Böyük Turanın poetik dəyərləri

 

İsa Həbibbəyli, Abuzər Bağırov. Azərbaycan - Turanın incisidir.

Monoqrafiya-antologiya. Moskva: "Xudojestvennaya literatura", 2020. - 656 s. - 1000 nüsxə.

 

Akademik İsa Həbibbəyli və professor Abuzər Bağırovun hazırladıqları "Azərbaycan - Turanın incisidir" monoqrafiya-antologiyası oxucunu, ilk növbədə, milli ərazilərdə, millətlərarası münasibətlərdə  müəyyən bir harmoniya əldə etməyə kökləyir. Hər xalqın öz köklərinə, öz dəyərlərinə olan sevgisi və sayğısı digər xalqlara və mədəniyyətlərə hörmətin formalaşmasının əsasını təşkil edir.

Kitab ən maraqlı bədii təzahürləri nəzərə çarpdırmaqla, çoxəsrlik ədəbiyyatın ən yaxşı poetik nümunələrinə nüfuz etmək imkanı yaratmaqla oxucuları ən vacib mərhələ və istiqamətlərini müəyyənləşdirdiyi Azərbaycan mədəniyyətinin tarixi ilə çox yaxından və dərindən tanış edir.

Bu nəşr 2015-ci ildən bəri "Literaturnaya Qazeta" ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu  tərəfindən həyata keçirilən genişmiqyaslı "Azərbaycan - Turanın incisidir" layihəsinin son akkordu oldu.

Həcmi və məzmunu etibarilə unikal olan bu layihənin "LQ"-da hər biri səkkiz qəzet səhifəsi olan yeddi xüsusi buraxılışı nəşr olundu! Bu həcm bütöv mənzərəni görməyə və Azərbaycan folkloru və yazılı ədəbiyyatının poetik şedevrləri ilə ətraflı tanış olmağa imkan verir.

Birinci fəsil ədəbi dili həm Azərbaycan, həm də rus dili olan iyirmi bir moskvalı Azərbaycan şairinin yaradıcılığı haqqında təsəvvür yaradır. Bu şeirlərdə müasir ədəbiyyatın polikulturalizm fenomeni tamamilə aydın görünür. Demək olar ki, hər bir şair doğma torpağına - Azərbaycana olan sevgisini və Rusiya ilə mənəvi əlaqələrin möhkəmliyinin dərkini ifadə edir.

İkinci fəsil oxucunu bədii ənənələr və yaradıcı təfəkkürün formalaşdığı zamanlara, oğuzların mənəvi xəzinəsinin Azərbaycan xalqının dünyagörüşü və zehniyyətinin mənşəyini görməyə imkan verən dərin qatlarına aparır. Təqdim olunan folklor janrları arasında fəlsəfi xarakterli və aforistik formalı dördlüklər olan bayatılara xüsusi yer ayrılır. Bu dərin xalq hikmətlərində toplanan ən mühüm etnik dəyərlər ümumbəşəri mənəvi dayaqlara çevrilir. Ağılar isə poetik nümunələri dramatik hekayələrə, estetik mükəmməlliyə çevirərək çağdaş Azərbaycan poeziyasını qaynaqlandıran emosionallıq və musiqililik çeşmələrini bir daha xatırladır.

Üçüncü fəsil - "Azərbaycan aşıq poeziyası" - XV əsrdən XX əsrin sonuna qədər olan dövrü əhatə edir. Tərtibçi-müəlliflər əsərlər qalereyasına Azərbaycanın əsas qəhrəmanlıq dastanı - "Kitabi-Dədə Qorqud" ilə başlayıblar. Ardınca təqdim olunan on səkkiz müəllifin yaradıcılıq nümunələri oxucuya xalq sözünün müdrikliyi və folklor motivlərinin, xalq çalğı alətlərinin səsinin duyulduğu aşıq şeirinin xüsusiyyətlərini, obrazlarını, texnika və simvollarını bütün əzəməti ilə görməyə imkan verir.

