Ərdoğanın Sakaryası

 

Fevralın 26-sı Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ad günüdür. Biz, Mahmud Kaşqari adına Beynəlxalq Fond və "Ədəbiyyat qəzeti" olaraq Cümhurbaşqanını təbrik edir, ona Allahdan cansağlığı, tutduğu yolda başarılar diləyirik.

 

Allahın bir gözəl günündə, Nəcib Fazil Qısakürəyin "Sakarya" şeirini dinləyirəm. Mən bu şeiri həmişə sevmişəm, amma indi onu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dilindən dinləmək bir ayrı duyğular oyadır məndə. Osmanlı dövlətinin, Türkiyənin yaşadığı bütün əzəmətli və acılı günlər keçir gözlərimin önündən.

 

"İnsan şu su misali, kıvrım-kıvrım axar ya,

Bir yandan bakan benim, o bür yandan Sakarya".

 

Hər türkün öz Sakaryası var, Sakarya türkün taleyinə yazılıb, babalarımız Anadolu torpaqlarında yurd qurandan bəri həmişə öz Sakaryaları  ilə üz-üzə olublar. Sonuncu dəfə Mustafa Kamal paşa öz Sakaryasını qazandı və Türkiyə Cümhuriyyətini qurdu, Atatürk oldu. Sonra Sakarya uzun müddət şairlə, Nəcib Fazillə üz-üzə qaldı. İndi Rəcəb Tayyib Ərdoğanın Sakaryası zamanıdır.

Bir dəfə Qənirə xanım Paşayeva ilə Mustafa Kamal Atatürkün və Rəcəb Tayyib Ərdoğanın Türkiyə tarixindəki rolları barədə söhbət edirdik. Mən onda söylədim ki, Osmanlı səltənəti qocalıb-qartımış Ulu Çinar idi, tale rüzgarı və içindəki ağac qurdları onu tamam çürüdüb qurutmuşdular. Atatürk bir tale bağbanı kimi, onu qurumuş badaqlardan və içindəki qurdlardan budayıb təmizlədi, yaşıl pöhrəli Türkiyəyə çevirdi. Ərdoğanın missiyası bu pöhrələri təzədən budaqlandırıb Ulu Çinara çevirməkdir. Yeniləşən Türkiyəni başdan-başa gəzən və orada gedən proseslərə yaxından bələd olan Qənirə xanım da bu məsələdə mənimlə həmfikir olduğunu bildirdi və əlavə elədi ki, R.T.ƏrdoğanTürkiyənin sarsıdılmış əzəmətini, ən əsası isə ləyaqətini özünə qaytardı. Bu məsələdə mən də onunla həmfikirəm.

Əlbəttə, biz Azərbaycan türkü olsaq da, Türkiyədəki siyasi partiyalar və onların rəhbərləri üçün əcnəbilərik, bizim bir siyasi partiyanın lideri barədə  sevgi ilə yazdığımız yazı onlarda müəyyən qıcıq yaradır. Mən bir Azərbaycan yazarı olaraq demək istəyirəm ki, türk xalqına xidmət edən bütün siyasətçiləri sevir və hörmət edirəm, amma elə şəxsiyyətlər var ki, onlar siyasi partiyalardan yuxarıda dayanırlar...

 

Türk-İslam "kabusunun" simvolu

 

 R.T.Ərdoğan 2002-ci ildən Türkiyənin rəhbəri kimi fəaliyyət göstərir və bu illər ərzində bu ölkənin siması tamam dəyişib. Uzun illər Sevr və Lozanna konfranslarında qəbul edilən qərarların ağırlığı altında inləyən Türkiyə Ərdoğanın hakimiyyəti illərində həqiqətən möhtəşəm bir dövlətə çevrildi. Yüz ilə yaxın bir müddətdə Türkiyəni özünün bir vassal dövləti kimi görən beynəlxalq oliqarx və imperialist güclər əllərində olan bütün vasitələrlə dirçələn Türkiyə Cümhuriyyətinə, bu dirçəlişin memarı Rəcəb Tayyib Ərdoğana qarşı hücuma keçdilər. Mən bunu belə də ifadə edə bilərəm: Əgər XIX əsrdə Avropada "kommunizm kabusu", XX əsrdə liberalizm kabusu dolaşırdısa, indi XXI əsrdə Avropada Türk-İslam "kabusu" dolaşır və Rəcəb Tayyib Ərdoğan bu kabusun simvoludur. Uzun əsrlər boyu Anadolunu türklərdən təmizləmək arzusu ilə yerikləyən məlum qaragüruh cümlə-gücləri ilə Ərdoğanın üzərinə hücuma keçirlər. Niyə? Onlar şəxsiyyətin tarixdə oynadığı rolu yaxşı bilirlər və buna görə siyasi səhnəni şəxsiyyətsiz siyasətçilərlə doldurublar. R.T.Ərdoğan isə öz zəkası və xarizması ilə tikan olub batır gözlərinə...

