Əsəd
bəy-Çəmənzəminli- Qurban Səid diskursu: həqiqətin
gerçək üzü
II məqalə
Əsəd bəyin milli kimliyi və
dini inancı
Məlumdur ki, hər hansı bir əsərin kimə məxsusluğunu
sübut etmək üçün elmi, nəzəri, faktoloji
prinsiplər mövcuddur. Bu prinsiplər sayəsində hətta bizdən bir
neçə yüz il əvvəlin ədəbi
hadisələrini, şəxsiyyətlərini, əsərin
kimə məxsusluğunu müəyyənləşdirmək
mümkündür. Şah İsmayıl Xətainin
əsərlərinə daxil edilən bəzi şeirlərin
başqa şairlərə məxsusluğu haqqında elmi qənaətlər
artıq qəbul edilir. Eyni şeirlər həm də
Yunis İmrə və Pir Sultan Abdalın adına
verilir. Nəsiminin adına gedən şeirlərdən bir
çoxunun onun olmadığı ilə bağlı ədəbiyyatşünaslar
zaman-zaman yazmışlar. Bu cür mübahisələrə
aşıq yaradıcılığında da tez-tez rast gəlmək
olur. O zamanlar əlyazma olmadığından bu şeirlərin
kimə məxsus olması haqqında qəti fikir söyləmək
bəzən mümkün olmur. Şairlərin əsərləri
isə sağlığında tərtib
olunmadığından qarışıqlığa yol
verilirdi. Ən tez toplanıb üzü
köçürülən əlyazma Şah İsmayıl Xətaiyə
həsr edilib ki, o da ölümündən 11 il
sonra gerçəkləşmişdir. Belədə
bu cür mübahisəli məsələlərin yoluna
qoyulması ədəbiyyatşünasların üzərinə
düşür. M.Füzulinin "Söhbətül-əsmar"
əsərinin kimə məxsus olması haqqında mərhum ədəbiyyatşünaslar
Əziz Mirəhmədov və Sabir Əliyevin polemikaları
son dərəcə elmi-nəzəri prinsiplərə söykənirdi.
"Millət necə tarac olur-olsun, nə
işim var?!" satirasının da M.Ə.Sabirə, yoxsa C.Məmmədquluzadəyə
məxsus olması barədə ədəbiyyatşünaslığımızda
aparılan müzakirələr mədəni, elmi atmosferdə
davam etdirilmiş, müəyyən elmi nəticələrə
gəlinmişdir. Bu cür mübahisələr
xüsusilə satirik ədəbiyyatda çoxluq təşkil
edir. Nədən ki, şairlər bəzən
eyni imza ilə çıxış etdiyindən hansı
şeirin kimə məxsusluğunu müəyyənləşdirmək
mübahisə doğururdu. Bu zaman əsərin dili,
üslubu, yaxud hansı mətbuat orqanı ilə hansı
şairin əməkdaşlıq etməsi və s. elmi prinsiplərə
əsaslanılırdı. Hər halda, ədəbiyyat
tariximizin ən zəngin, imza, üslub oxşarlığı
cəhətdən xaotik məsələləri ilə
bağlı elə də qaranlıq məsələlər
qalmamışdır. Yəni ədəbiyyatşünaslar
elmi araşdırmalar nəticəsində bu cür mübahisəli
məsələləri həll etmiş, gerçəyi
üzə çıxara bilmişlər.
Əsəd bəy-Yusif Vəzir dilemması isə
yaxın dövrün məhsuludur; haqqında söhbət gedən
dövr ötən yüzilin 20-30-cu illəri olsa da,
mübahisələr 70-ci illərdən başlayaraq
bugünü əhatə edir. Yəni Qurban Səid-Əsəd
bəy 70-ci illərə qədər əsərin şəriksiz
müəllifi kimi qəbul olunub. Mübahisələr
70-ci illərdə çox zəif şəkildə
görünüb, dərhal da faktların üzə
çıxması ilə son verilib. Elə
çəmənzəminlişünaslar və
yazıçının övladları da bu əsərlərin
Y.Vəzirin olması ehtimalını qəbul etməyiblər.
