Bircə məni yoxluğuna öyrəşdirmə...
Növbəti yoxluq...
(Məni çox yoxluqlara öyrəşdirdilər.
İncimə, bunu hesablamağa
sənin tənhalığın yetməz...)
Əslində, gedənlərin hamısı
məni daha çox yoxluğuna öyrəşdirərək,
Hiss etdirmədən ömür kimi
hər gün bir az gedirdilər.
İndi isə sən...
Sus!
Lazım deyil, özünə əziyyət vermə,
Ürəyin necə istəyirsə
elə get.
İstəyirsən, bir sabah çağı
yalvar, üzr istə, daha bacarmıram de!
Ya da gecələrin
birində
ürəyimə bənzətdiyin nə varsa
hər şeyi qır, get.
Neyləyirsən elə,
yetər ki, yenidən
məni yoxluğa öyrəşdirmə.
Daha növbəti bir yoxluğa öyrəşmək
istəmirəm.
Daha nifrətdirsə,
nifrət etmək,
Sevməkdirsə,
sevmək istəyirəm.
Qorxma,
nə ehtiyat elədiyin qədər qəddar,
nə də
sandığın kimi zəifəm.
Axı özün demişdin,
safam;
Nətəhər işdirsə
həm də çox bilmişəm.
Hər misranda da
dəliymişəm.
Bax, gördüyün kimi
ağlın zirvəsindəyəm
Ona görə də
qorxma,
necə istəyirsənsə,
nə vaxt istəyirsənsə
get.
Bircə məni yoxluğuna
öyrəşdirmə.
Boş dönmək qorxusu
İnsanlar düşünürlər ki,
qatarlardan fərqlidirlər.
...Və onların bir adı var.
Ancaq səhv edirlər;
İnsanın birdən çoxdu
adı.
Məsələn, Uşaq adı,
Ata adı, Ana adı,
ağıllı adı axmaq adı
və saymadıqlarım...
Axx, bu kirli insanların
xudbin şəhərləri...
Bütün şəhərlər
yaşamaq üçün
adını bir qatara verər.
Ancaq onlar insanlardan fərqlidi.
...Və onların bir adı var, bir
adı.
O gündən sonra qatarlar
küsdü relslərdən,
daha nəin ki, "Sobibor"a
indi hər yerə maşinistlər
məcbur sürüyür onları.
Kədərli səslənsə də
qatarlar daha nə insanlara
nə də relslərə güvənir.
Çünki sadəcə
boş dönməyin əzabından
qorxurlar.
Bilirsən, bu həyatdan
boş dönmək nə deməkdir?!
Hesab
Hər şeyin bir hesabı var
bu dünyada.
Heç nə havayı deyil.
Tənhalıq belə...
30 ildən çox ömür,
xəyanətlər...
üstəgəl, bir neçə şüşə uşaqlıq
və köhnə otaqda
tanımadığın insanlara
şamlarını itirib
sonrasa susmuş
bir pianonun öndə rəqs bərabərdi üç nöqtə...
Sən içindən şeir
pıçıldamaq istəyirsən
onlarsa kişi, qadın,
nə bilim insan hüquqları
sevdasını...
Amerikadan öncə
qadınlara hüquq verən ölkədə, məncə,
kimsənin feminist olmağa haqqı çatmır.
Lənətə gəlsin bu fırıldaqçı bar sahiblərini,
sözün şirin yerində
bir qədəh daha içməyə yenə
pul çatmır...
Səs-küydən gecəyə açılan
qapının
sonrasını isə kimsə xatırlamır ...
Nəfəsi kəsilmiş
otel otaqları
Otel otağına bənzər
bəzi adamlar,
sakini yiyəsindən başqa -
kim istəsən...
otel otağına bənzər
bəzi adamlar,
yayında əriyib,
qışında çiliklənərsən.
Köksündə yatarsan,
fəqət dincəlməzsən.
Lənətə ürəyin,
alqışa dilin gəlməz.
Otel otağına bənzər
bəzi adamlar,
sakini yiyəsindən başqa -
kim istəsən...
Gözlərində gecəni,
sözlərində gündüzü xatırlayarsan.
Gözünə baxanda kar,
sözünü eşidəndə kor olarsan.
Səssiz...
bax beləcə,
yormadan yorularlar.
Yerişlərindən çox
gülüşlərində axsayarlar...
Otel otağına bənzər
bəzi adamlar;
yiyəsindən başqa,
sakini kim istəsən...
Fuad Cəfərli
Ədəbiyyat qəzeti.- 2021.- 27
fevral. S. 11.