Varislər
Ofelya SƏNANİ: “Sirdaşım
xatirələrdir”
"Varislər"in
bugünkü qonağı XX əsr Azərbaycan teatr və
kino tarixində böyük xidmətləri olan unudulmaz Xalq
artisti Möhsün Sənaninin gəlini, Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
sevimli diktor, kino aktrisası, Xalq artisti Ofelya Sənanidir.
Şeytanbazarlı oğlan
1900-cü ilin yayında Tiflisin Şeytanbazar məhəlləsində,
ruhani ailəsində gəlmişdi dünyaya. Valideynlərini lap erkən
yaşlarında itirmiş, nənəsinin himayəsində
böyümüşdü. Az sonra bu sevinc
də bitir. Nənəsi dünyasını dəyişəndən
sonra Möhsünə və kiçik bacısına
xalası molla Zinyət baxır. O, mərsiyəxanlıq
edir, bacısı oğlunu da ruhani kimi görmək istəyirdi.
Xalası evində yaşayan yeniyetmə
Möhsün ailənin çətin şərtlər, maddi
sıxıntılarla dolandığını
gördüyündən, tezliklə özü bir parça
çörək qazanıb, bir yolla evə kömək etmək
istəyir. Yaşamaq üçün ən
ağır işlərə gedir, soyuğa, sazağa
qatlaşır, bir qarın çörək qazanmaq
üçün sınaqlardan keçirdi.
İlk dəfə Tiflisə qastrola gələn Azərbaycan
teatr truppasının tamaşalarına baxanda ürəyində
bir gün bu insanlar kimi səhnəyə çıxmaq, rol
almaq, tamaşaçı sevgisi qazanmaq alovu şölələndi. Özü ilə
baş-başa qalanda səhnədə gördüklərini təqlid
edir, rolları əzbərləyirdi. 11
yaşı olanda ilk dəfə tamaşaçı
qarşısına çıxır. Bu
onun uzun və çətin yolda ilk uğuru olur.
İlk dəfə 11 yaşında
Onun
taleyinə bir gün Mirzəli Abbasov, Mustafa Mərdanov,
İbrahim İsfahanlı kimi dövrün böyük
aktyorları ilə tanış olmaq,
onlardan dəstək almaq, öyrənmək,
görüb-götürmək yazılmışdı. İllər keçəcək, ilk dəfə səhnəyə
çəkinə-çəkinə, ürkək-ürkək
çıxan yeniyetmə Möhsün Sənani Azərbaycan
peşəkar aktyor sənətində öz dəst-xətti,
öz yeri olan böyük sənətkarlardan biri olacaqdı.
Bu
unudulmaz və sevilən aktyor Möhsün Sənaninin gəlini,
hamımızın sevimli diktoru, Xalq artisti Ofelya xanım Sənani
ilə mənə də doğma olan rəhmətlik Valid Sənaninin
ocağında görüşdük.
- Ofelya
xanım, siz Azərbaycan peşəkar diktor sənətinin
canlı əfsanəsisiniz. Sizi görmək
çox xoşdur. Bütün "Ədəbiyyat
qəzeti" ailəsi adından sizi salamlayıram. Necəsiniz?
- Xoş
gəlmisiniz. Deyim də, bu il, nədənsə,
özümü xüsusilə pis hiss edirəm. Nə olur-olsun, artıq yaş öz işini
görür. Mən lap çoxdan, belə
deyək də, stajlı hipertonikəm, təzyiq mənə əziyyət
verir, amma bunu əvvəllər heç vaxt ciddi qəbul
etmirdim. Üstünə
düşmürdüm, indi hiss edirəm, incidir məni.
Yayda bir gün yüksək hərarətim oldu,
bax, ondan sonra yaddaşım korlandı, ruhumda qəribə bir
süstlük yarandı. Mən
"koronadan" şübhələnirəm. Deyəsən, bunun birinci əlaməti elə
yaddaşa təsir etməsidir. İştahım
tamam küsüb. Amma o hərarətə
qədər hər şey normal idi. Nəsə,
yaxşı olmağa çalışıram.