Ailəsi və ədəbiyyatşünaslar bu
cür "bulvar romanının Çəmənzəminli tərəfindən
yazılmasını" inkar ediblər. Deyək
ki, əsərin o dövrdə ailəsi tərəfindən
Y.Vəzirə aid edilməməsinə səbəb
dövrün ideoloji təzyiqi olmuşdur. Ancaq
filologiya elmləri doktorları Kamran Məmmədov, Tofiq
Hüseynov (Hüseynoğlu) da məsələyə obyektiv
mövqedən yanaşmışlar. K.Məmmədovun
"Yusif Vəzir Çəmənzəminli (həyatı və
yaradıcılıq yolu) (Bakı, Elm, 1981),
T.Hüseynoğlunun "Ədəbiyyatla yaşayıram"
Bakı, Azərnəşr, 1993) monoqrafiyaları
yazıçının ömür və yaradıcılıq
yolunu konyuktur maraqlar olmadan araşdırılıb. Hər iki tədqiqatçı Yusif Vəzirin həm
ömür yolunu, həm də
yaradıcılığını araşdırarkən
faktlara əsaslanıb. K.Məmmədov isə
monoqrafiyasında bu məsələyə heç bir
münasibət bildirməyib. Buna səbəb ancaq əldə
lazımı faktların olmaması və hər iki əsərin
Y.Vəzirə aid edilməsinin qeyri-ciddiliyi ola
bilərdi. M.Axundovanın da "Yusif Vəzir
Çəmənzəminli" (Bakı, Yazıçı,
1981) monoqrafiyasında arxiv materiallarına müraciət
edilmiş və bu məsələ müzakirə obyektindən
kənarda qalmışdır. P.Xəlilov,
F.Hüseynov, D.Dəmirli kimi ədəbiyyatşünaslar da
yazıçının həyatı ilə bağlı
araşdırmalar aparmışlar. Bu
araşdırmalarda yazıçının Əlyazmalar
İnstitutunda saxlanan arxivindəki çoxlu sənədlərə
istinadlar edilmişdir. Qeyd etmək lazımdır
ki, Y.Vəzir nadir yazıçılardandır ki, həyatı
və əsərləri ilə bağlı bütün hadisələri
yazmış, qoruyub saxlamışdır. Bu
tədqiqatçıların heç biri onun mühacirətdə
"Qurban Səid" təxəllüsü ilə iki roman
yazması faktını aşkara çıxara bilməmiş,
bu əsərlə yazıçı həyatı və
yaradıcılığı arasında bağlantı qura
bilməmişdilər. Qura da bilməzdilər,
çünki əllərinin altında hər iki əsərin
Y.Vəzirə aid olması barədə faktlar yox idi. Hətta
yazıçının ən yaxşı tədqiqatçılarından
biri T.Hüseynoğlu "Ədəbiyyatla
yaşayıram..." (Bakı, Azərnəşr, 1993)
monoqrafiyasında Qurban Səidin Türkiyədə çap
olunmuş "Əli və Nino" romanının
yazıçıya aid olmasını, çox doğru olaraq,
qəti şəkildə rədd edir: "Romanı
("Əli və Nino" nəzərdə tutulur-B.Ə.)
türk dilinə çevirən və 1971-ci il türk nəşrinə müqəddimə yazan Semih
Yazıçıoğlu da bir çoxu kimi Qurban Səid
adını müəmma hesab edir, əsərin əsl müəllifini
müəyyənləşdirməyə
çalımış və iddia etmişdir ki, guya o, (Qurban Səid-B.Ə.)
Y.V.Çəmənzəminlidir. Bu
yanlış fikirdir" (T.Hüseynoğlu. Ədəbiyyatla yaşayıram" (Bakı, 1993,
s. 107). T.Hüseynoğlu S.Yazıçıoğlunun
ön sözündə yazıçının əlyazmalarının
diqqətlə gözdən keçirilməsi nəticəsində
iz tapıla biləcəyi fikrini də qəbul etmir:
"Y.V.Çəmənzəminlinin Respublika
Əlyazmaları İnstitutunda saxlanan arxivində "Əli
və Nino" romanı ilə əlaqədar heç bir izə
rast gəlinmir" (Yenə orada, s. 108). "Qurban Səid"
təxəllüsünün Y.Vəzirə aid olması ətrafında
xaricdə və respublikada gedən söhbətlərin əsası
olmadığını bildirərək yazır: "Ədəbiyyat
və incəsənət" qəzetində "Bilqeyis
xanım sağ olsaydı" məqaləsi ilə
çıxış edən Abbas Abdullanı və bizim
hamımızı təəccübləndirən budur ki, B.Məmmədov
Y.V.Çəmənzəminlinin ailə həyatı barədə
yazan azərbaycanlı tədqiqatçıların yox, xaricdəki
həmfikirlərinin (S.Yazıçıoğlu və onun
istinad etdikləri M.Türkəqul və Y.Qəhrəman nəzərdə
tutulur-B.Ə.) dediklərinə inanır...Y.V.Çəmənzəminli
barədə yazan xarici müəlliflərə müyəssər
olmayan bu imkan genişliyi B.Məmmədov üçün
vardı. O, Çəmənzəminli haqqında olduqca az, səthi və yanlış məlumata malik
olan xarici müəlliflərə inanıb əsaslanmaqdansa,
Bakı arxivindəki sənədləri dərindən öyrənə
bilərdi; yazıçının hazırda Bakıda
yaşayan oğlanları Orxan və Fikrətə, başqa
qohumlarına... müraciət edə bilərdi və
qarışıqlıq düşməzdi" (Yenə orada,
s. 110). Tamamilə doğru yanaşmadır.
90-cı illərə qədər həm Y.Vəzir
ailəsi, həm də ədəbiyyatşünaslıq
doğru və düzgün yolda davam edir; hər şey
faktlara əsaslanır, problemə peşəkarcasına
yanaşılır, sənədlərin dili ilə
danışılır. Ədəbiyyatşünasdan tələb
olunan və elmi prinsip də elə budur...