Məncə, Uinston Çörçill ingilislər, Şarl de Qoll fransızlar, Avraham Linkoln amerikalılar üçün kimdirsə, R.T.Ərdoğan da türklər üçün elədir, hələ bəlkə bir az da artıqdır. Mənim R.T Ərdoğana olan simpatiyamın əsas səbəblərindən biri də odur ki, o, siyasi səhnədə şəxsiyyətlərin öləzidiyi bir zamanda siyasətə poeziya gətirdi. Bu xüsusiyyətinə görə onu Makedoniyalı İskəndər, Elxan Bumın, Çingiz xan, Sultan Süleyman, I Yelizaveta, II Yekaterina, V.Bismark  kimi yenilikçi şəxsiyyətlərlə müqayisə etmək olar. Qərbdə xarizmatik liderlərin yoxluğu zamanında R.T.Ərdoğanın siyasi səhnədəki xarizmatik obrazı göz çıxarır. Bu da çoxlarını, çox böyük qüvvələri əndişələndirir.

 

O, hərbi çevriliş ənənəsinə son qoydu

 

Batının Ərdoğan kimi liderdən yana əndişəsi 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevriliş çəhdi baş verəndə xüsusilə qabarıq göründü. Qiyamçılar öz cəhdlərinə başlar-başlamaz bu çevriliş tamaşasının rejissorlarının xidmətində olan kütləvi informasiya vasitələri Prezident Rəcəb Tayyib Ərdoğanın naməlum istiqamətdə getdiyini və ya artıq taleyinin həll olunduğunu böyük məmnunluqla yazırdılar. Yəqin ki, bu qiyamı ssenariləşdirənlər Türkiyədə dəfələrlə olduğu kimi, onların xidmətində olan hərbiçilərin hakimiyyəti rahatca ələ keçirəcəyini düşünürdülər.

Qərb mediasının münasibətindən açıq-aydın hiss olunurdu ki, Türkiyənin NATO üzrə müttəfiqləri hərbiçilərin bu aksiyasından heç də xəbərsiz deyillər. "Mister ikslər" edam cəzası olmayan bir məmləkətin başçısının ölüm fərmanına imza atmışdılar.

O qanlı-qadalı gündə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Türkiyə iqtidarına dəstəyini nəinki şifahi çıxışlarında və Ərdoğanla telefon danışıqlarında ifadə etdi, həm də qardaş ölkəyə gedərək R.T.Ərdoğana şəxsi dəstəyini nümayiş etdirdi. Və bununla da "bir millət, iki dövlət"in ayrılmaz olduğunu Türkiyənin düşmənlərinə göstərdi və bu münasibət Türkiyə və Azərbaycan birliyini yeni zəfərlərə daşıdı.

Böyük türk xalqının qətiyyəti sayəsində Türkiyə Cümhuriyyətini gözü götürməyənlərin istədiyi alınmadı, fələk adlı mələk onların saydığını saymadı. Bu ssenarini yazanlar sadəcə bir şeyi nəzərə almamışdılar - Türkiyə artıq əvvəlki Türkiyə deyil. Böyük Fatehlərin torunları olan bu xalq, bu ordu daha səlibçilərin vassalı olmaq istəmir.

