Rejissor
Eldar Quliyev
Peşə və İstedad
Görkəmli kino xadimlərimiz Həsən Seyidbəyliyə
və Eldar Quliyevə həsr etdiyim bu iki yazı vaxtilə rus
dilində "Литература, Искусство, Культура (ЛИК) Азербайджана"
kitabımda dərc olunmuşdu. Bu yaxınlarda yubileylərini
qeyd etdiyimiz ustad sənətkarlarımıza aid
yazılarımı ilk dəfə Azərbaycan oxucularına təqdim
edirəm. (Anar)
Gənc (o illərdə gənc) azərbaycanlı
kinorejissor Eldar Quliyev haqqındakı bu kiçik məqaləni
çox uzun müddətə yazdım. Yarım il
öncə "Sovet filmi" jurnalının təklifi ilə
onu başlayanda ilk cümləni qeyd etdim: "Biri vardı,
biri yoxdu, bir cənub şəhərində mənim indi ən
vacib müsahibəni götürdüyüm gənc rejissor
Eldar Quliyev vardı". Bu cümlədə
yazılanı həyata keçirmək müxtəlif səbəblərdən
alınmadı. Janr dəyişildi və
indi mən oxucuya Eldarla müsahibə deyil, onun işləri
haqqında qeydlərimi təqdim edirəm. Bununla belə,
mən altı ay öncə yazılmış fikrimin
üstündən xətt çəkmirəm - cazibəsi
olduqca böyükdür: bu ifadədə rejissorun üç
filminin adı çəkilir: "Biri vardı, biri yoxdu", "Bir cənub
şəhərində", "Ən vacib müsahibə".
Bu yalnız az-çox uğurlu üslubi fənd
deyil. Məsələ burasındadır ki, mənim Eldar
Quliyev qavrayışım onun filmləri ilə bir
bütündür: rejissor və onun filmləri -
bütövdür, ayrılmazdır.
Eldarı və onun filmlərini görənlər
üçün bu, paradoksal görünə bilər. Rejissor -diribaş, ünsiyyətcil,
erudisiyalı müasir gəncdir və onun qəhrəmanları
- "Biri vardı, biri yoxdu" filmindəki qocalar, yaxud
"Bir cənub şəhərində" filmində (ssenari
Rüstəm İbrahimbəyovundur) şəhərkənarının
qaba, bir az yonulmamış oğlanları.
Onları nə birləşdirə bilər ki?!
Zahirən, görkəmcə, yaş və
xaraktercə - heç nə. Bəs əgər
insanlıq, xeyirxahlıq, qəlb zərifliyi kimi kateqoriyalara
müraciət etsək? Bu keyfiyyətlər
Quliyevdə var. Onun qəhrəmanlarının mənəvi
siması da elə bu keyfiyyətlərlə müəyyənləşir.
Buna görə də o öz qəhrəmanları
ilə dostdur, onları sevir, anlayır və tərənnüm
edir.
Sənətkar
üçün ən çətini - doğma, yaxın hiss
və düşüncələri uzaq, yad, bir-birinə
daban-dabana zidd xarakterlər, obrazlar, talelər və situasiyalar
vasitəsilə ifadə etməkdir. Özünün
ilk müstəqil "Biri vardı, biri yoxdu" filmindəcə
Eldar bu işin öhdəsindən gəldi. Payızda
Abşeron yarımadasının kimsəsiz bağlarında
iki tənha qoca - kişi və qadın. Bu süjetdə gənc rejissoru cəlb edən nə
idi? Abşeronun fakturası - yalın, kimsəsiz
sahillər, qumlar, bozumtul noyabr səması, tərk edilmiş
bağlar, səssizlik, dinclik, sükunət? Görünür, hə.