Lakin bu
elmi qənaətlərin üzərindən cəmi bir
neçə il sonra hər şey dəyişir, Y.Vəzirin əsərlərindən,
arxivindən bu əsərlərin yazıçıya məxsus
olduğunu təsdiq edəcək ehtimallar "üzə
çıxır", peşəkar ədəbiyyatşünasların
fikrini dəyişəcək qədər "faktlar"
tapılır. T.Hüseynoğlu yenidən
"araşdırma" apararaq bu əsərin ona məxsusluğunu
"sübut" edir. T.Hüseynoğlu
"Qurban Səid...mübahisələr, həqiqətlər"
(Bakı, 2006) monoqrafiyasında "Əli və Nino"
romanının mübahisəsiz Y.Vəzirə aid olduğunu
yazır. Necə olur ki, eyni tərcümeyi-hal faktına
cəmi bir neçə il sonra ikili
münasibət ortaya çıxır. Eyni tərcümeyi-hal,
eyni faktlar; nəticə isə bir-birindən ziddiyyətli və
yüz səksən dərəcə fərqli. Faktlara bu cür münasibətdə elmilikdən
çox maraqlar olduğu aydın görünür.
Məsələ burasındadır kİ, müzakirə
predmeti olan bu arqumentləri, əsərlər şifahi xalq ədəbiyyatına
aid deyil, şeir də deyil, iri həcmli iki romandır. Y.Vəzir də,
Əsəd bəy də son dərəcə titizliklə
işləyən yazıçılardandır. Hər ikisinin əlyazmaları, gündəlikləri,
məktubları qorunub saxlanılır. Ola
bilməz ki, bu boyda ədəbiyyat hadisəsi onların tərcümeyi
halında, məktublarında, gündəliklərində,
müasirlərinin münasibətlərində öz ifadəsini
tapmamış olsun. Nəzərə alsaq
ki, Avropada heç nə itmir, mütləq şəkildə
öz izini qoyur, ona görə də onları sübut etmək
o qədər də çətinlik törətməməlidir.
Elə Y.Vəzirin arxivi də kifayət qədər
zəngindir, ömrünün demək olar, bütün məqamları
orada əks olunub. Belədə çəmənzəminlişünasların
əsas işi əlyazmanı tapmaq və ya bu əsərin
ona məxsus olması ilə bağlı faktları ortaya
çıxarmaq olmalıdır. Ancaq
onların işi buna yox, daha çox Əsəd bəyə,
onun həyatını təftiş etməyə yönəlir,
ona qarşı qəzəb püskürülür,
yazdıqları şübhə altına alınır. Hər şeyin ortada olduğu bir həqiqət
haqqında elə danışılır ki, sanki Əsəd bəyin
təcümeyi-halı ilə bağlı hər şey bu iki əsərə
sahib olmaq üçün quraşdırılıb və
saxtalaşdırılıb. Əsəd bəyin adı,
təxəllüsləri, milli kimliyi, inancı,
yaradıcılığı, fəaliyyəti və s. bir
duman pərdəsinə bürünür. Sanki
bütün bunlar iki romanın Əsəd bəyə aid
olmasını təkzib edəcək ən tutarlı
faktlardır. Bu iddiaların özündə də bir
çıxılmazlıq və dolaşıqlıq var. Ona
görə də bu məqalədə Əsəd bəyin
şəxsiyyəti, milli və dini kimliyi ətrafında aparılan müzakirələrə
münasibət bildirmək istəyirik.
Əvvəlcə,
bir şeyi aydılaşdırmaq istəyirik;
yazıçının, sənətkarın milli kimliyi hər
hansı bir əsərin ona məxsus olmasında hansı rolu ola bilər? Yəni bu məsələnin
müzakirə predmeti olan məlum romanların müəllifliyinə
hansı aidiyyəti vardır? Əsəd bəyin milli
kimliyini yəhudi edərək onu Azərbaycan ədəbiyyatı
faktından uzaq tutmaqla nəyə nail olmaq istəyirik? Bu iki əsəri nəzərə almasaq belə,
Əsəd bəyin digər əsərləri onun
yaradıcılığını Azərbaycan ədəbiyyatının
faktı etməyə bəs edir. İkincisi,
Əsəd bəyin tutaq ki, yəhudi olması nəyi dəyişə
bilər, bu zaman onun yaradıcılığı Azərbaycan
mühacirət ədəbiyyatı faktından kənara
çıxırmı? Tutaq ki, rus ədəbiyyatı
tarixinə daxil olan bütün yazıçı və
şairlər milliyyətcə rusdurmu? Yevgeni
Yevtuşenkonun atası alman olduğu halda müasir rus ədəbiyyatının
görkəmli nümayəndələrindən biri hesab
olunur. Nobel mükafatçısı Con
Steynbek alman, ingilis, irland əsilli olsa da, dünyada Amerika
yazıçısı kimi qəbul edilir. Frans Kafka yəhudi ailəsindən çıxsa da,
Avstriya və Çex vətəndaşlığını
daşımış, Çexiyada doğulmuşdur. Bu
cür nümunələr nə qədər desən gətirmək
olar...