Dördüncü fəsil - XI-XIV əsrlərə həsr olunmuş "Azərbaycan klassik poeziyası" cəmi yeddi imzadan ibarətdir. Amma necə imzalar! Qətran Təbrizi, Məhsəti xanım Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsiminin əsərləri Azərbaycan poeziyasının poetikası və şeir sənətinin estetik sisteminin klassik köklərini hiss etməyə imkan verir. Ərəb, fars və türk dillərində yazılmış mətnlər müxtəlif mədəniyyət kodlarını daşıyır, müxtəlif poetik məktəblərin təsirini əks etdirir. Və onların müəllifləri yalnız Azərbaycan deyil, həmçinin ümumtürk söz sənətinin klassikinə çevrilmişdir. Türk şairlərinin rübai və qəzəlləri, qəsidələri həm məcazi-simvolik, həm də musiqili-emosional baxımdan həmahəng səslənir; tuyuqlar ortaq türk irsi olaraq Azərbaycan türklərinin, Türkiyə türklərinin, tatar, qazax, özbək, başqırd və digər xalqların müasir şeir sistemlərində yer almışdır.

Beşinci fəsil - "Orta əsrlər Azərbaycan şeiri" də yeddi şairin yaradıcılığı ilə təmsil olunur: Şah Qasım Ənvar, Kişvəri, Həbibi, Xətai, Füzuli, Məhəmməd Əmani, Qövsi Təbrizi yaradıcılığı XIII-XVI əsrlər Azərbaycan ədəbiyyatında orta əsr romantizmi konsepsiyasından bəhs edir. Hər misrada qığılcımlanan ilahi eşq, insanın ruhi-emosional vəziyyətini təsvir etmək ustalığı, həyatın fəlsəfi dəyərləndirilməsinin unikallığı onları çağdaş oxucu üçün aktual olan, hər kəsin ruhu ilə ahəngdarlıq tapacağı sənət əsərlərinə çevirir.

Altıncı fəsil "Azərbaycan realist və romantik poeziyası" mövzusunu açıqlayır. Müəlliflər XVIII əsrin əvvəllərində erkən realizmin təşəkkülünü; XIX əsr maarifçilik hərəkatı və XX əsrin əvvəllərində tənqidi realizmin transformasiyasını vurğulamaqla, Orta əsrlərdən Yeni dövrə keçid ədəbiyyatını "Dönüş dövrü ədəbiyyatı" adlandırıblar. Qeyd edilən dövrlərin ədəbi prosesi türk söz sənətkarlarının mədəniyyəti zamanın tələblərinə; avropalaşma yolu ilə sürətli inkişaf yolunu tutaraq, eyni zamanda özünəməxsus şərq, türk başlanğıcını qoruyub saxlamaqla, öz millətlərinin ideal və arzularına uyğunlaşdırmağı bacardıqlarının aydın mənzərəsini əks etdirir.

XX əsr Azərbaycan ədəbiyyatına həsr olunmuş "Milli-vətənpərvərlik poeziyası" adlı yeddinci fəsil yanaşmaların yeniliyi və mühakimələrin metodoloji xarakteri ilə seçilir. Tərtibçi-müəlliflər sosialist ideyaları işığında yaranmış bədii mədəniyyət mərhələsindən imtina yolu ilə getməmiş, Azərbaycan ədəbiyyatının sovet dövrü yazıçılarına səmimi minnətdarlıq sözlərini tapmağı bacarmışlar: "Müasir Azərbaycan klassiklərinin - Sovet dövrü şairlərinin nəhəng yaradıcılıq irsi, həqiqətən, sadə insanların real gerçəkliyini, zehniyyətini, arzu və xəyallarını, xalqın gündəlik qayğılarını əks etdirir. Bu şairlərin əsərlərinin əksəriyyətində həqiqi, səmimi vətənpərvərlik duyğusu qırmızı xətt kimi keçir..." Fikrimcə, eyni sözləri bütün keçmiş SSRİ xalqlarının ədəbiyyatı haqqında da demək olar.

Layihənin unikallığı həm də ondadır ki, tərtibçi-müəlliflər materialın elmi mürəkkəbliyi ilə anlaşıqlılığı arasında "qızıl məxrəci" tapıblar.  Bütöv dövrlərin ədəbi hadisə   bədii proseslərinin qiymətləndirilməsindəki fundamentallığa baxmayaraq, kitabda folklor və ya yazılı ədəbiyyatın janr xüsusiyyətləri, Azərbaycan şeir sənətinin özünəməxsusluğu barədə məlumat heç bir xüsusi nəzəri mürəkkəblik olmadan verilmişdir. Təkcə elə bu fraqment nə qədər dəyərlidir: "Heca vəzninin yaranmasına dilin fonetik xüsusiyyətləri şərait yaratdı: belə ki, Azərbaycan dilində bütün saitlər eyni dərəcədə aydın tələffüz olunur, vurğulu və vurğusuz saitlər, demək olar ki, fərqlənmir. Heca vəzninin formalaşması üçün digər vacib şərt hecanın dildəki özünəməxsusluğu idi - heca əksər hallarda iki samit və bir saitdən və ya bir sait və bir samitdən yaranır..." Necə də sadə deyilib, halbuki burada, demək olar ki, mahiyyətcə bütün türk xalqlarına məxsus şeir sənətinin əsas qanunu izah edilib.