Xalqın ilk seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğan öz xalqına, tarixin ən böyük qəhrəmanlarının genini daşıyan türk xalqına müraciət edərək, zalımlara boyun əyməməyə, küçələrə çıxıb sui-qəsdçilərə dirəniş göstərməyə çağırdı. Minarələrdən ucalan azan sədaları altında "Allahu-Əkbər" deyərək küçələrə axışan milyonlarla insan yalın əllə tankların, topların, silahlı əsgərlərin üzərinə axın etdi və çağdaş Türkiyə tarixinə yeni bir qəhrəmanlıq dastanı yazdı. Ordudakı milli qüvvələr də prezidentə sadiq qalaraq türk dövlətinin yanında yer aldılar.

Başbuğ Alp Arslan Türkeşin varisləri, Dövlət Baxçalının rəhbərlik etdiyi Millətçi Hərəkat Partiyasının üzvləri və tərəfdarları da qiyamın yatırılmasında önəmli rol oynadılar. Həmin gün "İslamın son ordusu" adlandırılan türk xalqı səlibçilərin muzdlularını diz çökdürdü: yüz il öncə Sakaryada onların ağalarının babalarını çökdürdüyü kimi.

O gecə məlum oldu ki, artıq Türkiyə əvvəlki kimi ABŞ və Avropa Birliyinin sınaq meydanı olmaq istəmir, artıq bu ölkədə şərəfli babalarının əsrlər boyu yaşatdığı əzəməti damarlarında daşıyan yeni bir nəsil ortaya çıxıb və onlar XXI əsrin başlarında yeni Çanaqqala Zəfəri inşa etmək üçün israrlıdırlar. Onlar illər uzunu böylə bir zəfərin memarını gözləyiblər və Cənabi Allah bu xalqı qələbədən-qələbəyə aparmaq üçün ona bəsirətli bir lider bəxş edib.

Əgər yüz il öncə, Osmanlı əzəmətinin çökdüyü bir zamanda belə bir xilaskar Qazi Mustafa Kamal Atatürk oldusa, həmin əzəmətin baş qaldırdığı yeni zamanda xilaskar funksiyanı, ən yüksək kürsülərdən "dünya beşdən böyükdür" deyərək İkinci Dünya müharibəsinin qalibləri olan beş hegemon gücə meydan oxuyan Yeni Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürdü. Buna heç iqtisadi cəhətdən çox gəlişmiş Almaniya və Yaponiya kimi dövlətlər də cəsarət etməmişdilər. Bəs onda on illər boyu Avropanın öz kandarında görmək istədiyi Türkiyənin başçısının bu cəsarəti hardan qaynaqlanır? Bunu görmək üçün onun həyat yoluna nəzər salmaq yəqin ki, faydalı olar.

 

İstanbulun ikinci fatehi

 

 Ötən əsrin 90-cı illərinin əvvəllərində İstanbul Avropanın ən çirkli və zibilli şəhərlərindən biri kimi tanınırdı. Bu nəhəng meqapolisin küçələrini sözün əsl mənasında zibil basmışdı. Şəhər bələdiyyəsi əhalinin "çöp təpələri" adlandırdığı zibilliklərin öhdəsindən heç cürə gələ bilmirdi. "Yeddi təpəli şəhər" minlərlə çöp təpəsinə çevrilmişdi. Şəhərin su təchizatı da bərbad gündə idi. İnsanlar saatlarla su növbəsinə dayanırdılar. Bəzən belə növbələr kilometrlərlə uzanıb gedirdi. İstanbulun qaz təchizatı zəif olduğundan hər yerdə kömür yandırırdılar, ona görə də, xüsusən qış aylarında küçələrdə nəfəs almaq belə çətin idi.

Bu vəziyyət 1994-cü ildən sonra, gənc siyasətçi Rəcəb Tayyib Ərdoğanın İstanbulun bələdiyyə başqanı seçilməsiylə sürətlə dəyişməyə başladı. Yeni bələdiyyə başqanının gördüyü tədbirlər nəticəsində zibil təpələrinin küçələrdən yığışdırılıb emal edilməsi və su təchizatı qaydaya düşdü. Gecəqonduların yerində yeni çağdaş binalar, parklar tikilməyə başladı. Qaz təchizatı qaydaya düşdüyündən tüstü buludları şəhərin üzərindən çəkildi. 600 il böyük bir imperiyanın mərkəzi olmuş İstanbul yavaş-yavaş layiq olduğu şəkli almağa başladı. Qısa bir sürədə böyük dəyişikliklər həyata keçirən R.T.Ərdoğan öz əməlləriylə istanbulluların könlünü fəth etdi. Bəlkə də bu hadisə Sultan Fateh Məhməd Xanın fəthindən sonra İstanbulun ikinci fəthi oldu.

