Xocalı
qurbanlarına elegiya və ya vətəndaş-şairin
harayı
Xocalı mahalında bənövşətək zərif,
qənirsiz bir el gözəli vardı. Mələk
adında. Mələk kimi məsumluğundan,
incəliyindən bütün elat danışardı. Çox cavanların gözünün ilk ovuydu Mələk.
Yuxuları ərşə çəkilən, sevgiləri
cavabsız qalan bu cavanların, sanki kirpiklərində
açılırdı dan yeri. Odlanan
ürəklər gündən-günə cilvələnən
Mələyə heyran, məftun olmuşdu.
Bir soyuq qış axşamı Xocalının səmasını
qara buludlar aldı. Torpağın köksünə barıt
qoxulu qurşunlar səpələndi. İnsan
qanına susamış yırtıcı qaraquşlar,
xarabalıq sevən bayquşlar iti caynaqlarını bu
mahalın körpə balalarına, el gözəllərinə,
ipək kimi kövrək qocalarına, dinc, isti günlərinə
uzatdılar. Doğma yurdun başı üstünü sar aldığını, qəfil fəlakətə
düçar olduqlarını Mələk də duymuşdu.
Qarğa-quzğunun murdar nəfəsini hiss edən kimi qan
çilənmiş cığırlarla bir qayanın dikinə
qalxıb özünü uçuruma ataraq məhv etdi. İsmətini, namusunu hər şeydən
üstün tutan Mələk, sanki ilahi bir qüvvənin, əfsanəvi
mələklərin qanadlarında uçub Vətən səmasına
qovuşdu. O məşum, sazaqlı-şaxtalı gecədən
çox müsibətlər, bir də "Mələk
dastanı" yadigar qaldı.
Sənədli hekayələrimin birində barəsində
söz açdığım, gənc yaşlarından birinci
Qarabağ savaşına atılmış şəfqət
bacısı Raygül də yaxınlaşan erməni
yaraqlısının əlinə keçməsin deyə, bir
göz qırpımında qayanın kənarına
sürünərək "ya Allah!" deyib özünü
hündür qayadan atmışdı. Bunu uzaqdan görən
döyüşçü yoldaşları mühasirədən
çıxdıqdan sonra onu tapmış, ayaqları
sınan, üz-gözü parçalanıb qanayan, amma qadir
Allahın hökmüylə sağ qalan Raygülü hospitala
gətirmişdilər. Bu cəsur el
qızımız qeyrət mücəssəməsi Mələyin
məğrur addımını təkrar etmişdi.
O
müdhiş gecədə baş vermiş Xocalı
soyqırımının dəhşətləri, müsibətləri
barədə çox danışılıb, çox
yazılıb. Poeziya, nəsr və
publisistikamızda bu ağrılı mövzu ilə
bağlı dəyərli nümunələr, örnəklər
yaradılıb. Müvafiq bədii əsərlər
sırasında daha çox diqqəti çəkən mərhum
şairimiz, nasir, ssenarist Nurəngiz Günün "Xocalı
simfoniyası" poemasıdır.
Gözəl çöhrəsi, intellektual səviyyəsi,
istedadı, azad ruhu və düşüncələri ilə
yaddaşlarda yaşayan Nurəngiz xanım bəşər
övladına, Yer üzünün əşrəfi olan insana
sevgisi, insanlığa tapınması ilə seçilirdi. Məhz
yaradıcılığındakı bu məziyyətlər ədəbiyyatımızın
"altmışıncılar"ının insanpərvərlik,
humanizm prinsipləri ilə üst-üstə
düşürdü. Şeirlərində
"İnsanlarsız nəyə lazımsan, dünya?"
xitabı ilə qarşılaşdığımız Nurəngiz
Gün dünya tarixində ən qanlı cinayətlərdən
olan Xocalı soyqırımını bəşəriyyətə
car çəkməkdən ötrü qələmə
sarılmış, Qarabağ həqiqətlərini
çatdırmaq üçün qəlbləri titrədən,
hüzn, kədər dolu elegiya yazmışdı. "Xocalı simfoniyası" bu faciənin
qurbanlarına ağı deyən, uca Tanrıdan onlara təskinlik
verməsini istəyən Azərbaycan qadınının, vətəndaş-şairin
haqq səsidir. "İlahi! Təskin
et! Sən onlara səma nəğmələri
göndər, təsəlli səp" deyən şair
sonrakı misralarda üzünü sərt rüzgara tutub var səsi
ilə hayqırır:
Yox, Rüzgar! O cürə əsmə
sən!
Torpaqda...
Torpağın altında
Dipdiri
ölülər var!
Diksinə
bilər Onlar!..
Onlar onsuz
da yazıq!
Tələf
olubdur Onlar!