Stajlı hipertonik
- Bizim
borcumuz sizin qayğınızı çəkmək, qulluğunuzda
dayanmaqdır. Sizin üçün nə edə bilərəm?
-
Çox sağ ol, oğlum, yox, hər
şey qaydasındadır. Sağ olsun ölkə
başçısı, Prezidentimizin fərdi təqaüdünü
alıram, yəni elə bir çətinliyim yoxdur, sadəcə,
yaş öz diqtəsini edir. Qoy sənə çay gətirim...
(qalxmaq istəyir).
-
Çox sağ olun, mən sadəcə
sizinlə söhbət etmək istəyirəm və xahiş
edirəm, bu zövqü mənə çox görməyin. Çox yerdə çay içmək olar, amma
Ofelya xanımla görüşmək, onun söhbətlərini
dinləmək başqa zövqdür. Davam
edək, lütfən. Bu gün unudulmaz
Möhsün Sənani və mənim də bir vaxtlar şəxsən
tanıdığım, söhbətlərini eşitdiyim, məsləhətlərini
aldığım Valid Sənani haqqında
danışacağıq.
Ofelya
xanım, Möhsün Sənani əksər
tamaşaçının yaddaşında sizin də rol
aldığınız "Dağlarda döyüş"
filmində yaratdığı Qəmbər obrazı kimi əzazil,
sərt adam kimi qalıb. Bəs həyatda necə
idi?
- Elə
həyatda da elə idi.
- Yəni
gəlin kimi zülm edirdi sizə?
- Yox, biz
bir yerdə yaşamamışıq axı. Həyat
yoldaşım Valid müəllim onun ilk
ailəsindən idi. Sonra başqası ilə ailə
qurmuşdu və o qadından bir qızı olandan sonra az qala bunları tamam unutmuşdu. Amma mən onun xətrini dünyalar qədər istəmişəm.
Bilirsiniz, çox səliqəli adam idi, ətrafdan
da səliqə tələb edirdi. 1959-60-cı
illərdə mən radioda təzə
başlamışdım diktorluğa, gəlib oturdu
şüşənin o biri üzündə, əllərini
astaca dizinə vura-vura diqqətlə məni izlədi. Sən demə, oğlu üçün qız
seçirmiş və gələcək gəlininin
bütün xarakterini, xasiyyətini öyrənirmiş.
Özünə
gəlin seçirdi
Mən radioya ilk dəfə onuncu sinifdə oxuyanda ayaq
basmışam. İçi dəftər-kitabla dolu məktəbli
çantası əlimdə, dərsdən çıxıb
birbaşa radioya gedirdim. Konsert proqramı
gedəndə arada mənə 30-40 dəqiqəlik imkan
yaranırdı dərslərimlə məşğul
olmağa. Ədəbiyyatı,
riyaziyyatı elə studiyada, pult arxasında
hazırlayırdım.
Biz heç vaxt qələmsiz işləməmişik. Bunu bizə rəhmətlik
Aydın Qaradağlı öyrətmişdi. Çox səliqəli
kişi idi. Bizə doğma
balası kimi qayğı göstərir, həm də tələb
edirdi. Hər sözün, hər
vurğunun üstündə əsirdik. Bizə
çoxlu bədii kitab oxudurdu. Özü
də sonra imtahan edirdi bizi, oxumuşuq, ya yox. Oxumadınsa, qanın getdi (gülümsəyir).
Radioda bir-birimizə bədii kitab ötürərdik,
bu ənənəni Aydın Qaradağlı qoymuşdu. Onun həyat yoldaşı Gültəkin Cabbarlı
190 saylı məktəbdə mənim ədəbiyyat müəllimim
olub, radioda da diktor müəllimim idi. Bizə
mətnləri oxumağı Gültəkin xanım öyrədirdi.
