Varislər

 

Tanrının dostu və eşq mələyi

 

"Varislər"in bugünkü qonağı Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Rəssamlar İttifaqının üzvü, unudulmaz şair, istedadlı rəssam, heykəltəraş, memar, aşıq sənətinin gözəl bilicisi və yeri hər zaman görünən müdrik dost, əziz insan Məmməd Dəmirçioğlunun varisi Daşqın Məmmədoğludur.

 

1951-ci ilin qızmar yay günlərinin birində, sazın-sözün ruhani beşiyi sayılan Qazax mahalının qədim İncə dərəsində - Qaymaqlı kəndində gəlmişdi dünyaya. O ətrafda hamı Dəmirçilər nəsli kimi tanıyırdı onları və illər keçəcək, milli azadlıq hərəkatımızın öncüllərindən biri, unudulmaz Ağamalı Sadiq Əfəndi hamının Məmməd Bəşirov kimi tanıdığı bu oğlana da elə buna görə Dəmirçioğlu təxəllüsünü verəcəkdi.

Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunu bitirmişdi. Hələ uşaq yaşlarından rənglərin sehrinə düşüb, dörd tərəfində boy verən yaşıl dərələrin, günəşə əl uzadan çinarların, daşların, qayaların və əlinin qabarında dünyanı yaşadan insanların iç dünyasına meyil salmışdı. Saz-söz sevgisi İncə dərəsində bəlkə də min illik ayindir, Məmməd də gözünü açandan bəri beşiyi saz səsilə yırğalanmış, laylası bayatıyla, qoşmayla, gəraylıyla deyilmişdi.

O, bəlkə də sağlığında hər kəsin sevgisini qazana bilən Eşq mələyinin özüdür. Məmməd Dəmirçioğlunu bir dəfə tanıdınsa, onun dostluğundan, sədaqətindən, vəfasından doya bilməzdin. Bir də sözlərindən... barmaqlarının sehrilə kətana köçürdüyü dünyadan... gilə, mərmərə, gipsə verdiyi ruhdan... doymaq olmurdu.

Yerin görünür, Məmməd Dəmirçioğlu! 70 yaşın mübarək, dərdiş!

 

- Daşqın, xoş gördük. Görüşmək üçün bu tarixi təsadüfən seçməmişəm, bu il iyul ayının 4-də əziz və unudulmaz dostumuz Məmməd Dəmirçioğlunun 70 yaşı tamam olur. Məmməd artıq 6 ildir aramızda yoxdur, amma ədəbiyyat, söz, saz, sənət adamları, dostları onu bir gün belə unutmurlar.

Məmməd bir şeirində deyirdi ki:

 

"Dan üzündən doğan gün

Qürubdaca boğuldu.

Kim bilir bu gün yenə

Kim öldü, kim doğuldu".

 

Hə, ay Daşqın, de görək Məmmədsiz keçən 6 ildə kimlər öldü, kimlər doğuldu?

 

Var olanlar var olsun

 

- Atamın 70 illiyi ərəfəsində onu yad edən, xatirəsini əziz tutan "Ədəbiyyat qəzeti" var olsun, sizin kimi dostlar, sözün-sazın sehrindən havalana bilənlər var olsun. Həyatdı da, ozan babamız Dədə Qorqud demiş "son ucu ölümlü dünya"dır onsuz da. Bir gün gələn, bir gün getməlidir mütləq, amma atamın ölümündən sonra bir həqiqəti dərk elədim - bir həyat da ölümündən sonra başlayırmış, sən demə. Mən özümü çox xoşbəxt oğul hesab edirəm, çünki nə sağlığında, nə də yoxluğunda Məmməd Dəmirçioğlu adı gələndə dodaq büzən, gözünü qaçırdan birini görmədim. Onu sevənlər, xətrini əziz tutanlar onda vardı, indi də var. Və... var olanlar var olsun!

 

Salam, İncə dərəsi

 

- Daşqın, Qazax deyəndə, İncə dərəsi deyəndə o dəqiqə qulağımda saz havası səslənir. Zarafat deyil, 35 ildən artıq tanıdığım incəli dostlarım, qardaşlarım var. Bəlkə də bu illər ərzində xeyirdə-şərdə incəlilərin çoxuyla qarşılaşmışam, görüşmüşəm. Əvvəllər elə bilirdim bütün yollar Romaya getdiyi kimi, sazın-sözün yolları da İncəyə gedib çıxır. Amma Məmməd Dəmirçioğlu mənim təsəvvürümü azca korrektə elədi - o, hər şeydən əvvəl peşəkar rəssam idi.