Müəllifin
rüzgarla söhbətləşməsi maraqlı bədii
tapıntı kimi dəyərlidir və poemanın emosional təsir
gücünü qat-qat artırır. Şair
uçurub dağıtmağa, yıxıb sürüməyə
qadir olan rüzgara müraciətlə deyir ki, hirs-hikkə ilə
əsməsin, torpağı alt-üst etməsin,
çünki yerin alt qatında bir dünya var, qoy bu sükut
dünyasındakı məsum, dipdiri insanlar inciməsin.
Çünki onlar həyatdan vaxtsız-vədəsiz
məhrum edilmiş, əzab verilmiş, təhqirə məruz
qalmış, əsir-yesir olmuş varlıqlardır.
İnsanı məhvərindən qoparan bu tarixi rəzalətlə
heç vəchlə barışa bilməyən müəllif
susqun, karıxmış, biganə dünyanı ayıq
olmağa səsləyir, qətliam törədən erməni
faşistlərini, onların arxasında durub havadarlıq edənləri
lənətləyir:
Xocalım!.. Məğlubum!.. Necəsən?
Yoxsa
dağ çəkdi sinənə tarixi dilənçi -
Bəd qonşu?
Dramatik
"yazıq erməni" ilə
Məşhur
"qırmızı qospodin?".
Bir gecənin içərisində
iri bir şəhəri həyat səhnəsindən silmək,
uşaqlara, qadınlara, qızlara, qocalara rəhm etmədən
bütün dinc əhalini qətlə yetirmək
ağlasığmaz faciədir. Nurəngiz Gün əsəbləri
tarıma çəkən bu soyqırımı aktına rəvac
verənləri insanlıq simasını itirmiş vəhşilər,
canilər adlandırır və bu cinayətə göz yuman sivil dünyanı suçlayır:
A?!
Səslərə ürpəşirəm.
Şum
edilmiş insanların kütləvi qırğınına
daraq
çəkə bilmirəm...
Bax, ona
ağlayıram:
Axı,
Dünya özbaşına!
Axı,
Dünya çox məşğul!
Şair hiddətini
boğa bilmədiyi, hiss-həyəcanla, vulkantək
püskürərək yazdığı "Xocalı
simfoniyası" ilə elə vaxtında dövrün nəbzini
tutmaq, ümmanlar qədər dərin dərdlərimizi
çatdırmaq istəyib. Görəsən,
bu qədər ələm, zülm-sitəm necə
sığıb bu misralara? Müəllif
zaman-zaman qanımıza-canımıza susayan,
torpaqlarımızı qəsb edən erməni millətçilərin
iyrənc xislətini, acgözlüyünü, fürsətcilliyini,
xəyanətkarlığını,
satqınlığını açıb göstərib.
Qaniçən vandalları yırtıcılar, adamyeyənlər
adlandırıb:
Hayqıracaq!
rüsvay
edəcək...
Cahanın
canavar iştahlı
Cümlə
adamyeyənlər kolunun...
Cümlə
yırtıcılarını!
Bir məşum gecədə insanları
amansızcasına məhv edilib torpağa
qarışdırılan Xocalının ah-naləsi
yeri-göyü titrətsə də, "cahanşümul
şümürləri" ilgiləndirmirdi. Müəllifə görə,
baş vermiş qanlı cinayət bunaqədərki qətliamları
üstələmiş, arxada qoymuşdu:
Ax, mənhus düşüncə!
Necə yəni,
Allah yaradanı sən,
Bir gecədə yox edəsən?!
"Əhsən",
ey insan, "əhsən",
Sən bu
antik işinlə
Xirosima dəhşəti,
Xatın faciəsini də
Çox-çox
arxada qoydun!
Şairin təbirincə
desək, bu "nəhəng faciəyə üst qatlar
qalın yorğan çəkdiyindən" ünümüz
yetmir, səsimiz çatmır böyük güclərə.
Gec də olsa, bu qanlı soyqırımına
beynəlxalq müstəvidə hüquqi qiymət verilməlidir.
Duyğusallıq
aşılayan, kövrək ovqat bəxş edən sevgi
şeirlərindən fərqli olaraq, müharibə
poeziyasında Nurəngiz Gün hərb qovğasının
ağrı-acılarını, dinc insanların həyatına
gətirdiyi məhrumiyyətləri, onları kabustək izləyən
dəhşətləri qələmə almışdır. "Müharibəni kişilər başlasa da, ən
çox əziyyət çəkən qadınlar və
uşaqlar olur" deyiminin sübutudur "Xocalı
simfoniyası".
Ah! Boğulur, çocuqlar,
Yorulur
torpağın altında...
Əlləri,
qolları yorulur,
Heç
bir şey anlamır çocuqlar!