Bütün bunlar. Lakin ilk növbədə,
insanlar - bir-birini öz həyat yolunun son "stansiyasında"
tapan iki qocanın taleyi, asanlıqla izah oluna bilən səbəblərdən
məhrum - nə sevgi, nə qohumluq əlaqəsi, nə təmənna
- nə isə başqa, gözəl - ali və yəqin ki, həyatdakı
ən son bağlılıq, tənhalığın dəf
olunması, başqasına görə məsuliyyət hissi - münasibətlərin
poeziyası. Həyatda dincliyin müdrikliyini
duyğuların təlaşının əvəz etdiyi
dövrün poeziyası. Və Quliyevin
ehtiraslar dalğası hopdurulmuş növbəti filmi -
"Bir cənub şəhərində". Əsası sanki partlayıcı üzərində
qurulmuş situasiya flmi. İstisi asfaltı əridən,
yay günəşinin ağacları yandırdığı,
ağ evləri olan şəhər. Və bu şəhərin insanları cənublu kimi
temperamentli, qaynar, çılğındırlar.
Amma elə burada ehtirasların çılğın
qarşıdurmasında, cilovsuz duyğuların gərginliyində
də rejissor sakit və təmiz insanlıq notu
arayışındadır - hər cür gerilikçi zehniyyət,
vaxtı keçmiş ənənələr, köhnəlmiş
əxlaq normalarından üstün olan gerçək
insanlığın. Onu təcrübəli jurnalist Cahangirlə
haqq-hesab çəkməyə gələn qəhrəmanı
Muradın kədərli gözlərində arayır. Qəhrəman atasının məzarını ziyarət
edən Tofiqin səmimi həyəcanında axtarır, hərçənd
bu təlaş kəskinləşdirilmiş, qrotesk formalarda
verilir.
"Mənimçün fəaliyyət dövrü
bitdi və düşüncə zamanı başlandı",
- fransız filmlərindən birində belə deyilir. Quliyevin üçüncü
filmi olan "Ən vacib müsahibə" öz mövzusu
etibarilə bu fikri təsdiqləyir. "Ən vacib
müsahibə"nin (ssenari Maqsud
İbrahimbəyovundur) qəhrəmanı radiomüxbir Zaur
üçün fəaliyyət dövrü bitməyib və
bitə də bilməzdi, o, gəncdir, enerjilidir, güc və
həyat doludur. Bununla belə, onun
üçün də düşünmək zamanı gəlib
çatdı, öz həyatı, ümumiyyətlə insan həyatı,
məsuliyyət, başqaları qarşısında ödənməmiş
borc duyğusu və digər vacib məsələlər barəsində
düşünməyə başladı. Rejissor
qəhrəmanlarını nə qədər çox sevsə
də, ən məsuliyyətli məqamda həmişə
onlardan ayrılır. Qəhrəmanlarının
əvəzinə qərar verməmək üçün ən
vacib qərarlar anında onları tərk edir. O,
haqlıdır. Sənətkarın vəzifəsi
- problemləri qoymaqdır, onların birmənalı
çözümünü vermək vacib deyil. Kino sənəti nümunələri
tamaşaçıya o mənada təsir edir ki, onun diqqətini
bu və ya digər məsələyə cəlb edir və
tamaşaçını daxilən bu problemlərin müstəqil
həllinə hazırlayır. Bu planda
Eldar Quliyevin filmlərində məni vacib mənəvi-əxlaqi
problemlərin qoyulması arzusu cəlb edir. Bax elə indi də Alla Axundovanın ssenarisi əsasında
"Var olun, qızlar" filmini çəkərkən
rejissor bir daha cəmiyyətimiz üçün vacib olan borc,
məsuliyyət, fədakarlıq, humanizm və xeyirxahlıq
kimi mənəvi məsələlərə müraciət
edir.
Eldar Quliyev elə ilk filmlərindəncə diqqəti cəlb
etdi, axtarışları ilə maraqlandırdı, öz
yaradıcılığına qarşı inam yaratdı. İnanırıq
ki, gənc rejissorun ən böyük qələbələri
hələ qarşıdadır.
