Türkü kimi təsirli,
şükrü kimi
axıcı...
Akif Azalp yaradıcılığının ana xəttini təşkil edən vətənpərvərlik mövzusu, xüsusən, istedadlı şairin son zamanlarda "YouTube"un və "Kulis.az" saytının ədəbiyyat səhifələrində yayınlanan və "Qarabağ yürüşü" toplusuna daxil olan müxtəlif vəznli şeirlərində ("Dalğalan, Azərbaycan!", "İstiqlal", "Generalın son əmri", "Çağrı", "Şuşa coşqusu", "Minbər müxəmməsi", "Daşnak yallısı", "Marafonçu" və s.) daha qabarıq nəzərə çarpır. Bu baxımdan "Şəhid öygüsü" şeirinin Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ədəbiyyat üzrə respublika müsabiqəsinin qalibi olması heç də təsadüfi deyil.
Adətən, qardaş Azərbaycan və Türk ədəbiyyatlarında şəhid obrazından söz gedəndə böyük türk şairi Mehmet Akif Ərsoyun "Çanaqqala şəhidləri" şeiri xatırlanır və təəssüf hissi ilə poeziyamızda Qarabağ şəhidlərinin obrazını o səviyyədə əbədiləşdirən nümunələrin yoxluğu vurğulanır. Bu, əsasən, doğru müşahidədir və Mehmet Akifin sözügedən şeiri hələ də öz əlçatmazlığında qalır. Amma dərindən və insafən diqqət yetirilsə, Akif Azalpın "Şəhid öygüsü" şeirinin həcmcə yığcamlığına baxmayaraq, onda öz böyük adaşı və ustadının həmin şeiri ilə müqayisəyə gələn məqamlar, səsləşən və yarışan "not"lar yox deyildir. Biz burada təkcə hər iki şeirin əruz vəzninin eyni ölçüsündə yazıldığını, yaxud poetik vüsət baxımından bir-birinə yaxınlığını nəzərdə tutmuruq. Bu, ədəbi təsirlə bağlı izah oluna bilər. Biz daha çox hər iki şeirdə şəhidliyin yüksək mərtəbəsini və şəhidlərin son sığınacağını poetikləşdirən təsvirlərin özünəməxsusluğunu vurğulamaq istəyirik. Məsələn, aşağıdakı misralardan da göründüyü kimi, əgər ustad Akif Ərsoy şeirində bu son sığınacaq "Peyğəmbərin ağuşu"dursa, şagird Akif Azalp şeirində "Allahın vüsalı"dır:
...Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sana ağuşunu açmış duruyor Peyğəmbər!
...Doymamış sehrinə bir yerdə Vətən adlı ana,
Göydə didarın üçün
intizar Allah-Taala!
Effektli ədəbi təsir məsələsinə, yaxud
böyük adaşının
və ustadının
təbi ilə yarışma həvəsinə
gəlsək, bunu Akif Azalpın özü də cəbhə şeirlərindən
birində səmimiyyətlə
etiraf edir:
...Hər yüz ilin bir başı
Böyük Qala savaşı!
Püskür Qələbə marşın,
Ey Ərsoyun adaşı!
Poetik mündəricə
və vüsət baxımından "Qələbə
marşı" ("Ədəbiyyat
qəzeti", 14 noyabr,
2020-ci il) başda olmaqla Akif Azalpın
"Şəhid öygüsü"
ilə səsləşən
şeirləri çoxdur. Amma onların arasında hər cəhətdən
"Şəhid öygüsü"nün
ayrılmaz "əkiztay"ı
sayılan bir nümunə var - "Qazi şükrüsü"! Hər iki şeirin haqqında hələ çox yazılacağına
dərin inamla, doğrudan da, biri türkü, digəri şükrü təsiri bağışlayan,
biri şəhidlərimizin
xatirəsinə, digəri
qazilərimizin şəninə
ucaldılmış həmin
poetik abidələri Böyük Qələbəmizin
səkkizinci ayında,
şanlı İyul döyüşlərinin ildönümündə
məmnuniyyətlə oxucularımıza
təqdim edirik.
Qurban Cəbrayıl
"Mədəniyyət/Culture"
jurnalının redaktoru,
Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı
laureatı
Ədəbiyyat qəzeti.- 2021.-
3 iyul.- S.29.