Bu yaşa gəlib çatmışam, hələ
də Aydın müəllimi, Gültəkin xanımı rəhmətlə
xatırlayıram. Bəlkə başqası olsaydı,
deyərdi cavan diktordu, səhv oxuyur, cəhənnəmə
oxusun, mənə nə, tamaşaçı ona güləcək,
ona nifrət edəcək, amma Aydın Qaradağlı buna
imkan verməzdi, deyirdi, bu bizim radionun adıdır. Bizim kimi müəllimləriniz var,
tamaşaçı bizə irad bildirəcək.
-
Ruhları şad olsun. Möhsün Sənani
özünə gəlin seçirdi, nə oldu onun
axırı, necə xəbər tutdunuz bundan?
- Hə də,
mən efirə çıxanda gəlib otururdu şüşənin
o tayında, hərəkətlərimə göz qoyurdu. Ürəyimdə deyirdim, bu kişinin
işi-gücü yoxdur?! Mənə
heç nə demirdi axı. Sonra da oğluna məsləhət
gördü ki, bu qızı al. Mənə elə gəlir, Valid özü atasına demişdi, gəl bu
qıza bax. Valid ciddi adam idi, hisslərini
büruzə verməzdi, amma mənə çox kömək
edirdi. Mən sınaq müddətini işləyirdim
radioda, hələ əmrim verilməmişdi. Gün ərzində efirdə olurdum, bir dəfə
də saat 17 xəbərlərini oxuyurdum. Yəqin,
Allah vergisidir də, bir dəfə də səhv etmirdim.
Üstəlik, bütün yaşlı, təcrübəli
diktorlar kömək edirdilər,
çalışırdılar səhvə yol verməyim.
- Ofelya
xanım, müəllimlərdən, təcrübəli
diktorların münasibətindən, qayğısından
danışırsınız, yenə varmı elə insanlar?
İndi elə insanlar yoxdur
- Mən
onlardan sonra elə insanlara rast gəlməmişəm. İndikilərin xətrinə dəyməsin, amma bu
sənətə olan münasibət dəyişib elə bil.
Bəzən kim necə gəldi oxuyur,
vurğu yerində deyil, söz səhv gedir. Üstəlik,
indi badalaq vuranlar, kömək etmək istəyənlərdən
çoxdur. Niyə?! Səbəbini də
bilmirəm! Bu yaxınlarda kinostudiyaya
getmişdim, cavanları gördüm, ürəyim sevindi.
Elə istəyirdim ki, bir yolla kömək edim
onlara. Yəqin, biz başqa məktəbin
tərbiyəsini görmüşük də, ondandır.
- Yenə
radio ilə əlaqə saxlayırsınız? Yəni
təqaüd yaşı-filan bəhanəsi yoxdur sizə
qarşı?
- Yox,
sağ olsun radio üzrə sədr müavini Rafiq Həşimov.
Çox yaxşı oğlandır. Mənə elə hörmət edir, lap utanıram.
Təsəvvür edirsiniz, hər dəfə mən
onun otağına gedəndə ayağa qalxır. Gözütox, təmkinli, təmənnasız rəhbərdir.
- Rafiq Həşimov həm də yaxşı
yazıçıdır, istedadlı ədəbiyyat
adamıdır. Və mənə xoş oldu dostumuz
haqqında sizdən belə gözəl sözləri
eşitmək.
Möhsün Sənaninin uşaqlığı çox
ağır keçib. O günlərdən nə danışırdı
qayınatanız?
-
Yazıq çox əziyyət çəkib ey. O balaca
uşaq iş axtara-axtara, oturacaqların altında gizlənə-gizlənə
Türkiyəyə gedib çıxıb. Özündən
böyük şələləri daşıyıb, biri mərhəmətli
çıxıb pulunu verəndə, beşi qapazı
başına vurub qovub. Bir qarın ac, bir
qarın tox yaşayıb. Görüb, bir
şey çıxmır, yenə çox çətinliklə
geri qayıdıb.
- Sizcə,
onun üzündəki əbədi qəddarlıq maskası o
çətin uşaqlıq illərinin möhürü idi?