Çocuqlar
top-top oynamaq istəyir,
Torpağın
altında...
Şair "bəşəriyyət
önündəki zülmün nəhəng pannosunu",
"ahın şəklini çəkən", vəhşətlər
törədənləri ittiham edən Ana obrazını
yaratmış, onu mübarizə simvolu olan Vətən
qızı adlandırmışdır. Həqiqətləri
söyləyən bu məğrur Ana günahsız körpələri
gülləbaran edənlərə nifrinlər
yağdırır:
İnsanı
hayqıracaq,
o məsum
tifilləri,
Yer
üzünün bütün həlaklarını,
Zilləti
hayqıracaq!
- deyir Nurəngiz Gün.
Ananın dilindən ucalan üsyankar
çağırış əslində, şairin səsi,
köksünü didib-parçalayan fəryadı, ah-naləsidir.
Poemanın hər bir misrasından müəllifin
mübariz ruhu boylanır. Nurəngiz
Günün Vətən sevgisinə, Qarabağ müharibəsinə,
haqlı torpaq davamıza həsr olunmuş bədii şeirlərinə
baş vurarkən, sözün fəlsəfi baxımdan alt
qatlarına enərkən şairin bu bədii nümunələrdə
sərgilədiyi ictimai-əxlaqi məram göz önünə
gəlir. Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar Nurəngiz Günü
istedadlı şair, publisist və gözəl insan kimi dəyərləndirib:
"Ədəbiyyatımızda öz yeri olan bu qələm
sahibinin şeirlərində qəm-kədər notları
üstünlük təşkil edir. Həmin
motivlər, təbii ki, xalqımızın başına gətirilən
müsibətlərdən qaynaqlanırdı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı,
Qarabağ dərdi şairin yaradıcılığında
yeni bir səhifə açmışdı. Onun "Xocalı simfoniyası" bu mövzuda
yazılmış ən dəyərli əsərlərdən
biridir". Xalq şairi Fikrət
Qocanın fikrincə, "O özü bir şeir idi. O,
bir işıq kimi gəlmişdi, poeziya ilə, şeirlə əkiz
doğulmuşdu. Xüsusilə Qarabağ
mövzusunda, "Xocalı simfoniyası"nda elə bil
öz içini yandırırdı. O
misralar içdən gələn ah, nalə kimi, haray kimi səslənir".
Təhlilə cəlb etdiyimiz poemanın olduqca
maraqlı, canlı dili var. Əsər insanı deyim, duyum tərzi
və poetik dilinin axıcılığı ilə ahənrübatək
özünə çəkir. Son illərdə dilimizdə,
çağdaş ədəbiyyatımızda az
rastlaşdığımız "təskin, zuzə,
hayqırıq, əndişə, mənhus, məşum, kəlisa,
eyvah, yeksan, müdam, bihudə, biçarə, lağım,
cızdağ, qətrə, təcəlla, batqın,
şümür, müntəzir, məzlum" kimi arxaik
sözlərin yerli-yerində işlədilməsi baş
vermiş qanlı faciənin dərindən
qavranılmasına yardımçı olmuşdur.
Əsərin daha bir özəlliyi isə qeyri-adi,
orijinal üslubda yazılması, müəllifin izlədiyi
qayənin, insanlar üçün istəklərinin Ana
obrazının dili ilə dualar şəklində
çatdırılmasıdır. Poema elə dua ilə də bitir:
"İlahi! Sən onları rahat et...".
Bu əsər narahat dünyamızın
qadın yazarının Xocalı şəhidlərinə
oxuduğu hüznlü layladır.
Nurəngiz Günün Vətən təəssübkeşliyi,
Qarabağ dərdi bir sıra şeirlərinə və lirik-fəlsəfi,
psixoloji baxımdan düşündürən, bu gün də
aktual olan epik əsərlərinə hopub. Yeganə
övladı, filologiya elmləri doktoru, millət vəkili Jalə
Əliyeva deyir ki, "anam son nəfəsinədək
intizarında olduğumuz o böyük Qələbəni
gözləyirdi". Dəyərli qələm
sahibi uzun illik həsrətə son qoyulduğunu, 44
günlük Vətən müharibəmizin möhtəşəm
Zəfərlə bitdiyini, heyif ki, görə bilmədi.
Görsəydi, müdrik Sərkərdəmizin,
hünərvər əsgər və zabitlərimizin tarix
yazmasına, yurd yerlərimizin əsarətdən
qurtarmasına, el büsatına sevinər, şadyanalıq edərdi.
Böyük
sevgi və azad düşüncə şairinin ruhu şad
olsun!
Zemfira
MƏHƏRRƏMLİ
Ədəbiyyat qəzeti.-
2021.- 27 fevral. S. 22.