Bu fəthin ərazisi isə milyonlarla insanın könlü və sevgisiydi və bu könüllər Rifah Partiyasında fəaliyyət göstərən gənc siyasətçi Rəcəb Tayyib Ərdoğanın siyasət olimpinə doğru getdiyi yolda dirənə biləcəyi istinad nöqtəsinə çevrildi. Əlbəttə, bu yol heç də başladığı kimi hamar olmadı. 1995-ci ildə rəhmətlik Nəcməddin Ərbakanın başçılıq etdiyi Rifah Partiyası Türkiyədə parlament seçkilərində qalib gəldi və hökumət qurmaq hüququ qazandı. Bu qələbədə İstanbulun xalq tərəfindən sevilən bələdiyyə başqanı da az rol oynamadı. Koalisyon hökumətə başçılıq edən Nəcməddin Ərbakan "Avropada sonuncu dövlət olmaqdansa, İslam dünyasında birinci dövlət olalım" deyərək hegemon güclərin qoyduğu qaydaları pozdu və 28 fevral 1997-ci ildə ordu mənsubları Tükiyəni sevməyənlərin arzusunu yerinə yetirdilər (onları dərin dövlət adlandırmaq elə də uğurlu fikir deyil, çünki hadisələr göstərdi ki, Türkiyə dövlətinin daha dərin dayaqları var), onu hakimiyyətdən düşürdülər və az bir zamandan sonra partiyanı qapatdılar.

Lozanna müqaviləsini Türkiyəyə qəbul etdirənlər ona 780 min kvadrat kilometr ərazi ayırmış və keçmiş Osmanlı torpaqları tərəfə baxmamaq şərtini qoymuşdular. R.T.Ərdoğan da İstanbulun bələdiyyə başqanlığından getməli oldu, ona məhkəmə hökmü ilə 10 aylıq həbs cəzası da verildi. Fəqət bu gediş çox əzəmətli alındı. Balkon çıxışı yapan bələdiyyə başqanının görüşünə on minlərlə insan gəldi. Bu, könüllər fatehinin triumfu idi. Bəlkə də o öz qarşısına mövcud siyasi sistemi dəyişmək və Türkiyəyə itirilmiş əzəmətini qaytarmaq hədəfini, məhz həmin zamanda qoydu. Sonrakı hadisələr göstərdi ki, R.T.Ərdoğan öz siyasətində qarşısına gələcəyə yönəlik hədəflər qoyur və bu hədəflərə çatmağı çox yaxşı bacarır.

 

Bir siyasətçi kimi, yaxın və uzaq hədəflər müəyyənləşdirib ona doğru getmək bacarığı onun ən böyük üstünlüklərindən biridir.

 

Bu gün xarizmatik fiqurların az olduğu dünya siyasi liderləri arasında belələrini barmaqla saymaq olar. Onun bu istedadı baş nazir və prezident olduğu dönəmlərdə özünü qabarıq şəkildə göstərdi. Fəqət bütün bunlar sonralar olacaq, hələlik isə o, generallar tərəfindən qapadılmış Rifah Partiyasında fəaliyyət göstərirdi, çıxışlar edirdi, çıxışlarında şeirlərdən sitatlar gətirirdi. Çıxışlarından birində, daha dəqiqi, 1997-ci ildə Siirtdə etdiyi bir çıxışda "türkçülüyün atası" Ziya Göyalpdan gətirdiyi sitata görə onu həbsxanaya salmışdılar.

 

 "Minarələr süngü, qübbələr miğfər,

Camilər qışlamız, möminlər əsgər".