"Sovet filmi"
jurnalında dərc olunub. № 7, 1977
PEŞƏ
VƏ İSTEDAD
Həsən Seyidbəyli 1945-ci ildə Moskva Dövlət
Kinematoqrafiya İnstitutunu, görkəmli rejissor Qriqori
Kozintsevin kursunu bitirdi. Diplom işini çəkdi -
quruluşçu rejissor diplomunu aldı. Bakıya
qayıtdı. "Rəsul Rzanın
ssenarisi üzrə "Qızıl üzük" filmini
çəkməli idi. Rəsul Rza o illər
Azərbaycan kinosuna rəhbərlik etsə də, nədənsə,
həmin film çəkilmədi. Səbəbini
bilmirəm, nəyə görəsə vaxtında bu sualı
nə atama, nə Həsənə verdim. Həmin
baş tutmayan cəhddən yalnız Tofiq Quliyevin atamın
sözlərinə yazdığı
"Üzüyümün qaşı firuzədəndir"
adlı gözəl mahnısı yadigar qaldı. Mahnı ilk dəfə Rəşid Behbudovun parlaq
ifasında (sonralar Fidan və Xuraman Qasımova bacıları
da gözəl ifa etdilər) səsləndi.
Quruluşçu
rejissor diplomu almış Həsən Seyidbəyli ilk filmini
institutu bitirəndən on yeddi il sonra,
1962-ci ildə çəkdi. Amma 1946-cı ildə artıq ilk
hekayəsi dərc olunmuşdu, on yeddi il ərzində
də ədəbiyyatda sanballı nüfuz qazandı. Düzdür, həmin illərdə də kinoda
ssenariçi kimi işlədi, onun ssenarilərini Lətif Səfərov
və Tofiq Tağızadə çəkdilər.
1962-ci ildə rejissor kimi quruluş verdiyi
"Telefonçu qız" filminin əsasında onun əvvəllər
çap olunmuş eyniadlı povesti dururdu. Bundan sonra o,
öz ssenariləri üzrə bir neçə film -
"Möcüzələr adası" (1963), "Cazibə
qüvvəsi" (1964), "Sən niyə susursan?",
"O qızı tapın" (1970), "Xoşbəxtlik
qayğıları" (1976) filmlərini çəkdi.
Başqa müəlliflərin ssenariləri
üzrə quruluş verdiyi iki lenti ("Bizim Cəbiş
müəllim" (1969) M.İbrahimbəyovun ssenarisi üzrə;
"Nəsimi" (1973) İ.Hüseynovun ssenarisi üzrə)
də bu siyahıya əlavə etsək, onda belə hesab etmək
olar ki, ildə bir bədii film çəkib. Belə bir məhsuldarlığa həsəd aparmaq
olar. Belə təəssürat yaranır ki, bu on
dörd il ərzində - 1962-1976-cı illərdə
- Həsən Seyidbəyli, sanki quruluşçu rejissor kimi
kinoda çalışmadığı, kənar
qaldığı on yeddi ilin əvəzini
çıxırdı. Amma mənə elə gəlir,
başqa bir səbəb də vardı - Həsən Seyidbəyli
bədii yaradıcılığının iki istiqaməti: ədəbiyyatla
kino arasında qalmışdı.
Kino onun sənəti idi, ədəbiyyat isə
istedadı idi.
