Bədbəxtlər
şəhəri...
"Vəziyyət ruscadır" -
IV yazı
1868-ci il mayın 10-da "Russkiy vestnik"
jurnalında nekroloq yayımlanır:
"Mərhum Saltıkovun dövrün ruhuna uyğun
olaraq, nəhəng ədəbi istedadını sərf etməsi
hesabına yaratdığı siyasi satira çətin ki, bir
də əmələ gəlsin. Çünki zamanını
yaşayıb və elə öz Yaradanının
sağlığında təbii bir şəkildə
ölüb. O heç bir siyasi partiyanın üzvü
deyildi. Kifayət qədər tünd, qaramat və
aydın olmayan dünyagörüşlü
yazıçı kimi isə daha çox
inkarçılıq və istehzaya yol verib, xalqında səfeh
şəhər "Qlupovun" qlupovlularından yaxşı
heç nə görməyib".
Bəli, bu nekroloqdur. Yəni görkəmli
bir insanın vəfatı haqda mətbuatda yayılan xəbər.
Rus satirik yazıçısı Mixail Saltıkov-Şedrinin
ölümündən sonra verilən bu mətnin altı da,
üstü də qəzəbdi, kindi... Oxuyanda təəccübləndim,
amma sonra düşündüm yəqin "ölənin
dalısıyca danışmazlar" - adəti ancaq bizlərə
məxsus qaydadı. Amma yadıma düşdü ki:
"Yanvarın 4-də tanınmış türk
jurnalist və dramaturqu, "Molla Nəsrəddin" satirik
jurnalının redaktoru Cəlil Məmmədquluzadə vəfat
etmişdir.
Molla Nəsrəddin
(Cəlil Məmmədquluzadənin ədəbi təxəllüsü
belədir) 1905-ci il inqilabından sonra fəhlə
sinfinin yaxın yoldaşı kimi meydana çıxmış
demokratik xırda burjuatürk ziyalıları qrupunun tipik
nümayəndələrindən biridir. O öz jurnalında
xurafatı, məişət qalıqlarını, feodal
münasibətlərini qamçılamış, din xadimlərinin,
türk burjuaziyasını və çar Rusiyasının
müstəmləkəçilik siyasətini ifşa
etmişdir.
Sovet həqiqəti şəraitində Molla Nəsrəddin
sosializm quruculuğunun gur inkişaf sürətindən geri
qalmışdır. Onun jurnalı öz əhəmiyyətini
xeyli dərəcədə itirmişdir.
Bu yaxınlarda "Molla Nəsrəddin" jurnalı
mübariz allahsızların döyüşkən orqanına
- "Allahsız"a çevrilmişdir".
Bu isə 1932-ci ildə "Bakinski raboçi" qəzetində
yayımlanmış nekroloqdu. Göründüyü kimi, dahi Mirzə
Cəlilin ölümü haqqındadır... Hər
iki yazıçı aralarında təxminən yarım əsr
fərqlə öz millətinin yaşam və
düşüncə tərzinə, məişətinə,
problemlərinə aid ağrılı məsələləri
qələmə alıb, tənqidi realizm istiqamətini, satira
janrını inkişaf etdirib, güldürərək
düşündürməyə çalışıb.
Elə isə nədir problem?! Əgər elə nekroloqlarda da deyildiyi kimi, bu sənətkarlar
yaşadığı zamanın naqis cəhətlərini hədəfə
alıbsa, "çar müstəmləkəçilik siyasətinə"
qarşı çıxıbsa, dünyasını dəyişəndən
sonra da onları belə qaralamağa, köhnənin
qalığı kimi damğalamağa, millətini sevməməkdə
ittiham etməyə səbəb nədir? Bəlkə
həqiqəti söyləmələri? Yaxud
problemlərin üstünə gur işıq salmaları?
Qaraya ağ deyə bilməmələri?!
Müqayisə təbii ki, yersizdi, amma Saltıkov-Şedrin
yaradıcılığının dərinliyinə getdikcə,
ələlxüsus "Bir şəhərin tarixçəsi"
romanını oxuduqca məhz Mirzə Cəlil və onun
taleyi, mübarizəsi göz önünə gəlir. Məsələ,
sadəcə, eyni janrlarda, oxşar problemlərin qələmə
alınmasında deyil... Həqiqətin, zəhər
kimi acı gerçəkliyin göstərilməsindədir.