 

Onu mühakimə edənlərin məntiqi qəribə idi: həm özlərini Atatürk yolunun qoruyucuları elan edirdilər, həm də Atatürkün özünə mənəvi ata saydığı Z.Göyalpın şeirlərindən sitat gətirməyə görə insanı zindana atırdılar. Şübhəsiz ki, məsələ tək şeirdə deyildi, onları qorxudan daha çox Ərdoğanın xarizması və xalq arasındakı populyarlığı, belə bir şəxsiyyətin islam təmayüllü siyasətçilərin sırasında olması idi. Bir çox üstün keyfiyyətlərə malik bu insanın populyarlığının bir səbəbi də siyasi nitqə poetik əhval-ruhiyyə gətirməsi, verdiyi vədləri doğru-dürüst yerinə yetirməsi idi. Bu populyarlıq 2001-ci ildə onun tərəfindən Ədalət və Qalxınma Partiyasının (AK Parti) yaradılması və 2002-ci ildə həmin partiyanın parlament seçkilərini təkbaşına udması ilə nəticələndi. Bu, Türkiyə cəmiyyətində fenomenal hadisə idi və İstanbulda insan könüllərini fəth edən Ərdoğan məmləkət miqyasında da könüllər fatehinə çevrildi.

 

Fəqət qalib partiyanın rəhbərinin parlamentə düşməsinə əngəl törədildi. Ölkənin baş naziri partiyanın qurucularından olan Abdulla Gül seçildi, amma Ərdoğanın əngəli aşıb hədəfə çatmaq bacarığı burada da özünü göstərdi. O, qanunsuz yasağı aşıb millət vəkili, daha sonra baş nazir oldu və Türkiyədə parlament sistemi ilə ordu sistemi arasında açıq rəqabət başladı. Daha doğrusu, bu sistem 1946-cı ildə ABŞ tərəfindən Türkiyəni asan idarə etmək üçün qəbul etdirilmiş bir sistem idi. Bu zamana qədər belə rəqabətdə həmişə ordu qalib çıxmışdı. Orduya və Qərbə "buynuz göstərən" siyasətçilər qanlı və qansız hərbi çevrilişlər yolu ilə iqtidardan alınmış, həbs olunmuş və ya edam edilmişdi.

ABŞ-ın ssenarisini cızdığı 1960-cı il çevrilişində Atatürk hökumətində baş nazir olmuş Prezident Cəlal Bayar həbs edilmiş, baş nazir Adnan Menderes edam olunmuşdu. Onların əsas günahı Qərbin vassalına çevrilmiş Türkiyəni dirçəltmək cəhdləri idi. Bundan sonra Türkiyə sənayesi, o cümlədən hərbi sənaye tam olaraq Qərbdən asılı vəziyyətə salındı. 1964-cü ildə Kiprdə türklərə qarşı soyqırım törədiləndə Qərbdən asılı vəziyyətə düşmüş Türkiyəni embarqo ilə hədələdilər, ABŞ prezidenti baş nazir İsmət İnönüyə təhdid dolu məktub yazdı və 10 il sərasər Atatürk Türkiyəsi Kiprdə türklərin soyqırımını seyr etməyə məcbur oldu. Yalnız 1974-cü ildə Türkiyə Kiprə qoşun çıxararaq oradakı türkləri məhvolma təhlükəsindən xilas etdi. Türkiyənin "böyük qardaşı" və strateji müttəfiqi ABŞ ona qarşı silah embarqosu tətbiq etdi. 1970 və 1980-ci illərdə də yeni çevrilişlər gerçəkləşdi, yəni hər 10 ilə bir çevriliş. Prezident kürsüsünü öz əllərində saxlayan hərbiçilər, çevrilişlərarası dövrlərdə hakimiyyətə ciddi hədəfləri olmayan, dünya şəhərlərinin incisi olan "yeddi təpəli" İstanbulu zibil təpələrinə çevirən oyuncaq partiyalar gətirdilər, türk millətinin cəng ehtirası seçki oyunlarında xərcləndi. Kürd kartını ortaya atanlar Türkiyənin parçalanacağına ümid edirdilər. Amma unudurdular ki, atatürklər, osman qazilər yetirən xalqın parlaq liderlər doğurmağa gücü və tükənməz ruhu var. Çünki 17 imperatorluq qurmuş bir xalq ona edilən həqarətlərlə barışa bilməzdi. "Daş bitik"lərdə deyildiyi kimi, "xalqın arzularından xilaskar doğuldu"...