- Atamın təxəllüsündən də görünür, onun atası Musa kişi də, əmisi də o ətrafda adlı-sanlı dəmirçilər kimi tanınıblar, yəni nəsil binayi-qədimdən bu sənəti yaşadıb. Məncə, bu da bir incəsənətdir, dəmiri əridib mum eləyirsən, sonra ona görünüş verirsən, forma verirsən, dəmir adiliyindən çıxıb, yararlı bir şeyə çevrilir. Onlar kənd camaatının məişətdə gündəlik işlətdikləri şeyləri düzəldiblər, sinkdən, qalaydan, qara dəmirdən düzəldə bilmədikləri bir şey olmayıb. Dmirçilik öz yerində, amma məncə, atamın rəssamlıq, şairlik həvəsi anası Güllü xanımdan, Güllü nənəmizdən gəlib. Və məncə, atam Güllü nənəmdən həm də boş vaxt keçirməmək vərdişini götürmüşdü, çünki boş vaxt ömürdən gedir, atam boş yaşamağı, vecsiz yaşamağı qəti yaxın buraxmırdı.  İndiki kimi xatırlayıram, Güllü nənə gözəl corablar hörürdü, yaxşı tikmələr eləyirdi, gözoxşayan naxışlar vururdu onlara, sonra bir də görürdün, yumağı, milləri qoydu bir qırağa, indi də qəzet oxuyur, ya da başı hansısa maraqlı romanı oxumağa qarışıb. Deyim yaxşı məktəb təhsili almışdı, yox, amma həvəsi və iradəsi güclü idi, qarşısına məqsəd qoydusa, mütləq çatmalıydı.

 

Daşlarla danışan adam

 

Atam da eləydi. Bəzən mənə elə gəlirdi ki, onun bacarmadığı iş yoxdur. Atamın iki dayısı - Teymur və Məhəmməd də rəssam olublar. Yəni atamın rəssamlıq qabiliyyəti ana tərəfdən gəlir.

- Məmməd Dəmirçioğlunun uşaqlığı İncədə necə keçib?

- Sənətkar ailəsi, çörəyi dəmirdən çıxaran adam necə dolana bilərsə, elə. Deyim ki, yağ-bal içində yaşayıb, böyüyüb, yalan olar. Atası şərəfli kişi olub, halal adam olub, ailəsini də halallıqla dolandırıb, kənd yeridir, bağı-bostanı olub, qapısında az da olsa malı-heyvanı olub, korluq çəkən vaxtları da olub, yaxşı vaxtları da. Mənim atam özünü həmişə çox xoşbəxt hiss edib, həmişə şükür etməyi bacarıb. Lap uşaqlıqdan öz dünyasında yaşayıb, özünü ruh adamı hesab edib, bir gün bütün istədiklərinə, arzuladıqlarına çatacağına ilahi bir ümidlə keçirib uşaqlığını. Gedib çay dərəsində daşlarla, sularla danışırmış, arzularını quşlarla, ağaclarla bölüşürmüş. Deyirdi, daşla danışırdım, deyirdim mən istedadlıyam, bir gün atama arxa-dayaq olacağam, ailəni bu kasıblıqdan, ağır zəhmətdən qurtaracağam. Mən bunu bacaracağam, bu güc məndə var.

- Bəlkə də o daş dediyi simvolik bir şeydi, əslində, təkliyə çəkilib, arzuları Allaha pıçıldamaqdır bu, duadır, minacatdır.

- Hə, yəqin ki, elədir. Atam həmişə Allaha "dostum" deyirdi. Deyirdi, O mənim dostumdur, məni eşidir. Birdən nəsə səhv hərəkəti olanda da yenə gedib çay dərəsində daşın üstündə oturub, "dostundan" üzr istəyirmiş.

 

Tanrını dost seçən adam

- Çoxmu olurdu elə səhvləri?

 

- Düşünməzdim onun nəsə böyük, bağışlanmaz səhvi olsun. Onun həyat amalı o idi ki, halallıq pozulmasın, heç kəsin haqqına girilməsin. Bizi də o ruhda böyüdürdü. Hətta deyirdi ki, öz maaşınızı alanda belə onun halallığını istəyin.

 

- Yəni bu qədərmi? Öz halal maaşından da halallıq istəmək ifrat deyilmi?

