Şəhid

Mayılov Bəxtiyara

 

 

Bu gecə bir şəhid yuxuma gəldi,

 

Qəzəblə, nifrətlə üzümə baxdı.

 

Bu gecə bir şəhid yuxuma gəldi,

 

Əlinin qanını sinəmə yaxdı.

 

 

Bu gecə bir şəhid yuxuma gəldi,

 

- Ata olacaqdım, - dedi - a zalım,

 

Mən sənin kimi körpə balamı

 

İstərdim qollarım üstünə alım.

 

 

Bu gecə bir şəhid yuxuma gəldi,

 

"Hardasan?" - üstümə

 

                           bağırdı bir az.

 

Sonra sakitləşib "ay ana" dedi,

 

Ağladı, anasın çağırdı bir az.

 

 

Bu gecə bir şəhid yuxuma gəldi,

 

Bir məktub uzatdı uca tonla,

 

"Bunu sevgilimə verərsən" - dedi.

 

"Əlvida" yazmışdı kağıza qanla.

 

 

Bu gecə bir şəhid yuxuma gəldi,

 

Bildim ki, bu mənim xəcalətimdir

 

Görüşdük, danışdıq, gedəndə dedi:

 

"Vətənim sizlərə əmanətimdir".

 

 

Elşad Barat

Ədəbiyyat qəzeti.- 2021.- 27 fevral. S. 21.