Bununla belə, rejissor kimi çəkdiyi filmlərdən
sonra kinonu da onu istedadını sübut etdiyi sahə hesab etmək
olardı. O, ədəbiyyatda özünü "Tərsanə",
"Cəbhədən cəbhəyə", xüsusilə
böyük şöhrət qazanmış "Uzaq sahillərdə"
romanları ilə təsdiq etmişdi. İmran Qasımovla
yazdığı son romanda o, ilk dəfə
xalqımızın şöhrətli oğlu, Böyük Vətən
müharibəsi illərində Yuqoslaviyada "Mixaylo" ləqəbi
ilə döyüşmüş, həlak olmuş və orada
dəfn edilmiş əfsanəvi partizan Mehdi Hüseynzadənin
obrazını yaratmışdı. Sonralar Tofiq Tağızadə
İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi
üzrə "Uzaq sahillərdə" filminə quruluş verdi. Qəhrəmanın
adını xalqımıza məhz həmin əsərlər
qaytardı, oxucular və tamaşaçılar Mehdi
Hüseynzadənin yaradıcılığından məhz həmin
roman və film vasitəsilə xəbər tutdular. Ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı
adı verildi.
Əlbəttə, bütün istedadlı sənətkarlar
kimi, onun yaratdığı əsərlərin hamısı
eyni səviyyədə deyil. Həsən Seyidbəylinin
ədəbiyyatda da, kinoda da uğurlu və kifayət qədər
uğurlu olmayan əsərləri var. Amma o, uğurlu əsərləri
ilə incəsənətimizdə həqiqi realist ənənənin
formalaşmasında böyük rol oynadı.
"Altmışıncılar" haqqında tez-tez
yazanda məni bəzən məhz həmin nəslin uğurlarını
təbliğ etməkdə günahlandırırlar. Mən də
dəfələrlə izah etməli olmuşam ki,
altmışıncı illərin ədəbiyyatı və
incəsənəti barədə söz açanda çətin
yeniləşmənin yükü məhz onların çiyinlərinə
düşsə də, yalnız həmin illərdə
yaradıcılığa başlamış gənc sənətçilər
nəslini nəzərdə tutmuram. Mən
yaşlı nəslə mənsub olan sənətçilərin
də yeni istiqamətdə işləmələrinə imkan
verən Zamanı nəzərdə tuturam. Əlbəttə, yaranan həmin imkanlardan hamı
yararlanmadı, amma əvvəldən yeniliyə meyilli olan,
amma müxtəlif səbəblər üzündən istədiklərini
gerçəkləşdirə bilməyən şairlər,
yazıçılar, bəstəkarlar, teatr və kino xadimləri
özlərinin ən sanballı əsərlərini məhz
altmışıncı illərdə yaratmağa
başladılar. Poeziyada bu, Rəsul Rzanın
"Qızılgül olmayaydı" poeması, "Rənglər"
silsiləsi və bir çox şeirləri, nəsrdə
İsa Hüseynovun "Teleqram", "Tütək səsi",
"Saz", "Şəppəli" povestləri,
İsmayıl Şıxlının "Dəli Kür"
romanı, dramaturgiyada İlyas Əfəndiyevin "Sən həmişə
mənimləsən" pyesi, musiqidə Q.Qarayevin
"Üçüncü simfoniya" və "Skripka konseri"
əsərləri, rəssamlıqda Səttar Bəhlulzadənin
tabloları, teatrda Tofiq Kazımov və Mehdi Məmmədovun
tamaşaları idi. Kinomuzda isə yenilənmə
yoluna hamıdan əvvəl Həsən Seyidbəyli qədəm
qoydu.
Həsən
Seyidbəylinin ən yaxşı əsərlərində - həm
ədəbiyyatda, həm də kinoda - Zamanın ab-havası -
"balaca adam" adlandırılan insanlara marağı və
diqqəti öz əksini tapdı. O, keçmiş
dövrün istehsalat qabaqcılları haqqında bir sıra
normativ əsərlərdən fərqli olaraq, sadə adamlar -
telefonçular, kənd həkimləri, liftçi qız və
b. - haqqında yazmağa və çəkməyə
başladı. Həm də inandırıcı
şəkildə, realist dəqiqliklə və şübhəsiz
ki, istedadla yaratdı. İsa Hüseynov ədəbiyyatda
olduğu kimi, Həsən Seyidbəyli də kinoda yol
salmağa başladı, yazıçıların və
kinematoqrafçıların yeni nəsli həmin yolla getdi.