Və bu sənətkarların
yaşadığı dövrü, tarixi hadisələri
gözdən keçirəndə başa düşürəm
ki, ayrı cür mümkün də deyildi. Ədəbiyyatı ictimai həyatdan və zamanın
axsaq tərəflərini Sənətdən ayrı görməyən
ziyalı üçün susmaq çətin olardı.
Elə bu susmamağın, çağdaşların da, gələcək
nəsillərin də ittihamlarını gözə alıb
ağı ağ, qaranı qara
yazmağın özü də vətən sevgisi deyilmi?
İntəhası, bu elə bir dövrdü ki, tünd boyalar
daha çoxdu və Şedrin nekroloqunda deyildiyi kimi, - sənətkar
"qaramat" dünyagörüşü (dünya e!) sərgiləməyə
məcburdu...
Elə
neçə həftədi ki, bundan danışıram... İstedadlı, xalqını işığa
çıxarmaq istəyən, sənətdə inqilab,
şüurlarda çevriliş etməyə
çalışanlar ya boş bir səbəbdən dueldə
ölüb gedir, ya da sürgünlərdə
çürüyürdü. Qoqolsayağı
öz-özünü "yeyib bitirmək" də elə-belə
işdi. Yeri gəlmişkən, Qoqolun
ölümü də əsərləri kimi fantastik, qəribə
olmuşdu. Letargik yuxudan qorxan sənətkar öz
fobiyalarının qurbanı idi... "Ölü
canlar"ın ikinci hissəsini yandırmağı, "cəsədimin
çürüməyini gözləyin" - deməyi,
ölüm aclığı ilə sonunu
yaxınlaşdırmağı indi psixiatorların
araşdırma mövzusudur. Ancaq zamanı
və bu zaman içində baş verənləri ayıq
başla görən, üstəlik, bunları qələmə
ala bilən sənətkarın halını anlamaq
üçün elmi-psixiatrik təhlillərə ehtiyac da
yoxdu. Hər şey aydındı... Böyük və zəngin
bir imperiyanın vətəndaşı olan insan heçdi, sadəcə,
alətdi, kütlə hakimiyyət əlində plastilindi... Və
bu halından məmnundu! Ya da məmnunluq və xoşbəxtlik
onun boynuna qoyulur... Amma bunları yazmaq,
yatanları ayıltmaq da xatalıdı. Yaradıcı
beyinin üsyan məqamı gəldisə, susa
bilməz, yeni formalar tapmaq, Ezop dilində yazmaq, sanki hansısa
uydurulmuş ölkənin olmayan camaatından danışmaq
çıxış yoludu. Mixail
Saltıkov-Şedrin də bu yolla gedir. Hələ
ilk povestlərindən başı bəlalar çəkmiş
sənətkarın ayrı yolu da yoxdu. "Ziddiyyətlər"
və "Dolaşıq iş" əsərlərinə
görə həbs edilən, sonradan Vyatkaya sürgün olunan
Mixail Yevqrafoviç həqiqəti yazmağın fəsadlarından
xəbərsiz deyildi. 1855-ci ildə sürgündən
Peterburqa qayıtmasına, həm ictimai həyatında, həm
karyerasında, həm də yaradıcılığında
uğurlar qazanmasına baxmayaraq, yazıçı mövcud
şəraitlə barışa, haqsızlıqlara göz yuma bilməzdi. Ona görə də
"Quberniya oçerkləri"ndə təhkimçilik
quruluşuna ikrahını, təhkimçi kəndlilərə
mərhəmət hissini gen-bol yazır. Mənə
görə isə yazıçının
"yuxarılara" da,
"aşağılara" da münasibətini ən dəqiq
ifadə etdiyi əsəri məhz "Bir şəhərin
tarixçəsi"dir. Guya hansısa səlnaməçinin,
arxivariusun əldə etdiyi, topladığı materiallar əsasında
yazılmış roman gerçək hadisələrə
eyhamlarla, tanınmış tarixçilərin
yazılarına istehzalı istinadlarla, anaxronizmlərlə,
qrotesk detallarla, simvolik soyadlarla və bürokratik absurdu parlaq
şəkildə parodiya edən sənədlərlə
doludur. Yazıçı özünü arxiv
yayımçısı kimi qələmə verir, lakin
"material"a müdaxiləsini də gizlətməyə
çalışmır. Hələ
sağlığında Şedrin tez-tez Qoqol ilə müqayisə
olunurdu. "Bir şəhərin tarixi" bu müqayisənin
əsaslı olduğunu təsdiqləyir; yalnız
bürokratiya dünyasını ələ saldığı
üçün deyil, həm də ictimai bəlaları poetik
və gerçək dəhşət kimi təsvir etdiyi
üçün.