Üzündəki qəddarlıq
maskası
- Yəqin, oradan gəlirdi. O, həm
də çox qısqanc idi axı. Həm ailəsinə,
həm də elə mənə qarşı. "Dağlarda döyüş" filmində
çəkiləndə rəhmətlik Şahmar Ələkbərovla
bir yerimiz var, dağdan qaçaraq aşağı enirik,
ssenaridə elə idi ki, Fərrux (Şahmar Ələkbərov)
mənim əlimdın tuturdu, qaça-qaça gəlirdik.
Həm də baxmayın da, dağdan enirik
axı, yıxıla bilərəm. Şahmar
əlimdən tutmuşdu. Aşağı
çatdıq, qayınatam yaxınlaşdı, səsini
qaldıraraq: "Saxlayın çəkilişi! Ə, Şahmar, qızın əlindən niyə
tutmusan? Get bir də gəl, amma qızın əlindən
tutma!". Şahmar dedi: "Ay
Möhsün müəllim, sən rejissorsan? Qızın əlindən
tutmuşam ki, yıxılmasın!". Belə şeylərə çox diqqət yetirirdi.
Gecəyarı mehmanxanadakı nömrəmin
qapısını döyürdü. "Ofa,
yatmısan?". Mən də
ağır yatıram. Cavanlıqda lap ağır
yatırdım. Eşitmirdim səsini. Nəsə ayılırdım. "Bir
şey lazımdır?" - soruşurdum.
"Yox, elə belə, qapını döydüm,
görüm yatmısan, ya yox?". Artıq bir qızımız da gəlmişdi
dünyaya, amma qayınatam belə idi. "Dağlarda
döyüş"ün çəkilişləri
Mineralnıye Vodı, Yessentuki tərəflərdə gedirdi,
uşağı atasının yanında qoyub getmişdim.
Möhsün müəllimin çəkiliş
günü oldu-olmadı, mütləq gəlib mənim
çəkilişlərimdə iştirak edirdi.
- Bəs,
Valid müəllim onun bu qısqanclığına, sizi həmişə
nəzarətdə saxlamasına necə reaksiya verirdi? Demirdi,
ay kişi, nə istəyirsən mənim
arvadımdan?
- Yox,
Valid çox yaxşı adam idi axı. Biz həmişə bir-birimizə
inanmışıq.
- Möhsün Sənaninin səhnəyə
çıxmasında xalası oğlu Əli Qurbanovun
xüsusi rolu olub. Biz Əli Qurbanovu daha çox "Bir
qalanın sirri" filmindəki Kamran baba kimi
xatırlayırıq. İlk dəfə səhnəyə
çıxmasından nəsə danışırdı evdə?
Kamran baba kim idi?
- Onun
haqqında kitab vardı, xatirələri
yazılmışdı orda. Mən o kitabı
göz yaşları ilə oxudum. Balaca,
köməksiz bir uşaq, necə əziyyətlər çəkib?!
Ona görə çox istəyirdim onu. Təsəvvür
edirsiniz, əgər onun möhkəm iradəsi, böyük səbri,
gələcəyə inamı olmasaydı, bəlkə də,
tamam başqa bir yola gedər, təsir altına düşər,
oğru-quldur ola bilərdi. Amma
o, lap uşaqlıqdan bir parça çörəyini işləyib,
halallıqla qazanmaq istəyib. Küçələrə
düşməyib, kiməsə əl açmayıb, ancaq
iş axtarıb və hər məşəqqətə
dözərək işləyib. Çayçı
köməkçisi işləyib, baqqal yanında
çıraqlıq edib. Yəqin, elə
bu səbəbdən çox cüzi maaşla teatrda işləməyə
başlayanda hər manatının qədrini bilib. Mən Validin anasını, Möhsün müəllimin
ilk xanımını görmüşdüm, o qadın
heç nə danışmırdı. Özünə
fikir verən deyildi. Mən çox
şeyi başa salırdım ona. Əyin-başını
alırdım. Sadə adam idi. Amma
qayınatam həssas kişi idi,
özünə fikir verən idi, həm də istəyirdi
qadını özünə fikir versin. Məncə,
onun ilk ailəsi bu səbəbdən
dağılmışdı. Biz heç
vaxt bir yerdə yaşamamışıq, ona görə onun
ilk dəfə səhnəyə çıxması ilə
bağlı hər hansısa bir xatirəsini eşitməmişəm.