Həsən Seyidbəylinin filmlərində ilk
dəfə özünü parlaq surətdə göstərən
digər gözəl ənənə də həyatımızın
mənfi təzahürlər adlanan cəhətlərini kəskin
tərzdə əks etdirməkdir. Həsən
Seyidbəyli ekrana xəyali gerçəkliyin aydın, idillik və
bərbəzəkli aləmini yox, həyatın sərt həqiqətini
- qanunçuluğun pozulmasını, əliəyriləri,
brakonyerləri gətirirdi. Yadımdadır,
müzakirələrin birində məşhur rejissorlardan biri
Həsən Seyidbəylinin filmi haqqında kinayə ilə
fikir söyləyəndə - "osetrin" haqqında film
çəkdiyini deyəndə - zalda bərk gülüşmə
qopdu. Həsən gülənlər
arasında onun daim dostyana münasibət bəslədiyi,
bacardığı qədər yardım göstərdiyi Eldar
Quliyevin də olduğunu gördü. Elə Eldar da ona
çox hörmət bəsləyirdi, ola
bilsin, gülüşü qeyri-ixtiyari olmuşdu. Hər halda,
Həsən yana-yana mənə dedi ki, "Eldar fikirləşir,
atam öləcək, velosiped mənə qalacaq". O, Lətif
Cəfərovun ölümündən sonra
daşıdığı Azərbaycan Kinematoqrafçılar
İttifaqının sədri vəzifəsini nəzərdə
tuturdu.
Həsən Seyidbəyli kinematoqrafçılarımızın
gənc nəslinə həssaslıqla yanaşırdı,
Rüstəm də, Oqtay da, elə o Eldar da, mən də
müəyyən məqamlarda onun köməyini hiss edirdik. Aramızda
yaş fərqinin olmasına baxmayaraq, onunla çox yaxın
idik. O, "Literaturnaya qazeta"nın sifarişi ilə
Yusif Səmədoğlu, Əkrəm Əylisli və mənim
haqqımda sanballı məqalə yazdı, Həsənin
dediyinə görə, məqaləni redaksiyada yaxşı qəbul
elədilər, bu yaxınlarda çap olunacağını
söyləmişdilər, amma, nədənsə, işıq
üzü görmədi.
"Nəsimi" filminin çəkilişi - fikrimcə,
ilk sanballı tarixi ekran əsərimizdir - Həsən Seyidbəylinin
böyük xidmətidir. Bütün digər
müsbət cəhətləri ilə yanaşı, həmin
filmdə Rasim Balayevin parlaq istedadı üzə
çıxdı.
"Nəsimi" studiyamızın gələcək
tarixi filmləri üçün, bir növ, təkan nöqtəsi
idi. Yeri gəlmişkən, "Dədə Qorqud"
(rej. T.Tağızadə), "Babək"
(rej. E.Quliyev) filmlərində baş
rollarda da Rasim Balayev çəkilib.
Həsən Seyidbəylinin ləyaqətli hərəkətlərindən
birini xatırlamaq istərdim. Bu, İrəvanda
keçirilən sovet kino filmlərinin festivalı günlərində
baş vermişdi. Mən Həsən
müəllimlə birlikdə festivalın münsiflər heyətinin
sədri S.Rostotskini inandıra bildik ki, ermənilərin
festivala təqdim etdikləri "Ermənistan haqqında yeddi
mahnı" filmi millətçi-şovinist xarakter
daşıyır. Məhz bundan sonra həmin
filmə Qran-Pri mükafatı verilmədi.
Elə insanlar olur ki, onları rəhmətlə,
ehtiramla və hörmətlə xatırlayırlar. Belə
insanlardan biri Həsən Seyidbəylidir.
ANAR
Ədəbiyyat qəzeti.-
2021.- 27 fevral. S. 2-3.