Əsəd bəyin milli kimliyinin "Əli və
Nino" romanının müəllifliyinə heç bir dəxli
olmasa da, yenə də problemə münasibət bildirək. Onu da qeyd edək
ki, Əsəd bəyin milli mənsubluğu son zamanlar
şübhə altına alınmağa
başlamışdır. Onların əsas
məqsədi Azərbaycan ədəbiyyatı faktından
qoparmaqdır. Bu işdə "Əli və
Nino"nu Y.Vəzirin hesab edən B.Bleyerlə Əsəd bəyə
aid edən G.Höpp və T.Reiss də birləşir. B.Bleyer "Elə bir yer varmı ki, Əsəd bəy
orada azərbaycanlı olduğunu yazsın?" ("Azərbaycan
İnterneşnl. "Əli və
Nino", Bakı, 2011, s. 62) sualını verir. Ancaq
özü də bilmir ki, Əsəd bəy Azərbaycandan
mühacirətə gedərkən azərbaycanlı ifadəsi
hələ milli mənsubluğu tam olaraq əks etdirmirdi.
Ona qalsa, o dövrün
yazıçılarının çoxunun sənədlərində
də bu ifadəyə rast gəlmək çətin idi.
İkincisi, Əsəd bəyin 1922-ci il
noyabrın 4-də Lev Nissimbaum-Əsəd bəy adını
"Berlin İslam İcması Assosiasiyası"nın
siyahısında Azərbaycan vətəndaşı olaraq qeyd
etdirməsi bunu sübut etmirmi? B.Bleyer yazır: "1922-1925-ci
illər arasında Əsəd bəy Berlində Universitet
seminar dərslərinə yazılmışdır. Yalnız bircə dəfə qeydiyyatdan birində o
özünü azərbaycanlı kimi təqdim etmişdi.
Lakin o digər milliyyətlərə mənsub
şəxs kimi də qeydiyyatdan keçmişdir" (B.Bleyer,
s. 62). B.Bleyer Əsəd bəyin
özünü gah rusiyalı, gah da gürcüstanlı kimi
göstərməsinə də siyasi məna verir və bu
fikirlərində Hilal Münşiyə əsaslanır.
Əsəd bəyin atasının Almaniyaya
getdiyi ilk vaxtlarda Hilal Münşi vasitəsilə oğlunun təhsili
üçün Azərbaycan, daha sonra Rusiya və ya
Gürcüstan icmalarından (hələ bunun özü də
araşdırılmalıdır; həqiqətdir, yoxsa
H.Münşinin iddiaları?) pul təmin etmək məqsədilə
müraciət etməsi tamamilə başa düşülən
idi. Qaçqınlıq atanı hər
şeyə məcbur edə bilərdi və üstəlik bunu
oğlunun təhsili üçün edirdi. Başqa bir tərəfdən, Əsəd bəyin
atası Gürcüstandan gedərkən özünə bu
ölkənin vətəndaşlığını düzəltmişdisə,
Gürcüstan icmasına müraciət etməsi də təbii
idi. H.Münşinin məqaləsindən
də görünür ki, ailə ona müraciət etdiyi
zaman çətin durumda olmuşdur. Burada
qınanacq biri varsa, Bakıdan olan bu ailənin xahişini geri
çevirən H.Münşi olmalıdır. Gestapoya
yazılan sənədlərdə də Əsəd bəy
türk yazıçısı kimi göstərilir:
"Gestapo sənədlərindəki II F 2.64.4.2. nömrəli
akta əsasən "Əsəd bəy" adı altında
yazan Leo Nissimbaum bu yaxınlarda Berlin Kürfürstendamın
ünvanında yerləşən Holle nəşriyyatında
"İkinci Nikolay" kitabını nəşr
etdirmişdir. O, həmçinin indi yaşadığı
Vyana şəhərində müxtəlif qəzetlərdə
məqalələr nəşr etdirir" (Atəşi N.
Yüz ilin sirləri. Bakı, Nurlan, 2007, s. 99). Alman
faşizminin yəhudilərə qarşı irqçilik siyasəti
başladıqda ona qarşı kompaniyalar da ayaq açır
və diqqətlər Əsəd bəyin üzərinə
yönəlir, yəhudi olduğu deyilir. Hətta
onun kitabları belə qadağan olunur, adı çəkilmir.
Yanlış olaraq onun əsl adının
Nissimbaum, doğulduğu yerin isə Odessa olduğu göstərilir.
N.Atəşi bunu Əsəd bəyə qarşı
"haqsızlıq və ədalətsizlik" hesab edərək
yazır: "Əsəd bəyin yəhudi olması heç
bir hüquqi sənədlə, heç bir faktla subut
olunmamasına baxmayaraq yəhudi kimi damğalanır" (Atəşi
N. s. 113). Əsəd bəy isə yəhudi
olmadığını sübut etmək üçün
Covanni Centileyə yazdığı məktubların birində
"Sizdən pul alan kimi, Florensiyaya gedəcəyəm,
qoy antropoloq orada mənim hansı milli mənsubiyyətə mənsub
olduğumu özü elmi cəhətdən isbat
etsin",-yazır və hər vəchlə türk
olduğunu deyirdi.