- İlk böyük rolu "Dəmirçi Gavə"
pyesində Gavə olub.
- Hə,
Gavə onun böyük səhnədə ilk böyük rolu
olub. Amma onun teatrdakı yolu asılqandan
başlayıb. Qarderobçuluq edib,
suflyorluq edib. Məqşlərə
baxa-baxa öyrənib. Epizodik rollarda,
kütləvi səhnələrdə yer alıb. Xalası oğlu Əli Qurbanov da köhnə aktyor məktəbi
idi, kömək edib Möhsün Sənaniyə.
Həm də yaxşı səsi
vardı
- Ofelya xanım, Möhsün müəllim
Azərbaycan Akademik Dram Teatrının üzdə olan və
sevilən sənətkarlarından biri kimi məşhur idi. Məşhur adamın gəlini kimi
tanıyırdılar sizi? Gedib səhnədə
canlı-canlı onun tamaşalarına baxırdınız?
- Əlbəttə, elə idi. Düzdür, o vaxt mən
efirə çıxırdım, səsimi sevirdilər, amma
hamı məni əvvəlcə Möhsün Sənaninin gəlini
kimi tanıyırdı. Allah ona aktyora
lazım olan hər şeyi vermişdi. Gözəl səs,
istedad, zəhmətkeşlik, sənətə
bağlılıq... Bütün bunlar olmadan
uğur qazanmaq mümkün deyil. Yaxşı
musiqi duyumu vardı, gözəl oxuyurdu. İstənilən
təzə yazılmış mahnını oxuya bilirdi.
Əlbəttə, gedib tamaşalarına baxırdım. Daha çox
komik obrazlar yaradırdı. Onun
"Almaz" pyesindəki Mirzə Səməndər rolu
yadımdadır. Lap ilk dövrlərdə
çəkilən filmlərdə rol almışdı.
"Qız qalası", "Bayquş",
"Bismillah", "İsmət", "Kəndlilər"
filmlərində oynamışdı. Siyahıya
baxsaz görərsiniz. Çox filmə
çəkilib.
- Siz
"Dağlarda döyüş" filmindən başqa da
filmlərə çəkilmisiniz, deyəsən.
- Hə,
"Mücrü" qısametrajlı film idi. O film elə
bil mənim taleyimdir. Ssenari müəllifi
Gülhüseyn Hüseynoğlu da müharibə dövrü
uşaqlarından idi, görünür, o da müharibənin
dəhşətlərini yaşamışdı,
görmüşdü. Aclıq, səfalət, çətinliklər...
Bir tikə çörək üçün
saatlarla növbə tuturduq. Atam müharibədə
idi. 1945-ci ildə 4 yaşm vardı, anam məni
çörək almağa göndərirdi. Cibinin üstündə gilas olan paltom vardı,
çox sevirdim o paltonu. Elə bilirdim
üstündəki doğruçu gilasdır. Artıq dükandan çörək almağı
bacarırdım. Sərbəst uşaq
idim. Bir gün elə bil şeytan
aldatdı məni. Bir müddət pəncərədən
küçəyə baxdım, sonra aşağı enib gəzə-gəzə
evdən xeyli uzaqlaşdım.
O film mənim taleyimdir
Yaxşı ki qarşıma milis şöbəsi
çıxdı. Pəncərədən içəri
boyandım, növbətçi milis məni görüb
içəri apardı. Sorğu-sual elədi.
Eviniz hardadır, soruşdu, dedim, o tərəfdə, həm də
əlimlə göstərdim. Dedi, evdə telefonunuz var. Dedim
var, özü də 92 ilə başlayır, amma
qalanını bilmirəm. Bu adam haradansa
tapdı evimizin telefon nömrəsini. Atam milis
zabiti olduğundan evimizdə telefon vardı. Beləcə, anamdan xəbərsiz çıxıb
getmişdim evdən. Uşaq ağlı.