Görünür, çətin materialın belə bir uğurlu təqdimatı həqiqi mütəxəssislər,  akademik hazırlıqlı alimlər -Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın akademiki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar Elm xadimi İsa Əkbər oğlu Həbibbəyli və alim və yazıçı, filologiya elmləri doktoru, RF XİN-in MDBMİ-nin professoru, REA M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Musa oğlu Bağırov tərəfindən həyata keçirilməsinin nəticəsidir. Mətnlərin seçilməsinə peşəkar yanaşma, onların elmi-bioqrafik materiallarla üzvi birləşməsi ən yüksək tərifə layiqdir!

Kitabın kompozisiyası özlüyündə xüsusi maraq doğurur. Antologiyanı peşəkarlıq və səxavətlə dəyərləndirərək Azərbaycanın Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Türkdilli Ölkələrin Yazıçılar Birliyinin sədri, dünya səviyyəli yüksək idrak sahibi, görkəmli ziyalı Anar təqdim edir. "Giriş" hissədə, "Böyük ideallar işığında müasirlik" icmal məqaləsində müəlliflər Azərbaycan ədəbiyyatının minillik tarixindən bəhs edirlər. Hər sonrakı fəsil konkret bir elmi-nəzəri məqalə ilə müşayiət olunur. Monoqrafiya-antologiyada şairlər və tərcüməçilərin bioqrafik məlumatları, şərhlər, coğrafi və ad göstəriciləri, sözardı, müəlliflər haqqında məlumat və hətta layihənin sponsorları haqqında qısaca arayış yer alır. Kitabdakı fotoşəkillərin bolluğu göz oxşayır və əlavə öyrədici məlumat mənbəyidir.

Azərbaycan dilindən rus dilinə tərcümələrin yüksək peşəkarlığına, tərcüməçilərin poetik mətnlərin yalnız mənasını deyil, həm də orijinal gözəlliyini çatdırmaq bacarığına diqqət çəkmək istərdim. Bu, başadüşüləndir, çünki tərcümələrin müəllifləri arasında  - V. Lugovskoy, K. Simonov, P. Antokolski, A. Tarkovski, A. Axmatova, E. Yevtuşenko, R. Kazakova və digər korifeylər var. Bununla belə, tərcümə edilməsi ən çətin olan mətnlərin əsas hissəsini - folklor və aşıq şeirini tərcümə edən Vladimir Qafarovun mükəmməl işini xüsusilə qeyd etmək istəyirəm.

Layihə haqqında çox tərifli sözlər söyləmək olar. Tərtibçi-müəlliflər onu Azərbaycan-Rusiya ədəbi əlaqələrində yeni bir addım kimi dəyərləndirirlər. Eyni zamanda coğrafi mövqeyi və mədəni xəzinələrinin zənginliyi ilə türk dünyasının incisi sayılan Azərbaycan mədəniyyətinin nümunəsində böyük Turanın modelini və dəyərini əks etdirə bilən bu kitab təməlləri məhz bu cür layihələrdə qoyulan gələcəyin fəlsəfəsinin yeni  anlayışı kimi qəbul edilir.

Düşünürəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və "Literaturnaya qazeta"nın ortaq layihəsi olan "Azərbaycan -Turanın incisidir"  kitabı tükənməz dəyəri, eləcə də türk dünyasının "ulu ruhunu" görməyə, hiss etməyə imkan yaradır. Bunun üçün müəllif-tərtibçilərə və layihənin həyata keçirilməsində iştirak edən hər kəsə böyük minnətdarlıq düşür.

 

Kazan

 

Daniya Zagidullina

Ədəbiyyat qəzeti.- 2021.- 27 fevral. S. 15.