsadüfi olurdu. 1904-cü
ildə bu cür tanışlıq üçün
münasib yer sayılan Mirabo körpüsünün
altında Jer Pyerlə görüşür və onu evinə
gətirir... Beləliklə, Pyer "Kələkbazlar və
ya Kortej Orfeya" kitabındakı baş qəhrəman -
İnyase D Ormezanın və "On bir min gül ləçəyi"
romanındakı qəhrəmanın prototipi olur... Gecə 20
avqust 1911-ci ildə Luvr muzeyindən Leonardo da Vinçinin
"Mona Liza" əsəri oğurlanır... Uzun müddət
aparılan tədqiqat nəticəsində məlum olur ki,
şəkli Jeri Pyer oğurlayıb. Apolliner Pyeri Marselə,
oradan da İskəndəriyyəyə qaçırır. Bu
səbəbdən şair 1911-ci il sentyabrın 17-də həbs
edilir. Apolliner oktyabrın 12-ə kimi zindanda qalmalı olur. Bu
müddət ərzində ona dəhşətli
aşağılayıcı işgəncələr verilir.
Fransa yazıçılar birliyinin müraciəti ilə o, həbsdən
azad edilir.
1912-ci
ildə Apollinerin "Zona" və "Vandemyer" şeirləri
dərc olunur. Ədəbiyyatşünaslar məhz bu şeirlərlə
müasir poeziyanın yarandığını hesab edirlər.
Şairin yaşadığı dövrdə onun
seçilmiş əsərlərindən ibarət ikinci
kitabı və "Əyyaşlar" romanı nəşr
edilir. 1913-cü ildə Apollinerin "Estetik düşüncələr.
Kubizm rəssamları" adlı kitabı çapdan
çıxır və həmin tarix kubizmin ad günü
hesab olunur. Şair bu kitabda Pikassonun
yaradıcılığını, Brakın analitik kubizmini,
Xuan Qrinin sintetik kubizmini və digər kubizm ənənələrini
təhlil edir.
Birinci
Dünya müharibəsi başlayanda Apolliner
könüllü olaraq cəbhəyə yollanır. Bu
addımı atanda hesab edirdi ki, bu yolla o, Fransada vətəndaşlıq
hüququna malik olacaq. Müharibə şairin
yaradıcılığına mane ola bilmədi. O, cəbhədə
"Luya məktublar" poetik əsərini yazır.
1916-cı ildə şair başından ağır
yaralanır və onun üzərində mürəkkəb cərrahiyyə
əməliyyatı aparılır. Hospitaldan çıxandan
sonra o, yenidən Parisin qaynar ədəbi mühitinə
atılır. "Kalliqrammalar" adlı potik toplusu,
"Sülh və Müharibə şeirləri" kitabı
işıq üzü görür.
Rene
Mobelya teatrında "Tresiyanın sinəsi" pyesi
tamaşaya qoyulur. Bu pyeslə absurd teatrın əsası
qoyulur.
1918-ci
ilin əvvəlində Apolliner Jaklin Kobla evlənir.
"Zamanın rəngləri" pyesi tamaşaya qoyulanda
Apolliner artıq həyatda yox idi.
Hazırladı: Zakir
ABBAS
Ədəbiyyat qəzeti.-
2021.- 20 fevral. S. 31.