Əsəd bəyin 1929-cu ildə dərc edilən
"Şərqdə neft və qan" əsərində də
yazıçının milli mənsubluğunu təsdiq edən
faktlar vardır. Özü də bu zaman hələ
yazıçının nə əsərləri, nə də
milli mənsubiyyəti heç bir şübhə altına
alınmırdı. "Şərqdə neft və
qan" əsərinə "Ön söz"ündə
alman Verner Şendel yazırdı: "Budur-gənc
asiyalının ilk kitabı. Əsəd bəyin
həyat xronikası. Azərbaycanlıdır,
azərbaycanlı feodalın və rus ziyalı qadının
oğludur, atası tərəfindən Səmərqənd
kökənlidir, ana ruhu ilə Qərb problematikasına
açıqdır. Atası rus
inqilabçı qadınını dustaqxanadan
çıxarır və onu özünün yeganə
arvadı edir. İri neft yataqlarının sahibi kimi
bolşeviklərin əlindən qaçmalı olur..." (Əsəd bəy. Şərqdə
neft və qan. Bakı, Nurlan, 2005, s. 6). Həmin vaxt
Almaniyanın "Temps" qəzeti də müəllifin azərbaycanlı
olduğuna "Qafqazda alman ordusunun dəhşətlərini
bir azərbaycanlı görmüş və hiss etmişdir. Bu həqiqət bu gün Almaniyada "Şərqdə
neft və qan" əsərində təsvir
edilmişdir",-deyə diqqət çəkmişdi.
Ümumiyyətlə, Əsəd bəy haqqında Avropada dərc
edilən qəzetlərdə yazıçı həmişə
"azərbaycanlı", "türk", "Qafqazlı
türk", "Rusiyadan olan türkmən" kimi
tanıdılmışdır. Vyanada çıxan "Neue
Freie Presse" (Yeni azad qəzet) qəzetində "Rusiyadan
olan türkmən Əsəd bəy" başlıqlı məqaləsində
müxbir onun "Gələcəyin bolşevizmi
haqqında" seminarı barədə məlumat verirdi. N.Atəşinin verdiyi sənədlər də təsdiq
edir ki, onun verdiyi bu seminar çox böyük sensasiyaya səbəb
olmuşdur. Hətta Vyana Federal Polis direktorluğu
Vyananın Federal Kansler idarəsinin ictimai təhlükəsizlik
şöbəsinə 1932-ci il 19 noyabr
tarixli məktubunda seminarın 600-dən çox dinləyicisi
olduğuna diqqət çəkmişdi. Əsəd bəy
1937-ci ilm aprelin 28-də Baron Ömər Rolf Erenfelsə
avtoqrafında yazırdı: "Din qardaşıma salam. Azərbaycanlı Əsəd
bəy. Vyana. 28 aprel
1937". Burada həm onun milliyyəti, həm
də dini inancı açıq şəkildə göstərilib.
Özü də "Azərbaycanlı Əsəd
bəy. Vyana" sözlərini ərəb
qrafikası ilə yazmışdır. Bu
da Əsəd bəyin azərbaycanlı, müsəlman
olmasına inanmayan, Azərbaycan dili və qrafikasını
bilmədiyini iddia edənlərə çox yaxşı bir
cavabdır. B.Bleyer isə bu faktı kənara
qoyub avtoqrafdakı "səhv"lərdən bəhs edir.
Lakin bu "səhv" də müəllifin
qrafikadan sərbəst istifadə etmək istəyindən irəli
gəlib. Bu cür səhvləri ərəb
qrafikasında yazılan əlyazmalarda asanlıqla görmək
olar.
Əsəd
bəyin azərbaycanlı (türk) olmadığını
sübut etmək üçün çağdaş əleyhdarları onun türk
dilini bilmədiyini də iddia edirlər. Lakin
dövrün qəzet materiallarından və mənbələrindən
görünür ki, Əsəd bəy Türkiyədə və
Avropada bir neçə tədbirlərə
qatılmış, türk dilində çıxışlar
etmişdir. 1932-ci ildə "Cümhuriyyət"
qəzetində "Rusiyadakı türklər haqqında bir
konfrans" adlı bir məqalə çap olunmuşdu.
Məqaləni Avstriyada yaşayan Nadir Nadi bəy
yazmışdı. Məqalədə
"hələ çox gənc olmasına baxmayaraq bir
çox kitab nəşr etdirən" Əsəd bəyin
verdiyi konfransdan bəhs edilir, onun "Stalin" və "Məhəmməd"
adlı bioqrafik əsərlərinin çox bəyənildiyi
qeyd edilirdi. Yazıçının milliyyəti
haqqında deyilir: "Bu yaxınlarda Kayronun konfransından
yazmışdım. Dünən axşam isə
vyanalılar eyni kürsüdə çox qiymətli bir
türk yazıçısını alqışladılar.