Beləliklə,
Qlupov (bu adın da rusca "qlupiy" - "səfeh"
sözündən götürülməsi təsadüf
deyil) şəhərinin yaranma tarixçəsindən
danışan sənətkar deyir ki, bu bədbəxtlər,
onları pərişanlar adlandırır hansısa qəribə
tayfalara qalib gəlib öz ölkələrin qurublar, intəhası
ona rəhbər tapmaq bir az çətinləşib. Kimdən xahiş edirlərsə, bu şəhərin
qubernatoru-başçısı olmaq istəmir. Nə
baş verirsə, yuxarılar düşünürlər ki,
axı axmaq adamlara rəhbərlik etməyə nə var... Ona görə bir-birinin ardınca çoxlu şəhər
başçısı göndərilir Qlupova. Və bu
başçılar da elə qlupovlulara "yaraşan"
adamlar olur...
Başında
beyin əvəzinə balaca bir musiqi aləti - orqan gəzdirən
başçı ikicə söz deyə bilir -
dağıdaram və dözmərəm... Əslində,
bu sözlər də öz düşündüyü yox,
başdakı mexanizmin çıxardığı səsdir.
Xalq narazı qalır bundan, qoy lap söysün, dava eləsin,
kimisə tutub içəri atsın amma daha iki söz yox da...
Bəli, burada millətlə hakimiyyətin
qarşılıqlı münasibəti satirik şəkildə
təsvir edilir. Hər gələn
başçının əndrəbadiliyindən təlaşlanan
kütlə necəsə yaşamağa və qoyulan təzə
qanunlara uyğunlaşmağa çalışır,
özü də sevə-sevə...
Əslində, yazıçı bütün
varlığı ilə hadisələri daha qədimə,
çar hakimiyyətindən də əvvələ
aparmağa, "getsin o günlər, gəlməsin"
ovqatında danışmağa çalışır. Lakin dəmir
yolu, teleqraf kimi anaxronizmlərlə hadisələrin harda təsvir
olunduğuna da eyham vurur. Və əsər
ictimai yükü, sosial problemlərin qabardılması səviyyəsi
ilə yanaşı sənətkarlıq xüsusiyyətləri
baxımından da diqqət çəkir. Belə ki, çağdaş ədəbiyyatşünaslıq
Şedrini Svift ("Qulliverin səyahətləri") və
Rable ("Qarqantua və Pantakruel") ilə müqayisə
edir. Həqiqətən "Qlupovlular"
haqda oxuduqca istər-istəməz Sviftin "cırtdanlar
ölkəsi" ağıla gəlir. Və
başa düşürsən ki, fiziki cırtdanlıq sadə
məsələdi. Daxili cılızlıq və qaydalar
qarşısında boynubüküklük daha ciddi problemdir...
Və bu problemi görən, duyan sənətkarın
belə acı reallığı dəqiqliyi ilə yazması
çoxlarını qıcıqlandırırdı. Hələ öz zəmanəsində Şedrini
"yeyib-içib harınlayan", "qınından
çıxıb qınını bəyənməyən"
adlandıranlar çox idi. Çar hakimiyyətinə
bir növ danos göndərib "xalq düşməninin"
yerini nişan verənlər də
tapılırdı. Amma yazıçı
bütün ittihamlara cavab verir, lazım gələndə
"tarixilik" pərdəsini də çəkirdi
yazdıqları üstünə.
"Mənim ədəbi
yaradıcılığımın dəyişilməz
predmeti - özbaşınalığa, yalana, xəyanətə,
vəhşiliyə, boşboğazlığa qarşı
etirazdı.