Rəcəb Tayyib Ərdoğan baş nazir və prezident olduğu dövrlərdə göstərdi ki, nə qədər romantik qəlbə sahib olsa da, dövlət məsələlərində o qədər praqmatikdir. Arxasında xalqın gücünü hiss edən bu rəhbər öncə ordu rəhbərlərini dövlətə tabe etdirməyi bacardı. İkinci mərhələdə dövlət qarşısında hədəf qoydu - 2023! Yəni Türkiyə Cümhuriyyətinin 100 illiyində bu məmləkət iqtisadi cəhətdən dünyanın ən gəlişmiş 10 dövlətindən biri olmalıdır.

R.T.Ərdoğanın rəhbərlik etdiyi AK Partinin 19 illik hakimiyyəti dövründə Türkiyə çox dəyişdi. İqtisadi qalxınmaya xüsusi önəm verən AK Parti hakimiyyətinin apardığı islahatlar nəticəsində iqtisadiyyatda böyük uğurlara nail olundu. Ölkə Beynəlxalq Valyuta Fondunun 26 milyard dollar borcunu ödədi, valyuta ehtiyatları 27 mlrd. dollardan 120 mlrd. dollara qədər yüksəldi. İxracat 170 mlrd. dollar həddinə gəldi. Artıq 2011-ci ildə Türkiyə iqtisadi artıma görə bütün "böyük iyirmilik" ölkələrini qabaqladı və 2018-ci ildə bu uğur təkrarlandı. Ölkədə böyük layihələr gerçəkləşdi, dəmir və quru yolları çəkildi, onlarca tunel, hava limanları inşa olundu. Avropa ilə Asiyanı birləşdirən iki körpü salındı, dənizin altından avtomobil və dəmir yolları çəkildi. Türkiyənin 60 illik həsrətinə son qoyuldu, ölkədə ilk Atom Elektrik Stansiyası inşa edilməyə başladı. Rusiya və Azərbaycan ilə birgə gercəkləşdirilən böyük enerji layihələri (Bakı-Ceyhan, TANAP, "Türk axını" və s.) Türkiyəni Avropanın enerji mənbəyinə çevirdi. Bütün bunlar hamısı böyük gəlişimin alt yapısıdır. Bir zaman Qanuni Süleymanın xəyal etdiyi İstanbul kanalı projesi Rəcəb Tayyib Ərdoğan zamanında gerçəkləşməyə başladı. Türkiyə kosmik dövlətlər klubuna qoşuldu və zənnimcə, nüvə dövlətləri klubuna qoşulacağı gün də uzaqda deyil.

İqtisadi gəlişmələrlə bərabər, ölkənin təhlükəsizlik məsələsində də böyük uğurlar əldə olundu. İllərlə NATO-lu "qardaşlarının" əlinə baxan Türkiyə öz hərbi sənayesini yaratdı, tanklar, təyyarələr, helikopterlər, insansız hava uçaqları və s. istehsal etməyə başladı. Artıq Türkiyəni silah embarqosu ilə hədələmək zamanı keçdi.

Ölkə prezident üsul-idarəsinə keçdikdən sonra prezident seçilən Rəcəb Tayyib Ərdoğan dövlət və ordu strukturlarına soxulmuş paralel dövlət - FETÖ tərəfindən şərlənərək həbsə atılmış vətənpərvər ordu mənsubları həbsdən azad edildilər və dövlət başçısının ətrafında birləşdilər. FETÖ çevriliş cəhdi zamanı həmin vətənpərvər qüvvələr imperialist nökərlərinin darmadağın olunmasında mühüm rol oynadılar. Həmin hadisələr zamanı Millətçi Hərəkat Partiyasının göstərdiyi prinsipial mövqe sonda AK Parti ilə birlikdə Cümhur İttifaqının yaradılmasına gətirib çıxardı. Cümhur İttifaqı bu gün Yeni Türkiyə quruculuğunun əsas qarantlarından biridir.