Əsəd bəy isimli azərbaycanlı
arkadaşımız "Rusiyanın bugünkü ruhu"
mövzusunda bir konfrans keçirdi. Əsəd
bəy Berlində tanınmış bir yazıçı və
jurnalistdir" (Cümhuriyyət" qəzeti, 1932, 20 noyabr).
Nadir Nadi Əsəd bəyin Bakılı olduğu,
atasının orada zəngin neft yataqlarına sahib olduğunu
yazır, rus inqilabı nəticəsində vəziyyətlərinin
pisləşdiyindən əvvəlcə Türküstana,
oradan İrana köçməyə məcbur olduğunu, bir
müddət Tiflisdə, Tarbzonda, İstanbulda
yaşadığını bildirilirdi. Lakin müxbiri təəccübləndirən
onun türkcə qüsursuz danışması idi: "Əsəd
bəy haqqında yazılan bu izahatları konfrans münasibətilə
yazılan bir məqalədə oxudum və bir türk olan bu
qiymətli elm adamı ilə görüşməyi
faydalı bildim. Rusiyada milyonlarca türk var.
Onların indiki ictimai vəziyyətləri, rejimə
qarşı münasibətləri haqqında Əsəd bəyin
verəcəyi məlumat, əlbəttə ki, mühüm
olacaqdı.
Əsəd bəylə görüşdüm. Çox mədəni bir adam idi. Türkcə qüsursuz
danışırdı. İstanbulda çox az olmasına baxmayaraq, şivəsi İstanbul
şivəsinə yaxın idi. Özü şəxsən
bolşeviklərə qarşı idi" (Cümhuriyyət qəzeti).
Tədqiqatçıların, müasirlərinin Əsəd
bəyin milli kimliyi haqqında yazdıqları çoxdur,
lakin onların hamısını burada qeyd etmək imkan
xaricindədir.
Yazıçının milli kimliyi haqqında ən
yaxşı etibarlı mənbə həm də
yazıçının özüdür. Bu mənada Əsəd bəyin özünün milli
kimliyini dəyişdirməsi barədə fikirlərin
heç bir əsası yoxdur. Deyək ki,
yəhudilərə qarşı 30-cu illərin ortalarından
başlayan siysətdən sonra yazıçı bu fikrə
düşə bilərdi. Ancaq ona qədərki
yazıları da onun türk kimliyini açıq-aydın
göstərir. "Şərqdə neft və
qan" avtobioqrafik əsərini yazarkən ona qarşı hələ
yəhudi hücumları olmamışdı. Belə ki, Əsəd bəy özünün azərbaycanlı
olması, soykökü barədə bir çox əsərlərində
yazır. O, soykökünün Türküstandan, Səmərqənddən
gəlməsini dönə-dönə qeyd edir. Bolşeviklərin
Bakını ilk işğalı zamanı Türküstana
getdiklərini, sonra yenidən Bakıya
qayıtdılarını da qeyd edir. Türküstan
və İranda əmilərinin, əmizadələrinin
yaşadıqlarını bildirir. "Əli
və Nino" romanılnda əmisinin İrandan gəlişini
təsvir edir. Həmin əsərdə Azərbaycan yəhudilərindən
söhbət açsa da, özünün onlardan olması barədə
heç nə demir. Əksinə, türk
kimliyindən bəhs edir. Krosnovodska (müəllif onu
Qızılsu kimi qeyd edir) gedərkən "Ax,
Türküstan, ata-babalarımızın qədim məskəni",-deyə
həyəcanını ifadə edirdi. Bir qədər sonra isə
yazırdı: "Beləliklə, Qızılsu
Respublikasının cəbhəsindən keçib əvvəlcə
Səmərqəndə, soykökümüzün iqamətgahına,
sonra isə dost sarıdan bol olan Buxaraya, Əmir sarayına
yetişmək üçün səhranın içərilərinə
getməyə qərara verdik" (Əsəd bəy. Şərqdə neft və qan. Bakı, 2003, s.
97). Bu zaman onları şəhərin kənarında
əmiləri, əmioğulları və təsnifəgəlməz
qohumluq dərəcələrindən olan qohumları
qarşılayır.
Əsəd bəy özünü Türküstanda
böyük nəslin törəməsi, atasını isə
həmin nəslin başçısı hesab edir. Buna görə də
Türküstanda bu nəsli çoxları tanıyır:
"Köçərilər və oturaq
"çılğınlar" bizi tanıyırdılar,
ya da ən azı barəmizdə eşitmişdilər; dil və
din sartıdan onlara yaxın idik" (Əsəd bəy, 2003,
s. 98-99).
"Əli və Nino" romanında da Əsəd bəy
tez-tez səhranı, Türküstanı xatırlayır; vətəni
onun yaradıcılığından qırmızı xətlə
keçir.
Əsəd bəyin kökünün Türküstandan gəldiyini
onun öz əsərlərinə əsasən təsbit edən
filologiya elmləri doktoru Çərkəz Qurbanlı
yazır: "Göründüyü kimi, Əsəd bəy
Türküstan kökənli azərbaycanlıdır. Bəs bu kökün, bu nəslin
danışdığı dil hansı dildir?