 

- Mən nə deyim? O mənim atam idi, böyüyüm, mən ona deyə bilməzdim ki, belə olma. Bəlkə o ruhun, o əqidənin adamı olmasaydı daha çox uğur qazanardı, daha böyük imkanları olardı. Məncə, həyatını öz axirətini düşünərək yaşadı. Bu dünya üçün bəlkə də kosmosdan gələn biri kimi görünə bilərdi, amma axirət üçün düz eləyib, Allahın hüzuru üçün düz eləyib. Bu gün insanların haqqına girib, halalı-harama qatıb uğur qazanan, irəli çəkilən adamlar çoxdur, onlar bu gün üçün yaşayırlar. Amma həyat bu günlə qurtarmır axı, bitməyən bir həyat gözləyir bizi qabaqda. Bir xatirələrdə yaşayan həyat, bir də axirət həyatı.

 

Ömür Tanrının verdiyi kreditdir

 

Ömür Allahın, belə deyək də, insana verdiyi faizsiz kreditdir. Sən onu istədiyin kimi xərcləyə bilərsən, amma bir gün mütləq onu qaytarmalısan. Kim bu formulaya inanmırsa yazıq adamdır. Mən bu gün kiminsə haqqına, cibinə girim, bu gün mənə heç nə olmadı, üç il heç nə olmadı... elə deyil. İlahi ədalətdən heç kəs qaça bilməz. Rəhmətlik Şaiq Vəli deyirdi ki, "olacaqlar olacaqlar", mütləq olacaqlar!

- Mənim üçün maraqlı cavab oldu. Həm də sual yarandı... Həyatdır da, səhvsiz insan olmur. Dəmirçioğlu nə vaxtsa elə bir səhv edibmi, sonradan dizinə döyüb peşman olsun?

- Mənim bir xoşbəxtliyim də atamla dost olmağımdır. Bu gün də Dəmirçioğlunun elə sirləri var ki, mənimlə bir yerdə gedəcək.

- Mətbuata aça biləcəyimiz nəsə var?

- Olsa sirr olmaz ki... Bu bizim aramızda ata-oğul sirri deyil, dost sirridir. Sadəcə ipucu verə bilərəm. Onun günah hesab etdiyi, dərd etdiyi məsələ mənim yanaşmamda çox adi görünüb, yəni mən bunu özümə dərd eləməzdim, amma o edirdi. Mən Dəmirçioğlunun axirətindən əminəm, onun cənnətdə olduğunu bilirəm.

- Daşqın, Qazax deyəndə yadımıza ünlü şairlər, aşıqlar düşür, qazaxlı rəssam anlayışı bəlkə də bu sıralamanın ən son yerlərindədir, ola bilsin, yanılıram, amma mən belə düşünürəm. Hətta qazaxlı yazıçılar da barmaqla sayılacaq qədərdir. Niyə Məmməd o stereotipləri dəyişdi, şair yox, aşıq yox, rəssam olmağa həvəsləndi? Özü də Məmməd Dəmirçioğlu kifayət qədər tanınan rəssam idi.

 

Tanınmış rəssam, yoxsa şair...

 

- Əlbəttə, atam bir rəssam kimi təkcə Azərbaycanda yox, Türkiyə Cümhuriyyətində, Özbəkistanda, Kiprdə tanınır və hörmətlə qəbul edilirdi. Özbəkistanda elə əsərləri var ki, bu gün də televiziya verilişlərində göstərirlər. Sovet dövründə ona Özbəkistandakı dövlət idarələrinin, məişət müəssisələrinin tərtibatı üçün xeyli əsər sifariş vermişdilər.

- Bir müddət ailəliklə Özbəkistanda yaşadınız, necə oldu ora gedib çıxmaq? Təklif haradan gəldi? Burda özünə iş tapa bilmirdi, yoxsa necə?

- Onun işlərini çox sevirdilər, buna görə atam uzunmüddətli iş təklifi aldı və bir müddət Özbəkistanda yaşayıb işlədi. Namanqanda, Fərqanədə, Buxarada onun rəngkarlıq işi çoxdur. Əbəttə, burda da işi vardı, reklam kombinatında işləyirdi, demək olar, ən böyük idarələrin, ticarət müəssisələrinin reklamını ona həvalə edirdilər. O ərəfədə özbək mütəxəssisləri Bakıda səfərdə olarkən atamla görüşüb, əl işlərilə tanış olublar, atamın işləri arasında Özbəkistanda olmayan bir şeyi kəşf ediblər - rəngli şüşələrdən mozaika işləri. Milli və Şərq koloritli işlər. Yəqin, xatırlayırsınız, "Nizami" metrostansiyasının daxili tərtibatını böyük Azərbaycan rəssamı Mikayıl Abdullayev işləyib, atam da o cür işlər görürdü. Sonra sink və mis xəlitələr üzərində döymə işləri görürdü. Atam rəssamlığın, demək olar, bütün növlərində özünü sınamışdı və hamısında da uğurlu idi.