Niyə gedirsən? Hara gedirsən?
- O sərbəstlik
həmişə qaldı sizin xarakterinizdə?
-
Azadlıq həmişə qaldı, amma müəyyən
yaşdan sonra sərbəstlik formasını dəyişir
axı. Bir söz deyim, uşaqlıqdan həmişə
söz-söhbətdən, cəncəldən,
dava-dalaşdan, intriqadan uzaq olmuşam.
-
Qayıdaq öz mövzumuza. Möhsün Sənani gəlib
radioda sizi seçdi və dedi ki, səni oğluma almaq istəyirəm.
Elə oldu söhbət?
- Əşşi, radioda səsimi eşidib aşiq
olanlarım çox idi. Mən də məktəbi
qurtarmamışdım axı hələ. Radioya
anasını, bacısını elçi göndərən kim. Bir gün bir qadın gəlib
tapdı bizi. Bir bağlama qızıl-zinət
tökdü anamın qabağına. Dedi, oğluma
alacağam sənin qızını. Əlimizin
içində, naz-nemətlə saxlayacağıq. Bunun oğlu da ticarətçi idi, mağaza
müdiri.
Onu
qızıla tutmaq istəyirdilər
Tanımadığım adamdır. Səsimi
eşidib bəyəniblər. Anam dedi ki, biz oğlunuzu
görməmişik, tanımırıq. Qız
da hələ məktəbdə, onuncuda oxuyur. Qadın
dedi, axı qız işləyir. Elə biliblər
yaşım çoxdur. Anam dedi, qız dərsdən
çıxır, atası gəlib onu aparır radioya,
axşam da götürüb gətirir evə.
-
Aydındır. Bəs niyə Möhsün
müəllimin seçiminə razılıq verdiniz? Valid müəllimlə eyni yerdə işləyirdiniz,
sevmişdiniz gələcək həyat
yoldaşınızı? Düzünü deyin
(zarafatla). Yoxsa Möhsün Sənani kimi məşhur
adamın gəlini olmaq istəyirdiniz?
-
Yox-yox... Xoşum gəlmirdi Möhsün Sənaninin
gəlib məni izləməsindən. Aktyorluğu
xoşuma gəlirdi, amma insan kimi onda qabalıq hiss edirdim.
Adam saatlarla oturub gözlərini mənə zilləyirdi.
Təsəvvür edin də,
özünüzü necə hiss edərdiniz? Gözləri də od-alov idi. Baxırdı mənə...
Yaxşı ki, özümü itirmirdim, mətni
oxuyanda çaşmırdım. Qarşımda
həmişə kitab-dəftər görürdü. Oğluna demişdi ki, bu qızın gələcəyi
var.
Validin də
mənə olan münasibətini hiss eləmişdim. Başqa cavan oğlanlar vardı, onlar da istəyirdilər
məni. Bəzən zarafatla söz atırdılar:
"Ofa, mənə gələrsən?".
Deyirdim, gedin işinizlə məşğul
olun, mən hələ oxumalıyam. Validi daha yaxın
hiss edirdim. O, artıq BDU-nun Geologiya fakültəsini
bitirmişdi, amma yazırdı, jurnalistika ilə məşğul
olurdu.
- Amma ixtisaslı
jurnalistlərin çoxundan peşəkar idi.
- O,
jurnalistikanın estetikasını gözəl bilirdi. Hələ
uşaq yaşlarından "Pioner şeypuru"na yazılar göndərirmiş. Bəzən
axşam işdən çıxanda atam gecikirdi, belədə
Valid məni ötürürdü. Heç nə demirdi o barədə. Aramızda 6 yaş fərq vardı axı. Hisslərini gizlədə bilirdi. Bir də görürdüm atam tələsik gəlib,
yolda özünü çatdırırdı.