Yazıçı bu suala özü cavab verir: "Mən
onlarla (əmi-bibiqızıları ilə-Ç.Q.) güc-bəla
söhbət edə bilirdim, çünki
danışdıqları Səmərqənd dialektini pis
anlayırdım... onların kamil qanacağına məftun
oldum, bu öz ifadəsini onda tapırdı ki, dialektlərində
çoxlu səhvlərə yol verdiyimə görə mənimlə
söhbətdə səlis dilləri ilə məni pərt
etməmək üçün etdiyim səhvlərin
hamısını təkrarlayırdılar.
Deməli Əsəd bəy Azərbaycan türkcəsində
qohumları isə Səmərqənd türkcəsində
danışırmış" (Ç.Qurbanlı. Son söz.
Azərbaycanın Avropada ilk böyük elçisi//Əsəd
bəy. Şərqdə neft və qan.
Bakı, 2005, s, 285-286). Bütün bunlara rəğmən,
Əsəd bəyin yəhudi olduğunu israr edənlərə
və Azərbaycan ədəbiyyatının faktı olmaqdan kənarda
tutmaq istəyənlərə professor A.Məmmədlinin
sözləri ilə cavab veririk: "Azərbaycan ədəbiyyatı
tarixində etnik mənsubiyyətinə görə türk
olmayan görkəmli yazıçılar olub. Məsələn,
tatlar. Sabah məlum olsa ki, binlar tat yox,
dağ yəhudisi olub, Azərbaycan ədəbiyyatı tarixində
onların yeri dəyişəcəkmi?
Milli mənşənin ədəbiyyat tarixinə
heç bir dəxli yoxdur" (A.Məmmədli, Qurban Səid. Pro Et Contra Bədii
mətnin Kulturoloji təhlili. Yarpaq.az).
Əsəd bəyin dini inancı üzərində də
müəyyən dolaşıqlıq yaradılmaqdadır. Onun 13 avqust
1922-ci ildə Berlində Osmanlı imperiyasının səfirliyindən
aldığı müsəlman olması haqda şəhadətnaməni
müsəlmanlığı qəbul etməsi kimi əlaqələndirirlər.
Halbuki müsəlman doğulan nədən yenidən
müsəlmanlığı qəbul etsin? Bununla Əsəd bəyin müsəlmanlığı
sonradan qəbul etməsi barədə fikir
formalaşdırılır. Burada da fikrimizcə, əsas
iş yazıçının öz üzərinə
düşür. Yazıçı Əsəd
bəy isə özünü hər yerdə müsəlman
adlandırırdı. Yoxsa onun nəyinə
lazım idi ki, müsəlman olması barədə hər
hansı bir arayış alsın. N.Atəşi
bunu Əsəd bəyin müsəlmanlığının bərpası
kimi qələmə verir. Çünki
atası onu Gürcüstandan İstanbula gətirərkən
Tiflisdə sənədlərini dəyişdirmiş, onu yəhudi
olaraq yazdırmışdı. N.Atəşi yazır:
"Əsəd bəy tezliklə anlayır ki, bu onun dini deyil,
onun damarlarında əsl türk qanı, müsəlman
qanı axır. Bunu Avropaya çıxmaq
üçün başqa yol olmadığından
Gürcüstanda və Türkiyədə götürməyə
məcbur edildiyini də başa düşür... 13 avqust
1922-ci ildə Hafiz Şükrü 17 yaşlı Leonun
İslam dininə bərpasını təmin edir və ona rəsmən
Məhəmməd Əsəd bəy adı verilir" (Atəşi
N., s. 48). Bütün bunlar nə yolla
olur-olsun vətəndən çıxmaq, Avropaya yerləşmək
üçün edilmiş, Almaniyaya çatdıqda isə
yenidən sənədlərini qaydaya salmışlar.
Üzərindən yüz il keçməsinə
baxmayaraq, bu gün də Azərbaycandan, eləcə də,
keçmiş Sovetlər İttifaqından Avropaya gedən
qaçqınlar eyni üsullardan istifadə etmirmi?
Göründüyü kimi, Tiflisdə
buraxılmış səhvi gənc Əsəd bəy
Almaniyada yerləşən kimi dərhal düzəltməyə
çalışır. O, bunu 30-cu illərin ortalarında alman faşizminin yəhudilərə
qarşı hücumundan təxminən on üç il əvvəl edir. Əsəd bəy
gələcəyi görə bilməzdi, bunu ancaq mənəvi
tələbat baxımından edə bilərdi. Hələ
Əsəd bəyin yaradıcılığı və şəxsiyyətinin
siyasiləşmədiyi bir dönəmdə alman dayəsi
Alise Şulte onun müsəlman olması barədə
yazırdı: "Əsəd bəy məzhəbcə
müsəlman idi. O, atasını hamıdan və hər
şeydən çox sevirdi. Əsəd bəy həddi-büluğa
çatdıqdan sonra 13 avqust 1922-ci ildə rəsmi sənədləşmə
islə islam dinini qəbul etsə də, əvvəldən
bu dinə mənsub idi". Əlbəttə burada islam dinini qəbul ilə, islam dininin yenidən
bərpasını qarışdırmamaq lazım gəlir. Əsəd bəy də bunu ona görə
etmişdir ki. müsəlman
olmasını rəsmən təsdiqləsin. Halbuki bu zaman
Avropada müsəlman kimi qərar tutmağın,
yaşamağın öz çətinlikləri vardı, nəinki
yəhudi kimi yaşamağın...