- Yaxşı, necə oldu ki, heykəltəraşlıq da onu çəkdi?

- Onsuz da kiçik ölçülü fiqurlar, büstlər düzəldirdi, amma illərlə dostluq etdiyi, can dostu, sirr dostu Ağamalı Sadiq Əfəndinin vaxtsız ölümü onu çox sarsıtdı. Bilirsiniz də, Ağamalı bəy azadlıq aşiqi idi, türk sevdalısı idi, kaş Ağamalı bəy də, atam da bu böyük, möhtəşəm qələbini görəydilər.

 

Daşa ruh verənlər

 

Hə... dostunun ölümü onu sarsıtdı, qəbirüstü abidəsini öz üzərinə götürdü və onunla danışa-danışa, dərdləşə-dərdləşə, ağlaşa-ağlaşa o büstü düzəltdi. Onun ilk nüsxəsini gipsdən düzəltdi, sonra mərmərdən işləndi. Niyə bu işi öz üzərinə götürdü? Deyirdi, Ağamalı Sadiqi mən tanıyıram, onun iç dünyasını heç kəs mənim kimi verə bilməz...

- İç dünyası dedin, ağlımdan belə bir sual keçdi, bəzən heykələ, ya da rəsmə, portretə baxırsan adamı heç nə cəlb etmir, daş parçası, rəng yığını olduğunu hiss edirsən, bəzən isə sanki heykəl, portretdəki sima səninlə danışır...

- Əlbəttə, bu, ruh məsələsidir. Rəssam yaratdığı heykələ, çəkdiyi rəsmə ruh verə bilmirsə öz sənətinə uduzur. Tutaq ki, dahi S.Vurğunun qəbirüstü abidəsi. Orada ruh yoxdur, amma Fəxri xiyabanda Rəşid Behbudovun, Şıxəli Qurbanovun, Müslüm Maqomayevin və başqalarının abidələri var ki, onlar daş, mərmər anlayışından çıxıblar, canlıdırlar, ruhları var sanki. Bu, müəllifin uğurudur. Atam da Ağamalı bəyin, Akif Səmədin büstünü buna görə öz üzərinə götürdü. Heykəl də, büst də oxşaya bilər, amma bununla iş bitmir, gərək ona ruh da verə biləsən.

- Xaltura və yaradıcılıq... bu, istənilən sənətdə və sənətkarda var.

- Atam heç vaxt dediyiniz o xalturanın dalınca qaçmadı. İstəsəydi, elə imkanları ola bilərdi ki... amma qəbul eləmirdi. Atamın gözəl bir məsləhəti - bəlkə də vəsiyyət də demək olar onun bu fikrinə - vardı, deyirdi, heç vaxt pul dalınca qaçma, elə işlə ki, pul özü səni tapsın. O eləydi. Sifarişlər özü tapırdı onu.

 

Əgər istəsəydi...

 

Tutaq ki, bəlli qiymətlər var da, onsuz da hamı sifarişini verib işi alır, amma sifarişçi yaxşı sənətkar axtarır həmişə, oturuşmuş sənətkar axtarır. Atam tərtibat işlərində də əvəzsiz idi. Bəzən aylarla onun haradasa işini bitirib, gəlib onun işlərini görməyini gözləyən adamlar vardı.

Keçək portret məsələsinə. Onun kifayət qədər portret sifarişi olurdu, amma hər adamın portretini götürmürdü, hətta artıqlaması ilə pulunu təklif edənlər olurdu, bir bəhanə ilə imtina edirdi. Soruşurdum niyə elə edirsən? Deyirdi, mən bu insanın şəklindən mənfi enerji alıram, işləyə bilmərəm. Amma rayonlara gedirdi, gəzirdi, birdən elə bir obraz görürdü ki, ondan uzaqlaşa bilmirdi. Fotoaparatla həmin o çobanın, dağ adamının, əkinçinin, ya nurani bir nənənin, ya da bir kənd uşağının şəklini çəkib gəlirdi, evdə onun portretini işləyirdi. Evimizdə xeyli elə əl işi qalır. İndi baxıram o şəkillərə, nə qədər canlı, ruhlu olduğunu hiss edirəm.