Bütün bunlar ölkədə daxili sabitliyin yaranmasına səbəb oldu və 40 ildən artıq bir zamanda Türkiyə Cümhuriyyətinə böyük başağrısı olan terrora qarşı həm ölkə daxilində, həm də xaricdə amansız mücadilə başladıldı. Xalqının və dövlətinin gücünü hiss edən R.T.Ərdoğan, dünyanın harasında olur-olsun, sonuncu terrorist qalana qədər mübarizəni davam etdirmək təlimatı verdi.

Biz artıq onun qoyduğu hədəflərə çatmaq bacarığını görmüşük və terror ilanının başının tezliklə əziləcəyi şübhəsizdir. Türk ordusunun Suriyada, Liviyada keçirdiyi əməliyyatlar göstərdi ki, Türkiyə artıq hamının hesablaşmaq zorunda olduğu gücdür, artıq ona yuxarıdan baxmaq zamanı keçdi. Rəcəb Tayyib Ərdoğan Türkiyə cəmiyyətinə yenidən ulu babalarımızın, Göy Türklərin, Qaraxanlıların, Səlcuqların, Osmanlıların əzəmətini dadızdırdı, illərlə əzilən islam ümmətinə sahib durdu və tək Türkiyənin yox, bütün Türk-İslam dünyasının liderinə çevrildi.

 

Ərdoğan və Azərbaycan

 

 Son dövrlərdə Azərbaycanda barələrində ən çox danışılan iki ism var - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan. Qardaş xalqlarımızın bu iki lideri əl-ələ verib dünyanın ən mənfur və qara qüvvələrinin basqılarına sinə gərərək Qarabağda Azərbaycan torpaqlarının işğalına son qoydular. Bu hadisə şübhəsiz, bizim tarix kitabımıza qızıl hərflərlə yazılacaq. Öncə dediyim kimi, hər türkün öz Sakarya davası var. İkinci Qarabağ savaşı İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə Sakaryası oldu və onlar bu savaşdan zəfərlə çıxdılar.  Mən deyərdim ki, bu iki liderin həyatında bir tale yaxınlığı da var. Mən təsadüflərə inanmıram və onların hər ikisinin tarixi bir missiya daşıyıcıları olduqları qənaətindəyəm. Onların hər ikisi demək olar ki, eyni vaxtda hakimiyyət başına gəliblər (R.T.Ərdoğan 2002-ci ildə, İlham Əliyev 2003-cü ildə) və sələfləri tərəfindən başladılan böyük projelərini tamamlamaq görəvi onların boynuna düşüb. Xüsusilə qeyd etmək istəyirəm ki, məhz son 17 ildə Azərbaycan Türkiyə əlaqələri özünün bütün tarixi ərzində ən üst səviyyəyə qalxıb. Şübhəsiz ki, bunda bizim qardaş xalq olmağımızla bərabər, liderlərin şəxsi dostluğu da, tale ortaqlıqları da mühüm rol oynayır.

Bu gün Azərbaycan Türkiyə və Türküstan arasında çox mühüm bir bağ, körpü rolunu oynayır. Qarabağ zəfərindən sonra Türkiyə ilə Azərbaycanın birgə həyata keçirdiyi qlobal projelərin əhəmiyyəti daha da artdı və Türk Birliyinin real zəmini yarandı. Türkiyənin gündən-günə artan gücü və nüfuzu digər türk xalqlarını da gözəl bir gələcəyə hədəflənməyə həvəsləndirir. Artıq türk xalqlarının iqtisadi, mənəvi və mədəni birliyi, qələm adamlarının arzularından siyasi gerçəkliyə çevrilməkdədir.

Yeni gerçəkliyin yaranmasında Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın gördüyü işləri görməzdən gəlmək, bizim tovuzlular demiş, sadəcə, allahsızlıq olar. Doğum günün kutlu olsun, Başqanımız! Sənin Sakarya savaşın hələ bitməyib...

 

Elxan Zal QARAXANLI

Ədəbiyyat qəzeti.- 2021.- 27 fevral. S. 12-13.