"Valid, sağ ol, əziyyət çəkmisən,
balamsan, daha sən get", - deyib, yola salırdı onu. Hiss
edirdim ki, daha çox Valid mənə can
yandırır. Çox həssas, incə ruhlu
idi. Sırtıq deyildi başqaları
kimi, onun bu xüsusiyyəti ürəyimə yatırdı.
Ona görə Validi seçdim və həyat
göstərdi ki, yanılmamışam.
- Mən
bir neçə dəfə sizi Valid müəllimlə
bir yerdə görmüşəm, dostluğunuz hiss olunurdu. Sizə necə qayğı göstərdiyi indi də
gözlərim önündədir. Ailədə
bir yerdə oturub Möhsün Sənaninin hansı filminə
baxmaqdan zövq almısınız? Bir də...
onun hansı obrazı xarakterinə daha yaxın idi, sizcə?
- Lap əvvəl
çəkildiyi filmlərə maraqla baxırdıq. Umumiyyətlə, filmlərin hamısında
Möhsün müəllim səmimidir. Sənətini
çox sevirdi, axı. Xarakterinə
yaxın obrazı? Qoçu Əsgər. Evdə də,
teatrda da sərt idi də bu adam. Çox tələbkar idi. Hətta
sevgisini də qəribə tərzdə
çatdırırdı. Nalçikdə
"Dağlarda döyüş"ə çəkilirdik.
Gəlib qapını döyürdü, sərt səslə:
"Ofelya, nahar eləmisən?". Deyirdim, eləmişəm. "Ac deyilsən?". Deyirdim, yox, toxam. "Harda yemisən ey? Nə vaxt
bişirdin, yedin? Hanı, qab-qacağın
da təmizdir. Dur gedək bir yerdə yeyək!". O vaxt ikinci həyat yoldaşını,
qızını da özü ilə gətirmişdi
Nalçikə.
- Daha
çox qayınanalığı hansından hiss etmisiniz?
Mənə çox zənglər
olurdu axı
-
Heç birindən. Validin anası çox
fağır qadın idi, amma bəzi şeylərdən
narazı idi. Mənə çox zənglər
olurdu axı. Hiss edirdim ki, bu zənglər qadının
ürəyincə deyil. Telestudiyadan, kinostudiyadan
zənglər olurdu. Çəkilişlər, dublyaj... Mən telefona cavab verəndə qadın
qulaqlarını şəkləyib dinləyirdi. Şəraitimiz də yox idi. Balaca
bir otağımız vardı. Bir qonaq
stolu, bir də cehiz apardığım servant, içindəki
cehizlik qablarım. Onlar çox kasıb
idilər. Validin bir bacısı vardı,
eyni anadan-atadan. Çox zirək qız
idi. Mən diktor işləyirdim,
maaşımla özümə əyin-baş alırdım,
baldızım gəlirdi, bəyəndiyi paltarı
götürüb gedirdi. Ürəyimdə deyirdim, bu niyə
belə eləyir ey, amma dilimə gətirmirdim ki...
-
Ümumiyyətlə, sizə baxanda həmişə kənardan
səbirli xanım təsiri
bağışlamısınız. Bu
doğrudan belədir?
-
Çox səbirliyəm. Hər şeyə
dözürdüm. Kasıblığa da,
evsizliyə də, şəraitsizliyə də. Qızım düyaya gələndə evdə onun
arabasını qoymağa yerimiz yox idi. Yəni
o qədər darısqal idi otağımız. Qayınanam, bir də biz. Tərpənmək
olmurdu evdə. Sonra Valid "Baksovetə"
ərizə yazdı. Gəlib mənzil
şəraitimizə baxdılar, gördülər, illərdir
qəfəsdə yaşayırıq. Amma
bunlar məni bezdirmirdi.
-
Möhsün müəllimin dostları kim
idi? Valid müəllim kimlərlə dostluq
edirdi?