- Danışdıq... o, rəssam idi, heykəltəraş idi, şair idi, tərtibatçıydı... mənimçün maraqlıdır, bu sənətlərin hansında özüydü, hansında özünü daha dolğun ifadə edə bilirdi? Əslində, haqqında danışdığımız sənətlərin hamısında yazı var... rəssam fikirlərini, yəni öz "mətnini" rənglərlə yazır, heykəltəraş daşla, gillə, şairsə sözlə, əsas məsələ fikri ifadə edə bilməkdir.

- Şeir yazanda və şəkil çəkəndə ruhu dincəlirdi. Mən bu sualı şəxsən atama vermişdim, sən hansında daha çox rahatlıq tapırsan? Deyirdi, bəxtim gətirib həm rəssam, həm də şair olmuşam. Mən şeirə rəng qata, şəklə söz ələyə bilirəm.

 

Qazaxda tanınmayan Məmməd?

 

O, lap erkən yaşlarından şeir yazırdı. Gözəl eşq şeirləri var, gəncliyində anama yazdığı şeirlər var. Akif Səməd həmişə yarızarafat, yarıgerçək deyirdi ki, "A Məmməd, bilirsənmi səni Qazaxda niyə çox da tanımırlar, çünki Qazaxda hər evdən azı üç şair çıxır, inan Allaha, əgər Kürdəmirdə doğulsaydın, sənə heykəl qoyardılar".  Amma mənə qalsa, o, rəssam idi, peşəkar rəssam, şairlik onun məşğuliyyətiydi, ruhunu dincə qoyduğu yer idi.

- Bir az Dəmirçioğlunun öz ailəsindən danışaq. Dedin anaya gəncliyində xeyli sevgi şeiri yazıb. Bəzən ailələr, xüsusilə də əvvəllər qurulan ailələr böyüklərin seçimi ilə olurdu. Sevgisiz, kor-koranə. Bəzən ailə uzun illər bunun travmasını yaşayırdı. 

- Yox, atam öz seçimiylə ailə qurub. Onlar bir-birini sevib evləniblər. Evin böyük övladı mənəm, məndən kiçik üç bacım var. Atam kənddə doğulub böyümüşdü, amma içində ölçüyə gəlməyən demokratik ruh vardı. Evdə hər kəsin sözü, təklifi mütləq dinlənilirdi və qərar veriləndə hamının fikri nəzərə alınırdı. O bizə həm sərbəstlik vermişdi, həm də nəzarətini həmişə üstümüzdə hiss edirdik. Sənət seçəndə də, ailə quranda da, başqa işlərdə də bizim istəyimiz öndə idi, o, sadəcə məsləhət, ya da təklif verə bilirdi və həmişə bizim istəyimizə kömək durmağa, dəstək olmağa çalışırdı.

 

"Məni danlaya-danlaya

ağlatmışdı"

 

Danlayanda adamın ürəyini ala-ala danlayırdı. Hərdən fikirləşirdim ki, ondansa bir sillə vursaydı yaxşıydı. Uşaq vaxtı - oğlan uşağıyam da - şuluqluq, cığallıq-falan olurdu, danlayırdı məni, gözlərim yaşarırdı, axırda deyirdi, halal olsun. Çaşırdım. Deyirdi, məni başa düşməsəydin gözlərin yaşarmazdı.         

Məni özüylə irfan məclislərə aparırdı, aşıqların, şairlərin qaymaqları yığışan yerlərə, deyirdi sadəcə bax və eşit. Mən o  məclislərin ruhuyla böyüdüm. Özü də gözəl saz çalırdı, aşıq havaları oxuyurdu. Bir sözlə, sevgi dolu, ruh dolu adam idi. Və ailədə bir ata kimi üzərinə düşən missiyanı tam yerinə yetirəndən sonra rahat köçdü dünyadan. Hamımızı ağlar qoyub, quş kimi uçdu getdi. Mən deyərdim həm də bir qardaş kimi, bir qohum kimi üzərinə düşəni elədi.

- Qazaxlılar dostluqda mühafizəkar olurlar, Şəmkirdən Borçalıya qədər olmayanlarla dostluq etmirlər. Var idimi başqa bölgələrdən olan dostları?