Professor G.Höpp Əsəd bəyin
"özünü məsülman kimi dünyaya gəldiyini
iddia etməsini"n başlıca səbəbi kimi yəhudi
kimliyini gizlətməsini göstərir. Halbuki 20-ci illərin
əvvəllərində onun yəhudi kimliyini gizlətməsi
üçün heç bir əsas yox idi, bəlkə də
20-ci illərin əvvəllərində bu kimliklə onun həyat
səviyyəsi yaxşılaşar, qarşısında yollar
açıla bilərdi. Əgər
yuxarıda Əsəd bəyin kökünün Səmərqənd
türkü olduğunu təsdiq edən faktlar varsa, əlavə
səbəblər axtarmaq düzgün olmazdı. Görəsən, "yəhidi" Əsəd bəyə
nə düşmüşdü ki, dua etmək
üçün Neapolda məscid axtarırdı. Ömər
Erenfelsə məktubunda bu barədə yazırdı:
"Qardaşım Ömər, sən haqlısan. Allahın möcüzəsi böyükdür və
onun mərhəməti hamımızın üzərində
olmasaydı, bu qədər psiliyə baxmayaraq, yenə də
yaşaya bilməzdik. Neapolda məscid
axtardım, amma tapa bilmədim. İnsan
yalnız dua etmək və daim şahidi olduğu möcüzələrdən
nəsibini almaq istəyir. İnancsızların ölkəsində
tənhalaşan bizlərin onun mərhəmətinə daha
çox ehtiyacımız var..." (Berlin Modern
Şərq mərkəzi).
Əsəd bəyin həyatı haqqında
yaradılmış dolaşıqlıq, yaxud duman pərdəsindən
biri də onun adı ətrafındadır. Belə ki,
onun adının Leo (Lev) Nissumbaum olmasına rəğmən,
Məhəmməd Əsəd bəy, daha sonra Qurban Səid
adı altında yazmasında gərək təəccüblü
heç nə olmasın. Almaniya Xarici
işlər Nazirliyinin izahat üçün ona göndərdiyi
məktublarda həm Lev Nissumbaum, həm də Əsəd bəy
adlarından istifadə edilmişdir. O, bir siyasi
qaçqın idi, vətəndən Avropaya getmiş və
burada yazıçılığa başlamışdı. Bütün yazılarında Şərq-Qərb
kontekstindən çıxış edirdi. Buna görə də Məhəmməd Əsəd
bəy, yaxud Əsəd bəy, Qurban Səid təxəllüsləri
qərbli üçün cəlbedici görünə bilərdi
və görünürdü. Maraqlıdır ki,
H.Münşi ilə görüşündə də Əsəd
bəy bu ad altında yazmasını bununla əlaqələndirir:
"Mən öz məqalələrimi Əsəd bəy
adı altında yazıram. Amma işlədiyim
sağ cinah qəzetləri Lev Nissumbaum adlı məqalələrimi
dərc etməkdən imtina edirlər",-deyirdi. Bundan başqa alman qulağına Əsəd bəy
adı daha yaxşı təsir bağışlaya bilərmiş"
(Hilal Münşi, Azərbaycan. İnterneşn,
s. 250).
Əsəd bəyin milli kimliyi, dini inancı və
adı ilə bağlı çoxlu sənədlərə və
faktlara müraciət etmək olardı. Ancaq
bunların "Qurban Səid" adı ilə nəşr
edilən əsərlərin müəllifliyinə aidiyyəti
olmadığı üçün problemə qısa şəkildə
nəzər yetirdik. Bircə onu deyə bilərik ki, yazıçı
bütün əsərlərində, məktublarında
özünü müsəlman, türk (azərbaycanlı)
hesab etmiş, daim türk kimliyi ilə
öyünmüşdür. Əsəd bəy
vəsiyyətinə uyğun olaraq müsəlman kimi dəfn
edilmiş və bu dini inanc onun qəbirüstü abidəsində
də öz əksini tapmışdır. Dünyanı
dolaşan "Əli və Nino" əsərinin müəllifini
yəhudi görmək üçün İtaliyanın
Positano şəhərinə gələn ən məşhur
adamlar belə bu qəbir daşını görərək məyus
halda geri dönürlər. Onu yəhudi
hesab edənlər müsəlman kimi dəfn
olunmağını heç cür qəbul edə bilmirlər.
Biz isə hələ də Əsəd bəyin
özünü türk və müsəlman hesab etməsinə
rəğmən, bu böyük yazıçının onsuz
da ağır keçən ömrünü yenidən
"duman", "sis" pərdəsinə bürüməklə
özümüzdən uzaqlaşdırmağa
çalışırıq...
Bədirxan
ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.-
2021.- 27 fevral. S. 26-27.