-
Çox az dostu vardı Möhsün
müəllimin. Evə ümumiyyətlə, adam
aparmazdı. Qısqanırdı axı. Amma Validin dostu çox idi. Evə
də gəlib-gedirdilər. Mən də balaca canımla
bir yeməklər bişirirdim ki... Dadlı fisincanlar, toyuq
çığırtması, iri-iri kotletlər... Yayda da qışa tədarük görürdüm,
bankalarda konserv bağlayırdım. Gecə gəlirdim
işdən, başlayırdım banka
bağlamağa. Deyin yorulurdum? Əsla!
Avtobusda yatırdım
Mən yuxu bilmirdim.
Avtobusda yatırdım. Televiziyadan
qaçırdım kinostudiyaya dublyaja. Yuxu
tuturdu məni. Sürücü
oyadırdı ki, qızım sən burda düşməlisən.
Bir dəfə də yenə qaçaraq, yuxusuz
getdim dublyaja. Gördüm Əli Zeynalovla
Leyla Bədirbəyli məni gözləyirlər. Gecikmişdim bir az. Utandım lap. Leyla xanım
da məni bir az əvvəl televiziyada
görmüşdü. Bildi ki, nahar da eləməmişəm.
Tez çantasını eşələyib bir
peçenye tapdı. Çay gətirtdi mənə,
yedirtdi, içirtdi, sonra başladıq filmi səsləndirməyə.
Əli müəllim dedi ki, sən olmasaydın, gözləyən
deyildim, səninlə işləmək asandır. Birnəfəsə yazırdım ey, özü də
dodaqların sonxronunu dəqiq tuturdum. Mətnə
baxırdım, kadra baxırdım, getdik... Görünür,
Allah məni istəyib də bu sənətdə...
- Niyə
az filmə çəkildiniz? Məncə, sizin imkanlarınız böyük idi.
- Ədil İsgəndərov çox istəyirdi məni. Bir gün yanına
çağırıb dedi ki, qızım, sən bu
qayınatanı dilə tut, mən səni 30 filmə çəkdirim,
qoy o filmlər yadigar qalsın. Dedim, Ədil müəllim, mən
telestudiyadakı işimi atıb çəkilişlərə
gələ bilmərəm. Hər veriliş mənim
övladımdır. Mən onları yetim
saxlamaq istəmirəm. Ədil müəllim
çox təəssüfləndi.
Onları yetim saxlamaq istəmirdim
- Ofelya
xanım, Valid müəllimə nə
oldu? Ondan sonra sizin üçün həyat necə
keçir? Baxıram, ətrafınızda
nəvələr yoxdur, amma pişiyinizi çox əzizləyirsiniz?
Niyə tək qalırsınız?
- Valid
qızdan sonra yatağa düşdü. Hövlləndi,
həyəcan keçirdi. Qızımız
onkoloji xəstədir. Əməliyyat olundu, amma Valid onun əməliyyat olunmasına dözə
bilmədi. Qalmadı xəstəxanada, dedi ayaqlarım tutmur. Məni orada qoyub gəldi evə. Qız çıxdı əməliyyatdan, indi də
müalicə alır. Gəldim gördüm Valid yataqdadır. O yatağa düşməyi
ilə, bir də qalxmadı.
İstəsən
ailə qurarsan...
Mənə görə çox əzab çəkirdi,
narahat idi məndən. Bilirdi ki, ona bir şey olsa, təkliyi
seçəcəyəm. Oğlumun,
qızımın öz ailəsi var. Mən onlara qonaq getməyi
sevirəm, amma hər kəsə öz evi doğmadır.
Valid son günlərində bilirsiniz mənə nə dedi?
- Nə?
- Dedi,
Ofelya, narahatam səndən, bu evdə tək qalıb öləcəksən,
heç kəsin xəbəri olmayacaq. İstəsən,
biri ilə ailə qurarsan, tək qalma. Dedim başın
xarab olub sənin? Mən bundan sonra ailə
quranam? Ölərəm, uşaqlar bir
gün görəcəklər zənglərə cavab vermirəm,
gəlib tapacaqlar da məni.
- Bəs
qorxmursunuz təklikdən?
- Yox, niyə
qorxum ki... İndi mənim sirdaşım xatirələrdir.
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.-
2021.- 27 fevral. S. 16-17.