- (Gülür). Yox, mən elə deməzdim, atamın demək olar, bütün bölgələrdən dostları vardı. Qulu Ağsəs, Elçin Hüseynbəyli, İlham Qəhrəman...

 

Əsgər məktubları

 

- Aydındır. Məni də bu siyahıya əlavə eləsək, demək, Məmməd dost seçimində ürək eləyib Qazax sərhədlərini keçib (gülürük), hətta risk eləyib, Qarabağa da girib.

Əsgər məktublarından, anaya yazdığı şevgi şeirlərindən danışdın. Necə tanış olublar, necə ailə qurublar?  

- Anam Zemfira xanım da, bacım Şəhla da rəssamdır. Atamla anam rəssamlıq texnikumunda oxuyanda tanış olublar. Anam köklü bakılı qızıdır. Əlbəttə, qeyd elədiyniz kimi, bizim zonada ailə qurmaq məsələsi çox vaxt böyüklərin seçimiylə olur, amma atam bu stereotipi də dəyişmişdi. Ailədə narazı olmuşdular ilk vaxtlar onun bu istəyinə, amma atam fikrindən dönməmişdi. Evimiz qonaq-qaralı olurdu, rayondan gələnlər mütləq bizdə gecələyirdilər, anam süfrə açırdı, xoş rəftar göstərirdi və bəzən bu, hər gün davam edirdi. Sonralar nənəm bir dəfə atama dedi ki, vallah halaldır bu gəlinə, bizimkilər olsaydı indi min dəfə sifət göstərmişdilər.

Atam tez-tez deyirdi ki, mənim şair olmağımın baisi Zemfira xanım oldu. Ən gözəl şeirlərini doğrudan da, anama yazıb. Əsgərlikdən göndərdiyi bütün məktublar şeirlə başlayıb, şeirlə qurtarıb. Yəni tələbə vaxtı tanış olublar, əhd-peyman bağlayıblar, sonra atam əsgərliyə gedib, anam iki il gözləyib, atam əsgərlikdən qayıdandan sonra evləniblər.

 

Eşq üsyanı

 

Ailəsinin narazılığına atam gözəl cavab verib: "Mənim sevdiyim qadın budur, başqasını almaq istəyirsinizsə alın, amma ondan sonra mənim üçün sevgi də bitəcək, həyat da, o ailə də necə olacaq Allah bilir". Əslində, bu, üsyan idi, sevgi üsyanı, bəlkə də o vaxta qədər o ailədə o cür danışan olmayıb və atam öz sevgisinə qovuşub. Özü də bu sevgi təkcə ailəyə deyildi, dostları da çox istəyirdilər xətrini. Hara gedirdisə hamı başına yığışırdı, qəribə bir aura yaradırdı. Həm öz sadəliyi, həm də səmimiyyətilə qazanmışdı bu sevgini. Bəzən bilirdi ki, kimsə onu aldadır, gözünün içinə baxa-baxa aldadır və həm də istifadə eləyir ondan, üzə vurmurdu. Narazılıq edirdim. Deyirdim, axı sən də bilirsən ki, bu adam səni aldadır, deyirdi, qoy elə başa düşsün ki, mən aldandım, əgər onun könlü belə xoş olursa, qoy olsun.

- Birdən eşitdik o acı xəbəri. Baxanda çox sağlam, həyat eşqli biri kimi təsir bağışlayırdı, amma Həmid Ormanlıdan gəldi xəbər, bəs Məmməd dünyasını dəyişib.

- Çox gözlənilməz oldu onun itkisi. O ərəfədə dayısı rəhmətə getmişdi, rayona qırx mərasiminə getməyə hazırlaşırdı. Həmin səhər yuxudan duranda özünü pis hiss elədiyini demişdi, bacım təzyiqini ölçmüşdü, təzyiqi yuxarı idi. Mən "28 May" metrosu tərəfdə yaşayıram, zəng vurub atamın özünü narahat hiss etdiyini dedilər, mənim də hardan ağlıma gələrdi ki, belə bir şey olar, zarafatla dedim ki, ataya nə olasıdır, gəlirəm. Yoldaşımı da götürüb tez evdən çıxdım, elə yoldaydım, az qalmışdı çatmağıma, bacım bir də ağlaya-ağlaya zəng vurub dedi ki, ata keçindi. Təcili yardım gəlib çatsa da, gec idi artıq...

 

Söhbətləşdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2021.- 3 iyul.- S.30-31.