Yazdıqlarımda nə qədər istəsəniz eşələnin,
ayrı bir şey tapa bilməyəcəksiz..." Bunu əsərlərində müxalif
düşüncə axtaranlara cavab olaraq deyirdi Mixail
Yevqrafoviç, amma bir tərəfdən baxanda bunlara
qarşı çıxmaq elə mövcud rejimi
"anlatmaq" deyildimi? Sadəcə bu
olanlara etirazla, millətə etirazı, ağrılı
nöqtələrin yazılması ilə xalqa münasibət
qarışdırılmamalıdı. Axı
elə Şedrinin də Borodavkini, Uğryum Burçiyevi,
Prışı xalq demək deyil. Heç
bunlara tabe olub, diz üstə deyiləni edən də millət
deyil. Bəlkə millət, xalq olmaq üçün
"xammaldı" əslində... Ona görə
də yazıçı əsərin sonunda məşum bir
"O"nun gəlişini təsvir edir. "O"nu
xalq qəzəbi tornadosu kimi yozanlar da var, amma bunun nə
olduğu dəqiq açılmır... Bəli,
Qlupovlar şəhəri də, əzazil Burçiyev də məhv
olur və bu xalqın taleyinin necə olacağı sual
altında qalır. Bəlkə əslində suala
cavabı tarix verməlidi... Şedrin sonranın necə
olacağını bilmirdi! Biz bilirik amma... Şedrinin
tənqid etdiyi Çar hakimiyyətindən sonra dünyanı
Stalinlər, Hitlerlər idarə etdilər. Dərinə
gedəndə bütöv XIX əsr ədəbiyyatı
"Hamı bir nəfərçün" ideyasının
(Çünki "bir nəfər hamı
üçün" elə-belə sözdü deyilir...)
vahiməli tərəflərini izah edib... Puşkin
- rus inqilabı mənasızdı, Dostoyevski - inqilab
uşağın göz yaşına dəyməz - deyəndə,
Tolstoy napoleonizm ideyasını yerlə-yeksan edəndə
sanki yeni əsrdəki bəlaları öncədən
görürdülər. Həyəcan təbili ilə
oyatmaq istəyirdilər insanlığı... Amma:
"Mən böyüyəndə, birdən-birə dəhşətli
bir həqiqət açıldı qarşımda. Atamanlar,
yönsüz Klemantinlər, mayor Prış və
Uqryum-Burçeyevlər Saltıkov-Şedrindən daha
çox yaşayıblar. Bax onda mənim ətraf
mühitə münasibətim matəmə
büründü".
Mixail
Bulqakov yazırdı bunu... Və necə də
haqlı idi. Ümumiyyətlə, Şedrin üslubu ən
yaxşı sovet satiriklərinin, İlf və Petrovun,
Y.Oleşin tərzinə, Bulqakov və Platonovun
yaradıcılığına müsbət təsir göstərdi.
Və
1952-ci ildə Stalin yoldaş çıxışında dedi
ki - "Bizə Qoqollar lazımdı, Bizə Şedrinlər
lazımdı..." Qoqollar, Şedrinlər Çar hakimiyyətinin
"iç üzünü açıb göstərdiyi,
ifşa etdiyi" üçün lazım idi... Hər halda,
belə yozulurdu onların bütün mətnləri... Amma zamanın çərxi öz işində idisə
hökm də qaçılmazdı. 1 il
sonra Stalin öləcəkdi! Və ab-havanın mülayimləşməsi
ilə yeni bir dövr, yeni bir era başlanacaqdı... Onda Qoqollar,
Şedrinlər sənətdə başqa bir istiqamətin,
axının mənbələrindən biri olacaqdılar!
Buna hələ
çox var... Hələ insanı yazmaq, onun nə qədər
"geniş" varlıq olduğunu anlatmaq lazımdı!
Saltıkov nə qədər milli idisə, rus insanını
yazırdısa, Dostoyevski bir o qədər dünyəvi idi...
Bu haqda isə gələn dəfə!
PƏRVİN
Ədəbiyyat qəzeti.-
2021.- 27 fevral. S. 14.